"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev

"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev
27 oktyabr 2024
# 12:00

Kulis.az tənqidçi, yazıçı, filologiya elmləri doktoru Rəhim Əliyevin Anton Pavloviç Çexovun "Qara rahib" hekayəsi haqqında yazdığı "Çexovun "Qara rahib nəzəriyyəsi" məqaləsinin ikinci hissəsini təqdim edir.

Qara rahib polemika zamanı Roma imperatoru və stoik filosofu Mark Avrelinin (121-180) adını çəkir. Avreli də Kovrin kimi övladlığa götürülüb, ilk dəfə olaraq pozitiv düşüncənin insanı xoşbəxt edə bilməsi haqda güman irəli sürüb, intellektual məşqlərin fərdi qara camaatdan ayırıb yüksəyə qaldırması ideyasını önə çəkib. Zikr və təlqin məşqlərinin adamı yeniləyə bilməsi haqda fikir məhz stoiklərdən xristian mistikasına, onlardan isə islam mistikasına keçib. Güclü fərd və ağılla idarə olunmayan insan sürüsü əksliyi onun ən çox müzakirə etdiyi məsələ olmuşdu. Bu tezis, yəni intellektual məşqlərlə fərdi təkmilləşdirməyin mümkünlüyü ideyası xristianlıqda eybəcər və əks şəkil aldı: "İntellektual məşqlərlə qara camaatı, toplumu, icmanı daha əxlaqlı etmək olar" şəklinə keçdi. İntellektual məşqlərin yerini monastırlarda hərbi intizam, inkvizisiya və birkitablı mədəniyyət tutdu. Yəni çoxlu kitabların olması qara camaatı əxlaqlı tərbiyə etməyə mane olur. Bir kitab - İncil - qadağan edilənlərin, günah olanların, yasaq olanların toplusu oldu. Fərdi mənəvi cəhətdən təkmilləşdirməyin mümkünlüyü ideyası bəşəriyyəti tələyə saldı: əvvəl monoteizmə, sonra sosializm nəzəriyyəsinə və əməliyyəsinə çevrildi. Stoiklərin "Çoxluqdan ağıllı ol" çağırışı öz əksinə çevrildi: "Çoxluğu daha ağıllı edək!" ideyasına döndü.

"Sən insanların əbədi həyatına inanırsan?" - Kovrinin keşişə verdiyi bu sual onu maraqlandıran ən mühüm problemdir. Xatırladaq ki, bu sual islamda hürufilik məzhəbini yaratmış Fəzlüllah Nəimini (1340-1394) də ömrü boyu müşayiət etmiş qopmaz ideya idi. Qopmaz ideyalar, əslində, fərdi xəyal və illüziyaların formalarından biridir. Fəzlüllah hələ mollaxanada oxuduğu dövrdən əbədi həyat, cavidanlıq yolunu axtarmış və islam dini içərisində hürufilik məzhəbini yaratmışdı. "Hürufi" sözü Fəzlüllahın düşmənlərinin bu hərəkata verdikləri istehza dolu addır. Amma hürufilərin Fəzlüllah tərəfindən yazılmış müqəddəs kitabları "Cavidannamə" adlanırdı, yəni insana əbədilik qazanmaq yolunu göstərən kitab.

Maraqlıdır ki, Fəzlüllahın seçilmişliyi və Allahın oğlu olması ehkamı İsa Məsih haqda İncil ehkamlarının təkrarıdır, amma bunların əsaslandırılması bir-birindən fərqlidir. Fəzlüllahın allahın oğlu və sahibi təvil olması statusu, bunun ona Allahın özü tərəfindən verilməsi "Cavidannamə"nin 250-ci babına əsaslanır. Bu babda ən ehtiraslı dua və namaz vaxtı möminin gözünə görünən "Allahın liqası" haqda söhbət gedir. Amma ekstaz içində edilən bu dua da seçilmişlərə məxsusdur, şübhəsiz ki, Fəzlüllahın özünü nəzərdə tutur.

Burada biz möcüzə ilə ehkamın eyniləşməsini görürük. Məhəmməd peyğəmbərin meracı haqda hədis də gözə görünən xəyallar sırasındandır, povestdəki Qara keşiş obrazı ilə səsləşir. Nəsiminin faciəli qətli də Kovrinin Qara keşiş macərasına bənzəyir. Nəsiminin Allah kimi sevdiyi Fəzlüllah Əlincə qalasında onun gözü qarşısında qətl ediləndən sonra şair dərindən sarsılıb xəstələndi. Çünki Allah - yeganə əbədi olandır, əgər Fəzlüllah öldürüldüsə, deməli, o, həqiqətən Allah deyilmiş. Sarsıntı içində Nəsimi bir müddət imanını itirir, şübhə içində, ibadətsiz yaşayır və bunu öz şeirlərində açıq-aşkar yazıb. Amma bir gün sübh namazı vaxtı ehtiras içində Allaha dualar edib düz yol istəyəndə Fəzlüllahın üzü (liqası) ona görünür. Nəsimi "Cavidannamə"nin 250-ci babını xatırlayır və bu qənaətə gəlir ki, Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib, ikinci isə, ona da Fəzlüllahın malik olduğu Allahın oğlu və sahibi təvil statusu verilib. Bu da yəqin illüziyaydı. Nəsimi buna "nişana gəldim", yəni "xaliq - Allah tərəfindən seçildim"-deyir. Kovrinin yaxınları Qara keşiş məsələsinə xəstəlik adı qoyurlar. Başsız qalmış hürufi icması isə Əliyül-Əla başda olmaqla Nəsiminin hüluliyyət (allahlaşma) iddiasına düşdüyünü elan edirlər, ortodoks islamda isə hülul küfrün bir şəklidir. Ona görə Nəsimih hayqırırdı ki, "küfrü iman bilmişəm". Nəsiminin qətlində hürufilərin də müsbət rəyini istisna etmək olmaz.

Hegelin fəlsəfi sistemi də qopmaz ideyaların iradəni istiqamətləndirmək gücünə əsaslanır di. Bunu Bertran Rassel də qeyd etmişdir. Hegelin qopmaz ideyası sadə bir hökm idi: konkret anlayışlar ümumi anlayışlardan zəngindir. Yəni konkret bir diri it kinoloqların bu heyvan haqda bütün yazdıqlarından, məzmunca,daha zəngindir. Hökm paradoksa oxşayır, amma Hegelin fəlsəfi sistemi, dialektika bu paradoksun elmi-nəzəri inkişafından doğmuş və müasir fəlsəfə elminə təkan vermişdi.

Sonra Freyd fərdi seksual enerjinin sublimasiyası nəzəriyyəsini yaratdı. Bu nəzəriyyə də insanlardakı yaradıcılıq enerjisinin fərdi müxtəlifliyini elmi şəkildə təsdiqləmək üçün irəliyə doğru addım oldu. Bu, sadə bir fikrə oxşayır, amma bəşəriyyət bu fikrə necə də çətinliklə gəlib. Qədim yunan dövründə pəhləvanlıqəsas sosial nizamlayıcı qüvvə sayılırdı, yəni adi fiziki güc. Sonra peyğəmbərlik institutu meydana gəldi.

Peyğəmbərlərin öncəgörmələri bilik və təcrübəyə yox, mistika və möcüzəyə, universal istedad və vergiyə aid edilirdi. Hətta bioqrafiyasında möcüzə olmayan həqiqi peyğəmbər kimi qəbul edilmirdi. Peyğəmbərlik institutu universal istedad nəzəriyyəsinin, fərdi vergi anlayışının möhkəmlənməsi ilə bitdi.

Lakin məhz Ziqmund Freyd universal pəhləvanlıq gücü haqda təsəvvürü parçaladı: sübut etdi ki, universal fiziki güc və fərdi seksual enerji üst-üstə düşmür: onun tələbələri sübut etdilər ki, universal fiziki güc cəhətdən zəif adamlar qeyri-adi seksual enerjinin daşıyıcısı ola bilir. Freyd özü bu məsələni açıq müzakirəyə çıxarmırdı, çünki riyakar əxlaqçılar onu rüsvay eləmək çün girəvə gözləyirdilər. Amma Freyd buna yol vermirdi. Başını aşağı salıb insan davranışında və yaradıcı işlərdə fərdi seksual enerjinin rolunu araşdırırdi, əslində universal istedad nəzəriyyəsini rədd edir, fərdi seksual enerji və fantaziyaların misilsiz və ölçüsüz bir yaradıcı güc mənbəyi olduğunu əsaslandırırdı. Freyd mifdən, tarixdən, folklordan, ədəbiyyat və incəsənətin bütün formalarından misallar tapıb öz paradoksal nəzəriyyəsini elmi dəlillərlə zənginləşdirirdi. Onun tələbələri fərdi seksual enerjinin sosial sistemə transformasiyasını araşdırdılar. Nəticədə, freydizm an qaranlıq bir yerə - fərdi insan yaddaşına və instinktiv davranış mexanizmlərinə qapı açan böyük nəzəriyyə oldu və marksizmlə yanaşı, XX əsrin iki elmi bayrağından biri oldu. Halbuki Freydə qədər fərdi seksual enerji və illüziyaların sosial sistem yaratma potensialına heç kəs diqqət yetirməmişdi. Freyd sübut etdi ki, fərdi seksual fantaziyalar, arzu və istəklər müstəqil dünya obrazına çevrilə bilir və fərdlərin davranış və seçimlərinə təsir edərək sosial və siyasi həyata da transformasiya edə bilir. Bu tezis freydizmin XX əsrdə ədəbiyyat, incəsənət və kinoya dərindən nüfuz etməsinə səbəb oldu. Uşaq seksuallığı, bu çağın travmaları və fantaziyaları detektiv süjetlərin ayrılmaz açarı oldu.

ABŞ-da süni, vərdişli istedad nəzəriyyəsindən təhsildə və biznesdə geniş istifadə edilir. Bu monoteizmdəki təlqin nəzəriyyəsinin müasir şəklidir. Freydin araşdırdığı şüuraltı mexanizmlər ən yeni rəqəmsal reklam nəzəriyyəsinin əsası oldu. Bu nəzəriyyə də sadə bir həqiqətə əsaslanırdı: instinktiv davranış mexanizmləri və qərarlar hər fərdin yaddaşının əsasını təşkil edən fərdi dünya obrazı ilə bağlıdır. Və insanların heç bir qərar və seçimi təsadüfi deyil, bütün seçimlər fərdin həyatı boyu bu, ya digər şəkildə sistem təşkil edir, davam edir. Rəqəmsal reklam nəzəriyyəsi və əməliyyəsi də buna əsaslanır.

Sayırıq ki, Çexovun fərdi illüziyaların, fərdi emosional ekstazların insan iradəsini yaradıcı hünərlərə istiqamətləməsi nəzəriyyəsi illüziya və qalüsünasiyaların obyektivliyini ilk dəfə təsdiqləyir və deyir: ən anormal illüziya normal illüziyasızlıqdan daha bəhrəlidir.

***

Biz görürük ki, sağlam düşüncəli şəxslərin tapdığı pozitiv ideyalar cəmiyyətdə yayılanda tarixən öz əksinə çevrilir. Niyə belə olur? Buna ən gözəl misal tərbiyə nəzəriyyəsinin tarixidir. İnsanların tərtib etdiyi ilk kitablar hərbi nizamnamələrdi. İlk mərhələdə bunlar hər bir döyüşçünün anlamalı olduğu əmrlər toplusu idi. Sonra təkallahlı dinlərin kitablarını da Allahın əmrləri adlandırdılar. Sonra imperatorluq idarəçiliyi yarandı. Bütün dövlət əmrlərlə idarə olunan hərbi struktura çevrildi, məmur və zabit anlayışları eyniləşdi. Nizamnamədə olmayan əmrlər yasaq edildi və bu, sosial tərəqqinin dayanması ilə bitdi və antifeodal burjua inqilabları başlandı. Burjua inqilabları sosial tərbiyənin və idarəetmənin hərbiləşdirilməsinə qarşı idi. Fərdi azadlıq nəzəriyyəsi universal hərbi tərbiyə və intizama qarşı qoyuldu. Amma bu fərdi azadlıq mütləqləşəndə cəmiyyət sürüyə çevrilir, fiziki güc və hiylə hakim olur.

Cəmiyyət - yasaqlarla yaşamaqdır. Fərdi azadlığın ədalətli sərhədləri yoxdur. Demokratiyanın da ədalətli icra mexanizmi yoxdur. Tarix həm də fərdi azadlığın çoxluğun mənafeyinə görə məhdudlaması tarixidir. Cəmiyyətlər çoxlu qanunlar qəbul etdikcə aydınlaşır ki, hələ daha çox qəbul edilməlidi və bu, proses sonsuz davam edəcək. Qanunların sayının artması da onları mənasız edir. Vətəndaşlar onlar üçün yaradılan minlərlə qanunları bilmirlər. Ona görə qəddar norma yaranıb: qanunu bilməmək cinayəti məsuliyyətindən azad etmir. Qanun və onun obyekti bir-birindən uzaqlaşır. Bu o deməkdir ki, varlı ölkələrdə gördüyümüz əxlaqdan imtina, onun nisbiləşməsi, aşınması prosesi təhlükəlidir və antifeodal inqilablara oxşar dağıdıcı inqilablara yol açacaq. Çünki ancaq qanunlarla idarə olunan cəmiyyətlərdə yaxın adamların bir-birini sevərək yaşaması mümkün deyildir. Sevginin də əsası əxlaqdır.

Sonsuz sayda qanunlar qəbul edilməsinə nədən ehtiyac yaranır? Çünki azadlığı mütləqləşən fərd öz mənafeyinə görə qanunlardan yan keçməyi öyrənir, bu, qanunsuz varlanmaya kömək edir. Fərdin şəxsi mənafeləri ədalətli qanunları pozmağa yönəlir. Bir qanun digərini pozmağa alət olur. Ümumi ədalət üçün yaradılan həmkarlar ittifaqı, siyasi partiyalar, fondlar, dini qurumlar ümumi ədalətin yox, güclü fərdlərin toplumlarda hegemonluq alətinə çevrilir. Qanun da özqəbuledilmə hədəflərinin əksinə işləməyə başlayır.

Pozitiv ideyalar da qanunlar kimi ümumi ədalət və rifah xatirinə ortaya atılır. İnzibati vəzifələri ələ keçirən tamahkar hegemonlar onları da şəxsi maraqları üçün alətə çevirir.

***

Fərdi illüziya, xəyal, fobiya və filiyalar, qopmaz ideyalar nədir? Bunlar əslində şüurlu həyatla formalaşıb davam edən fərdi dünya obrazlarının qəlpə və hissələridir. Onlar fərdlərin fəaliyyətində, şüurlu və instinktiv qərarlarında obyektiv amillərdən daha mühüm rol oynayır və davamlı olur. Görünür, indiyə qədər fərdi davranışı öyrənən psixologiya hər kəsdə alayı olan dünya obrazına lazımi diqqət yetirməyib. Yəqin ona görə ki, fərdlərin yaddaşındakı dünya obrazı identik bir şey hesab edilib. Sən demə, fərdi yaddaşda eyniyyət yoxdur, bu, ancaq texniki surətçıxarmada belə görünür. Əslində yaddaş prosesi təbii bir prosesdir, təbiətdə isə mütləq eyniyyət yoxdur, olsaydı bu, təkamülün qarşısını alardı.

Əslində Freydin araşdırdığı şüuraltı mexanizmlər dünya obrazının ayrı-ayrı hissələridir. Şüuraltı mexanizmlər, məsələn, seksual davranış ümumi yaddaşdan ayrı deyildir, bu mexanizmin qərar və hərəkətləri və hərəkətsizliyi əvvəlki yaddaş bazası əsasında işləyir. Aclıq və seksuallıq instinktləri qorxu və onun fərdi təcrübə ilə formalaşan fobiya və sosial qadağalar kontekstində işləyir. Buna görə fərdi davranış mexanizmləri yaddaşdakı dünya obrazı fonunda, kontekstində daha çox amili nəzərə almaqla öyrənilə bilər.

Kovrin öz dahiliyini sübut etmək, ömrünü instinktiv olaraq buna sərf etmək istəyir. İlk baxışda bu, təsadüfi bir şeydir, elm üçün maraqsızdır. Və ya kasıb bir kəndli bütün həyatını kənddə bir ev tikməyə sərf edir. Freydizmdə bunların yeri və izahı yoxdur. Lakin Çexov təkid edir ki, fərdi illuziya və xəyallar bəşəriyyətin tərəqqisinə şüuraltı mexanizmlərdən az təsir göstərməyib. Əslində Napoleon, Hitler, Stalin, K.Siolkovski də öz xəyal illüziyaları dalınca gedən adamlar idi. Yəni fərdi niyyətlər və qopmaz ideyalar bəşəriyyətin irəliyə yüksəlişində şüuraltı mexanizmlərdən az rol oynamayıb. Əslində fərdi dünya obrazı anlayışı fərdlərin və toplumların yaşam mexanizmlərini daha çox amilin cəmi kimi anlamağa imkan açır. Həm də sosial tərəqqidə yaddaş və onun cəmi olan dünya obrazının tək-tək instinktiv mexanizmlərdən qat-qat çox rol oynadığını ortaya qoyur.

Bütün ölkələrdə əhalinin yarısı seçkilərə getmir, bunun səbəbi odur ki, insanların azı yarısı davranış hərəkətlərini, qərar və seçimlərini öz daxili aləmləri ilə əlaqəli qəbul edirlər. Onların mənəvi-psixoloji müvazinəti, rahatlığı (komfortu) üçün daxili dünya obrazına uyğunluq daha vacibdir. Başqa bir misal: yazısı olmayan dağ xalqlarının şəhərə köçüb universitet bitirən nümayəndələri belə çətin və konfliktli vəziyyətə düşəndə öz kəndlərindəki adət və əxlaqa uyğun seçimlər edirlər. Yaddaşlarında 18-20 yaşacan formalaşan dünya obrazı onların bütün problem və seçimlərini təyin edir. Onlardan hər hansınasa xeyrinə olan variantı nə qədər izah etsən, sabah gün gedib öz uşaqlıq anlayışlarına uyğun hərəkət edir, yəni yaddaşındakı dünya obrazına zidd olan qərar qəbul edə bilmir. Çünki öz ziyanına olsa da, bu adam daxili emosional müvazinətini pozmadan qərarı verir, ziyanına olan sözü deyir. Və ya çox alimlər öz əqidəsinə qarşı olan informasiyanı oxumaqdan imtina edirlər, bu barədə arqumentləri eşitmək belə istəmirlər. Aydındır ki, fərdi dünya obrazına zidd olan hər şey diskomfort yaradır. Bu, bütün adamlarda eyni dərəcədə deyil. İnsanların sinifdə əlaçıların sayı qədər olan hissəsi rahat uyğunlaşanlardır, onlarda daxili dünya obrazının müqaviməti zəifdir, ona körpə rəy və qərarlarını asanlıqla hər gün dəyişirlər və yaxşı karyera qururlar.

Fərdi dünya obrazlarının elm üçün nəyi maraqlıdır? Bura əslində fərdi yaddaşın ən qaranlıq yeridir. Amma real həyatın fərdlərin başında, yaddaşında yaranan dünya obrazı adamların həyatında dramatik bir rol oynayır. İnsanların yarıdan çoxu yaddaşındakı dünya obrazına uyğun yaşayır, yəni qərarlar verir və seçimlər edir. Bunlara şərti olaraq tərs adamlar demək olar. Onların davranışında yaddaşdakı dünya obrazı ilə bağlılıq üstün olur.Onlarömür boyu sosial qaydalara, tələblərə müqavimət göstərirlər. Bir adam oğurluq və ya dələduzluğa görə neçə dəfə həbs cəzası alır, amma bundan əl çəkə bilmir. BeIə adamlar haqda deyirlər: aş onun başında bişir (ocaqda yox), yəni belə adamlar üçün hadisələrin özü, obyektiv tərəfi yox, onların öz yaddaşlarındakı variantı əsas olur. Onlar hadisənin yaddaşlarındakı variantına nəinki şübhə edirlər, onu mütləq həqiqət sayırlar. Buna görə Kovrin öz dahiliyi haqda daxili inamının Tanya, həkimlər və atası tərəfindən sındırılmasını faciə kimi, öz şəxsiyyətinin dağıdılması kimi qəbul edir.

İkinci qrup adamlara üzüyola demək olar. Onların davranışında real dünya mexanizmləri təyinedici olur. Onlar tabe olmağı, icra etməyi, əmr almağı xoşlayırlar. Məktəbdə əlaçı olurlar, çünki içlərində sosial tərbiyəyə müqavimət yoxdur və ya azdır. Onlardan hər şey düzəltmək olur. Amma görünür ki, sosial tərbiyəyə meyilli adamlar əksəriyyət deyil. Bunu məktəbdəki siniflərin tərkibində görmək olar. Əlaçılar 30-35 nəfərlik sinifdə on-on beş faiz olur. "İstəsə, oxuyar" kateqoriyası təxminən qırx faiz... Qalanlar təhsil və tərbiyəyə müqavimət göstərir. Hər sinifdə əlaçıların yarısı qədər islaholunmaz uşaqlar olur. Onların davranışında daxili dünya obrazı təyinedicidir. Dərs və məktəb onlar üçün maraqlı deyil, müəllimlərin onlar haqda rəyinə tam laqeyd olurlar.

Bugünkü psixologiyanı artıq alimlər yox, kompüter proqramlarının adamların davranışını təsnif etmək funksiyası irəli aparır. Davranış və seçim variantlarının say təsnifi əvvəlki psixologiya üçün şüuraltıya məxsus sayılan mexanizmlərin, variant saylarının təkrarlanma sayına əsaslanan mexanizmlər üzə çıxarır. Alıcılıq seçiminin fərdi vərdişlərə və variant sayına əsaslanan təkrarları əsasında proqramçılar əmtəə və xidmət satışının həcmini artıran proqramlar düzəldirlər. Bunlar klassik elmə aid kəşflər sayılmır, bu proqramların özü də əmtəə kimi satılıb alınır. Rəqəmsal epoxada əmtəə və xidmət satışını artıran proqram və alqoritmlər get-gedə ən yüksək maddi dəyər olur. Əslində köhnə sosial dəyərlər kompüter epoxası üçün dəyərini itirir. Çünki kompüterin verdiyi qərar və seçimlər şəxsiyyət başlanğıcına aid hər şeydən azad sayılır. Belə görünür ki, süni intellektə məxsus universal mexanizmlər öz qərarları ilə bəşəriyyəti əxlaqdan azad edəcəkdir. Əxlaq qanunla qoyulan yasaqların ibtidai formasıdır. Hüquqda da əxlaq yoxdur, ədliyyə sözü isə fiksiyadi, fəslində işləməyən xoş niyyətdir, qəddar cəza maşınını pərdələyən bir sözdür. Görünür, əxlaqı qorxu əvəz edəcək. Biz, deyəsən, əxlaqdan əvvəlki, yəni əxlaqdan azad bir dövrə tərəf qayıdırıq.

***

Belə görünür ki, Çexovun Qara rahib nəzəriyyəsi psixologiya və əxlaqda işləyən universal normanı rədd edir, fərdlərin səhv etmək və təzədən başlamaq təşəbbüsünü və şansını müdafiə edir. Bu həqiqətən sosial tərəqqiyə səbəb olan bir alətdir. Amma universal normanı da insanlar qəddarlıqdan yaratmayıb. Ən böyük paradoks da burdan yaranır. Sosial tərəqqi ziddiyyətlərin vəhdət və mübarizəsindən özünə yol açır.

Amma hər halda Çexov haqlıdır, universal əxlaqı və psixoloji norma da çox halda ədalətsiz olur. Bunu qəbul etmək asandır, amma buna əməl etmək çətindir. Yəqin buna görə Çexovu müdafiə edənlər az olub. Cəmiyyətdə orta normadan fərqli adamlardan həmişə ehtiyat ediblər, daha çox qorxublar. Buna baxmayaraq, Çexov dünya ədəbiyyatının ən müdrik yazıçılarından, dünyaya gəlmiş ən ağıllı, ədalətli adamlardan biri olub. O, XIX əsrdə doğulmuşdu, əsasən də həmin əsrdə yaşadı, amma rəqəmsal texnologiyalar erasında da biz onun əsərlərində dövrümüzü qabaqlayan ideyalar tapırıq.

31 iyul 2024, Bakı-Qalacıq

# 1621 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #