Yazılanlar gəldi başa...

Yazılanlar gəldi başa...
4 aprel 2013
# 13:40

1960-cı illərdə intellektual dairələrdə belə bir qanadlı kəlmə dəbdəydi: “Biz hamımız Kafkanı gerçəkləşdirmək üçün doğulmuşuq”.

Gerçəkləşdi də. Düzdür, bundan nə Kafka sevinərdi, nə də bizlərə yaxşı oldu.

Herman Hessenin “Alman nəsrinin tacsız kralı” adlandırdığı Frans Kafkanın “Proses”i də, “Qəsr”i də, “Çevrilmə”si də absurddan antiutopiyaya qədər yol keçdi.

***

Kafka “Proses” üzərində 1914-cü ilin yayından başlayaraq sonrakı ilin yanvarına qədər işləyir. Təkrar-təkrar, nələrisə pozaraq və dəyişərək. Ancaq yenə də əsəri bitirmir. O, dostu Maks Broda deyirdi: həm “Proses”in, həm də prosesin bitməməyini arzulayır. Bu, yaşamda Yaradıcılıqdan başqa heç nəyi ciddiyə almayan yaradıcının qorxusu idi bəlkə də - sonadək yazaram və yazdıqlarım reallaşar, öz müstəqil ömrünə başlayar.

Olsun. Yarımçıq halda belə “Proses” reallaşdı və totallaşdı. Kafka insanların qaz kameralarında boğulacağı, əmrlərlə həşərat kimi itaətkar etdiriləcəyi zamanları görmədi. Ancaq onun ağlına da gətirmədikləri ondan sonrakı nəsillərin adi həyat tərzinə çevrildi. Bu cəhətdən, Kafka öncəgörəndir.

Əsərin yazılma dövrü həm yazıçının şəxsi həyatında, həm də ictimai planda baş verən mühüm hadisələrlə bir vaxta düşür. 1912-ci ildə Kafka ilə Felisiya Bauerin tanışlığı başlayır. Çoxsaylı məktublaşmalardan sonra (1967-ci ildə Felisiya yazıçının ona məktublarını nəşr etdirir. 700 səhifədən çoxdur), 1914-cü ildə Kafka ona məktubla evlənmək təklifini yollayır. Və gözlənilmədən Felisiya razılaşır. Bundan qorxuya düşən Frans özünün sanki zəncirləndiyini yazır - ailə onun üçün Yaradıcılıq həlli olmayan maneədir. Və narahatlığını Felisiyanın rəfiqəsinə yazdığı məktubda ifadə edir. Rəfiqə isə məktubu Felisiyaya verir.

Beləliklə, yenicə nişanlanmış Kafka 1914-cü ilin iyulunda Praqadan Berlinə (Felisiya bu şəhərdə yaşayırdı) gəlir və özünün yazdığı kimi, “tribunal qurulur”: Felisiya hakimdir, rəfiqəsi - ittihamçı, Kafka isə müttəhim. Burada müttəhim nəinki özünü günahsız sayır, həm də nədə ittiham olunduğunu anlamır.

Frans və Felisiya ayrılırlar. 3 il sonra onlar yenidən nişanlanacaq və yenidən ayrılacaqdılar (Kafka bu dəfə səbəb kimi çarəsiz vərəmə yoluxduğunu göstərəcəkdi). Kafka üçün ailə - məhkəmə prosesidir, onun azadlığına qəsd, Yaradıcılığı buxovlayan, həbsə atan hökmdür.

Elə həmin il Birinci Dünya Savaşı başlayır. Ürəyinin xəstə olmasına baxmayaraq, Kafka müharibəyə can atır, Sol dairələrdə “Susqun” ləqəbi ilə tanınan, Bakunini oxuyan, sosialistlərə ara-sıra pul ianəsi edən yazıçı hərb meydanlarına İnqilabın katalizatoru kimi baxır. Tibbi müayinə onu hərbi xidmət üçün yararlı sayır, ancaq çalışdığı sığorta cəmiyyəti qiymətli kadr olan Kafkanı orduya buraxmır. Və Felisiyanın prosesi ilə bəşəriyyət üzərində qurulan prosesin təəssüratları altında o, “Proses”i yazır.

***

Frans Kafkanın gündəliklərində müharibə mövzusu 1914-cü ilin yazında peyda olur. Hələ Sarayevoda güllələr atılmayıb, Stefan Sveyq kimi böyük ağıllar gələcəyə ümidlə baxırlar, Kafka isə işğal olunan şəhər haqda qeydlərini edir. 3 ay keçir və amansız qırğın başlayır.

Bu müharibə də Kafka prosesinin bir hissəsidir: Bəşər nədə ittiham olunduğunu, hansı günahı işlətdiyini, hakimlərin hansı sübutlarla ölüm hökmü çıxardığını bilmədən və soruşmadan səngərlərdə yüz minlərlə can verir, həşərat kimi qırılır. Əgər Kafkanın “Proses”ində söhbət bircəcik fərddən - Yozef K.-dan gedirdisə, müharibə bu prosesin qlobal, total təzahürü deyilmi?

Və Kafkanın yazdığı kimi, “Müasir ədalət məhkəməsi yalnız günahsız yox, həm də xəbərsiz insanı mühakimə edir”.

Ancaq... bu xəbərsizlər nə vaxt xəbər tutmaq istədilər ki? Onlar məgər istintaqa da, məhkəməyə də heç bir sual vermədən, heç nə soruşmadan yollanmadılarmı?..

***

“Görünür, kimsə Yozef K.-nı şərləmişdi, çünki o, heç nə etmədən həbs olunur” - “Proses” bu cümlə ilə başlayır.

30 yaşı tamam olan gün Yozef səhər yuxudan evdəki yad adamların səsinə oyanır. Hansısa təşkilatın 2 üzvü ona həbs olunduğunu söyləyir. Yozef onlardan nədə günahlandırıldığını soruşanda, bu şəxslər heç nə bilmədiklərini bildirirlər. Və yalan danışmırlar - onlara ittiham barədə heç nə deyilməyib, onlar sadəcə icraçılardır.

Yozefə əleyhinə prosesin başlandığını və nə vaxtsa hökmün mütləq çıxarılacağını deyirlər. Bu, qəribə həbsdir - Yozef əvvəlki həyat tərzini davam etdirə bilər. O, azadlıqda qalır, işə gedib-gəlir, qadınlarla əylənir, ancaq mütləq mütəmadi olaraq məhkəmə prosesinə yollanır.

Onun üçün baş verənlər absurddur, Yozef K. o dərəcədə özünə inamlıdır ki, “Başa düşün, mənim üçün prosesin nə ilə bitəcəyi tamamilə maraqsızdır və çıxarılan hökmə sadəcə güləcəyəm” deyir.

Burada Kamyunun “Sizif haqda əsatir”indəki fikir xatırlanır: “Aktyor çarəsizliyə nə qədər az qapılırsa, faciəvi rol da daha yaxşı alınır. Ölçüsüz dəhşət məhz mötədillik vasitəsilə yaranır”. Yozefin ifrata varmamağı, özünü sakit və inamlı aparması onun başına gələnləri daha qorxulu edir. Çünki, bu yolla sanki baş verən absurda məntiq donu geyindirilir. Eynilə Kamyunun yazdığı kimi: “İnsanı “Bu mümkün deyil” söyləməyə məcbur edən sarsıdıcı qiyamda artıq “bu”nun mümkünlüyünə arxayınlıq var”.

Və Yozefin taleyinin qaçılmazlığına cəmiyyət, dövlət, qanunlar çərçivəsində haqq qazandırılırsa, bu vaxt qorxu müqəddəs, mistik dəhşətlə əvəzlənir.

***

Yozef K.-nın başına gələnlər ilk baxışda səfeh bir macəranı xatırladır. O, ittiham olunur - ancaq bilmir nədə. Əlbəttə, müdafiə olunacaq - ancaq bilmir, nədən və kimdən. Vəkillər ona vəziyyətinin ağır, hətta çıxılmaz olduğunu deyirlər. İlk məhkəmə prosesində Yozef hakim və ittihamçıları öldürücü tənqid və ironiya atəşinə tutanda, ona öz vəziyyətini çətinləşdirdiyini bildirirlər. “Yeganə düzgün yol - mövcud qaydalarla barışmaqdır” - Kafka yazır.

Tədricən özünəinamı şübhə, qorxu və barış cəhdləri əvəzləyir. Yozefə kömək üçün rəssam Titorelliyə müraciət etməyi məsləhət görürlər. Titorelli məhkəmə hakimlərinin portretlərini çəkməklə məşğuldur. Və bu rəssam Yozefə bildirir ki, o özü də məhkəmə sisteminin bir hissəsidir. Təkcə Titorellinin yox, onun havasız, pəncərələri həmişə bağlı emalatxanasını nəzarətdə saxlayan bir dəstə sırtıq qız uşağının da məhkəməyə aidiyyəti var. Bir sözlə, hamı məhkəmə ilə əlaqəlidir.

Titorelli Yozefə alternativləri sadalayır. Üç yol var: faktik bəraət, fiktiv bəraət və prosesi daim uzatmaq (süründürməçilik). Faktik bəraət əsl azadlıqdır, ancaq o, mümkün deyil - ittiham varsa, mütləq hökm də olacaq. Hökm isə adətən ölümdür. Fiktiv bəraət yalançı azadlıqdır, onun ittiham işi məhv edilməyəcək, istənilən vaxt onu yenidən həbs edə biləcəklər. Süründürməçilik isə hökmü hər dəfə gecikdirməkdən ibarətdir: insan bütün ömrünü, enerjisini, vaxtını, pulunu, fikirlərini prosesi daima uzatmağa sərf etməlidir. Vəssalam.

Bununla da, Kafka balaca adamla Sistemin münasibət variantlarını açıb tökür - Sistem üçün heç bir səbəb olmadan ittiham etmək, həbs etdirmək, proses qurmaq və ölüm hökmü çıxarmaq adi işdir, vərdişdir. Bu dövrədən qaçış mümkün deyil. Yozef K. isə orta statistik fərddir. O, həm Kafkanın özüdür, həm də Kafka deyil. O, adi avropalıdır. Siyasətdən uzaq, məhkəmələrlə maraqlanmayan, obıvatel həyat tərzi sürən, hər gün işə gedib gələn, sevən və əylənən balaca adam.

Və gün gəlir - fərd Sistemin toruna “ilişir”. Hörümçək üçün fərqi varmı tora nə düşəcək? Eynilə Sistem də o cür. Türmə kapellanının Yozef K.-ya dediyi kimi: “Məhkəmədən sənə heç nə lazım deyil. O, səni istəyəndə qəbul edir, istəyəndə azad edir”.

***

Türmə kapellanı (haradasa Tanrının prototipi) Yozefə “Qapıçı haqda pritça”nı danışır: Bir nəfər ədalət məhkəməsinin binasına girmək istəyir, ancaq qapıçı onu buraxmır. Bu, illərlə davam edir, şikayətçi qocalır, o, artıq qapıçının kürkündəki birələri də əzbər bilir. Bina önündə yaşayan, gözləməkdən və qeyri-müəyyənlikdən bütün enerjisini itirən şəxs sonda, ölüm ayağında qapıçıdan bircə suala cavab istəyir: “Niyə bu binanın önünə məndən başqa heç kəs gəlmir?”

Və qapıçı can verən, artıq çətinliklə eşidən şəxsə tərəf əyilib qışqırır: “Buraya səndən başqa heç kəs daxil ola bilməz, çünki bu qapı yalnız sənin üçün nəzərdə tutulmuşdu. İndi gedim və onu bağlayım”.

Keşişi dinləyəndən sonra Yozef K. qaçılmaz hökmlə razılaşır.

***

Yozefi mühakimə edirlər. Zal qaranlıqdır, o, çox şeyi anlamır. Onun artıq məhkum olunduğunu fikirləşməyə əsası var, ancaq hansı hökmün çıxarıldığını aydın bilmir. Bəzən şübhələnir də: doğrudanmı məhkum olunub... Adətkərdə həyat tərzini davam etdirir.

Bir müddət sonra onun mənzilinə iki nəfər gəlir və Yozefi edama dəvət edirlər. Daş karxanasında onun sinəsinə iki bıçaq zərbəsi vururlar. Və can verən Yozef K. xırıldayır: “İt kimi...”

Əsər elə bu cümlə ilə də bitir: “İt kimi, - bu kəlməni o, elə dedi ki, guya onun biabırçılığı ölümündən sonra da davam edəcək”.

# 3973 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #