Dünya həm sənindi, həm mənimdi, həm də... - Eminquey Akif

Dünya həm sənindi, həm mənimdi, həm də... - Eminquey Akif
14 oktyabr 2024
# 15:24

Kulis.az Eminquey Akifin Məmməd Araza həsr etdiyi yazısını təqdim edir.

Turqut Ozalın 80-ci illərdə səsləndirdiyi bir fikrə rast gəlirəm.

"Şəriətdə bu sənindir, bu mənim, təriqətdə bu həm sənindi, həm də mənim. Həqiqətdə isə bu nə sənindi, nə də mənim".

Bu ifadələr hər şeydən əvvəl təsəvvüf (sufilik) inanışı içində keçərli olan bir ölçüdür.

Sonra bu fikir haqqında Mehmet Demirçidən bir yazı oxuyuram.

O deyir ki, şəriət deyincə, dindəki zahiri hökmlər, hüquqi qanunlar, insanın bədəni və dünyası ilə bağlı xüsusiyyətlər ağıla gəlir.

Təriqət "gediləcək yol, üsul, hal və gediş" mənasına gəlir. Təsəvvüf termini olaraq təriqət Allaha çatmaq istəyənlərə məxsus adət, hal və davranış deməkdir. Təsəvvüfdə təriqət insanların mənəvi qabiliyyətlərini inkişaf etdirmək üçün qurulmuş dini-mənəvi yola deyilir.

Həqiqət təsəvvüfdə "zahirin arxasındakı örtülü və gizli məna, dini həyatı ən yüksək səviyyədə yaşayaraq ilahi sirlərə çatmaq" kimi mənaları ifadə edir. Bu isə dini hökmlərin məqsəd və hikmətinə uyğun bir şəkildə şərh olunması, əskiksiz tətbiq olunması və yaşanması deməkdir.

Dində mülkiyyət haqqı var. Eyni zamanda hüquq deməkdir şəriət. Şəriət ölçülərinə görə hər kəsin malı özünə aiddir. Ondan istədiyi kimi istifadə edə bilər. Sənin malın səninki, mənim malımsa mənimkidir.

Təsəvvüf bir mənəvi olğunlaşmaq yoludur. Təriqət bunun qurumlaşmış şəklidir. Bu yola girən hər kəs paxıllıqdan, xəsislikdən can qurtarıb comərd olmağa çalışar. Nəticədə şəxsi malından lazım olduğu qədər ehtiyacı olanlara paylamalıdır. Buna görə də sənin malın həm sənindir, həm də mənim.

Təsəvvüf yolunda olan birisi nəfsini o qədər tərbiyə edər ki, elə bir nöqtəyə gələr ki, kainatda gerçək varlığın Allah olduğunu, dolayısı ilə hər şeyin sahibinin Allahın olduğunu dərk edər. Anlayar ki, biz bir əmanət sahibləriyik. Əşya, mal-mülk, dünya varlığı həqiqətdə heç birimizə aid deyil. Hər şey Onundur.

Bura qədəri yəqin ki, sizə də aydın oldu. Dünya malı ilə bağlı bir çox buna oxşar fikirlər var. Məsələn, "Sultan Süleymana qalmayan dünya, sənə də qalmaz" kimi.

Bütün bunlar sizə bir mahnını, bir şeiri xatırlatmadımı?

"Dünya sənin, dünya mənim,

dünya heç kimin"...

Gəlin bu misranın mənasını açaq.

Demək, nəymiş? Dünya həm sənindi, həm mənimdi, həm də heç kimin. Bir misrada şəriət + təriqət + həqiqət!

Bəs, şeirin bütöv halı?

Başlayaq birinci bənddən...

Bir taleyin oyununda cütlənmiş zərik,

Yüz il qoşa atılsaq da qoşa düşmərik.

Bir zərrənin işığına milyonlar şərik,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin...

Allah təkdir, hər şeyi cüt yaradıb. Gecəni gündüzə, qaranı ağa, qadını kişiyə, həyatı ölümə, xeyiri şərə yoldaş bilib. Və Allah özü elə bir zərrədir ki, milyonlar onun işığına şərikdir. İnsanlar yalnız onun işığına bənd olub həyat tapa bilər. Əsl Günəş Allahın özüdür. O bizi qoşalaşdırıb atıb Yer adlı nərdtaxtanın üzərinə. Bəs bu oyunun nəticəsi necə olacaq?

Bir başqa şeirində Məmməd Araz cavabı özü verir:

Bu oyunda kim uduzdu, kim uddu,

Peşimanı kim olacaq, nə bilim?

Şeirin birinci bəndində yaradılış, Yaradan və onun axırı açılır...

Çevrəsindən çıxsa əgər sevda fırfıran,

Bir ümidin ətəyindən tutub da fırlan,

Eşidərsən: pıçıldayır yıxılan, duran,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin...

Sevda nədir? Şeirin məntiqilə sevda dünyadır. Bəs bu sevda kimədir, kimin üçün fırlanır? Yadınıza düşürmü Yusiflə Züleyxanın sevdası? Yusifin eşqindən dəliyə dönən iki adam. Biri atası Yaqub peyğəmbər... Yusifə görə o biri oğullarını bağışlamayan, illərlə Yusifin yolunu gözləyən, ağlamaqdan gözlərinin qarasını itirmiş ata. Onunla bərabər, 30 ildən çox göz yaşı tökən, gözləri kor olan, gözəlliyini itirən Züleyxa... Və bir gün Yusif Allahın icazəsilə Züleyxanın fərqinə varar. Onu sarayına gətirər. Gözlərini açar. Gözəlliyini geri qaytarar. Və bundan sonra Züleyxa günlərlə Yusifi unudar, Allaha ibadət edər. Ondan "Yusifin eşqindən çöllərə düşən Züleyxa indi niyə Yusifi görmür?" deyə soruşanda cavab verər ki, "Mən illərdir bütün qəlbimi Allahın vəlisi olan Yusifə bağlamışdım, amma indi başa düşürəm ki, dünyada sevilməyə layiq olan ondan da böyük bir qüvvə var - o, Allahdır. O Allah ki, Yusifi yaradan odur".

Bir yanda isə Yaqub peyğəmbər...

Allahın xəbərçisi gözlərinə görünər. Və deyər ki, Yusifi kim yaratdı? Yaqub deyər - Allah! Bəs o zaman niyə Yusifə olan eşqini Allaha olan eşqindən uca tutursan?

İbrahim peyğəmbər oğlu İsmayıldan keçib onu Allaha qurban verdi. Məhz onun oğlundan imtinası yenidən onu oğluna qovuşdurdu. İndi sən də oğlundan imtina etməlisən Allah üçün. Beləcə, Yaqub peyğəmbər Yusifi Allaha qurban edər. Və sonrası... Yaqub peyğəmbər oğluna qovuşar.

Yəni sevda fırfıran o vaxt çevrəsindən çıxar ki, Allah eşqi sənin qəlbində o biri eşqlərdən cılız qalar. Və o an sən bir ümidin ətəyindən yapışmalısan. O ümid də elə Allahın özüdür. Və eşidərsən: pıçıldayır yıxılan, duran. Dünya sənin, dünya mənim, dünya heç kimin...

Bu get-gəllər bazarına dəvədi dünya,

Bu ömür-gün naxışına həvədi dünya.

Əbədiyə qəh-qəh çəkər əbədi dünya,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin...

Və elə həmin dünya özü dəvə kimidir. Dözümlüdür. İnsanları susuz aparıb, susuz gətirər. O dəvə ki, bunca illər ərzində nələrə şahidlik etmiş. Nə sultanlar taxtından enmiş, nə padşahlar ölmüş və bu dünyadan əliboş getmiş. O, dünya malına aludə olan fironlara, dünya malını əbədi sayanlara qəh-qəh çəkmiş və əbədi yoluna davam etmiş...

Necə ki, sufilik - islamın canından qorxunu, hərfi, ehkamı dartıb çıxarır, yerini onun susuzluq çəkdiyi sevgi, həqiqət və vəhdətlə doldurur. Necə ki, sufilik "Mən öz mövcudluğumu dayandırmış, Allaha qərq olmuş, Onunla vəhdətə gəlmişəm!" - deyərək yer üzü məhəbbətinin yönünü yalnız Xaliqə tuşlayır, Məmməd Araz da bu şeirlə bu dünyanın ancaq özünün əbədi olduğunu, qalan hər şeyin faniliyini, ötəriliyini bir daha göstərir.

Ayaq saxla, dövrənə bax ötəri belə,

Min illərdir Araz belə, Həkəri belə.

Axşamların, səhərlərin təkəri belə,

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin...

Ayaq saxlayıb öz ətrafına göz gəzdirsən, görərsən ki, Araz da, Həkəri də elə hey gah axır, gah quruyur. Axşamlar səhərləri, səhərlər axşamları yola salır. Və bunların hamısı insanın iradəsindən kənardadır və onu idarə etmək mümkün deyil.

Gülünclərə gülünc gələn bu ada güldüm,

Yüyəninə hər əl yetən bu ata güldüm,

Mən özümlə oynadığım şahmata güldüm...

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin...

Muradına çatmaq üçün mindiyi, amma çata bilmədiyi ata da, neçə-neçə şahları mat etdiyi Allahın dünya adlı şahmat taxtasına da Məmməd Araz gülməklə heyrət edirmiş.

Baxmayaraq ki, bu şeir 1976-cı ildə yazılıb və bundan sonra o, dünya haqqında başqa şeirlər də yazıb, mənə elə gəlir ki, bu şeir Məmməd Arazın dünya ilə bağlı başqa şeirlərindən ən üstdə durur.

Hər bir halda, şairin özü demiş:

Dünya gözəl, dünya gözəl dünyadı...

# 1706 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #