Kafkanın meymunu insana çevirməyi

Kafkanın meymunu insana çevirməyi
31 oktyabr 2013
# 11:54

Kulis.az məşhur yazıçı Frans Kafkanın “Akademiya üçün hesabat” hekayəsini təqdim edir.

Hörmətli cənab akademiklər!

Hələ meymun ikən keçdiyim həyat yoluyla bağlı Akademiya üçün hesabat məruzəsi hazırlamağı təklif etməklə mənə böyük şərəf verdiniz.

Təəssüflər olsun ki, bu ricanızı təmin etməm indi imkansızdır. Son beş ildə mən bir meymun kimi öz həyat tərzimdən tamamilə qopmuşam. Əbədiyyətlə müqayisədə bu müddət xeyli qısa görünsə də, məndən ötrü sonsuz və uzundur. Bəxtim onda gətirdi ki, bu yolda mənə dəyərli məsləhətlər verən, məni alqışlayan gözəl insanlarla rastlaşdım. Buna rəğmən, həmişə yalqızlığa məhkum idim, orkestrlərin qopartdığı hay-küyün, gurultunun fonunda irəliləsəm də, mənə dəstək verən insanlar bir mənada baryerin o biri üzündə qalırdılar. Əgər öz keçmişimdən, gəncliyimlə bağlı yaşantılardan dördəlli yapışsaydım, o halda belə bir uğur qazanmam mümkün olmazdı. Bu məsələdə inad sərgiləməyi özümə başlıca prinsip seçdiyimdən məqsədimə çata bildim. Hər vəchlə azadlığa can atdığım üçün xeyli əziyyətlərə qatlaşdım. Buna görə də o dövrlə bağlı xatirələrim zaman keçdikcə solğunlaşmağa başladı. Əgər insanlar bunu arzulasaydılar, mən geriyə, öz əvvəlki həyat tərzimə bəlkə də asanlıqla dönə, qayıda bilərdim, çünki oraya açılan qapılar bir müddət örtülməmişdi. Ancaq onlar məni mədəni olmağa daha çox ruhlandırdıqca və mən bu işdə daha böyük uğurlar qazanmaqla, insan toplumunda özümü daha rahat və arxayın hiss etdikcə, keçmişə açılan o qapı bir o qədər alçalır və daralırdı.

Məni öz keçmişimdən qoparan fırtına çoxdan yatıb və indi mən sadəcə dabanlarımı yalayan xoş bir mehin həzzinə dalmışam. Bu sərin mehin əsdiyi dəlikdən vaxtilə mən özüm bu biri tərəfə keçmişdim və aradan ötən müddətdə o, xeyli dərəcədə kiçilib. Hətta əgər indi mən ona qədər getmək üçün özümdə güc və cürət hiss eləsəydim belə, onun o biri üzünə keçməkdən ötrü tamamilə dəridən-qabıqdan çıxmalıydım. Hər şeyi öz adıyla çağırmaqla – halbuki mövcud şərtlərdə alleqoriyalardan yararlanmaq daha uyğun sayılardı – bəli, hər şeyi öz adıyla çağırmaqla mən sizə bildirməliyəm ki, cənablar, əgər sizdə də meymun xislətindən nə isə bir nişanə qalıbsa, inanın ki, o da, elə mənimki qədər çox-çox dərinlərə gömülübdür. Balaca bir şimpanzedən tutmuş ta nəhəng Axillesə qədər ölümə məhkum bütün varlıqlar öz meymunvarı keçmişlərindən vaxtaşırı əsən mehin topuqlarını necə qıdıqladığından hələ də xoşhallanmaqdadırlar.

Bütün bunlarla yanaşı, cənablar, Akademiyanın mənə ünvanladığı suala böyük məmnuniyyətlə və qismən cavab verə bilərəm. İlk öyrəndiyim hərəkət – əl görüşmək olub və o, səmimiyyətin simvolu sayılır. Vaxtilə öyrəndiyim əl görüşmə jestinə mən indi, şöhrətimin zirvəsində ikən öz səmimi etirafımı da əlavə etmək istərdim. Akademiya üçün bu, sözün həqiqi mənasında və çox yəqin ki, yeni bir şey sayılmaz, çünki, cənablar, verəcəyim açıqlamalar məndən umduğunuzdan xeyli dərəcədə fərqlənəcək və mən hətta istəsəm də, hər şeyi olduğu kimi sizlərə açıb deyə bilmərəm. Ancaq yenə də bu hesabatım sayəsində siz hansısa meymunun insan toplumunun bir üzvünə çevrilməsinin və orada özünü təsdiqləməsinin əsas mahiyyətini sezə biləcəksiniz. Bəlkə də özümdən əmin olmasaydım və mədəni dünyanın bütün iri varyete səhnələrində böyük şöhrət qazanmasaydım, bəzi əhəmiyyətsiz etiraflara gərək də duymazdım.

Mən əslən Qızıl sahıldənəm. Necə ovlandığım barədə isə sonralar ondan-bundan öyrənmişəm. Bir axşam «Qagenbek» firmasının xüsusi ekspedisiyası sahildəki kolluqda pusquya yatıbmış. (Onu da deyim ki, bu firmanın rəhbəriylə sonralar mən bir neçə şüşə əla növ qırmızı şərab gillətmişəm). Bu vaxt bir dəstə meymun su içmək üçün sahilə enir və mən də onların arasındaymışam. Açılan atəşlərdən ikisi təsadüfən mənə tuş gəlir.

Yanağıma dəyən güllənin yarası xəfif idi, xeyli iri və qırmızı rəngdə olduğu üçün aşkar sezilən bu yara izinə görə mənə heç nəylə səsləşməyən və buna görə də zəndi-zəhləmi tökən «Qırmızı Peter» ayaması taxdılar ki, əslində bu da bir meymun uydurmasından başqa bir şey sayılmaz. Belə çıxır ki, bu yaxınlarda gəbərən, özünə kifayət qədər pərəstişkar qazanan «Peter» ləqəbli, əhliləşmiş meymun ilə mənim aramdakı yeganə fərq yanağımdakı bu qırmızı çapıq imiş. Əlbəttə, bütün bunları sizə sözarası çatdırıram.

İkinci güllə isə budumun aşağı qisminə dəymişdi. Bu yara nisbətən ağır olduğundan hələ də yüngülvarı axsayıram. Barəmdə hər cür hap-gop yayan yüzlərlə qəzet cızma-qaraçısından birinin bu yaxınlarda çap olunan məqaləsində aşağıdakıları oxudum: guya mənim meymun xislətim hələ də özünü nələrdəsə büruzə verirmiş, bunun bariz sübutu isə dərimdəki yara izini göstərməkdən ötrü başıma toplaşan seyrçilərin qabağında heç bir xəcalət hissi duymadan şalvarımı soyunmağım imiş. Mən də: «Bu sətirləri yazan kəsin bütün barmaqları birbəbir qurusun!» - deyirəm.

Bəli, mən istənilən adamın qabağında şalvarımı utanıb-çəkinmədən soyuna bilərəm, ancaq bu zaman oradakılar vaxtilə mənə həyasızcasına – bu halda mən «həyasızcasına» sözünü işlətməyi özümə rəva görsəm də, bunun başqa yerə yozulmasını istəməzdim - hə, hə, məhz həyasızcasına atılan güllənin yerində baxımlı meymun xəzindən və yara izindən başqa heç nə görə bilmirlər. Mənim hər şeyim ortadadır, gizlədiləsi heç nəyim yoxdur. Bir də həqiqəti araşdırmaq istəyən, geniş dünyagörüşünə malik hər düşünən varlıq bütün hallarda əxlaq qaydalarından əsla kənara çıxmamalıdır. Əlbəttə, əgər bu sözügedən yazı sahibi başqalarının yanında özü şalvarını çıxartsaydı, o halda tamamilə fərqli vəziyyət yaranardı. Bunu etməməyini isə şəxsən mən onun sağlam düşüncəsiylə izah edirəm. Ona görə də qoy o, ən azından durub başqalarına ədəb-ərkan dərsi verməsin!

Yaralanandan sonra huşum başıma gələndə «Qagenbek» şirkətinə məxsus gəminin orta göyərtəsindəki qəfəsdə olduğumu öyrəndim və şəxsi xatirələrim də məhz elə ondan sonrakı dövrdən üzü bəri formalaşıb. İçində bulunduğum qəfəs adi sayılmazdı, çünki onun üç tərəfi barmaqlıqlardan ibarət olsa da, dördüncü tərəf taxta bir sandığın divarını xatırladırdı və taxta lövhələrlə kip döşənmişdi. Qəfəs o dərəcədə alçaq idi ki, orada qəddimi dikəldə bilmirdim, dar olması isə oturmağıma imkan vermirdi. Ona görə də ayaqlarımı altıma yığıb, dizlərim və dirsəklərim üstə dayanmağa məcbur idim. Dizlərimi elə hey titrəmə tuturdu. Görünür, həmin günlər mən o qaranlıq guşədə oturmağı kiminsə üzünü görməkdən daha üstün bilirmişəm: üzümü qəfəsin taxta divarına söykəyib oturduğumdan yan divarların dəmir çubuqları belimi yağır eləmişdi. Ovlanan vəhşi heyvanların yuxarıda təsvir olunan biçimdə saxlanılması ən uyğun üsul sayılır. Başıma gələnləri saf-çürük edərkən mən insanların məhz belə düşündüyündən tam əmin oluram.

Ancaq o vaxt mən bu barədə heç nə düşünmürdüm. Həyatımda ilk dəfəydi ki, düşdüyüm durumdan çıxış yolu, həm də birbaşa çıxış yolu tapmaqda acizlik çəkirdim: qarşımda taxta sandığın divarı vardı və onun taxtaları bir-birinə nəyi var sıxılmışdı. Düzdür, az sonra mən bu divarda bir dəlik tapdım, hətta bu tapıntı anında ağlımın o vaxtkı dayazlığı gərəyi sevinc qıyyası da çəkdim. Ancaq o dəlik elə dar idi ki, oradan heç quyruğum da keçməzdi və onu genişlətmək üçün mənim gücüm-qüvvətim heç bir işə yaramazdı. Sonralar öyrəndiyimə görə, o vaxt mən özümü xeyli sakit aparırmışam. Belə qənaətə gəliblərmiş ki, bu gedişlə ya mən tezliklə canımı tapşıracağam, ya da – əgər bu sıxıntılı dönəmi başa vura bilsəm – asanlıqla əhliləşəcəyəm. İndi məlum olur ki, mən o dövrü mətanətlə başa vurubmuşam…

Həyatımın sonrakı və yeni mərhələsində qaşqabaqla dişlərimi qıcayıb, üz-gözümü qırışdırırmışam, elə hey birə axtarır, çarəsizlik içində qarşımdakı kokosları yalayırmışam. Birisinin yanıma yanaşdığını görcək, başımı taxta divara çırparaq, ona dişlərimi qıcayırmışam. Nə ilə baş qatıramsa-qatım, o vaxt varlığıma yalnız bir niyyət hakim kəsilmişdi: çıxış yolum yoxdur!

Aydın məsələdir ki, mən o zaman, yəni hələ bir meymun ikən, yaşadıqlarımı yalnız indi insan dilində ifadə etməyə qadirəm. Bu isə o deməkdir ki, indiki açıqlamalarım çox da dəqiq sayılmaz, çünki vaxtilə sahib olduğum meymun məntiqiylə üzülüşdüyüm üçün təkrar ona yiyələnməm çətinləşibdir, ancaq bütün hallarda əvvəlki səviyyəmdən sən deyən uzaqlaşmamışam və buna zərrəcə şübhə bəslənə bilməz. Əgər o vaxta kimi qarşımda istənilən qədər çıxış yolu vardısa, o durumda bunların sayı sıfıra enmişdi. Girdiyim qaranlıq dalanın bir küncünə elə sıxılmışdım ki, hətta durub məni orada divara mismarlasaydılar belə, vəziyyətim daha betər olan deyildi. Amma niyə? Hətta ayaq barmaqlarım qanayana qədər divarı döyəcləsəydim də, heç nəyə nail olmayacaqdım. Kürəyimi var gücümlə, yəni bədənimi iki hissəyə böləcək şəkildə, qəfəsin çubuqlarına dirəyib, gücənsəydim də, bütün səylərim boşa çıxacaqdı.

Anlayırdım ki, çıxış yolum yoxdur, ancaq hər vəchlə onu tapmalıydım, əks halda, yaşamamın bir mənası qalmayacaqdı. Bütün qalan ömrümü o taxta divarın önündə bu cür, məlul-məğmun otursaydım, tezliklə bağrım çatlayardı, vallah. Qagenbek isə əmin idi ki, meymun məhz üzü taxta divara oturmalıdır… Elə buna görə də mən meymun olmaqdan vaz keçdim! Meymunlar adətən qarınlarıyla düşünürlər, mən də öz qarnım sayəsində bu dəqiq və məntiqi nəticəyə gəlməyi başardım.

«Çıxış yolu» deyərkən, düzü, məni yanlış anlamanızdan da bir az ehtiyatlanıram. Bu ifadəni mən onun birbaşa və ilkin mənasında işlədirəm. Həm də bilərəkdən azadlıqdan söz etmirəm. Sərhədsiz azadlıq duyğusunu və hər xüsusda azadlıq duyğusunu bir kənara qoyuram. Çox yəqin ki, o duyğunu mən hələ meymun ikən dadmışdım. Sonralar mən azadlığa can atan insanlara da rast gəldim. Halbuki mən nə onda özüm üçün azadlıq tələb edirdim, nə də indi. Yeri gəlmişkən, çox vaxt insanlar bu sözlə özlərini aldatmağa çalışırlar. Azadlığı ən əlyetməz duyğulardan biri saydıqlarından onunla bağlı yalan da insanlara əlçatmaz görünür.

Varyete səhnəsindəki çıxışlarımdan öncə adətən mən sirk günbəzinin altında asılan trapesiyalarda cürbəcür hoqqalar çıxaran cütlüklərə göz qoyurdum. Onlar gah havada ora-bura yellənir, gah yuxarılara sıçrayır, gah bir-birinin ağuşuna atılırdılar. Gah da biri saçlarıyla digərinin dişlərindən sallanıb qalırdı. Öz-özlüyümdə düşünürdüm: «İnsanlar, bax, bunu da azadlıq adlandırırlar, həm də hərəkət azadlığı!» Bəyəm ana təbiətə qarşı da belə sayğısızlıq olar?! Əgər insanlar özlərinin bu «azadlıqlarını» meymunlar qarşısında sərgiləməyə qalxsaydılar, hər halda onların dəli qəhqəhələrindən bu sirkin divarları uçub-dağılardı.

Yox, mən azadlıq-filan ummurdum. Sadəcə, çıxış yolu axtarırdım və bunun heç fərqi yox idi - sağa, sola, yoxsa istənilən yönə. Başqa heç bir tələb irəli sürmürdüm. Hətta tapacağım çıxış yolu da qoy lap başaldadan olsun – qəbulum idi. Bu arzu bütün varlığıma necə hakim kəsilmişdisə, ağ yalana da göz yummağa hazır idim. Mən yalnız və yalnız irəliyə getməliydim! Yetər ki, pəncələrim göydə qalmasın, yetər ki, özümü taxta divara qısnanmış saymayım. İndi mən aşkar anlayıram ki, içimdə sarsılmaz tarazlıq duyğusu olmasaydı, mən o qəfəsdən heç vaxt qurtula bilməyəcəkdim!

Həqiqətən də, o gəmidə keçirdiyim bir neçə gün ərzində özümə aşıladığım tarazlıq hissinə mən, yəqin ki, sonralar nail olduğum hər şeyi borcluyam. Bu duyğunu isə mənə ətrafımdakı insanlar aşılamışdılar. Hər şeyə rəğmən, onlar yaxşı insanlar idilər. Onların çəkmələrinin taqqıltısının mürgüləməyə çalışan beynimdə necə əks-səda verdiyini, mənə necə ehtiyatla yanaşmalarını elə indinin özündə də yerli-yataqlı xatırlayıram. Gördükləri hər işdə onlar xeyli ləng tərpənirdilər. Bəzən birisi gözlərini eşmək üçün əlini elə ağır-ağır qaldırırdı ki, deyərdin qolundan neçə pud daş asılıb.

Zarafatları qaba görünsə də, onların səmimi olduqlarına şübhə yox idi. Bəzən gülüşləri öskürəklə əvəz olunurdu, hərçənd bu, hər hansı mənaya gəlmirdi. Vaxtaşırı tüpürməyə ehtiyac duyurdular və hara gəldi tüpürürdülər. Mənim ucbatımdan taxtabitilərdən əziyyət çəkirdilər və elə hey bundan şikayətlənirdilər. Düzdür, buna görə heç vaxt mənə qəzəbləri tutmazdı. Meymunların xəzində taxtabiti olduğunu və bu həşəratların daim ora-bura hoppandıqlarını bu adamlar yaxşıca qavramışdılar. İstəsələr də, istəməsələr də, bununla hesablaşmalıydılar. Boş vaxtlarında onlardan bir neçəsi qəfəsimin qabağında yarımdairə boyu və adətən lal-dinməz oturardı. Hərdənbir dodaqaltı nə isə mızıldanar, bəzən isə yeşiklərin üzərində yayxanıb, qəlyanlarını tüstülədərdilər. Elə ki yerimdə azca qurcalanırdım, onlar tez öz baldırlarına şapalaq ilişdirirdilər. Bəzən isə aralarından birisi əlinə bir çubuq alıb, ən həssas yerimi qıdıqlayardı. Əgər günü bu gün mənə gəmidə səyahət təklif olunsaydı, mən heç şübhəsiz, bundan imtina edərdim. Ancaq onu da etiraf etməyi özümə borc bilirəm ki, həmin o gəmi ilə bağlı könlümdə sadəcə naxoş xatirələr qalmayıb.

Gəmi heyətinin mənə aşıladığı etimad hissi sayəsində qaçmağa hər hansı cəhd göstərmədim. Keçmişə nəzər saldıqca bir məqamı da etiraf etməyə məcburam: hələ onda mən hiss edirdim ki, bəli, sadəcə hiss edirdim ki, - əgər mən diri qalmağı umuramsa, mütləq bir çıxış yolu tapmalıyam və bu çıxış əsla qəfəsdən qaçışla bağlı olmamalıdır. Qaçmamın nə dərəcədə baş tutub-tutmayacağını onda bilmirdim, ancaq istəsəydim, bunu da bacarardım. Belə məsələlərdə meymunun əlindən gəlməyəcək iş yoxdur.

İndi dişlərim o dərəcədə zəifləyib ki, adicə qozu qıranda da ehtiyatlanıram. Onda isə mən gec-tez qəfəsin qapısındakı kilidi gəmirib sındırmaq iqtidarındaydım. Ancaq bunu etmədim. Bununla nəyə nail olacaqdım, axı?! Elə başımı bayıra çıxaran kimi məni tutub, başqa və əvvəlkindən də betər qəfəsə salacaqdılar da. Əgər diqqəti çəkmədən digər əsirlərin – məsələn, nəhəng ilanların saxlandığı bir qəfəsə soxulsaydım, o halda da onların əlində öləcəkdim! Deyək ki, gözdən-nəzərdən yayınmaqla, lap elə üst göyərtəyə çıxdım və özümü dalğaların qoynuna atdım: bir müddət okeanın üzündə qalmağı bacarsam belə, gec-tez sularda qərq olacaqdım. Bütün bu cəhdlər bəri başdan uğursuzluğa düçar idi! Əlbəttə, o zaman mən insan kimi mühakimə yürütməyi bacarmırdım. Bununla belə, ətrafımdakıların təsiri altında elə davranırdım ki, guya buna qadirəm.

Hə-ə, mən mühakimə yürütməsəm də, qəribə soyuqqanlılıqla hər şeyə göz qoyurdum. Böyrümdən keçib, ora-bura gedən insanları süzürdüm. Onların üzləri də, hərəkətləri də eyni idi. Çox vaxt onların eyni adam olduğunu da sanırdım. Həmin o adamın – və ya adamların – hərəkətinə hər hansı maneə yox idi. Beləcə, qarşımda böyük bir hədəf zühur elədi. Onlar kimi olacağım təqdirdə bu qəfəsdən buraxılacağımı hələlik heç kəs mənə vəd eləməmişdi. İcrası bəri başdan imkansız görünən vədlər vermənin nə mənası vardı, axı?! Yetər ki, sən məqsədinə çat, o halda vədləri sənə köhnə tarixlə də verərlər, hərçənd belədə sən öz ümidlərini onlara bağlaya bilməzsən…

Aralarında bulunduğum o insanların həyat tərzi üçün çox da gözüm atmırdı. Əgər mən bayaq dediyim sırf azadlığa düşkün birisi olsaydım, onda o qaşqabaqlı insanların gözlərindən oxunan çıxış yolunu seçməkdənsə, özümü okeana atmağı daha uyğun sayardım. Bənzər şeylər barədə düşüncələrə dalmazdan öncə mən hər halda insan davranışlarına uzun-uzadı göz qoymağı uyğun bilmişdim. Üst-üstə qalaqlanan bütün o müşahidələr məni bəlli bir yola təhrik etmişdi.

İnsanları yamsılamaq necə də asan idi. Elə ilk günlərdən mən onlardan tüpürməyi öyrəndim. İnsanlar mənim üzümə tüpürürdülər, mən isə onlarınkına. Aramızdakı yeganə fərq ondan ibarət idi ki, mən öz üzümü yalaya bilirdim, onlar isə yox. Az sonra mən matros kimi qəlyan tüstülətməyi də öyrəndim: elə ki qəlyandakı tütünü baş barmağımla basırdım, göyərtədə hər kəs sevincdən dəli kimi çığırışırdı. Ancaq mən dolu və boş qəlyanlar arasındakı fərqi uzun müddət, həm də heç cür dərk edə bilmədim.

Araq içməyə başlamam çox çətin oldu, çünki spirtin iyi burnuma vuranda başım çatlayırdı. Özümü əbəs yerə buna alışdırmağa can atırmışam, aradan bir neçə həftə keçməmiş içkiyə də alışdım. Maraqlı cəhət də o idi ki, arağa öyrəşmək üçün apardığım daxili mücadiləni çevrəmdəki insanlar ciddi, hətta ətrafdakı bütün digər şeylərdən daha ciddi məsələ kimi qəbul edirdilər.

İndi mən keçmiş barədə düşünəndə çevrəmdəki insanların heç birinin üzünü xatirimdə canlandıra bilmirəm. Ancaq yadımdadır ki, onlardan birisi həm Allahın ver günü, həm də gecə-gündüz demədən, bəzən tək, bəzən isə yanı yoldaşlı qəfəsimə yanaşır, içki içməyin təhərini əyani şəkildə mənə göstərirdi. Onun gözündə anlaşılmaz bir məxluq sayıldığımdan hər vəchlə məni anlamağa can atırdı. Bu müəllimim gözümün önündə butulkanın ağzını ağır-ağır açandan sonra məni zənlə süzürdü – bu yolla o, mənim bu işi qavrayıb-qavramadığımı öyrənmək istəyirdi. Etiraf edim ki, mən də nəfəsimi içimə çəkib, onu izləyirdim, çünki o, öz hərəkətləriylə məni tilsimləyirdi. Yer kürəsindəki heç bir müəllim özünə mənim qədər çalışqan şagird tapa bilməzdi.

Açdığı butulkanı ağzına aparanda gözlərimi zilləməklə onun hər hərəkətini izləyirdim. Bu yerdə o, razılıqla başını tərpədir, içki şüşəsini dodaqlarına dirəyirdi. Həmin an mən gözlərimin yavaş-yavaş açıldığının fərqinə varır, sevincdən ciyildəyərək, tələsik ora-buramı qaşıyırdım. Özündən məmnun görünən müəllimim butulkanı ağzından ayırmadan ilk qurtumu alırdı. O dəm mən həyati biliklərə yiyələnərkən yaşadığım çarəsizliyin və səbirsizliyin təsiriylə qəfəsin döşəməsini kirlədirdim. Bu məqam müəllimimə görünməmiş həzz bəxş edirdi. O, butulkanı tutan qolunu əvvəlcə yana açır, sonra ildırım sürətiylə təkrar ağzına yaxınlaşdırırdı. Başını geriyə əyməklə, içkini qurtaqurtla içirdi. Həm də bu vərdişi yaxşı mənimsəyim deyə, ağır-ağır içirdi. Gördüklərimdən sarsıldığım üçün mən qəfəsin dəmir çubuqlarından sallana qalırdım, o isə dərsin nəzəri hissəsini bitirdiyindən qarnını qaşıyaraq, bic-bic qımışırdı.

Bunun ardınca biz praktik məşğələlərə başlayırdıq. Soruşacaqsınız ki, nəzəri dərslər məni yormurdu ki? Əlbəttə ki, çox yorurdu. Amma nə etmək olar?! Yəqin alın yazımda bu da varmış. Hər şeyə rəğmən, mən var gücümlə çalışırdım. Müəllimimin mənə uzatdığı şüşəni alıb, titrək əllərlə onun ağzını açırdım. Qazandığım uğur mənə əsl qol-qanad verirdi. Sonra butulkanı qaldırırdım – bu mərhələdə mənim hərəkətlərim müəlliminkindən çox az fərqlənirdi – ağzıma yaxınlaşdırandan sonra… onu iyrənərək bir kənara tullayırdım: bəli, iyrənirdim, halbuki şüşə boş idi və sadəcə içindən burnuma araq qoxusu vururdu. Bu uğursuzluq müəllimimdən çox məni məyus edirdi. Hətta butulkanı bir kənara atandan sonra mən özümə xas səriştəylə qarnımı qaşısam da, bununla müəllimimin könlünü ala bilmirdim.

Təkrar məşğələlərə davam edirdik. Müəllimimin yaxşı cəhəti o idi ki, heç vaxt mənə acığı tutmazdı. Düzdür, hərdənbir yanan qəlyanıyla məni dümsükləyirdi və bunu o vaxta qədər edirdi ki, bədənimin əlim yetməyən qismindəki xəz ütülməyə başlayırdı. Vəziyyəti belə görəndə, o, öz qaba əliylə tüstüləyən xəzi söndürürdü. Heç vaxt mənə acığı tutmurdu, çünki o da başa düşürdü ki, bizim ortaq düşmənimiz – mənim meymun xislətimdir və onunla mübarizədə ən ağır yük məhz mənim çiyinlərimə düşür.

Qazandığımız qələbəyə isə hər ikimiz sevinirdik! Gözəl axşamların birində başımıza xeyli adam toplanmışdı. Hər halda o gün hansısa bayram qeyd olunurdu, çünki qrammofon oxuyurdu, gəmi heyətinin arasında bir zabit də gözə dəyirdi. Hər kəsin başının qarışıq olduğunu sezən kimi mən qəfəsimin böyründə heyətdən kiminsə təsadüfən unutduğu araq şüşəsini götürdüm və tamaşaçılarımın getdikcə artan maraq dolu baxışları altında onun qapağını mənə öyrədilən tərzdə açdım, butulkanı ağzıma apardım və üz-gözümü zərrəcə qırışdırmadan, lap o köhnə əyyaşlar kimi, çəkinib eləmədən arağı qarnıma boşaltdım. Düzdür, o ara nəfəsim daraldı və az qaldı gözlərim hədəqələrindən çıxa. Sonra mən boş butulkanı bir kənara tulladım, ancaq bu dəfə həmin hərəkəti küt şagird kimi yox, öz işinin ustası kimi elədim. Qarnımı qaşımağı unutsam da, qarşısı alınmaz istəyə boyun əyərək və başımda yaranan küyü boğmaq üçün ucadan və dəqiq şəkildə «allo» çığırdım. Bunu söyləyərkən tələffüzüm çox səlis idi.

Məhz bu çığırma sayəsində mən öz keçmişimdən sıyrılıb, insanlar aləminə sıçrayış elədim. Seyrçilərimin heyrətlə: «Buna bir baxın, o, danışır da!» - çığırmaları o ara tərlə örtülən bədənimə yağan öpüş təsiri bağışlayırdı mənə.

Bir də təkrarlayıram, insanları yamsılamaq heç könlümə yatan iş deyildi. Onları yamsılamağın tək səbəbi – çıxış yolu axtarmam idi və burada başqa bir motivdən söz gedə bilməz.

Bu ilk uğur mənə çox şey vermədi. Bir göz qırpımında mən nitq qabiliyyətimi itirdim və onun bərpası aylarca sonra mümkün oldu. Spirtli içkilərə olan nifrətim isə iki qat gücləndi. Bunlara rəğmən, o zaman qarşımda düppədüz bir yol açıldı. Bir kərə və həmişəlik. Hamburqda ilk təlimçimin öhdəsinə veriləndə anladım ki, təcili qaydada iki yoldan (heyvanat parkı və ya varyetedən) birini seçməliyəm. Bir an belə tərəddüdə qapılmadım. Öz-özümə dedim: «Varyeteyə düşmək üçün bütün səylərdən yararlanmalıyam. Bu – yeganə yoldur. Heyvanat parkı isə növbəti qəfəsdir. Oraya düşsən, özünü ölmüş bil».

Və, cənablar, mən öyrənməyə başladım. Eh, lazım gələndə, könlü istəsə də, istəməsə də, hamı öyrənməyə məcbur olur. Mən özümə bir çıxış yolu axtarırdım, ona görə də öyrənmək üçün özümü oda-közə vururdum. Bircə an da rahat şəkildə heç nəyi yaxına buraxmırdım. Meymun xislətimdən necə uzaqlaşmışdımsa, ilk təlimçim məni görəndə az qaldı özü dönüb, meymun ola. Onu müalicəyə göndərdikləri üçün mənim təlimimə ara verildi. Şükürlər olsun ki, o, tezliklə geri döndü. Xeyli müəllimə ehtiyac duyduğumdan bir neçə pedaqoqla paralel çalışırdım. Elə ki öz gücümə inamım artdı, uğurlarım geniş ictimaiyyətdə maraq doğurdu və gələcəyimin parlaqlığı isbatlandı, o zaman mən özüm-özümə müəllimlər tutmağı uyğun gördüm. Onları bir xətt üzrə yerləşən beş ayrı otaqda oturdub, fasiləsiz qaydada bir otaqdan digərinə keçməyə və bütün müəllimlərdən eyni vaxtda dərs almağa başladım.

İlahi, necə uğurlar qazanmışdım onda! Oyanmaqda olan beynim hər tərəfdən gələn biliklərin nurunda üzürdü sanki! Nə gizlədim – bəxt üzümə gülmüşdü. Onu da vurğulayım ki, öz uğurlarıma mən nə onda çox dəyər verirdim, nə də indi. Tarixdə indiyədək bənzəri görünməyən iradə gücüm sayəsində mən tezliklə orta avropalının səviyyəsinə yüksəldim. Bəlkə ayrıca götürüləndə bu fakt sizə çox da önəmli görünməyə bilər, ancaq mənim gözümdə o, çox şey ifadə edir: mən qəfəsdən qurtulmuş bir məxluq kimi mən insanlar sırasına qatılmaq üçün gərəkli çıxış yolunu tapmışdım. Belə bir gözəl ifadə var: «kolluqda gizlənmək». Mən də məhz belə davranmış və kolluqda gizlənmişdim. Azadlığa qovuşmam imkansız göründüyündən qarşımda başqa bir çıxış yolu yox idi.

Keçdiyim yola və seçdiyim hədəfə dönüb baxarkən mən indi nə peşmanlıq, nə də sevinc hissi duyuram. Budur, əllərimi şalvarımın cibinə qoyub, yellənən kresloda oturmuşam. Pəncərədən bayıra baxıram. Qarşımdakı masada bir şüşə şərab var. Qapımı döyəcək qonaqları layiqincə qarşılamağa hazıram. Dəhlizdə impressariom əyləşib. Ona bir şey buyurmaq istəyəndə, zəngi çalıram. O, ayağıma gəlib, buyruğumu dinləyir. Az qala hər axşam səhnələrə çıxıram. Tamaşalarda o dərəcədə böyük uğurlara imza atmışam ki, onları bir az da artırmam imkansız görünür. Akademiyada verilən rəsmi qəbullardan və əyləncəli tədbirlərdən, banketlərdən sonra gecəyarı evə dönəndə məni evdə təlim görmüş balaca meymunum – şimpanzem gözləyir. Onunla sırf meymun xislətiylə oynayır, məzələnirəm. Gündüzlər isə onu görmək istəmirəm, yoxsa onun baxışlarında əhliləşdirilmiş, normal həyatından qoparılan bütün heyvanlara xas o dəliliyi sezərəm. Əlbəttə, məndən başqa heç kəs bunu hiss eləmir. Ancaq mənim də artıq buna zərrəcə dözümüm qalmayıb.

Ümumilikdə götürəndə, mən can atdığım məqsədlərə artıq çatmışam. Bu oyuna girməmin mənasızlığını iddia eləməm isə çətin məsələdir. Bəri başdan deyirəm ki, insanların mövqeyi məni əsla maraqlandırmır. Yeganə hədəfim – geniş bilgilər qazanmaqdır. Burada sizə yalnız faktları sadaladım. Vəssalam-şüdtamam.

Hörmətli cənab akademiklər, mən bu hesabatda sadəcə real faktlara söykənmişəm.

Dilimizə çevirdi – Azad YAŞAR

https://www.facebook.com/azadyasharofficial

# 3463 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #