Cəhənnəmin kişi və qadın xidmətçisi

Cəhənnəmin kişi və qadın xidmətçisi
21 avqust 2014
# 08:00

Kulis.az məşhur yapon yazıçısı Kobo Abenin Ağaca çevrilən adam” birpərdəli pyesini Nəriman Əbdülrəhmanlının tərcüməsində təqdim edir.

İştirak edənlər:

Cəhənnəmin kişi xidmətçisi – rəhbər xadim

Cəhənnəmin qadın xidmətçisi – bu yaxınlarda yerüstü qulluğa təyin olunmuş xanım

Ağaca çevrilmiş adam

hippilər

Kişi

Qadın

Cəhənnəmdən səs

İyunun isti bazar günü. Universal mağazanın fonunda geniş küçə. Ora-bura gedən kişilər və qadınlar (Həqiqi təcəssüm arzuolunan deyil).

Səhnənin ortasında, səhnənin üç metrliyində hippi görkəmli gənc Kişi və Qadn yönlərini zala çevirib üzlərində tərki-dünya ifadəylə oturublar.

Qəfildən göydən əl ağacı düşür. Bir metr iyirmi santimetr uzunluğunda adi əl ağacıdır (Onu əl ağacına çevrilmiş Adamın rolunu ifa eləyən aktyor kukla kimi oynayır).

Əl ağacı fırlana-fırlana düşür, səkinin qırağına yuvarlanır, taqqıltıyla səkinin qırağından sıçrayıb Kişiylə Qadının, az qala, bir metrliyində düşüb qalır. Onlar istər-istəməz ora, əl ağacının düşdüyü yerə baxır, qaşlarını çatıb başlarını qaldırırlar. Sifətlərinin sakit reaksiyası üzləşdikləri təhlükəyə heç də uyğun gəlmir.

Bu məqamda səhnədə sağ tərəfdən – Cəhənnəmin kişi xidmətçisi, soldan Cəhənnəmin qadın xidmətçisi peyda olurlar.

Kişi (hələ də yuxarı baxa-baxa). Təhlükəlidi, he…

Cəhənnəmin kişi xidmətçisi:

Axşam səmasında üçgecəlik ay,

Tale qılafını kəsən bir bıçaq.

Cəhənnəmin qadın xidmətçisi:

Bu gün də görürsən daha bir adam,

İtirib simasın ağaca döndü.

Kişi (yenidən ağaca nəzər salır, sonra yerdən götürür). Bir az da yaxından düşsəydi, düz başımıza enərdi.

Qadın (əl ağacına baxır, əlilə ona toxunur). Mənsə, hər şey təsadüfün əlindədi - düşməsi də düşməməsi də.

Kişi – Kim bilir? (Əl ağacını yerə vurmağa başlayır).

Cəhənnəmin kişi xidmətçisi.

Səhər yeməyinin qabı rəngli ay,

Küçə də fırlanır bir burulğanda.

Cəhənnəmin qadın xidmətçisi.

Bu gün də görürsən, daha bir adam,

Çubuğa çevrilib sima itirdi.

Qadın. Bu nə ritmdi?

Kişi. Tapmağa cəhd eləmə.

Qadın (Yuxarı baxır). Yəqin bu, o oğlanın işidi.

Kişi onun arxasınca göyə baxır.

Qadın. Yaraşıqlıdı. Görünür, məktəblidi. Damda oynayırdı.

Kişi (təzədən əl ağacına baxır). Oğlanlar cır-cındırı sevmirlər.

Qadın. Təhlükəlidi, bax, necə asılıb… Yəqin vicdanı əziyyət verir… Ayırd eləyə bilmirəm, deyəsən, bizə nəsə deyir…

Kişi. Vura bilmədi, ona görə də söylənir.

Əl ağacı (öz-özünə). Yox, o məni çağırır. Oğlan artıq hara düşdüyümü gördü.

Qadın (qəfildən). Başa düşdüm, ritm bax, budur. Qulaq as, belədi: (Bir hava oxuyur).

Kişi. Aha…

Qadın. Düz deyil?

Kişi. Mənim çoxdankı prinsipim – başqasının zövqünə hörmət eləməkdi.

Qadın tapdığı ritmi hərəkətlərlə çatdıra-çatdıra oxumaqda davam eləyir. Bu vaxt Əl Ağacına Çevrilmiş Adam Kişinin əllərinin hərəkət tərzinə uyğun halda yırğalana-yırğalana göydəki bir nöqtədən gözünü çəkmədən baxır.

Cəhənnəmin kişi xidmətçisi (asta-asta səhnənin ortasına doğru yönəlib).

Ay göydə sement rəngində unuduldu,

Əl ağacı su arxında unuduldu.

Cəhənnəmin qadın xidmətçisi (eynilə səhnənin ortasına doğru gələ-gələ).

Əl ağacı su arxında unuduldu,

Küçə bürüşüb buruğanda fırlanır,

Oğlan İtkin atasını axtarır.

Cəhənnəmin xidmətçiləri bu sözləri söyləyə-söyləyə səhnənin ortasında, Kişi və Qadının bir neçə addımlığında (arxa tərəfdən) dayanırlar.

Cəhənnəmin kişi xidmətçisi (lap adi tərzdə). Hə, necədi, deyəsən, bu dəfə bizə lazım olan yerdə rastlaşdıq.

Cəhənnəmin qadın xidmətçisi (iri qeyd dəftərçəsini açıb). Vaxtdı – iyirmi iki dəqiqə on saniyə qalıb.

Cəhənnəmin kişi xidmətçisi (qolundakı saata baxır).Cəhənnəm dəqiqliyidi.

Cəhənnəmin kişi xidmətçisi (qəfildən Kişinin əlindəki ağacı görüb). Bax, yəqin, həmin ağacdı.

Cəhənnəmin kişi xidmətçisi (çaşqınlıq içində). Nəzərdə tutulmamış maneə yarandı… (Yaxınlaşıb kişinin çiyni üstdən deyir). Dostum, əl ağacını haradan aldın?

Kişi cavab vermədən diqqətlə ona baxır.

Cəhənnəmin kişi xidmətçisi. Bəyəm, ağac burda, su arxında deyildi?

Qadın. Ağac, bax, o damdan düşdü. Bir az da bəri düşsəydi, bizi öldürərdi.

Cəhənnəmin qadın xidmətçisi (şəfqətlə). Nə danışırsan?.. (Cəhənnəmin kişi xidmətçisinə). Sensey, məncə, bu həmin ağacdı.

Cəhənnəmin kişi xidmətçisi (Kişiyə). Bağışla, dostum, ağacı mənə verməzsən?

Cəhənnəmin qadın xidmətçisi. Axı ağac sizə, ümumiyyətlə, lazım deyil.

Kişi. Hə-ə…

Cəhənnəmin kişi xidmətçisi. Biz təhqiqat aparırıq. Bəzi şeyləri aydınlaşdırmalıyıq.

Qadın. Nədi, xəfiyyəsiniz?

Cəhənnəmin qadın xidmətçisi. Heç də yox, amma…

Cəhənnəmin kişi xidmətçisi (onun sözünü kəsib). Hə, elə o cür bir şeyik.

Kişi. Boş-boş danışmağın başını burax. Ağacı elə özünüz atmısınız. İndisə izi itirmək istəyirsiniz – əbəs yerə əziyyət çəkirsiniz.

Ağacla ritmi tutur. Qadın artıq tanış havanı oxumağa başlayır.

Cənnətin qadın xidmətçisi (barışdırıcı səslə). Əgər şübhələnirsinizsə, gəlin polisə gedək.

Kişi. Az ye, boğazında qalar.

Qadın (yuxarı baxır). Məncə, bu uşağın işidi, amma… Artıq harasa yox olub…

Kişi. Sənsə, yaxşısı budur, sus.

Cəhənnəmin qadın xidmətçisi (ilhamla). Oğlan gizlicə baxırdı, hə? Damdan… Hə, əlbəttə… Bəs atasını çağırmırdı? Qorxmuş, elə bil, buza dönmüş səslə…

Qadın (gözlərini kişidən çəkmədən). Yox, eşitməmişik. Burada səs-küy iyirmi fondan artıqdı axı. (Titrəyir).

Cəhənnəmin qadın xidmətçisi (Cəhənnəmin kişi xidmətçisinə). Sensey, vəziyyəti dəqiqləşdirək?

Cəhənnəmin kişi xidmətçisi. Aha. (Bir saniyəliyə tərəddüd eləyir). Amma bir az tez…

Cəhənnəmin qadın xidmətçisi dərhal da sağ tərəfə qaçır.

Əl ağacı (kədərlə öz-özünə). Buna ehtiyac yoxdu… Mən hər şeyi yaxşı eşidirəm… Univermağın xidməti pilləkəninin arxasındakı çirkli oğlan… Mənim bərk qorxmuş oğlum… Murdar xidmətçilər onu ölənəcən döyüblər.

Cəhənnəmin kişi xidmətçisi (Kişiyə). Yeri gəlmişkən, çətindi, amma məsələ burasındadı ki, bizə ilk növbədə bu əl ağacına göz qoymaq tapşırılıb… Yəqin, məni başa düşərsiniz.

Kişi. Heç nə də başa düşmürəm.

Qadın (bilici görkəmilə). İndi kəsilmiş əlaqələr əsridi. İnsan yadlaşıb.

Əl ağacı (öz-özünə, ifadəolunmaz kədərlə). Oğlan danışır… Mənim əl ağacına çevrilib damdan necə düşdüyümü nağıl eləyir…

Cəhənnəmin kişi xidmətçisi (kişiyə). Buna görə də soruşuram: bu əl ağacı sizə nəyə görə lazımdı? Axı hər hansı xüsusi məqsədiniz yoxdu, elə deyil?

Kişi. Məqsədimiz? Yox əşşi, sadəcə maraq üzündən.

Qadın. O-o, bu məqsəd nəsə çox qədimdi.

Cəhənnəmin kişi xidmətçisi. Tamamilə doğrudu. Məqsədi hətta göz damcıları əvəzinə işlədə bilməzsən. Buna görə də, bəlkə, hər halda, əl ağacını bizə verəsən? Görünür, o sizdən ötrü heç bir mənası olmayan, adi ağacdı. Bizdən ötrüsə, bir adama aid olan çox qiymətli əşyayi-dəlildi.

Qadın (eynilə yuxudadır). Amma, heç olmasa, balaca oğlan olmalıdı axı. O isə yoxdu…

Cəhənnəmin qadın xidmətçisi. Nə yoxdu?

Qadın. Əlbəttə, məqsədlər.

Cəhənnəmin kişi xidmətçisi. Sən bu barədə yaman çox fikirləşirsən. Mövcud olmayanı istəmək – yaraları nahaq yerə qurdalamaq deməkdi. Anlaşılmazlıq doğuran məqsəddən çox, məqsədin yoxluğudu… Qəlbimi parçalayan – məqsədin itirilməsidi… Bu da insanın məqsəd xətrinə yaşadığının ən gözəl sübutudu. Mən haqlıyam?

Qadın (Kişiyə). Məni öpmək istəmirsən?

Kişi (Soyuq nəzərlərini onun üstündən sürüşdürüb keçirir). İyrənirəm.

Qadın. Naz eləmə görək.

Kişi. İyrənirəm!

Qadın. Yaxşı görək!

Kişi. Sən qızışmısan.

Qadın. Yaxşı kürəyimi qaşı.

Kişi. Kürəyini?

Qadın Kişiyə sarı əyilib boynunu uzadır. O həvəssiz halda əl ağacını qadının boyunluğundan içəri salıb kürəyini qaşımağa başlayır.

Qadın. Bir az sol tərəfi… Belə, belə oranı…

Kişi (əl ağacını çıxarıb qadına uzadır). İndi sən mənim kürəyimi qaşı... (Ona doğru əyilir).

Qadın. Həvəsim yoxdu… (Bununla belə, ağacı kişinin boyunluğunun altına soxur). Buranı?

Kişi. Buranı da, oranı da – hər yeri.

Qadın. Hər yeri?

Kişi (bütün bədənilə qovşurula-qovşurula, zəifləmiş səslə). Uh, uh, uh… Lap çoxdan hamama getməmişəm…

Qadın (ağacı kənara atır). Özündənrazı...

Cəhənnəmin kişi xidmətçisi onların arasına soxulub ağacı götürmək istəyir. Kişi onun əlini itələyib təzədən dəyənəyi götürür.

Cəhənnəmin kişi xidmətçisi. Dostum… Görünür, heç nə eləmək olmaz, gəl alqı-satqıya keçək. Neçəyə verərsən?

Qadın (canlanmış halda). Üç yüz ienə.

Cəhənnəmin kişi xidmətçisi. Üç yüz ien? Gərəksiz bir ağaca görə?

Kişi. Mən beş yüz ienə də vermərəm.

Qadın (astadan, onu danlayır). Lazım olsa, bu ağaclardan istədiyin qədər yığa bilərik.

Cəhənnəmin kişi xidmətçisi. Üç yüz ien siqaret puludur, təsəvvür eləyirsən?

Kişi. Mən onunla bir növ doğmalaşmışam… Niyə verməyək, hə?.. (Ağacın ucundan yapışıb o tərəf-bu tərəfə fırladır).

Qadın (istehzayla). Oxşayır. Eynilə.

Kişi (diqqətlə ağaca baxır). Oxşayır… Mən… Mən? (Qəfildən fikrə gedib Qadına). Yəqin ki, sənin qardaşın-bacın var.

Qadın. Bacım var.

Kişi. O, səni necə çağırırdı?.. Axı çox güman ki, sənə hər hansı bir ayama qoymuşdu.

Qadın. Hə-ə, ayama.

Kişi. Hə də, ayama.

Qadın. Qaa-qaa.

Kişi. Qaa-qaa? Qadın. Amma məni qardaşım belə çağırırdı, bacım başqa cür deyirdi. O Tombo-Çəyirtkə adlandırırdı…

Kişi. Bu nə qaa-qaadı axı?...

Qadın. Deyirəm ki, bacım Çəyirtkə adlandırırdı.

Kişi. Soruşuram ki, qaa-qaa nə deməkdi?

Qadın. Qaa-qaanın nə demək olduğunu bilmirsən?

Kişi. Çəyirtkə kimi bir şeydi?

Qadın. Aha… Amma bütün bunlar çox mürəkkəbdi.

Cəhənnəmin qadın xidmətçisi. Qulaq asın, dostlar…

Kişi. Dünən o qalantereya mağazasında dəfn mərasimi idi.

Qadın (ətrafa boylanıb). Amma bunun heç kəsə dəxli yoxdu, elə deyil?..

Kişi. Bəs qaa-qaa, çəyirtkə necə olsun…

Cəhənnəmin kişi xidmətçisi. Bəlkə qaa-qaa yox, qaa?

Qadın. Öldü.

Kişi. Kim?

Qadın. Bacım.

Cəhənnəmin kişi xidmətçisi. Bəs niyə çevrildi?

Kişi. Təbii ki, meyitə.

Cəhənnəmin kişi xidmətçisi. Bəli, bu deyəsən, belədi.

Qadın. İndi artıq mən də xəbər tuta bilmərəm. Hər şey sirrə bürünüb.

Kişi. Nə?

Qadın. Qaa-qaa, yoxsa qa-qa…

Kişi. Sən də lap axmaqsanmış ki…

Cəhənnəmin kişi xidmətçisi. Ağaca qayıdaq. O ağaca oxşayırmı?.. Təsəvvür eləyək ki, oxşayır… Amma sənin verdiyin məna…

Qadın. Səhər açılanda sabah bugünə çevrilir…

Cəhənnəmin kişi xidmətçisi. Sənin ağacla bağlı ideyan köklü surətdə nisbidi.

Kişi. Adamın əslində bir şey olanda ona yaxınlaşma.

Qadın. Heç cür başa düşə bilmirəm. Həmişə sabahın ardınca yeni sabahlar gəlir. Bu, dəhşətdi.

Cəhənnəmin qadın xidmətçisi cəld geri qayıdır.

Cəhənnəmin qadın xidmətçisi (kənarda dayanır). Sensey…

Cəhənnəmin kişi xidmətçisi. (ona yaxınlaşıb). Nə baş verib?

Cəhənnəmin qadın xidmətçisi. Əgər tələsməsək…

Cəhənnəmin kişi xidmətçisi (Hippiləri başı ilə göstərib). Qəribə adamlardı. Onlara üç yüz min təklif elədim, amma yenə də vermək istəmirlər.

Cəhənnəmin qadın xidmətçisi. Həmin oğlan indi gələcək.

Cəhənnəmin kişi xidmətçisi. Niyə?...

Cəhənnəmin qadın xidmətçisi. Mən univermağa girdiyim məqamda itmiş uşaq barədə məlumat verirdilər. Oğlan inadla iddia eləyir ki, bəs atasının əl ağacına çevrilib damdan düşdüyünü öz gözlərilə görüb. Amma, deyəsən, ona heç kəs inanmır.

Cəhənnəmin kişi xidmətçisi. Bu, təbiidi.

Cəhənnəmin qadın xidmətçisi. Onda da hamıdan qaçıb itmiş atasını axtarmağa yollanır.

Cəhənnəm xidmətçiləri narahatlıqla sol tərəfə baxırlar.

Əl ağacı (öz-özünə, kəsik-kəsi). Oğlan görüb. Deyəsən, elə belədi. Məhz həmin dəqiqələrdə fikirli halda havalandırma borusu və pilləkənin arasındakı alçaq məhəccərə söykənib aşağıdakı yığnağa baxırdım… Burulğandı… Bax… Lap burulğandı…

Tuneldəki naməlum bədheybətlərin nəriltisini xatırladan şəhər səs-küyü get-gedə artır.

Birdən Kişi nədənsə qorxub ağacı əlindən yerə buraxır.

(Əl ağacı öz-özünə danışmaqda davam eləyir). Həmin ağlımı itirdiyim barədə düşünə-düşünə nərildəyən şəhərin bu burulğanında özümü saxlamağa çalışdığım vaxtda da uşaq məni çağırdı. Məni teleskopdan baxmağa – üç dəqiqəsi on ienə – dartırdı… Həmin anda mənim cismim məkanda üzürdü… Uşağın əlindən qaçmaq heç fikrimdə də yox idi, sonra bax, əl ağacına çevrildim… Bu, niyə, niyə baş verdi axı?...

Qadın. Nə olub ki?

Kişi (ayaqlarının altına düşmüş əl ağacına kefsiz halda baxır). Ölü balığa oxşayır. Nahaq götürdük.

Qadın. Sadəcə, fantaziyamız qaynadı.

Cəhənnəmin qadın xidmətçisi (Ayaqlarının ucuna qalxıb sol tərəfə, uzaqlara baxır). Oy, sensey. Oğlan… İri eynəyi var… ətrafdakı heç şeyi diqqətlə gözdən keçirir. Özü balaca, nazikboyunludu…

Əl ağacı (hələ də yerdə düşüb qalxmış halda öz-özünə). Uşağın addım səsləri, elə bil, rezin top kimi tullana-tullana milyonlarla adamın torpağı titrədən ayaq səslərinin arasından keçir.

Qadın (Gözəaltı cəhənnəm xidmətçilərinə baxa-baxa). Bunlar nə lal-dinməz adamlardılar… Yaxşı, əl verəkmi?

Əl ağacına baxan kişi elə bil özünə gəlib ayağa qalxır. Qadın da onun arxasınca durur.

Kişi (təəssüflə). Bu zəhrimar mənə yaman oxşayır.

Qadın (onu sakitləşdirib). Yox, əşşi, nə danışırsan. Lap azacıq oxşayır.

Kişi (elə bil, qərara gəlib Cəhənnəmin kişi xidmətçisinin yanına çağırır). Min ienə razısan? (Əl ağacını təpiklə vurur).

Cəhənnəmin kişi xidmətçisi. Min ien?

Əl ağacı (öz-özünə). Niyə təpikləyirsən… Onsuz da su arxında yıxılıb qalmışam… Hətta, soyuqlaya bilərəm!

Kişi. İstəmirsən – lazım deyil, heç vecimə almıram.

Cəhənnəmin qadın xidmətçisi (sol tərəfə baxıb qorxmuş halda). Sensey, o artıq lap yaxındadı.

Əl ağacına çevrilmiş adam ümidsizliklə qarışmış ümidi ifadə eləyən təbəssümə cavab verir.

Kişi. Satmaq istəmədiyinizə görə satırıq. Vəziyyətin inkarıdı. Başa düşdün?

Qadın. Bəli. Satmaq istəmədiyimizə görə satırıq. Başa düşdün?

Cəhənnəmin kişi xidmətçisi (təəssüflə). Hə, yaxşı (cibindən bir neçə kağız pul çıxarıb min ienliyi ona uzadır). Al… Yəqin, fikirləşirsən ki, yaxşı iş tutdum. Amma istəyirəm ki, biləsən – sən təkcə ağacı satmadın. Əslində, ağac – sən özünsən.

Kişi replikanın bitməsini gözləmədən min ienlik kağız pulu qapıb sol tərəfə gedir. Qadın qayğısız halda onun ardınca gülümsəyə-gülümsəyə və əlini yelləyə-yelləyə yollanır.

Qadın. Kəsilmiş əlaqələr əsri. (Bu sözləri deyə-deyə səhnədən gedir).

Cəhənnəmin xidmətçiləri cəld əl ağacının düşdüyü su arxına doğru atılırlar. Qəfildən günəş batır, küçənin səs-küyü susur.

Uzaqda pərçim çəkiclərinin qısa zərbələri səslənir.

Cəhənnəmin kişi xidmətçisi (çirkli əl ağacını iki barmağıyla götürür, cibindən qəzet çıxarıb açır, ağacı silir). Hər şey qaydasındadı, hər şey qaydasındadı…

Cəhənnəmin qadın xidmətçisi. Yer üzündə xidmət eləmək də asan iş deyil.

Cəhənnəmin kişi xidmətçisi. Təcrübi təkmilləşmənin ilk günü üçün heç də pis deyil.

Cəhənnəmin qadın xidmətçisi. Amma çox böyük gərginlikdi.

Əl ağacına çevrilmiş adam qəfildən narahatlığını büruzə verir. Cəhənnəm xidmətçiləri də narahat olmağa başlayırlar. Cəhənnəmin kişi xidmətçisi həyəcan içində əl ağacını arxasında gizlədir, sonra onu gödəkçəsinin altına soxur, belə vəziyyətdə də bir neçə saniyəliyə donub qalır. Əl Ağacına Çevrilmiş Adamınsa üzündən gərginlik tədricən yox olur. Cəhənnəm xidmətçiləri də daha sakit görkəm alırlar.

Əl ağacı (öz-özünə). Yox, hər şey qaydasındadı… İndi artıq hamısı birdir.

Cəhənnəmin kişi xidmətçisi (əl ağacını çıxara-çıxara). İndi nə ola bilərdi, dəhşətdi.

Cəhənnəmin qadın xidmətçisi. Amma o çox miskin görünür.

Cəhənnəmin kişi xidmətçisi. Kədərlənmək – bizim işimizdə pis köməkçidir. Yaxşı, gəl mümkün qədər tez başlayır. (Əl ağacını uzadıb). Elə hey bəzi maneələr var.

Cəhənnəmin qadın xidmətçisi (əl ağacını götürüb onu irəli uzatdığı əllərində saxlayır). Bir buna bax, nə yüngüldü.

Cəhənnəmin kişi xidmətçisi. İlk təcrübə üçün bundan yaxşısı yoxdur. Yaxşı, başla. Səni öyrətdiyim qaydada.

Cəhənnəmin qadın xidmətçisi. Yaxşı… (Şagird kimi söylə əl ağacını hər tərəfdən nəzərdən keçirir). Hər şeydən əvvəl ağacın yuxarı və aşağı hissələrinin bir-birindən fərqləndiyi gözümə dəyir… Yuxarı hissədən çirkli əllər yapışıb… Aşağı hissə çox yonulub… Bu, o deməkdi ki, ağac dinc durmayıb, hələ sağlığında adamlar onu müxtəlif məqsədlər üçün işlədiblər.

Əl ağacı (öz-özünə, əsəbi halda). Tamamilə təbiidi. Kim ki, tənbəllik eləmirdi.

Cəhənnəmin qadın xidmətçisi. Amma onunla çox kobud davranıblar. Başdan-ayağa çapıq-çapıqdı, adamın yazıcı gəlir…

Cəhənnəmin kişi xidmətçisi (gülə-gülə). Çox gözəl. Amma «yazığım gəlir» nə deməkdi. Onda insanlıqdan müəyyən bir hissə var.

Cəhənnəmin qadın xidmətçisi. İnsanilikdən?

Cəhənnəmin kişi xidmətçisi. Bizim cəhənnəmdə mövcud olan təsəvvürlərdən çıxış eləyib demək olardı: bu əməksevər, sədaqətli, işdən boyun qaçırmayan, başdan-ayağa çapıqlarla örtülənəcən özünü istifadə eləməyə səbirlə imkan verən əl ağacı.

Cəhənnəmin qadın xidmətçisi. Deməli, bu adi ağacdı. Ağacdansa meymun da istifadə eləyir. İnsan üçün o həddən artıq sadədi.

Cəhənnəmin kişi xidmətçisi (güclə). Elə buna görə də əməksevən və sədaqətlidi. Aydın deyil. Əl ağacı koru apara bilər, amma iti də vura bilər. O rıçaq kimi ağırlığı hərəkət etdirməyə qadirdi, amma düşməni də sarsıda bilər. Ümumiyyətlə, əl ağacı bütün silahların əsasıdı.

Cəhənnəmin qadın xidmətçisi. Belə çıxır, elə bu cür ağacla sensey məni vura bilər, mən də cavabında senseyi vura bilərəm?

Cəhənnəmin kişi xidmətçisi. Bəyəm, bu sədaqət məsələsi deyil? Necə istifadə eləyirlər, eləsinlər, ağac ağacdı. Hətta, belə bir nəzəriyyə var ki, guya, «sədaqət» sözü etimoloji cəhətdən «ağac» sözünə yaxındı.

Cəhənnəmin qadın xidmətçisi. Amma söhbət yalnız canlı ağacın ölü ağaca çevrilməsindən gedir axı. Yer üzündə xidmətçilərə hissiyyatlılıq qadağan olunub. Yaxşı, davam elə. (Cənnətin qadın xidmətçisi susur.). Beləliklə, məlumatın mahiyyətini de.

Cəhənnəmin qadın xidmətçisi (özünə gəlib). Hə, hər şeydən əvvəl qərargaha zəng eləmək, obyektin yoxa çıxmasının yerini və vaxtını demək, nömrəsini təsdiqləmək lazımdı. Sonra cəzanı müəyyənləşdirmək, onun formasını və ölçüsünü qeydə almaq gərəkdi.

Cəhənnəmin kişi xidmətçisi. Bəs hansı cəzanı tətbiq eləyək? (Cəhənnəmin qadın xidmətçisi çaşqınlıq içində susur.). Gərək biləsən, bu, çox asandı…

Cəhənnəmin qadın xidmətçisi. Mən eksponatlar zalında qoyulmuş hər şeyə baxmağı sevən adamlardanam (başını aşağı salır). Bəyəm, o eksponatların arasında ağac var?

Cəhənnəmin kişi xidmətçisi. Ola bilər, belə bir ağac yoxdu.

Cəhənnəmin qadın xidmətçisi (rahatlanır). Deməli bu, nadir hadisədi, hə?

Cəhənnəmin kişi xidmətçisi. Sakit ol, sakit ol. İndi təcrübi təkmilləşmənin ilk addımları atıldığından, deyəsən, sənə söyləyəcəyəm… Deyirsən, o eksponatlar zalında yoxdu, amma orada axı mütləq yalnız nadir şeyləri nümayiş etdirmirlər… Əksinə…

Cəhənnəmin qadın xidmətçisi (axır ki, başa düşür). Amma həddən artıq adi şeyləri də nümayiş etdirmirlər!

Cəhənnəmin kişi xidmətçisi. Tamamilə doğrudu. Son bir neçə onillik ərzində ağacların sayı elə hey artır. Hətta elə ay vardı, doxsan səkkiz tam onda dörd faizi d ağaclardan ibarət idi.

Cəhənnəmin qadın xidmətçisi. Xatırladım… Yəqin, onların cəzasını müəyyənləşdirmirlər, həyatda olduqları görkəmlə saxlayırlar…

Cəhənnəmin kişi xidmətçisi. Hə, yaxşı, indi düzdü.

Cəhənnəmin qadın xidmətçisi. Deməli, nömrəsini təsdiqləmək kifayətdi, cəzanı qeydiyyatdırmağasa xüsusi ehtiyac yoxdu.

Cəhənnəmin kişi xidmətçisi. Məhz belədi. Axı dərslikdə də deyilib: «Günahkar olan, amma cəzalandırılmayan ağaca çevrilib yer üzərində qalır. Yer də çürüyən ağacların qəbristanlığına çevrilir…» Çox faydalı yenilikdi. Yoxsa biz cəhənnəmdə onların işlək əllərinə düşməzdik. Onsuz da artıq onları tapmaq mümkün deyil.

Cəhənnəmin qadın xidmətçisi (yığcam ötürücünü çıxarır). Qərargahı çağıraq?

Cəhənnəmin kişi xidmətçisi (ötürücünü onun əlindən alır). Ancaq əvvəlcə bunu necə eləmək lazım gəldiyini göstərim... (İşə salır). Allo, qərargah? Yerüstü MS xidməti – təcrübə qrupu çağırır.

Cəhənnəmdən səs. Bəli, qərargah sizi başa düşdü.

Cəhənnəmin kişi xidmətçisi. Xahiş edirəm, təsdiqləyici nömrənizi söyləyin. MS – altı yüz iyirmi bir… MS – altı yüz iyirmi bir… Qəbula keçirəm.

Cəhənnəmdən səs. MS - alıt yüz iyirmi bir sizi başa düşdü.

Cəhənnəmin kişi xidmətçisi. Vaxta iyirmi iki dəqiqə on saniyə qalır… Məntəqə B rayonu, otuz ikinci sektor, dərəcə dörd. Univermağın damından yıxılıb ağaca çevrilib… Qəbula keçirəm.

Cəhənnəmdən səs. Hər şey qaydasındadı, sizi başa düşürəm. Qəbula keçirəm.

Cəhənnəmin kişi xidmətçisi. Cəzasız qeydiyyatdan keçirilə bilməz. Qəbula keçirəm.

Cəhənnəmdən səs. Qeydiyyatdan keçirilə bilməz. Sizi başa düşdüm.

Cəhənnəmin kişi xidmətçisi. Zəhmət olmasa, növbəti tapşırığa verin.

Cəhənnəmdən səs. Altı dəqiqə dörd saniyədən sonra B rayonu, otuz ikinci sektor, səkkiz dərəcə…

Cəhənnəmin qadın xidmətçisi (qeyd dəftərçəsini açıb yazır). Stansiyanın arxa tərəfindədi.

Cəhənnəmin kişi xidmətçisi. Otuz ikinci sektor, dərəcə səkkiz, sizi başa düşdüm.

Cəhənnəmdən səs. Uğurlar arzulayıram. Qəbula keçirəm.

Cəhənnəmin kişi xidmətçisi. Narahatlığa görə bağışlayın. Sizi başa düşdüm. (Səsinin ahəngini kəskin dəyişir). Bağışlayın ki, sizdən ötrü çətinlik yaradıram, amma arvadım gəlsə, ona çatdırmazsınızmı… Açarları unudub evdə qoymuşam.

Cəhənnəmdən səs (dilini nırçıldadır). Hə, nolar, hamının başına gələ bilər. Bununla qurtarırıq. Uğurlar arzulayırıq.

Cəhənnəmin kişi xidmətçisi (gülə-gülə). Sizi baza düşdüm. Salamat qalın. (Ötürücünü söndürür). Bax, təxminən belə eləyirlər.

Cəhənnəmin qadın xidmətçisi. Başa düşdüm.

Cəhənnəmin kişi xidmətçisi. Nəsə sizin səsinizdə gümrahlıq duymuram. (Ötürücünü ona qaytarır).

Cəhənnəmin qadın xidmətçisi (gülümsəməyə çalışıb). Yox, əşşi…

Cəhənnəmin kişi xidmətçisi. Beləliklə, burda ağacla vidalaşırıq, hə?

Cəhənnəmin qadın xidmətçisi. Elə beləcə ataq?

Cəhənnəmin kişi xidmətçisi. Mən səni başa düşürəm, amma qayda belədi (ətrafa boylanır, su xəttinin barmaqlığını görüb ağacı ora keçirir). Bura qoyaq, onda adamların gözünə tez dəyəcək, tezliklə başqa bir nəfər götürəcək. (Bir addım aralanır, sonra ətrafa boylanır). Hə, nolar, çox gözəl. Ağacı əməlli-başlı yerləşdirdik. Əgər onun üzərindən plakat da assalar…

Cəhənnəmin qadın xidmətçisi gözlənilmədən ağacdan yapışıb onu çıxarır.

Sən neyləyirsən?!

Cəhənnəmin qadın xidmətçisi. Bu, həddən artıq qəddarlıqdı.

Cəhənnəmin kişi xidmətçisi. Qəddarlıqdı? (Heyrət içində susur).

Cəhənnəmin qadın xidmətçisi. Sizə elə gəlmir ki, biz ağacı həmin uşağa qaytrmalıyıq? Əgər onu elə buradaca qoysaq…

Cəhənnəmin kişi xidmətçisi. Axmaq-axmaq danışma. Hər kəs üçün ağac elə ağac olaraq qalır.

Cəhənnəmin qadın xidmətçisi. Amma həmin uşaqdan ötrü onun, ola bilsin, daha böyük əhəmiyyəti var.

Cəhənnəmin qadın xidmətçisi. Heç olmasa, ona görə ki, ondan ötrü özünüanaliz rolu oynaya, əyani sübut ola bilər: o, atası kimi, ağaca çevrilməməlidi.

Cəhənnəmin kişi xidmətçisi (istər-istəməz gülüb). Özünüanaliz-filan nədi! Zəhmət olmasa, de görüm, özündən tam razı olan adam özünüanalizlə məşğul olacaqmı?

Cəhənnəmin qadın xidmətçisi. Özündənrazı olan?

Cəhənnəmin kişi xidmətçisi. Bəyəm, o məhz özündənrazı olduğuna görə ağaca çevrilmirmi?

Cəhənnəmin qadın xidmətçisi (ağaca baxır; qısa fasilədən sonra). Əgər ağac indi bizim söhbətimizi eşitsəydi…

Əl ağacı (astadan, öz-özünə). Əlbəttə, eşidirəm. Hamısını başdan-ayağacan eşidirəm…

Cəhənnəmin kişi xidmətçisi. Bu, mənim ixtisasımdan kənara çıxır, təfərrüatı da mənə aydın deyil, amma əzəriyyəyə əsasən, o, görünür, nəsə eşidir.

Cəhənnəmin qadın xidmətçisi. Əgər ağac bizim söhbətimizi eşidirsə, maraqlıdı, görəsən, nələr hiss eləyir?

Cəhənnəmin kişi xidmətçisi. Yəqin, özünün müəyyən ağaz duyğuları var. Ağacın nə duyduğu barədə söhbətlər onu…

Cəhənnəmin qadın xidmətçisi. Xoşbəxt eləyir?

Cəhənnəmin kişi xidmətçisi. Yaxşı, amma mən başa düşmürəm, niyə özümüzü elə aparırıq ki, elə bil, ölmüş adamı qoruyuruq?

Cəhənnəmin kişi xidmətçisi. Faktiki olaraq söhbət mərhumlardan getmir. Bizim işimiz insanların həyatını onların ölümünədək dəqiq qeyd eləməkdən ibarətdi. (Səsini alçaldır). Düzünü deyim, bura bərk şübhəm var. Bəd ayaqda biz özümüz həqiqətən mövcuduq, ya yox?...

Cəhənnəmin qadın xidmətçisi. Hansı mənada?

Cəhənnəmin kişi xidmətçisi. Bir nəzəriyyəyə əsasən həyat – insanın öz ölüm vaxtını görməkdən başqa bir şey deyil…

Cəhənnəmin qadın xidmətçisi. Əgər yuxudusa, onda qorxulu, iyrənc yuxudu.

Cəhənnəmin kişi xidmətçisi. Hə…

Cəhənnəmin qadın xidmətçisi. Ümumiyyətlə, insan heç vaxt xoşbəxt olmur. Xoşbəxtlik duymaq, əslində iyrənc yuxu görmək – bumu dəhşətli ziddiyyət deyil?

Cəhənnəmin kişi xidmətçisi. Belə də deyirlər: məmnunluq ani şübhəylə başa çatır. Ümumiyyətlə, hər şey izsiz-tozsuz yox olur. (Öz müşaiyyətçisinə ürək-dirək verməyə çalışıb). Hə, tələsək. Üç dəqiqə qalıb, əgər geciksək, xoşəgəlməz şeylər olacaq… (Onu arxasınca çəkə-çəkə gedir). Eybi yoxdu, öyrəşərsən. Əvvəllər mənim də başıma belə bir iş gəlirdi. Səni insanın zahiri görünüşü çaşdırır. Birdəfəlik başa düşməlisən: ağac sağ vaxtında da elə bu cür ağac idi…

Cəhənnəmin qadın xidmətçisi (ağaca doğru boylanmaqda davam eləsə də, get-gedə sakitləşir). Bəs o biri adam da ağacdı, hə?

Cəhənnəmin kişi xidmətçisi. Orijinal bir şey olsaydı, daha yaxşı olardı…

Cəhənnəmin qadın xidmətçisi. O iki nəfəri yazda saxlayın, əlimizdən ağacı qapmağa macal tapıblar… Nə fikirləşirsiniz, onlar nəyə çevriləcəklər?

Cəhənnəmin kişi xidmətçisi. Hə-ə, o iki nəfər…

Cəhənnəmin qadın xidmətçisi. Sizə elə gəlmirmi ki, ağaca çevriləcəklər?

Cəhənnəmin kişi xidmətçisi. Ağaca da olmasa, rezin şlanqa oxşayan bir şeyə çevriləcəklər…

Cəhənnəm xidmətçiləri sol tərəfə gedirlər.

Əl ağacı (öz-özünə). Xoşbəxtəm?... Mən?... Bəyəm, hər şeydən axmaqcasına razı olan adam uşaqdan qaçıb damdan yıxılar?

Səhnənin arxa tərəfində cəhənnəm xidmətçiləri siluet şəklində yenə görünürlər.

Cəhənnəm xidmətçisi:

Penisillinlə bulanmış

bataqlıq rəngində səma,

Soyuq, çirkli yer üzündə

İtirib simasın daha bir adam,

Ağaca çevrildi.

Cəhənnəmin qadın xidmətçisi.

Artıq təsdiq alınıbdı,

Qeydiyyata salmaq olmaz.

O, ağac formasını alıb

Artıq bədbəxt olmasına görə

Əl ağacı (öz-özünə). Yox, mən bir dəfə də olsun, xoşbəxt olmamışam. Amma ağacdan özgə kim olmaq istərdim? Əslində, dünyamızda hamı ağacdan istifadə eləyir!

Cəhənnəmin kişi xidmətçisi.

Artıq təsdiq alınıbdı,

Qeybiyyata salmaq olmaz.

Əl ağacına çevrilən adam.

Tərpənə bilməz, bu da ki,

Narahat eləyir onu.

Cəhənnəmin qadın xidmətçisi.

Əgər bədəni qaşınsa,

Neyləməli?

Cəhənnəmin kişi xidmətçisi.

Axı dünyada yoxdur,

Elə bir ağac ki, o

Öz kürəyini qaşısın.

Cəhənnəmin qadın xidmətçisi.

Amma heç də narahat olma,

Tənha deyilsən sən.

Cəhənnəmin kişi xidmətçisi (irəli çıxıb əlini tamaşaçılara uzadır). Səni əhatə eləyən ağaclar meşəsinə bax… Bu dinc adamların heç biri bir dəfə də olsun, fikirləşməyib ki, ağac yox, başqa şey olacağam. Onların hər birinin yalnız bir istəyi var – xüsusi ağac olmaq. Adamlar – ağacdılar, onlar nə məhkəmədən, nə cəzadan qorxurlar… (Qəfildən səsini ahəngini kəskin tərzdə dəyişir, elə bil, tamaşa zalına atılmağa hazırlaşır). Yox, mən sancmaq fikrindən uzağam. Nəzakətsiz olmaq da istəmirəm. Heç də… (üzündə təbəssüm ifadə eləyir). Mən fakt – sadə, açıq-aşkar fakt barədə danışıram.

Cəhənnəmin qadın xidmətçisi (ağaca çevrilmiş adama yaxınlaşır, elə bil ona çağırır). Hə, düzdü. Sən tənha deyilsən. Sənin nə qədər dostun var… Ağaca çevrilmiş adamlar var…

# 2264 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #