Həftədə 49 saat ədəbiyyatla məşğulam

Həftədə 49 saat ədəbiyyatla məşğulam
25 aprel 2015
# 08:00

Kulis “Yeni ədəbiyyat” layihəsindən Mirmehdi Ağaoğlunun şair Ramil Əhmədlə söhbətini təqdim edir. Layihədə ədəbiyyata yeni gəlmiş istedadlı yazarlarla söhbətlər təqdim olunur.

- Kənardan adamayovuşmaz, özündənrazı görünürsən.

- Əslində ünsiyyəti, danışmağı sevirəm. Sadəcə yeni insanlarla münasibət qurmaqdan çəkinirəm. Düşünürəm ki, bu da çox vaxt utancaqlıqdan irəli gəlir.

- Şair elə olmaz axı. Şəhriyar del Geraninin tam əksisən.

- Selincer kimi ümumiyyətlə ünsiyyətə girməyən yazarlar olub. Şair-yazıçı belə olmalıdır, elə olmalıdır deyə qəti bir resept yoxdu.

- Səni heç məclislərdə də görmürəm.

- Ədəbi mühitdən bir az uzağam. Yazıçı-şairlərdən bir az uzaq qalmağa daha çox üstünlük verirəm.

- Niyə?

- Əvvəl məclislərə çağıranda gedirdim. Məclislərə getdikcə şairin, tənqidçinin başqalarının arxasınca qeybətlərini, eyni məsələlərdən təkrar-təkrar danışdığını eşidəndə bir az adamın gözündən düşür. Elə şair-yazıçılar var ki, onlar gözümdə adiləşməsin deyə maksimum dərəcədə uzaq qalıram.

- Sevdiyin şairlə məclisdə oturanda görürsən ki, o gözəl misraları yazan adam əslində maraqsız imiş.

- Mənə elə gəlir ki, yazıçı ilə ən yaxşı münasibət yazıçı-oxucu müstəvisində olandır. Kənardan, kitab vasitəsilə münasibət qursan yaxşıdır. Düzdür, elə şairlər, yazıçılar var ki, onlarla ünsiyyətdə olmaqdan zövq alıram, bir şərtlə ki, söhbətin sonu içki məclisi ilə bitməsin.

- İçki içmirsən ki?

- İçkiyə meylli deyiləm. Özümə qadağa da qoymamışam.

- İçməyən şair...

- Mənə həmişə deyirlər ki, bu qədər mülayim şair olar? Zarafata salıram ki, mən ağıllı şairəm. Mənə görə yazmaq nə ilhamdan, nə qadından, nə də içməkdən asılıdır. Heminqueyin məşhur sözü var: “Yazmağa üç şey kömək edir: pul, qadın, şöhrət. Üç şey də mane olur: pul, qadın, şöhrət”. Mənim üçün içkinin şairliyə o qədər də dəxli yoxdur. Bu, əslində sovet dövründən qalma klişedir. Guya ki, şair dağınıq olmalıdır, içki içməlidir, ətrafında qadınlar olmalıdır, ümumiyyətlə ayıq başla düşünməməlidir.

- Bir də oxumamalıdır...

- Ədəbiyyatda insan ciddi və peşəkardırsa o, özündən əvvəlki bütün mətnləri mütləq oxuyur. Düzdür, ilk vaxtlar kiminsə təsiri ilə və ya ilhamla yazırsan. Amma mən hələ heç bir peşəkar adamdan eşitməmişəm ki, ilham faktorunu şişirtsin. İlham çox mücərrəd, təsadüfü bir şeydir. Mən işini təsadüflərin ixtiyarına buraxan bir peşəkar tanımıram. Əsas məsələ zəhmətdir, qrafiklə, intizamla oturub işləmək lazımdır. Xüsusən də şair. Çünki müasir dövrdə şeirə tələbat o qədər azalıb ki, şair istər mövzu, istər forma baxımından oxucunu cəlb etməlidir. O, artıq içki və başqa şeyləri kənara qoyub mətn haqqında düşünməlidir. Nədənsə bizim şairlərimiz içki haqqında, qadın haqqında, sevgi haqqında düşünürlər, mətni ən axıra saxlayırlar.

- Belə fikir var ki, böyük əsərlərin yaranmasına səbəb travmadır.

- Travma ola da bilər, olmaya da bilər. Elə şeylər var ki, o adamı sarsıdır, ömür boyu onun təsirindən çıxa bilmirsən. Məncə, bu, ölçü deyil. Bəzi yazarlar var ki, ömrü boyu bu sarsıdıcı mövzuda yazırlar. Başqa nümunələr də var. Deyək ki, mənim müharibə şeirlərim var. Qarabağ müharibəsindən sonra doğulmuşam, nə güllə səsi eşitmişəm, nə tank görmüşəm. Amma mənim kitabımda əsas hissələrdən biri müharibə mövzusudur. Keçən il Nobel mükafatı alan Patrik Modiano da İkinci Dünya Müharibəsindən sonra doğulsa da əsərləri müharibə haqqındadır. Amma Remark, Henrix Böll kimi sırf müharibə içində yetişmiş yazıçılar da var.

Yazmaq təkcə o demək deyil ki, sən öz həyatını yazmalısan. “Zaman tuneli” kitabımda Çin qızının, Robinzon Kruzonun dilindən yazılmış şeir var. Yazmaq bir az da başqasına çevrilmək, başqasının gözləri ilə həyata baxa bilməkdir.

- Kitabda “Bir qadının gündəliyi” adlı silsilə də var.

- Bəli, ordakı şeirləri bir qadının dilindən yazmışam. Floberin belə bir sözü var: “Mən nə qədər fransızamsa, bir o qədər də çinliyəm”. Yazıçı olmaq itin, ağacın da dilindən danışmaqdır. Cek Londonun “Bəyaz diş”, Bulqakovun “İt ürəyi”, Pamukun “Mənim adım qırmızı” əsərlərini yada salaq. Yazıçının iki materialı var; bir - informasiya, bilgi, iki - təxəyyül.

- Deyəsən, bunu Pamukdan götürmüsən, son müsahibələrinin birində demişdi.

- Pamukda da var. Ondan əvvəl də bir başqa formada ifadə olunub. Praktika da göstərir ki, bəli, bu işin qaydası budur.

- Bilirəm ki, çox oxuyursan. Mənə elə gəlir hətta özün qrafik də tutmusan.

- Mənim iş qrafikim var. Həftə içi axşam ondan gecə üçə qədər ədəbiyyatla məşğul oluram. Bura yazmaq da daxildir, oxumaq da. Şənbə-bazar günləri 10-12 saat ədəbiyyatla məşğul oluram, xüsusilə həmin günlər film izləyirəm. Elə bir gün yoxdur ki, o gün kitab oxumayım. Hər axşam yatmamışdan qabaq mütləq bir şeir əzbərləyirəm. Yaddaşı inkişaf etdirməyin ən yaxşı yolundan biri də şeir əzbərləməkdir. Bu metodu Ekodan öyrənmişəm.

- Şeiri necə yazırsan?

- Bəzən ani bir partlayışdan şeir yaranır. Bəzən də bir mövzu haqqında düşünürəm, o mövzuda məndən əvvəl yazılmış şeirləri oxuyuram, analiz edirəm. Bəzən oxuduğum bir romanın ideyasını bir şeirdə ifadə eləməyə çalışıram. Misal üçün, fikirləşirəm ki, Remark müharibə mövzusunda 500 səhifəlik “Zəfər tağı”nı yazıb, görəsən mən 5 misrada bunu yaza bilərəm? Təbii ki, bunların arasında alınanı da var, alınmayanı da.

- Bir video hazırlamışdın. Orda Kutzenin “Maykl K.-nın həyatı və zəmanəsi” əsəri haqqında danışırdın. Bu ideya hardan yarandı? Mən belə videoları ən çox ruslarda görmüşəm, çəkib Youtube-a yerləşdirirlər.

- Bizim yazıçılar haqqında esseler, məqalələr yazmağımızın bir səbəbi var ki, onlar ölkəmizdə tanınsın, oxunsun. Heç yazılara görə aldığımız qonorar o kitabların pulu eləmir. Video ideyası da ondan doğdu. Elə şeylər var ki, onu yazmaqla çatdırmaq olmur və yaxud əksinə. Mən də o məqsədlə bu cür video hazırladım.

- “Zaman Tuneli” ilk kitabındır?

- Bəli.

- Nəsr kitabı yazmaq istəmirsən?

- Əslində birinci kursa oxuyanda yazdığım 15-20 hekayəm var. Düzdür, içlərində yaxşıları da var, redaktə edib jurnala, qəzetə göndərmək olar. Amma bunlara hazırlıq mərhələ kimi baxıram. Hələlik özümü iki janrda ifadə edirəm: şeir və esse. Bəlkə də, gələcəkdə bunların arasına hekayə və roman da daxil oldu.

- Sevdiyin yazıçılar kimlərdi?

- Dünyada?

- Dünyada və Azərbaycanda.

- Sevdiyim yazarlar azdır, sevdiyim kitablar çoxdur. Məsələn, Pamukun bütün romanlarını sevmirəm. Demək, mənim sevimli yazıçım deyil. Amma Kalvinonun bütün yaradıcılığını sevirəm. Deyim ki, Orxan Pamukdan öyrəniləsi çox şey var. Azərbaycanda da öyrəniləsi yazıçılar var. Mən bu zamana duruş gətirəcək, yeniliklərlə səsləşən kitabları aşağı-yuxarı həmyaşıd olduğumuz yazıçılardan gözləyirəm. Deyim ki, pis əsərlərdən də öyrənmək mümkündür, ən azı onlar necə yazmamağın daha bir yolunu öyrədirlər. Klassikləri bir kənara qoysaq, son 30 ildə yazılan əsərlər içində ən çox sevdiyim Yusif Səmədoğlunun "Qətl günü" romanıdır.

- Tutalım 60-cılardan götürək - Anar. Onun haqqında bir esse də yazmışdın.

- “Beşmərtəbəli evin altıncı mərtəbəsi” və “Dantenin yubileyi” xoşuma gəlir. Bir məsələni deyim, mən əsəri oxuyanda yazıldığı dövrü nəzərə alıram. Məsələn, Dostoyevskini bu günün gözü ilə oxusam çox hissəni ataram. Dostoyevsikinin hər cümləsini şişirtmək olmaz. “İdiot”un 300 səhifəsini rahatlıqla silib atmaq olar. Çünki o zamanlar kino da romanın içində idi. Kinonun kəşfindən sonra uzun təsvirlər sıradan çıxdı. İkincisi, işin bir də kommersiya tərəfi vardı. Kitabın həcmi çox olanda qonarar da artıq olurdu.

Mənə görə, "İdiot" "Don Kixot"un uğursuz imitasiyasıdır. "Karamazov qardaşları", "Cinayət və cəza" sevdiyim əsərlərdir. Bu romanlarda xoşuma gələn Dostoyevskinin romançılığı yox, dərin psixologizmi, metafizikası, ifadə etdiyi böyük mənalardır. İnsan ruhunu duymaq baxımından Dostoyevskinin əvəzi yoxdur. Ancaq təxminən yeddi yüz səhifəlik "İdiot" romanında məkan dəyişikliyinə, dialoqlara fikir verəndə, görürsən ki, bu bir romançının yox, dramaturq düşüncəsinin məhsuludur. Dostoyevskiyə nə Kundera kimi sərt yanaşmağın, nə də Nabokov qədər amansız olmağın tərəfdarıyam. Ancaq onların dediklərində də həqiqət payı az deyil.

- Səni Qismətlə müqayisə etmək olar. Çox oxşayırsız. Davranış, şiddətli mütaliə arzusu, bundan başqa poeziyada eksperimental cəhdlər. Bəs sən kimlərin təsirini üzərində hiss edirsən?

- "Kitabçı" jurnalının əməkdaşları yeni nömrədə yazılacaq yazıları müzakirə etmək üçün bir araya gəlirdi. Qismətlə əyani tanışlığımız o zaman başladı. Bir dəfə Vaqif Səmədoğlunun dəfnindən, bir dəfə də Cəlil Cavanşirin kitab təqdimatından sonra bir yerdə oturub söhbət etmişik. Az-az görüşdüyümüz üçün xarakter baxımından bilmirəm, amma dünyagörüşü, estetika baxımından özümə ən yaxın bildiyim yazarlardan biridir. Mənə görə, XXI əsrdə, yəni son on beş ildə ədəbiyyata gələn ən maraqlı şair Qismətdir. İkincisi isə, Aqşin Yenisey. Onu da deyim ki, Aqşinin "Sizin eradan əvvəl" kitabındakı şeirləri çox yaxşıdı. Ondan sonrakı şeir kitabı, romanı isə çox zəif idi.

- Kitabında bir silsilə var: Freyd, Flober, Adəm, Robinzon Kruzo, Volter, Vaqif Bayatlı şeirləri və sonra da Ramil Əhməd şeiri. Özünü onlarla bir sıraya qoymaq hansı ehtiyacdan doğdu?

- Bu özünü onlarla eyni sıraya qoymaq deyil. “Ramil Əhməd” şeiri daha çox ironik laddadır. Mən o silsilədən ən birinci “Floberin şeiri”ni yazmışdım. Sonra fikirləşdim ki, bəzi yazarların, personajların ideyasından çıxış edərək onlara əks mövqedə, bir az da ironya qataraq şeir yaza bilərəmmi? Beləcə, yazmağa başladım, ən sonda isə məntiqli olaraq “Ramil Əhməd” şeiri gəlməli idi. Bəlkə də, ironyaların ən gözəli, avtoironiyadır.

# 1218 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #