Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Aqşin Yeniseyin yeni yazdığı "Kəlləmayallaq" hekayəsi haqda yazarların fikirlərini təqdim edir.
Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.
Elçin Hüseynbəyli
Hekayədə tanış notlar çox olduğuna görə oxumağa hövsələm çatmadı.
Zahid Sarıtorpaq
Aqşin Yeniseyin yeni hekayəsi nə qədər vulqar ifadələrlə dolu olsa da sənətkarlıq baxımından diqqətimi çəkdi və fikrimi özünə də bildirdim. Mən hekayənin bədii sanbalını onun alt yapısında görürəm. "Kəlləmayallaq" çox mətləblərdən xəbər verir. Unutmayaq ki, istənilən vaxt analiz etsən, görərsən ki, dünyanın özü dərəbəylik məkanına çevrilərək kəlləmayallaq bir durumdadır. Bu üzdən hekayənin sırf simvollarla yükləndiyini deyə bilərəm. Hər halda, Aqşin Yeniseyin şeirləri də, nəsri və fəlsəfi mətnləri də diqqətçəkən olub həmişə. O, çağdaş ədəbiyyatımızda mənim sevdiyim barmaq sayı qələm adamlarımızdandır. Bir daha deyirəm, bu hekayənin qüsuru yalnız vulqar ifadələr ola bilər. Qalan hər şey qaydasındadır...
Cavid Zeynallı
Vacib olan odur ki, hekayə maraqla, ləzzətlə oxunur. Və müəllifi olmasa, ayıq və xəbərdar oxucu Aqşinin üslubunu tanıyacaq. Əlbəttə, Aqşin təkcə maraqlı əhvalat tapıb deyə mətn yazmayıb. Hətta bunu demək belə artıq görünür. Bu, naşı müəlliflərin yoludur. Amma hardan bilirik, bəlkə elə ağlına mövzu gələndə sevincdən barmağını dişləyib. Hadisələri mənaya yüksəltmək bacarığı isə müəllifin ustalığıdır ki, məncə, Aqşin bunu bacarıb. Mən onun hekayələrində göstərməkdən daha çox, danışmaq yolunu seçdiyini hələ çoxdan müşahidə etmişəm. Bu hekayəsində də ənənəsinə sadiq qalıb. Bu, doğrudurmu, bilmirəm. Ədəbiyyat, mətnə və mövzuya münasibət individualdır. Mənə görə, yaxşı bədii mətn publisistik elementlər qarışığından azad ola bilən mətndir. Bu hekayədə Mirzə Cəlilə göndərmədə, qəhrəmanın təbiətində, xarakterik cizgilərdə müəllif kəlləmayallaqlığı özünü göstərir. Bilərəkdənmi olunub? Məncə, hə. Bəs oxuyub bitirəndən sonra mətnə olan münasibətimizi nəyə əsasən formalaşdıraq? Müəllifin diqtəsi ilə, yoxsa situasiyanın gətirdiyi təbii təəssüratla?
Bədbəxtliyin gətirdiyi məşhurluq və sevinc elə onun öz əli məhv edilir. Necə ki, Məmmədhəsən dinc dayanmayıb hörümçək toruna özünü də saldı, dünyanı da.
Bir də hekayədə yeddi mərtəbə cümlələr var, onları gərək iki dəfə oxuyasan. Məsələn: “Ticari qorxusunun kürəyini xalqın yetim-yesirə acımaqdan ötrü sino gedən dini-mənəvi duyğularına söykəmək, piştaxtasını məmur təpiyindən qorumaq üçün fürsət axtaran, əl tutub bal yalamaq üçün altdan-altdan ölkədə vələmyesirlərin bol olmasını arzulayan xeyirxah tacir-möminlər dərhal qarışqa kimi "şikəst uşaq” şirəsinə yığışdılar və biri o birinin belinə çıxıb uşağın müalicəsinə lazım olan xərci öz boynuna götürdüyünü telefonla çəkdikləri canlı yayımlarla xalqa bəyan etdilər”.
Nə ehtiyac var?
Hekayənin son cümləsi isə gözəldir, dərindir, başqa mətləblərə işıq salır: “Həyat növbəti dəfə Habili Qabilsiz qoymadı...”
Alpay Azər
“Kəlləmayaq” məncə, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”nda “Eşşəyin itməkliyi” olan hissəsinə göndərmə bir mətndir, uğurlu alınıb. Hekayədə diqqətimi ən çox çəkən Qərb nəsr təfəkkürünə xas olan ironiya və Şərq koloritinin uğurla verilməsidir, əsas obrazlardan biri olan eşşək belə məzə obyektinə çevrilib. Eləcə də mətndə kütlə psixologiyası (adamların mənasız şeyə pul xərcləməsi), reklam aludəçiliyi, Azərbaycan cəmiyyətinin cahilliyə meyl edən kəsiminin istəkləri uğurlu bədii həllini tapıb.
Ayxan Ayvaz
Aqşinin nəsrə münasibəti fərqlidir, bir az mübahisə və müzakirə predmeti yaradır. Mənə görə, nəsr göstərmək sənətidir, müəllifin gizləndiyi, hər məqamda öz şəxsi fikirlərini büruzə vermədiyi yerdir. Aqşinin bu hekayəsində orijinal, maraqlı, fərqli təsvirlər də gördüm, eyni zamanda köhnəlmiş, tapdanmış təhkiyə ara-sıra gözümə dəydi. Məncə, Aqşin hekayədə müəlliflik mövqeyini saxlaya bilməyib hekayənin özünə daxil olub və bu da çığıran publististik məqamları ortaya çıxarıb. Əgər hekayəni öz taleyinin axarına buraxsaydı, inanıram ki, çox əla bir hekayə oxuyacaqdıq.
Orxan Cuvarlı
Aqşinin "Kəlləmayallaq" hekayəsini oxuyanda nədənsə Mirzə Cəlili xatırladım.
Aqşinin son hekayəsində Məhəmmədhəsən əmini illər sonra bu günə gətirmək arzusu ilk cümlələrdən duyulur. Müəllif ilk həmlə kimi obrazın ad seçimi ilə oxucunun hafizəsinə tilov atır, yaddaşını qurcalayır.
Aqşin hekayənin bəzi məqamlarında Danabaş kəndi ovqatını daha da tündləşdirir.
"Kəlləmayallaq"da eşşək obrazı Məhəmmədhəsən əmidən uzaq deyil, ayrı düşməyib. Hətta o qədər yaxındırlar ki, dost-tanış bu eşşəyə görə Məhəmmədhəsənin bəxtəvərlik verir. Mirzə Cəlili və ədibin "Eşşəyin itməkliyi" süjeti və ştrixləri əsasında yazdığı əsəri xatırlamağa daha bir səbəb.
Oxucu hekayə boyunca zamanlar arasında var-gəl edir, gah Danabaş kəndinə düşür, gah kəlləmayallaq olmuş dünyaya.
Aqşin ironik bir səbəbə görə Məhəmmədhəsənin şəhərə yovuşa bilməməsi, kəndə sadiqliyi, orada yaşamağa davam etməsi detalı ilə obrazla ehtiyatla davranır, onun əsl kimliyindən bəzi cəhətlərini qoruyub saxlamağa, koloritini azaltmamağa çalışır.
"Kəlləmayallaq"da Xudayar bəyin ümumiləşmiş obrazını yaratmaq cəhdi ilə də qarşılaşırıq. Müəllif burada Xudayar bəyi katda kimi yox, müxtəlif tip insanların - youtuberlər, vloggerlər, bloggerlər, həvəskar rejissorların mövcud olduğu cəmiyyət kimi oxucular təqdim etməyə çalışır.
Aqşin son cümlədə indiki dövrdə işıq sürətilə dəyişən gündəmi, maraqları, illərdir qanayan yaraya çevrilən ucuz şöhrət problemini dini bir əhvalata, Maidə surəsinin 27-ci ayəsinin cildinə girən göndərmə ilə qabardır: "Həyat növbəti dəfə Habili Qabilsiz qoymadı..."
Hekayənin oxuyub bitirəndən sonra ortaya bəzi suallar çıxır; Məhəmmədhəsən əmini Mirzə Cəlilin əsərlərinin tozlu səhifələrindən çıxarıb bu günə inteqrasiya etmək hansı əşəddü-ehtiyacdan yaranmışdı?
Bəlkə biz onu bu kökdə - məişət qayğılarının cəncəlində, üst-üstə uğursuzluqların ardından və ani məşhurluqdan sonra gələn ötəri var-dövlətin içərisində görməsək, daha yaxşı olardı?
Kim bilir?!