Atasının ac qoyduğu məşhur şair

Atasının ac qoyduğu məşhur şair
6 dekabr 2016
# 17:04

Böyük rus şairi Nikolay Alekseyeviç Nekrasovun anadan olmasının 195 illiyi (10 dekabr) yaxınlaşır. Çar Rusiyası dövründə həmvətənlərinin ağır güzəranını, təhkimçi kəndlilərin dözülməz vəziyyətini ürək ağrısı ilə müşahidə edən, yüksək vətəndaşlıq duyğusu ilə qələmə alan N.A.Nekrasovun ədəbi irsi klassik rus poeziyasının ən qiymətli səhifələrindəndir. O, rus ədəbiyyatına inqilabçı - demokratik poeziyanın ən gözəl nümayəndəsi kimi daxil olmuşdur. XIX əsrin böyük bir dövrünü yaradıcılığında əks etdirən Nekrasov, öz əsərləri ilə təkcə yaşadığı əsr haqda oxucuların təəssüratını genişləndirməklə qalmır, onun əsərlərindən insanlar vətəni, öz xalqını sevməyi öyrənir, ictimai fəallığını artırır. Nekrasov poeziyasının tərbiyəvi əhəmiyyəti də bundadır. Şairin demokratizmi onun vətənpərvərliyindən, öz vətənini azad, məğrur və xoşbəxt görmək arzusundan irəli gəlirdi. Vətən sevgisinin mahiyyəti haqqında şair yazırdı ki, vətəni sevmək, hər şeydən əvvəl ona ürəkdən, ehtiraslı və səmərəli bir şəkildə xoş güzəran, maarif diləməkdir, bütün ləyaqətini və hətta həyatını ona qurban verməkdir; ondakı bütün yaxşı şeyləri ürəkdən sevmək və kamilliyə gedən yolda ona mane olan hər şeyə qarşı nifrətdir:

Sənətə xidmət et, vətəndaş ol sən!

Çalış insanlığa bir sirdaş ol sən.

Ucalt məhəbbətin qadir adını,

Ona tabe elə istedadını.

İlhamın, qüdrətin çoxdursa əgər,

Heç zaman sən onu vermə büruzə.

Çünki əməyində saçıb şəfəqlər,

O, öz - özünə çıxacaq üzə.

Nekrasovun böyüklü - kiçikli hər bir əsərini oxuyanda ilk dəfə diqqəti cəlb edən onun doğma xalqına, doğma rus torpağına olan tükənməz məhəbbətidir. Bu saf məhəbbət onun poetik fikirlərinin mayası, əsərlərinin cövhəridir. O, yalnız sevməklə, vətəninin ecazkar təbiətinin füsunkar mənzərələrinə heyran olmaqla kifayətlənmir; ana yurdunun hər dərdi, hər əzabı şairin həssas qəlbində əks-səda verib, güclü etiraz və üsyan səsinə çevrilir. Nekrasovun fikrincə, əsl poeziya həmişə həyatla bağlı olmalıdır. Vaxtilə məşhur dekabrist, şair və ictimai xadim olan Kondrati Fyodoroviç Rıleyevin irəli sürdüyü “Mən şair deyiləm, amma vətəndaşam” fikrini Nekrasov bir qədər də inkişaf etdirmişdi. Şair qəti bir fikir irəli sürürdü ki, özünü vətəndaş zənn edən bir kəs, vətənin dərdinə biganə qala bilməz. O, şairdə hər şeydən əvvəl vətəndaşlıq hissinin olmasını vacib bilirdi:

Sən şair olmaya bilərsən, inan,

Vətəndaş olmağa lakin borclusan.

Axı vətəndaşlıq nə deməkdir, nə?

Layiqli oğuldur o vətəninə.

İnqilabçı şair Nekrasov bu fikirdə idi ki, poeziya xalqın azadlığı işinə xidmət etməlidir. Ona görə də şair göstərirdi ki, doğma anasını müsibət içində görən oğul, sakit tamaşa edib kənarda qala bilməz. Vətənin namusu, şərəfi üçün, etiqad və məhəbbət uğrunda odun içinə girmək də azdır. Belə bir iş üstündə həlak olan oğul mənasız ölmür, al qanı boş yerə tökülmür. Şairin fikrincə, vətəninin övladı olan belə namuslu vətəndaşlar vətənə çox lazımdır. On görə də Nekrasovun bu sətirləri döyüş şüarına çevrilib ölkənin hər yerində inqilabçılar tərəfindən əzbərdən təkrar olunurdu.Şair - vətəndaşın odlu sətirləri Rusiyanın qabaqcıl adamlarında ümid yaratmaqla bərabər, istismarçılar aləminə nifrət hisslərini də gücləndirirdi.

Nekrasovun böyüklüyü bir də onda idi ki, o, Lermontovun ölümündən sonra rus poeziyasında yaranan durğunluğu hiss etmişdi. O, duymuşdu ki, poeziya ədəbiyyatın başqa janrlarına nisbətən həyatın tələblərindən geri qalır. Nekrasov bunlara son qoydu, rus şeirinin şərəfini bərpa etdi, ona yeni məna və məzmun gətirdi, dövrün tələblərinə cavab verə biləcək mübariz bir poeziya səviyyəsinə qaldırdı. Rus ədəbiyyatında rus kəndlisi birinci dəfə olaraq Nekrasov poeziyasında özünün yüksək mövqeyini tutdu, özünün bütün qüdrətini, eyni zamanda zəif cəhətlərini də ilk dəfə Nekrasov poeziyasında aydın gördü, birinci dəfə olaraq öz düşmənlərinin kimlərdən ibarət olduğunu, onların bütün çirkin, vəhşi sifətlərini və niyyətlərini Nekrasov poeziyasından öyrəndi.

Lakin Nekrasov xalqının halına acı göz yaşları tökməmiş, əksinə, ən qəzəbli misraları ilə elin-obanın düşmənlərini damğalamışdı. Əslində böyük sənətkarların hamısının yaradıcılığında bu iki duyğu-məhəbbət və nifrət hissləri həmişə qoşa olmuşdur. Həqiqi sənətkarlar vətəni səmimi məhəbbətlə sevdikləri kimi, ona dərd verənlərə, bəla gətirənlərə qarşı da amansız, barışmaz olmuşlar. Ona görə də belə ədiblərin əsərlərində lirika ilə satira əksər hallarda bərabər addımlamışlar. “Portretlər” adlı şeirində Nekrasov öz dövrünün bir çox məşhur adamlarının, rütbə və mənsəb sahiblərinin real və inandırıcı satirik portretlərini yaratmışdır.

Ədalətsiz məhkəmə hakimlərini, ədabaz şair, aktyor və musiqiçiləri, bivec ziyalıları, xəyanətkarlıqla iş başına keçən çinovnikləri amansız tənqid atəşinə tutan şair, əsərin bir hissəsində yazır:

Günahı böyükdür məhkəmələrin,

Hakimlər kor olmuş uşaq kimidir.

Həlli beş yüz illik vaxt tələb edən

İşi bir ləhzədə onlar həll edir.

Odlu, qəzəbli misralar şairin qələmindən birdən - birə kağıza köçürülmürdü. Şairin sətirləri onun yaralı qəlbinin fəryadı, yanıqlı ruhunun üsyanı idi. Çünki o, hər şeydən əvvəl Rusiyanın, əzəmətli və cəfakeş, “miskin və məğrur” bir torpağın əsl övladı, əsl vətəndaşı idi. Nekrasov öz şeirini “intiqam və kədər pərisi” adlandırırdı. Çünki onun ilham pərisi xalqın əzab və göz yaşlarını tərənnüm etməklə bərabər, insanları əsarətə qarşı intiqama çağırır, o, amansız bir mübarizə başlanacağına and içirdi. Qabaqcıl rus inqilabçı - demokratları - Belinski, Çernışevski və Dobrolyubovun ən yaxın dostu və silahdaşı olan Nekrasov, “sənət sənət üçündür” nəzəriyyəsinə tamamilə qarşı çıxaraq,vətəndaş şeirinin, xalq şeirinin bayrağını yüksəklərə qaldırmışdı.

Nekrasovu təkcə qabaqcıl rus ziyalıları deyil, bütün xalq sevirdi. Dobrolyubov şairin yeni nəsli gələcək azad Rusiyanın yolunda can qurban verməyə çağıran “Yeremuşka haqqında mahnı” adlı əsərini oxuduqdan sonra dostlarının birinə yazmışdı: “Bu şeiri sev, əzbərlə və unutma. Didaktikdir, lakin bizim gənc nəslin ürəyindən xəbər verir. Aman Allah, əgər senzuranın təzyiqi olmasaydı, Nekrasov nə qədər gözəl şeirlər yaza bilərdi!..”. Dobrolyubov Nekrasovu “Sevimli rus şairi, bizim şeirimizdə xeyirxahlığın ilk nümayəndəsi, həyat və qüvvət ifadə edən yeganə talant” adlandırmışdı.

Dostları Nekrasovun qüdrətli ilhamına qanad verir, yaradıcılıq üfüqlərini genişləndirirdi. Şair bu məsləkdaşlarının parlaq zəkalarının, xalq azadlığı üçün yanan ürəklərinin, müqəddəs amallarının, cəsarət və fədakarlıqlarının pərəstişkarı idi. Birlikdə keçən anları şair ömrü boyu unutmurdu.

N. A .Nekrasov 1821-ci il dekabrın 10-da varlı mülkədar ailəsində anadan olub. O, üç yaşında ikən atası Aleksey Sergeyeviç xidmət etdiyi Ukraynanın Kamenes - Podolsk quberniyasında mayor rütbəsində istefaya çıxıb, ata - baba mülkünün yerləşdiyi Yaroslavsk quberniyasının Qreşnyov kəndinə köçür. Nekrasovun uşaqlıq illəri burada, Volqa çayının sahilində, təbiətin qoynunda keçir.

Həssas, yaraşıqlı, mavigözlü, zəngin mənəviyyatlı qadın olan anası Yelena Andreyevna mütaliəni çox sevir, fransız və polyakca kitablar oxuyur, musiqi ilə maraqlanır, pianoda ifa edir, məlahətli səslə oxuyardı. Lakin Aleksey Sergeyeviç belə bir mənəvi sərvəti anlaya biləcək dərəcədə kamil adam deyildi. Bu səbəbdən gözəl Yelena özünü bir gün belə xoşbəxt hiss etməz, ürəyi açılmaz, üzü gülməzdi. Hətta bir dəfə əri balaca Nikolayın yanında məşuqəsi olan yad bir qadını Yelenanın otağına gətirmiş, həmin qadına ifrat dərəcədə qulluq etməyi arvadından tələb etmişdi. Yelena bu haqsız tələbdən imtina etdiyi üçün qəddar əri tərəfindən döyülmüş, acı göz yaşları, hıçqırıqlar içində boğula - boğula oğlunun qolundan tutub otaqdan çıxmışdı.

O gündən balaca Nikolayın şair qəlbi gizli də olsa, atadan küsmüş, ömürlük əzablara düçar olan tənha, kimsəsiz qadına – anasına sığınmışdı.Yelenanın yeganə təsəllisi uşağının ona qəlbən bağlanması, hər addımda sevimli anasına havadar çıxması idi. Odur ki, Yelena ailə həyatının ən böhranlı günlərində dərdini dağıtmaq üçün uşağının əlindən tutub tez - tez bağçaya çıxar, oğlunu bağrına basaraq, oxşar, ağlayardı. Beləliklə, sevimli ananın qəmli həyatı və atanın zalım rəftarı balaca Nekrasovun şüurunu həyat və insan taleyi haqqında düşündürən ilk səbəb, ilk dərd olmuşdu. Odur ki, Nekrasov bu dərdli ananı, onunla birlikdə sevimli bacıları Anna və Yelizavetanı ömrünün son günlərinə qədər belə unuda bilməmiş, “Vətən”, “Ana”, “Laylay”, “Rus qadınları”, “Bir saatlıq cəngavər” və s. kimi bir çox əsərlərində bu gözəl insanları xatırlamış, onların qəmlərindən bəhs etmişdi. Bu da təsadüfi deyildi ki, Nekrasov 7 yaşında ikən yazdığı “Sevimli anacan...qəbul ediniz...” misrası ilə başlanan şeirini anasına - Yelena Andreyevnaya həsr etmişdi.

Atası da öz zövqünü oğluna aşılayar, hara gedərdisə, onu da özü ilə aparar, gəzdirər, əyləndirərdi. Buna görə də Nikolay hələ 10 yaşında ikən gözəl və inadkar bir ovçu, nişançı olmuşdu. O, at çapmaqda da mahir idi, möhkəm iradəsi, fövqəladə çevikliyi, atəşin təbiəti vardı.

Nekrasov balaca vaxtlarından Volqanı çox sevmiş, rus xalqının ictimai həyatı və bu həyatın mənası haqqındakı ilk dərslərini məğrur çayın sahillərində almışdı. Buradakı həyat Nekrasovu amansız təhkimçilik hüququ ilə erkən tanış etmiş, bu məzlum kəndlilərə verilən ağır cismani cəzaları gözləri ilə görmüş, burlakların acınacaqlı həyatı ilə yaxından tanış olmuşdu. Bir dəfə Nekrasov yoxsul balıqçılar arasında dolaşarkən onlardan birinin əmək şəraitinin ağırlığına artıq dözə bilməyərək: “...Ah, Allah, mənə səhərə qədər üzüsulu bir ölüm versəydi, nə olardı...”- dediyini eşitmiş və bu sözdən o qədər sarsılmışdı ki, öz sevimli çayına da nifrət və hiddətlə baxmağa başlamış, məğrur Volqanı “kölələr çayı, kədər və qubar çayı” adlandıraraq, yazmışdı:

Ah, nə qədər ağladım,

Doğma çayın o qəmli,

Kədərli sahilində.

Boğdu məni bir anda,

Sahilində duranda,

Volqamızın o səhər

Hıçqırıqlar, ələmlər.

Dedim: Qullar çayısan,

Kədər, qubar çayısan!..

O, kiçik yaşlarından burlakların kədərli mahnılarını dinləyir, Sibir sürgününə göndərilən ayağıqandallı dustaqların əzab - əziyyətləri onun uşaq qəlbində təəssüf dolu acı izlər qoyurdu. Atasının ailədə olduğu kimi, təhkimli kəndlilərlə də kobud rəftarı ömrü boyu Nekrasovun hafizəsindən silinməmişdi.

Nekrasov mütaliəni çox sevirdi. Onda ədəbiyyata, şeirə həvəs, kitaba sonsuz maraq anasından keçən ən gözəl xüsusiyyət idi. Onun yeganə arzusu şair olmaq idi. Anası da oğlunu ədəbiyyatçı, şair görmək istəyirdi. Atası bu arzunun qəti əleyhinə olaraq, Nikolayı hərbçi - zabit kimi yetişdirməyə çalışırdı.

1838-ci ildə 17 yaşlı Nikolay Peterburqa gələrkən atasının göndərdiyi hərbi məktəbə deyil, universitetə daxil olmaq fikrinə düşür. Müvəffəqiyyətsizliyə uğrayan gənc, universitetə yalnız azad dinləyici kimi daxil ola bilir. Bundan qəzəblənən atası oğluna maddi köməkdən imtina edir, onu övlad kimi tanımaq istəmir. Beləliklə, Nekrasov çıxılmaz, çətin vəziyyətə düşür. İşə düzələ bilməyən oğlan üç il Peterburq küçələrində bir parça çörəyə möhtac qalır. Gecələməyə yeri olmur. Qışı isti paltarsız keçirən Nekrasov iradəsindən dönmür, çap etdirə bilməsə də,şeir yazmaqdan qalmır, onları dəftərinə köçürür. Həyatının ən ağır anlarında da şair olmaq fikrindən dönmür.

Hələ gimnaziyada oxuduğu illərdə yazdığı ilk şeirlərini dostlarının köməyi ilə 1840-cı ildə çapa hazırlayır. Onun “Arzular və səslər” adlı ilk şeirlər məcmuəsi nəşr olunur. Bu məcmuədən sonra Nekrasovun cəmiyyətdəki haqsızlıqları tənqid edən oçerk və felyetonları ərsəyə gəlir ki, onların bir çoxu şeirlə yazılmışdır.Təsadüfi deyildir ki, 1843-cü ildə nəşr etdirdiyi kitabını da şair “Şeirlə məqalələr, şəkilsiz” adlandırmışdır.O, hansı janrda yazırsa- yazsın, birinci növbədə şair olaraq qalırdı.

Nekrasov bir müddət Rusiyanın kitab mədəniyyətini zənginləşdirmək üçün nəşriyyat işləri ilə məşğul olmuşdu. Şair 1843-1845-ci illərdə klassik rus və müasir şair, ədiblərin əsərlərindən ibarət bir neçə külliyyat, almanax, məqalələr məcmuəsi və s. nəşr etmişdi.

1844 -1845-ci illərdə Nekrasov bir sıra povest, felyeton və oçerklərini yazır ki, bunların içində “Peterburq guşələri” xüsusi yer tuturdu. Onu da qeyd etmək istərdim ki, nəsr əsərləri yazmaq Nekrasovun imkanlarının daha geniş olduğunu təsdiq edirdi. Məcmuədə müəllif şəhər ətraflarını, çirkli həyətləri, üfunətli zirzəmiləri, burada yaşayan miskin, bədbəxt adamları təsvir edir. Belinski “Peterburq guşələri”ni yüksək qiymətləndirir, Nekrasovun qeyri - adi müşahidəçilik qabiliyyətini, gördüklərini ustalıqla təsvir etməsini əsərin dəyərli xüsusiyyətlərindən hesab edirdi.

1850- ci ildə yazdığı “Yolda” adlı şeirini Belinskiyə oxuyarkən Vissarion Qriqoryeviç həyəcanlı halda Nekrasovu bağrına basıb, “Heç bilirsinizmi ki, siz şairsiniz, özü də əsl şair!”- demişdi.

N. A. Nekrasov rus ədəbiyyatı və ictimai fikri tarixinə yalnız şair kimi deyil, eyni zamanda istedadlı redaktor və mübariz bir jurnalist kimi də daxil olmuşdur. Hələ gənc yaşlarından - Yaroslavl gimnaziyasında oxuduğu zamandan onda mətbuata qarşı dərin maraq oyanmışdı. Həmin dövrdə nəşr edilən “Moskva universitetinin elmi xəbərləri”, “Moskovskiye vedomosti”, “Teleskop”, “Moskovskiy nablyudatel”, “Biblioteka dlya çteniya”, “S. Peterburqskiye vedomosti” və s. jurnalları böyük həvəslə oxuyan Nekrasov, öz yoldaşlarına demişdi: “Mən daha yaxşı nəşr edərəm”.

Mütəxəssislər haqlı olaraq qeyd edirlər ki, XIX əsr rus jurnalistikası Nekrasovun adı ilə bağlıdır. Ömrünün çoxunu mətbuat sahəsində işləməklə keçirən bu böyük jurnalist , Rusiyada mübariz, mütərəqqi mətbuatın təşkilatçılarından və rəhbərlərindən biri olmuşdur. Nekrasovun nəşr etdiyi jurnallar həmin əsrdə Rusiyada ən görkəmli adamların yetişməsində, onların tərbiyə olunmasında böyük rol oynamışdır.

1848- ci ildə Nekrasov vaxtilə Puşkin tərəfindən təsis edilmiş “Sovremennik” məcmuəsini icarəyə götürdü. Onun yorulmaz fəaliyyəti nəticəsində jurnal qısa bir müddətdə inqilabçı - demokratların mübariz orqanına çevrildi. Gertseni, Çernışevskini,Turgenevi, Dobrolyubovu, Qonçarovu, Şedrini, Dostoyevskini, Lev Tolstoyu və bir çox başqalarını “Sovremennik” jurnalında çap edən və xalqa tanıtdıran məhz Nekrasov idi. Nekrasov da özünün qabaqcıl müasirlərindən, dostlarından çox şey öyrənirdi.

“Rusiyanı bürüyən yeddiillik qaranlıq gecə” adlanan 1848-1855-ci illərdə “Sovremennik”in işi çox çətinləşdi.1866-cı ildə jurnal tamamilə bağlandı.

“Sovremennik” bağlanandan sonra Nekrasov öz redaktorluq fəaliyyətini dayandırmadı. O, 1867-ci ildə “Oteçestvennıye zapiski” jurnalının naşiri Krayevski ilə danışaraq, nəşrin redaktorluğunu öz əlinə aldı. Sədaqətli dostlarını yenə ətrafına toplayaraq, bu jurnalı da inqilabçı demokratiyanın orqanına çevirə bildi.

Şairin mövqeyi təbiiki senzuranın xoşuna gələ bilməzdi. Hökumət tərəfindən mətbuat işləri idarəsinə verilən bir tapşırıqda deyilirdi: “Nekrasovun hökumət üçün nə qədər qorxulu olduğuna hələ də göz yumanlar var. Bu məsuliyyət birinci növbədə senzura komitəsinin və dövlət - mühafizə idarələrinin öhdəsinə düşür”. Buna baxmayaraq, şair - jurnalist öz jurnalının nüfuzunu ömrünün sonuna qədər qoruyub saxlaya bildi.

Nekrasov 20 il “Sovremennik”in, 10 il “Oteçestvennıye zapiski”nin redaktoru və naşiri olmuşdur. 30 il ərzində rus cəmiyyəti və rus xalqı Nekrasovdan almanaxlardan başqa 350 nömrə jurnal almışdı ki, bu nömrələr orta hesabla 18 milyon nəfər tərəfindən oxunmuşdu.

“Nekrasov ideal bir redaktor - naşir idi”, “Nekrasovdan yaxşı bir redaktor tanımıram”, “Rus jurnalistikasının taleyi Nekrasova çox borcludur”-bu fikirləri onun müasirləri olan M. A. Antonoviç, P. Kovalevski, A.S.Suvorin söyləmişdi.

Nekrasov əsərlərinin çoxunu canlı həyat müşahidələrinə əsaslanıb yaradırıdı. Şair özü də: “Hər yazıçının özünəməxsusluğu var. Mənimki reallıqdır”- demişdi. Nekrasov yaradıcılığının böyük məziyyətlərindən biri də budur ki, onun rus həyatında görüb duyduğu reallıq birtərəfli, zahiri reallıq deyildi.Şair mənsub olduğu xalqın ürəyində, daxilində, mənviyyatında olan reallığı, real şüuru da kəşf etmişdi.Bu real şüurda isə xalqın qüdrəti, əzəməti qorunurdu. Müdrik şair ürəyi bu qüdrəti duyduğuna görədir ki, Nekrasov rus xalqının xoşbəxt gələcəyinə dərin inam bəsləyir və bu inamın tərənnümü onun yaradıcılığında xüsusi yer tuturdu. Rus xalqına, rus kəndlilərinə və bütün zəhmətkeş insanlara məhəbbət, Rusiyanın böyük və işıqlı gələcəyinə inam onun poeziyasının əsas mövzusu idi.

Nekrasov kənddən ayrıldıqdan sonra da kəndliləri tərk etməmişdi. Şairin arxivində bir çox kəndli dostlarına yazdığı məktublar və onlardan aldığı cavablar mühafizə olunmaqdadır.

Ömrünün on dörd ilini “Rus elində kimin günü xoş keçir” poemasının yazılmasına həsr edən şair, burada rus xalqının islahatdan əvvəl və sonrakı həyatının geniş və dolğun mənzərəsini yaratmışdır. Şair əsl xalq eposu yaratmaq üçün müxtəlif poetik formalardan, rus xalq yaradıcılığına xas olan oynaq ritmlərdən, əfsanə və rəvayətlərdən, nağıllardan, mərasim nəğmələrindən, xalqın müxtəlif adət və ənənələrindən geniş istifadə etmiş, əsəri xalq danışıq tərzinə uyğunlaşdırmış, folklorun bütün təbii çalarlarını təqdim etmişdir. Bu keyfiyyətlərinə görə “Ən milli rus şairi” adlandırılan Nekrasov, rus elində kimin yaxşı yaşadığını öyrənmək məqsədi ilə səfərə çıxan yeddi kəndlini az qala bütün Rusiya boyu gəzdirir, müxtəlif təbəqələrlə qarşılaşdırır, xalq azadlığı uğrunda mübarizə aparan “Xalq qəhrəmanları” ilə görüşdürür. Bunların fonunda şair ictimai həyatdakı ümumi vəziyyət, insan taleyinin acınacaqlı durumu ilə bərabər, xalqın möhkəm iradəsini, yenilməz gücünü, sarsılmaz birliyini də əks etdirir.

Nekrasov “Şaxta çovğun, qırmızıburun” poemasını bacısı Anna Alekseyevnaya həsr etmişdir. Şairin anasına və bacısına olan dərin məhəbbəti bu poemanın meydana çıxmasında mühüm rol oynamışdır. Poema rus kəndlilərini, xüsusən kəndli qadınları içəridən didib - parçalayan əzabları, fiziki işgəncələri, onların daxili dünyasında cərəyan edən hiss və meylləri açıb göstərir. Poemanın məğzini üç obrazlı surətdə verilmiş motiv təşkil esir: soyuq, tənhalıq, ehtiyac. Oxucu bütün əsər boyu həyatın bu üç çətin və qasırğalı hadisələri ilə qarşılaşan rus qadınlarının taleyini izləyir, təhkimçilk dünyasının dəhşətli, əzablı günləri içərisində doğulan, işgəncələr çəkən və məhv olan rus kəndlilərinin məşəqqətli həyat tərzi onun gözləri önündə canlanır.

Nekrasovun ən böyük niyyəti xalqının səadəti olmuşdur. O, ömrü boyu öz vətənini və xalqını azad, məğrur və xoşbəxt görmək arzusu ilə yaşayıb- yaratmışdır.

N. A.Nekrasov 1878-ci ilin yanvarın 8-də vəfat etdi. Şairin dəfni böyük bir nümayişə çevrilmişdi. Məzar başında Dostoyevski nitq söyləyərkən “Öz istedadına görə Nekrasov Puşkindən aşağıda durmur” fikrini deyən zaman hər tərəfdən nidalar ucalır: “O, rus şairlərinin hamısından yüksəkdir!”.

Bir Peterburq işçisi öz sadə nitqini şairin düşmənlərinə qarşı nifrətini ifadə edərək belə bitirir: “Nekrasovun məzarı ətrafında tikanlar bitə bilməz!..”

Reyhan Mirzəzadə

Publisist-politoloq.

# 1059 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
#
#
# # #