Gülməkdən ölən adam - Cavanşir Yusifli yazır...

Cavanşir Yusifli, tənqidçi

Cavanşir Yusifli, tənqidçi

21 dekabr 2022
# 10:40

Kulis.az Cavanşir Yusiflinin "Ölməmək üçün gülənlər" adlı yazısını təqdim edir.

Roman "bumu" yaşanarkən, az qala hər kəs roman yazmaq, roman müəllifi olmaq fikri ilə məşğul ikən kiçik janrlar, məhz hekayə yaddan çıxırmı? Əsla. Ancaq bunu da nəzərə alaq ki, janr duyğusu, hansı janrda əsər qələmə almaq məsələsi də ötəri həvəslə bağlı deyildir. İstisnasız olaraq bütün janrlar təzə nəfəs istəyir, bunun elə bir tərəfi var ki, müəllifdən bütün nəfəsini bədii mətnə verməyi və çevirməyi istəyir, bu tələbin, bu çağırışın hansı hissəsi gerçəkləşir, bu artıq müəllifdən asılı məsələ deyildir.

Bir sənətkarın yazı prosesində yuxarıda vurğuladığımız yaradıcı nəfəsi bir dəfə ("bir dəfəlik") təzələnir, yanrla ünsiyyətdə qələmə alınan bədii mətnin hər cümləsi, hər nida və passajı sanki və məhz bu dəfə "sıfırdan" başlayır. Gi de Mopassanın 6 romanıyla müqayisədə yazdığı novellalar, şübhəsiz ki, başqa bir aləm, fərqli bir nəfəsdir. İrəlidə sanki bunu bilirmiş kimi A.P.Çexov da həyatını, içindəki enerjini kiçik janrda möcüzələr yaratmağa, janr cəbhəsində yeni səhifələr açmağa sərf etdi. Haqverdiyevin faciələri ilə bir yerdə hər biri ayrıca söhbətin, ciddi tədqiqatların mövzusu ola biləcək hekayələrini götürün, amma müqayisə etməyin. Siz bu hekayələri, məsələn, Mirzə Cəlilin hekayələri ilə yanaşı qoya bilərsiniz.

Mirzə Cəlil əşyalar aləmini, "əşya artefaktını" bədii mətndə canlandırmaq istiqamətində yeni yol açdı, onun hekayələrindəki hər bir əşya (məsələn, alma...) hansı məqamdasa güzgüyə çevrilir və bu çevrilmə onun bədii mətnlərində ifadə planında əsas dönüş nöqtəsinə çevrilir. Haqverdiyev və Yusif Vəzirdə bu əşyalar sadəcə "görünmür", sözlərin içinə "batırlar", amma mövcudluqlarını sürdürürlər. Bu isə Azərbaycan hekayəsinin bədii aləmində yeni naxışların vizuallaşmasına, yeni izlərin salınmasına şərait yaradır. Yusif Vəzirin hekayələrində həm də təsvirlə əşya arasındakı məsafənin poetik sistemi fərqli olmasına şərait yaratması məsələsi var.

Fikrimizcə, "İki alma" hekayəsində bu hal - oxucunun fikrini məşğul etmək üçün "sual-cavab ritorikası"ndan istifadə edilir. "Axşam vaxtları gəzməyə çıxanda, hərdənbir balaca oğlumu da yanımca aparıram. Bu dəfə də apardım. Və həmin balaca oğlum ilə gəzməyə gedəndə, hərdənbir ittifaq düşür ki, ona yeməli şey də alıram ki, məndən razı qalsın. Bu dəfə də balaca oğlum dükanlarda düzülmüş nazü-neməti görəndə məndən yeməli bir şey istədi. Mən o əqidədə deyiləm ki, hər dəfə uşaq ilə bazara gedəndə ona bir şey almaq lazımdır və lakin bunu da demirəm ki, heç bir vaxt almaq lazım deyil". İlk baxışdan təhkiyə axarında bu vasitə, yəni bu tipli sualların verilməsi və onların eyni tonda cavablandırılması ilk baxışdan doğrudan bezdiricidir (bu "yeknəsəqlik Əli Zərbəlinin "Qəhqəhə" hekayəsində də müşahidə edilir"...), ancaq əbəs deyil, yuxarıda dediyimiz bədii formanın birdən, bütün enerjisi ilə duyulması məqamında hekayənin yenidən "yazılmasına", həmin o güclü enerji seli ilə fəhm edilməsinə şərait yaradan bir poetik üsuldur, bu da sonda bədii formanın (arixtektonika və kompozisiyanın) içinin bütün dərinliyi ilə açılmasına güclü təkan verir. Təkan estetikası...

Mirzə Cəlildə süjetin təkanlarla açılması xüsusi olaraq incələnməli mövzulardandır. Məhz həmin məqamda oxu, yaxud hekayənin səni apardığı aləm yeni fazaya keçir, daha doğrusu, sən həmin aləmi eyni zamanda həm içində olduğun gerçəklikdə, həm də ondan ayrı formada görə bilirsən.

Vaxtilə bu barədə yazmışdıq ki, Yusif Vəzir Çəmənzəminlinin "Cənnətin qəbzi" hekayəsində təsvirdə görünən, ancaq hər an təsvirdən sürüşüb qeyb olan, diqqət mərkəzində saxlanılmayan şeylərin sırası sıxlaşdıqca sıxlaşır, diqqət edin, usta Ağabalanın cənnət sevdası onun ağlını başından almaq dərəcəsində cazibəlidir, o dərəcədə güclü və sehrlidir ki, ətrafdakı hər şeyi, rəzilliyi və naqisliyi ilə az qala adamın gözünün içinə girən şeyləri soldurur, gizlədir, müdhiş və mistik bir güclə kənarlaşdırır, bu "kənarlaşdırma effekti" hekayədə təhkiyənin əsas hərəkətverici qüvvəsini təşkil edir. Ədəbiyyatşünaslıqdan məlum olan "təhkiyə massivi" anlayışı Yusif Vəzirdə özünəməxsus şəkildə formalaşır, onun yaranma və hərəkət trayektoriyası hekayənin daxildən qurulması, mənanın, nəql edilən əhvalatların, hadisə və nüansların ən zəif hərəkətini belə öz reyestrində qeydə alır. Bu "massiv" diqqət edilərsə, yarandığı anda dağılır, yəni bir əhvalat nəql edilən kimi yenisi onun dağıldığı yerdə qurulur, özündən əvvəlkinin "qırıntılarını" canına çəkib dolğunlaşır, bu hərəkət ümumilikdə təhkiyə strategiyasındakı özümlü cəhətlərin varlığı ilə izah edilməlidir.

Bu vəziyyət (yaxud vəziyyətlər: hər üç müəllifdə - !) suallar yaradır. Əsas məsələ də budur, müəllif həmin təsvir və əşyalarla bağlı, yaxud onların qarşılıqlı münasibətləri müstəvisində hansı sualları verə bilir. Bu intəhasız aləm, daha dəqiqi, bu sualların yarandığı və verildiyi məqam müəllifin "çəkilib getdiyi" məqamdır, ondan sonra oxucu sanki müəllifin diktə etmədiyi fəqli rəng və səsləri görür, eşidir, verilən sualları özününkü hesab edir, ömür bu mərzdən başlayır, həyat bu aralıqda bitir...

2

Gənc Əli Zərbəlinin "Qəhqəhə" hekayəsi, zənnimizcə, təzə nəfəs məhsuludur. Onun mövzuya - mətləbə yanaşması, süjet boyunca maraqlı gedişlərə cəhdləri və s. bu kimi hərəkətləri maraq doğurur, ən önəmlisi ildırım sürətiylə ötüb keçən detalların gücünə süjet, təhkiyə dinamikasını yaxşı idarə etməsi bu hekayənin müəllifinin istedadından xəbər verir.

Hekayənin məndə oyatdığı təəssürat belədir: hadisələr sanki qaranlıq bir məkanda baş verir, arada kadr "kəsilir", yəni tutaq ki, həyətə təcili yardım maşını girdikdə faraların işığı o qaranlığı aydınladır, balaca Nihad qapını açdıqda işıq yanmasa da, qaranlıq öləziyir (bu hal Nihad yaşa dolduqca zaman-zaman təkrarlanır da!) və bu ortam kəndin yeknəsəq və cansıxıcı həyatı ilə təndir.

Dünyada ölümə, yoxluğa ən çox yaxın olan elə gülüşdür, ancaq insanlar bunu bilmirlər, çünki mistik şeylər canda daşınır, dövr edir, yaddaş ərazisinə keçə bilmir, ona görə də gülüşdən, qəhqəhə çəkib ölməyi kimsə beyninə yeridə bilmir. Dünyanın sonunu ən dəqiq nişan verən də gülüşdür, o gülüşdən vaxtaşırı danışıb güldüyümüz lətifələrin içində də var, Bəhlul Danəndə, Molla Nəsrəddin lətifələrində və sair bu kimi mətnlərdə gülüşün o tayı dərin faciələrdir, və sair...

Hekayənin ən maraqlı və kontrastlı yeri, fikrimizcə, adam qəşş edib öldükdən və ölüm səbəbi ilə bağlı kənddə müxtəlif versiyalar yayıldıqdan sonra camaatın qapıya gəlib, həyətə girib Saleh kişidən həmin anekdotu dinləmək istəyidir. Fikrimizcə, bu səhnə daha yaxşı işlənə bilərdi, çünki hekayənin necə deyək, "taleyini həll edən" məqamlardan biridir. Amma nə qədər ciddi-cəhdlə dinləsələr də, gülüşə köklənə bilmirlər, çünki ölüm yadlarından çıxıb. Mətndə baş vermiş hadisənin səbəbi ilə bağlı ən müxtəlif versiyaların yaranması da elə ölümdən, səs-küydən yeknəsəq həyata qayıtmaq (ora qaçmaq-!) cəhdidir.

Ən uğurlu cəhətlərdən biri budur ki, müəllif baş verən hadisəni əhvalatlıqdan çıxarır, onu bir proses kimi verməyə çalışır. (Diqqət edin, ilk cümlə: Sənubər can sıxıntısının çarəsini məşğuliyyətdə gördüyü axşamların birində, xalçanın üstündə bardaş qurub tikiş tikərkən qonşu otaqdan Abbasın hırıltısını eşitdi...). Nəqletmə dinamikası da nəzərə alınmalıdır. Bu dinamika təsvir olunan aləmlə bağlı yaranan kontrastı gücləndirmir, əksinə yavaşıdır, yəni sonda hər şey öz təbii axarına qayıdır, qəhqəhə heç kəsin gözləmədiyi bir hadisədir, sovuşub keçməlidir, ildırım çaxanda göydən görünən ani və güclü parıltı bir anlıq hər şeyi aydınlatdığı kimi, bu qəhqəhə də sadəcə işarədir, ən çətin və qəliz suallar adətən ən sakit və "ölüvay" mühitlərdə səslənir, insanların o lətifəni dinləmək həvəsi bir an o ölü mühitə qayıtmaqla bağlıdır, belə mühitlərdə nəyisə anlamaq yox, ondan uzaqlaşmaq, onu unutmaq daha önəmlidir. "...Yeknəsəq, bürkülü yay axşamlarından biri idi. Qaş çoxdan qaralmışdı. Kişilər ya naxırdan, örüşdən evə qayıdıb televizorun qabağında həvəssiz-həvəssiz uzanıb dincəlir, ya çayxanada nərd taxtası arxasında qızğın siyasət söhbətlərinin içində itib-batır, ya da boğanaq axşamdan meh umaraq həyətlərinin həndəvərində veyillənirdilər. Gəlinlər yavaş-yavaş uşaqları yatmağa hazırlaşdırır, növbəti gün üçün biş-düş edir, ya da xiffətli qəlblərini türk serialları ilə sərinlədir, xam xəyallara dalırdılar.

Sənubər isə içini çəkib səssiz-səssiz ağlayır, gözyaşları yanaqlarından sel kimi axırdı. Gözlərini silə-silə otaqdan çıxdı, gəlib dəhlizin girişindəki diskli telefon aparatının böyründə oturdu. Hönkürtü ilə ağlamamaq, Nihadı yuxudan oyadıb qorxutmamaq üçün özünü zorla sıxıb saxlamışdı...".

Sonra bütün kənd susur. Hamı hər şeyi unudur. Sənubərsə...

"İllər keçmiş, qara torpaq Abbası da, onun qəribə ölümünü də qara bağrında unutdurmuşdu. Sənubərin bu qəddar dünyadakı yeganə təsəllisi - hər söhbət düşəndə "kopya atasıdır!" deyib qürrələndiyi Nihad da böyüyüb yekə oğlan olmuşdu. Hər keçən gün atasına daha çox oxşayırdı. Atası kimi yeriyir, atası kimi danışırdı. O, hər dəfə qəşş edib güləndə isə az qala Sənubərin ürəyi düşürdü".

# 1948 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #