Plagiatçılıq, gəvəzəlik, ürəkbulandırıcılıq... – Əsəd Cahangir Aqşini sərt tənqid etdi

Əsəd Cahangir, tənqidçi

Əsəd Cahangir, tənqidçi

25 noyabr 2021
# 17:05

Kulis.az tənqidçi Əsəd Cahangirin Aqşin Yeniseyin “Kəlləmayallaq” hekayəsi haqda yazdığı “Kəndinə qayıt, Aqşin!” adlı yazını təqdim edir.

Hörmətli “Kulis.az” saytı!

Sizlərdən Aqşinin “Kəlləmayallaq” “hekayəsi” xüsusunda yazmaq mesajı alanda bildim ki, bu hekayə gündəmə gəlmək üçün dürlü-dürlü şeylər düşünüb tapan hekayə müəllifinin növbəti oyunudur və oxuduqca gördüm ki, əsla yanılmamışam – o, yenə də özünün həmişəki ampluasındadır. Bunları deyərkən nələri göz önünə alıram:

- yenə makiyajlı, axırına çatanda əvvəli yaddan çıxan, məntiqi pozuq cümlələr;

- yenə bayağı, vaxtı keçmiş, on səkkizinci əsr ensiklopedistləri dönəmində qalmış “maarifçi” gəvəzəçiliyi;

- yenə həmişəki kimi Mirzə Cəlildən açıq, Gi de Mopassandan (“Eybəcərlər anası” novellasını nəzərdə tuturam; Aqşin patriarxal şərqli düşüncəsiylə onu “eybəcərlər atası” ilə əvəzləyib) gizli plagiatçılıq; ordan-burdan mənimsəmələr;

- yenə nəsr texnologiyasına heyrət doğuran nabələdlik, XXI yüzilin 21-ci ilində çikviçento dönəmi italyan novellistlərinin üslubu ilə nağıl söyləmək, Heminqueyin “danışmaq yox, göstərmək” tələbiylə bağlı tövsiyəsini qulaqardına vurmaq, nəticədə hekayə yazmaq əvəzinə əhvalat nəql etmək;

- yenə Stendalın güzgü metaforasını unudaraq, olayın obyektiv təsvirini bir yana qoyaraq, tendensiyalı, tərəfgir, çılpaq, birbaşa müəllif münasibəti sərgiləmək;

- yenə oxucu cəlb etmək naminə ürək bulandıran, ekskrement qoxuyan vulqar ifadələr işlətmək;

- yenə də əvvəldən axıracan rəmzi-alleqorik düşüncənin torunda çabalamaq, özünü postmodernist saya-saya, simvolist olmaq;

- yenə də Mirzə Cəlil, Məhəmmədhəsən, onun bədbəxt arvadı və yazıq eşşəyini uğursuz ələ salmaq cəhdi, postinsan zamanında poçtinsandan danışmaq,

bir sözlə - ortaya kəlləmayallaq bir şey qoymaq.

Bir sözlə, qüsurlar çoxdur, bilmirəm, hamısını saya bildimmi? Yəqin ki, nələrsə diqqətimdən qaçdı. Amma əsas bu deyil, odur ki, axı, Mirzə Cəlilə dönə-dönə qayıdış nəyi göstərir? Niyə Aqşin irəli yox, öz hekayəsini qəhrəmanı Dərəbəy kimi kimi dalın-dalın gedir?!

Məhəmmədhəsən, onun birincisi kəlləmayallaq, ikincisi altıbarmaq oğlu insan sivilizasiyanın degenerasiyasını, homo sapiensin sonunu göstərir. Aqşinin öldürən Aristotel düşüncəsi var, dirildən Platon düşüncəsi isə yoxdur. Buna görə vaxtilə yazdığı “Leş Əli” kimi, “Kəlləmayallaq” ölü mətndir. Yaxşı bəs dirilmənin sirri nədir? Bu suala cavab vermək yerinə, hekayə ilkin ölüm, ilkin qətl barədə əskidən əski Habil-Qabil arxetipinə qayıdışla tamamlanır: “Həyat növbəti dəfə Habili Qabilsiz qoymadı...”

Tarkovskinin “Solyaris” filminin qəhrəmanı ilkin kosmik başlanğıcı – Okeanı görəndən sonra Yerə qayıdıb, atasının dizlərini qucaqladığı kimi, Aqşin də Məhəmmədhəsənin eşşəyinni quyruğunu buraxıb, bu dəfə əski yəhudi əfsanəsindən yapışır. Və bununla da əsas rəqibi Şərif Ağayardan bir məsələdə geri qalır. Şərifin “Gülüstan” romanının qəhrəmanı Adəm (yəni homo sapiens, müasir insan sivilizasiyasının ilk nümayəndəsi) heç olmasa son nəfəsdə ulduzlara baxır. Bununla da Tarkovsknin əsas rəqibi, “Kosmik Odiseya - 2001” filminin qurululuşçusu, ünlü Hollivud rejissoru Stenli Kubriki simgələyir. Gülməyin, bizim Tarkovskimiz elə Aqşin, Kubrikimiz də Şərif olmalıdır.

Sual edə bilərsiniz ki, əgər bir adam yazdığının nə olmasının fərqində deyilsə, publisitik köşə yazısıyla hekayənin fərqli şeylər olduğunu bilmirsə - özü də 50 yaş hüdudunda – ona nəsə deməyin anlamı nədir? Əgər bu sual fikrinizdən keçibsə, tamamilə haqlısız, amma mən bu yazını Aqşindən daha çox, onu “nasir” sayanlar üçün yazıram. Necə ola bilər ki, sən Pelevinin “Büllur dünya”, yaxud Qoderzi Çoxelinin “Küknarlara məktub”unu, sonra da Aqşinin “Kəlləmayallaq”ını oxuyasan və onları eyni dərəcədə hekayə sayasan? Axı, biz qapalı sovet mədəniyyəti yox, açıq dünya sivilizasiyasının adamlarıyıq. Bəs, onda niyə dünya və özümüzə belə dürlü ölçülər, ikili standartlarla yanaşırıq? Yox, mənim indi dünya nəsri hekayə təcrübəsindən danışmaq fikrim yoxdur. 60-cı illər milli nəsrimizi də söz konusu eləməyəcəm. Amma son iyirmi-otuz ildə yazılan bəzi uğurlu hekayələri xatırladacam:

Elçin – “Bayraqdar”

Afaq Məsud – “S.V.A.C.O”

Azər Abdulla – “Gül yağışı”

Aslan Quliyev – “Rusiyadan gələn qardaş”

Kamil Əfsəroğlu “Burulğan”

Eyvaz Zeynalov – “Əli metroda işləyir”

Murad Köhnəqala – “Yuxularım”

Həmid Herisçi – “İtlər vadisi”

Rəşad Məcid – “10 sentyabr”

Fəxri Uğurlu - “Peyğəmbər”

Şərif Ağayar – “Kərpickəsən kişinin dastanı”

Pərvin - “Balerina”

Cavid Zeynallı - “Çoğrafiya müəlliminin pencəyi”

M.Şükürlü – “Mənim kiçik nağılım”...

Təkcə adları keçənlər yox, ilk hekayələrini yazan B.Salman, N.Yalçın, T.Boysunar və digərləri hekayə məsələsində Aqşindən daha başarılıdır.

Bəs, Aqşinin uğursuzluğun səbəbi nədir? Birincisini dedim artıq – intellekt kasadlığı və gələcəyi görməmək, çıxış yolu tapa bilməmək. İnsan ölür, yerinə postinsan gəlir və yazıçının işi ölənə fatihə verməklə bitmir, gələni qarşılamaq da olar.

İkincisi, Aqşinin digər “nəsr əsərləri” kimi bu “hekayə”si də mənəvi tənəzzül, etik deqradasiya göstəricisidir. Həvari Pavel məktublarından birində yazırdı: “İndi 3 şey qalır – ümid, sevgi və iman. Bunlardan ən başlıcası sevgidir”. Hekayədə bu 3 şeydən heç biri yoxdur. Yazıçı imansız ola bilər - məsələn, Axundov kimi - bu, onun vicdan işidir. O sevməyə də bilər - məsələn, Selin kimi - bu da onun ürək-könül məsələsidir. Amma ümidi oxucunun əlindən almağa yazıçının ixtiyarı yoxdur. Çünki ədəbiyyatın əsas missiyası bu amansız-imansız dünyada ümidə ayaq yeri qoymaqdır. Volterin təbiriylə desək, hətta Allah olmasaydı belə, onu uydurmaq lazım gələrdi. Təəssüf ki, Aqşin Allaha ancaq görkəmli nasir, Xalq Yazıçısı Kamal Abdullanın kitabına yazdığı ön sözdə “inanır”. Onun artıq iki dekadanı geridə qoyan bütün bu qara-qışqırığının kökündə də inana bilməməyin doğurduğu ruhi narahatlıq durur. Ruh Allahın zərrəsidir və o, özünü görmək, bilmək, dərk etmək, tanımaq istəyir. Ruhun bədənə girib bu maddi dünyaya gəlməkdən əsas məqsədi məhz budur – özün dərk etmək. Aqşinin ruhu özünü dərk edə bilməməyin ağrılarını çəkir. Onun bütün yazdıqlarının psixoloji əsasında bu amil durur - anlamaq dərdi. Amma məsələ Anar deyəndən fərqlidir. Anar bir eksiztensialist kimi deyir ki, başqaları məni anlamır. Aqşin isə özü-özünü anlaya, dərk edə bilmir. Və buna görə də insanı dərk etmir, onun hara gedəcəyini görə bilmir, çıxış yolunu keçmişin qaranlıqlarına qayıtmaqda görür.

“Kəlləmayallaq” Aqşinin bundan öncə yazdıqlarıyla eyni sistemə daxildir. Onun bir neçə il əvvəl yazdığı “Göləqarğısancan” “hekayə”sindəki nevroz öz yerini psixoza verib. Yəni ağrıyan diş artıq çəklib, amma yeri hələ də sızılayır. Bəs, bu nə ağrıdır belə? Bu müəllifin Herostrat kompleksi ilə bağlıdır. O nəyin bahasına olursa-olsun nasir olmaq istəyir, amma nə istedadı, nə də intellekti buna imkan vermədiyi, özünü təsəvvüründə olduğu kimi realizə edə bilmədiyi üçün sözə qələm sancmağa, hamını və hər şeyi qaralamağa, dünyaya ölüm hökmü oxumağa başlayır.

Müəllifin daha bir kompleksi bütün nəsr “əsərlərində” əks olunan şəhər-kənd qarşıdurmasıdır. Aqşinin “qəhrəmanları” bəzən şəhərə gəlsələr də, “şəhərli” ola bilmir, nəticədə bu iki məkan arasında qalıb kəlləmayallaq aşırlar. Çünki müəllif məkan hissini itirib, onun Yoknapatofu, Buzbulağı, Cəlilabadı yoxdur. Təsadüfi deyil ki, onun indiyəcən yazdıqları arasında ən uğurlusu “Kənd” şeiridir:

çaylar axar ağacların içindən, içindən,
quruyarlar budaqlar öz ucundan, ucundan,
quşlar qorxar buludların köçündən, köçündən,
şimşək çaxar göydən qaçar yağışlar, yağışlar.

doluşar ot tayasına sərçələr, sərçələr,
sərçələr ot tayasında gecələr, gecələr,
yorğun sürü axşam kəndə gec gələr, gec gələr,
gün batınca kəndə enər yoxuşlar, yoxuşlar.

gövşəyərək köks ötürər inəklər, inəklər.
boylu gəlin yuyub sərər köynəklər, köynəklər,
süfrə üstə pıçıldaşar bəbəklər, bəbəklər.
sükut çökər, fikrə gedər baxışlar, baxışlar.

səhər günəş qonşu kənddən ucalar, ucalar,
oyanmamış hələ həyət bacalar, bacalar,
sübhdən qalxıb namaz qılar qocalar, qocalar,
diz çökərlər, allah bizi bağışla, bağışla.

Bu şeirlə “Kəlləmayalaq”ı tutuşdurun, görün onların müəllifi 20 ildə hardan hara enib, nələr qazanıb və nələr itirib? Bu şeirdə ümid də, sevgi də, iman da var. Bu şeirdə təsvir olunan, əlbəttə ki, əsl kənd deyil, kəndin Pirsomaninin rəsmlərini xatırladan, “primitivizm” üslubunda, bir “uşaq” tərəfindən çəkilən idillik mənzərələridir. Amma əvvəla əsl poeziya zatən elə belə olur - uşaqcasına, iddiasız. İkincisi söz konusu bu deyil, odur ki, Aqşinin bədii məkanı şəhər deyil, kənd, janrı nəsr deyil, poeziyadır. O özünün bu poetik təyinatına sadiq qalsa, bəlkə də, çağdaş şeirin Yesenini ola bilərdi, indi isə sadəcə Aqşindir.


Kəndinə qayıt, Aqşin.

# 8292 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #