Yaxşı oğlanın dayısı

Yaxşı oğlanın dayısı
3 iyul 2014
# 07:15

Kulis.az yazıçı Qəni Camalzadənin “Yaxşı oğlanın “dayısı” hekayəsini təqdim edir.

Məhiş yaxşı oğlandır, amma dərd yaxşı-pis qanmır. Qismət olanda elə yaxşıya qismət olur. O, çevrikdikcə yazıq-yazıq cırıldayan, fələk kimi yərə qarın vuran yataqxana çarpayısından qalxanda gün günorta olmuşdu. Qaynayıb-qarışmadığı otaq yoldaşları, iki yuxarı kurs tələbəsi, imtahana getmişdi. Məhiş fikrini dağıtmaq üçün aşağı düşdü.

O, birinci kursda oxuyurdu. Şəhərə uzaq dağ kəndindən gəlmişdi. Riyaziyyatdan qışdan bəri dalınca sürünən “quyruqdan” lap yaxınlarda izalə olmuşdusa da, yay imtahanları kəsmişdi qapını. Sabah imtahandı. Yeni qorxu almışdı başının üstünü. Riyaziyyat müəllimi Məhişin inadla, hər həftə nə yolnan aldığı məlum olmayan göndərişlərdən bezikib axırıncısına qiymət yazmışdı. Amma yaxşı heç nə vəd etməyən bir sakitliklə demişdi: “Əgər bir də cəngimə düşəcəyini ümid eləməsəydim, çətin ki səni əlimdən buraxaydım. Oxuya bilmirsən, qabiliyyətin yoxdur, ali cəbri bilmirsən, get, özünə iş tap camaatın da vaxtını alma! Yay imtahanından onsuz da, çıxmayacaqsan. Lap bilsən də, qiymət yazmayacağam! Yaxşısı budur, sənədlərini al, üzüsulu qayıt kəndə, dədənin yanına. Qoy, çomağın birini də səninçün sazlasın. Gedib birgə çobanlığınızı edərsiniz! ” Məhiş bütün bunlara Tamillanın xatirinə dözdü, amma bilirdi, bu dəfə tab gətirməyəcək!

Məhiş birinci mərtəbəyə düşdü. Ehtiyatla bayır qapını araladı, yağlanmamış həncamələrin səsi foyeni başına götürdü. Yataqxana növbətçisi piləkanaltı otaqçasından başını dışarı uzatdıqda oğlanın ürəyi üzüldü: “Yaxam keçdi Züleyxa xalanın əlinə - fikirləşdi. – İndi bir saat da bu döşəyəcək qabırğama!” O, əlini qapıdan çəkdikdə növbətçi arvad ərklə çımxırdı:

- Adə, dərslərini oxusana! – dedi – niyə veyillənirsən? Qışdakı kimi kəsilsən, yaxşımı olar? Daha sənı göndəriş yazdırmaqdan yorulmuşdum...

Məhiş Züleyxa xalanın sözündən rəncidə olsa da, dinmədi. Dekanın katibəsi, doğrudan da, onun adına üçmü-dördmü göndərmişdi. Qız növbətçi arvadın qohumu idi.

Yoğun, acıdil, sonsuz və kişi səsli Züleyxa xalanın Məhişə quşu qonmuşdu, almışdı qanadının altına, çətin məqamda əl uzadırdı. Təqaüddən əli üzülmüş tələbəni yaxınlıqdakı uşaq bağçasına gözətçi düzəltmişdi. Məhiş indi canına cəfa bassa da, həftənin iki-üç gecəsini quru taxtın üstündə keçirtsə də, maaşını alır, minnətsiz dolanırdı. Atasından qorxduğundan “kəsildiyini” evə yazmamışdı. Bilirdi, kişi xəbər tutsa, çomağını çiyninə atıb şəhərə gələcək, zor-xoş, söylənə-söyə onu qabağına qatıb kəndə aparacaq, “oxumasan səni qoyuna göndərəcəyəm” vədini yerinə yetirəcək. Bir kimsə də atasını bu fikirdən döndərə bilməyəcək.

- Züleyxa xala, istəyirəm bağçaya dəyim, kitablarım orda qalıb. – Məhiş çəkinə-çəkinə dilləndi. – Sabah imtahandır.

Xala qara bulud kimi aldı başının üstünü. Qolundan tutub Məhişi zorla saldı pilləkanaltı otaqçasına. Çiynindən basıb kətilə oturtdu. Bir fincan çayı sürüşdürdü qabağına, qənddanın qapağını qaldırdı. Qonaqpərvərlik mərasimini dinməz yerinə yetirdikdən sonra yoğun şəhadət barmağını ona tuşladı:

- Ağzımı boza vermə! – Züleyxa xala aldanmadığını nümayiş etdirdi. – Bala, rayonda qoyub gəldiyin ata-anana yazığın gəlsin. Onlar əyin-başdan kəsib sənə pul yollayırlar. Oxu da! Nə düşmüsən bu küçələrin canına? Dünyada qısatuman, uzuntuman, şalvarlı, şalvarsız qız qəhətliyidir?! Belənçiklərinin sanı-hesabı yoxdur. Mən səni bağçaya işə düzəltdim ki, sən başını dolandırasan, demədim ki, Fatmanisənin nəvəsinin dalınca düşəsən! İyirmi bir yaşında şəkil kimi bir oğlansan, bir oturuma bir kitab əzbərləyirsən... Riyaziyyat Müəllimini cinləndirmə, o da qiymətini versin. Fatmanisənin nəvəsi dost-doğma baldızıdır. Vermək istəmir sənə! Zornan deyil ki! Bilsəydim ki, qızla çoxdan alışıb-verişirsən, səni ora işə düzəldərdimmi?! Pah atannan! O boyda kişi ilə çıxmısan cəngi-cidaya, necə olsa, o, kafedra müdiridir, inadına salacaq, axır, səni institutdan qovduracaq! Adə, nə qələtdir mən elədim!

Məhiş arvadın ağzına səbirlə baxır, iki gündən bir eşitdiyi bu nəsihətlərə vərdiş etdiyindən etiraz etməyi ağlına belə gətirmirdi. Yalnız xalanın çənəsi yorulandan sonra söz leysanı kəsildi. Məhiş nazik bığlarının üstündə olan tüklü xalı didişdirirdi. Ayağa durdu. Qurumuş dodaqlarını dili ilə islatdıqda iri hülqumu qalxıb endi.

- Axı, bağçada bu vaxt nə işin var? – Züleyxa xala nəfəsini dərmişdi, yeni nitq irad etmək istəyirdi.

Məhiş onu qabaqladı. Xalanın marağını təmin edəcək bir cavab verə bilməyəcəyini görüb zarafatla dedi:

- İtkin düşmüş oğlumu axtarıram, ay xala. Deyirlər, hardasa bu yaxınlarda görüblər...

- Yeri, adə! Bu da doluyur məni! – Bazburtlu Züleyxa xala onu otaqçasından bayıra saldı və qapıya çatmış tələbəyə qışqırdı: - Sabah istirahət günümdür, burda olmayacağam, evə gələrsən. Ürəyimə damıb ki, riyaziyyat müəllimi sənə qiymət yazmayacaq. İmtahana getməsəndə olar. İndidən adam axtarmaq lazımdır... Sabah gələrsən. Görək tədbirimiz nə olacaq!

Məhiş başını tərpətdi, öz dərdi ilə tək qalmaq istəyirdi. Odur, bu cür asanlıqla xalanın çənəsinin altından çıxmasına sevindi.

Uşaq bağçası ilə yataqxananın arası heç bir tin də olmazdı. Hərlənib qapıdan keçməyə ərinən Məhiş hasarın sökük yerindən adladı. Yaşıllığa batmış bağça həyəti sərindi. Uzaqdan uşaqları qaçışan, oynayan görüb dayandı. O, ağacların altındakı xəlvət guşəsinə çəkildi. Gözlədi ki, uşaqları nahara aparsınlar. İndi ora getmək istəmirdi. Əlindən cürbəcür oyuncaqlar düzəltmək gəldiyindən uşaqlar ondan yapışıb əl çəkmirdilər. Bu gün isə qanı qara idi.

Tərbiyəçinin ölçülü-biçili səsi dalaşanları, şuluq salanları sülhə çağırırdı. Danışan Tamilla idi. Məhişin onunla tanışlığı qəribə olmuşdu. Yataqxanadan çıxıb instituta gedirdi. Məhiş şose ilə sürətə gələn, maşını, fikri hardasa olan və tələsmədən yolu keçən qızı görəndə özünü itirdi. Çağırmaq gec idi. BU qızı daha da çaşdıra bilərdi. Məhiş özünü var gücü ilə atdı qabağa, qızın çiyinlərindən tutub iki əli ilə itələdikdə, maşının kənarı ayağına toxunub onu yerə çırpdı. Qalxanda yolun qırağındakı kolluğa uçmuş qız artıq ayaq üstə idi. Üz-gözü, əl-ayağı sıyrılmış halda Məhişə baxır, gözünün yaşını sel kimi axıdırdı.

Məhiş hirslə deyindi: “Bu da mənim zəhmətimin müqabili!” Onunla tanış olalı riyaziyyat müəllimi mənimlə düşmən nədir, lap qanlıbıçaqdır. Baldızına söz deyə bilmir, məni incidir. Deyən lazımdır, nə olsun kafedra müdirisən! Bir qız bir oğlanın deyil, bəyəm? Kimdən əskiyəm? Atam iyirmi qoyun satsa, sənin bir illik maaşından artıq pul götürər. Nə olsun ki, çobandır? O, fikrə getdi, birdən uşaqlıq çağları yadına düşdü, burnunun ucu göynədi: - “Kaş bir də uşaq olaydım! Bu oxumaq əzabından canım qurtaraydı. Deginən, ay axmaq, nəuinə lazımdır ali məktəb? Əsgərliyini çəkmişdin, gedəydin atanla çobanlığını eləyəydin də. Nə düşmüsən bir qızın dalınca, əl çəkmirsən...Yox, heç elə şey yoxdur, öldü var, döndü yoxdur. “Çoban oğlu, çoban oğlu” deyənlərin acığına mən Tamillanı alacağam... Arada məhəbbət var... Tamilla isə lap nağıllardakı kimi danışır. Deyir, ölümün əlindən məni sən almısan, demək səninəm... Ata əvəzi yeznənin sözünü eləyib ikiqara qəpik, məni gözündən iraq qoymur.

Məhiş birdən boynunun ardına sıçradılan sudan sudan diksindi. Qanrıldı. Kəkilli bir oğlan uşağı yaş əllərini dalında gizlədib, gözləri qıyıla-qıyıla gülürdü. Toppuş yanaqları qızarmışdı. Uşağın beş-altı yaşı ancaq olardı.

- Durub qulağını qopararam, qırışmal! – Məhiş yerini rahatlayıb ona acıqlandı.

- Hop! əlin çatmaz! – Uşaq geri sıçradı, qaragilə gözlərinin bəbəkləri işıldadı. – Gəl, gizlənpaç oynayaq . Hə? Uşaqları çağırımmı?

- Bu gün qanım qaradır, Elçin, mane olma! – Məhiş qaş-qabağını salladı, üzünü çevirdi.

Elçin gəlib onun önündə dayandı, gözlərini döydü:

- Kim səni incidib? – soruşdu. – Döyüblər?

Məhişi gülmək tutdu:

- Eh, sən lap pıtrağ kimi yapışırsan, əl çəkmirsən. Mən boyda kişini kim döyə bilər? – dedi və uşağı başından eləmək üçün dərdini xırdalamalı oldu: - Elçin, sabah imtahandır, mən də dərsimi bilmirəm. Qorxuram, iki alam. Anladın? Di get!

Elçin donuxdu. Məhiş maraqla ona baxdı. Böyük-böyük danışan bu uşaqdan xoşu gəlirdi.

- İki almaq pisdir? Hə?

- Oho, qardaş, pis dedin qoydun, biabırçılıqdır! – Məhişin kefi açıldı. – Mən boyda kişi iki alsa, utandığından, gərək adam arasına çıxmasın.

- Dərslərini oxu da! – Elçin məsləhət gördü.

- Kim deyir ki, oxumuram? – Məhiş istər-istəməz, uşaq gözündə özünü təmizə çıxarmalı oldu. – Oxuyuram, yadımda qalmır. Oho, riyaziyyatı sən zarafat bilmə, qardaş, çətin elmdir... Həm də oxumağın faydası yoxdur. Müəllimin məndən zəhləsi gedir.

- Axı, sən yaxşı oğlansan...

- Qardaş, kimdi baxan, mən yaxşıyam, ya pisəm? – Məhiş üzündəki xalın tükünü dartışdırdı. – İkini elə yaxşı oğlanlara verirlər də! İncidirlər bizi...

- Səni incidən pis oğlanlardır?

- Hə! – Məhiş ah çəkdi.

- Pis oğlanlar güclüdürlər?

- Güclü yox, çoxdurlar... – Məhiş Elçinə öz fikrini izah etməkdən indi ləzzət alırdı. – Birinin əlindən çıxırsan, o birinin əlinə düşürsən. Yeddibaşlı əjdaha kimidirlər...

- Sənlə oxuyanların hamısına iki yazacaqlar?

- Baxır da! İki alan da olacaq, iki almayan da! – Məhiş köksünü ötürdü. – Çoxu yaxşı qiymət alacaq...

- Niyə?

Məhiş başını qaşıdı, uşağın qavrayacağı bir dildə danışdı:

- Niyəsi çoxdur, Elçin bala! – dedi və təpəsinə taqqıldatdı. – Birinin yaxşı başı var, birinin əmisi var, birinin dayısı var, birinin də karlı pulu var... Hərə işini bir cür yola verir. Arada qalan yaxşı oğlanlar isə iki alırlar...

Elçin onun yanında oturdu, əlini çənəsinə dayadı, qəribə bir kədərlə soruşdu:

- Sənin heç birisindən yoxundur?

Məhiş:

- Yoxdur, qardaş, yoxdur! Olsaydı nə dərdim?! – dedi və başını aşağı saldı.

Elçin kiçik alnını qırışdırdı, burnunu çəkdi və tərəddüdlə dedi:

- İstəyirsən, babama deyim? Babam qoymaz sənə iki yazsınlar.

Məhişin gözləri heyrətdən kəlləsinə çıxdı, quruyub qalmışdı. Haçandan-haçana uşağın dedikləri ona çatdı, qəhqəhə çəkib güldü:

- Ha-ha-ha! Ay səni, Elçin – dedi – Get işinə, qırışmal!

Elçin incidi:

- Dişini ağartma! – deyə acıqlandı və hirslə: - Mənim babam böyük adamdır, hamı onu tanıyır, hamı ondan qorxur!.. O, direk... yox, rektordur...

- Yaxşı, incimə görək! – Məhiş onu sakitləşdirdi. – Baban haranın direktorudur?

- Böyük məktəbin! – Elçin öyündü.

- Bəlkə kiçik məktəbin? – Məhiş zarafata salmaq istədi.

- Yox!

- Yalan demirsən ki? – Birdən Məhişi qəribə bir həyəcan bürüdü.

- Dayan, sənin familin necədir?

Elçin dedi. Məhiş sevinclə:

- Düz gəlir! – dedi və ayağa qalxdı. – Bizim rektorun famili də belədir. Bəs, babanın adı?

Elçin dedi. Məhiş qışqırdı:

- Urra! Bu da düz gəlir...

- Sənə demədimmi? – Elçin razılıqla gülümsədi.

Məhiş dərhal işin əməli tərəfinə keçdi:

- Elçin, deyirsən, babana deyərsən... Lap yaxşı, cox sağ ol! Baban soruşsa, bu adamı hardan tanıyırsan? Nə deyəcəksən? Hə?

- Deyərəm, deyərəm ki, bağçamızda işləyir, dostumdur, qoyma ona iki yazsınlar... Deyərəm, mənə “idmançı” düzəldib. Yaxşı oğlandır, babam sözümdən çıxmır, nə desəm eləyir.

Məhiş özünü inandırmaq istəyirdi ki, işi düzəlib. Batan saman çöpündən yapışan kimi yapışdı uşağın sözündən. Cibindən kağız çıxartdı, adını-familini, qrupun nömrəsini yazdı. Uzatdı Elçinə:

- Verərsən babana! – dedi – Deyərsən, bu oğlandır.

- Yaxşı!.. – Elçin kağızı cibinə qoydu. – Sən mənə bir yel dəyirmanı düzəlt! Əli üçün düzəltmişdin ha, bax, ondan.

Məhiş hiylə ilə:

- İmtahandan sonra, yaxşımı? – dedi və ümidlə boyu dizinə çatan uşağa baxdıqda, özü öz ümidlərinə güldü – Elçin, get, uşaqları yatmağa aparırlar. Tamilla müəlliməyə de ki, onu burda gözləyirəm... Bax ha, heç kim bilməsin...

Elçin başını tərpətdi, qaça-qaça getdi. Məhiş onun dalınca baxdı və birdən qət elədi: “Qıza demək lazımdır... Daha keçib, o məni başa düşər. Deyərəm, Tamilla, bir il-iki il görüşməsək yaxşıdır. İnstitutu qurtarandan sonra fikrini dəyişməsən, alaram səni. Yeznən əl çəkmir, axır institutdan qovduracaq... Qorxaqlıqda məni təqsirləndirsə, Tamillaya nə deyəcəyəm?” O, oturdu, çiynini ağacın gövdəsinə söykədi, elə fikir-xəyal içində də onu huş apardı...

...Züleyxa xala sabahısı onu günortaya kimi gözlədi. Məhiş gəlib cıxmadı. Yataqxanaya tələsdi. Tələsik ikinci mərtəbəyə qalxdı, otağın qapısını döymədən açdı. Məhiş tək idi. qabağında da bir qalaq çör-çöp, taxta-tuxta, cavan söyüd ağacının budaqları, karıstı vardı. O, fit çala-çala nə isə yontalayır, hamarlayırdı. Stolun üstündə bir oyuncaq dururdu. Məhiş axırıncı hissəni bərkitdi. Ləzzətlə gərnəşdi və süpürgəni götürdükdə Züleyxa xalanı gördü.

Züleyxa xala heyrətlə:

- Adə, imtahanları bir qırağa qoyub dülgərxana açmısan? Nədir elə, düzəltmisən? – soruşdu.

- Yel dəyirmanıdır... – Məhiş cavab verdi.

- Kiminçündür?

- Dayımçün!

- Dayınçün? – Züleyxa xala onun sözünü təkrar etsə də, başa düşəcək halda deyildi. – Bəs, riyaziyyat nə oldu? Kəsildin?

- Beş almışam...

- Yalan deyirsən! – Xalanın sallaq yanaqları titrədi və inamla: - Tamillanın yeznəsi sənə qiymət yazmaz! Zarafat edirsən...

- Yazdı da! Hələ tapşırdı ki, nə işin olsa, birbaşa yanıma gələrsən. Dedi qoymaram bir adam sənə gözün üstə qaşın var desin...

- Adə, necə barışdız?!

- Dayımın canı sağ olsun! – Məhiş lağ elədi. – Bir zəngi bəs elədi, düşmən dönüb dost oldu.

- Deməli, sənin dayın var?! – Züleyxa xala elə bil hər şeyi başa düşdü və incik soruşdu: - Bəs, mənə niyə demirdin? Harda işləyir dayın?

- İşləmir hələ! – Məhiş çaşqın baxan Züleyxa xalaya güldü.

- Bəs, neynəyir?!

- Bağçaya gedir... – Məhiş bir dəli qəhqəhə çəkdi. – Ha-ha-ha.

Züleyxa xala ehtiyatla qapıdan çıxdı. Qollarını yanına vurdu: “Boy başıma xeyir! Yazığın ağlı oynayıb! Dayı! Bağçaya gedən dayı! Hətərən-pətərən danışır bu uşaq! Deyəsən, dərddən başı xərəb olub! Mənim əllərim əsir...” Foyeyə düşdü. Bir az oturdu ki, dincini alsın... Məhiş tələsə-tələsə gəlib yanından ötəndə Züleyxa xalanın bu halsızlığını gördü, pərt oldu, dedi:

- Xala, narahat olma, bir azdan gələrəm, hamısını danışaram! Gözlə məni!

- Əlindəki bağlama nədir? – Xala çəkinə-çəkinə soruşdu.

- Dayıma hədiyyə aparıram... Gözlə, daha yubana bilmərəm.

Məhiş qapıdan güllə kimi çıxdı. Dayısının sifarişini gecikdirməyi ağlına belə gətirmirdi...

# 2770 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #