İlk qar

İlk qar
1 yanvar 2013
# 08:30

Kruazett (Kannda məşhur bulvar – red.) boyu uzun yol mavi körfəzin boynuna sarmaşıb. Sağda, dənizin ənginliyində Esterel (Aralıq dənizinin sahilində yerləşən dağ massivi – red.) göz oxşayır. O, çoxsaylı əsrarəngiz zirvələriylə şıltaqcasına üfüqün qarşısını kəsir.

Solda şam ağaclarından don geyinmiş Sent-Marqerit və Sent-Onore adaları sanki “burda biz də varıq” söyləyir.

Kannı əhatələyən bu enli körfəz və hündür dağlar boyu sıralanmış ağ villalar özlərini günəşə verir. Ta zirvədən ətəyədək uzanan bu işıqlı malikanələr lap uzaqdan göz oxşayır.

Suya yaxın olanların hasarları dalğaların yuduğu enli yola yönəlib. Aydın, sakit hava; ilıq qış günü, yalnız zaman-zaman soyuq hava özünü büruzə verir. Hasarların üzərindən portağal və limon ağacları boylanır. Qumlu yolda uşaqları müşayiət edən, qurşaq fırladan, ya da kişilərlə söhbət edən xanımlar gəzişir.

Qapıları Kruazettə açılan kiçicik, bəzəkli bir evin kandarında cavan qadın peyda olur. O, bir anlıq ayaq saxlayıb, üzündə təbəssüm yolda gəzişənləri seyr edir, sonra güc-bəlayla düz dənizin yanındakı boş skamyaya tərəf addımlayır, atdığı iyirmiyədək addımdan boğularaq əyləşir. Onun kağız tək ağ bənizi ölünü xatırladır. Qadın öskürür və sanki üzücü tutmasının öhdəsindən gəlmək üçün şəffaf barmaqlarını dodaqlarına yaxınlaşdırır.

O, Günəşin şəfəqlərinə sarılmış mavi səmaya, havada qövr eləyən qaranquşlara, Esterelin uzaq olduğu qədər şıltaq cizgilərinə, masmavi, hüzurlu və əlini uzatsa çata biləcəyi dənizə baxır.

O, bir daha gülümsəyir və pıçıldayır:

- Necə də xoşbəxtəm!

Hərçənd tezliklə öləcəyini bilir, onu da bilir ki, artıq növbəti yazı görməyəcək, bir ildən sonra indi yanından ötüb keçən bu adamlar bir az da boy atmış övladlarıyla yenidən bura gələcək, bu əsrarəngiz yerlərin havasını ciyərlərinə çəkəcək, ürəkləri ümidlə dolu olacaq. Onunsa hələ ki döyünən vücudu palıd tabutda çürüyəcək, matəm əlbisəsi kimi seçdiyi bənövşəyi donunda bircə sümükləri qalacaq.

O, mövcud olmayacaq. Yer üzündəki hər şey başqalarına məxsus olacaq. Onun üçünsə hər şey birdəfəlik bitəcək.

O yaşamayacaq... O gülümsəyir və güllü-çiçəkli bağçaların təravətli havasını ciyərlərinə çəkir – dərindən, xəstə bronxları imkan verəcək qədər dərindən.

Və xəyallara dalır.

Xatırlayır. Onu normandiyalı bir zadəganla nişanlamışdılar – o vaxtdan artıq dörd il ötüb. Bu, cüssəli, saqqallı, al yanaqlı, enlikürək, dar düşüncəli, zarafatcıl birisiydi.

Onu heç vaxt üzünü görmədiyi var-dövlət xətrinə ərə vermişdilər. Məmnuniyyətlə “yox” deyərdi. Lakin valideynlərinin seçiminə qarşı çıxmamaq üçün başının hərəkətilə “hə” demək məcburiyyətində qalmışdı. O, həyatsevər və şən parisli bir qızıydı.

Əri onu öz normand qəsrinə aparmışdı. Bu oz iri budaqlarıyla ətrafa kölgə salan ağaclarla əhatələnmiş iri bir daş binaydı. Hündür şam ağacları düz evə dirənmişdi. Sağda, uzaq fermalara qədər uzanan cığırdan o yana çılpaq düzənlik görünürdü. Hasarın yanında üç kilometr aralıda salınan iri yola çıxan kəndarası yol uzanırdı.

O, hər şeyi xatırlayır: özünün gəlişini, yeni evdə ilk gününü və yalqız həyatının asta-asta uzanan illərini.

Faytondan düşərkən qədim malikanəyə baxmış və gülə-gülə söyləmişdi:

- Bura darıxdırıcıdı!

Əri də qəhqəhə çəkmiş və cavab vermişdi:

- Yaxşı görək! Öyrəşəcəksən! Görərsən! Mən burda heç vaxt darıxmıram, heç vaxt!

Onlar bütün günü öpüşmüşdülər və bu öpüşlər qadına heç də uzun gəlməmişdi. Səhəri öpüşlər təkrarlanmışdı və açığı, nəvazişlərə düz bir həftələri getmişdi.

Sonra o, evinin düzəniylə məşğul olmağa başlamışdı. Bu da nə az-nə çox, düz bir ay çəkmişdi. Beləcə, günləri xırda ev qayğılarında ötmüşdü. O, məişət xırdalıqlarının qiymətini və dəyərini anlamışdı. Öyrənmişdi ki, mövsümdən və santimetrindən asılı olaraq, yumurtalar gah baha, gah da ucuz ola bilər.

Yay mövsümü. O, biçini seyr etmək üçün tarlaya gedib. Günəşin şən şəfəqləri könlünü oxşayır.

Payız gəlib, əri ova çıxmağa başlayıb. O, hər səhər Medor və Mirza adlı itlərini yanına salıb, çiynində ov tüfəngi evdən çıxırdı. Qadın tənha qalırdı, lakin Anrilə ayrılıqdan o qədər də kədərlənmirdi. Əri qayıdandasa qadının nəvazişi əsas etibarilə itlərə yönəlirdi. O, hər axşam ana qayğıkeşliyiylə itləri oxşayır, usanmadan heyvanları sığallayır və onları ərinə xərcləməyə hazırlaşmadığı çoxlu sayda adlarla haylayırdı.

Əri hər dəfəsində ona ovundan söhbət açırdı. Kəkliklə rastlaşdığı yerləri təsvir edir, Jozef Ledantyu yoncalığında dovşanlar görmədiyinə təəccüblənir, ya da həyasızcasına onun sərhədlərini keçərək quş ovlayan qavrlı Leşapelyedən şikayətlənirdi. Halbuki quşu havaya o, Anri de Parvil qaldırmışdı.

Qadın cavabında söyləyirdi: “Hə, bu heç də yaxşı hərəkət deyil”, - özününsə beynində tamam başqa fikirlər cövlan edirdi.

Yağışlı-çiskinli normand qışı qapını kəsib. Sonu görünməyən leysanlar sanki xəncər tək havanı yaran iti uclu damların şiferlərini döyəcləyirdi. Yollar, düzənlik və tarlalar sanki yalnız palçıqdan ibarətdi; yağışın küyündən savayı heç nə eşidilmirdi; dəstə-dəstə tarlanın üzərində boş-boşuna qövr eləyən qarğalardan başqa heç nə gözə dəymirdi.

Axşam saat dörddə bu qaşqabaqlı quş ordusu qulaqbatırıcı səslə qəsrdən solda bitən hündür fıstıq ağaclarına qonurdular. Bir saat ərzində sanki nəyisə bölüşə bilmirlərmiş kimi bir ağacın başından digərinin başına uçurdular.

Hər axşam bu iyrənc məxluqları seyr edən qadının ürəyi sıxılır, boş tarlaların üzərinə çökən qaranlığın qanqaraldıcı melanxoliyası onu da öz ağuşuna alırdı.

Sonra o, xidmətçilərin lampa gətirməsi üçün zəng çalır və ocağa yaxın otururdu. Bir qalaq odun yandırır, lakin heç cür nəmişliyin hökm sürdüyü iri otaqları isidə bilmirdi. O, gün boyu hər yerdə - qonaq otağında, yemək otağında, yataq otağında üşüyürdü. Soyuq sanki sümüklərinə işləyirdi. Əri yalnız nahar vaxtı gəlib çıxırdı: sanki həyatı yalnız ovdan ibarət idi; ara-sıra tarla və başqa kənd işlərinə da baş qoşardı.

Təpədən-dırnağa palçığa bulaşmış əri evin kandarından ayaq basan kimi əllərini bir-birinə sürtür və şadyana dillənirdi:

- Nə murdar havadı e!

Ya da:

- Yaxşı ki, ocağımız var.

Və yaxud da soruşardı:

- Bu gündən nə xəbər? Şükranlıq nəğməsi oxuya bilərik?

Əri xoşbəxtiydi, çünki sadə, sağlam, rəvan sayıla biləcək bu cür həyat tərzindən savayı bir şey arzulamırdı.

Dekabrın sonuna doğru ilk qar yağanda qadın qəsrin nəfəs kəsən soyuğundan əziyyət çəkməyə başladı. Bu qəsr sanki özündə əsrlərin şaxtasını tutub saxlamışdı. Bir axşan ərindən xahiş elədi:

- Anri, bura kalorifer (bir yeri və ya şeyi isti su, isti hava və ya buxar ilə qızdırmaq üçün cihazlar sistemi – red.) qoysaydın, nə yaxşı iş görərdin. Divarlarımız quruyardı. Yoxsa bütün günü canım isinmir.

Əri əvvəlcə bu dəlisov ideyadan heyrətlənmişdi – necə yəni, onun malikanəsinə kalorifer qoymaq?! İtlərini gümüşü qabdan yedizdirmək ona daha təbii gəlirdi. Sonra sağlam ciyərlərinin imkanı sərhədində qəhqəhə çəkmiş və durmadan təkrarlamışdı:

- Burda – kalorifer! Burda – kalorifer! Ha-ha-ha. Bundan əyləncəli icad tapa bilməzdin?!

Qadın inad elədi:

- Əzizim, inan ki, bura çox soyuqdu, sadəcə sən bunun fərqində deyilsən, çünki bütün günü hərəkətdəsən, amma bura çox soyuqdu.

Ərisə qəhqəhə çəkməkdə davam edərək cavab verirdi:

- Yaxşı görək! Burda çox yaxşıdı, bir də ki, bu cür çox xeyirlidi. Sən özünü yalnız yaxşı hiss edəcəksən. Lənət şeytana, biz parisli-filan deyilik ki, günümüzü sobanın yanında keçirək. Yaz da düz burnumuzun ucundadı.

Yanvarın əvvəlində qadının başına faciə gəlir: atası və anası yol qəzasında həyatlarını qurban verirlər. O, Parisə yas mərasiminə gedir. Və bu faciəni düz yarım il zərif çiyinlərində daşıyır.

Yayın isti günləri onu azacıq ayıltsa da, qadın payızadək kədərli yorğunluğa qapanır.

Soyuqlar əvvəlki şiddətiylə qayıdanda o, ilk dəfə qaranlıq gələcəyinə boylanır. Nəylə başını qatsın? Heç nəylə. Həyatında nə baş verə bilər ki? Heç nə. Nəyə ümid edə bilər ki, susamış ürəyini nə sərinlədə bilər ki? Heç nə. Məsləhətləşdiyi həkim ona heç vaxt övlad sahibi olmayacağını söyləmişdi.

Bu ilin daha qəddar soyuğu onu durmadan iztirab çəkməyə vadar edirdi. O, qıc olmuş barmaqlarını azacıq da olsa isitmək üçün ocağa yaxınlaşdırırdı. Alovun şöləsi üzünü yandırsa da, buz kimi soyuq hava axını çiyinlərindən üzüaşağı axırdı. Və o, təpədən-dırnağadək titrəyirdi.

Otaqlarda daima yel vurub, yengələr oynayırdı. Onlar sanki canlı varlıq tək, quduzlaşmış düşmən sayağı qəsrdə at oynadırdı. Qadın onlarla hər addımda üz-üzə gəlirdi; onlar öz buzlu nəfəsləriylə qadının gah üzünə, gah əllərinə, gah da boynuna sarmaşırdı.

Və qadın yenidən kaloriferdən söhbət açdı, lakin əri elə sifət düzəltdi ki, sanki arvadı göydən Ayı tutub gətirməsini tələb edirdi. Parvildə buna yol vermək fəlsəfə daşını axtarmaq qədər axmaqlıq olardı.

Bir dəfə işiylə bağlı Ruanda olan əri qadına balaca mis qızdırıcı cihaz gətirir, üstəlik onu zarafatcasına “portativ kalorifer” adlandıraraq, xanımının canındakı soyuğu bilmərrə çıxaracağına əmin olur.

Qadın dekabrın sonunda artıq bu cür yaşaya bilməyəcəyini anlayıb ürkək səslə ərindən soruşur:

- Əzizim, yazadək Parisə bir-iki həftəlik də olsa getməyəcəyik?

Əri heyrətləndi:

- Parisə? Parisə? Orda nə itimiz azıb? Daha bir nə! Burda, öz evimizdə elə yaxşıdı ki. Deyirəm, sənin də ağlına məzəli-məzəli fikirlər gəlir!

Qadın mızıldandı:

- Bu səyahət bizi azacıq əyləndirərdi.

Əri anlamadı:

- Səni nə əyləndirə bilər ki? Teatrlar, gecə ziyafətləri, qonaqlıqlarda şam yeməkləri? Amma axı bura yola düşərkən belə əyləncələrin puç olduğunu bilirdin!

Qadın ərinin sözlərində və tonunda məzəmmət hiss elədi. Və susdu. Bu ürkək və yumşaq qəlbli qadın etiraz səsini qaldırmaqda və inad etməkdə acizdi.

Yanvarda şiddətli şaxtalar düşdü. Sonra yerin səthi ağ qar örtüyünə büründü.

Bir axşam ağacların üzərinə qara bulud tək çökən qarğa dəstəsini görüb bilaixtiyar ağladı.

Otağa girən əri təəccüblə soruşdu:

- Nə olub?

Əri tamamilə xoşbəxtdi, çünki heç vaxt başqa həyat arzulamamışdı. O, bu kədərli yerlərdə doğulub boya-başa çatmışdı, burda özünü çox xoşbəxt hiss edirdi, ruhu da bədəni tək sağlamıydı.

Özü də heç cür anlamırdı ki, hansısa başqa həyatı necə arzulamaq olar, naməlum sevinclərin xəyalına dalmaq necə mümkündü. O, ilboyu eyni yerdə yaşamaq səadətinin fərqinə varmayan kədəri anlamaqda çətinlik çəkirdi. Deyəsən, o, yaz, yay, payız, qışın çoxları üçün yalnız yer dəyişmələri olanda sevinc gətirdiklərini belə bilmirdi.

Qadın deməyə söz tapmadı, tələsik göz yaşlarını silib dili topuq vura-vura söylədi:

- Mən... mən... bir az kədərliyəm... Bir az darıxıram.

Amma dediklərindən ürküb, tələsik əlavə elədi:

- Hə, bir də... bir də azacıq üşüyürəm.

Bunu eşidən əri əsəbiləşdi:

- Yenə başlandı!.. Bu zəhrimara qalmış kaloriferini heç cür ağlından çıxara bilmirsən! Lənət şeytana, axı heç burda yaşadığın müddətdə bir dəfə də olsun zökəm belə olmamısan.

Gecə düşdü. Qadın öz yataq otağına qalxdı, heç olmasa ayrıca guşəyə nail ola bilmişdi bu illər ərzində. Yatağına uzandı. Hətta yorğanın altında belə ona soyuqdu. Ağlına dəhşətli bir fikir gəldi:

- Həmişə belə olacaq, həmişə, ölənədək!

Ərinin dediklərini də fikirləşdi. Bu sözləri deməyə dili necə çöndü: “Burda olandan bəri bir dəfə də olsun zökəm belə olmamısan”.

Deməli, naxoşlayıb öskürməlidi ki, əri, nəhayət, onun necə əzab çəkdiyini başa düşsün.

Və qadına zəif və ürkək məxluqlara xas hirs gəldi.

Deməli, öskürməlidi. Yəqin onda yazığı gələcək. Yaxşı! O, öskürməyə başlayacaq. Əri də onun səsini eşidəcək, həkim çağırmaq məcburiyyətində qalacaq; ərinin hələ görməli günləri qabaqdadı!

O, yalın ayağını döşəməyə basdı və uşaqsayağı qisas planı onu rişxəndlə gülümsəməyə məcbur elədi.

- Mənə kalorifer lazımdı və o mənim olacaq! Elə öskürməyə başlayacam ki, ərim quzu kimi hüzuruma gətirəcək onu.

Və o, yarıçılpaq halda stulda oturdu. Bir-iki saat gözlədi. Tir-tir əsdi, amma zökəm heç cür başlamaq istəmirdi. Onda ifrata varmağa qərar verdi. Səssiz-səmirsiz otaqdan çıxdı, pilləkənlərlə aşağı düşdü və bağa tuşlanan qapını açdı.

Qarla örtülmüş torpaq ölünü xatırladırdı. Qadın yalın ayağını irəli uzadıb qara basdı. Soyuq sanki xəncər tək düz ürəyinə saplandı, lakin bu onu saxlamadı və qadın digər ayağını da qara basdı və aramla pilləkənləri enməyə başladı.

Sonra qazonda gəzişərək öz-özünə söyləndi:

- Şam ağaclarınadək gedəcəm.

Ayağı hər dəfə soyuq qara dəyəndə nəfəsi kəsilən qadın aramla addımlayırdı.

O, əlini qarşısına çıxan ilk şam ağacına vurdu, sanki planını başa vurduğunu özünə sübut elədi. Sonra geri döndü. Bir neçə dəfə ona elə gəldi ki, elə indicə yerə sərələnəcək: özünü o qədər keyimiş və gücsüz hiss elədi ki. Amma yenə də evin kandarına ayaq basmazdan öncə bu buzlu köpüyün üzərində oturdu, hətta bir xışma qar götürüb ağzına soxdu, bu da azmış kimi, əlinə daha bir xışma qar yığıb sinəsinə sürtdü.

Sonra otağına qayıdıb uzandı. Bir saatdan sonra boğazının bərk gicişdiyini hiss elədi. Bədəni də tamam donmuşdu. Amma yenə də yuxulaya bildi.

Səhəri öskürməyə başladı və yataqdan belə qalxmağa təpəri olmadı.

Ağciyərlərinin iltihabı başladı. Qızdırmadan tez-tez halı dəyişən qadın sayıqlayır və dilindən kalorifer kəlməsi əskik olmurdu. Həkim qadının arzusunun həyata keçirilməsini tələb etdi. Anri təslim olmaq məcburiyyətində qaldı, lakin deyinməkdə və hirslənməkdə davam etdi.

Qadın sağalmadı. Bərk zədələnmiş ağciyərləri həyati təhlükə doğurdu.

- Əgər burda qalsa, soyuqlardan salamat çıxmayacaq, - həkim hökm çıxardı.

Qadını cənuba göndərdilər.

O, Kanna gəldi, burdakı Günəşin dadını çıxardı, dənizi sevdi, çiçək açmış portağal ağaclarının təravətini bacardığı qədər içinə çəkdi.

Yazda yenidən şimala qayıtdı.

Amma orda sağalmaq, yenidən uzun normand qışıyla üz-üzə qalmaq qorxusuyla yaşadı və özünü azacıq yaxşı hiss edən kimi gecələr pəncərəni taybatay açıb, Aralıq dənizinin mehriban sahilini arzuladı.

İndi tezliklə öləcək, artıq bunu dəqiq bilir. Və o, xoşbəxtdi!

O, qəzetin səhifəsini çevirib sərlövhəni oxuyur: “Parisdə ilk qar”.

Əvvəlcə çimçəşir, sonra gülümsəyir. Qüruba enən Günəşin şəfəqlərindən çəhrayı rəng alan Esterelə baxır, masmavi səmanı seyr edir, sonra nəzərləri mavilikdə səmadan heç də geri qalmayan dənizə dikəlir, ən nəhayət, ayağa qalxır.

Sonra ağır addımlarla evə qayıdır, arada boğa bilmədiyi öskürəyini bayıra çıxarmaq üçün ayaq saxlayır: yəqin açıq havada bir az çox oturub və üşüyüb, azacıq üşüyüb.

Evdə ərindən gələn məktubla rastlaşır. Möhürü açır və üzündə təbəssüm oxuyur:

“Əziz dost! Ümid edirəm, özünü yaxşı hiss edirsən və evimizə o qədər də darıxmırsan. Burda bir neçə gün əla şaxtalı hava oldu, qarın müjdəçisi idi yəqin. Özün bilirsən, bu cür havanı çox xoşlayıram və heç şübhəsiz, sənin lənətə gəlmiş kaloriferini heç vaxt yandırmıram...”

Məktubun davamını xüsusi məmnunluq hissiylə oxuyur: axı o, əvvəl-axır kaloriferə nail olmuşdu. Məktubu sıxan sağ əli sakitcə dizinin üstünə düşür, sol əlinisə, sanki köksünü dağıdan inadkar öskürəyi tutub-saxlayacaqmış kimi, dodaqlarına uzadır.

# 6140 dəfə oxunub

Oxşar xəbərlər

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

16:15 16 sentyabr 2024
Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

12:00 16 sentyabr 2024
Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

14:41 13 sentyabr 2024
"Rəzalətin son həddi" - Çingiz Abdullayevin romanı haqqında

"Rəzalətin son həddi" - Çingiz Abdullayevin romanı haqqında

09:27 13 sentyabr 2024
O kitabı Turan xanım mənim üçün imzalayıb... - Nadir Yalçın

O kitabı Turan xanım mənim üçün imzalayıb... - Nadir Yalçın

18:00 12 sentyabr 2024
22 il sonra alınan qonorar - Dağınıq əlyazma...

22 il sonra alınan qonorar - Dağınıq əlyazma...

09:00 11 sentyabr 2024
# # #