Görəsən anasının öldüyünü bilirdi?

Görəsən anasının öldüyünü bilirdi?
29 may 2015
# 12:28

Kulis gənc yazar Tural Şahtaxtinskinin “Bağça” hekayəsini təqdim edir

Neçə vaxt idi o qədər uşağı bir yerdə görmürdüm. Gözümü hansı səmtə gəzdirsəm, qarşımda bitirdilər. Ətraf qaynayıb-qarışır, bu qədər xoşbəxt insanı bir arada görüb özümdən asılı olmayaraq xoşhal olurdum. Onları seyr etdikcə ucadan gülmək keçirdi könlümdən. Nə etdikləri, nədən danışdıqları çox maraqlıydı.

Hərdən qruplara bölünüb bir-birindən uzaq düşür, sonra yenə səbəbsiz yerə birləşib bir yerdə oynayırdılar. Bağçanın həyəti böyük idi, yaşıllıq göz oxşayırdı.

Uşaqların içində sakit təbiətliləri də gözə dəyirdi. Ətrafda baş verənləri müşahidə edir, ara-sıra nəyəsə müdaxilə edir, yenidən çəkilib bir küncdə dururdular. Ürəyimdən uşaqlara qoşulub oynamaq keçirdi. Məni öz aralarına almazdılar bilirəm.

Çox keçmədi ki, müəllimələri – uzun zamandan bəri görmədiyim dostum Aliyə – gəldi. İş yerinin yaşadığım ünvana yaxın olduğunu demişdi, vaxt tapıb ona baş çəkə bilmirdim. Hər dəfə mənə yazanda ora dəvət edirdi. Bilirdim ki, həmin saatlar boş olur, zamanı dəyərləndirib baş çəkdim.

Məni görcək sevindi. Amma heç yaxşı görünmür, ağladığı gözlərindən hiss olunurdu. Onu belə görmək xoş olmadı. Danışmağa taqəti qalmamışdı. Bir-iki kəlmə söz kəsəndən sonra dözmədim, nə baş verdiyini soruşdum.

Məni uşaqlardan bir qədər uzağa çəkib, sakitcə dedi: “Səhər bu körpələrdən birinin atası ölüb, özü bilmir. İndi onu görəndə məni ağlamaq tutur. Özümə gələ bilmirəm. Görəsən, bilsə necə olacaq?!” Sözünü bitirəndən sonra əli ilə həmin uşağı göstərdi. O, tay-tuşuna qoşulub, həyətdə gülə-gülə ora-bura qaçırdı.

Aliyəyə nə deyəcəyimi bilmədim. Adətən belə hadisəylə üzləşəndə təsəlli üçün şablon sözlər deyib, durumu qaydaya salmağa çalışırıq. Nədənsə keçmişdə başıma gələn bir hadisəni ona danışmaq istədim.

***

On üç yaşım vardı, dəcəl uşaq idim. Deyib gülən, araqatan, baş qatan, bir sözlə, cüvəllağı. Günlərin bir günü qonşuluqda yaşayan bir müəllimə əlimdən tutub evinə apardı. Qapıdan girəndə gözümə iki uşaq göründü, məni otağın birinə salıb sakitcə məsləhət verdi. Lal-dinməz qulaq asdım. Nə üçün evə aparmışdı, bilmirdim. Sevməzdi məni. Bir-iki dəfə həyətdə söhbət edəndə evimizin pəncərəsindən başına köpüklü su tökmüşdüm. Bir dəfə qulağımdan bərk dartmışdı, qonşuluqda ondan başqa hamının gözünün işığıydım. Bütün bunlara baxmayaraq ailəvi yaxın olmuşuq.

Çox keçmədi, hər şey məlum oldu. Bacısı rəhmətə getmişdi, onun uşağı isə təxminən məndən beş-altı yaş kiçik idi. Evi bizim məhəlləyə yaxın olsa da, o uşağı ilk dəfə görürdüm. Mənə hər şeyi başa saldı: “Biz evdən çıxırıq, o qalır. Uşaqlar da bilir, heç biriniz ona heç nə deməyin. Danışın, gülün, lap evi dağıdın, uşağın başı qarışsın, bilməsin biz hara gedirik. Ondan gizlədirik ölüm xəbərini. Sən də böyük uşaqsan, evdə də onun böyük əmisi oğlu sizinlə bir olacaq. Onu incitməyin”.

Gördüm gözlərindən yaş gəlir, artıq danışa bilmir. Başımı irəli-geri əyməklə tapşırıqlarına əməl edəcəyimi dedim. Qaşı-qabağı yer süpürə-süpürə otaqdan çıxdı. Onun ayaq səslərinin kəsildiyini görüb oğlanın yanına getdim. Bir azdan anam da gəldi. O da eyni otağa çəkib eynicə dərs-gors elədi.

Qəribə hislər keçirirdim. Bəlkə də uşaq olduğumdan ölümü niyə o oğlandan gizlətdiklərini anlamırdım. Onlar çıxıb gedəndə ağlımda bir şey gəzinirdi: “Bircə fürsət düşə də, anasının öldüyünü uşağa deyəm”.

İnsanlara tez alışan uşaq olmuşam. Az vaxtda anası ölən oğlanla dostlaşdım. Adı Elxan idi. Mən Elxan və digər tanımadığım həm yaşıdım – Elçin bir göz qırpımında bir-birimizə qoşulub evi dağıtdıq. Açığı o müəllimədən qorxurdum, məhəllədə olanda istədiyim kimi dəcəllik edə bilmirdim. Əlimə böyük fürsət düşmüşdü, evi dağıtmaqla qorxunun əvəzini çıxdım. Uşaq bir az sakit idi. Mənim hər oyundan çıxdığımı görüb əl-ayağı açıldı. Yaşca bizdən böyük olan əmisi oğlu isə əməllərimizə qarışmaq niyyətində deyildi.

Vaxtımız gözəl keçdi. Nə qədər başımız qarışsa da, oynasaq da, dağıtsaq da ölümü uşaqdan gizlətməkləri ağlımdan çıxmırdı. Addımbaşı istəyirdim, ona anasının ölüm xəbərini çatdırım. Müəllimədən qorxmağım burda da imkan vermirdi. Hər demək istəyəndə o, gözümün qabağına gəlirdi.

Axşamtərəfi müəllimənin böyük qızı evə qayıtdı. O gələndə özümüzü yığışdırıb sakitcə stolun ətrafına düzüldük. Bizə yemək, çay verdi. Otaqların birinə keçib oynamağa başladıq. Müəllimənin qızı evi dağıtdığımız üçün bizə qəzəbli də olsa ağlamaqdan söz deməyə heyi qalmamışdı.

“Anan gələcək” deyərək nə vaxta qədər gözlədə bilərdilər?! Ağlıma batmırdı. Bu qədər yaxın bir məsafədə anası öldü, o, bilmədi. Qız gələndən sonra bir neçə dəfə demək istədim, alınmadı.

Şər qarışanda məni evdən çağırdılar. Gedəndə qapının qarşısında hamısı yığılıb mənlə bir-bir görüşürdü.

Sıra Elxana çatanda onu bərk-bərk qucaqladım, sonra sakitcə qulağına dedim:

- Anan ölüb!

Başını arxaya çəkib, o da sakit tərzdə, ətrafa eşitdirmədən dedi:

- Bilirəm.

***

Hadisəni Aliyəyə danışandan sonra qanrılıb diqqətlə uşağa baxdım. Mənə elə gəldi ki, o da atasının öldüyünü bilir.

İstirahət saatı bitmişdi. Aliyə mənlə sağollaşıb uşaqların yanına getdi. Bir az onların oynamağına baxıb mən də bağçanı tərk elədim.

Bu hadisəni uşaqlıqdan bəri heç kimə danışmamışdım. Yol boyu məni düşündürən bir sual oldu: Görəsən Elxan, anasının öldüyünü həqiqətən bilirdi?

# 1074 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #