Salam Sarvan: "Biz heç vaxt məntiqlə yaşamırıq" - Müsahibə

Salam Sarvan: "Biz heç vaxt məntiqlə yaşamırıq" - Müsahibə
19 aprel 2020
# 13:21

Kulis.az Salam Sarvanın müsahibəsini təqdim edir.

- Salam bəy, gec-gec, hətta nadir hallarda görünürsünüz. Belədə düşünməyə bilmirsən: görəsən Salam Sarvan hardadı, niyə görünmür. Bəlkə də bilirsiniz, gənclərin sevimlisisiniz. Biz özümü, orta nəsli nəzərdə tuturam, gəncliyimizdə sizi necə sevirdiksə, indi də sevirik. Odur ki, sizinlə söhbət əksəriyyətin ürəyincə olacaq. Hazırda hardasınız? Bakıdasınız, yoxsa şəhərdən kənarda, nə işlə məşğulsunuz?

- Bakıdayam. Kitab oxuyuram, yazı-pozuyla, tərcüməylə məşğul oluram, arada filmə baxıram, internetdə şahmat oynayıram...

- İndi əsas mövzu koronavirusdur. Siz fikrinizə gələni gizlədən deyilsiniz axı, bəlkə deyəcəksiz ki, həkim deyiləm, koronavirusdan nə danışım?! Amma indi bu barədə danışmayan, bu barədə düşünməyən yoxdur. Sizcə, bu nə virusdu belə, dünyanı qatıb bir-birinə?

- Əslində, vahiməsini azaltmaqçün bu məsələyə öz zamanımızın dar çərçivəsindən yox, geniş tarixi təcrübədən baxmaq lazım. Hal-qəziyyə bu ki, dünyanın gedişatı heç vaxt hamar olmayıb. Vaxtaşırı müharibələr, epidemiyalar, irimiqyaslı repressiyalar, hətta böyük ideyalar, radikal düşüncə sistemləri dünyanın boğazından yapışıb bərk silkələyir.


Amma bu virusun aləmi bir-birinə qatması ayrı söhbətdir. Sadəcə, camaatı çaşdıran da burası oldu ki, bu qos-qoca dünyanın hələ də oturuşmuş nizamı yoxmuş, bir çırtmayla müvazinətini itirə bilərmiş. Adamları fanilik duyğusu, ruh düşkünlüyü məhz buna görə bürüdü. Belə deyim də: hətta bir balaca pərt olduq.


Sonra məlum oldu ki, minlərin ölümünün, sadəcə, statistika kimi rahatlıqla həzm olunması təkcə avtoritar düşüncəyə yox, elə liberal düşüncəyə də xasmış. Bu da bizi pərt elədi. Yəni sən demə, sivil saydığımız yerlərin humanist damarı gələcəkdə baş verə biləsi ağır senarilərin də qarşısında boşala bilər. Oturuşmuş heç bir ali dəyər yoxmuş – adamlar bunu anladı. Söhbət hansı senarilərdən gedir… Necə deyim… Məsələn, əhali sayının tənzimlənməsi ilə bağlı marığa yatmış qorxulu nəzəriyylər var, bilirsiniz.


Sonra… Bahalı brendlərin bolluğunda xumarlanan, hətta mətbəxi də mürəkkəb cihazlarla dolu olan, hətta dovğasını da avtomata qarışdırtdıran insan primitiv bir şeyin – adicə maskanın qıtlığı qarşısında girinc qaldığını gördü. Bu da bizi pərt elədi. Elə-belə baxmayın, bu, çox ciddi təzad idi, bunu qəfildən anlamaq kifayətdir ki, bəşəriyyət öz yaşam fəlsəfəsini kökündən dəyişsin.


Hərçənd bir məqam çoxdan məlum: ümumən, biz heç vaxt məntiqin ağuşunda yaşamırıq, daim absurdun içindəyik. Məsələn, bir ot tayasının ərsəyə gəlməsinə ağır zəhmət, uzun vaxt lazım olur. Həmin tayanın yandırılıb yox olması isə bircə an və bircə kibrit məsələsidi.

- Bu virusun həqiqiliyinə inanmayanlar da var. Müxtəlif məlumatlar yayılır ki, hansısa laboratoriyada hazırlanıb, bioloji silahdı və sair...

- Təbiətimiz belədir axı. Adam düşünməyə ərinəndə, ya da düşünmə imkanı olmayanda onunçün hər şey inanca çevrilir. Konspirologiyaya meyilimiz də burdan gəlir. Bir neçə şablon var ki, adamların əksəri bütün sualların cavabını həmin şablonların içində tapırlar: Allahın işidir, “masonların əməlidir”, Amerikanın oyunudur və sair. Amma orası da var: bəzən “dərvişin Parisi dağıtması”yla Parisin doğrudan da dağılması üst-üstə düşə bilir. İndi mən bu virusun məhz bir silah kimi yaradıldığına inanmıram. Amma bunun insan əməli olduğuna da şübhəm yoxdu. Zaman o zamandır ki, dünyada insanın əl qoymadığı heç nə baş vermir. Tanrı ideyası yalnız sadə dizaynlı məkanda, ləngərli zamanda keçərlidir. Bu vəhşi informasiya əsrində, sürət təngnəfəsliyində, texnoloji sıçrayışalar xaosunda ilahiliyin nə işi var?!


Ümumən, bu laboratoriyalaşmış, avtomatlaşdırılmış, robotlaşdırılmış gedişatın məntiqi bunu deyir: insan getdikcə öz yaratdıqlarının əsirinə çevrilir, artıq yaradıcı stixiyasını idarə edə bilmir. İndi dünyanın hər yerində adamlar mağmın-mağmın kənarda dayanıb özlərinin yaratdıqları əşyaların, aparatların ünsiyyətinə tamaşa edirlər. Aydın məsələdir: dünyanı loboratoriyalar məkanına çevirəcəksənsə, axırda özün də siçan olmağa məhkumsan.

- Yəni siz texniki tərəqqinin əleyhinəsiniz?

- Son dövrlərin radikal texnoloji sıçrayışlarının tərəqqiyə nə dəxli. Meyil qurucu deyil axı, dağıdıcıdır. Bu gümüşü Ayfonlar adamların əlindən kitabları, qanqırmızı qızılgülləri alanda bilinirdi ki, insan öz əliylə özünü bitirdi artıq. Banan-kokos-klaviatura zəmanəsi həyat romantikasını da, ölüm romantikasını da toplumun əlindən aldı. Məsələn, ölüm romantikası nədir? Öləndən sonra xatırlanmaq hissidir, adamları yaxşı əməllərə həvəsləndirən duyğudur, insani instinktdir. Hanı bəs?


“Ruçka”nın içliyinin qabığından ayrıca satıldığı vaxtlar yadınızdadırmı? Bütöv “ruçka”nı almaq imkanı olmayanlar barmaqların arasında ora-bura əyilən elastik içliklə o gözəl xətti necə yaradırdılar? İçliyin mürəkkəbi qurtaranda ümidini üzməyən, bəlkə də donub deyə onun ucuna üfürənlərin arasından nə qədər savadlı, nə qədər dəyərli adamlar çıxdı. İndi nəyə lazımdır bu dəmir-dümür tərəqqisi – hər halda məntiqi tutmaqda çətinlik çəkirəm. Dünya şöhrətli yazıçıların çoxu heç makinaya da əl vurmamışdı, eləcə, qələm-lələklə yazmışdılar, amma indikiərdən qat-qat məhsuldar idilər, 50 yaşacan ortaya cildlər qoymuşdular.


Hərdən zarafatla deyirəm ki, bu yadplanetlilər neçə illərdi bir damcı da tərəqqi eləyə bilmirlər. Mən gözümü açandan onları elə həmin-həmin tarelkada görürəm. Amma bizim planet… Maşallah.

- Qayıdaq virus məsələsinə. Bundan narahat olanlar da var, vecinə almayanlar da. Siz hansılardansız?

- Necə vecinə almayasan, hansı məntiqlə? O başqa məsələ ki, belə vəziyyətləri ölümdən qorxmayan adamlar daha rahat keçirirlər. Təbii, ölümdən qorxmamaq ümumiyyətlə qorxu instinktindən məhrum olmaq deyil, bu instinktin intellektual idarə edilməsidir. Hə, sən təhlükədən qorunmalısan, amma qorxu içində ola-ola təhlükədən qorunmaq mümkün deyil axı. Ümumən, ölümə hər an hazır olmayan həyat – həyat deyil, cəhənnəm əzabıdır.

- Bəs yoluxmamaq üçün hansı tədbirlər görürsünüz? Özünüzün diqqət etdiyiniz məqamlar varmı?

- Sadəcə, evdə qalmaq, vəssalam. Həddindən artıq vasvası olmağı da düzgün saymıram: adamın əsəbləri pozular.

- Nə vaxtsa, belə bir halla qarşılaşacağımızı yəqin kimsə düşünməzdi. “Evdə qal” deyəcəklər və küçəyə çıxmaq yasağı qoyulacaq. Necə qarşıladınız bu yasaqları?

- Belə baxanda həyatın ənənəvi axarından müvəqqəti çıxmağın özündə də cazibədar çalarlar var. Özü də, “Evdə qal” elə-belə tədbir deyil, həm də deyəsən, yaşam tərzində gözlənilən dəyişikliklərin sınaq meydanı kimi görünür.

- Nəyi nəzərdə tutursunuz?

- Karantin müddətində bəzi ip ucları aldıq. Deyir, çünki oldun dəyirmançı... Onsuz da ox yayından çıxıb, virtuallaşma dalğası öz işini görməkdə, həyat getdikcə cansızlaşmaqdadır, bu gedişatı durdurmaq mümkün deyil. Belədirsə, heç olmasa, bu prosesi faydalı məcraya salmaqdan söhbət gedə bilər. Məsələn, görəsən, həyat tərzini hansı sərfəli həddəcən virtuallaşdırmaq mümkündür? Canlı ictimai ünsiyyət hara qədər darala bilər və bunun hansı xeyri dəyə bilər? Qarşılıqlı təmaslarımızda nələri redaktə eləmək mümkündü və bunun hansı faydası olar? Hansı işləri evdən görmək daha effektli alınar? Nəqliyyatda, yollarda basa-bası bu kontekstdən necə tənzimləmək olar və sair...

- Və sizcə, nə gözlənilir? Virusdan sonrakı dövrün həyat tərzində nələr dəyişə bilər?

- Baxın, virus dövründə beynəlxalq konfranslar, hökumət müşavirələri artıq internet üzərindən keçirilir. Təhsil "Zoom" proqramı ilə virtual aparılır. Mətbuat, demək olar, evdə oturub işləyir. Humanitar sahələrin elektron idarəçiliyə keçidi ağrısız ötüşür. Alış-veriş, ictimai iaşə məcburiyyət qarşısında online keçinə bilir. Hətta yarızarafat bunu da deyim: bir dostumuz virtual çayxana da təşkil eləyib: həmişə görüşüb çay içdikləri dostlarla indi internet görüntüsü ilə çaylayıb-söhbətləşirlər. Bütün bunlar qeyri-ixtiyari, spontan testdir. Mümkündür ki, gələcəkdə təhlillər, müqayisələr aparılacaq, “Evdə qal”ın bəzi dərsləri hansısa ekspermentlər üçün əsas götürüləcək. Belə baxanda ağılabatandır: bəzi sahələrin iş günlərinin heç olmasa yarısının, dərslərin müəyyən faizinin internet üzərindən yola verilməsi küçələrdəki sıxlığın gərginliyini xeyli yumşaldar. İnsanların iş yerlərinə, gedib-gəlməsi üçün sərf elədikləri vaxt məhz işin özünə həsr olunar. Mən dediklərim mövzunun hələ çox primtiv, səthi məqamlarıdır, daha çevik beyinlər bu vəziyyətdən daha sistemli nəticələr çıxara bilərlər.

- Nə yazırsınız? Yeni şerləriniz varmı?

- Var. Yeri gəlmişkən, biri də elə son vəziyyətin ovqatında yazılıb.

- Bu vəziyyətlə bağlı cəmiyyətə mesajınız, tövsiyyəniz...

- Çox sevdiyim bir ifadə var: özünüzdən muğayat olun. Təsəlli budur ki, qarşıdakı postvirus dövrünün cazibədar yenilikləri olacaq. Hər halda, belə hiss olunur. /sherg.az/

# 4119 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #