Əlindən tutduğum o park...

Əlindən tutduğum o park...
3 sentyabr 2014
# 15:01

Kulis.Az Bəxtiyar Əlirzayevin yeni şeirlərini təqdim edir

Duz adam

(Qüzeydə asılanlara)

Hər dəfə quruyan gölə baxdıqca

gözləri bir az da çuxuruna çəkilirdi...

üzündəki acılar çilik-çilik olub

içinə tökülürdü...

Əlini belinə qoyub

uzaqlara baxa bilmirdi daha.

Göylər hasar, yerlər hasar,

duaları yetişmirdi Allaha...

Quruyan gölə baxdıqca,

duz dolurdu gözlərinə, duz.

Göyqurşağını görə bilmirdi

rəngsizlik iliyə işləyirdi, iliyə...

Bir gün dözmədi,

Hayqırdı, bağırdı...

“Hər yer ağarır, kor olmaq istəyirəm!” - deyə.

Həmin gecə gəlib apardılar duz adamı

çardağında qaranquş yuvaları

dağıdılmayan evindən.

Və bir gün...

sərçələrin belə

civildəşməyə gücü çatmayan bir gündə

ömrünün su çağında

asdılar duz adamı...

Evinin çardağında

heç vaxt dağıdılmayacaq

qaranquş yuvası qaldı...

***

Gözəllərdən sorma məni,

üzümü heç görmədilər.

Ağacların kölgəsində yalqız-yalqız

quyruq qısıb, gözün döyən

köpəklərə de adımı,

tanıyarlar...

ulartımı

çox dinlədilər...

Əllərimdən tutma belə

əllərim at ayağıdı

qabar-qabar...

ürəyimə yaxın gəlmə

qırmızı cəllad otağıdı

cadar-cadar...

İşıqlı yerlərdə işığım yoxdu

səhərlərə ümidim...

Qara qınaq topuyam mən,

oynamağa həvəslənmə!

Hamı kimi bir gün sən də

qınama ki, demədim.

***

Xəbər tutdunmu, sevdiciyim?

Bizim o parkı sökdülər...

Əvvəl Afrikadan gələn

qəribə ağaclar əkmişdilər...

Sonra əlli kişi yığışıb oraya

işıqsız dirəklər əkdilər...

O saatlarla baxdığımız

qarışqa yuvası vardı ha...

üstündən asfalt çəkdilər...

Eh, sevdiciyim, eh...

Sarı-sarı güllər dikdilər oraya...

bitməyə macal tapmayan güllər...

Qara-qara ayaqlar tapdayıb keçsin deyə...

Eh, sevdiciyim, xəbər tutdunmu?

İlk dəfə əlindən tutduğum o park vardı ha...

- "Veteran parkı"

İndi yoxdu...

# 2772 dəfə oxunub

Oxşar xəbərlər

"O səs yaşadıqca mənim də ilk məhəbbətim yaşayacaq..." - Səhnəmizin kişi siması haqqında

"O səs yaşadıqca mənim də ilk məhəbbətim yaşayacaq..." - Səhnəmizin kişi siması haqqında

11:15 30 oktyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər