Orhan Pamuk bəkarət haqqında

Orhan Pamuk bəkarət haqqında
8 dekabr 2014
# 13:19

Kulis.Az Orhan Pamukun “Məsumiyyət muzeyi” romanından “Bəzi naxoş antropoloji həqiqətlər” fəslini təqdim edir.

“Sahib olmaq” ifadəsindən söz açdığıma görə, hekayəmin alt qatını təşkil edən və bəzi oxucularımız ilə bəzi ziyarətçilərimiz tərəfindən də onsuz çox yaxşı bilinən bir mövzuya yenidən dönək. Özəlliklə çox sonrakı nəsillərin, məsələn 2100-cü ildən sonra muzeyimizə gələn qonaqların bu mövzunu başa düşməkdə çətinlik çəkə biləcəklərini təxmin edərək “antropoloji” adlanan bəzi xoşagəlməz – köhnə adamlar naxoş deyərdi – məlumatları yenidən, qorxmadan indi verməyim lazımdır.

İsadan 1975 günəş ili sonra, mərkəzi İstanbul olan Balkanlar, Yaxın Şərq, Cənubi və Qərbi Aralıq dənizi torpaqlarında gənc qızların “bəkarəti”, ərə gedənə qədər qorunması vacib olan bir xəzinə olmağa davam edirdi. Qərbləşmə, modernləşmə deyilən proseslər və daha çox şəhərləşmə nəticəsində gənc qızların daha gec yaşda ərə getmələri, bu xəzinənin praktik dəyərini İstanbulun bəzi yerlərində yüngülvarı ucuzlaşdırmışdı. qərbləşmə tərəfdarları, müasirləşmə ilə eyni şey hesab etdikləri modernləşmə nəticəsində, bu əxlaqın və hətta mövzunun unudulacağına sadəlövhlüklə inanırdılar. Amma o illərdə İstanbulun ən qərbləşmiş və varlı çevrələrində belə, gənc bir qızın evlilikdən əvvəl başqa bir kişi ilə “sonuna qədər” gedərək sevişməsinin bəzi mənaları və nəticələri vardı:

a) Çıxarıla bilən ən yüngül nəticə, danışdığım kimi, gənclərin onsuz da evlənməyə qərar vermələriydi. Qərbləşmiş imkanlı çevrələrdə nişanlanmış, ya da “evliliyə dönəcək münasibətləri” ətraflarına kütləvi olaraq qəbul etdirmiş “ciddi” gənclərin evlənməmişdən qabaq sevişmələri, Sibellə mənim münasibətlərimdə olduğu kimi nadir də olsa, tolerant qarşılanırdı. Gələcəkdə ərə gedə biləcəyi kişilərlə evlənməmişdən əvvəl yatan, üst sinfə mənsub, yaxşı təhsilli gənc qadınlar, bu hərəkətlərini onlara hiss etdikləri güvəndən çox, adətləri ciddiyə almayacaq qədər modernləşmiş və azad olmaqlarına bağlamaqdan xoşları gəlirdi.

b) Arada inamın olmadığı və “münasibətin” geniş şəkildə qəbul edilmədiyi vaxtlarda kişi qadını zorlayırsa, hədsiz şiddət, alkoqol, axmaqlıq və cəsarət kimi geniş yayılmış səbəblər qarşısında gənc qız “özünü saxlaya bilməyib” bəkarətini təslim edirsə, ənənəvi qürur hissinə bağlı olmaq məcburiyyətində qalan kişi qızın şərəfini qorumaq naminə onunla evlənməli olurdu. Cavanlıq dostum Məmmədin qardaşı Əhməd, indi çox xoşbəxt olduğu həyat yoldaşı Sevda ilə belə bir qəza nəticəsində və peşmanlıq qorxusuyla evlənmişdi.

c) Kişi aradan sivişib qızla evlənməzsə və qız on səkkiz yaşından kiçikdirsə, qəzəbli atası bəzən qızını şorgöz kişiyə ərə verə bilmək üçün məhkəməyə müraciət edərdi. Bəzən bu məhkəmə prosesləri mətbuat tərəfindən izlənilir, o zaman qəzetlərin “aldadılmış” dediyi gənc qızın işıq üzü görən fotolarında gözləri - bu şərəfsiz durumda tanınmasın deyə - qalın qara xətlə bağlanırdı. Eyni formalı qara lentlər polis əməliyyatı nəticəsində ələ keçən fahişələrin, zina edən və zorlanan qadınların qəzetlərdə çıxan şəkillərində də istifadə edildiyi üçün o illərdə Türkiyədə qəzet oxumaq gözlərinin üstü lentlərlə örtülmüş qadın şəkillərindən ibarət maskalı balda gəzişməyə bənzəyirdi. Onsuz da “yüngül” qəbul edilən müğənni, artist və gözəllik müsabiqəsi iştirakçılarından başqa, qəzetlərdə gözləri qara lentlə örtülməmiş Türk qadını fotosu nadir halda yayımlanır, reklamlarda da müsəlman olmayan qadınlara və simalara üstünlük verilirdi.

ç) Ağlı başında olan və bakirə gənc qızın belə vəziyyətə düşməsi, onunla evlənmək niyyəti olmayan bir kişiyə özünü “təslim etməsi” ağla gəlmədiyi üçün, belə bir iş görən, yəni evlənmək üçün əhd-peymanı və ümidi olmadan kişi ilə yatan qızın ağlının başında olmaması inancı çox geniş yayılmışdı. O illərdə çox sevilən türk filmlərində “məsum” bir rəqs gecəsində içdiyi limonada yuxu dərmanı atılaraq öncə keyidilən, sonra da “kirləndirilib” “ən qiymətli xəzinəsi” əlindən alınan gənc qızların kədərli hekayəsi ibrət olsun deyə melodramatik ovqatla tez-tez işlənir və bu filmlərdə yaxşılar həmişə ölür, pislər isə fahişə olurdu.

d) Cinsi istəyin də qızın ağlını başından alması şübhəsiz ki, qəbul edilirdi. Amma cinsi istəyi naminə uğrunda insanların bir-birini öldürdüyü adətləri tapdalayan bu istəkli və ehtiraslı qızın həm inanılmaz bir varlıq olduğu, həm də sırf ehtirası ucbatından gələcəkdə ərini də aldada biləcəyi ehtimal olunduğu üçün onunla maraqlanan kişilər qorxurdu. Hədsiz mühafizəkar bir əsgər yoldaşım bir dəfə mənə sevgilisindən “evlənməmişdən əvvəl sevişdikləri üçün” (ancaq bir-biriləri ilə) ayrıldıqlarını bir az utanaraq və daha çox peşmanlıqla danışmışdı.

e) Bütün bu sərt qaydalara, onları pozan qızlara verilən və cəmiyyətdən uzaqlaşdırmaqdan tutmuş, öldürülməyə qədər olan bütün cəzalara rəğmən, şəhərin gənc kişiləri arasında ərə getməmişdən qabaq kişilərlə kefi üçün yatan saysız-hesabsız gənc qadınların olması inancı da inanılmaz dərəcədə geniş yayılmışdı. Sosioloqların “şəhər əfsanəsi” deyə biləcəyi bu inanc, xüsusilə əyalətdən İstanbula köçənlər, yoxsullar və kiçik burjuaziya arasında – eynilə qərbli uşaqların Şaxta babaya inanması kimi – o qədər yayılmış və birmənalı olaraq qəbul olunmuşdu ki, Taksim, Beyoğlu, Şişli, Nişantaşı, Bebek kimi zəngin yerlərdə yaşayan qərbləşmiş modern gənclər də, xüsusilə cinci aclıq böhranı keçirərkən, bu şəhər əfsanələrinə uyurdular. Ərə getməmişdən qabaq “Eynilə avropalı qadınlar kimi” sırf istəyin üçün kişilərlə sevişə bilən bu qadınların hekayəmizin yaşandığı Nişantaşı kimi yerlərdə yaşadıqları, başlarını örtməyib mini yubka geyindikləri də hamı tərəfindən qəbul olunan bir əfsanə idi. Fabrik sahibi ataların oğlu olan Bic Hilmi kimi dostlarım isə, bu əfsanə qızları özləri kimi imkanlıların uşaqlarına yaxınlaşa bilmək, onların “Mersedes”lərinə minə bilmək üçün hər şeyə qadir olan ehtiraslı varlıqlar kimi xəyallarında canlandırardı. Şənbə günləri bir az pivə içəndən sonra sərxoş olub qızışdıqları vaxtlarda maşınla bu qızlardan birinə rast gəlmək üçün küçə-küçə, prospekt-prospekt, dalan-dalan bütün İstanbulu gözdən keçirirdilər. On il öncə iyirmi yaşım olanda, bir qış axşamı Bic Hilminin atasının “Mersedes”iylə İstanbul küçələrində saatlarla belə bir qız axtararaq keçirmiş, qısa, ya da uzun yubkalı heç bir qadınla rastlaşmamış, Sonra Bebekdə lüks bir oteldə turistlər və harın adamlar üçün göbək rəqsi edən iki əyləncəli qızla sutiniyorlarına çox böyük məbləğdə pul verib yuxarıdakı otaqların birində yatmışdıq. Gələcək xoşbəxt əsrlərin oxucularının məni qınamasını indi nəzərə ala bilmirəm. Amma dostum Hilmini müdafiə etmək istəyirəm: bütün kobudluğuna rəğmən, Hilmi hər mini yubkalı qızı kef üçün yatan bu əfsanə qızlardan biri hesab etməz, əksinə mini yubkalı, saçları sarıya boyanmış, makiyajlı olduğu üçün küçələrdə arxasınca düşülən qızları təcavüzçülərdən qoruyur, yoxsul, əzilmiş, işsiz-gücsüz və bığlı gənclərlə lazım gələndə mədəniyyətin nə olduğunu, “Qadınlarla necə davranmağı?” göstərmək üçün əlbəyaxa davalara girişirdi.

Bu antropoloji məlumatı bura Füsunun eşq hekayələrinin içimdə oyandırdığı qısqanclıqla aramda bir uzaqlıq olsun deyə yazdığımı diqqətli oxucular hiss etmişdirlər. Ən çox Turgay bəyi qısqanmışdım. O da mənim kimi Nişantaşında yaşayan tanış bir fabrik sahibinin oğlu olduğu üçün qısqanclığımı təbii qarşılayır, keçici olduğuna inanırdım.

Çevirən: Cəlil Cavanşir

# 1551 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #