İşıqlı ferma

İşıqlı ferma
12 sentyabr 2015
# 08:00

Kulis Seymur Baycanın “İşıqlı ferma” hekayəsini təqdim edir.

(sosrealist hekaye)

Gənc və perspektivli bəstəkar Murad Pirverdi maşınla öz kəndlərinə gedirdi. Bəstəkar nazik parçadan ağ yay kostyumu geyinmişdi. Boğazı düymələnməmiş göy köynəyinin üstündən qırmızı rəngli yüngül qalstuk bağlamışdı. Maşın irəliyə doğru hərəkət etdikcə onun artıq dən düşmüş yumşaq saçlarını oynadırdı. Gənc bəstəkar gözlərini qıyaraq çöllərə tamaşa edirdi.

Yayın əvvəli idi. Parlaq günəş sarı buğda zəmilərinin içindəki kombaynları dənizdə üzən balaca gəmilərə oxşadırdı. Hər yerdə kolxozçular gözə dəyirdi. Şən mahnılar oxuya-oxuya, zarafatlaşa-zarafatlaşa işləyən güllü paltar geyinmiş kolxozçu qadınlar və qızlar çəmənlikdəki lalələrə bənzəyirdilər. Məhsul yığımı haqqında məqalə yazmaq üçün qəzetlərdən kolxozlara ezam olunmuş müxbirlər əllərində dəftər-qələm dayanmadan işləyən kolxozçuların arasında gəzib qeydlər götürürdülər.

Bu mənzərələr sanki nə əvvəli, nə də axırı olan dastan söyləyirdi. Havadan təzə buğda qoxusu gəlirdi. Yoldan tez-tez taxıl və samanla dolu maşınlar gəlib keçirdi. Bəstəkar bu maşınlarda oturmuş zəhmətkeş, sağlam, gündən bədənləri qaralmış gənclərə diqqətlə baxsa da heç birini tanıya bilmirdi. O, kənddən çoxdan çıxmışdı. Axırıncı dəfə kəndə gəldiyi zamandan isə səkkiz il keçmişdi. Buna səbəb bəstəkarın kəndlərinə qarşı soyuqluğu deyildi. Sadəcə vaxtı olmurdu. Tələbəlik illəri, bir-birinin ardınca yazdığı uğurlu və uğursuz əsərlər, konsertlər, qastrollar, iclaslar , qurultaylar, yaradıcılıq ezamiyyətləri, Soçi, Yessentuki, Kislovodsk, Moskva, Leninqrad, Kiev...

Bütün bunlar bəstəkarın başını o qədər qatmışdı ki, illərin bu qədər sürətlə gəlib-keçməsinə özü də təəccüb edirdi. Hər gördüyü mənzərədən həyəcanlanmayan bəstəkar bu dəfə kəndlərinə girəndə bərk həyəcanlandı. Bu həyəcana səbəb kənddə daşdan tikilən üstü qırmızı kirəmitli yaraşıqlı və səliqəli evlər idi. Geniş həyət darvazalarının sağ və sol tərəflərinə mavi rəngli skamyalar qoyulmuşdu. Bəstəkar kəndlərində aparılan abadlıq işləri haqqında bir-iki dəfə qəzetlərdə məqalələr oxumuşdu, lakin o, qısa zaman içində bu qədər abadlıq işinin aparılmasının, bu qədər iş görməyin mümkün ola biləcəyini təsəvvürünə gətirə bilməzdi. Sovet hökuməti qurulmazdan əvvəl bu kəndin adamları yerin altında qazmalarda yaşayırdılar. Kənddə yalnız bir adamın evi yerin üstündə yerləşirdi. O ev də kəndin ağasının evi idi.

Bəstəkar həyət darvazasından ata yurduna girəndə on dörd yaşlı bir qızın həyətdə ağac suladığını gördü. Qızın saçları səliqə ilə hörülmüşdü. Hörüyünün uclarına ağ lent bağlanmışdı. Əynində qısaqol sarı rəngli don var idi. Bəstəkar ondan soruşdu:

- Ay qız, bəs Telli arvad hardadı?

Qız bəstəkara baxıb gülümsədi, əlindəki qara rəngli rezin borunu ağacın dibinə atıb quş kimi yüngül addımlarla ona sarı gəldi:

- Xoş gəlmisiniz, yoldaş bəstəkar. Telli nənə fermaya gedib - deyib balaca, qəşəng əlini irəli uzatdı.

Bəstəkar qızın əlini yüngülcə sıxaraq soruşdu:

- Sən kimin qızısan?

- Firuzənin qızıyam. Telli nənə fermaya gedəndə evin açarını bizə verdi ki, qapı-bacadan muğayət olaq.

Bəstəkar gülümsədi.

- Yadında saxla, soruşanda kimin qızısan, adam anasının adını çəkməz, atasının adını çəkər.

Qız utandı.

- Nə bilim, uşaqlıqdan nəsə belə öyrənmişəm. Soruşanda kimin qızısan, həmişə anamın adını deyirəm.

- Bəs məni necə tanıdın?

- Niyə tanımayım? Azərbaycan pioneri qəzetində sizin haqqınızda məqalə yazmışdılar. Şəkiliniz də var idi.

- Nə yazmışdılar?

- Yazmışdılar ki, siz öz əsərlərinizdə vətənimizin gözəlliklərini, zəhmətkeş insanların sadəliyini gözəl tərənnüm edirsiniz.

- Elə bu?

- Yazmışdılar ki, əsərləriniz günü-gündən püxtələşir. İndi də böyük inqilabçı Orconikidze haqqında əsər yazmağa hazırlaşırsınız.

- Az yazıblar. Bu ağacları anam özü əkib?

- Yox, ağacları komsomolçular əkiblər. Biz pionerlər isə ağaclara qulluq edirik. Ağacları sulayırıq, dibini belləyirik, qıraqlarına çay daşları düzürük. Söz vermişik ki, qısa müddətdə bütün kəndin ərazisini yaşıllıqla bürüyək.

- Çox gözəl təşəbbüsdür. Təbiəti qorumaq, təbiəti sevmək lazımdır. Həmişə belə gözəl işlərlə məşğul olun.

- Bəs kommunistlər nə edirlər?

- Kommunistlər kənddə böyük mədəniyyət evi tikirlər.

Bu sözləri deyəndə qızın səsində qürur hiss olunurdu.

- Nə boydadır?

- Kənd üçün yaxşıdır

- Ağlın nə kəsir, camaata bir xeyri dəyəcək?

- Çalışarıq dəysin.

- Mənim sualım sənə qəribə görünə bilər. Rayonlarımızın, kəndlərimizin çoxunda mədəniyyət evlərini görk üçün tikirlər. Desinlər ki, filan kolxozun da mədəniyyət evi var.

- Hər halda bizimkilər yuxarıdan malades almaq üçün tikməzlər.

- Bizə hər şeydən əvvəl mədəniyyət lazımdır, mədəniyyət. Bizim camaatın ən əsas dərdi mədəniyyətsizlikdir. Mədəniyyət gərək burda olsun.

Bəstəkar sağ əlinin barmaqlarını yığıb yumruğunu üç dəfə alnına vurdu. Yumruqla başın təmasından çox gözəl səs yarandı. Bu səs qızın çox xoşuna gəldi. Ona elə gəldi ki, bu cür gözəl səs yalnız bəstəkarların başından çıxa bilər.

- Demək sən Telli nənənin qızı olmusan.

- Kənddəki qızların hamısı Telli nənənin qızları deyilmi?

- Mən də gecə-gündüz fikir edirdim ki, görəsən arvad tək-tənha bu evdə necə yaşayır. Yaman nigaran idim ondan. İndi mən onu görmək üçün bura gəlmişəm, o da fermaya gedib. Bu bir az yaxşı olmadı.

- Siz maşınla üç saata fermada ola bilərsiz.

- Bəyəm fermaya maşın yolu var?- bəstəkar təəccüblə soruşdu.

- Əlbəttə var, keçən il fermaya yaxşı yol çəkmişik-qız sevinclə cavab verdi.

- Nə yaxşı- bəstəkar saatına baxdı. Deməli indi çıxsaq üç saatdan sonra Telli nənənin hüzurunda olarıq.

Maşın bir saata qədər zəmilərin arası ilə yol gedəndən sonra yuxarı, dağlara tərəf qalxmağa başladı. Elə bil buralara bahar təzədən qayıtmışdı. Dağların döşündə saysız-hesabsız lalələr qızarırdı. Müxtəlif quşların səsi eşidilirdi. Havadan dağ nanəsinin və kəklikotunun ətri gəlirdi. Üstü yosunlu daşların çalalarında yağışdan qalma sular parıldayırdı. Yolun kənarında bir at, iki eşşək otlayırdı. Otlayıb doymuş bir inək başını dik tutaraq uzaqlara baxırdi. Bu mənzərələr bəstəkarı uzaq günlərə apardı. O, uşaq olarkən bu yerlərdən çox gəlib-getmişdi. O vaxtlar adamlar bu yolu iki-üç günə gedib-gələrdilər. Bəstəkar yaratdığı əsərlərdə vətəninin gözəlliklərini tərənnüm edərkən bu yerləri çox xatırlamışdı.

Yavaş-yavaş axşam düşür, üfüqdəki buludlar tünd-bənövşəyi rəng alır, arada külək əsir otları, kolları tərpədirdi. Nəhayət, ətrafı qaranlıq bürüdü. Bu qaranlıqda dağlar daha böyük, daha əzəmətli və bir az da qorxulu görünürdü. Maşın indi yola işıq sala-sala gedirdi. Birdən onlar uzaqda qaranlığın içində yüzlərlə işığın sayrışdığını gördülər.

- Bu tərəflərdə kənd yoxdur. Bu işıqlar harda yanır görəsən?

Bəstəkar sualına cavab tapmaq üçün azca dikilib diqqətlə irəli baxdı. Amma nə qədər diqqətlə baxsa da sualına cavab tapmadı.

- Başım çıxmır. Bəlkə cinlər özlərinə toy edirlər?

Bu zarafat sürücünü bərk qorxutdu. Başını azca sağa çevirib həm də qabağa yola baxa-baxa ehtiyatla dedi:

- Murad müəllim, sizdən bir xahişim var.

- Buyur.

- Xahiş edirəm cinlərdən danışmayın.

- Niyə?

- Qorxuram. Uşaqlıqda cinlər haqqında o qədər qorxulu nağıllar eşitmişəm ki, indi böyüyüb yekə kişi olsam da cin qorxusu hələ də canımdan çıxmayıb.

Gənc və perspektivli bəstəkar bərkdən güldü.

- Qorxma. Sovet hökuməti qurulandan sonra daha burda cin qalmayıb. Hamısı qaçıb gedib kapitalist ölkələrinə. Saysız-hesabsız quruculuq işlərinin getdiyi yerdə cin qala bilməz.

Cavabı bəstəkarın özünün də xoşuna gəldi. Düşündü ki, bu mövzuda balaca yığcam bir əsər də yazmaq olar. Araya sükut çökdü.

İyirmi dəqiqədən sonra maşın yan-yana düzülmüş və elektrik işığında divarları ağaran evlərin qabağında dayandı. İri qoyun itləri qəzəblə hürüşərək, tökülüb maşını dövrəyə aldılar. Bir gənc oğlan itləri qovub maşına yaxınlaşdı. Bəstəkar maşının qabağına çıxan gənc oğlandan soruşdu:

- Cavan oğlan, bura hansı kənddir?

- Bura kənd deyil, bura Canbul Cabayev adına kolxozun fermasıdır-oğlan fəxrlə cavab verdi.

Çox arıq olmasına baxmayaraq, yaraşıqlı bir oğlan idi. Yaşı iyirmi beşdən artıq olmazdı. Bəstəkar bu arıq gəncdə tükənməz bir qüvvə, həyata güclü bir bağlılıq hiss etdi. Elə bil o, bu saat səni heyrətdə qoyan fövqəladə bir iş görəcəkdi. Elə bil başqalarının bilmədiyi bir çox sirlər ona məlum idi.

Elektrik işığında divarları ağaran evlərdən birindən qoca qadın çıxdı:

- A bala, o gələn kimdir?

Bəstəkar bu səsi dərhal tanıdı.

- Demək bura kənd deyilmiş, ferma imiş – deyərək bəstəkar həyəcanlı halda maşından düşdü.

O, kənarda dayanmış itlərdən qorxa-qorxa ehtiyatlı addımlarla elektriklə işıqlandırılmış voleybol meydançasından keçərək səs gələn evə tərəf getdi. Meydançanın kənarlarına ağaclar əkilmişdi. Ağacların arasına Əlişir Nəvainin balaca heykəli qoyulmuşdu. Evin qarşısında dayanmış qoca qadın əlini elektrik işığından qamaşan gözlərinin üstünə qoyub irəli baxırdı. Bəstəkar qadına yaxınlaşıb onun beş addımlığında dayanıb gülümsədi. Yalnız bu zaman ana öz oğlunu tanıdı və qollarını geniş açdı. Bu görüşü təsvir etməkdə qələm acizdir…

Ana üzünü, boyca özündən hündür olan oğlunun geniş sinəsinə qoymuşdu. Ana oğlunun ürək çırpıntılarını eşidirdi. Bu, güclü bir həyatın səsi idi. Bu geniş sinəni, bu oğulu dünyaya bu üzü qırışmış qadın vermişdi. Ana öz qüdrətiylə fəxr edirdi. Onun sümükləri çıxmış quru əlləri oğlunun qollarından yapışmışdı. Ana bu qollardakı yaratmaq qüvvətini hiss edirdi. Sanki qarının bütün duyğuları bir anda baş qaldıraraq fövqəladə bir sürətlə işləyirdi.

- Bu gün gözüm elə hey yol çəkirdi. Demə sən gəlirmişsən… Uşaqlar elə hey səndən giley eləyirlər. Deyirlər oğlunun şəklini görürük, amma üzünü görə bilmirik. Mən də deyirəm təki canı sağ olsun, əlbət işi-gücü çoxdur.

- Elədir, ana! İşim çox olur – oğul astadan cavab verdi.

- Bilirəm. Hamımızın işi çoxdu. İşimiz çoxdur, vaxtımız az. Çatdırmaq olmur. Burda dayanma. Keç içəri.

Ana oğlunu irəli buraxıb geniş, səliqəli, işıqlı otağa keçirtdi. Böyük stolun ərafına düzülmüş stullardan birinə oturdub özü isə çay və yemək hazırlamağa başladı. O, mətbəxdən çıxıb tez-tez oğluna yaxınlaşır, sual verir, cavab alırdı. Fermanın əməkdaşları bir-bir evə girir, bəstəkarla utana-utana, çəkinə-çəkinə salamlaşır və stol arxasında əyləşirdilər. Ana hərənin qarşısına bir stəkan çay qoydu. Sonra stolun üstünə pendir, tərəvəz salatı, soyutma ət, çörək düzdü. Bir neçə dəfə mətbəxə gedib-gəldi. Hər dəfə də mətbəxdən qayıdanda ana eyni sözləri təkrar edirdi :

- Əvvəlcədən bilsəydim, ürəyin nə istəsəydi bişirərdim.

Oğul da hər dəfə eyni sözü təkrar edirdi:

- Narahat olma, hər şey yaxşıdı. Mən qarın açmağa gəlməmişəm, səni görməyə gəlmişəm.

Fermanın əməkdaşları bəstəkarla söhbətə başlamağa utanırdılar. Onlar üçün şəklini mərkəzi qəzetlərdə gördükləri adamla söhbət etmək çətin idi. Çoxsaylı xahişlərdən sonra ana nəhayət stol arxasında oturdu. Fermanın əməkdaşlarını bir-bir oğluna təqdim etdi:

- Bax, bu bizim fermanın mal həkimidir-ana, qara kostyumun altından ağ köynək geyinmiş, yaşıl qalstuk bağlamış, qısaboylu, kök oğlanı göstərdi.

Sonra başını qəhvəyi rəngli məxmər kostyum və qırmızı ipək köynək geyinmiş oğlana tərəf çevirərək dedi:

- Bu da bizim fermanın müdürüdür. Yerdə qalanlar da bizim fermanın çobanlarıdır.

Bayaq itləri qovub bəstəkarı qarşılayan arıq oğlan da çobanların arasında idi.

- Sənin işlərin necədir, ana? Yenə əvvəlki kimi sağa bilirsənmi?

- O gün rayon qəzetində şəkli çıxmışdı-baytar həkim dedi.

- Qocalıb. Deyirəm əşi get otur evdə, istirahət elə… - Ferma müdiri zarafatla dedi.

- Onu görməyəcəksən! – Ana ferma müdirinin sözünü kəsdi. – Bundan sonra yetmiş il yaşasam da yenə də evdə oturmaram. Mənə nə olub ki, siz işləyəsiniz, mən də kənarda durub tamaşa edəm.

Ana bu sözləri çox böyük qızğınlıqla deyirdi. Oğlu gözlərini qırpmadan ona baxırdı. Bu balaca qadındakı həyat eşqi, işləmək həvəsi onda fərəh doğururdu.

- Dur bir gör sürücü necə oldu? – ana hirsli halda baytar həkimə baxdı.

Baytar həkim ayağa qalxmaq istəyirdi ki, sürücü özü gəlib çıxdı.

- Keç, əyləş, bala- ana sürücüyə yer göstərdi.

- Bu işıq hardandı, ana? – Bəstəkar bu sualı verib başının üstündə yanan, evə gur işıq saçan elektrik lampasını göstərdi.

- Mirran kəndi yadındadırmı?

- Yadımdadır.

- İndi orda böyük kalxoz qurublar. Yekə bir stansiya tikiblər. İşığı ordan alırıq.

- Vermirdilər. Telli nənəni saldıq üstlərinə. O qədər gedib gəldi ki, axırda razı oldular-ferma müdiri bu sözləri deyərək gülümsədi.

Bu zaman bayırda bir inək mələdi.

Ana özü-özü ilə danışırmış kimi başını baytar həkimə çevirmədən dedi:

- Dərmanını verdinmi?

- İki saatdan sonra verəcəm- baytar həkim qolundakı saata baxdı.

Araya sükut çökdü. Ferma əməkdaşlarının sifətlərində birdən-birə qayğılı ifadə yarandı. Sanki hansısa ümumi bir qayğı bir anda onları məclisdən uzaqlaşdırdı. Ana dodaqlarını sıxaraq qarşısındakı bir nöqtəyə baxırdı.

Ferma müdiri:

- Bu axşam da dilini ota vurmadı.

Bəstəkar maraqla soruşdu:

- Nə olub ki?

- Bir yaxşı inəyimiz var. İki gündü xəstələnib. Heç nə yemir. Tapa bilmirik dərdi nədir- baytar həkim cavab verdi

Ananın sifətindəki qayğılı ifadə bəstəkara uşaqlıqdan tanış idi. Hər dəfə o, xəstələnəndə ananın üzündə belə bir qayğılı ifadə yaranırdı. Ana həmişə anadır-bəstəkar düşündü.

- İnəklərin hamısı yerli cinsdəndir?

- Xeyr, Rusiya cinsindən olan inəklərimiz də var. İndi çalışırıq ki, inəklərimizin çoxu rus inəkləri cinsindən olsun. Özünüz bilirsiniz ki, bizim inəklər həm cır olur, həm də az süd verir. Amma rus cinsindən olan inəklər…

- Bəs rus cinsindən olan inəklər yerli şəraitə alışa bilirlərmi?

- Hamısı baxmaqdan asılıdır. Əvvəllər saxlamağın qaydasını bilmirdik. Ona görə xəstələnəni çox olurdu. Yavaş-yavaş öyrənirik. O gün iclasımız var idi. Telli nənə təklif elədi ki, bir-iki adam göndərək Rusiya kolxozlarına, gedib görsünlər orda inəkləri necə saxlayırlar. Biz də belə qərara gəldik ki, elə Telli nənənin özünü göndərək Rusiyaya. Gedib orda Rusiya kolxozçularından rus cinsindən olan inəkləri saxlamağı öyrənsin.

- Deməli, Telli nənə tezliklə yaradıcılıq ezamiyyətinə gedəcək?- bəstəkar gülümsədi.

- O nə deməkdir?- ana ciddi halda soruşdu.

- Məsələn, necə ki, məni əsər yazmaq üçün Soçiyə, Yessentukiyə, Kislovodskiyə göndərirlər, səni də inək saxlamağı öyrənmək üçün Rusiya kolxozlarına göndərəcəklər…

- Bəs necə? – ana oğlunun nə demək istədiyini başa düşərək onun sözünü kəsdi. – Sən öyrənmək istədiyin kimi biz də öyrənmək istəyirik. Öyrənmək heç vaxt gec deyil. Hələ öyrənməli o qədər şeylər var ki… Bilirsən, oğul, baxıb görürəm ki, dədə-baba qaydasıyla daha iş aşmır. İstəyirsən sağıcı ol, istəyirsən çoban, istəyirsən bəstəkar, hamıya elm lazımdır. Biz də çalışırıq ki, fermamız daima inkişaf eləsin. İnəkləri işıqlı tövlələrdə saxlayaq.

Ana vəcdlə danışırdı. Ana danışdıqca bəstəkarın ürəyi qürurla dolurdu. O, anasının mədəniləşmək, öyrənmək, müasirləşmək həvəsi ilə fəxr edirdi.

Bayaq itləri qovan çoban bəstəkara diqqətlə baxıb dedi :

- Yoldaş bəstəkar, sizə bir sual vermək istəyirəm.

- Buyurun. Ürəkli olun. Siz mənə ürəyiniz istəyən sualı verə bilərsiniz.

- Təşəkkür edirəm. Bu, çox böyük etimaddır. Mən bir dəfə “Vokruk sveta” jurnalında oxumuşdum ki, Almaniyada inəkləri Motsartın musiqilərinin sədaları altında sağırlar. Deyilənə görə Motsartın əsərlərinə qulaq asan inəklər başqa inəklərə nisbətən daha çox süd verirlər. Bu nə dərəcədə doğrudur? Burda məntiq varmı?

- Belə bir məqalə mən də oxumuşdum. Burda həqiqət payının nə dərəcədə olduğunu deyə bilmərəm.

- Bəs siz bir bəstəkar kimi necə düşünürsünüz, əgər biz də öz inəklərimizi Motsartın əsərləri ilə tanış etsək, onların südü arta bilərmi?

- Mənə elə gəlir ki, bizim inəklər Motsartın əsərlərini o qədər də yaxşı başa düşməzlər. Motsartın əsərləri alman inəkləri üçündür. Çünki alman inəkləri dünyaya göz açan gündən Motsartın əsərlərinin ruhuna uyğun bir mühitdə böyüyürlər.

- Sizin sözünüzdən mən belə başa düşdüm ki, bizim inəklər muğamlara, xalq mahnılarına qulaq assalar daha uğurlu nəticələr əldə edə bilərik. Biz müasir həyatın nəbzini tutmaqla bərabər, keçmişimizi də yaddan çıxarmamalıyıq. Gözəl ənənələrimizi həmişə yaşatmalıyıq.

- Hər inəyin öz musiqisi olmalıdır. Məncə biz öz inəklərimiz üçün xüsusi əsərlər yazmalıyıq. Geriyə qayıdanda bəstəkar dostlarımla bu barədə fikir mübadiləsi aparacağıma söz verirəm. Bu işlə mütəxəssislər məşğul olmalıdırlar. Hər hansı səhv addım böyük faciələrlə nəticələnə bilər.

Hamı fikrə getdi. Hər kəs özlüyündə səhv addım atılarkən hansı faciələrin baş verə biləcəyini ehtimal etməyə çalışırdı.

Evin yuxarı başında yerləşən şkafda müxtəlif kitablar düzülmüşdü. Burda müasir Azərbaycan və rus yazıçılarının, Balzakın, Defonun, Mayn Ridin, Jül Vernin və başqalarının əsərləri, kənd təsərrüfatına, maldarlığa, siyasi məsələlərə aid kitablar vardı. Bəstəkar kitabları göstərib soruşdu:

- Bu kitabları kim gətirib?

Ferma müdiri:

- Mən gətirmişəm. Rayon mərkəzi kitabxanasının müdirinə məktub yazdım. Sağ olsun. Xahişimə müsbət cavab verdi. Bizim üçün üç min ədəd kitab ayırdılar. Kolxozun iclasında qərara gəldik ki, hər bir zəhmətkeşin evində kitabxana olmalıdır. Həftədə iki dəfə yığışıb oxuduğumuz əsərləri müzakirə edirik.

Gənc çobanın qarşısında qalın bir kitab vardı. Çobanın yana daranmış saçı, arıq üzü, düz burnu, şabaladı gözləri arasında bir ahəng hiss olunurdu. Lakin qarşısındakı qalın kitab bu ahəngi pozurdu. Arıq bir adamın belə qalın kitab oxuması bəstəkara maraqlı gəldi.

Bəstəkar :

- Üzr istəyirəm, kitaba baxmaq olarmı?

- Əlbəttə. Buyurun. Borcumuzdur.

Bəstəkar kitabı alıb əvvəlcə müəllifin və əsərin adını oxudu - Leon Feyxtvanger. “Qəribə adamın müdrikliyi”- sonra kitabı vərəqlədi:

- Oxumusunzmu?

- Oxuyuram.

- Necədir? Xoşunuza gəlirmi?

- Doğrusunu desəm o qədər də xoşuma gəlmir?

- Niyə? Səbəb nədir?

- Bağışlayın, mən deyəsən fikrimi düzgün ifadə etmədim. Əsər xoşuma gəlir, əsərin qəhrəmanı xoşuma gəlmir. Ora gedir, bura gedir. Baş açmaq olmur həyatdan nə istəyir. Adamı təngə gətirir. Bütün bunlara birtəhər dözmək olar, amma mən adamların sözləri ilə əməlləri arasında ziddiyyət görəndə dözə bilmirəm. Böyük şəxsiyyətlərin yazdıqları ilə hərəkətləri arasındakı ziddiyyətlər həmişə məni çaşdırır. Jan Jak Russo cəmiyyətin ədalətsizliklərindən danışır, uşaqları necə tərbiyə etmək haqqında öyüd-nəsihət verir, belə bir dahi insan öz övladlarını anadan olan kimi uşaq evinə atırmış.

- Bizim üçün onların fikirləri maraqlıdır. Adamlar ölüb gedir, fikirlər, ideyalar isə yaşayır. Həyat müvəqqəti, sənət isə daimidir.

- Düzdür, amma məncə irəli sürdüyün ideyanı ilk növbədə özünə tətbiq etmək, dediyin sözlərin doğru olduğunu öz həyatınla sübut etmək hər bir insanın vətəndaşlıq borcudur. Məsələn, biz bilirik ki, həqiqi vətəndaş cəmiyyətin xeyrini öz şəxsi mənafeyindən həmişə üstün tutmalıdır. Bu öz-özlüyündə bir ideyadır. Lakin bir anlığa təsəvvür edək ki, bizlərdən hər birimiz bu ideyanı təbliğ etdiyimiz halda, gecə-gündüz yalnız və yalnız öz xeyrimiz haqqında düşünürük. Onda vəziyyət necə olar? Əlbəttə ki, bu zaman heç bir ideya səmərə verməz.

Elə adamlar var ki, sözdə həqiqəti qəbul edirlər, başqasına məsləhət verəndə yaxşı danışırlar, amma dediklərini həyata keçirmək məqamı gəlib çatanda geri çəkilirlər, arxaya qaçırlar. Çünki hər yaxşı fikrin əmələ çevrilməsi üçün zəhmət lazımdır. Hər həqiqət həyatda ağır müqavimətlərə rast gəlir. Bəzən həqiqət insanın öz ürəyinin müqavimətləri ilə qarşılaşır. Bu müqavimətləri qırmaq üçün insanın fikri açıq, iradəsi möhkəm olmalıdır. Biz unutmamalıyıq ki, öz xeyrini güdüb başqalarını yaddan çıxartmaq bizim böyük məqsədimizə uyğun gəlmir. Bu bir növ xüsusiyyətçilikdir. Biz belə hallarla qəti mübarizə aparmalıyıq. Biz ancaq özümüzü düşünə bilmərik. Biz sosializm cəmiyyətinin adamlarıyıq. Ancaq öz xeyrini güdənlər isə burjuaziya qalıqlarıdırlar. Biz keçmiş cəmiyyətin zəhərini damarlarımızdan damcı-damcı sıxıb çıxarmalıyıq. Ancaq o zaman, tam azad, rahat nəfəs ala bilərik.

Bir adamın fikri hökm şəklini alanda, bir adamın fikri bütöv kolxozun, rayonun, hətta bütün xalqın fikrini əvəz edəndə ağır nəticələr verir. Şəxsin fikir və iradəsinin bütün cəmiyyətin fikir və iradəsindən üstün olması məqbul sayılsaydı, o zaman şahları, sultanları, imperatorları taxt-taxdan düşürməyə ehtiyac yaranmazdı. Ağıl ağıldan üstündür. Təəssüf ki, bizim cəmiyyətdə elə adamlar var ki, bu hikmətli atalar sözünü unudur. İş başına keçəndə özünü hamıdan üstün tutur, hamıya yuxarıdan aşağı baxır. Özünü hamıdan ağıllı hesab edir. Əkinçiyə də, fəhləyə də, müəllimə də, həkimə də, yazıçıya da göstəriş və ağıl vermək iddiasına düşür. Nə desə gözləyir ki, hamı çəpik çalıb, alqışlayıb, “bəli, doğrudur”, “düz buyurursunuz”, “siz bizim hamımızdan ağıllısınız” qışqırsınlar. Belələri elə bilir ki, xalq yüksək vəzifə ilə bərabər hamının əvəzinə düşünmək, hamının əvəzinə hökm vermək ixtiyarını da onlara vermişdir. Bu cür qənaətə gəlmək onları ağılsız hərəkətlər etməyə sövq edir. Nəticədə çox adamın səadəti pozulur, axırda da özləri də bədnam olurlar…

İndi gənc çobanın səsində bir qətiyyət və amansızlıq var idi. Çobanın fikirlərini belə qətiyyətlə ifadə etməsi bəstəkarın çox xoşuna gəldi. Bu son vaxtlar kəndlərdə aparılan mədəniləşmə və müasirləşmə siyasətinin, quruculuq işlərinin bariz nəticəsi idi. Bu siyasətin nəticəsində zəhmətkeşlərin təbiətində olan yaratmaq meyli öz həqiqi istiqamətini tapmışdı. Məclisin digər iştirakçıları diqqətlə bəstəkarla çobanın söhbətinə qulaq asırdılar. Yavaş-yavaş onlar da söhbətə qoşuldular. Bütün günü işləyib yorulduqlarına baxmayaraq, onlar maraqla bəstəkarı dinləyir, yalnız musiqi dünyası barəsində deyil, müxtəlif ölkələr, şəhərlər, atom silahı, sülh və müharibədən, gələcəkdən də suallar verirdilər. Bəzən biri o birinin sualına cavab verirdi, axırda da hamısı bəstəkarın son sözünü gözləyirdi. Bəstəkar hiss edirdi ki, günəşin tunc rəngə boyadığı, zəhmətdə bərkimiş bu adamlar ona baxanda, səsini eşidəndə ləzzət alır, yorğunluğu unudaraq dincəlirdilər. Bəstəkar hiss edirdi ki, zəhmətkeşlərə lazımdır, onlara faydası dəyir, ürəklərində xoş duyğular, gələcəyə inam oyadır.

Əgər bayırda itlər bərkdən, topayla hürüb səs-küy salmasaydılar bu söhbət uzun çəkəcəkdi.

Gənc çoban – itlər canavara hürür - dedi və özünü təlaşla çölə atdı. Digər çobanlar, ferma müdiri, baytar həkim də çobanın dalınca çölə qaçdılar. Bəstəkar da çölə çıxmaq istəyəndə ana dilləndi:

- Sən getmə. Qal burda.

- Niyə?

- Qorxuram sənə bir şey ola.

- Nədən qorxursan, o qədər adamın arasında canavar gəlib məni yeməyəcək ki…

Bəstəkar onun qorxmaz olduğunu ta uşaqlıqdan bəri həmişə şübhə altına alan anasını tənəli baxışlarla süzüb başını buladı, bayıra çıxdı. Çöldə itlərin səsi bir-birinə qarışmışdı. Arada bir güllə açıldı. Ani yanıb-sönən qığılcımdan bəstəkar davanın voleybol meydançasından o tərəfdə, ferma işıqlarının çatmadığı yerdə, qaranlıqda getdiyini müəyyən etdi. O ucadan qışqıran ferma müdirinin sözlərini eşitdi :

- Atma, güllə itə dəyər.

İtlərdən hansısa bərk zingildədi. O biri itlərin daha dəhşətli hürüşündən bəstəkar itlərin artıq canavarla tutuşduqlarını hiss etdi. Boğuşan, hürüşən dəstə indi evlərə tərəf yaxınlaşmaqda idi. Görünür itlər canavarın qabağını kəsmişdi. O, amansız hücumdan qorunaraq özünü gah bu, gah da o biri itin üstünə atırdı. Yenə də ferma müdirinin səsi eşidildi:

- Kəsin qabağını.

Az qala bütün çölü sarsıdan çığırtı qopdu. Vuruşmanın son nöqtəyə çatdığı hiss edilirdi. Doğurdan da azca keçməmiş qanlı boğuşma və hürüşmələr yavaşıdı. Nəhayət kəsildi. Çobanlar canavarın leşini sürüyüb voleybol meydançasının ortasına gətirdilər. Hamı meydançaya yığıldı. Canavarın dərisi parça-parça olmuş, boğazı çeynənmiş, qarnı sökülmüşdü. Ferma müdiri üzünü gənc çobana tutub dedi:

- Yeri get kök toğlulardan birini çıxart. İtlərə quyruq vermək lazımdır. Quyruğunu itlərə verərik, ətini özümüz yeyərik.

Gənc çoban qaçaraq ağıllardan birinə getdi. Ferma müdiri bəstəkardan soruşdu:

- Yoldaş bəstəkar, necədir, həyatımız xoşunuza gəlirmi?

Bəstəkar düşünmədən cavab verdi:

- O qədər xoşuma gəlir ki, elə bilirəm yuxudayam.

İnsanın canına xoş bir üşütmə salan sərin dağ mehi əsərək voleybol meydançasının ətrafına əkilmiş ağacların nazik budaqlarını, yarpaqlarını titrədirdi…

# 2057 dəfə oxunub

Oxşar xəbərlər

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #