Kulis.az Əli Novruzovun “Sonuncu barista” hekayəsi haqqında qələm adamlarının fikirlərini təqdim edir.
Cavanşir Yusifli:
“Əli Novruzovun “Sonuncu barista” hekayəsində bu gündən gələcəyə (həm də keçmişə qayıdışla, - bunsuz mümkün deyil axı!), ordan bu günə və həm də insan həyatının kələ-kötür yollarına (birdən özün də bilmədən ekrandan yox olursan!) yolçuluq var. Ad yaxşı, təmtəraqlı səslənir: sonuncu barista. Bu ad eyni zamanda real həyatdan “sıçrayışı” görüntüləyir. İroniya, aydın məsələdir ki, hansı zamandan bəhs edirsən et, hadisələrin zamanını indiləşdirir (“Hamı klip çəkdirir...”). Kliplə bağlı ironik ”təbəssüm” hekayədə yeganədir. Daha çox olsaydı nə olardı? Daha çoxuna ehtiyac vardımı? Bilmirik.
İndiki zaman hekayədə heç də xəyal olmayan gələcəklə, artıq bitib tükənmiş keçmiş arasında əriməkdə olan nəsnədir. Dayanıqlı deyil. Bəlkə, bu səbəbdən hekayənin sonluğu elə bu əriməkdə olan, artıq bəlkə də, gözdən itmiş məkana işarə edir.
Bu tipli ikinci pasaj, yəni hekayənin təhkiyə axarını “dayandırıb” təbəssüm edən pasaj indili və əbədi keçmiş zaman məsələsini ortaya qoyur. (...İndi sürücü var? Kimə lazımdır sənin maşın sürməyin? Bəlkə, ancaq Naxçıvanda. Orada maşını adam sürməlidir. Elə eşitmişəm. Amma onlar da kənardan adam almırlar. Gərək prosedurlardan əvvəl qeydiyyatın Naxçıvana olsun.)
Dünyada nə baş verib? Yəni proses artıq bitib, dünya başqa bir qatıyla üzdədir, insan orda günün “ehtiyaclarını” qarşılamaq istəyir ki, özünü tez tükətsin. Zamanın əvvəlki uğultusu batıb, səs lap aşağılara enib, insanlar danışsa da sadəcə dodaqlar tərpənir, vird eləyir, keçmiş vərdişlər sonuncu dəfə ekranda parıldayr və sönüb gedir.
...Kofebarda çox adam yox idi. Təkadamlıq yerlərdə Bakıdakı lüteran icmasının pastoru gözümə sataşdı. Üzümü ona tutub bir az ucadan salam verdim:
– Guten Abend, Doktor Tetmajer!
Doktor başını tərpətdi, əlini ürəyinin üstünə aparıb “добрый вечер” dedi. Elşən kinayəsindən qalmadı:
– Bu da səni görən kimi rus dilini praktika eləyir. Guten abendin yenə sənə qaldı.
Hər şey nə olduğu bilinməyən gələcəyə tələsir, finalda Elşənin yox olması da bu qəbildəndir, zamanın uğultusu niyə yoxa çıxıb? Dünənə qədər başqalarını satanlar indi özlərini satırlar. Ancaq bu, hekayədən çıxan məsələ deyil. Keçmişlə gələcəyin arasında fırlanan indinin əriməzdən öncə macalı tapıb dediyi söz ola bilər”.
Azad Qaradərəli:
“Əli Novruzov məlumatlı adamdır. Ədəbiyyatı, xüsusən, müasir dünya ədəbiyyatını bilir. Sadəcə, onun baxış bucağı fərqlidir. Hər şeyə öz pəncərəsindən baxır. Əli bəyin, bildiyim qədəri ilə illər əvvəl çıxmış bircə hekayələr kitabı var. O kitab haqqında bir esse də yazmışdım... Konkret bu hekayəyə gəldikdə, mən bu cür hekayələri öz aləmimdə "hekayə üzərində məşq" adlandırıram. Hətta "yazılmamış hekayədən parça" adlı rubrikam da var. Və yaxud "yaza bilmədiyim hekayə" də deyə bilərəm... Dünya praktikasında var bu tip yazılar. Çexovun buna bənzər, yarımçıq təsir bağışlayan yazıları var və sair. Həmişə düşünmüşəm ki, bəzi adamlar var ki, bədii mətni yaxşı tanısa da, bilsə də, onlar bədii mətn deyil, elmi-tənqidi mətn, ədəbiyyatşünaslıq mətnləri yazmalıdır. Məsələn, Əli bəyin ədəbi təfəkkürü onun çoxdan elmlər dokturu olmasına kömək edərdi... (Əlbəttə, bu gün elmi-tədqiqat institutlarını basan sıradan elmlər doktoru deyil, bizi dünyada təmsil edə biləcək elm adamından danışıram. Bizdə beləsi çox deyil. Bir də Qismətin adını çəkə bilərəm.) Təbii, bu mənim şəxsi qənaətimdir”.
Ülvi Babasoy:
"Əli Novruzovun “Sonuncu barista” hekayəsi modern dil, üslub və tematikaya əsaslanır. Hekayə ölkənin sosial və siyasi vəziyyətindən o qədər də danışmadan danışmağa cəhd edir. Necə bir mühitdə və dünyada yaşadığımızı göstərməyə çalışır. Özünü satmaq təkcə Azərbaycan insanının deyil, dünyanın problemidir. Özü də belini dikəldib ayağa qalxan mağara insanından bugünkü texno-mağara dövrünün superorqanizmlərinə qədər bu alış-veriş davam etməkdədir. Hər dövrdə format dəyişib, sadəcə. Müəllif özü də hekayəsini satır. Əli Novruzovun yeni və müasir yazı texnologiyası ilə yazmaq cəhdləri təqdirəlayiqdir. Ancaq mövzu hər hansı publisistik yazı və köşə səviyyəsində işlənilib. Hələ yarım əsr əvvəl Liotar deyirdi ki, çağdaş ədəbi əsərlərin dili elektron hesablama maşınlarının alqoritmik dili kimi olacaq. Və müəllif bu faktı irəli sürüb öz mətnini müdafiə edə bilər. Hekayənin Mirmehdi Ağaoğlunun “Bu gün səbir elə” əsəri ilə də uzaq qohumluq əlaqələri var. Lakin Mirmehdi bəy mövzunu ailə-məişət kontekstində işləyib.
Bakıdan Moskvaya, oradan da Nyu-Yorka qədər dünya insanları ayaqüstü yeməklər yeyir, ayaqüstü mətnlər yazır və ayaqüstü kitablar oxuyurlar. Qərbdə bu cür mətnlər kəskin şəkildə tənqid olunur artıq. Biz də isə radikal, maksimalist yanaşma damğası vurulur. Bunun üçün onlarla qaynaq göstərmək olar. Nəticədə, Əli bəyin hekayəsindəki modern dil və dialoqlar ümidvericidir..."
İlham Əziz:
“Məncə, yaxşı hekayədir. Belə mətnlərdə süjet bir o qədər də əhəmiyyət kəsb etmir. Əsas ovqat məsələsidir, onu da yarada bilib. Xeyli göndərmələr var. Bu hekayə tərcümə olunsa mahiyyətindən və məzmunundan zərrə qədər itki olmaz. Əli dilin bu cür işlənməsinin tərəfdarıdır, bu da onun seçim haqqıdır. Təbrik edirəm!”
Sevinc Elsevər:
"Mən, ümumiyyətlə, sosial mesajlı mətnləri sevirəm. Sosial mesaj olmasa, əhəmiyyəti itir mətnin. Düşünürəm ki, bu mətndə də ciddi sosial mesaj var. O baxımdan bəyəndim. Qəhrəmanın iç təbəddülatları, nə bilim, uydurma psixoloji problemləriylə baş qatma deyildi. Dərdin nədir? Konkret! Zarıma! Danış! Bunu istəyirəm ən çox hekayələrdə. Danışan hekayə idi."
Eminquey:
"Hekayəni oxudum. Həmişəki kimi, daha doğrusu, əksər imzaların hekayələrində olduğu kimi dil problemi bu hekayədə də özünü göstərir. Bir-iki nümunə göstərim ki, atəşim havaya açılmasın. Məsələn, ilk abzas “metrodan kofebara kimi piyada 15 dəqiqəlik yolu ayaqlarım uzun olduğuna görə 10 dəqiqəyə qət edə bilirdim. Bəxtimdən işıqforlar da bu dəfə məni gecikdirmədi. “Herzog” otelinə çatıb Həsənoğlu küçəsinə dönəndə kofebarın qabağında Elşəni gördüm. Çəkib qurtardığı siqaretin kötüyü ilə təzə siqareti yandırmağa çalışırdı” – çox pintidir.
Redaktə edək:
“Metrodan kofebara 15 dəqiqəlik yol olardı. Bəxtimdən həm işıqforlar məni gecikdirmədi, həm də ayaqlarım uzun olduğuna görə 10 dəqiqəyə “Herzog” otelinə çatıb Həsənoğlu küçəsinə döndüm. Elşən kofebarın qabağında dayanmışdı. Çəkib qurtardığı siqaretin kötüyü ilə təzə siqareti yandırmağa çalışırdı”.
“Elşən görüşə məndən tez gələndə iki dəqiqədən bir vatsapda “hardasan gelirsen” yazıb baş-beynimi xarab edirdi. Amma indi məni görəndə özündən çıxmadı. Nə “adam bu qədər gecikər”, nə “saatını 10 dəqiqə dala çək”, nə “gələn dəfə səni bir saat gözlədəcəm”, heç nə demədi”.
İkinci abzasda ya “adətən” yazmalısan, ya da “xarab edirdi” hərəkətini “xarab edərdi”yə çevirməlisən. Ki, indi səni görəndə özündən çıxmamağı daha aydın ifadə olunsun. Əli Novruzov bilmir ki, “kofebarın qapısını açdı” daha doğru ifadədir, nəinki “əlini atıb kofebarın qapısını açdı”. Bu xırda, çox xırda hərəkəti niyə detalına qədər göstərməlisən ki? Əlini atıb açacaq da, təpiklə qapını qırıb girməyəcək ki.
“– İlahi, necə zəhləm gedir bu yerdən. Hər şey saxtadır. Hamı klip çəkir. Niyə axı bura gəlirsən?!”.
Hamı klip çəkir? Necə yəni? Neynirlər ki orada?
“Kofebarda çox adam yox idi. Təkadamlıq yerlərdə Bakıdakı lüteran icmasının pastoru gözümə sataşdı”.
Müəllif hamının klip çəkdiyini vurğulayandan sonra belə bir cümlə ilə davam edir. Kofebarda çox adam yox idisə, hamı necə klip çəkirdi? Çox uzatmadan soruşmaq istəyirəm, Elşən niyə özünü satmaq istəyirdi? Qəhrəman böyrəyini niyə satmışdı? Əli Novruzov niyə səbəblərə toxunmayıb? Elşən hara getdi? Hekayədə qapının əl atıb açılmasına qədər incə detallara girən müəllif niyə obrazları havada saxlayıb? Ümumiyyətlə, bu hadisənin mahiyyəti nədir? Daha dəqiqi, bu hakayədirmi? Məncə, xeyr. Bu hekayə deyil, ən yaxşı halda feysbuk statusudur. Sadəcə, gələcəkdə guya hamı bədənini satacaqmış, bu birja yolu ilə rahat həll olunacaqmış, su hər adam üçün limitli olacaqmış və s. Havada qalan ideya, vəssalam. Bundan da maraqlı hadisələri feysbukda yazırıq, çıxıb gedir.
Dil, hadisələrin gedişatı, obrazların hekayəsi və s. Bu üç detaldan biri normal vəziyyətdə olsaydı, hə, o biriləri keçmək olardı, amma təəssüf ki, heç biri bütöv deyil..."
Orxan Həsəni:
"Mətn Əli Novruzov üçün ənənəvi dil üstündə qurulub. Sadə cümlələr, kənardan diqqəti cəlb etməyən, ancaq daxilinə varanda potensial yozumlar vəd verən soyuq situasiyalar, emosional kasadlıq.
Əli hekayəsinin distopik bir dünyanın üstünə sərib. Distopiya janrı müasir dövrdə kifayət qədər populyardır. Bu tip mətnlər nə qədər gələcək zamandakı hadisələri işıqlandırsa da, kökündə dövrümüzlə bağlı qorxular dayanır, yəni müəllif bizə potensial gələcəyin neqativ tərəflərini göstərməklə müasir həyatımızın qorxularını oyadır.
Əli Novruzovun hekayəsində də belə bir qorxu ilə qarşılaşırıq, ancaq bütöv bir dünya kimi yox, fraqmental şəkildə. Məlum olur ki, bütün dünyada sosial və sinfi bölünmə baş verib, kəskin şəkildə sosial iyerarxiya və təbəqələşmə hökm sürür, resurslar tükənir, insanlar öz orqanlarını, hətta özlərini satmaqla günü-günə calayırlar. Kasıblıq azarı, çörək pulu dərdi gələcək zamanda da azərbaycanlılardan əl çəkmir.
Hər şey pisə doğru dəyişib, ancaq Əlinin aləmində insan münasibətləri, onlar arasındakı əlaqə, zarafatlar, gileylər hələ də eynidir.
Dünya ədəbiyyatında distopiya kifayət qədər geniş müraciət olunan populyar istiqamətdir. Azərbaycan ədəbiyyatında bu janrın uğurlu nümunəsi görmək sevindiricidir".
Rəvan Cavid:
"Mən artıq belə hekayələrə gələcək haqqında yazılan mətnlər kimi baxa bilmirəm. Əlinin hekayəsi distopik, ya da utopik də deyil. Dünyanın sonu haqqında 2020-ci illərdə elm statusunu qazanmış araşdırmalar toplusu var. Adı kollapseologiyadır. Tənəzzül haqqında elmdir. Düzdür, bu elmin əsas qayəsi qıtlıq və təbii sərvətlərin necə sürətlə azalması və dünyanın çöküşünün sürətlənməsidir. Qlobal istiləşmə, şirin su qaynaqlarının quruması, iqlim və su müharibələri, dünyanı zəbt edən innovasiya görməmişliyi, təbii fəlakətlər, milli istehlak və istehdam və sair və ilaxır. Bu tənəzzülün səbəb olduğu, həm də bu tənəzzülə səbəb olan nəsnələrin başında texnologiya gəlir. Mən demirəm, Əli də demir, bunu Pablo Serviqn, Rafael Stevensen, Cerad Daymond, Josef Tenter, Todi Ord, Qay Midleton və bu adlar siyahısına daxil olan (adların orijinal formalarını yazmağa həvəsim yoxdur) bir çox sosioloq, geoloq, araşdırmaçı, tarixçi, siyasətçi və sairəçi deyir. Yəni, texnologiya həyatımıza girdikcə biz sıradan çıxamağa başlayacağıq. Tez-tez sual verirlər ki, süni intellekt yarandısa, niyə sənaye inqilabı dördüncü mərhələdən beşinci mərhələyə keçmir? Məgər bu inqilab industriyanı dəyişmədi? Dəyişdi, amma tam yox. Əlinin hekayəsində olduğu kimi, hələ də küncdə-bucaqda baristalar var. Hələ də kiməsə özümüzü sırıya bilirik. Yuxarıda adını çəkdiyim həzrətlər (elə Əlini də onlara qata bilərəm) deyirlər ki, gözlədiyiniz beşinci sənaye inqilabı 2030-cu ildə qismən, 2100-cü ildə isə tamamilə hiss ediləcək. Kollapseologiya haqqında başqa vaxt geniş danışmaq olar. Keçim hekayəyə. Hekayənin mövzusu yuxarıda yazdıqlarımın fonundadır. Burası əla. Dili də normal, elə tənəzzül dövrünün dilinə uyğundur. Mənim fikrimcə və məncə, hekayədə çatışmayan atmosferdir. Yəni, oxucu kimi mən özümü hadisələrdən kənarda hiss etdim. Halbuki birbaşa hamıyla əlaqədardır. Final da məchuldur. Final hətta alınmayıb - desəm, yanılmaram, özümcə. Tələsib Əli. Bəlkə də, ondan soruşsaq, deyəcək, tələsməmişəm. Amma bir reallıq var ki, hekayənin mesajı da, mövzusu da aktualdır və daha bir yetmiş il aktual qalacaq. Sonrası nə ola ola".
Orxan Cuvarlı:
"Hekayədən çox hekayənin qaralama versiyasına bənzəyir. Demirəm, dəmdəstgah açmaq lazım idi. Amma obrazları bir az da dərin işləmək, Seymur müəllimin təbirincə, "fon yaratmaq" olardı. "Kofenin püskürməsi" məsələsi qaranlıq qaldı. Axı kofe vulkan deyil öz-özünə püskürsün. Onu ən azından püskürtmək lazımdır. Müəllifin çağdaş mövzu seçiminə görə isə baş barmağımı qaldırdım".