Kəndimdə səyahət

Kəndimdə səyahət
13 noyabr 2013
# 08:30

Nicat Məmmədov

Ümman üzərindəki yağış buludu kimi yola çıx,

Çünki yola çıxmasan heç vaxt kamil insan olmayacaqsan!

Fəridəddin Əttar

Martın 30-u saatları 4-dən 5-ə, bir saat qabağa çəkdilər. Bütün gecəni yata bilməmişdim, Quran oxuyub şeir yazırdım. Hava işaranda yatağıma uzandım, amma bütün bədənim gizildəyirdi. Mən anamı sakitləşdirib qonşu otağa yatmağa yolladım. Özüm isə 07:20-də sakitcə evdən çıxıb süd dalınca yollandım, doğrudan da süd içmək istəyirdim. Mobil telefonumu evdə qoydum, düşündüm ki, ona ehtiyac yoxdur, axı haradasa on beş dəqiqədən sonra onsuz da qayıdacaqdım. Cibimdə 21 manat tapdım. Nədənsə bütün pulları ilk gördüyüm adama vermək qərarına gəldim. Bu adam darvazadan çıxandan 40 metr sonra gördüyüm yaşlı bir qadın idi. Mən ondan harada işlədiyini soruşdum. “Dom sovetdə süpürgəçi işləyirəm, – dedi qadın, – oğullarım babat qazanır, amma kömək eləmirlər”. Mən özümü Nəbinin nəvəsi, Səmədin bacısıoğlu kimi təqdim edib demək olar ki, güclə bütün pulları onun büzüşmüş ovcuna basdım. Və evdən çıxmağımın səbəbini, süd içmək istədiyimi unudaraq heç hara dönmədən düz yoluma davam etdim, Günəşin arxasınca. “Bakı” kinoteatrını arxada qoyub Günəşliyə, dirəklərlə dolu olan tikanlı məftillə dövrəyə alınmış əraziyə çatdım.

Məftillərin arasındakı deşiyə girməyi risq etmədən balaca zibilliyin üstünə dırmaşıb nə edəcəyimi düşünürdüm. Bu zaman yanımda yeniyetmə bir oğlan gördüm.

- Bu nə yerdi belə? – mən maraqlandım.

- Bura KQB-in ərazisidir, məftilin arasından keçsən dərhal siqnalizasiya işə düşəcək, səni tutacaqlar.

- Dünyada ən çox kimi istəyirsən?

- Vətəni, anamı.

- Bəs onlardan da çox kimi istəyirsən?

O, bir anlıq fikrə dalıb dedi:

- Allahı.

- Namaz qılırsan?

- Yox, bizdə anam namaz qılır, mən hələ bacarmıram, indiki zamanədə bu çox çətindir.

- Hə, başa düşürəm... Siqaretindən olar?

- Buyur.

- Buranı dönüb yenidən düz yola necə çıxmaq olar?

- Bax oradan, soldan, qəbristanlıqdan keçməlisən. Amma gərək asta olasan, orada vəhşi itlər sürüsü var.

Oğlana minnətdarlığımı bildirib yoluma davam etdim, vəfat edənlərin başdaşı üstündə şeh ilə yuyulmuş şəkillərinə baxıb qəbristanlığı keçdim.

Mən yendən düz yola çıxıb qanadlarını açmış qartal ilə sonuclanan nəhəng konusa çatdım. Mən bu konusu təşkil edən 17 halqa saydım. Fiquru dönüb köz ilə yazılmış yazını gördüm: “Orxan + Azad + Murad = 12 Qardaşlar”. Sonra taksi sürücüsünə yaxınlaşıb bu heykəlin kim tərəfindən qoyulduğunu soruşdum.

- Bilmirəm. Özün de, axı özün bilirsən, bilməsəydin soruşmazdın, – gözümün içinə baxa-baxa dedi o.

- Bu haradan belə çıxdı?

- Üzündə nur var.

- Düz yola necə çıxmaq olar?

- Qabaqda da heykəl var, şir heykəli, ora çatıb yuxarı qalxarsan.

Mən yeni tikililəri təsvir edən plakata baxan ağzını ayırmış şirə çatdım (o çox gülməli görünürdü). Əhənglənmiş postamentə diqqət yetirib onun üzərində cızılmış növbəti yazıya rast gəldim: “O + V + W”. W sol caynağında 13 ox tutmuş qartala bənzəyirdi. Şir mənim heç xoşuma gəlmədi, mən onu bütə bənzətdim. Mən postamentə çıxıb fiquru daşlaya-daşlaya dövrəsinə fırlandım. Gödəkçəmi əhəngə bulayıb yerə düşdüm və yuxarı qalxmağa başladım. Qarşılaşdığım çilingərdən tozu yumaq üçün suyun yerini soruşdum.

- Burada yaxındadır, sağa dön, o kiçik köşkdə.

Yolu çox da böyük olmayan tikanlı ağac kəsirdi.

- Kömək edərsən, ağacı qırağa çəkim? – deyə çilingərdən soruşdum.

- Axı sən rahatcasına onun yanından keçə bilərsən.

- Yox, mən düz yolla getmək istəyirəm.

-Ələ salırsan məni?!

- Yaxşı, özüm həll edərəm.

Ağacı yoldan çəkib köşkə yaxınlaşdım. Köşkün üstündə boya ilə içəridə işəmək fikrində olan insanın ünvanına söyüş yazılmışdı. Qapıda kilidlənməmiş qıfıl asılmışdı. Qıfılı çıxarıb içəriyə göz gəzdirdim: qaz plitəsi yanırdı, çirkli masa üstündə yarımçıq “Bonaqua” butulkası durmuşdu, kiçik çarpayıda cır-cındır topası ucalırdı. Mən su tapmadan və “Bonaqua” qalığını istifadə etməyi ağlıma belə gətirmədən sadəcə gödəkçəmi çıxarıb onu çarpayının üzərinə atdım. Sonra yenidən yola çıxdım, heç hara dönmədən, yalnız düz yolla gedərək yuxarı qalxmağa başladım. Bir neçə metr keçib trasda ölü, amma çox sağlam görünən bir pişik gördüm. Sanki onu bilərəkdən boğub bura atmışdılar. Çöməlib onun ağarmış gözlərinə baxdım. Onlar əsrarəngiz idilər. Haradasa iyirmi metr də getdikdən sonra qoca süpürgəçi qadından bu düz yolun hara aparıb çıxaracağını xəbər aldım.

-Bu yol elə hey düz gedir.

Bir neçə saniyəlik susub o, qayğıkeş və azca təlaşlı səslə soruşdu:

- Oğlum, sən də xəstəsən?

- Yox, necə bəyəm?

- Mənim oğlum da sənin kimi evdən çıxıb gedir, o ruhi xəstədir, özü də möhkəm içəndir, geriyə qayıda bilmir. Bəs sən, sən qayıda bilirsən?

- Hə. Hər şey qaydasındadır. Çox sağ olun.

Mən bir qədər də irəlilədim, su içmək, oturub dincəlmək istəyirdim. Bu məqamda solumda yas çadırı gördüm. Yaxınlaşıb salamlaşdım, “Allah rəhmət eləsin!” deyib oturdum və içməyə su xahiş etdim. Mənə armudu stəkanda qaynar su və nəlbəkidə altı ədəd xurma gətirdilər. Sudan qurtumlayıb hər şeyin faniliyi barədə düşünüb hönkür-hönkür ağlamağa başladım. Mənə yaxınlaşıb nə olduğunu soruşdular, başımı bulayıb “hər şey qaydasındadır” dedim. Sonra çadırın yuxarı başına keçməyi xahiş etdilər. Mən imtina etdim. Yarım stəkan qaynar su içərək beş ədəd xurma yeyib rəhmətə gedən insanın adı ilə maraqlandım. “Tamara”, – deyə cavab verdilər. Mən dərhal konus üzərindəki yazını, sonuncu yazılmış “Murad” adını xatırladım. Bu addakı samitlər “Tamara”dakı samitlər idi (“t”-nın əksi olan sonuncusu “d”-nı nəzərə almaqla). Elə həmin an cərgə düzüldü: mart – Murad – Tamara – morte (yəni “ölüm”). Minnətdarlığımı bildirib çölə çıxdım və yenidən düz getməyə başladım. Günəş bütövlüklə üfüqdə işıq saçırdı, sevindim ki, köşkdə gödəkçəmi çıxarmışam (evdən çıxmazdan qabaq yaşıl rəngli yun köynək və təzə yun corablar geymişdim. NB: yun – sufi paralelləri). Haradasa yarım saatdan sonra Suraxanı dairəsindəydim. Bu dairə məhəccər ilə əhatə olunmuşdu, içəridə birmərtəbəli ev, oğlan uşağı və at heykəli (“At muraddır”) var idi. Tualetə getmək istəyirdim. Qapını döydüm. Qapını yanında balaca qız olan şalvarı qısaldılmış saqqallı cavan kişi açdı. Mən onu yaxına çağırıb tualetindən istifadə etməyi xahiş etdim.

- Yox, – dedi o, – burada omaz, orada ağaclıqda çalış.

- Sən namaz qılırsan? – ondan soruşdum.

- Yox.

Mən üzr istəyib yenidən düz getməyə başladım. Beynimdə quş kimi bir fikir qanad açdı: Pirallahı adasına çatıb, Əsmərgilə getmək, onunla bir uşağın dünyaya gəlməsinin təməlini qoyub sonra dənizə aparan estakadalarla qabağa, yalnız qabağa irəliləmək. Mənə elə gəlirdi ki, bu estakadalar bütün dəniz boyunca gedib İrana çatır, mən isə onların üstü ilə İsa dəniz üstündə getdiyi kimi gedib Məkkəyə çatmalıyam və həcc ziyarəti etməliyəm. Amma, görünür, istiqaməti səhv götürüb başqa səmtə, Mərdəkana doğru irəliləməyə başladım. Bir an mən sadəcə trassın ortasıyla gedirdim, üzbəüz və arxadan şütüyən maşınlar isə mənimlə bərabərləşən zaman, zənnimcə, beyni dəlmiş atəş effekti yaradırdılar. Bütün yol ərzində cəmi üç-dörd dəfə avtostopla taksi tuta bildim, onlar məni bir neçə yüz metr qabağa atırdılar, buna görə də mən sürücülərə pulum olmadığından yalnız səmimi “çox sağ ol!” deyə bilirdim. Beləliklə, Mərdakanı keçib Şüvəlana yaxınlaşmağa başladım. Kənd sakinlərinin dediyinə görə Şüvəlanın ən ucqar nöqtəsi QRES idi.

Nədənsə düşündüm ki, dənizə çıxışı olan bütün Bakı kəndlərinin su üzəri ilə İrana aparan gizli yolu var. Amma tamamilə düz getdiyimdən (bəlkə də bu ancaq mənə belə görünürdü) mən QRES-ə yox, Şüvəlan məscidinə gəlib çıxdım. Məscidi, sonra müsəlman qəbristanlığını, sonra da xaçlar arasında tənha kişi fiqurunu gördüyüm xristian qəbristanlığını arxada qoyub qismən zibilliyə çevrilmiş təpə üzərinə çıxdım. Təpə üzərində səmada iri bir quş süzürdü (qartal? şahin?). Mən ayaq saxlayanda o mənə doğru yaxınlaşırdı, mən isə ona doğru gedəndə o məndən uzaqlaşırdı. Təpə sıldırım enişlə bitirdi. Yorulmuşdum, yalnız qabağa getməkdən savayı bilmirdim nə edəm, ona görə dincəlmək və qərar vermək üçün yerə oturdum. Aşağıda: divarlar sırası, bir neçə tənha ev, dəniz.

Birinci divara çatmamış kiçik torpaq topası var idi, o kənarlarından elə qazılmışdı ki, yuxarıdan baxanda düz saat beşi göstərən əqrəbləri xatırladırdı. Birdən arxamdan ayaq səsləri, sol qulağıma “Dayan”, sağ qulağıma “İrəli get” pıçıldayan səs eşitdim. Ağlıma gəldi ki, bu vəziyyətdən asılı olaraq gah İblis, gah da Cəbrayıl olan eyni ruhdur.

Gücümü toplayıb sıldırım enişlə üzüaşağı düşdüm, daha doğrusu, kürəyim üstə sürüşdüm. Mən o dərəcədə düz gedirdim ki, təpənin ətəyində bitən iri tikanlı ağacı yandan ötmədim, biləklərimi yun köynəyimin içinə çəkib tikanlı budaqları araladım və ağacın ortasından keçdim. Birinci divarda ağ boyayla növbəti yazı yazılmışdı: “Daşlara toxunmayın”. Çox da fikirləşmədən mən hasarı adladım. Boş sahə ilə bir az gedib digər, daha hündür hasara dırmaşdım, düşüb yenə də boş sahə ilə getdim və yenidən hündür (3 metrə yaxın) hasara rast gəldim. Atlanım, atlanmayım tərəddüdünün dolanbacında dolaşarkən mənə elə gəlirdi ki, məni əhatə edən bütün canlı məxluqlar da tərəddüd içindədir: böcəklər otların içində azıb qalmışdılar. Sanki mənim tərəddüdümün dalğaları böcəklərə ötürülürdü. Nəhayət, mən divar ilə sağa hərəkət etməyə qərar verdim, sağ tərəfdə aşağı düşmək üçün daşlardan “nərdivan” var idi (böcəklər də sağa hərəkət edib otların dolanbacından qurtuldular). Eniş vaxtı etdiyim ehtiyat köməyimə çatmadı və mən üçmetrlik hündürlükdən yerə dəydim. Dəhşətli ağrıdan gözlərim yaşardı, amma bu məni yolumdan saxlamadı və mən asfaltlanmış hamar yola çıxdım. Bir neçə metrdən sonra saman şlyapada mənimlə üzbəüz gələn bir kişi gördüm, onu Van Qoqun ölümü simvolizə edən “Taxılbiçən”inə oxşatdım.

- Kimsən, adın nədir, haradan gəlirsən?! – deyə o sərt tərzdə soruşdu.

- Adım Orxandır, düz yol ilə gedirəm. Bura Əhmədlidən gəlmişəm.

- Gəl bura, görüm.

Mən onun ardınca sağa, divarlarla əhatə olunmuş əraziyə keçdim.

- Mənə hər şeyi ətraflı danış, – tələb etdi kişi.

- Buranın böyüyünü çağır, mən onunla danışacam.

- Heç bilirsən bura nə yerdir?

- Yox.

- Bura KQB-in ərazisidir, mən indi əli silahlı adamları çağıracam. Səni öldürəcəklər.

- Çağır.

Şlyapalı kişi bir ad çəkdi, sonra əlavə etdi: “Baltanı gətir!”. Haradansa altı-yeddi yaşlı əli baltalı oğlan uşağı peyda oldu. Bir addımlığımda durmuş şlyapalı kişi baltanı başım üzərində tutub qəribə tərzdə aydın səslə soruşdu:

- Düz yol nədir?

Cavabı dərhal verdim:

- Fəqirlik, eşq və şəfqət.

- “Fatihə”ni oxu, mən indi səni öldürəcəyəm.

Heç bir qorxu hiss etmədim (yolda gördüyüm sığorta şirkətinin reklam plakatı yadıma düşdü: paralanmış, amma ləpəsi salamat ceviz və sloqan “Təəccüblənməyin, hər şey sığortalanıb”), onun gözlərinin içinə baxaraq “Fatihə”ni, “İxlas”ı oxudum, o duaları mənimlə birgə pıçıldayırdı, sonuncu sözdən sonra isə baltanı endirib sol tərəfdən qara gün eynəyi taxmış bir cavan oğlanı çağırdı. Oğlana mənim barəmdə danışıb şlyapalı kişi əlavə etdi:

- Bəlkə əl-qolunu bağlayaq?

Qara eynəkli oğlan əl verib özünü təqdim etdi və kimi axtardığım barədə maraqlandı. Mən qartalla sonuclanan konusun birinci halqasındakı yazını xatırlayıb dedim:

- Qardaşlarımı, Azadla Muradı.

Oğlan bir neçə ad çəkib soruşdu:

- Bəs bunlar kimdir?

- Bilmirəm.

- Bəs biz kimi gözləyirik?

- Bilmirəm, – deyə təkrarladım.

Yalnız indi mən evimi, anamı xatırladım, məni axtardığına görə narahat olduğunu düşündüm, anladım ki, ona acı yetirmək haqqım yoxdur və anamın məni gözlədiyini, təcili evə dönməli olduğumu dedim.

- Sən bura necə gəlmisən? – şlyapalı kişi bir də soruşdu.

- Təpəni keçib gəlmişəm.

- Sən təpənin üstündə oturmuşdun?

- Hə, qartal da başımın üstünə qonmaq istəyirdi.

- Aralan, aralan məndən, – qorxu içində geriyə çəkilərək dedi o, – mən səndən qorxuram.

- Bağışla, səni qorxutmaq fikrim yox idi, sadəcə sualına cavab verdim.

Bu an “Jiquli”də bir nəfər bizə yaxınlaşdı. Şlyapalı kişi ona “Səfi dayı” kimi müraciət edib məsələni izah etdi.

- Hara gedirsən? – Səfi soruşdu.

- Mən bura düz yol ilə gəlmişəm, indi isə evə getməliyəm. Evə necə çatım?

- Getdiyin kimi get, yol özü səni aparacaq.

- Mənə daha ilişməyəcəklər ki?!

- Yox, get.

Yol böyük çevrə verirdi, mən isə bir tərəfdən al gün, bir tərəfdən də külək altında yorğun-yorğun irəliləyirdim. Birdən it hürüşməsi eşidildi, bir neçə saniyədən sonra mənə tərəf yəqin ki, zibilliklə xristian qəbristanlığının sakini olan üç hirsli it yaxınlaşmağa başladı. Addımlarımı yubatmadan uca səslə “Allahu əkbər, Allahu əkbər!” təkrarlamağa başladım. İtlər qorxaq tərzdə quyruqlarını qısıb qaçıb getdilər. Bu ərazidən qum, daş, yəni tikinti materialları çıxaran yük maşınlarının ardınca düşüb yenidən trasa çıxdım. Susamışdım. Bir an arxamda qadın dikdabanlarının yaxınlaşan taqqıltısını eşitdim, halbuki tras tamamilə boş idi. Yenidən “Allahu əkbər!” deyə təkrarlamağa başladım və taqqıltı səsi yoxa çıxdı.

Beləcə Qala kəndinə gəlib çatdım, avtobus dayanacağında oturub dincimi aldım. Sonra dayanacaqlarda dincələ-dincələ yenidən getməyə başladım. Əl elədiyim maşınlardan heç biri məni götürmədi. Yol üstündəki avtotəmir obyektində təkər dəyişən, radiatorunu yoxlayan bir hacıdan başıma gələn əhvalatı nəql edib xahiş etdim ki, məni maşını ilə bir az qabağa atsın ki, axşam düşməmiş evə çata bilim. O, bu sözləri heç eşitmirmiş kimi çönüb getdi. Gücümü toparlayıb yola davam etdim, bu dəfə trasın özüylə yox, sağdakı cığırla. Beynimdə bir obraz canlandı:

“Budur bu yolla gedirəm. Mən onu sona qədər gedəndən sonra trası enlədəcəklər. Sonra bu yolla bir başqası, yaxud yenidən mən özüm gedəcəyəm və tras bir qədər də enlənəcək. Nəticədə bütün yer kürəsi rahat olsun deyə asfaltla örtüləcək, bütün insanlarsa əl-ələ tutub bəşəri Eşqi bölüşəcəklər”. Nə qədər getdiyimi xatırlamıram. Onu da xatırlamıram ki, maşınlardan biri saxlayıb məni necə götürdü.

Sürücünün yanında qısa qırxılmış başı saysız-hesabsız çapıqla dolu olan cavan qarayanız oğlan oturmuşdu. Məni bir az qabağa, mümkünsə “Əzizbəyov” metrosuna atmağı xahiş etdim. Mənim üçün artıq adiləşmiş suallar səsləndi:

- Alimsən? Alimə oxşayırsan, üzündə nur var, – dedi Zamir adlı sürücü.

- Yox, alim deyiləm, bir az ordan-burdan oxumuşam.

- Bu yola nəyə görə çıxdın?

- Sadəcə buna ehtiyac duydum.

- Ev nömrəni ver, zəng edib deyim ki, səni gətirirəm, anan narahat olmasın, – dedi Zamir. O anama zəng edib dedi ki, məni yoldan götürüb, hər şey qaydasındadır, evəcən gətirəcək.

Biz “Əzizbəyov” metrosuna çatdıq, sürücünün yanında oturmuş sərnişin düşməyə hazırlaşdı.

- Namaz qılırsan? – o soruşdu.

- Yox.

- Qılmalısan.

- Sən özün qılırsan?

- Bir vaxt qılırdım, sonra atdım.

- Atdın? Necə yəni? Nəyə görə?

- Allaha qovuşmağın başqa, daha üstün üsulları var, – bu sözlərdən sonra o sağollaşıb getdi.

Mən onun yerinə keçib Zamirdən soruşdum:

- O sənə pul vermədi?

- Mən onu da sənin kimi yoldan götürmüşdüm.

Haradasa iyirmi dəqiqədən sonra mən artıq evdə idim. Beşə iyirmi dəqiqə qalırdı. Deməli, doqquz saatdan artıq yolda idim. Qapqara qaralmış və çox yorulmuş halda çarpayıya yıxıldım.

Bir gün sonra Tahir adlı dostum gecə bizdə qaldı. Başıma gələn əhvalatları ona danışdım. Biz yenidən qartal və şir heykəllərinə gedib baxmaq fikrinə gəldik. Dairəyə, qartalın yanına gəlib gördük ki, bu nəhəng paslı konus bütövlüklə ağ rəngə boyadılıb. Tahir konusa yaxınlaşıb dəmirə toxundu:

- Təzədir, – boyanı nəzərdə tutaraq o dedi. – Bəs adın hanı? Aha, budur, görürəm.

Biz tənbəllik etməyib şir heykəlini də görməyə getdik. Postament də ağ əhəngə boyanmışdı, yerə fırçayla vedrə atılmışdı.

Günəş isə elə hey işıq saçırdı. Həmişə və daim yeni olan Günəş.

# 2557 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #