Elçinin xəstəliyi

Elçinin xəstəliyi
15 yanvar 2014
# 15:01

Gülnarın ağrısı bütün canını sarmışdı: bir gün “ayağım öldürür”, - deyirdi. Ayağına maz, masaj, iynə-dərman çarə bilinirdi. Kəsmirdi.

Ayağının ağrısı bitməmiş, “başım ağrıyır” gəlirdi ardınca. Sonra “ürəyim bulanır”, daha sonra “gözlərim qaralır” əvəzləyirdi indiyə qədər olan ağrıları. Day “əllərim sözümə baxmır” deyiləndə Gülnarın ağrıları həyatın bu evdə saysız-hesabsız formada sirkulyasiya etdiyinə şahidlik edirdi. Gülnar bu evdə ağrıya əsir düşmüş canıyla elə bil səhrada təkliyə düçar olub əlacsızlıqda qalmışdı, yolsuzluqda qalmışdı Gülnar. Üstəlik də ərinin ağayana-amiranə “evin var, maşın qapında, soyuducun dolu... nədən ağrıyırsan” tipli qayğıdan çox qaxıncı xatırladan minnəti. Elə bil saydıqları xəstələnməməyinin qarantıydı həyatda.

Gülnar can vermirdi, canını ağrıyla çəkirdi.

Gülnar candan olan ağrısından qurtulmağın yolunu da bilmirdi, bildiyini də dilə gətirməyə ağrıları imkan vermirdi.

***

...Həkimlər bir-birinin üzünə baxa-baxa qalmışdı. Qıvrıla-qıvrıla qalan Gülnara və böyründə çarəsizlikdən və əlacsızlqdan yumağa dönən əri Elçinə veriləsi cavabları yox idi.

Aparatlar hər yerini sağlam göstərirdisə də, Gülnarın üzündəki və canındakı əzabının səmumu üz qarsırdı, ürək yaxırdı.

Gülnarı nə narkozla, nə də digər ağrıkəsici, sakitləşdirici dərmanların heç biriylə normal hala gətirmək olmurdu. Onu ağrılarıyla baş-başa qoydular. Ağrılarıyla ərinə boylana-boylana qaldı.

Otağı tərk edəndə Topçubaşov Gülnarın gözlərinə baxdı və gördü...

***

Bu gün Gülnarın əzabının, ağrılarının qələbə paradıydı.

***

Topçubaşovun otağına yığışdılar. “Nədən, niyə?” suallarına tibb elminin və bəşəriyyətin ən ağlagəlməz üsul və variantları da daxil olmaqla, xəstəlik kağızlarına son dəfə nəzər yetirəndən sonra, gözlərini Topçubaşova dikdilər. Ümid Allahdan sonra onaydı.

***

Elçin ha fikirləşsə də, tapa bilmirdi Gülnarın bu hala düşməyinin səbəbini. Belə baxanda, evi, maşını, həyati təminatı, qazanclı işi, sağlam uşaqları, bir sözlə, hər şeyi yerindəydi.

***

Həkimlər səbəb axtarmağa başlayanda dəxli olsa da, olmasa da, siyahıda qidaların tərkibindən tutmuş ta yaşam tərzinə, sosial rifah halınacan araşdırmışdılar. Düşündürəsi, çarəyə ünvanlayası bir ipucu olmamışdı.

***

Topçubaşov birdən Elçindən soruşdu:

- Oxuya bilirsənmi? Səsin varmı?

Elçin döyüküb qaldı:

- Yox!

- Şeirdən-zaddan nəsə yazırsanmı?

- Yox! – Elçin yenə döyükə-döyükə qaldı.

- Şəkil çəkməyin necə varmı?

- Yox...

- Oğlum, səmimi olmağı bacarırsanmı?

- Çalışaram...

- Çalışaram yox, olmalısan.

Elçinə suallar verə-verə, resepti götürməyi və yazmağı müalicə həkimindən xahiş etdi.

- Elçin, sən Gülnarı evliliyinizin ilk günlərində neçə dəfə, necə əzizləyirdin?

Elçin qızardı.
- Elçin, səmimi olmağa borclusan. Neçə dəfə əzizləyirdin Gülnarı?

- Nə bilim, olurdu da...
- Elçiiiiinnn... Neçə dəfə?

Topçubaşovun artıq hirs hersinə qalxan səsinin qabağında Elçin ağlına gələni dedi:

- Səhər işə gedəndə, axşam işdən gələndə və bir də... yatanda...

Topçubaşov üzünü həkim Elxana tutub “Elçinin suallarıma verdiyi cavabları dərman adlarının əvəzinə yaz, qədərini, dəfəsini, dozasını mən deyəcəm.

Topçubaşovla Elçinin sorğu-sualları getdikcə uzanırdı, reseptlərin sayı artırdı, üzə çıxan isə oydu ki: gündə yüz yol “canım”, bir o qədər “necəsən”, yarısından da çox “narahatam sənin üçün”, aramsız və fasiləsiz zənglər, şirin sözlər, real vədlər, məqamında-anında gül dəstələri, sadə olduğu qədər də dəyərli hədiyyələr, sevinc-şadlıq gətirən məclislərdə birgə iştirak, dodaqda gülüş, üzdə təbəssüm, qəlbdə fərəh, könüldə rahatlıq yaradan nə qədər jestlər çatışmır Gülnarın həyatında.

Nəhayət, Topçubaşov Elçinə son sualını verdi:

- Bu qədər yoxluğun içində insan ağrısız qala bilərmi?

Elçinin cavabını gözləmədən:

- Elxan, bala, yaz epikrizdə xəstəliyin adını:

- Elçinin laqeydliyi!

***

Topçubaşov otağı tərk edəndə öz-özünə pıçıldadı:

- Adamlar hələ də insanların sevinclə sağlam olmaqlarını anlamırlar. Var-dövlət sağlamlıq üçün yetərli deyil!

# 3227 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #