Gürcü - Furqanın yeni hekayəsi

Gürcü - Furqanın yeni hekayəsi
10 iyun 2025
# 09:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Furqanın "Gürcü" hekayəsini təqdim edir.

- Heyif, biz onlardan yaxşı oynayırdıq, udmalıydıq.

Heç kəsdən səs çıxmır.

Bunu deyən də sinif yoldaşım Kamildi. Ona görə heç kəsdən səs çıxmır ki, finalda uduzmuşuq. Uduzduğumuz komanda da paralel sinifin komandasıdı. Həmişə udduğumuz komandaya finalda uduzmaq adama pis təsir edir.

- Bir topla uduzmaq adamı yandırır, - Kamil uduzmağımızla barışa bilmir, - bir top nədi ki? Bircə top e, bircə top!

Yenə heç kim heç nə demir.

***

Onuncu sinifdə oxuyuruq. İki onuncu sinif komandası finala çıxıb və biz uduzduq. İkinci olduq. İkinci olana heç nə vermirlər. Birinci olana kubok, medal verirlər. Ona görə hamımız susub oturmuşuq stadionun asfalt örtüyünün üstündə. Qıraqdakı şam ağaclarının kölgəsində. Tərimizi quruduruq. Sonra da bəzilərimiz evinə, bəzilərimiz yataqxanaya. Mən də yataqxanada qalıram. Düz iki ildi. Burda oxuyandan bəri.

Məni yandıran uduzmağımızdan daha çox, Rəcəbin məndən yaxşı qapıda durmasıdı. Rəcəb liseyə təzə gəlib. Bir neçə ay olar. Gürcüstan azərbaycanlısı olduğuna görə hər kəs ona “gürcü” deyir. Müəllimlər də həmçinin. Təzələrdə Rəcəb nə qədər gürcü olmadığını, azərbaycanlı olduğunu desə də, ona qulaq asan olmadı. Gürcü ki gürcü. Rəcəb də adıyla barışdı. Deyirsiz “gürcü”, olsun “gürcü”.

Və Rəcəb gələnə qədər liseyin ən yaxşı qapıçısı olan mən hal-hazırda Rəcəbin məndən daha yaxşı qapıda durması ilə barışa bilmirəm. Uduzmağımız cəhənnəm, uduzmuşuq, hamımız uduzmuşuq da. Tək mən uduzmamışam ki. Amma qapıda tək mən dururam və göz qabağındadı ki, Rəcəb məndən daha yaxşı durur qapıda. Örtüyü asfalt olan stadionumuzda qapıda durmaq asan məsələ deyil. Bir dəfə tullanırsan, dizin, dirsəyin sıyrılır, qançır olur. On - on beş günə güclə sağalır. İkinci dəfə tullanmaq istəmirsən. Deyirsən ki, əşşi, cəhənnəm olsun top. Amma top cəhənnəm olmur, girir qapıya, qol olur. Ona görə də ikinci, üçüncü, onuncu, lap yüzüncü dəfə də tullanmalısan.

Deyirəm axı, Rəcəb gələnə qədər - kaş gəlməz olaydı! - liseyin ən yaxşı qapıçısı mən idim. Oğlanlı-qızlı, müəllimli-şagirdli hər kəs mənim qapıda necə durduğumu bilirdi. Hər kəs asfaltın üstündə etdiyim qurtarışları görmüşdü. Amma indi? Gürcü məni ötüb keçdi. Onlar necə qurtarışlar idi, ay gürcü? Niyə imkan vermədin çempion olaq? Axı Nailin atası söz vermişdi ki, çempion olsanız, sizə istədiyiniz yerdə qonaqlıq verəcəm. Getdi qonaqlıq. Nə xəyallar qururduq ki, ora gedərik, yox, filan yerə gedərik. Heç hara gedə bilmədik. Gürcünün ucbatından. Oturub qalmışıq elə burda, heç yerimizdən durub getmək də istəmirik.

***

Əlcəklər üzündən oldu hər şey. Bir cüt əlcək. Mənim əlcəklərim yoxdu, qapıda əlcəksiz dururam, amma final oyununda gürcünün əlcəkləri var idi. Heç yadıma da düşmədi ki, əlcək alım. Görürsən, gürcünün ağlına gəlib ki, finalda əlcək lazım olacaq. Heyif! Getdi gül kimi çempionluq. Ağlım olsaydı, vaxtında mən də əlcək alardım. Bu günə qədər kimdə görmüşəm əlcəyi? Heç kimdə. Bəs mən hardan bilim ki, gürcü gedib əlcək alacaq, finala əlcəklə gələcək? Ağıl işlətmək lazımdı. O da məndə olmadı, elin gürcüsündə oldu.

Keçənə güzəşt deyərlər. Durub heç kimə heç nə demədən yataqxanaya gedirəm. Yorğunam, yatmaq istəyirəm. Çimib yatmaq.

***

Aradan günlər, həftələr keçir.

Yataqxananın ayaqyolusuna gedirəm. Ayaqyoluda arakəsmələrlə altı yanaşı yer var. Görürəm ki, gürcü halsız vəziyyətdə ayaqyoluda dayanıb. Tərpənməyə halı yoxdu. Sifəti qaralıb.

- Nolar, - deyir mənə, - get, bizim uşaqlardan birini çağır.

Dinmirəm. Hələ də Rəcəbə kin saxlayıram. Onu görəndə final oyununda uduzmağımız yadıma düşür. Halbuki, üstündən həftələr keçib.

Rəcəb ögüyür. Qusmaq istəyir, amma qusa bilmir. Deyəsən, mən gələnə qədər qusub. Hava istidi deyə yataqxanada az adam var. Demək olar, hamı həyətdədi. Stadionda futbol oynayanlar, futbola baxanlar, turnikdə dartınanlar. Hələ yəqin yataqxanadan qaçıb pleysteyşına gedənlər də var. Yataqxana demək olar ki, boşdu. May ayında adam içəridə oturmaq istəmir.

- Nolar, - deyir Rəcəb, - halım pisdi. Get, kimisə çağır.

Yenə dinmirəm. Kabinetlərdən birinə girib, şalvarımı aşağı çəkirəm. Otururam. Rəcəbin ögümək səsini eşidirəm. Sonra tappıltı səsi. Mənim işim uzun çəkir. Mən çıxana qədər Rəcəb ayaqyoludan çıxır. Yəqin, sürünə-sürünə çıxır. Çöldən də səslər eşidilir:

- Kömək edin, gürcüyə nəsə olub. Gürcüyə nəsə olub. Muxtar müəllimə xəbər verin.

Muxtar müəllim yataqxananın direktorudu.

Mən bacardığım qədər gec çıxıram. Səs-küy kəsilənə qədər içəridə oturub gözləyirəm.

***

Gürcü zəhərlənibmiş. Qida zəhərlənməsi.

Günlərlə xəstəxanada yatır. Ordan çıxandan sonra da atası gəlib onu liseydən çıxarır. Onun atası ilə birgə yataqxanadan və liseydən həmişəlik getməyinə ikinci mərtəbədə dayanıb baxıram. Balkonda yekə sütunlar var. Onlardan birinin arxasında gizlənmişəm ki, həyətdən baxanda məni görməsin.

Onunla üz-üzə, göz-gözə gəlmək istəmirəm. O gün, az qalsın, yalvardı ki, köməyə adam çağırım, heç vecimə almadım.

Gürcü və atası gözdən itirlər. Gürcü, elə bil, bura bizi finalda uduzdurmaq üçün gəlmişdi. Gəldi, uduzdurdu, getdi.

Daha geri qayıtmayacaq. Yenə liseyin ən yaxşı qapıçısı mənəm.

Axşam yeməyinə gedəndə gürcünün otaq yoldaşı Rüfət mənə yaxınlaşır. Əlində bir sellofan paket var:

- Rəcəb tapşırdı ki, bunu sənə verim - deyir, paketi verib gedir.

Mən çörək almaq üçün növbədə dayanmışam. Məndən qabaqda hələ səkkiz-doqquz nəfər var. Paketi açıram, içindən başqa bir paket və balaca bir kağız çıxır.

Kağızda əyri-üyrü xəttlə bir neçə cümlə yazılıb:

“Ömər, mənim onsuz da bu xarabadan zəhləm gedir. Evdən ötrü darıxıram. Elə gələn gündən çıxıb getmək istəyirəm. Bu gün axır ki, həmişəlik gedirəm. Öz kəndimizdə oxuyacam. Yaxşı ki, heç kimi köməyə çağırmadın. Əlcəklərimi sənə verirəm. Sən qapıda əla durursan!

Sağ ol!”

O biri paketi açıram. İçində bir cüt əlcək var.

Ağlamağım gəlir.

Gürcünü bir də nə vaxt görəcəm? Görəndə mütləq üzr istəməliyəm.

Yalan deyir, o məndən yaxşı qapıçı idi.

# 2267 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər