Şekspirə qarşı çıxanlar

Şekspirə qarşı çıxanlar
17 fevral 2018
# 16:52

Kulis.Az AzTV Mədəniyyət kanalının "Ədəbi dram verlişləri" redaksiyasının redaktoru Nazlı İbişovanın “Fransada klassisizmin təşəkkülü” məqaləsini təqdim edir.

İctimai-sosial mühit, həyatın özü həmişə ədəbiyyata mövzu verib. Yazıçılar cəmiyyət hadisələrinə biganə qalmayıb, əsərlərini həyatdan aldıqları təsir əsasında yaradıblar. XVII əsr Fransada cərəyan edən hadisələr də ədəbiyyata təsirsiz ötüşmədi. Cəmiyyətdə burjuaziyanın üstünlüyü, kral hakimiyyətinin güclənməsi, narazı xalq kütlələrinin etirazları-XVII əsr Fransanın sosial həyatının mənzərəsini təşkil edir.

İncəsənətin bütün sahələri, eləcə də ədəbiyyat cəmiyyətdə baş verən dəyişikliklərə biganə qalmadı. Müəyyən ideya-bədii cəhətlərinə görə bir-birinə yaxın olan yazıçı və şairlər bir qrup ətrafında toplaşdılar. Onlar təkcə yaratmır, həm də necə yaradacaqları haqda düşünürdülər. Və bu düşüncələr əsasında yeni cərəyanın ümumi prinsipləri meydana gəldi.

Klassisizm sözü latın dilindən törəyib, mənası “nümunəvi” deməkdir. Bu cərəyanın nümayəndələri Antik yazıçılara bənzəməyə çalışır və onların əsərlərini nümunəvi hesab edirdilər. Klassisizmin nümayəndələri metod etibarilə realist idilər. Lakin onların realizmi məhdud xarakter daşıyırdı. Klassistlərin riayət etdikləri ədəbi qayda qanunlar sxematik olduğu üçün həyat və insanları hərtərəfli əks etdirməyə imkan vermirdi. Onlar qəhrəmanın yalnız bir tipik xüsusiyyətini ümumiləşdirirdilər, Şekspir kimi hərtərəfli xarakter yaratmağa qarşı çıxırdılar.

Klassisizmin nəzəriyyəsini məşhur “Poeziya sənəti” əsərində Nikolo Bualo yaratmışdır. O, hesab edirdi ki, gözəllik haqqında anlayışın ən ideal nümunəsi antik dövrün klassik incəsənətidir. Buna görə də İntibah dövründə olduğu kimi klassistlər də antik incəsənətə üstünlük verirdilər. Parlaq nümayəndələrindən biri XVII əsr Fransa poeziyasının atası sayılan Fransua Malerbdir. O, klassisizmin tendensiyalarını işləmiş, yazıçılar qarşısında bəzi öhdəliklər qoymuşdu. Nikolo Bualo “Poetik incəsənət” kitabında Malerbi “poeziyanın günəşi” adlandırmışdı.

Bütün yaradıcılığı boyu Fransua Malerb tarixi-siyasi mövzulara üstünlük verir. Kral hakimiyyətinə rəğbət, monarxiyanın tərifi, feodalizmə mənfi münasibət şairin yaradıcılığının əsasını təşkil edir. Onun ən məşhur əsəri “Qızının ölümündən sonra cənab Dyüperyeyə təskinlik”, “Uğurlu Sedan yürüşü” və kral IV Henrixə həsr etdiyi odalardır. Krala ithaf etdiyi əsərlərində Malerb monarxiyanı digər dövlət quruluşlarından üstün tutur, IV Henrixi xalqın dayağı hesab edirdi.

Klassisizm cərəyanının prinsiplərinin formalaşmasında Malerbin böyük xidmətləri var. Fransua Malerb hər şeydən əvvəl fransız dilini latın, yunan, italyan, alman kimi əcnəbi dillərdən təmizləməyi tələb edirdi. Onun fikrincə forma üzərində ciddi işlənməli, poeziyada hökmən məntiqi aydınlıq və ahəngdarlıq olmalı idi.

Şairlərə hər bir sözün mənasını düzgün bilməyi, ifadə vasitələrini yerində işlətməyi, poetik dili daha da zənginləşdirməyi tövsiyə edirdi. Şair ədəbi dili sabitləşdirərkən canlı danışıq dilinə üstünlük verirdi. Malerbin göstərişləri təkcə poeziyaya yox, nəsrə də aid idi. Bu nəzəri fikirlər Fransa Akademiyasının salonlarında böyük rəğbətlə qarşılanmış və Malerb ədəbiyyatda klassisizm tendensiyalarının banisi kimi məşhurlaşmışdı.

Klassisizmin nəzəri əsaslarını bir çox yazıçı və alimlər işləyib, hazırlamışlar, demək olar ki, onların əksəriyyətinin məzmunu aşağıdakı kimidir: “Dramaturgiyada poeziyadan fərqli olaraq üç vəhdət qanununa əməl edilməsi tələb olunurdu. Bu, hərəkət, zaman və məkan vəhdətidir. Dram əsərlərində təkcə bir mövzu- hadisə olmalıydı, əlavə epizoda yer verilmirdi. Hadisələr qısa zaman kəsiyində, ən uzunu bir günün içərisində baş verib qurtarmalıydı. Üçüncü şərt isə məkan vəhdətidir ki, hadisələrin bir yerdə təsvir olunmasını tələb edirdi. Dramaturgiyada klassisizmin bu qanunu italyan, fransız, alman və rus ədəbiyyatında bir müddət dramaturgiyanın başlıca yolu olmuşdur. Klassistlər cəmiyyətdə iki təbəqə - ali və aşağı təbəqə mövcud olduğunu iddia etdikləri kimi, sənətdə də buna uyğun forma olduğunu düşünürdülər. Onlar tragediyanı, didaktik poemanı yüksək, komediya və satiranı isə aşağı dərəcəli janr hesab edirdilər. Bu prinsipə əsasən də onların qəhrəmanlarında yalnız bir xasiyyət - ya tragik xarakter, ya da komik xarakter ümumiləşdirilirdi.”

Klassist tragediyanın banisi XVII əsr Fransanın görkəmli dramaturqu Pyer Kornel hesab olunur. Fransa teatrının böyük simalarından olan Kornel ömrünün 40 ilini rejissorluğa həsr edib. Yaradıcılığa şeirlə başlayan Kornel 1620-ci ildə “Melita” komediyasını yazır. Əsər ilk dəfə Ruana qastrol səfərə gələn teatr truppası tərəfindən tamaşaya qoyulur və həmin vaxtdan teatrın repertuarına salınır.

Kornel köçəri həyat tərzi sürən həmin teatr truppası ilə birgə Parisə köçür. Burada o, klassisizm cərəyanının doktrinası ilə tanış olur. Digər əsərlərini yazmağa başlayır. Kornelin ilk faciə əsəri 1635-ci ildə tamaşaya qoyulan “Medeya”dır. Əsərdə Fransız əsilzadələrinin həyat tərzi və danışıq maneraları təsvir olunur. Tez bir zamanda hakim zümrənin diqqətini çəkən yazıçı Kordinal Rişelyenin şərəfinə şeirlər yazır. Bir müddət sonra Ruana gələn yazıçı burada şah əsəri sayılan “Sid” faciəsini yazır. Əsərin adı “paşa” anlamına gələn “əl-səyyid” sözünün fransızcaya uyğunlanması nəticəsində yaranıb.

1637-ci ildə tamaşaya qoyulan əsər böyük uğur qazansa da, tənqidçilərin hədəfinə çevrilir. Xüsusilə də o dövrdə məşhur yazıçı Georgies de Skuderinin mətbuatdakı yazıları Fransa Akademiyası tərəfindən əsərin yenidən incələnməsinə gətirib çıxarır. Titul vərəqində əsərin janrı tragikomediya kimi yazılmışdı. Klassistlər isə bu janrı kəskin tənqid edərək, qarışıq hesab edirdilər. Əsərin süjeti orta əsrlərə aid ispan eposundan götürüldüyündən Fransa hakim dairələri tərəfindən də etirazla qarşılanmışdı. Çünki həmin dövrdə Fransa ilə İspaniya arasında uzun illərdən bəri davam edən müharibə gedirdi. Kornelin əsərində isə ispanlar mehriban və xeyirxah təsvir olunmuşdu. Tənqidçilər həm də əsərdə klassisizmin önəmli prinsiplərindən olan 3 vəhdət qanuna əməl edilmədiyini, əxlaqi cəhətdən də yetərsiz olduğunu bildirmişdilər. Lakin klassisizm cərəyanın digər nümayəndəsi Molyerin yaradıcılığı bu prinsipləri köklü şəkildə dəyişdi.

Molyerin əsl adı Jan Batist Poklendir. O, “Yüksək” komediyanın banisi, dramaturq, aktyor və teatr xadimi kimi tanınır. 1622-ci ildə Parisdə dünyaya gələn Molyer ilk təhsilini Klermon kollecində alır. Burada o, hüququ, fəlsəfəni, yunan və latın dillərini mükəmməl öyrənir. Tələbəlik illərində Lukretsinin “Təbiət haqqında” fəlsəfi əsərini fransız dilinə tərcümə edir. Gənc yaşlarında Molyer həyatını teatrla bağlamağı qərara alır. 1643-cü ildə “Parlaq teatr” truppasını yaradır. Parisdə müvəffəqiyyət qazanmayan truppa 12 il fəaliyyət göstərdikdən sonra dağılır. Daha sonra Molyer Düfrenin başçılıq etdiyi teatr kollektivinə qoşulur. Bu truppa komik əsərlərlə çıxış edir, köçəri həyat sürürdü. Molyer dünyagörüşü, hərtərəfli savadı ilə yoldaşlarından seçilərək tezliklə kollektivə rəhbərlik etməyə başlayır.

Bu müddət ərzində o, xalq həyatını dərindən öyrənərək, gələcək əsərləri üçün zəngin material toplayır. Yaradıcılığa truppası üçün xalq farsları səpgisində yazdığı şən əhval-ruhiyyəli komediyalarla başlayır. Truppanın repertuar qıtlığı da Molyerin dramaturji fəaliyyətinə təkan verir. Parisə qayıtdıqdan sonra kral XV Lüdoviqin təqdirlərini qazanan Molyer, onun himayəsi altında işlərinə davam edir. Qısa müddətə Parisin ən görkəmli teatr xadiminə çevrilir.

Molyer əsərlərində müəyyən xarakterləri ələ salır, onların gülünc tərəflərini məsxərəyə qoyurdu. Hətta bəzən kilsə xadimlərini də tənqid etməkdən çəkinmirdi. Kral XV Lüdoviq satirik, əyləncəli və düşündürücü əsərləri bəyənir və Molyeri kilsəyə, əsilzadələrə qarşı qoruyurdu. Bundan ilhamlanan yazıçı bir-birinin ardınca özünün şah əsərlərini yazmağa başlayır. “Uçan təbib”, “Skapenin kələkləri”, "İstəksiz nikah", "Zorən təbib", "Mizantrop", "Xəsis", "Jorj Danden", "Sqanarel", "Don Juan" və bir çox digər əsərləri Fransa və dünya teatrlarına yol tapır.

Molyer əsərlərində feodal-zadəgan təbəqəsini satirik tənqidə tutur, cəmiyyətin çatışmazlıqlarını təsvir edirdi. Onun komediyaları psixoloji təsiri, sosial satirası və humanist ruhu ilə əvvəlki komediyalardan tamamilə seçilirdi.

1673-cü ildə “Zorən xəstə” komediyasının tamaşasından bir neçə saat sonra səhhəti pisləşən yazıçı vəfat edir. O təkcə Fransa yox, dünya komediyasının inkişafında, komediyanın janr kimi yüksəlişində böyük rol oynayır. Molyer komediyanın aşağı dərəcəli janr kimi qələmə verilməsinin nəinki əleyhinə çıxır, hətta onu tragediyadan da üstün tuturdu. Onun fikrincə tragik əsərlər təbiəti etibarilə realist deyillər, komediyada isə həyatı bütün çılpaqlığı ilə əks etdirmək mümkündür. Bu fikirlərini o “Qadınlara ibrət dərsi” əsərinə yazdığı şərhdə bildirib.

Fransız klassiklərindən danışarkən Jan Rasinin adını çəkməmək olmaz. Klassik tragediyanın inkişafında onun böyük rolu olub. XIV Luis dövründə saray tarixçisi olub. O, əsərlərində Yunan mifologiyası, Fələstin tarixi və ingilis saray həyatından bəhs edən mövzulara yer verib. Ümumiyyətlə yazıçı əsərlərində ehtiraslarına əsir olanları tənqid edib. Ən məşhur əsərləri “Andromaxa”, “İfigeniya” və “Fedra”dır. Rasinin əsərlərində klassisizmin 3 vəhdət qanunu süjet boyu qorunur, lakin son faciələrində xarakterlər get-gedə mürəkkəbləşir, konfliktlərin sayı bir qədər artırdı. Tamaşaçı artıq bir yox, bir neçə hadisənin şahidi olurdu.

Azərbaycan ədəbiyyatında klassisizm cərəyanı demək olar ki müşahidə olunmur. Onun tendensiyalarına yalnız böyük dramaturq Mirzə Fətəli Axundzadənin bəzi məqalələrində və publisistik əsərlərində rast gəlinir.

Klassisizm cərəyanı özündən sonra yaranan digər sənət cərəyanlarının formalaşmasına və inkişafına böyük zəmin yaradıb. Onun nəzəri prinsiplərinə romantizm, realizm, modernizm və başqa cərəyanlarda da rast gəlmək olar.

Bir çox məhdudiyyətlərinə baxmayaraq klassisizm dünya ədəbiyyatına böyük sənətkarlar və möhtəşəm əsərlər bəxş edib. Avropa və dünya ədəbiyyatında dərin izlər qoyub.

# 4821 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #