Coysla Xaqanini nə birləşdirir?

Coysla Xaqanini nə birləşdirir?
8 avqust 2017
# 11:34

Kulis.az İradə Musayevanın “Ceyms Coysda Dublinin Allahı olmaq iddiası...” yazısını təqdim edir.

Burnuma bir irlandiyalının qan qoxusu gəlir!

əvvəli burda

II məqalə

Məqalənin birinci hissəsini burdan oxuya bilərsiz.

C.Coys tarixi daha çox müharibələri, ölümləri, qan qoxulu havası, leş, sümük kurqanları təsəvvürü yaradan obrazı ilə xatırladır. Onun hədsiz səbir və incələmələrlə təsvir etdiyi görüntülər, şüurun zamanı, məkanı və bəşəriyyəti sorğulayan qavram estetikası təkcə ədəbiyyat yaratmaq işinə xidmət etmədi. Bəşəri suallar yalnız bir kateqoriyaya, eləcə də ədəbiyyata aid olmur... Bu suallar tarixi, siyasi, sosial, psixoloji, tibbi və s. bu kimi bilgilər tələb edir. Duyğuların, yaddaşın, iy, rəng duyumları, qorxu, həyəcan hisslərinin canlılığı, ruhumuza yaxınlığı romanın hər parçasında özünü göstərir. Özümüzü onun qəhrəmanlarının bir addımlığında görə bilirik. Tutaq ki, Coysun qəhrəmanının yanında, bir qaya üstündə oturub şişmiş bir köpək leşinin hekayəsini dinləyirik. “Stiven ayaqotlarının, ilanbalığı, yosunların arasından dırmaşaraq qayanın üstündə oturdu, əlağacını qayanın yarığına yerləşdirdi. Şişmiş bir köpək leşi denizyosunlarının üstünə sərilmiş vəziyyətdə sanki var-gəl edir, çalxalanırdı. Qarşısında suya batmış bir gəmi. “Un coche ensable”- deyə məğlub olmuşdu. Louis Veuillot, Gautierin üslubu. Bunlar da qədim tanrıların kurqanları, gəlincik siçanların qaynaşdıqları diyar. Axtarsan qızıl da taparsan. Bir az tapdım... Qumlar, çınqıllar... Burda hər şey keçmişlə yüklənib. Ser Loutun oyuncaqları... Gözünü aç da başın harasa dəyməsin. Alt dodağı yerdə, üst dodağı göydə zalım bir divəm mən haaaa! Bütün o Allahın qəzəbi qayaları yuvarladaram yuvarladaram yaaaaa! Basa-basa okeanların üstündən aşaram. Yihuuuhaahaahaaa… Burnuma bir irlandalının qan qoxusu gəlir!”

Modernizm estetikasından, nəzəriyyəsindən doğan rasionalizm Coysda bir başqa və daha fərqli şəkildə təzahür etdi. Bu rasionalizm, uzaq hədəfləri nişan alma ideyası sırf şüur işi kimi meydana gəldi. XX əsrin əvvəllərində modernist estetika musiqidə, rəssamlıqda və sənətin digər sahələrində insanı sadəcə əzabkeş kimi görürdü. Bunu tale işi kimi qəbul etmişdi. Artur Şopenhauer nəzəriyyəsində də belə idi: “Əzab həyatın ayrılmaz hissəsi olmasa, o zaman həyatımızın bir məqsədi olmaz. Yer üzündə yaşanan ağrılarda heç bir məqsəd olmadığını və bunda az da olsa xoşbəxtlik payının olmamasını görmək çox absurddur. Şübhəsiz, bədbəxtlik özlüyündə nəsə qeyri-adi hadisə kimi görünür, amma ümumilikdə bu, həyatın qanunudur”. Amma Coys başqa sual verirdi sanki Tanrıya... Mən niyə belə əzab çəkməliyəm?

Coys dövrünün digər böyük sənətkarlarından, modernistlərindən məhz bu baxımdan fərqləndi. Bir günün içərisində, bir insanın düşüncəsində dünyanın tən ortasında dar ağacı qurmaq və məşhər məhkəməsinə bənzər bir istintaq işini məhz şüur kontekstində həll etmək! Coysla bir ildə doğulub Coysla bir ildə intihar edərək ölən V.Vulf “Missis Dellouy” əsərində də Ceyms Coysun “Uliss” romanında olduğu kimi bir insanın (Coydan fərqli olaraq onun qəhrəmanı qadın idi) bir günlük həyatından bəhs etdi. Amma “Uliss” orijinallığı qaldı. “Uliss” kimi monumentallıq təkrarlanmadı...

Romanın təhkiyə intonasiyası ilə obrazların monoloq və dialoq intonasiyası çox zaman eyni ahəng, temp ilə ifadə olunur. Yuxarıdakı təsvirdə bir qaya başında oturub tarixə, keçmişə tərəf üzünü tutub qışıqaran, “Burnuma bir irlandiyalının qan qoxusu gəlir!”- mesajı ilə tarixi “ölülərin hekayəsi” qavramında, postmodernistcəsinə, istehza, həm də ağrı ilə yad edən qəhrəmanın səsini başqa məqamlarda, başqa obrazların ifasında da eyni ahəng və istehza ilə eşidirik. Restoranlarda, gecə barlarında sevgi gözəlləmələri, nəğmələri səslənir, bu nəğmələrin təsvirindən qəflətən ilkinliyə, Adəm zamanına dönüş edilir və həmin intonasiya ilə: “ Fərasətsiz deyildi, cənnətdən qovulmamışdan öncə Adəm də qadınını qucaqlayar, nəğməsini oxuyardı: “Əndamın incə sənin!” Onunkundan heç də pis deyil bu dil… Göbəklərinin üstündə keşiş duası, Məryəm ananın təsbehi mənasızcasına çak-çuk edər...”

Müəllif bəzən bizə “əlaqəsiz” görünən, məzmuna aidiyyatı olmayan kimi görünən bir məqamda şüar, tezisvari bir replika, cümlə ilə mesaj verir. Amma bu mesajlı cümlələr əslində aidiyyatsız deyil. Və sən romanı oxuya-oxuya yaddaşında ilişib qalmış həmin cümlənin yerini axtarırsan düşüncənin bir küncündə. Məsələn, “İsa ağlayırdı: Məsih olunca yolunu azmamaq gərəkdir!” Bu “məsihlik”, (seçilmişlik, xilaskarlıq) təmizlənmə, günahsızlanma zorluluğu, bir insanın bütün ömrü boyu mücadiləsi, özü ilə qovğası, xisləti ilə bitib-tükənməyən davası, özündən, allahından, cəmiyyətindən küsüb-getmələri, ayrılmaları mübarizəsinə işarə idi. Bu müəmmalı yaşantı əsərin əsas qəhrəmanlarının ovqatında tez-tez biruzə verirdi. O zaman onlar Şekspir qəhrəmanları kimi emosional, hökmlü və iddialı, nidalı çıxışlar edirdi. Bəzən də yuxu, illüziya və təxəyyül yolu ilə mətnin ümumi məzmununu tamamlayan dillə danışmaq üslubu… Və müəllif əsərin əvvəlində bu intonasiyanı daha çox Stiven Dedalın düşüncə və xəyallarının ifadə tərzinə yerləşdirir. Hamlet monoloqu pafosunda bir müraciət eşidirik: “Mənim xalqım! Dərisoyan bıçaqlarıyla qaçıb gəlir, balinaları kəsir, yaşıl rəngli balina ətlərini elə hey doğrayırlar. Aclıq, vəba, sui-qəsdlər... Sən onların qanını daşıyırsan, ürəyində çalxalanan isə onların arzu və istəkləridir. Donmuş Liffey üzərində onların arasında dolanırdım, halbuki pərilərin gətirdiyi bir uşaq idim, cızıldayan ətir atəşlərinin içində. Heç kimlə danışmı dım, heç kim də mənimlə…”

Tarixdə önəmli olan şəxsiyyətlərin, qərbli, şərqli, müsəlmən, xristian, atəşpərəst, dinindən, irqindən asılı olmayaraq kim olur olsun, bəşəriyyətin yaddaşında özünə yer edən düşüncə müxtəlifliklərinin mətnə gətirilməsi üslubunda qəribə bir ustalıq nümayiş etdirir Coys. Məsələn, Harun ər-Rəşidi “Uliss” romanında, XX əsr Dublinindən bəhs edən romanda necə təsəvvür etmək olar? Amma Coys onun haqqında yuxuda danışır. Tarix də yuxu kimidir, keçmiş də həmçinin. Amma gələcəklə bağ qurma və dünya, bəşər miqyasında bir dublinlinin, irlandiyalının ya fransızın, yəhudinin deyil, böyük tarixi yol keçmiş insanın hiss, duyğu, intuisiya və təxəyyülü, yuxusu, qorxusu, həyəcan və sıxıntıları milli, məhəlli, qütblü, dinli, dinsiz, sərhəd tanımayan, ayrıseçkilik bilməyən - yer qanunlarından uzaq səmavi azadlıqda axan “şüur məntiqi” arenasına gətirilir. Əsəri oxuduqca fikrimizdən bir “şüur axını mətni” kimi ədəbi termin də keçir. Həmin mətndə isə kimi istəsən görmək, kimi istəsən tapmaq olar. Harun ər-Rəşid kimi… “Dünən gecə məni oyandırdıqdan sonra eyni yuxu yoxsa o idimi? Gözlə. Açıq qapılar... Aşiqlər məhəlləsi. Xatırla. Harun ər-Rəşid. Hardasa ordaydım. Mənə yol göstərən o adam, danışırdı. Qorxmamışdım. Əlindəki qovunu mənə uzadırdı. Gülümsəyərək: qaymaqqoxusu meyvənin… Qayda beləymiş, -dedi,-içəri gəl. Qırmızı xalı sərilmişdi. Görəcəksən kimmiş…”

Coysun təxəyyülündə bütün dünya canlı, tərpənən, hərəkətli detallardan ibarətdir. Əşyaların canı var, təbiət atributlarının insan kimi taleyi, ruhu… Belə təsvirlərin romanda sayı-hesabı yoxdur, yüzlərlədir… Stiven dəniz kənarında, qaya üstündə bir kitablıq məzmunu olan xəyallar xərcləyir. Boş deyil bu xəyaladalma. Əsaslı, tanış nüanslarla zəngin olan şüur gedişidir. Məsələn, uzun-uzadı təsvirin su ilə bağlı məqamına diqqət edək. İnsan kimi doğulan, yaşayan və bir az başqa cür ölən “Su” portreti… “Gözləyirəm. Yox, keçir sular, özlərini qayalara çırpa-çırpa keçir, girdap-girdap keçirlər. Görək bu işin sonu necə olur. Qulaq as, dörd sözdən ibarət bir dalğa dili var: şşiisuu, hrşs, rşiayss, uuus. Dənizilanlarının, şahə qalxan atların, qayaların göbəyində suların ürəkparçalayan aqibəti. Qayalarda fincan-fincan şırıldayır: foşur, fosur, şırak: Koğuşlarda guppuldayır... Nəfəsi kəsilir, tükənir və nəhayət susur. Axır şırıl-şırıl, yavaş-yavaş yayılaraq, köpükləri qaynayır və hardasa bir çiçək açır…”

Bu cür parçaların mətnin digər hissələri ilə fikir, ideya qohumluğu var. İnsanların ruhu birindən digərinə keçə-keçə yaşadığı kimi, su da öz ömrünü bir çiçəkdə, otda tamamlaya, əslində davam etdirə bilir… Blum oğlu və atası, özü haqqında düşünəndə “ruh köçümü” (“həyatda “yox olma” deyə bir şey yoxdur, dəyişmə və yenidən zühur etmə var”) inancını bir çox paralel təsvirlərlə, eləcə də misal çəkdiyim suyun yox olması və yenidən bir otda, çiçəkdə tam başqa ömür, həyat, tale sahibi kimi yenidən doğulması kimi nüanslarla əsaslandırmağa çalışır.

“Uliss”də hər şeyi nəzarətdə saxlayan bir “Göz” obrazı da var. Heç nə yayınmır bu gözdən, bircə ot, bircə qımıltı, mətbəxdə soba üstündə bişməkdə olan, bir tərəfi azacıq yanmış ət, böyrək parçasının qaralmış hissəsindəki qoxu, rəng çaları belə… Və maraqlıdır ki, baxış bucağını tez-tez dəyişə bilir bu göz. Məsələn, pişikdən bəhs etdiyi yerdə qəflətən Stiven özündən soruşur: “Görəsən. mən onun gözündə necə görünürəm? Qala kimi hündür? Yox. Üstümdən o tərəf-bu tərəfə keçə bilər, amma toyuqların çığırtısından qorxur bu kinli, yaradılışdan paxıl, xain olan pişik…”

Romanın baş qəhrəmanı Leopold Blum kitabın 50-60 səhifəsini oxuyandan sonra gəlir meydana. Özü də heyvan böyrəkləri iştahası ilə. Qızardılmış böyrək iştahası, qəssab dükanı, qonşudakı xidmətçi qız və arvadı ilə yataq otağında, mətbəxdəki məişət söhbətləri… Amma ona qədər Stiven Dedal, Buck Mulligan və Haines mübahisələrinin məzmunu sanki “blumluq” düşüncəsinin məğzini çözmək üçün zəmin rolunu oynayır.

Maraqlıdır, əsərin əvvəlində Buck Mulligan və Stiven Dedalla bağlı olan məzmun Leopold Blum düşüncələrinin axarında məntiqi ardıcıllıqla davam edir. Məlum olur ki, romanda hər şey müəllifin özünün düşüncə süjeti ilə bağlıdır və bu düşüncə süjetinin gedişi kimdə (romanın istənilən obrazının simasında)və nə şəkildə olsa təzahür edə bilər. Məsələn, keçmiş, “ölülər hekayəsi” Stivenin xəyalında(ya küçədə, ya məktəbdə dərs zamanı, ya dəniz kənarında bir qaya üstündə və s.) bitən, sonlanan nöqtədəncə Leopold Blumun oxuduğu qəzetdə davamını tapır. Və ya iribuynuzlu heyvanlarla bağlı romanın bir çox məqamlarında süjet qırıq-qırıq da olsa qurulur, tamamlanır. Mister Deasy onlarla bağlı mətbuata məktub göndərir, Blum qəssab yanında olanda bu barədə təsvirlər edilir, qəzet mətnində də var və s.

“Dorset” küçəsiylə gedən Blum qəzetə göz gəzdirir. Həmin günün - 1904-cü il, 16 iyun gününün xəbərləri. Tükiyə və digər dövlətlərin adı çəkilən materiallar var qəzetdə, beynəlxalq əlaqələr və s.

“Ölü keçmiş” söhbəti Leopold Blumun şüur axınında bərpa olunur və sanki bizim üçün fərq etmir, bu fikirləri Stivendən, Mister Deasydan, yoxsa Blumdan eşidirik, və ya qəzetdən gəlir məlumat. “Vulkanik göl. Ölü dəniz: Balıqsız, yosunsuz, yerin dibinə batmış… O dalğaları, qurşun kimi ağır suları hansı rüzgar qarışdıra bilər? Kükürt yağmuru yağarmış orada. Obalar: Sodom, Gomore, Edom. Ölü adlar hamısı… Ölü bir torpaqda ölü bir dəniz. İndi qədimdir, ən qədim irsin, insan nəslinin beşiyi. “Cassidy”dən çıxan iki nəfər ər-arvad... Boğazından yapışdıqları bir şüşə qab ilə qarşıdakı səkiyə keçməkdədilər. Ən qədim insanlar… Dünyanın dörd bir tərəfinə dağılmışlar, əsarətdən əsarətə, köləlikdən köləliyə çoxala-çoxala. Hər yerdə ölərək, hər yerdə doğa-doğa… İndi o topaqlar heç nə yaratmır, heç nə doğmur. Ölü: qocalmış bir qadının aybaşından kəsilmiş, doğa bilməyən uşaqlığı... Viranəlik. Ümidsiz bir dəhşətlə bütün bədəni qovruldu sanki. Qəzeti qatlayıb cibinə soxdu və “Eccles Streetə” dönərək sürətli addımlarla evinə doğru yüyürdü”.

Ölü tarix, bitmiş hekayətlər, nəsli kəsilmiş insanlar, balıqsız və yosunsuz dəniz, “bitmişlik, “yox olmuşluq” - hər şey onda dəhşətli bir üşənti yaradır. “Damarlarında soyuq yağlar dolaşdı, qanını dondurdu: İllər onu kireçten bir kabukla kaplamakta. Nəsə, indi burdayam. Bəli, indi burdayam. Səhər-səhər kədərli düşüncələr… Sol tərəfimizdənmi qalxdıq?”

Romanın bir böyük və sadə həqiqəti var ki, onu dərk və qəbul edəndən sonra əsəri rahatlıqla oxumaq olur: Coysun şüurunun coşqun axışına düşüb getməlisən. Coys tipik, fərqli xarakterlər, maraqlı və xüsusi sifətləri, cizgiləri ilə yadda qalan əzəmətli obraz yaratmağa xüsusi cəhd etməyib. Sadəcə bir şüur obrazı, şəkli var. Axan şüur... Mütaliə prosesində oxucunun hansı fikri, əhvalatı kimdən eşitdiyinin o qədər də fərqi olmur, çünkü Coysu forma, qabıq (obrazlar) yox, onların –obrazlarının beyninə yerləşdirdiyi düşüncə axınının gedişi, sürəti və ən əsası-mahiyyət maraqlandırırdı. O bütün bildiklərini, dünyaduyumu və fəlsəfi qavramlarının (siyasət, din, əxlaq, tarix, və s.) hamısını bir gedişdə ifadə etmək istəyirdi. Hamısını bircə günün içərisində, bir əsərdə… Tutaq ki, hansısa düşüncə, təsvir haqqında oxuyuruqsa, onun Stiven Dedala, ya Bluma aid olmasının o qədər də önəmi olduğunu düşünmürük. Əlbəttə, fərqləndirmə, spesifikləşdirmə, xarakterik cizgilər və tale, aqibət fərqlilikləri çoxdur. Amma kontrastlı, dilemmalı cəbhələr və bu ampulada olan obrazlar xüsusi olaraq diqqəti cəlb etmir. V.Nabokovun isə o fikri ilə razılaşmırıq ki, əsərdə “Hansısa bir hissənin birbaşa, digər hissənin şüur axını ilə, bir başqa hissənin isə parodik prizmadan yazıldığının konkret bir səbəbi yoxdur”. Məsələ ondadır ki, birbaşa ya parodik üsulla, ya da çoxlu sətiraltıları olan cümlələrdən ibarət mətn parçası vasitəsi ilə - fərqi yoxdur, hansı tərz ilə olur-olsun Coys baxışı, hissiyyatı, analiz və sintezinin sistemliliyi var. Və Nabokovun “birbaşa” ya “paradok prizma” –deyə ümumi şüur axını prosesindən ayırdığı tərz sual yaratmamalıdır. Çünki bu nəhəng həyat tablosunda şüur axını onlarla belə üslub və söyləm, təsvir tərzlərini rahatlıqla uda bilir...

Məlumdur ki, “Uliss” tədqiqatçılarının böyük əksəriyyəti romanı Homerin “Odisseya” əsəri ilə paralellər aparmaqla təhlilə çəkir. Lakin V.Nabokovun bununla bağlı izahı fərqlidir. Ümumiyyətlə, başqa tənqidi görüşlərində, yanaşmalarında olduğu kimi, bu əsərə münasibətində də Nabokov çox sərbəst və tərəddüdsüzdür. “Əvvəlcədən sizə xəbərdarlıq etməliyəm: reklam agenti Blumun – Odisseyin, yəni Ulissin, Homerin çoxcəhətli qəhrəmanına oxşaması, zina edən arvadının ismətli Penelopanı təmsil etməsi, bundan başqa Stiven Dedala Telemax rolu verilməsi, Leopold Blumun Dublində bir yaz günü baş tutan monoton gəzinti və macəralarına “Odisseya”nın parodiyası kimi baxmayın. Blumun ortalıqda gəzməyində çox dumanlı və çox ümumi bir homervari effektin olduğu, romanın adından da göründüyü kimi, aydın məsələdir”.

“Uliss”də bir də mövzu süjetləri var. Siyasətin, sevginin, xəyanətin, dini baxışların, keçmişin, gələcəyin və s. Təhlil boyu bu süjetlərin izinə düşməyə çalışacağam. Məsələn, dinlə bağlı, ateistik, ya fanatizm, yoxsa sağlam dini düşüncə, ya dini ayrıseçkilik və s. bu kimi mövzu, problemlər əsər boyu bir ayrıca düşüncə xətti kimi uzanır. Əvvəl Buck Mulligan, sonra Stiven, daha sonra Digmanın dəfn mərasimindəki uzun-uzadı söhbətlər, Blumun müşahidələrinin məzmunundakı Coys qənaəti…

Blum Mister Coyla Diğmanın ölümündən danışır. Bir adamın qısa bir vaxtda dünyadan belə asanlıqla köçməsinə təəccüb edirlər. Və Coys bu “ölüm” söhbətini təsadüfən gətirmir mətninə. Digmanın ölümü, dəfni və bu ölümlərə sağların münasibəti, dəfn ayinləri, dinin mahiyyətindən uzaq rituallar və s. problemlər xarakterik cizgiləri ilə təqdim olunur. Ümumiyyətlə, Coysun romanda doğum evi, dəfn mərasimi, qəbristanlıq, restoranlar, məktəb, redaksiya və tarixi məkanlardan “reportaj”ı təsadüfi xarakter daşımır. İnsanın dünyaya gəlişinin, bu dünyadan gedişinin və yaşam, nəşə, kədər hallarının təhlilləri qabardılır. Bir İrland insanının bir günlük müşahidəsinin və yaşantılarının mahiyyətində bəşəri suallar və müəyyən dərəcədə o suallara ağıllı, fəqət çox zaman hamı tərəfindən yekdilliklə qəbul olunmayan cavablar məsələsini romanlaşdırmaq hünərini göstərdi Coys. Bəzən kədərlənə-kədərlənə, bəzən gülə-gülə, bəzən də acı istehzaları ilə: “Mayasız səbət çörəyi. Baxın onlara, bu kiçik şey onları necə xoşbəxt edir. Nanəşəkəri. Onlar əmindirlər, əlbəttə, ona “mələklərin çörəyi” deyirlər. Gördü ki, rahib əlindəki müqəddəs çörək kasasını yuxarı bir vitrinə qoydu və qarşısında diz çökdü… rahib əyilərək mehrabı ğpdü, sonra dönərək hər kəsə xeyir-dua verdi. Hamı xaç çıxararaq ayağa qalxdı. Mister Blum çevrəsinə baxanda qalxan başları, papaqları gördü və o da ayağa durdu. Əlbəttə ki “İncili-Şərif” oxunanda ayağa qalxmaq lazımdır. Sonra hər kəs yenə diz çökdü və səssizcə öz yerini tutdu. Rahib əlindəki şeyi önündə tutaraq mehrabdan düşdü. Rahiblə kürsüdə yer alan bir uşaq aralarında latınca nəsə danışırdılar. Sonra rahib diz çökərək bir balaca kağızdan oxumağa başladı: -Ey Tanrım, sənə sığındıq, gücümüzü səndən… Mister Blum deyilənləri eşitmək üçün başını qabağa uzatdı. Qarşılarına bir sümük at. Xəyal-məyal xatırlayıram. Bir katolik ayininə ən axırıncı dəfə nə vaxt getdiyimi. Nə qədər vaxt keçdi? Möhtəşəm və ləkəsiz Məryəm ana, Həzrəti Yusif. Petrus və Paul. Söhbətin nədən getdiyini adam bilsə, dinləmək daha maraqlı olar. Muazzam bır təşkilat, şübhəsiz, saat kimi işləyir. Günah çıxarma. Hər kəsin ehtiyacı var, o zaman hər şeyi anladım sizə. Tövbə istiğfar. Məni cəzalandırın, lütfən. Əllərində böyük bir silah. Doktorlardan daha güclü. Ləzzətli bir xəcalət hissi. Get mehraba və dua et! Salam sənə, ey müqəddəs Məryəm! Bahar ətirli çiçəklər, şamlar əriyir… Qızaran üzünü gizlədir. Selamet Ordusu çığırqanlarından fərqsiz… Tövbəkar fahişə topluma müraciət edəcək. “Doğru yolu necə tapdım”-deyə… Romadakı möhtərəm şəxslər şübhəsiz ki lap da günahsız deyillər. Bütün olacaqları, hadisələri idarə edən, döndürən onlardır! Bu müqəddəslər elə hey pul kəsirlər! Sonra gəlsin bağışlar:P.P.-yə”

Coys bütün dinlərin kitabından xəbərdar idi. Onun dinə münasibəti, “Tanrı və insan” konteksti roman boyu önplanlı olaraq qalır. Dini rituallar, insanların kor-koranə əzbərlədiyi duaların mətni, insanın daima Allahdan və mələklərdən nəsə diləməsi, onun özünə, iradəsinə, düşüncə və fiziki gücünə güvənərək deyil, elə hey “dilənərək”, diləyərək yaşaması faktını Coys maraqlı ştrixlərlə qabardır. “Müqəddəs Cəbrayıl, ey baş mələk! Qiyamət vaxtı, haqq-hesab günü bizi qoru! Şeytanın şərindən və fəsadından bizləri qoru. Və sən, ey Rəbbim! Ey səmavi aləmlərin sultanı!O ulu gücünlə şeytanı və onunla birlikdə bu dünyada gəzərək günahsız insanların məhvinə səbəb olan o biri günahkar ruhları da yerlə yeksan edib cəhənnəminə göndər!”

Əsərdə yüzlərlə detallar var ki, çözüldükcə çözülər, yozulduqca yozular və adamı heyrətləndirən də odur ki, “təsadüfi” deyilən bircə çöp belə mətnə daxil ola bilməz. Blumun cibində bir sabun var. Sabunu ərinə xəyanət edən qadının məktubunu oxuyandan sonra (məktubda bir qoxu, ətir nüansı var) guya elə-belə, yolüstü alıb. Amma şalvarının arxa cibinə qoyduğu bu sabun qəbristanlıq yolunda onu tez-tez incidir. Rahat oturmağına mane olur. Xatirəsinə, yaddaşına belə yük olub və s. Və bir məqamda-ölü yuyulması, dəfnə hazırlıq anında da o sabun mərkəzləşir, “mətnin baş detalı” kimi önə çıxır. Romanda bu cür önəgətirilmə üsullarının da sayı-hesabı yoxdur. Sabunu təmizlik, xoş ovqat və həm də bir xəyanət tarixçəsində yaddaşına ilişib qalmış ağrılı qoxu assosasiyası kimi bədiiləşdirir, mənalandırır yazıçı. Amma bir də bu “sabun” sözünə “meyid”, “qəbristanlıq”, “tabut”, “kəfən” ifadələrinin iştirakı ilə qurulmuş mətndə rast gəlirik. “Pəncərəyə dirədiyi burnu yastılanmışdı. Bu dəfə də sırasını adlatdığına görə şükr edirdi ürəyində. Bir ölüyə qarşı həddindən çox maraq göstəirdi. Dünyaya gələrkən onlara verdiyimiz əziyyətlərə görə ölümləri görməkdən məmnunam. Tam onlara görə bir məşğuliyyətdir. Küçənin başında pıçıltılar... Ölünü durquzmamaq, oyandırmamaq üçün şəpitlərini yavaşca sürüyə-sürüyə yerimələr. Daha sonra ölünü hazırlayırlar. Ölü yatızdırılır, Molliylə Mrs. Fleminq yatağı düzəldirlər. “O tərəfə çək bir az”b. Kəfənimiz... Meyidinə kimlər toxunacaq, bilməyəcəksən... sabunla, şampunla yuyacaqlar... Mütləq dırnaqları və saçları kəsərlər. Sonra yenə uzadarlar. Nə pis işdir... Hamı gözləməkdədir.. Heç kim danışmır. Gül çələnglərini yükləyirlər... Bu nədir, bərk bir şeyin üstündə oturmuşam? Hə... Həmin sabun... Dal cibimdədir, imkan olan kimi ordan çıxarsam, yaxşı olar. Hamı gözləyir. Sonra qarşıdan təkərlək səsləri eşidildi, sonra daha yaxından, ardınca da nal səsləri. Bir sarsıntı...”

“Uliss” mətni həm də bir rejissor baxışının rakursundan keçib gedir. Hadisələri donduraraq incələmək, məkanı qapayıb sərhədlənmiş ərazidə düşüncə fırtınası qoparmaq hünərinin müşahidəçisi oluruq. Bir maşında oturub qəbristanlığa gedən yol boyu söhbət edən adamların adi, məişət məzmunlu mükalimələrinin şəklini çəkir əvvəlcə. Yol boyu Leopold Blum, Stiven Dedal, Martin Cunningham, Mister Power dünyasını dəyişən digər adamları, onların çeşid-çeşid ölüm “məcaraları”nı müzakirə edirlər. Hamı, dəfninə toplaşdıqları tabutdakı adam qarışıq, hər kəs qəbristanlığa yol alıb. Arada maşın dayanır və həmin “dayanma” məqamında haqqında bəhs olunan adamların ölümü “elan olunur”. Yəni ölmüş bir insan haqqında söhbət bitir, maşın yenə yola düşəndə başqa bir ölmüş tanışları haqqında danışmağa başlayırlar. Qəbristanlığa çatana qədər az qala bir qəbristanlıq adamın ölüm tarixçəsi çözülür.

Romanda bu adamların, demək olar ki, tərəf müqabilinə çevrilmiş bir “Qəzet” obrazı da var. Bu qəzet(16 iyun, 1904-cü il tarixli) hər açılanda “fikirlərə dəstək” rolunu icra edir sanki. Nədən bəhs olunursa, o barədə qəzetdə də məlumat var. Amma guya Blum darıxanda, əsəbiləşəndə qəzeti açır və oxuyur. Halbuki, yeri, məqamı düşən kimi qəzet açılır. Sonra Blum qəzeti gah əsəbi, gah səliqə ilə qatlayıb cibinə basır. Qəbristanlıq yolunda da qəzet dəfələrlə açılır, örtülür. İndi, qəbristanlıq yolunda qəzetin başsağlıqları, ölüm elanları sütunu hədəfdədir. “Mister Blumun nəzərləri qəzetin kənarından aşağıya doğru, ölüm xəbərlərini darayaraq gəzindi: Coleman, Diğnam, Fawcett, Lowry, Naumann, Peake, Hansı Peake bu? Crosby və Alleynədə çalışan adamcığazmıdır bu yoxsa? Yox, o deyil... Sexton, Urbright. Qatlanmaqdan əzik-üzük olmuş qəzetin sürətlə oxunub keçən yazıları... Little Flowera təşəkkürlər. Həsrətinlə yanırıq. İzaholunmaz acılar içərisindəyik. Uzun sürən əziyyətli bir xəstəlikdən sonra 88 yaşında... Eyni ayın sonunda... Quinlan. Allah ruhunu şad etsin. Artıq bir ay oldu sevgili Henrinin dünyadan köçməsi. Cənnəti qazanar, inşallah. Ailəsi gecə-gündüz ağlayıb-inləyir, amma bir gün onunla görüşəcəkləri təsəllisinə sığınıb yaşayırlar”.

Bu xatırlanan ölülərin içərisində Blumun kiçik yaşda ölmüş oğlu Rudynun da obrazı var. Blumun oğlu haqqındakı xatirələri çox canlıdır. Onun necə böyüdüyünü hiss edir az qala, onu aydınca görür, səsini eşidir. İçərisindədir o uşaq, diri, sap-sağlam. Ruhu varlığına köçüb elə bilir. Və söhbətin bir yerində inamla deyir ki, mən onun gələcəyiyəm, davamıyam, o ölüb mən yol gedirəm hələ, amma dairə qapanmır, ata-oğul çevrəsi boydadır insan nəsillərinin ömrü. Mən ona, o da mənə dönür və bir-birimizin ruhunda dövr edirik... Bu düşüncə artıq bəşəriyyətin mövcudluq fəlsəfəsinin sadə misalla izahıdır...

Qəbiristanlıq səhnəsi Coys təsvirlərinin spesifikası ilə uzandıqca uzanır. Amma mənalı, ağır məzmunlu mahiyyəti ilə. Ölümün də təntənəsi olurmuş... “Fantastik bir cənazə mərasimi. Cənazə arabası ilə birlikdə dörd araba. Amma olsun... Tabut daşıyıcılar. Ulduzlu qayışlar… Katolik ayini, top atılır. Ölümün təntənəsi. Ən arxadakı arabanın qarşısında bir satıcı çörək və yemiş dolu piştaxtasının başında durmuş. Meyvəli çörəklərdən, iki qatlı: Ölülər üçün çörək, köpəkbiskviti...”

Blum balaca oğlunun ölümünü xatırlayan andaca bu yolçuların gözünə qəbristanlıqda bir kiçik tabut sataşır. İntihardan da söhbət gedir bu yolda. Onda da məlum olur ki, Blumun bu növ ölümlə də xatirə, yaddaş ağrısı “qohumluğu” var. Atası özünü zəhərləyib intihar etmişdi... İntihardan sözgəlişi danışır guya Martinlə Power. Uşaq tabutu da sanki təsadüfən diqqətlərini çəkir... “Coys üslubu” anlayışının əsas özəlliyi bu “qəfil gözə sataşma”, “birdən yada düşmə”, “təsadüfən rastlaşma”, “ötəri söhbət əsnasında vurğulama”, replikalar və s. onlarla bu cür şüur axınını hərəkətə gətirən metodlarla işləmə, yazma fərqliliyindədir.

“Kiçicik bir tabut dəydi gözlərinə. Matəm arabası təlaş içərisindədir. Evli deyil, subay öldüyü üçün tabutu al rənglidir. Evlilərinki qara olur. Rahibələrin tabutu isə kül rəngində. –Yazıq,-dedi Martin Cunningham. Cücəsurətli bir körpə. Rudyninki kimi bozarmış və bürüş-bürüş... Cücə bir bədən, ağ örtüklü kiçik bir tabutda. Cənazə xərclərini Friendly Society çəkib. Bir qarış çəmən üçün həftədə bir peni. Bizim körpə, yazıq bəbəmizin nə təqsiri varmış görən?”

Blum ölüm haqqında anatomik, fizioloji (əslində çox real) faktlarla ruhi-psixoloji duyum və fəlsəfi qavram həddində və hamletvari nitqlə çıxış edir. Razılaşa bilmir ki, bu qədr sitəm çəkən bədənlər necə ola bilər ki, belə asanca bir heç olub gedir, onları axirətlə aldadıb torpağa gömmək məntiqini ağlına sığışdıra bilmir. (“Haydı, qalxın! Qiyamət günü!... Yenidən dirilmə və yaşam... Bir dəfə öldünmü, qoy ölsün artıq. O məşhər gününün dəqiqələri... hər kəs apar-topar məzarından qalxacaq. “Gəl görək Lazarus!” Beşinci olaraq çıxdı və fürsəti qaçırdı. Haydı, qalxın! Qiyamət günü! Sonra hər bir əşrəfi-məxluqat hərlənib-fırlanıb başlayacaq cigərini axtarmağa, mançosunu axtarmağa, zir-zibilini axtarmağa...”

Hər gün minlərlə litr qan “pompalayan” bədəndə bir gün qan damara tıxanır və getmir... Və nəticədə: “Buyurun, cənazə namazına!” Qəbristanlığa göz atıb orada nə qədər qara ciyər, ürək, böyrək və diğər insan orqanlarının çürüməkdə olduğunu düşünür. İnsan ölən kimi hər kəsin ilk düşündüyü bu olur: “Torpağa basdırmaq!”

Coys qəhrəmanlarının qəbristanlıq düşüncələrində amansız sərt həqiqətlər, insanı bir heç, gübrə, münbit torpaq maddəsi, bol məhsul “səbəbi” kimi izah etmə əyləncəsi var. Yaxşı bəslənmiş zənginlərin, (məsələn, bu məqamda adı çəkilən maliyyə müfəttişi və müsahibin) yağlı, “meyvə bağçası üçün ideal”, cəsədlərindən söz açılır. Əslində bu qədər məhsuldarlıq üçün ölülərə dirilərin bir təşəkkür borcu olduğu fikri qabardılılr. “Zarafat deyil, torpaq yaman yağlanmışdır. Sümük, ət və dırnaqlar-cəsəd gübrəsi. Cəsəd. Skelet dolu məskənlər. Qorxunc. Yaşıllaşıb, çəhrayılaşıb, dirçəlib… Cavanlar nəmli torpaqda tez çürüyür. Amma zəif, yaşlı adamlarınkı gec. Sonra yağlı-pendirli bir kütləyə bəncər maddəyə çevrilir, daha sonra qaralır, daha sonra isə bəkməzə dönüb sızıntı ilə axıb tökülür…

Quruyur sonra da. Ölüm güvələri. İnsan hansı şəkildə olur-olsun yaşamağa davam edir mütləq. Dəyişərək yəni. Hardasa, əlbəttə yaşarlar. Yemək tapmasalar da öz bədənləri ilə dolanırlar. O qədər ki qorxunc miqdarda qurdlar balalayır. Yrin altı onlarla doludur, hey oynaşırlar…”

Romanda Ə.Xaqaninin “Mədain xərabələri” qəsidəsindəki ibrətli səhnələrin bir az fərqli təkrarı ilə rastlaşırıq. Xaqani Mədainin xərabələrini ibrət aynası kimi göstərirdi. Qarşındakı bu lövhə həyat dərsidir –deyirdi. Bu sarayda Babil şahı nökər, Türküstan isə qulam olmuşdur. İndi bir xarabadır...

Buradakı torpaq elə sonralar Coysun təsvir etdiyi həmin torpaqdır. Fatehləri, hökmdarları gübrəyə çevirən torpaq... Xaqani daha poetik və fəlsəfi şəkildə mənalandırırdı bu sarsıdıcı həqiqəti: Torpaq udur və bir heçə döndərir insanı. Bu torpaq Nuşirəvanın qanını Hörmüzün qafa tasında şərab kimi içib, Kəsranın narıncı, Pərvizin tərxunu torpağa çevrilib unudulub. Pərvizin torpağa qarışmış bədənindən küp düzəldilir, Şirinin ürək qanı meyə çevrilir.

Ək torpağa unut getsin. Küp düzəltmək... “Hər bülbülü bir bayquş, hər nəğməni bir növhə əvəz edir bu dünyada”-deyirdi:

İzlər bu cahan içrə, olma buna gəl heyran

Sordun hara getmişdir indi o böyük şahlar,

Bir hamilədir torpaq, çox udmuş o, şah, xaqan.

Udmuş nə qədər bilsən zalımları bu torpaq,

Lakin yenə doymaz bu acgöz adam udmaqdan.

“Uliss”də isə ölümü, yox olub torpağa gübrə kimi qarışacağı haqqında düşünməyə belə adamların cəsarət etmədiyi, qorxduğu başçılar, rəhbər və daha böyük ixtiyar, səlahiyyət, hökm sahiblərinin, öndər, başçı və hakim şəxslərin də ölüm qarşısındakı “bir heç” surəti canlandırılır. “Haydı, gedib öndərimizin məzarını ziyarət edək,-dedi Haines. Vaxtımız var, haydı,-dedi Mister Power. İkisi də fikrə gedərək döndülər. Mister Power maraqla amma tərəddüdlə dedi ki. onun bu məzarda olmadığını deyənlər var. Məzarına daş doldurmuşlar. Bir gün çıxıb gələcəkmiş guya. Haines başını aşağı əydi. Parnellin dönməsi-filan yoxdur, dedi,- bax, orda yatır. Fani olan nəyi varsa... Allah rəhmət eləsin. Mister Blum cəfakeş mələklərin, xaçların, yıxılmış sütunların, qəbirlərin, gözləri göyə çevrilərək dua edən daşlaşmış ümidlərin, qoca İrlandiyanın haqqında düşündü… Pulun diri insanlara kömək məqsədilə xərclənməsi daha ağıllı işdir... Ruhuna dua... Doğrudan da bunlar kimə lazımdır, ək torpağa sonra unut getsin. Manqalın külünü boşaltmaq kimi bir şeydir. Olmazmı sonra hamısını birdən, topa şəklində basdırmaq və bir ölülər günü elan etmək?”

07.08.2017.

# 19003 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #