Salam Sarvan karantindən şeir yazdı – Mətn

Salam Sarvan karantindən şeir yazdı – Mətn
18 aprel 2020
# 16:32

Kulis.az tanınmış şair Salam Sarvanın "Bahar karantini" adlı yeni şeirini təqdim edir.

Saat addımlarını yavaşıdır: sakit-kit-kit... tik-tik-tik...
Canı sulu Zəmanənin təbəssümlü yerişində
qar uçqunlarının xəfif səsi,
əllərində o dünyanın coğrafi xəritəsi...

Boğularkən əl-qol atanlar
sanki əl havasına axtarır ömürə gedən yolu.
Günəş Aydan soruşur:
sən bilərsən, gecə burda nə olub,
nədəndir bu adamların üzündəki qaşqabaq?

Ay Günəşə cavab verir:
yəqin hər an yenidən doğulduqlarına görə hər an körpədilər deyə
gülməyi öyrənməyə macalları olmayıb...

Bilmədik Çin səddi uçdumu başımıza,
yoxsa başımız əhlət daşına dəydi...
Amma içimizdə bütün zərbələrin səsini eyni anda eşitdik:
atlara dəyən qamçılarımızn,
milçəklərə dəyən qəzetlərimizin,
budaqlara və döş ətinə dəyən baltalarımızın,
portret mıxlarına dəyən çəkiclərimizin,
zəngli saatlara dəyən qapazlarımızın...

Və bu əzab orkestrinin əks-sədasında
yaşmaq yelkənləri cırılmış gəminin iniltisini eşitdik.
Saat addımlarını yavaşıdır: sakit-kit-kit... tik-tik-tik...

Qorxma, sevdiyim, sevincim...
Birdən-birə çat-çat olub
tale xətlərini fala göstərən asfalt yollardan qorxma.
Şəhərlərin göy üzünə dikələn havalı binalarına bax,
yer altına dikilən qapalı lyuk gözlərinə baxma.

Baxma köpük rəngindəki bənizlərə,
körfəzindən gəmi keçməyən sulara,
boğazından su da keçməyən dənizlərə.

Bax...
Kilsə zənglərinin oyun havasında
Budda məbədləri rəqqasə barmaqları kimi yuxarı qalxır:
Allah haradasa oralardadır.

Dünyadı da...
Küləyi birdən dayanan payız ağacı kimi
yarpağı da titrəməyən dünyadı.
Yaralarındakı sarğılardan ütü getməyən,
protezləri büdrəməyən dünyadı.

Yarıaçıq gözlərin baxışları uzun olur, qızım...
Qorxma, bu, ölüm xırıltısı deyil,
ümidimizin qanadlarının xışıltısıdı.

Bax...
çəmənlər yenə yaşıldı, sünbüllər yenə sarıdı,
göbələklər yenə ağdı, gözlərin yenə qaradı.

Dodaqlarını da qanqırmızı rəngə boya:
arxası üstdə çırpınan sərçə qarnından,
sahildə atılmış tənha qayığın suyu axan burnundan,
boş göyərçin damından,
boş küçələrdən qorxma...

Qorxma, alnımızdakı hərarət deyil,
buğlanan yaz torpağının hənirtisidi.

Qafqazinfo.az

# 7513 dəfə oxunub

Oxşar xəbərlər

“The Comeback King”  filminin treyleri yayımlandı

“The Comeback King” filminin treyleri yayımlandı

18:51 19 noyabr 2026
Xulio İqlesias  barəsində araşdırma başladı

Xulio İqlesias barəsində araşdırma başladı

17:48 19 noyabr 2026
“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

17:12 19 noyabr 2026
Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi

16:47 19 noyabr 2026
Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

16:21 19 noyabr 2026
“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

15:55 19 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər