Roman yazmaq üçün həbsə düşən yazıçı

Roman yazmaq üçün həbsə düşən yazıçı
24 avqust 2015
# 10:43

Kulis Ömər Xəyyamın “Nağılın sonu nağılı” hekayəsini təqdim edir.

- İt yuvasından çıxa bilmirəm, elə qorxuram ki...

İndi yuvada iki it var, ya da iki insan...

Lənətə gəlmiş bu dördayaqlının nəfəsi çürümüş süd kimi iylənir. Günəş şüaları yuvanın taxta tavanındakı dəliklərindən süzülüb çoxdan dəfn elədiyim aclıq hissimi qıcıqlandırır... Üç gündü burdayam. İt yuvanın küncündəki iylənmiş qoyun içalatını gəmirdikcə ağzım sulanır, mədəm iradəmin əksinə şirə ifraz eləyir.

Lənətə gəlmiş köpəyin tükü tökülür, deyəsən. Bu üfunəti isti hava daha da dözülməz edir. İylənmiş içalatın üstündə gördüyüm ağ qurdlar baldırlarımda gəzişir. Hərdən başlarını məsamələrimdən dərimin altına doğru soxulduqlarını hiss edirəm... Qurdların icazəsiz hərəkətlərinə qarşı bədənim heç bir reaksiya vermir. Penisim qasığımın altında təhlükə hiss eləyib, tələsik başını yuvasına soxan ilan kimidi.

Anama nifrət eləyirəm.

- İndi bu nədi ki?

- Hekayədi də axmaq, nəyi pisdi ki?

- Ay bədbəxt, belə hekayələri qəbul eləmirəm də mən. Sən it yuvasında olmusan? Yaşamadığın hiss haqqında necə yaza bilərsən? Kimi aldadırsan?

Dünyada məşhur yazıçılar o qədər belə hekayələr yazıblar ki. Elə biri Hüqo. Bir məhbusun son gününü yazıb. Bir gün sonra edam ediləcək məhbusun hisslərindən bəhs eləyir əsər.

- Hüqo da axmaqdı, sən də. Belə yazmağa nə var ki? Fantaziyanı işə salırsan, səyləyirsən ordan-burdan olur hekayə. Gərək yaşayıb yazasan. Guya mən elə yaza bilmərəm? Yeni hekayə başlamışam, sırf yaşadıqlarımdı.

- Ədəbiyyat olduğu kimi çəkmək sənəti deyil. Burda bir təsvirlər eləmişəm ki, qulaq as: “Günəşin bir həftəlik qürubundan iki gün əvvəl Traundell meydanından Mitos muzeyinə tərəf gedən yolun sağında yasəmən rəngli şarfı küləyin musiqisinə rəqs eləyən bir xanım gördüm. Şlyapa sifətinin yarısına-burnuna qədər kölgə salırdı. Kölgə gözlərinin ətrafını, alnını gizlətsə də, günəş dodaqlarının kənarındakı, boğazındakı büzüşmüş dərini məsamələrinə qədər qabardırdı”. Hələ buna bax e: “Qadının körpücük sümükləri baxışları oğurlayıb özünə çəkən Bermud üçbucağını, ayaqları üzügöyə uzanan minarələri xatırladırdı.”

- Bu nə nağıl cümlələridi? Kəs bu boş-boş çərənləməyi. Əsas ideyadı. Mesaj verməkdi. Özünüzdən hoqqa çıxarmayın.

- Səndən zibil də olan deyil. Görək də mükafatı kim alacaq. Nə oldu sənin romanın? Başlamısan? Adı nə idi? “Sonuncu nağıl” ? Yoxsa “Nağılın sonu nağılı”?

- İdeya var beynimdə, tam hazırdı. Qalır bəzi detalları real yaşamaq.

Ka gənc yazardı. Tək yaşayır. Morqlandda yüzlərlə gənc yazı-pozu adamından biridi. Özünün xəbəri yoxdu, amma əsil roman obrazıdı. Kirayə qaldığı ev zirzəmi nəşriyyatlarının anbarını xatırladır. Dəftər-kitab, posterlər. Tualetin divarlarını yapışqanlı kağızlar bəzəyir. Hobbisi tualetdə oturmaqdı. Özünün də dediyi kim, ən yaxşı cümlələri orda tapır, elə həmin dəqiqə kağıza köçürüb yapışdırır divara. Bu axmağı təsvir eləmək özümü də yorur. Maraqlı bir əhvalat danışım. Ka sevgilisi Sofini tanış olduqları gün evə dəvət etmişdi. Səhərdən axşama qədər sekslə məşğul olmuşdular. Sofi tualetdə kağızlardan birini istifadə eləmişdi. İki gün sonra öyrənmişdi ki, Ka o kağızlardan əsərlərində istifadə edir. Həftə sonu sevgililər görüşəndə Ka çox əsəbi görünürdü. Seks də alınmamışdı o gün. Sofi səbəbini soruşanda Ka – “obrazımın birini itirmişəm”- demişdi. Hələ bu harasıdı. Bizim dahi tualetə qaçıb bütün kağızları qoparmış, hamısını unitaza atmışdı. Yarım saat sonra Sofi tualetə gedəndə divarda yeni bir qeyd görmüşdü: “Nağılın sonu nağılı”.

Ka son günlər ancaq edamla bağlı sənədli filmlər izləyir, tarixi edam faktlarını araşdırırdı. Özünü unudurdu. Real həyatdan uzaqlaşıb, filmlərin obrazına çevrilir, real insanları edama məhkum olunmuş qurbanlar kimi görürdü. Xəyalən yoldakı insanların güllələnmə səhnələrinə şahid olurdu. Mətbəxdə xiyar doğrayarkən kiminsə başını kəsən cəllada çevrilir, sonra hamamda əllərindən qan izini yuyurdu. Pul qabını soyuducuda tapırdı, televizorun pultunu tualetdə.

Qəhrəmanımızın məqsədi güllələnmə, ya da edama məhkum olunmuş bir insanın hisslərini yazmaqdır. Bu hisslər ona tamamilə yaddı. Yaşamadan yaza bilmir.

- İdeya var, sevgili var, qonorar alırsan. Yazmamaqda nədi problem? Tükənmisən daha?

- Ay zibil, mən sənin kimi uydurmuram e, faktlara söykənən bir romandı. Yaşamadan yaza bilmirəm. Qulaq as, sənin əmin kömək eləyə bilər axı mənə, hə?

- Dustaqlarla görüşmək istəyirsən? Bu çətin məsələdi, güllələnməyə məhkum olunmuşlarla söhbət eləmək qadağan olunub. Yenə də deyərəm mən. İnanmıram razı olsun. Əksəriyyəti adamyeyənlərdi onların. Psixoloji problemli adamlardı. Elə bilirsən rahat-rahat hisslərindən danışacaqlar? Sənə lazımdı bu? Fahişələrdən yaz, sürücülərdən yaz. Nə yapışmısan manyaklardan?

Kanın ən yaxın dostu Ommanın əmisi haqqında güllələnmə hökmü çıxarılmışların, bir neçə dəfə ağır cinayət maddəsiylə uzunmüddətli cəza almışların saxlanıldığı “Qırmızı düşərgənin” rəisidi. Ora Morqlandın “lənət adası” deyirdilər.

Lənət adasındakı dustaqları güllələyəndən sonra cəsədləri yandırırdılar. Həmin vaxt Qırmızı düşərgədən yayılan tüstü buludları uzun müddət asimanda asılıb qalırdı. Ölümə məhkum olunmuşların növbəti məhkəməsi başlayırdı. Elə bil Tanrı göydə onları sorğu-sual eləyib sonra ruhlar aləminə qəbul eləyirdi. Bu gözyaşardıcı qoxunun vahiməsi təbiəti də ömürlük dustağa çevirmişdi. Ağaclar ölü, yarpaqlar dar ağacından asılan qurbanlar kimi boynubükük.

Dörd pivə qonaqlığından sonra Omman əmisini razı salacağına söz verdi. Sofi razı deyildi. Hətta dəfələrlə bu söhbət üstündə davaları olurdu.

Sənin ədəbiyyat sevgin mənə olan hisslərdən dəfələrlə güclüdü.

- Hə! Mən səni yazmaq üçün sevirəm. Səni sevirəm deyə yazmıram. Başa düşürsən? Seks ehtiyacımı ödəyirəm səninlə, yazmaq enerjim bərpa olunur. Əslində sən özün də bilmədən ədəbiyyata xidmət eləyirsən.

Sofi bu sözlərdən sonra təsəlli tapmış, hətta özünü vacib vasitə kimi hiss etmişdi.

Bir həftədən sonra Ka telefonun ayaqqabı dolabından səsini eşitdi, Omman idi:

- Razıdı, görüşmək istəyir. Əminsən? Elə hadisələr danışır ki, məncə düşün bir.

- Nə vaxt görüşürük? Hara gəlim?

- Sabah Portesid kafesində. 11:30-da.

Bu zəng hamiləliyinin son dəqiqələrində gücənməyə taqəti qalmamış qadına doğmaq üçün kömək eləyən həkim əlləri kimi Kanın içindən ümidsizliyi çəkib çıxardı.

Yağışlı havada Morqlandda torpaq iylənmiş ət qoxusu ifraz edir. Bu bəlkə də günahsız qurbanların qan qoxusudu. Sonra günəş çıxacaq, torpağa gömülmüş damcılar buxarlanacaq. Hər damcı özü boyda bir günahı asimana qaldıracaq. Külək bulud topalarının əlindən tutub Sen çayını keçirəcək, dünyanın şərqinə yola salacaq. İldırım səslərindən sonra buludlar qarınlarındakı günahları damcı-damcı qusmağa başlayacaq.

Ka yağış sularının gölməçə güzgülərindəki əksində özünü dünyanın ən böyük ədəbi hadisəsini yaradacaq dahi kimi görürdü.

Portesid kafesi Traundell meydanında ən məşhur kafelərdən biridi. Yazarların, rəssamların, küçə musiqiçilərinin ortaq nöqtələrindən biridir. Müştərilər bir-birlərini tanıyır, hər kəs rahatdı. Tərəddüd etmədən kimsə əlini çiyninə qoyub, icazəsiz siqaretindən götürüb , hansısa axmaq film haqqında fəlsəfi fikirlərini bölüşə bilər.

Ommanın əmisi İgi 45-50 yaşlarında, saçları arxaya daranmış, enlikürək, Braziliya seriallarının qəhrəmanlarını xatırladan tipdir. Adətən dustaqxana rəhbərlərini heç kim tanımır. Onları təhlükədən uzaq tutmaq üçün gizli saxlayırlar.

Mən real həyatda heç bir türmə rəisi tanımıram. Siz də yəqin ki, tanımırsız. Əgər atanız, əminiz deyilsə.

Omman çay sifariş verib, görüşün məqsədini bir daha şərh etdi. İgi siqareti elə çəkirdi ki, elə bil tüstü bığlarının arasından çıxırdı. Diqqətlə baxanda gözlərinin dərinliklərində “O qədər də pis adama oxşamır” fikri yaradacaq qəribə məsumluq hiss olunurdu. Səsi elə bil birbaşa qarın boşluğundan gəlirdi:

- İlk dəfədi sənətinə belə sevgiylə yanaşan yaradıcı insan görürəm. Bu sevindirir məni. Mən özüm də ədəbiyyatı sevirəm. Ciddi əsərlər var ki, bütün dini kiatablardan daha müqəddəsdi. Bir oğlan var dostunu bacısıyla yatdığına görə tikə- tikə doğrayıb, sonra ətini qaynadıb küçə itlərinə atıb. Bacısı həmin gün asıb özünü. Üç aydı cinayətkarı tapa bilmirik. Yəqin ki, ölkəni tərk eləyib. Onu səninlə əvəz etmək olar. Bir həftə sonra əslində sənin günahkar olmadığın sübut olunar, gedib əsərini tamamlayarsan. Məhkəmə qapalı olacaq. Birbaşa güllələnmə əmri verib içəri yollayacaqlar. Bu barədə üçümüzdən başqa heç kimin xəbəri yoxdur. Vicdanım şahiddi ki, bunu ədəbiyyat üçün edirəm...

Ümumilikdə 39 kameradan ibarət lənət adasında iki dəhliz var. Bir dəhliz ümumidi, sağında, solunda kameralar yerləşir. Bu ensiz dəhlizdə ölmüş siçan qoxusu var. Tavanda hörümçək torları, öləziyən sarımtıl işıq lampaları. Hansısa kameradan inilti eşidilir, hansısa kamerada nəzarətçilərin söyüşləri.

O biri dəhliz güllələnmə prosesini keçirmək üçün ayrılmış xüsusi korpusa aparır.

Ölüm yolu, sirat körpüsü.

Ümidlərini bu dəhlizin döşəmələrinə tökə-tökə gedən dustaqların sonuncu yolu.

Hər dustaq bu dəhlizi iki dəfə görür: kameraya gətiriləndə, öldürülməyə aparılanda. Birinci dəfə ölüm yoluna baxıb hələ tam ölməmiş ümid çöplərinə sarılır, ikinci dəfə kameraya gətirildiyi dəhlizə baxıb sonuncu ümidinin tabutuna çevrilir. Dustaq bu dəhlizin başlanğıcında ölür. Bu yol ən sonuncu yolun başlanğıcıdı...

Kameralar dörd nəfərlikdi. Qapının üzərindəki nəfəslik üç dəfə-yemək veriləndə-açılır. Tualet kameranın şimal küncündə yerləşir. Qapı yerinə pərdə asılıb. Hər dörd nəfər üçün altı litr su nəzərdə tutulur. Bu su ehtiyatı həm içmək üçün, həm də tualetdə istifadə üçündü. Su qurtarandan sonra qarnı ağrıyan dustağın işi çətinləşir, ya dözməlisən, ya da qapını döyüb nəzarətçilərə yalvarmalısan. Patrikin növbəsinə düşmək ölüm yolunda ölüm yaşamaq kimidi. Hər dəfə su üçün, siqaret üçün işi düşən dustaqlara məntiqi suallar verib, iyirmiyə qədər sayırdı. Cavabı tapmayanlar tualetdə təmizlənmək üçün ya paltarlarından, ya da döşəyin içindəki, güllələnməyə aparıldığını eşidən neçə dustağın həyəcan, qorxu tərini udub palçığa çevrilmiş yundan istifadə eləyirdilər.

Ölüm cəzası alan dustaqlara hər səhər bir ədəd yumurta, günorta qarabaşaq, axşam kartof soyutması verilirdi.

Kameradakı üç nəfərin heç biri Kaya əl verib görüşmədi. Sonuncu yol üstündə dustaqxana qaydalarına əməl eləyən dustağın içindəki ümidin səsidi bu. Heç kim inanmırdı güllələnəcəyinə. Hər an daha bir addım yaxınlaşan ölüm qorxusunun həyəcanı... Bu izaholunmazdı. Bir əsr yaşayan insana yüz bir yaşında filan ayın filan günü öləcəyini desən narahat olacaq, “Heç olmasa o ay yox, ondan sonrakı ay olsaydı”- fikirləşəcək. Əslində yaşlılar ağacları meyvələrindən nəvə-nəticələri bəhrələnsin deyə yox, özləri iki-üç il sonra həmin ağacın meyvəsini yesinlər deyə əkirlər. Ölüm dəhşətdi, ölümü gözləmək daha dəhşətli...

Biri hündürboy, eynəkli, keçəldi. Sol çiyninə “Azadlıq- cənnətdir” yazılıb. Bütün günü iki mərtəbəli çarpayının birinci mərtəbəsində saqqallı, arıq otaq yoldaşıyla domino oynayır. Arıq olanın saqqalı o qədər uzundu ki, elə bil saqqal onun yox, o saqqalındı. Dominodakı mərcləri heç biri dustaqxanaya aid deyil. Keçən dəfə hündürboy olan saqqalıya dedi ki, mən udsam, Barbarissodakı gözəlçələrdən birinə qonaq eləyəcəksən məni, amma mən seçəcəm qızı. Saqqalı razılaşmadı. Dedi ki, mənim xoşuma gələni seçdin bəlkə” Sonra hansısa ölkədə istirahət xərclərindən mərc gəldilər. Üçüncünün sol qolu yoxdu. Sağ əliylə olmayan qolunun yerini qaşıya-qaşıya üzü qapıya tərəf oturub hansısa klassik musiqi üstündə anasına lənət, qarğış edirdi. Bu qarğış musiqisi hər dəfə hündürboyun yumruqlarıyla kəsilirdi. Yaxşıca əzişdiriləndən sonra ikinci mərtəbəyə çıxıb səssiz-səssiz ağlayırdı .

Kamerada yeganə həyat əlaməti divarın küncündə cücərmiş otdu. Betonu deşib keçən ot torpağın üstündən baş götürüb qaçmaq istəyib yəqin, səhvən burdan çıxıb. O da ömürlük dustaqdı. Bir ot ömrü qədər dustaq. Saqqallı öz övladı kimi ona qulluq eləyir, oxşayır, oturub saatlarla danışırdı.

Məhkəmədən sonra birbaşa yoxlama otağına gətirilən Kanın üstündən alışqan, siqaret, qələm, qeyd kitabçası və Sofinin şəkli çıxmışdı.

Alışqandan başqa bütün əşyalarını qaytarmışdılar özünə.

İlk iki gün kamerada onu görmürdülər elə bil. Sakitcə müşahidələrini eləyir, qeydlərini aparırdı. Hər şey üçüncü gün oldu. İki gün çox rahat, sərbəst idi. Onsuz da bir həftə sonra çıxacaq, amma dünyanı silkələyəcək ədəbiyyat materialıyla.

Sofinin şəkli ikinci mərtəbədəki çarpayıdan-qeyd kitabçasının içindən yerə düşməsəydi, hər şey yaxşıydı əslində. Hündürboy, keçəl olan şəkli götürüb tumanının içinə atdı. Ka onun bir qolu enliyində olan bədəniylə nə qədər müqavimət göstərsə də, heç nə alınmadı. Əslində əlini salıb götürə bilərdi. Bu onun sonu olardı. Təsəvvür eləyirsən? Əlini hündürboyun tumanının altına salmalıdı, düz cinsiyyət orqanının yanına. Sonra kamerada tualet yerinə istifadə eləyərdilər onu, nəzarətçilər belə olanda qarışmırdılar. Onsuz da bu gün bir-birlərini öldürməsələr, sabah, ya da iki gün sonra güllələnəcəklər. Heç nə dəyişmir, əvəzində tamaşa izləyirdilər.

Ka sakitcə ikinci mərtəbəyə qalxdı. Məcbur razılaşdı. Məcburdu. Anasının şəkli olsun lap. Nə etmək olar? Gücün çatmır, susursan. Başqa yol yoxdu. Bu hələ harasıdı. Hündürboy şəkli çıxarıb diliylə yaladı, Kanın gözünün içinə baxa-baxa tumanını aşağı çəkdi, cinsiyyət orqanına sürtdü. Sonra masturbasiya eləməyə başladı.

İlk kamera travması... Əsəbindən dişlərini bir-birinə o qədər sıxmışdı ki, ağız boşluğuna qan dolmuşdu. Hündürboy işini qurtarandan sonra qorxulu filmlərdəki manyak obrazlar kimi gülməyə başladı və şəkli Kanın üstünə atdı.

Elə bil sevgilisini gözünün qabağında zorlayıb üstünə atmışdılar. Şəkli iki ovcunun arasına alıb, əllərini Sofini qucaqlayırmış kimi başının altına qoydu.

Üçüncü gün sol qolu olmayanı iki nəzarətçi apardı. Necə dəhşətli mənzərədi. Təsəvvür eləyirsən? İndi hər iki qoluyla müqavimət göstərirdi. Olmayan qolu da qalxırdı... Olmayan qoluyla sonuncu ümidi bərk-bərk tutub nəzarətçilərə vermək istəmirdi...

Linqstounun vaxtından çox gec torpaqdan çıxarılmış kartofa oxşayan burnu nəfəslikdə göründü. Ka onun səsinə oyandı:

- Professor, görüşünə gələn var, dedi.

Nəzarətçilər bütün günü kağız-qələmlə həşir-nəşir olan Kaya professor deyirdilər. Adətən lənət qapısında son günlərini yaşayanlarla görüşə icazə verilmirdi. Ka ağ köynəyini geyinib qapını döydü.

Heç kim bilməsə də, özü bilirdi ki, günahı yoxdu. Fikirləşirdi ki, Ommanın əmisi çağırıb. Son üç gün qalmışdı. Dəhlizin sonundan sağa dönüb, üzərində “Kənar şəxslərin girişi qadağandır” yazılan otağa daxil oldular. Linqstoun Kanın əllərini açıb otaqdan çıxdı. Bir dəqiqədən sonra qapıda uzun müddət görüşmədikləri Vemian göründü.

Morqlandda gənclərin sevimli yazarı, anderqraund ədəbiyyatın ən yaxşı qələm ustası Vemian əlindəki kitabı masanın üstünə qoyub, Kanı qucaqladı:

- Sən nə bildin mən burdayam?

- Ka, Omman dedi. Onun vəziyyəti heç yaxşı deyil. Son günlər heç kimlə görüşmür. Bilirsən ki, valideynlərini uşaq vaxtı itirib. Çox çətindi. İndi də əmisi... Ən doğma insanı...

- Nə danışırsan sən? Ola bilməz? Bu nə zarafatdı? Əvvəldən danış, tələsmədən.

- Ka, Ommanın əmisi İgi iki gün əvvəl maşın qəzasında...

- Həmin bu dustaqxanın rəisi, Ommanın əmisi İgi ölüb deyirsən?

- Hə.

Növbəti travma... Ən sonuncu ümidin öldüyü son...

- Ka, doğrusu mən gözləməzdim səndən bu cinayəti, elə bilirdim heç kimin yoxdu. Bütün yazılarını humanizmə, insanlıq notlarına kökləmiş adamın bacısını öldürməyi dəhşətə gətirdi məni. Əslində hamımızın içində vəhşi bir insan yatır. Başa düşürəm səni.

- Axmaq, sən nə danışırsan, bacım yoxdu mənim. Mən, mən sadəcə yeni romanı yazmaq üçün öz istəyimlə bura gəlmişəm. Əvvəldən danışılıb bu. Başın xarab olub sənin?

- Sənin əsəblərin korlanıb, dostum, sən bacını vəhşicəsinə öldürmüsən. Heç kim günahsız yerə bu lənətlənmiş xarabaya düşməz.

- Vemian, inan ki, doğru deyirəm. Mən necə kimisə öldürə bilərəm axı.

Ka qaranlıq tövlədə ilan görmüş bağlı ata oxşayırdı. Əllərini dizlərinə vurur, burun dəlikləri böyüyür, gözləri hədəqədən çıxmışdı.

Səs-küyə otağa daxil olan nəzarətçi Linqstoun Kanın əllərini tutub sakitləşdirməyə çalışırdı. Vemian gətirdiyi kitabı masadan götürdü:

- Yəqin oxumamısan, ikinci nəşr iki gün əvvəl vurulub. Burda olduğunu eşidib ikinci nəşrdə kitabı sənə ithafən yazdığımı qeyd elədim. Bir məhbusun son günündən bəhs eləyən psixoloji romandır. Bir aya bestseller olub, on mindən çox satılıb. Səni heç vaxt unutmayacam, əzizim .

Dəhlizi necə keçdiyini hiss eləmədi Ka. Beyni donmuşdu elə bil. Kameranın döşəməsinə çöküb tavana zilləndi.

On dəqiqə sonra qapını yumruqlamağa, qışqırmağa başladı. Hündürboy, keçəl olan onu sakitləşdirməyə çalışsa da heç nə alınmadı. Sofinin şəklini almağa gücü çatmayan Ka, hündürboyu bir əliylə itələyib yıxdı, yenə qışqırmağa, nəzarətçilərı söyməyə davam elədi.

Bu ölüm qorxusunun gücüdü. Bu yaşamaq sevgisinin gücüdü.

Beş dəqiqə sonra iki nəzarətçi kameraya daxil oldu. Linqstoun Kanın əllərini tutdu, o biri nəzarətçi rezin dəyənəklə budlarına vurmağa başladı. Sakitləşmək bilmirdi Ka. Günahsız olduğunu, İgidən roman yazmaq üçün bura düşməyini xahiş etdiyini, əslində heç kimi öldürmədiyini qışqırırdı. Sonra səsi batdı, dəyənək zərbələrinə dözməyib yerə çökdü. Nəzarətçilər sürüyə-sürüyə kameradan çıxartdılar onu. Birnəfərlik, özlərini yaxşı aparmayan dustaqlar üçün nəzərdə tutulmuş, zirzəmidə yerləşən otağa apardılar.

Bu otaq tabuta bənzəyirdi. Qəbiristan yolundakı tabuta. Ümidlərin çiynində ölüm yolçuluğu.

Dörd-beş metr hündürlüyü olan divarlardan yuxarıdakı kameraların tualet boruları keçir. Yaxşı ki, qaranlıq idi. Yoxsa, Ka borulardan sidiyin birbaşa otağın döşəməsinə axdığını görərdi. Burda həyatla yeganə əlaqə tavandakı domino daşı boyda dəlikdən süzülən işıq şüasıdı. Bu öləziyən işıq damcıları döşəməyə qədər gəlib çatmırdı. İki metr uzunu olan bu ensiz otaqda dörd metr hündürlükdən süzülən işıq şüasına sarılıb yaşamaq üçün nəfəs də tapır insan.

Səsi batsa da, içində hayqırırdı Ka. Öz- özünə “Mən günahkar deyiləm, mən qatil deyiləm” cümlələrini təkrarlayır, dişlərini dişlərinə sıxır, başını yumruqlayırdı. Sonra kamerada, divarın dibində cücərmiş ot göründü gözünə. Çiçək açmışdı bənövşəyi rəngdə. Sürətlə böyüyürdü. Sonra ot Sofiyə çevrildi. Saçları bənövşəyi çiçəklər, damarları budaqlar...

Kəpənəklər uçuşurdular Sofinin əllərində...

Sonra kəpənəyə çevrildi Ka. Sofinin əllərinə qondu.

Nəzarətçi Patrik qapını açanda Ka sidik gölməçəsinin içində çömbəlib tavandan süzülən işıq şüasını tutmağa çalışırdı. Əlləri havada uçuşur, gülümsəyirdi.

- Professor, sənə nə oldu birdən-birə. Bədbəxt, elə bilirsən dəli kimi ölsən cənnətə düşəcəksən?

- Mən, mənim... Patrik , mən günahsızam. Mən qatil deyiləm.

Kamerada heç kim yox idi. Divarın dibində cücərmiş ot da yoxa çıxmışdı.

- Sənin dostların özlərini yaxşı aparmadı, professor. Hündürboy saqqallını zorlamaq istəyib dünən. O da sənin qələmini götürüb soxub onun gözünə. Bütün otaq qan içindəydi. Biz gələndə çoxdan ölmüşdü. Bilirsən elə dünən əmr gəlmişdi ki, hündürboyun güllələnmək qərarı on beş illiklə əvəz olunsun. Saqqalını da apardılar o dünyaya yola salmağa.

Ka anlaqsız vəziyyətdə çarpayının üstünə çökdü. Sonra otağa kəpənəklər doluşdu. Səmada çuqun rəngli bulud topaları göründü. Sonra yağış yağmağa başladı. Yağış damcıları yerə düşdükcə döşəmədən bənövşəyi güllər çıxırdı. Sonra Sofi qırmızı güllü donuyla çəmənlikdə qaçmağa başladı. Kəpənəklər də onun dalınca uçuşur, getdikcə gözdən itirdilər. Sofi göyqurşağının üstünə çıxıb əlləriylə buludlara toxunurdu.

Patrik və Linqstoun hərəsi Kanın bir qoluna girib kameradan çıxardılar. Ka göyqurşağının üstündə, Sofinin ardınca gedirdi. Sofi bir bulud topasını ona tərəf itələdi, o da Sofiyə qaytardı. Sonra bulud topası dağıldı. İçindən kəpənəklər çıxıb Sofinin əllərinə qondular. Ka qırmızı rəngin üzərinə düşən günəş şüasından tutub yellənməyə başladı.

Sonra necə oldusa birdən-birə qaranlıq düşdü. Sofi buludların içində yoxa çıxdı.

Nəzarətçilər Kanın gözlərini qara parçayla bağlayıb sallaqxana qoxulu otağa saldılar.

Sofi Kanın başını sinəsinə sıxıb saçlarını oxşamağa başladı. Sonra güllə səsi eşidildi Sofinin çiyinlərinə qonan kəpənəklər uçub getdilər.

Sonra yenə qaranlıq düşdü.

Dustaqxana rəhbəri İgi əl çalmağa başladı. Ommanın səsi eşidildi.

- İndi romanı yaza bilərsən. Tezliklə bütün dünyaya səs salacağına inanıram. İgi əmi, səndən yaxşı ssenarist çıxar. Yaxşı düşünmüşdün.

Patrik gülləni Kanın sol çiyni üzərindən atmışdı.

Sofi Kanın gözlərindəki qara parçanı açdı.

- Ka, aç gözlərini, Ka, mənə bax, Kaaaaa!

- Nədi, yoxsa getmək istəmirsən evə, dostum? Xoşuna gəlib axı deyəsən bura?

- Omman, o, gözlərini açmır, lənətə gələsiniz, Omman, o kor olub. Omman... Ah, bədbəxt, bu da son. Bu da “Nağılın sonu nağılı...”!

# 2640 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #