Kreditlə ər tələb olunur - CAVİD ZEYNALLI

Kreditlə ər tələb olunur - CAVİD ZEYNALLI
16 noyabr 2015
# 12:40

Tipik Azərbaycan ailəsidir: qayğıları, problemləri tanış, bir ovuc sevinci ürkək, qucaq-qucaq kədəri çəkilməz. Əvvəl-əvvəl hər şey yaxşı idi: evin kişisi xırda alverlə günün keçirir, ailəsini dolandırır; sonra bir kişi, bir qadın, iki uşaq dolanışıq sınağı ilə üz-üzə qalır. Toylar çox olmur ki, gitarasını qoltuğuna vurub beşdən-ondan qazansın, taksiyə minən yox ki, üçdən-beşdən çıxarsın.

Xoş gəldin, kredit. Səni ödəməyənə lənət! Necə ki, o lənət Nəsimini tutur, Dilbəri tutur, bir yurda nisgil gətirir.

Bu da Bakı. Bu da Bayıl. Darısqal ev, alçaq qapı, Abbas kişinin divarlarını insan nəfəsi isitməyən kirayə mənzili. Bayıl küləklərinin üzü dənizə qovduğu illər, təzə dərd, köhnə qayğılar.

Xoş gəldin, Məlahət xanım. Səni sevməyənə lənət! Necə ki, o lənət Dilbəri tutur, o divarları isinməyən kirayə mənzilə uçqun gətirir.

Dilbər siqaretindən birini verə, tüstülədəsən bu ailənin “şərəfi”nə. O tərəfdə də Nəsiminin gitarasından qəmli nəğmə havalana...

* * *

Mirmehdi Ağaoğlu “Bu gün səbr elə” romanında bir ailənin əhvalatını danışır. Danışır ki, o ailə bu məmləkətin boyuna biçilib, səpələnib hər kəndə, hər şəhərə. Və o dördcə nəfərin qayğıları ilə daha yaxından tanış olduqca, adamın öz kreditləri yadına düşür, səhifə-səhifə problem ayaq açır üstünə. İl ilin üstünə gəldikcə, Səfərovların güzəranında heç nə dəyişmir.

Və nəhayət çıxış yolunu Dilbər tapır: ərini Amerikadan gələn imkanlı azərbaycanlı xanımla evləndirir. Ki, onun var-dövləti hesabına balalarının gələcəyini, girov düşən evini bankdan xilas eləsin.

Amma sən saydığını say, gör Məlahət nə sayır.

* * *

“Bu gün səbr elə”ni Mirmehdinin əvvəlki əsərlərindən – “Görüş”dən, “Küləyi dişləyən”dən, elə hekayələrindən də bir vacib şey ayırır: qısa cümlələr, arxayın nasir təhkiyəsi.

Həm də sevmədiyim bir şey birləşdirir: nəsrə yad sözlər, ədəbiyyatın bəyənmədiyi problemlərə birbaşa münasibət, publisistik ton. Mən Ağaoğlunun nəsrindən bu sadaladığım hər nə ki var, onların arıtlanmağını istəyirəm, gözləyirəm. Hələ ki, gözləmək mənə qalır.

Tutalım, istəyirəm Mirmehdi Ağaoğlu “lakin”dən uzaq gəzsin, “əlaqədar”ı özünə yaxın buraxmasın, “qərar”ın üzünə baxmasın, “zəruri”ni nəsr dilindən çıxarsın, “müəyyən”i, “mümkün üsullar”ı, “əksər vasitələr”i, “təyin olunan”ı bir gün də səbr etmədən rədd eləsin.

Hələ bunun “təşviq”i, “rəy”i, “asılı olaraq”ı, “müşayiət eləmək”i, “olduqca”sı da var.

Tutalım, istəyirəm, əlyazmanı oxumağa verdiyi adamların xoş sözlərini qulaqardına vurmağı bacarsın, sözünü udmağı bacardığı redaktor tapsın.

Hə, bir də qəhrəmanlarını az danışdırmağın tərəfində olsun. Müasir nəsrdə dialoqlar həmişə lazım olmur. Yumora isə hə, varam. Xəfif yumor yazıçının baş ucalığıdır.

Əlbəttə, bir şey ki, redaktə ilə düzəlir, onu dərd eləməyə dəyməz. Əsas olan mətnin daxili enerjisi, alt qatı, bətnində gizlənən ağırıdır ki, bu, “Bu gün səbr elə”də səhifə-səhifə hiss olunur.

Mirmehdi Ağaoğlunun romanında möhkəm özül kimi göz oxşayan bər-bəzəkli, hamar divarlara da ehtiyac hiss etdim. Özül mətnin strukturu, göz oxşayan, bər-bəzəkli divarlar rəvan dil, müasir təhkiyəsidir. Mirmehdinin tikdiyi evin divarları nahamar, döşməsi-tavanı narahat olsa da, arxayın yaşaya bilərsən: o ev başına uçmayacaq.

Roman, necə deyərlər, Allahumuduna yazılmayıb, müəllif harda başlayıb harda bitirəcəyini yaxşı bilir. Ümumiyyətlə, bütün mətnlər üçün vacib olan tərəflərdən biri məhz sonluqdur – final zəif əsəri xilas edə, oxucunun təəssüratını dəyişə bilmək qüdrətindədir. Romanın sonluğu əsl tapıntıdır. Günlərin birində okeanın o tayından məktub gəlir: “Men Nesimini senden 3 illiye kreditle aliram”.

Andre Moruanın bir hekayəsi var: “Əsirin qayıtması”. Uzun illər əsirlikdə qalan iki fransız qatarda vətənə qayıdır. Biri inanır ki, arvadı hələ də onu sevir, gözləyir, o biri onu ələ salır. Ki, ay axmaq, indi bizim ikimizin də arvadı öz keflərindədir. Bələdiyyə sədri qəsəbədə əsirlərin qayıdacağını xəbər verir. Kimin bəxti oyaqdırsa, əri, oğlu, atası evə dönəcək. Əsirin birinin arvadı ümidini üzmür, yaxşı bazarlıq edir, süfrə açır, stolun üstünə iki boşqab, iki qədəh qoyur. Özü də qaçır vağzala, qatarı qarşılamağa. Ər evə, arvad vağzala tələsir, yolda qarşılaşmırlar. Ər həyəcanla evə yaxınlaşır, pəncərədən baxır ki, stolun üstündə iki qədəh, iki boşqab var...

Və hekayənin son cümləsi: “Ümid edirəm ki, Reno Lemari bu hekayəni oxuyacaq və öz evinə qayıdacaq”.

Mən də inanıram: Mirmehdi Ağaoğlunun qəhrəmanı bu yazını oxuyub gecə səhərəcən ucuz siqaretdən sinəsini zəhərləyən Dilbərin yanına qayıdacaq...

# 1055 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #