Ömrümün “Platonov həftəsi”

Ömrümün “Platonov həftəsi”
24 iyun 2013
# 11:43

Yəqin ki, bu il yaddaşımda həm də “Platonov ili” kimi qalacaq. Rusiyanın Voronej şəhərində keçirilən Beynəlxalq Platonov Festivalında iştirak eləmək, eyni zamanda festival çərçivəsində fəaliyyət göstərən Beynəlxalq Platonov Klubuna üzv qəbul olunmaq, təkcə platonovşünaslarla yox, həm də görkəmli ədəbiyyat, elm və incəsənət adamlarıyla təmasda olmaq unudulmaz hisslərdir.

2009-cu ildə Azərbaycan Prezidentinin sərəncamı ilə işıq üzü görən 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasından yazıçının seçilmiş hekayələri və dünya ədəbiyyatının kiçik şedevri sayılan “Can” povesti, eləcə də kinopovesti və Türkmənistandan həyat yoldaşı M.Kaşintsevaya yazdığı məktublarından və qeyd dəftərlərindən seçmələri daxil edilən sanballı kitabı işıq üzü görmüş, 2011-ci ildə isə “Qanun” nəşriyyatı yazıçının “Can” povestini ayrıca nəşr eləmişdi. Beləcə, Azərbaycan oxucusu Andrey Platonovun yaradıcılığıyla doğma dilində tanış olmaq fürsəti qazanmışdı.

Bununla belə, festivalın təşkilat komitəsinin dəvəti məndən ötrü gözlənilməz idi, həm də Platonovla bağlı ölkədən kənarda çap olunan kitabları, tədqiqatları, hətta məqalələri necə diqqətlə izlədiklərindən xəbər verirdi. Təşkilat komitəsinin məsul katibi Alyona Zaxarovayla bir neçə ay davam eləyən yazışmalarımızda o mənə 2011-ci ildə həyata vəsiqə almış festival və ötən il yaradılmış Platonov klubu haqqında ətraflı məlumat verdi, tədbirlərin proqramı barədə fikirlərimlə maraqlandı, üstəlik, yazıçının əsərlərinin Azərbaycan türkcəsinə tərcüməsiylə bağlı festival iştirakçılarını məlumatlandırmağın vacibliyini qeyd elədi.

Bu bənzərsiz söz və sənət bayramından aldığım təəssürata əsasən deyə bilərəm ki, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Voronej vilayət hökuməti və Voronej şəhər administrasiyası, Beynəlxalq Platonov Festivalının direksiyası və Mixail Proxorov Fondunun birgə araya-ərsəyə gətirdikləri bu ikihəftəlik mədəniyyət tədbiri təkcə Andrey Platonovun yaradıcılığı ilə məhdudlaşmır. Festival çərçivəsində səhnə əsərlərinin, filmlərin nümayişi, rəngkarlıq əsərlərinin sərgisi, kitab yarmarkası, qələm və sənət adamlarıyla görüşlər, açıq diskussiyalar, yazıçı və şairlərin çıxışları... keçirilir. Təxminən 2,5 milyon əhalisi olan vilayətin əhalisi üçün bu, əlbəttə ki, yaddaqalan mədəniyyət bayramına çevrilir.

Festivalda da Rusiya Milli Orkestriylə yanaşı Mişa Mayski, Andrey Volkonski, Xibla Gerzmava, Boris Berezovski kimi musiqiçilərin çıxışı maraqla qarşılandı. “Yeni musiqi studiyası” Platonov nəsrinin motivləri üzrə yazılmış əsərləri böyük ilhamla səsləndirdi. Avstriya, Almaniya, İngiltərə, İsraildən gəlmiş kollektivlər və ifaçılar tamaşaçılar qarşısında çıxış elədilər.

Moskva, Sankt-Peterburq, Tallin, Saratov, Xarkov və Cənubi Saxalin teatr kollektivlərinin Platonovun əsərləri mövzusunda hazırladıqları tamaşalara böyük maraq şəxsən məndə yaxşı mənada qibtə hissi doğurdu. Peterburq teatrının “Platonov: Əsas həyatla yaşaya-yaşaya”, Cənubi Saxalin teatrının “Fro”, Xarkov teatrının “Çevenqur”, Rusiya Teatr Sənəti Universitetinin “Mümkün olmayan iş”, Teatr Sənəti studiyasının “Potudan çayı” tamaşaları Platonov dramaturgiyası və nəsrinin teatr üçün nə qədər cəlbedici olduğunu bir daha sübut elədi.

Festival çərçivəsində İ.N.Kramskoy adına Vilayət Rəngkarlıq Muzeyində təşkil olunmuş “Rodçenkonun əhatəsi. Dəb sevən adamlar” foto-sərgisi Platonov dövrünün məşhur simalarının böyük sənətkarlıqla lentə alınmış fotolarını nümayiş etdirirdi. Elə həmin muzeydəcə bənzərsiz fırça ustaları Yuri Petkeviç və Pavel Kuznetsovun fərdi sərgiləri aşılmışdı. “X.L.A.M” qalareyasında rəssam Leonid Tişkovun fərdi sərgisi avanqard sənət həvəskarlarının ixtiyarına verilmişdi.

Əlbəttə, sərgilərin ən çox diqqət çəkəni şəhər bələdiyyəsinin sərgi salonunda təşkil olunmuş “Andrey Platonov. Şəxsi işi” sərgisiydi. Moskva Politexnik Muzeyi ilə birgə gerçəkləşdirilmiş, yazıçının nəvəsinin iştirakıyla açılan sərginin ekspozisiyasında Platonovun fotolarının, sənədlərinin, məktublarının və məqalələrinin, eyni zamanda quberniya meliorasiya idarəsində işlədiyi vaxt ixtira elədiyi cihazların sxemlərinin, həmin ixtiralara aldığı patentlərin böyüdülmüş surətləri öz əksini tapıb. Muzeydə toplanmış digər maddi eksponatlar da Platonov dövrünün ab-havasını yaratmaq baxımından çox maraqlıdır.

Onu da qeyd eləyim ki, Voronej vilayət rəhbərliyinin tarixi irsə özünəməxsus münasibəti var. Buna görə də indiyəcən sovet dönəminin bir əlaməti də aradan götürülməyib. Yenə şəhərin əsas meydanı Lenin meydanıdır, tunc Vladimir İliç elə həmin meydandaca əlini uzadıb gələcəyin yolunu göstərir. Pokrovsk kilsəsi yaxınlığındasa Sovet meydanı yerləşir. Festivalın əsas hadisələrindən biri də məhz həmin meydanda baş verirdi: burada tədbirlər çərçivəsinə daxil olan kitab yarmarkası açılmışdı. Yarmarkada iştirakçılara Rusiyanın müstəqil nəşriyyatlarının çap məhsulları təqdim olunurdu. Düzdü, bizim kitab ticarətçilərimizin operativliyi üzündən təklif olunan kitabların, demək olar, əksəriyyətinə Bakının mağazalarında rast gəlmişdim. Bununla belə, yeniliklər də vardı: Yuri Lotmanın məqalələr toplusunu, ingilisdilli ədəbiyyatdan tərcümə antologiyalarını almaya bilmədim.

Festivalın təşkilat komitəsi “Petrovsk” kitab pasajıyla birlikdə tanınmış söz ustalarıyla görüşlər də təşkil eləmişdi. Vera Pavlova, Marina Moskvina, Dmitri Bıkov, Yuri Qordon, Erken Kaqarov... oxucularla görüşür, imza mərasimi keçirir, ədəbiyyat haqqında fikirlərini bölüşürdülər.

***

Festival çərçivəsində fəaliyyət göstərən Beynəlxalq Platonov Klubu ötən il yaradılıb. Klubun üzvləri Rusiyayla yanaşı Almaniya, Polşa, Çexiya, Ukrayna, Fransa və başqa bir çox ölkədən olan ədəbiyyatşünaslar, tərcüməçilər, filosoflardır. Andrey Platonovun əsərlərinin Azərbaycan türkcəsinə tərcüməçisi kimi mənim də kluba üzv qəbul olunmağım xoş sürpriz idi.

Klubun rəhbəri Mixail Bıçkovun giriş sözüylə açdığı yığıncaqda Voronej Dövlət Universitetinin elmi işlər üzrə prorektoru professor Yelena İşşenko, fəlsəfə elmləri doktoru professor Vladimir Varava, Rusiya Elmlər Akademiyası Dünya Ədəbiyyatı İnstitutunun şöbə müdiri professor Natalya Kornienko çıxış elədilər, Platonovun yaradıcılığına həsr olunmuş kitabların təqdimatı oldu.

Xüsusilə şəhər bələdiyyəsinin sərgi salonunda yazıçının həyatının 1899-1926-cı illər dövrünü əhatə edən “Andrey Platonov: şəxsi işi” adlı nadir nəşrin təqdimatı maraqla qarşılandı. Nəşrdə Platonovun ömrünün həmin illərinə dair sənədlər və fotolar toplanıb. Təqdimat mərasimlərindən sonra “Petrovsk” kitab pasajında keçirilən sərbəst diskussiyada yazıçının yaradıcılığının müxtəlif cəhətləri barədə fikir mübadiləsi oldu. Ardınca Gənc Tamaşaçılar Teatrında “Platonov: Əsas həyatla yaşaya-yaşaya” tamaşası nümayiş etdirildi.

Təəssüf ki, yazıçının doğulub-böyüdüyü ev bu günümüzəcən qalmayıb. Sadə dəmiryolçu ailəsində dünyaya göz açan Andrey Klementyev (yazıçının əsl soyadı belədir) quberniyada işlədiyi illərdə də, necə deyərlər, özünə gün ağlamayıb. Ona görə də dövrün ab-havasını hiss eləmək məqsədilə bizi şəhərətrafı Repnoye kəndində yerləşən, indi vilayət qubernatorunun yay iqamətgahı kimi bərpa edilmiş XVIII əsr malikanəsinə apardılar.

Gözəl mənzərəli göl kənarında, yaşıllıqlar içində itib-batmış malikanəylə tanışlıqdan sonra tədbirlər proqramı burada davam etdirildi. Mən Azərbaycan oxucusunun Andrey Platonovun yaradıcılığıyla tanışlığından, yazıçının əsərlərinin dilimizə tərcüməsindən danışdım, bu yönümdə ilk addımı atan unudulmaz mərhum tərcüməçi Natiq Səfərovu iştirakçılara tanıtdım, əminliyimi bildirdim ki, yaxın illərdə yazıçının “Çevenqur” və “Özül yer” romanları da işıq üzü görəcək. Son bir neçə ildə Azərbaycanda Platonovun iki kitabının nəşr olunması, hekayələrinin başqa tərcüməçilər tərəfindən də dilimizə çevrilməsi, həyat və yaradıcılığı haqqında məqalələr qələmə alınması, xüsusilə bircildliyinin “Dünya ədəbiyyatı kitabxanası” seriyasından nəşr olunması rəğbətlə qarşılandı. Dilimizdə çap edilmiş kitabların avtoqrafla Voronej Dövlət Universiteti kitabxanasının Platonov Fonduna verilməsi həyəcanlı və təntənəli anlar oldu.

Platonov Klubunun sonrakı günü “Platonov və fəlsəfi proses” adlanırdı. BDU-da keçirilən tədbirdə Natalya Kornienko, Yelena İşşenko, Vladimir Varava ilə yanaşı Peterburqdan professorlar Vasili Vançuqov və Aleksey Qryakalov, Almaniyadan Hans Günter, İsveçdən Lidiya Şyekvist, Polşadan Monika Madey-Setnarovska və başqaları çıxış elədilər. Müasir fəlsəfədə mövcudluq məsələləri, Platonov və rus dini fəlsəfəsi, Platonov və Haydegger, Platonov və Rusiyada çağdaş fəlsəfi proses, Platonovun yaradıcılığında ekzistensializm və kədər mövzularındakı çıxışlar öz əhatə genişliyi ilə heyrət doğururdu.

Festivalın ən maraqlı məqamlarından biri kitab yarmarkasında təşkil olunmuş Platonovun əsərlərinin səhnədən oxuma estafetiydi. Estafetdə festivalın qonaqları da daxil olmaqla müxtəlif peşə adamları - aktyorlar, yazıçılar, tərcüməçilər, müəllimlər, həkimlər, dəmiryolçular, ticarətçilər... iştirak eləyirdilər. Hətta vilayətin qubernatoru da Platonov mətnini səsləndirməkdən boyun qaçırmamışdı. Mən yazıçının “Dövlət əhli” hekayəsindən bir səhifəni oxudum. Müxtəlif ölkələrdən gəlmiş müxtəlif ləhcəli adamların oxuduqları mətnlər insanda bənzərsiz ovqat yaradır, gurultulu alqışlarla qarşılanırdı...

***

Voronej şəhərində çəmi bir dəfə - təxminən iyirmi beş il əvvəl - ovaxtkı Leninqraddan qayıdanda yolüstü olmuşdum. Əlbəttə, ötən illər ərzində şəhərin nə qədər dəyişdiyinin fərqinə varmaq, görməli yerlərə baş çəkib yaddaşımı təzələmək istəyirdim. Elə buna görə də tədbirlərdən - diskussiyalardan, tamaşalardan, sərgilərdən, yarmarkalardan vaxt tapan kimi pay-piyada şəhərin küçələrinə düşür, nəzərdə tutduğum mədəniyyət abidələrini axtarıb tapırdım.

A.Platonovun, A.Koltsovun, V.Vısotskinin abidələrinə, dram, kukla, gənc tamaşaçılar teatrlarının binalarına, Admiralteysk kilsəsinə baş çəkmək, şəhər parkında səyyar rəssama qara karandaşla portret çəkdirmək, kiçik bir kafedə əyləşib bir parç pivə içmək, bir göz qırpımında nəhəng hovuza tökülüşüb bir-birini isladan yüzlərlə yeniyetmənin çıxardıqları oyunları fotoaparatın yaddaşına köçürmək, kitab dükanlarında arzusunda olduğum nəşrləri axtarmaq... məndən ötrü əvəzolunmaz istirahət idi. Cənubsayağı isti günlər yaşayan şəhərin yaşıllığı aldığım təəssüratlara daha dolğun çalarlar əlavə eləyirdi.

O günlərin birində böyük rus yazıçısı İvan Buninin evini də axtarıb tapdım. Zahirən baxımlı olan ev, təəssüf ki, hələ muzey kimi fəaliyyət göstərmir. Amma bəxtimdən burada “Podyom” (“Yüksəliş”) ədəbi-bədii-publisistik jurnalının redaksiyası yerləşirmiş. Jurnalın redaktoru İvan Şelokovla kitab yarmarkasındakı oxu estafetində tanış olmuşduq. Redaksiyadasa məni onun müavini Aleksandr Qolubev qəbul elədi.

Aleksandr Aleksandroviç ötən əsrin 60-cı illərində M.Qorki adına Ədəbiyyat İnstitutunu bitiribmiş, Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə xeyli dərəcədə tanış idi. Xüsusilə Çingiz Hüseynovun, Əkrəm Əylislinin, Anarın, Maqsud və Rüstəm İbrahimbəyovların, Elçinin yaradıcılığı barədə maraqlı fikirlər söylədi. Amma təəssüflə bildirdi ki, rus oxucusu çağdaş ədəbiyyatımızla, demək olar, tanış deyil. Bu boşluğu aradan qaldırmaq üçün vaxtilə mədəniyyət naziri olan Polad Bülbüloğluna məktub ünvanlayıbmış ki, jurnalın bir sayını Azərbaycan ədəbiyyatına həsr eləməkdə köməklik göstərsin. P.Bülbüloğlu da təklifə müsbət cavab veribmiş, lakin səfir göndəriləndən sonra bu məsələ tamamilə unudulub.

Aleksandr Aleksandroviç Voronej vilayətində on minlərlə həmyerlimizin yaşayıb-işlədiyini, onların mədəni cəmiyyətinin fəaliyyət göstərdiyini, əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd elədi. Axırda onun təklifiylə rus dilinə çevrilmiş iki hekayəmi (“Gələn adam” və “İşıqsızlıq”) jurnala təqdim elədim.

Bütün bunlarla yanaşı Platonov yaradıcılığıyla təmas həftəsi daha iki sürprizlə yadımda qalacaq. Şair dostlarım Nurafiz və Tapdıq Yolçunun araçılığıyla Moskvada həmyerlimiz, bənzərsiz söz adamı Kamandar Mamocoğlunu tapdım, gedəndə də, qayıdanda da onun diqqətini, sevgisini bol-bol hiss elədim. Hava limanındasa Moskvada yaşayıb-işləyən görkəmli türkoloq professor Tofiq Məlikliyə rast gəldim, yol boyu ədəbiyyatdan-sənətdən söhbət eləyə-eləyə vaxtın necə keçdiyini hiss eləmədik...

Beləcə, ömürlük yaddaşıma yazılacaq “Platonov həftəsi” yaşadım. Buna görə taleyə minnətdar olmağa dəyər...

Nəriman ƏBDÜLRƏHMANLI

İyun 2013-cü il

Mediaforum.az

# 1676 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #