Həyatda gözəl şeylər qəfildən gəlir - Cavanşir Yusifli yazır...

Cavanşir Yusifli, tənqidçi

Cavanşir Yusifli, tənqidçi

13 dekabr 2022
# 16:10

Kulis.az tənqidçi-ədəbiyyatşünas Cavanşir Yusiflinin Anar Rzayevin "Summer və mən" romanından yazdığı yazını təqdim edir.

...Həyatda gözəl şeylər qəfildən gəlir, baş verir... Bu, "Summer və mən" romanının son cümləsidir. Romanda elə tərcümə prosesində mənə necə deyim, xoş gələn başqa frazalar da var. Məsələn, həyat yalnız sən düzgün adamı tapandan sonra başlar... Bu cümlələrin sırasını genişləndirmək də olar, ancaq elə ikisi, zənnimizcə, kifayətdir.

Anar Rzayevin ingilis dilində yazdığı bu kiçikhəcmli romanının mövzusu çox genişdir, yəni əsərin süjet xəttinin ətrafında gəzib-dolaşan "təsadüfi", ancaq çox ciddi dialoq və söhbətlər hansı mənadasa onun demək istədiyi fikirlərin, ortaya atmaq istədiyi mənaların "pardaqlanmasına" yardımçı olur. Mənalarsa bədii əsər mətninə heç zaman təsadüfən gəlmir, onlar müəllifi yazı prosesinə qoşan gələnəyin və onun özünün dünyaya vermək istədiyi sualların kəsişməsindən yaranır, bu kəsişmə, bu çarpazlaşma bir proses kimi çox dərində getməlidir ki, təhkiyədə zahirən "hər şeydən xəbərsizlik" fikri təlqin edilsin - yəni bu əhvalat yalnız bu şəkildə, bu adamların başına gələ bilərdi. Nəsrdə hamının başına gələn, hər gün yer üzündə təkrarlanan hadisələrin belə fərdiləşməsi sırf poetika məsələsidir, süjetqurma texnikası ilə bağlıdır, ancaq sadəcə texnika deyildir. Hadisələrin bolluğunda hər şeydən xəbərsizlik fiksiyadır, daha doğrusu, fiktivliyin (bədiiliyin-!) əsas şərtidir.

Fərqli mədəniyyətlərin rahatca nəfəs aldığı ölkələrdə "çayların dənizə axdığı" yeri göstərmək şübhəsiz ki, ustalıq tələb edir, həm də təhkiyənin sadəliyi, süjetin şaxələnib mürəkkəb, həm də qəliz ortam yaratmaması şərtdir. Anarın əsəri bu şərtlərə tam şəkildə cavab verir. Yad bir mədəniyyətin dilini, davranış və etiket normalarını öyrənib onun içində rahat nəfəs aldığın andan içindəki mədəni dəyərlərin nəfəsini hiss etməyə başlayırsan, romanda "ikinci təhkiyə planı" məhz bu məsələlərin qovuşağında cərəyan edir.

Romanın təhlilinə belə bir məqamla başlamaq istərdik: bədii mətndə təhkiyə mahiyyətcə şüuraltında gizlənmiş dramatik və psixoloji layların açılıb danışmasından başqa bir şey deyildir. Təhkiyədə bu deyilən faktor, yaxud incə detal üzdə, birbaşa müstəvidə görünməsə də, xüsusən dialoqlarda, müəllifin qurduğu kompozisiya tipində özünü tam şəkildə ifadə edir. Bu romanda duyğusal anlar, insan hissiyyatının dərhal oxucuya sirayət etməsi kimi hallarda bir mühüm ayrıntı gözə çarpır: adi hadisə axarı boşuna deyil, hansı məqamdasa özüylə məhz əsərin, onu dilləndirən təhkiyənin məntiqini bildirən frazaların, həm də sanki yaddan heç zaman silinməyəcək cümlələrin deyilməsi ilə müşayiət edilir. Təhkiyə boyunca gənclərin, ayrıca götürdükdə əslən Azərbaycandan olan, yad bir ölkədə mədəni dəyərləri ilə yaşayan bir ailədən çıxmış Edvard Şənkin alabəzək, bircə saniyəsi belə zövqsüz keçməyən, hay-küylə, şən ovqata köklənmiş həyatı birdən kökündən dəyişir. Bu, təbiidir, çünki bədii əsərdə bu "gözlənilməzlik", yəni hadisələrin uçurumun lap kənarında baş verməsi bədii əsər üçün adi bir şeydir. Ancaq məsələ Edvardın hər gün oturub-durduğu, müxtəlif mədəniyyətlərin daşıyıcıları olan gənclərin siqaret, çəkdikləri otun tüstüsüylə dolu həyatında əslində insanı düşündərən nəsə yoxdur. İyirmi neçə yaş həddində olan, universitetdə təhsil alan bu gənclər bar və kafelərdə oturub ən müxtəlif məsələlərdən söz açır, vaxtı gəlincə bir yerə yığışıb şənlənirlər. Edvard Şənkin hər bir hərəkətində yetişdiyi ailənin gələnəklərinə uyğun olaraq "olar/olmaz" dilemması qarşısında qalması, məhz azərbaycanlı olduğu üçün nələrisə özünə qadağan etməsi, əslində, onun bir insan kimi ürəyinin diktə etdiyi həqiqətlərə can atmasını şərtləndirir.

Bu gənclərin hər gün bir yerdə olması eynilikdən çox aralarındakı mədəni fərqləri öyrənməyə köklənir. Bu isə açıq şəkildə yox, məhz şüuraltında baş verir. Düzdür, onlar Avropada, Ərəb ölkələrində, lap elə Azərbaycanda sivil həyatın ən nüxtəlif və son dərəcə fərqli çalarlarından danışırlar, məsələn, bakirəlik mövzusu ətrafında. Yaxud yadplanetlilərlə bağlı. Bu söhbətlər uzun çəkməsə də oxucu bunun davamının o gənclərin hər birinin şüuraltında davam etdiyini kəsdirə bilir. Fərqlər onları bir yerə toplasa da, həm də əzab verir, incidir, münasibətləri qəlizləşdirir. Yaxud insanla qorillanın fərqi məsələsi. Diqqət edin, əsərin bir yerində söhbət əsnasında Edvard deyir:

"İndi isə uşaqlar, dinləyin, görün nə deyirəm, sizə son zamanlar gəldiyim qənaətləri açıqlamaq istərdim. Əvvəlcə kimsə deyə bilərmi, 15 yaşlı uşaqla 15 yaşlı qorilla, yaxud meymun arasında nə kimi fərq var?" - mən soruşdum. "Biz 99% elə onlar kimi deyilikmi?" - Summer cavab verdi. Aydındır ki, yox, eyni əcdadlardan gəlsək də, biz onlardan fərqliyik. Bəli, düz 2% fərq var və bu 2 faiz səbəblə deyə bilərik ki, biz onlardan ağıllıyıq. İndi isə bu gerçəklikdən kənar olan şeyləri təsəvvür edin, elə bir mühit ki, orada bizdən 2% ağıllılar mövcud olsun. Vaxtın nə olduğunu bilirik, keçmişdə nə elədiyimizi də, ancaq gələcək bizim üçün sirdir. Ancaq bizdən 2% ağıllı olan kimsə təkcə bunumu bilir, xeyr, o həm də bu şeyləri idarə edir. Zamanı idarə etdiyinizi təsəvvür edin, yaxud fikirləşin ki, siz səs telləriniz, ağız və diliniz olmadan ünsiyyətə girə bilirsiniz", - mən bunları deyəndə hiss elədim ki, ətrafdakılar mənə sanki yadplanetli kimi baxırlar".

Romanın əsas məsələlərindən biri məhz budur: zamanı idarə etmək... Anar modern dünya nəsrində gedən prosesləri sanki "adi məişət mövzusunun" içinə salır, mövzunun konturlarını, əhatə dairəsini genişləndirir, gənc bir insanın dəyişməsi, ailəsinə, özünə yad bir mədəniyyətin içindən kimisə tapıb onun şəxsində barışmayan nəsnələri qovuşdurmağa çalışması, onların açıq-aşkar, yaxud gizlin (mətnaltı-!) qovğasını göstərir. Summerlə ailə qurmaq istəyən Edvard ən çətin anlarda əvvəl atası, sonra anası ilə söhbətləşmək istəyir. Ən çətini anasıyla dialoqa girməkdir. Atasının verdiyi suallarda, məsələyə yönəlik izahlarda heç bir keçilməzlik yoxdur. Anası... bütün nitqi Edvardın olan-qalan ümidini də öldürür. M.F.Axundovdan başlayan bizdə belədir / onlarda elədir qovğası (Biz məclisdə papaqla oturarıq, onlar papaqsız, biz xörəyi əllə yeyərik, onlar qaşıqla, bizdə aşikarə peşkəş var, onlarda gizli, bizdə çox arvad almaq olar, onlarda çox kişi almaq, bizlər hər şeyə inanarıq, onlar heç zada inanmazlar...) eyni tempdə davam edir və bu tipli qarşılaşdırmalarda elektrik naqilində olduğu kimi bir tərəf hökmən müsbət, digəri mənfi olmalıdır, nəsə baş verməlidir ki, həyat dəyişsin...

Ancaq əsas məsələ heç bu da deyil, əsas problem bu zaman içində insan niyə xoşbəxt ola bilmir, sevinəcəyi, xoşbəxt olacağı ana bircə qarış qalmış hər şey onun əleyhinə çevrilir, o ana qədər qurduğu nə varsa dağılır, bütün qəlbinin atəşi çox sevdiyi insanın göz yaşları içində sönür. Sitatda adıkeçən Summeri ilk gördüyündə Edvard qəribə hisslər keçirir, onun fərqli biri olduğunu anlayır. Onun təbəssümündə öz qəlbini, könlünün çırpıntılarını eşidir. Amma bu fikrə gəlmək üçün, həm də bir qadının təbəssümündə çox möcüzəli şeyləri görüb ürəyinin dibinə qədər enən nəşəni dadmaq üçün insan yəqin ki, cahillikdən insan olmağa doğru addımlar atmalıdır. Hər gününü bir qızla keçirən Edvardın məhəbbətə baxışı necəydi? "Məhəbbəti heç zaman anlamadım; mənim fikrimcə, məhəbbət bizim beynimizdə özümüz üçün yaratdığımız bir şeydir, elə bir şey ki, sonra problem problem dalınca yaranır, daha doğrusu, həyatımızın problemi olur. Hansısa hissin əbədiliyinə inanmıram, mümkün deyil bu. Kimsə bu dünyanı tərk edib bizim həyatımızdan çıxıb gedəndə onlar üçün həyatımızın sonuna qədər ağlamırıq. Bir müddətdən sonra bununla barışırıq. Mənim fikrimcə, məhəbbət də belədir, amma əks istiqamətdə. Dəlicəsinə sevən adam ilk üç ayda ağlını itirmək dərəcəsinə çatır, sonra hər şey zibilə dönür. Qarşılıqlı güzəştlər aradan çıxır, daha biri digərinə heç də o qədər diqqətli olmur, qayğı da göstərmir, qısqanclıq gəlir səhnəyə, taxta əyləşir və nəhayət, hər şey qırılıb-töküləndə onların ən gözəl cütlük olduğundan ağız dolusu danışan dostlar bu halda "sonu elə belə olmalıydı" deyib keçirlər". Romanın diktə etdiyi mənalardan biri də budur: çox inandığın, nöqtəsini qoymağına şübhən olmayan məsələlərin çözümü səndən asılı deyil, gün gələr, bütün bu fikirlərin boş olduğunu öz gözlərinlə görərsən, həyat təkcə yaşadığın anlar deyil, yanından gözüyumulu keçdiyin anlardır, ən əsası isə bu anlarda nəyin necə dəyişdiyini görə bilməyindədir. Sənə kədər üz verəndə içdən, bütün qəlbinlə kədərlənməyi bacarmağındadır. Onda çox sevdiyin birinin dəyərini dəqiq bilmək imkanı qazanar və ağrıdan hara gedəcəyini, kimə üz tutacağını bilməzsən. Bu isə həyatda tapdığın dəyəri dəlicəsinə sevməklə təndir. Anarın "Summer və mən" sevgi romanıdır, insanı rəzil olmağa, insafsız, rəhmsiz olmağa qoymayan, onu cahillikdən ağıllı divanəliyə sürükləyən eşq romanıdır.

Və həyat... həyat yalnız sən düzgün adamı tapandan sonra başlar...

# 1921 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #