Ayxan Ayvaz: “Yaradıcılıq insanın tənhalıq ərazisidir” - MÜSAHİBƏ

Ayxan Ayvaz: “Yaradıcılıq insanın tənhalıq ərazisidir” - <span style="color:red;">MÜSAHİBƏ
20 dekabr 2016
# 21:00

“Kitabıstan” səhifəsinin suallarını gənc yazıçı Ayxan Ayvaz cavablandırıb. Kulis.Az həmin müsahibəni təqdim edir.

- Necə oldu ki, yazmağa başladınız?

- Tam səmimi deyirəm, şöhrət olmaq üçün. Həmişə haqqımda danışılmasını çox istəmişəm. Bəlkə də xəstəlikdir. Müalicəsini bilmirəm. (gülür). Tərif eşitmək üçün ürəyim gedir. Ancaq zaman-zaman şöhrət hissi aradan çıxdı. Qorxmağa başladım açığı bu hissdən. Vaxtsız gələn şöhrət ölüm kimidir. Şöhrətin neçə-neçə istedadlı adamı məhv etdiyini gördüm. Serb yazıçısı Milorad Paviçin fikridir: “Maraqlı hadisələr onları maraqlı danışan adamların başına gəlir”. Həyatımda elə maraqlı, qeyri-adi hadisələr olub ki, bunu yazmasam olmur. İnansalar da, inanmasalar da bu hadisələri yazmalıyam. Yazdıqlarımda həmişə başqa insan olmuşam. Başqa bir dünya qurmuşam. Öz yazdıqlarımla başqa bir həyat yaşamışam. Mənə yaşadığım həyat bəs eləməyib. Başqa bir həyat yaratmaq üçün yazmışam. Həm də ki, həqiqətən yazmaqdan başqa heç bir iş gəlmir əlimdən. Və təbii, yazmağa başlamağımda atama oxşamaq istəyi də var. Evin içində hər gün nələrsə yazan birini görmək maraqlı gəlirdi mənə. O, yazırdı və biz də başının üstündən baxırdıq. Arada çay gətirin deyirdi, onu narahat etməyimizi istəmirdi. Məndə də belə bir fikir yarandı ki, yazmağa başlasam eyni cür hərəkət edə bilərəm evin içində. Ciddi bir adam kimi görünmək xoş gəlirdi. (gülür.)

- Sizcə ədəbiyyata kitablardan gələn yazıçı daha uğurlu olur, yoxsa həyatdan?

- Mən yəqin ki, hər ikisindən gəlirəm. Gözümü açandan kitab görmüşəm. Erkən yaşdan çoxlu kitablar oxumuşam, kitab qoxusu ilə böyümüşəm. Və bir də həyat. 18 yaşdan sonra, atamı və anamı itirəndən sonra həyatla qarşılaşmışam. Bir dostumuz deyirdi ki, sən həyatı görəndən sonra yazacaqsan. İndi yazdıqların hamısı uşaq oyuncağıdır. Doğrudan da, əvvəl yazdıqlarıma baxanda gülməyim gəlir. Mən belə əttökən mətnləri niyə yazmışam axı? Amma yaxşı da yazmışam. Aradakı fərqi görmək üçün. Gələk sualınıza. Bu cür bölgünün əleyhinəyəm. Mənim üçün Orxan Pamuk da, Umberto Eko da, Kafka da, Maksim Qorki də yazıçıdır. Əsas məsələ mətndir. Bizi heyrətləndirən ya intellektuallıq olur, ya da dəhşəti insan mənzərələri.

- Atanızın sizin yaradıcılığınızda rolu nədən ibarət olub?

- Atam mənə müəllim olub. Bir dəfə Seymur Baycan dedi ki, sən hamımızdan şanslısan. Çünki mənə atam oxumaq üçün kitabların siyahısını verirdi. Oxuduqdan sonra müzakirələr edirdik. Lap balaca vaxtımdan ədəbi mühitin içinə düşdüm. Tanınan imzaların hamısı ilə oturub söhbət eləmişəm, onlardan çox şey öyrənmişəm. Bu şəraiti mənə yaradan atam olub. Atam məni sözün həqiqi mənasında yetişdirib. Mətn yazmağı, sözü hiss etməyi, oxuduğundan nəyi əxz etməyi... Şübhəsiz, 13-14 yaşlarında bunları öyrənən biri çox şanslıdır. Mən robot kimi ağıllı insanların arasında onlardan öyrənə-öyrənə özümü inkişaf etdirmişəm. Və bu hələ də davam edir. Yəqin ki, hamıdan öyrənə-öyrənə ən böyük mən olacam. (gülür.)

- Çox zaman ədəbiyyatçıların həssas olduğu deyilir. Axırıncı dəfə oxuyub üstünə siqaret yandırdığınız o müthiş cümləni deyə bilərsinizmi?

- Çox dəqiqdi. Ümumiyyətlə, yaradıcı adamlar həssas olurlar. Bir dəfə Ajda Pekkan Sezen Aksu ilə duet oxuyurdu. Mahnıdan sonra belə bir ifadə işlədi: “Bizim digər insanlardan fərqimiz daha çox həssas, daha çox duyğusal olmağımızdadır”. Bəzən həssaslığımın məni öldürəcəyini düşünürəm. Bu qədər həssaslıq sağlamlığıma ziyan vuracaq. Bir dostumuz demişdi ki, sənin insanları tanımaq vaxtındır. İnsanları tanıdıqca dəhşətli ağrılar yaşadım. Sözə, mətnə, ətrafımdakı hər şeyə həssasam. Bəzən özümü saxlaya bilməyib ağladığımda olur. Sonuncu dəfə ağlımdan çıxmayan cümlə Kafkadandır: “Sevdiyin hər şeyi tez və ya gec itirəcəksən, amma axırda sevgi başqa bir surətdə geri dönəcək”.

- Elə bir düstür varmıdır ki, ona əməl etməklə əsl yazıçı olmaq olar?

- Orxan Pamuk deyirdi ki, kim mənim kimi çalışsa, yazıçı ola bilər. Amma mən buna inanmıram. Ədəbiyyat elm deyil ki, düsturla işləsin. Nisbilik nəzəriyyəsinin düsturu ilə yazı yazmaq olmur. Yaradıcılıq insanın tənhalıq ərazisidir. Başqa bir həyata can vermək istəyidir yaradıcılıq. Bir ömrə bir neçə ömür sığışdırmaq bacarığı. Bu da ki, düstur deyil.

- Ədəbiyyatla kino arasındakı əlaqəni hansı səviyyədə görürsünüz? Yaxşı kinoman olmaq ədəbiyyatçıya nələr qazandıra bilər?

- Kino həmişə ədəbiyyatdan qidalanıb. Çünki kino ortaya çıxanda ədəbiyyat çoxdan vardı. Amma mən həm də yaxşı kinomanam və bilirəm ki, bu gün ədəbiyyat da kinodan qidalana bilər. Filmlər mənə yazacağım mətnin şəklini göstərir. Bəzən bir film beş-altı romandan daha çox şey verə bilər adama. Və həm də ki, görüntü həmişə beynində yaşayır, tez-tez xatırlayırsan. Ancaq bir məsələ də var. Kino dili ayrıdır, ədəbiyyat dili ayrı. İstedad kino dilini ədəbiyyat dilinə çevirməkdədir.

- Yazıçı üçün təcrübənin, müşahidə qabiliyyətinin çox böyük önəmi var. Bəs siz ilhamı bura qatırsınızmı?

- Özünü dinləmək. Bu əsasdır. İçindəki nə deyir? İçində baş verən təlatümləri anlaya bilirsənmi? İnsanların içindəki səsləri eşitmək istəmişəm həmişə. Danışdıqlarına, hərəkətlərinə deyil, içindəki adama fikir vermişəm. Təcrübə mütləq vacibdir. Böyük əsərlərin əksəriyyəti 40 yaşdan sonra yazılıb. “Hərb və sülh”, “Səfillər”, “Don Kixot” və s. İlhama gəlincə... Mən yazanda heç vaxt özümü zorlamamışam. Oturub yazmışam, hara qədər yaza bilərəmsə yazmışam. Sonra başını buraxmışam. Gəzmişəm, oxumuşam, filmlərə baxmışam. Təzədən qayıtmışam. Yazacağım mövzu mənə fiziki ağrı verəndə yazmışam. Artıq bədənimin o mövzunu daşımağa gücü qalmayanda... Əlimi çənəmə dayaq edib ilhamı gözləyəcək qədər sadəlövh olmamışam. (gülür.)

- Sevimli ədəbi qəhrəmanınız kimdir?

- Şübhəsiz, Don Kixot. Dünyanın ən kədərli obrazı. Bir də Qvazimoda. Yaradıcı adam faciəyə meylli olur. Sevimli qəhrəmanlarım da faciəyə bulaşıblar.

- Yazdığınız əsərləri kimləsə müzakirə edirsiniz?

- Yazıçıların fikri mənə heç vaxt obyektiv gəlməyib. Çünki yazıçı subyektiv yanaşır. Öz yazdıqları ilə ölçür sənin yazdığını. Mənim özüm də eləyəm. Ona görə də yazıçılarla yox, daha çox kənar adamlarla müzakirə etməyi sevirəm. Bacım rəssamdır. Hekayəmi yazıb bitirəndə ilk ona oxuyuram. Onun fikri mənə ən böyük yazıçının fikrindən maraqlıdır.

- Bir gün dünya səviyyəli bir mükafat alsanız onu kimə həsr edərsiniz?

- Sevdiyim qadına...

- Məncə, kitablar dünyaya xoşbəxtlikdən daha çox iztirab gətirib. Kitablar olmasaydı dünya nə itirərdi?

- Folknerin dediyi kimi ədəbiyyat hamını deyil, fərdləri xilas edəcək. Kitabsız cəmiyyətin sonu yoxdur. Kitab seçilmişlərin ən böyük abidəsidir.

Hazırladı: Orxan Həsəni

# 2149 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #