Peyğəmbərin dişi ağrıyan cəlladı - Aqşin Yeniseydən yeni hekayə

Peyğəmbərin dişi ağrıyan cəlladı - Aqşin Yeniseydən yeni hekayə
19 fevral 2020
# 08:55

Kulis.az Aqşin Yeniseyin yeni yazdığı “On səkkizinci əsrdə “tunel effekti” hekayəsini təqdim edir.

Mişel Fukonun “Həbsxananın yaranışı” kitabındakı gizli hekayə

Yaxınlıqdakı Mantazels kəndinin xoruzları artıq üçüncü dəfədir ki, növbə ilə səhərin açılmaq üzrə olduğu sevinci, eyni zamanda “bu insanlar karmı oldular, nədi” təlaşı ilə qışqırıb-banlayırlar. Səslərində o qədər həyəcan və qorxu var ki, guya, insanlar yatıb qalsalar çox xeyirxah əməllərə gecikəcəklər və bunun bədəlini həmişəki kimi xoruzlar qırmızı saqqallı başları ilə ödəyəcəklər. Hələ oyanmağa tənbəllik edən bu adamlara bax – çox güman xoruzun biri belə düşünür - öz bağırsaq yellərinin ətrində elə məsti-xumar olub xoruldayırlar ki, heç elə bil, dünən axşam bir-birilərini qumarda udan, köhnə hamamın xarabalıqlarında qətlə yetirən, qonşusunun azyaşlı qızını zorlayan, arvadının qorxusundan krala yaltaqlanan, burjuanın vəhşi səbrinə dözə bilməyib özünü asan, atasının dəli olduğunu bəhanə edib onu adaların birində azdırsınlar deyə qızılaxtaranların gəmisinə mindirən bunlar deyillər. Atalar doğru deyib… Nəyi? Unutdum… Nədən danışırdım? Banlayan xoruzlar, xeyirxah əməllər, xoruldayan adamlar… Yaddaşım boş qalmış qarğa yuvası kimi pırtlaşıq. Hamısı bu diş ağrısının zibilləridir. Dünən gecədən ağzımda gizlənmiş düşmən zalımlığıyla ağrıyır; ağrıların ən inadkarı, ən kinlisidir diş ağrısı. Həm də ən kafiri, tanrını gözdən salmağa çalışanı, şeytana qulluq edəni. “Bir diş nədir ki, onu da ağrısız, acısız yarada bilməmisən” - deməkdən özümü güclə saxlayıram. - “Simon – bizim zindanbaşı – elə düz edir sənə inanmır”.

Üzrlü sayın, səhərin gözü açılmamış dişimin ağrısını unutmaq üçün ağzıma gələni hüdüləyirəm, amma qaranlığın, gec-tez bizi əbədi olaraq udacaq nəhəng zülmətin qədim casus kölgəsi olaraq, kor kədər tutqunluğu ilə hələ də küçələrdə dolaşdığı bu alatoranda zəhlənizi tökənin kim olduğunu bilmək haqqınızı da unutmuşam. Mən bütün varlığım ilə krallarla dilənçilərin, filosoflarla dəlilərin kəllə-kəlləyə gəldiyi XVIII əsrə aid bir fransız cəlladıyam. Əsl adımı doğulduğum gün anamın, ya da atamın ağzından yel alıb apardığı üçün heç özüm də xatırlamıram, xatırlamaq istəsəm belə, ağzımda qoparılmış kərtənkələ quyruğu kimi çapalayıb sinirlərimi titrədən bu miskin diş ağrısı macal verməyəcək. Həm də dilimin başı ağzımın küncündə ağrıyan dişimin ora-burasına keçib sakitləşməsi üçün ona yaltaqlanmağa qarışdığından o uzun və iyrənc tarixçəni danışmağa da həvəsli deyiləm. Valideynlərim? Bütün qaraçı uşaqlar kimi mənim də valideynlərim iki yerə bölünür; məni əkib-doğanlar və məni böyüdənlər. Məni əkib-doğanları heç özüm də görməmişəm, dovşan kimi doğub aradan çıxıblar, məni böyüdənləri isə hamı tanıyır, onlar küçələrdə gəzişən təsadüfi və mərhəmətli parislilərdir! Bəli, məni Parisin özü böyüdüb. Bədənimin hər yerində onun doğma “himayədarlığının” əl izləri var. Sizə bir sirr açım, biz qaraçı uşaqlar böyüdükdə ya zindanlarda cəllad oluruq, ya da elə qaraçı kişi kimi evdar sükunətdə ölüb gedirik. Hər iki halda dünyada izimiz-tozumuz qalmır. Dişimin ağrısından ufuldamağıma baxmayın, Paris məni Notr-Dam kilsəsinin uçub-dağılmış müqəddəsliyinin həndəvərində illər ərzində əsl işgəncə ustası kimi böyüdüb Konserjeri zindanının baş cəlladı le Bretona köməkçi kimi hədiyyə edəndə cəmi-cümlətanı on yaşım vardı. Deyəcəksiniz ki, cəllada nə köməkçi? Bir baltadır, bir kötük, kəsməyə də, şükür allaha, hər gün axmaq bir baş tapılır. Doğru düşünürsünüz, dünyamız kəsiləsi ağıllı-ağılsız başlarla doludur, amma xalq cinayətkarlar üçün kraldan daha teatral edamlar tələb edir. Yazıq kralımız da (Tanrı onun ömrünə dəyməsin) xalq edam mərasimlərindən evinə şad-xürrəm qayıtsın deyə gecə yuxuda da fərqli-fərqli edam səhnələri fikirləşir.

Biz cəlladlar həm tanrının lənətinə, həm kralın qəzəbinə, həm də xalqın nifrətinə tuş gələn, ölümü romalılara əsir düşməmək üçün kraliça Boudikkanın başına çəkdiyi zəhər kimi sevinclə qəbul edən çarəsiz bir məhkumu edam etmək üçün bəzən iki, üç gün səbrlə tər tökürük, həm də səkkiz, on adam bir yerdə. Parisdə heç bir alicənab xəstəni bir qotur məhkumu edam edən zindan işçilərinin sayı qədər həkim müalicə etmir. Soruşa bilərsiniz, bəs mən sizinlə necə danışıram, axı yəqin, qulaqdan-qulağa eşitmisiniz ki, cəlladlığa götürülən uşaqların dili kəsilir? Doğru eşitmisiniz, baş cəlladdan başqa əldə-ayaqda işləyən bütün cəlladların dili uşaq vaxtı kəsilir, hətta kar olmaları üçün qulaqlarına qaynar yağ damızdırılır. Sizcə, bütün cəlladlar saray zindanlarında danışılan söhbətləri eşidə və danışa bilsəydilər, dünya necə olardı? Onlar yaşadıqları zindana bitişik pəncərəsiz hücrələrindən şəhərə yalnız bir dəfə çıxırlar, onda da adsız başdaşıların fəxri qarovulunda uyuyan və ancaq cəlladların basdırıldığı ucqar qəbiristanlıqda basdırılmağa aparılanda. Belə bir həyat yaşayanın dil və qulaq nəyinə lazımdır axı? Dövlət baba da bunu çox yaxşı anladığı üçün onları uşaq vaxtından bu lazımsız ət qırıntılarından xilas edir. Mənim dilimin və qulaqlarımın salamat qalmasına gəlincə, ustadım, gözü arxada qalmasın deyə bu peşənin bütün sirlərini mənə öyrədən le Bretonun və onun bütün ölənlərinin cəhənnəmini cənnətə çevirmək üçün ömrüm boyu altdan-yuxarı dua oxuyacağam.

Tanımadığım adamlar məni Qreve meydanından tutub zindana gətirəndə le Breton əlindəki tər-təmiz yuyulmuş kəsik başı balla dolu çəlləyə soxub çıxarırdı. Məni ona “Parisin əl işi” kimi hədiyə etdiklərini dedilər və le Breton əlindəki ballı başı mənə uzadıb “ibrət daşı” dediyi həyətdəki çarhovuzun qırağında kətil boyda bir daşın üstünə qoymağımı əmr etdi. Kəsik baş çox ağır idi. Onu göstərilən ünvana aparanda ballı saçlarından ikiəlli yapışası oldum və hər iki əlim bala batdı. Zavallı başı o yastı daşın üstünə qoyub özümdən ixtiyarsız barmaqlarımı yalamağa başladım və geri çevriləndə le Bretonun da əbədi olaraq bərəlmiş gözləri ilə məni izləyərək barmaqlarının balını yaladığını gördüm. Sonralar öyrəndim ki, sarayın ən qiymətli başları kəsildikdən sonra əvvəlcə bala qonaq edilir, sonra krala göstərilir, nəhayət, son dəfə bütün sarayı dolaşdıqdan sonra ən yaxşı məzarların birində dəfn olunur, çox vaxt da bədənsiz. Başsız bədənləri çox vaxt bizim zindanın zibildaşıyanı Çapelin arabasına yükləyirlər ki, aparıb Senanın dərinliklərinə atsın. Çox güman bu başsız bədənlər o biri dünyada da ortalıqda avaralanıb ələ-ayağa dolaşırlar, cəhənnəmin, cənnətin həndəvərində səfil, sərgərdan həyatı yaşayırlar. Bəlkə də, hamballıq edirlər, ölülərin yüklərini cənnətə, cəhənnəmə daşıyaraq keçinirlər. Gərək bu barədə zindanımızın keşişi Kolber atadan soruşum. Ancaq müqəddəs ata iki ildir ki, məni danışdırmır. İki il əvvəl anasını doğrayan, üstəgəl, kişilərlə yatdığı üzə çıxan birini edam edirdik, hökm belə idi ki, edam səhər yeməyindən sonra başlayıb şam yeməyinəcən meydanda xalqın iştirakı ilə, bir növ, gülüşsüz şənlik kimi həyata keçiriləcəkdi. Çox darıxdırıcı idi, arvad kimi ciy-ciy ciyildəyən məhkumu – ilk dəfə idi vaxtında qulağıma qaynar yağ damızdırılıb kar edilmədiyim üçün peşman olmuşdum - dəmir kəlbətinlərlə, sanki, çimdikləyə-çimdikləyə öldürürdük. Arıq olsa da, canı bərk idi bədbəxtin. O gün edamdan sonra yorğunluğumuz çıxsın deyə zarafata salıb hamının içində Kolber ataya söz atdım ki, adını zibildaşıyan Çapellə dəyişsin. Çünki Çapel bizm fransızcada “kilsədən gələn adam”, “Kolber” isə “qaranlıq” deməkdir. Hardan bilirdim? Rəhmətlik ustadım Le Bretondan mənə kitablar və rəsmlərlə zəngin bir miras qalıb. O kitabların birində bütün kişi və qadın adlarının mənası yazılıb. Mənalarına və gördükləri işlərə görə Kolber Çapelə, Çapel Kolberə daha uyğun gəlir. Uşaqlarının əlindən tutub edama baxmağa gələn xalq deyə-gülə evlərinə və pivəxanalara dağılışandan sonra mərhumun didik-didik etdiyimiz cəsədini dar ağacından açaraq kisəyə soxan, sürüyə-sürüyə arabasına aparan Çapel gücənə-gücənə keşişin adını daşımağa razı olsa da, keşiş Kolber adını kiminsə qucağından dartıb alana oxşayan bir hərəkətlə əllərini qəfildən irəli uzadıb geri dartaraq küsüb getdi. Odu-budu danışmırıq. Yaxşı ki, arada Çapel var, bir-birimizə dediyimiz sözləri ona deyirik, o da içinə saman döşəyib başsız meyitləri daşıdığı arabasını gah mən, gah keşiş Kolber tərəfə sürərək, sanki, bizim sözlərimizi arabaya yükləyib bir-birimizə çatdırır.

...Öldüm ay ana, oyy, oyy, uff, zəhrimara qalasan! Dişim ağzımda gəbərir!

Ana e, özü də! Yaddaşımın heç bir yerində “ana” deyə bir varlığın izi yoxdur, çünki məni küçədə doğub Notr-Dama atıblar. Kilsədən çıxdığım yol zindanda başa çatıb. Zindanın gələcəkdə baş kəsəcək, dəri soyacaq kar-lal qaraçı uşaqlarının içində böyümüşəm. “Ana” kəlməsini də ilk dəfə ancaq kötüyün üstündən dığırlanan başlardan eşitmişəm, onu da alayarımçıq və qanlı. Görünür, bəzi sözlər hafizəyə yox, dilə yapışır. Məsələn, tanrı kəlməsi kimi. Yaddaşımızda tanrı deyə biri varmı, şəxsən məndə yoxdur, amma adı dilimin əzbəridir. Yəqin, insan adını eşidib, üzünü görmədiyi doğmalarını yaddaşına yox, dilinə yazır. Mən, balta boynunu yaş nar çubuğu kimi atdıran an çarəsiz bir inilti ilə gözünü yumub son anda “ana” deyən çox məhkum görmüşəm. Bəzi başlar hətta kötükdən düşüb dığırlananda analarını çağırıblar. Görünür, “ana” kəlməsi ya ağrını azaldır, ya da insan dünyaya ilk dəfə anası ilə görüşüb gəldiyi kimi, dünyadan gedəndə də son dəfə anası ilə vidalaşıb getmək istəyir. Bilmirəm, çünki ana adlı bir qadınla heç vaxt qarşılaşmamışam və tanrıya min şükür ki, hələ başım üstümdədir…

…Vay dişim… qancıq dişim!..

Cəlladlara evlənib oğul-uşaq sahibi olmağa icazə verilməsə də - başqa ata-analar bəs qədər cəllad əkib-doğurlar, onsuz da - bizi də bir ana doğur, sözsüz. Biz sevə bilərik, amma evlənə bilmərik, həm də ailə həyatı köhnə palto kimi bir şeydir, yay-qış ta altında qalıb ölənəcən çiyinlərində gəzdirməlisən. Hardan bilirəm? Saraydakı dostlarımdan. Bir dostum var, sarayın qazanxanasına baxır, evi-eşiyi olsa da, arvadının üzünü hər gün görməmək üçün qazanxanada özünə bir it damı düzəldib, hardansa özünə qotur bir it də tapıb, küçüklüyündən öyrədib ki, qulluğunda dursun. İtin bir süfrə açmağı, bir qab düzməyi, bir qonaq qarşılamağı var ki, adam baxanda istəyir ondan uşaqları olsun. Başqa bir dostum da var; işgəncə alətlərinin saxlanıldığı anbara nəzarət edir. Deyir, bu alətlərin zəhmi mənim arvadımın deyingənliyinin, boşboğazlığının yanında kral zarafatıdır. O da ayda, ildə bir dəfə, balalarından ötrü darıxanda evinə gedər, ya getməz. Zindanın həyətində həm də kralın xoruzlarını saxlayan zindanbaşı Simon dayı isə gecə-gündüz allaha yalvarır ki, işdir, öləndən sonra ora-burasına əl gəzdirib onu bir də dünyaya gətirmək fkrinə düşsə, mütləq xoruz yaratsın, arvadını isə toyuq. Deyir, onun gözünün qabağında gündə on-on beş toyuqla qaçdı-tutdu oynamasam, qoy allah məni xoruz kimi də yarıtmasın heç. Arvadı evdə Simon dayını bezdirir ki, bütün günü sarayın hinində nə sülənirsən? Üstündə bu toyuq tükü nə gəzir? Kişini toyuqlaramı qısqanır, nədi? Bax ən yaxın dostlarımın ailə həyatına baxanda mənə elə gəlir ki, ailə xoşbəxtliyi deyilən şey içində gəzdirməyə məcbur olduğun xəstə qaraciyər kimi bir şeydir: Sən kədərini unutmaq üçün şərab içmisən, o isə bundan sənə gizli-gizli xəstəlik düzəldib. İndi nə kəsib ata bilirsən, nə içə bilirsən, nə də ölmək istəyirsən! Həm kədərin, həm də xəstəliyin qulluqçusundan başqa bir şey deyilsən...

...Dişim... it dişim, eşşək dişim... Öldüm ağrıdan, ay sırtıq!

Bu gün də Fransua Dameni edam edəcəyik, gələcəyin hansısa dəmşalaq məşhurunu. Bax, keçən əsrdə boynu vurulanların çoxu bu əsrdə xalqın əziz-giramisi oldu, İsaya and içərəm, bizim də bu əsrdə nə qədər boğduğumuz, şaqqaladığımız sarsaq insanlar var ki, bir-iki əsrdən sonra başlarına and içəcəklər. Öz əcəli ilə ölən insanlar necə də bədbəxtdirlər, ha bir it öldü, ha onlar. Bax elə biri bizim keşiş Kolber ata, öz əcəli ilə yıxılıb ölsə, qol-bud edib quyulayacağıq gora. Amma sabah kraldan əmr gəlsə ki, keşiş Kolber toqqasının altından Robespyerin adamlarına məlumatlar ötürürmüş, dərisi soyulsun, pəh! Tarix həngamələri sevir. Gör bir əsrdən sonra isti otaqlarda qocafəndi tarixçilər nə fısqırıq qoparacaqlar. Bizim bu gün çeynə-tüpür edəndən sonra atlara qoşub ortadan ikiyə şaqqalayacağımız Damen haqqında da, yəqin, nə vaxtsa kitablarda oxuyacaqsınız. Mənə görə isə indi o, sadəcə, kralımız, atası XV Lüdoviqin budunu xəncərlə çərtmiş nankor bir oğuldur. Məhkəmə ona kral olaraq qəzəblənən, ata olaraq halına acıyan zati-alilərinin göstərişi ilə edam cəzası verib ki, bir azdan mən ustadım le Bretondan öyrəndiyim bütün ağrıtörədici təcrübələri onun cəmdəyi üzərində tətbiq edəcəyəm. Tanrı ustadıma rəhmət, mənə kömək etsin.

Amma bu vələmyesir diş ağrısı – le Breton deyirdi ki, ağrı bədəndəki yoxsulluqdur - fikrimi cəmləməyimə əngəl olur, onu sakitləşdirəcək bir şeylər çeynəməliyəm. Çünki biz cəlladların işində baş verən ani bir diqqətsizlik məhkumun vaxtından əvvəl ölməsi, ədalətin onun üçün nəzərdə tutduğu ağrıları çəkmədən aradan çıxması deməkdir. Əgər xain və zavallı Damen vaxtından əvvəl canını tapşırsa, yəqin, məni işdən qovarlar, ən yaxşı halda. Damenə nə var, gün batanacan işgəncəsini çəkib osdura-osdura – edam zamanı ağrıdan altını batıranlar olur - ölüb gedəcək, vay biz yaşayanların halına...

Vay, yenə sancdı... Oğraş dişim... Əclaf dişim...

Yeri gəlməsə də deyim ki, mən, misirlilərin “ölümdən əvvəlki ölüm” adlandırdığı cüzama yoluxmuş xəstələri, “yaşayan ölüləri” Şalon-Sür-Sondakı miskinxanada əyləndirən bizim Müqəddəs Lazarus təriqətinin rahibləri kimi daxilən xoş-güləş adamam, amma cəllad olduğum üçün zahirən ciddi, daha doğrusu, qorxunc olmağa məcburam. Bu işdə mənə həmişə ustadım Le Bretonun ruhu kömək əlini uzadır, eynən zindanımızda yeganə sənət əsəri olan Mikelancelonun “Adəmin yaradılışı” tablosundan köçürülmüş rəsmdəki barmağını uzadıb yaratdığı adama güc verən tanrı kimi. O, şəkil zindana Le Bretondan yadigardır, ona da edam etdiyi bir məhkumdan qalıb. Məni də bir cəllad olaraq Le Breton yaratdığı üçün zəhmət çəkib qorxunc görünməyimin də qeydinə qalmalıdır. Elə ki zindanda şit zarafatlarımla gözdən düşdüyümü hiss edirəm, dərhal ustadım le Bretonun adını çəkib işgəncə, edam sənəti haqqında ondan öyrəndiyim bir necə aforizmi soyuqqanlılıqla yada salıram. Dərhal ətrafımdakıların canını qorxu bürüyür. Əgər mən tısbağayamsa, Le Bretonun müdrik sözləri mənim sümük çanağımdır, əgər mən ilanamsa, onun adı mənim zəhərimdir, əgər mən kirpiyəmsə, ustadımın xatirələri mənim tikanlarımdır. Qorxunc maskaya ehtiyacım olanda həmişə onun sifətinin gərilmiş əzələlərini ətrafımdakıların yadına salmasaydım, yəqin ki, mən indi sarayın cəlladı yox, təlxəyi idim.

Hər bir peşə sahibinin bir le Breton kimi saxta ciddilik hamisi olmalıdır. İnsan özü-özlüyündə meymun kimi gülməli bir məxluqdur, bizim yalnız bədənimiz iki ayaq üstə qalxıb, psixologiyamız, mənəviyyatımız isə hələ də dörd ayaq üstə gəzir. Bir peşə sahibi kimi ciddi görünmək üçün hər birimizin mənəvi, psixi bir asılqana ehtiyacı var. Breton da mənim asılqanımdır, onun adı illərdir ki, məni cansız bir pencək kimi yuxarıda saxlayır, təkbaşıma qalsaydım çoxdan mitilimi ayaqlar altına atmışdılar. Səfehliyini ciddi adların altında gizləyənlər ən çox sənət və elm adamları, filosoflar zadlardır. Siz onların zindanda edamqabağı özlərindən tanrının bacısı oğlu düzəltsinlər deyə lal-kar cəlladlara daha ciddi hesab etdikləri sələflərindən nə sitatlar gətirdiklərini görməmisiniz. Yaxşı ki, le Breton mənim anadangəlmə kar olduğumu söyləyərək qulaqlarımı qaynar yağ çömçəsindən xilas edib; hər şeyi eşidirəm, amma eşitdiyim üçün həm də əzab çəkirəm; insanlar zindanda tarixdə xatırlandıqları kimi deyillər.

Damenə gəlincə, bəlkə də, bu vaxta qədər artıq xərçəng qısqacları kimi əllərimin davamına çevrilmiş dəmir kəlbətinlərimlə ətini dimdikləyə-dimdikləyə öldürəcəyim ən səfeh adam olacaq. İsa hamımızın başını xarab eləyib, bu öz yerində, Dameni isə lap ipləməyə çevirib. Məhkəmədə görərdiniz bu əbləh şahzadəni; hamımızı inandırmağa çalışırdı ki, guya, atası kral XV Lüdoviqin (tanrı onu hifz etsin) buduna qəmə soxmağı tanrı şəxsən özü ondan xahiş edibmiş. Ömrümdə belə zırrama şahzadə görməmişəm. Bəyəm, tanrı saray ifritələrinin oyuncağı olan bizim bu cırtqoz kral qarşısında o qədər acizdirmi ki, özünü hansısa başdanxarab Damenin qəməsinə möhtac hiss etsin? İkincisi, tanrı bizim kralı sevməsəydi onun hər gecə yerinə işədiyi beş yaşında taxta çıxmasına icazə verərdimi? Tanrı istəsə istənilən kralı ölkəsi qarışıq bir gecədə ilim-ilim itirər. Zəlzələsi, seli, qasırğası olan birinin təkə çüyünə oxşayan bir qəməyə işi düşərmi?

... Of, of, elə bil, beynimə iynə soxurlar, bu şoğərib diş ağrısı imkan verməyəcək sözümü deyim. Həyasız dişim... qəhbə dişim...

...Ən yaxşısı, bir az susum, onsuz da, indilərdə Damenə “yarasa qanadlarını” taxacaqlar. Biz öz aramızda edam olunmaq üçün meydana, xalqın pişvazına aparılan məhkumlara, sadəcə, ortasından insan başından bir az iri açılmış deşikdən geyindirilən adi, kirli qara mələfəyə öz aramızda “yarasa qanadı” deyirik. Doğrudan da, bu geyimdə məhkumlar qanadları sallanan yorğun yarasaya oxşayırlar; bizim cəllad təxəyyülümüz siz deyən yaradıcı zənginliyə sahib deyil. Uff... dişim... Ağrını unutmaq üçün sizinlə əngə verdiyim bu xəyali söhbətdə indicə daha bir kəşf də etdim; samit səslər diş ağrısını şiddətləndirir, sait səslər isə deyəsən bir az sakitləşdirir.

- Parsifal, çıx, Dameni aparırıq, “yarasa” sürünməyə hazırdı, çıx o yuvadan!

Getmək vaxtıdır. Burada hər kəs məni Parsifal çağırır, bayaq dediyim kimi, öz adım yoxdur, bu adı da mənə rəhmətlik ustadım le Breton qoyub, tanrı onu bağışlasın, - öz taleyini özü yazan əfsanəvi cəngavər Parsifalın adıdır. Adama öz adını valideynləri qoyur, məni isə belə çıxır ki, ayağısürüşkən mələklər doğub tullayıblar yer üzünə...

...Vay dişim... Öldüm... İt oğlu it dişim...

Budur, bizim Sen-Pol zindanının şəxsi heyəti altında cüvəllağılıq yatan bütün dəbdəbəsi ilə düzülüb; ən öndə iki atlı mühafizə zabiti, ortada boynuna bağlanan yoğun zəncirlərlə iki səfil muzdlunun güclü qolları ilə dartılıb aparılacaq, ölüvay yarasaya oxşayan zavallı Damen, Damendən sonra qoltuğundakı kağız-kuğuzla məhkəmə katibi dəymədüşər Darsel, daha sonra mən və üç köməkçim, lap axırda da işgəncə alətlərinə məsul qoca Hüqo və onun iki işçisi. Nə az, nə çox, məhkumla birlikdə on üç nəfər! Bu gün biz, dövləti və ədaləti təmsil edən on iki nəfər növbəti bir nəfər günahkarı edam edəcəyik. Məhkum da bizim heyətdən biri sayılır, çünki meydanda xalqın qarşısında edam tamaşasını birlikdə oynayacağıq, hətta baş rolda o oynayır, o olmasa, bizim bacarıq və istedadımızın xalq üçün heç bir marağı olmaz. Xalq isə yəqin ki, uşaqlarının əlindən tutaraq çoxdan Qreve meydanında toplaşıb və kralın budunu çərtmiş o qaniçən şəxsin, yəni İsanın zibilinə düşən bizim bu divanə Damenin tikə-tikə doğranmasını tələb edir. Zindanın həyətində danışmaq olmaz. Yol boyu davam edərik.

Parçalara ayrılsa da bir cərgə ilə düzülüb bir-birinin ardınca gedən qırxayaq bədəninin qırıntıları kimi yola düşürük.

Hə, deməli, xalq kraldan daha zalımdır, təcrübəmdən bilirəm. Kralda cəza öhdəlikdir, xalqda ehtiras. Bəzən kralı məyus edən cəza xalqı əyləndirir, kefini açır. Hərdən mənə elə gəlir ki, xalq kimin və niyə cəzalandırıldığı ilə, ümumiyyətlə, maraqlanmır, o, öz səfalətinin kinini soyutmaq üçün, sadəcə, qurban axtarır. Biz kəsdiyimiz başı krala bala batırıb aparırıq, xalq isə onu qanlı-qanlı görmək istəyir. Qədim Romada bizim işimizi xalq özü görürdü; məhkəmə məmurları məhkumu ölü balığı timsahlara atarcasına xalqın ağzına atırdılar, bir neçə dəqiqədən sonra zavallının hər tikəsi qulağı boyda olurdu. Üzümü gizlədiyim örtüyün arxasında ağlaya-ağlaya xalqın zəhləsi gedən çox ağıllı adamlar asmışam, doğramışam, boynuma alıram. Onları, sadəcə, xalqın xoşuna gəlmək üçün kral edama məhkum etmişdi, bunu zindanda hamımız bilirdik. Onlardan biri kimyaçı Antuan Lavuazyeni xatırlayıram. Mən onun edamında le Bretonun evimli tələbəsi kimi iştirak edirdim. Edamdan əvvəl zindanda qulağı eşidənlər hər gün bu böyük alimin yanında oturub saatlarla ona qulaq asırdılar. Mən də le Bretonun yanını kəsdirirdim. Lavuazye bizə təsəlli verib deyirdi ki, kəlbətinlərimizə hirslənməyək, bu həyatdır, hətta kralda da günah yoxdur, çünki onun xalqın xoşuna gəlmək kimi axmaq bir borcu var. Məsələn, bizim kral – kimyaçı alim danışırdı – bilir ki, xalq keçmişdə yaşamaq istəyir. Çünki keçmiş sınaqdan keçirilmiş təcrübələrin rahatlığının, risklərin azlığının, ya da tamamilə yoxluğunun, bütün qurbanların verildiyi ruhani-psixi qulağıdincliyin vətənidir. Gələcək isə yeni təcrübələr, yeni risklər, yeni qurbanlar deməkdi. Xalq buna görə gələcəyə can atanları sevməz, onları ya öz əliylə yox edər, ya da şərləyib krala çuğullayar ki, edam etdirsin. Bizim xalq da keçmişdə yaşamaq istəyən xalqlardan biri olduğu üçün öz gəncliyini, gələcəyini sevmir, ona inanmır, ümid bəsləmir. Öz övladlarına xor baxır, onlara etibar etmir. Gənclik onun gələcək qorxusunu oyadır. Xalqın keçmişə olan sevgisi o qədər güclüdür ki, üzü o yana davam edərək ölülər dünyasına uzanır. Qurbanı Lavuazyenin zəkasına hiss olunacaq dərəcədə qibtə edən ustadım Le Breton da həmişə deyirdi ki, ölüm insanın keçmişidir. Çünki cənnətə və cəhənnəmə aparan yollar həmişə keçmişdən keçir. Biz ölüb geri qayıdırıq, ya da geriyə, öz keçmişimizə qayıtmaq üçün ölürük. Xalqın öz keçmişində ölüm qorxusu olmur, çünki keçmişdə ölmək mümkün deyil, həm də artıq orada bir dəfə ölüb. Yenidən ölmək üçün yolun gələcəkdən keçməlidir. Xalq öz keçmişində ona görə yubanmaq istəyir ki, gələcəkdə ölməkdən qorxur. Gələcək ona ölüm vəd edir. Xalqı və insanı keçmişdə saxlayan qorxaqlığıdır. Keçmişdə əbədilik duyğusu var. Ustadım le Breton, nəhayət, susur və Lavuazye sözünə davam edir: Gələcək isə cəsurlara məxsusdur! O cəsurlara ki, xalq onların edamına tamaşa etmək üçün bir həftə əvvəlcədən uşaqlı-böyüklü hamama gedib çimib hazırlaşır. Yeni təcrübələrdən, yeni risklərdən, yeni qurbanlardan qorxmayanların edamı xalqın öz keçmişinə olan ümid və inamını gücləndirir. Keçmişi sevənlər deyir ki, “ölüm haqdır”, gələcəyi axtaranlar üçün isə ölüm haqq deyil, aktdır. Haqq olan yaşamaqdır, bunu sizə üç-beş gündən sonra boş yerə edam olunacağını bilən bir insan kimi deyirəm. Yalnız yaşaya bilməyənlər, yaşamaq istəməyənlər ölümü haqq edir. Qorxaqlığın eqoizmidir bu; özünü özünə fəda etmək! Keçmiş qorxaqların eqosudur. Onun gücü özündən zəiflərə çatır. Keçmişi sevənlər buna görə öz gəncliyini əzir, çünki xalq gələcəyə onu yox etmək ehtimalı olan bir ilğım kimi baxır. O, sadəcə, yox olmamaq barədə düşünür və hər bir xalq yaşamaq üçün həmişə öz övladlarını qurban verir, - Lavuazye sözünü bitirib zindanbaşı Simondan çaxır istəyir.

Dişim... dişim... Mərdiməzar dişim... Bic dişim... Ulamaq istəyirəm...

Keçmişdən, xalqdan danışdıqca, cinlənirəm, ona görə də dişim daha bərk zoqquldayır. Yaxşı şeylərdən danışaq. Deməli, edam etdiyimiz məhkumların əşyaları biz cəlladlara çatdığı üçün zindandakı hücrəm o ağıllı adamların qanunla mənə çatacaq mirasları ilə doludur. Miras da nə olsa yaxşıdır, cürbəcür kitablar, tablolar, heykəlciklər, bir növ, gələcəyə qoyulmuş beyin sərmayəsi. Səfeh cinayətkarların mirası da özləri kimi səfeh ayın-oyundan ibarət olur və onların zir-zibilinə burada arabaçı Çapeldən başqa heç kim yiyə durmur. Ən yaxşı miras edam etdiyimiz saray və sənət adamlarından qalır; birincilərinki bahalı olur, ikincilərinki dəyərli. Arvadım və övladlarım olmadığı üçün onları “bit bazarı”nda bizim zibildaşıyan Çapelin əli ilə dəyər-dəyməzinə satdırıram. Soruşa bilərsiniz ki, Damenin var-dövlətindən mənə nə çatacaq? Kralımız içki və qadın düşkünü olsa da, o qədər də axmaq adam deyil; həkimlər budundakı yaranı sarıyıb qurtarmamış sərsəri oğlu Dameni oğulluqdan məhrum etdi, bütün mirasını əlindən alandan sonra zindana göndərdi. İndi onun əynindəki cır-cındırdan savayı heç bir sərvəti yoxdur. O palaz şiltəsini də biz geyindirmişik ona, krala qalsaydı, edam olunmaq üçün götüaçıq çıxacaqdı xalqın qarşısına zavallı. Yaxşı ki, zindanın öz qanunları var. Yazıq Damen! Bir ona baxın, necə də öz çarmıxını belinə alıb Qolqofa qalxan İsaya oxşayır. ... Dişim! ...İlahi, nə qəddar ağrılar gizləmisən canımızda... Bu qədər az bir ömür üçün bu qədər ağrı çeşidi çox deyilmi? Hələ deyilənə görə, qarşıda cəhənnəm əzabı da var... Nə pisliyimiz keçmişdi sənə, pərvərdigara?... Əzrayıl dişim... Cəllad dişim...

Artıq Qreve meydanında, xalq məhkuma verəcəyimiz hər işgəncənin dəhşətini daha yaxşı görsün deyə dünəndən qurulmuş darağacı taxtının üstündəyik. Bura yoxsul bir yerdir. Taxtın ortasına bərkidilmiş yan-yana iki tir, məhkumun əllərini və ayaqlarını bu tirlərə sarıyacağımız bir neçə qulac kəndir və cəllada, yəni mənə lazım olan əşya sandıqçası, bir də hər ehtimala qarşı bir kötük! Taxtın arxa tərəfində isə işin tilsimli gizlini: işgəncə alətləri masası və hökmə uyğun olaraq, bəzən yağ, bəzən qurğuşun qaynatmaq, edam tamaşasının uğuru üçün məhkuma daha şiddətli ağrılar verməkdən ötrü bəzi dəmir işgəncə alətlərimizi qızaranacan isitmək üçün edam boyunca yanan ocaq. Bir azdan, onsuz da, necə işlədiyimizin şahidi olacaqsınız, ona görə peşə sirləri haqqında bazar açmağa lüzum görmürəm.

Məhkəmə katibi gülməşəkər Darsel hökmün möhürləndiyi kağızı mənə verib gedir. Mən və üç köməkçim gün boyunca bu taxtın ortasında iki tirə haça-paça bağladığımız və xəcalətindən qıldan incə boynunu büküb üzünü kirli saçlarının arasında gizləyərək aşağıdan üfunət kimi ucalan xalqın hiddətli söyüşlərinə və edamı həmən başlamaq tələblərinə qulaq asan Dameni hökmə uyğun edam edəcəyik. Xalq uğuldadıqca dişim daha da zülmkarcasına ağrıyır, huşumu itirməsəm yaxşıdır. Sarayda hamı Dameni ağzısöyüşlü, üzü götündən qırmızı biri kimi tanıyır; nə əcəb xalqı söyüb, yuxarıdan-aşağı üzlərinə tüpürmür, məəttələm. Çox kədərlidir, deyəsən, bir az da peşman olub, lap çarmıxda özünə yas saxlayan İsa kimi. Görünür, atasının, möhtərəm kralımızın budundakı bir cızığa görə onu, doğmaca oğlunu bu cür təhqiredici bir amansızlıqla cəzalandıracağını gözləmirmiş. Qorxuram bu da ilk tikəsi qoparılanda eynən İsa kimi qəfildən bağıra ki, ata, məni niyə tərk etdin! Tanrı bizi bircə o gündən saxlasın.

İfritə dişim!..

Köməkçilərimə kəlbətinləri qızdırmaq üçün əlimlə göstəriş verirəm. Çünki hökmə görə əvvəlcə Damenin qısır məmələrini, qollarının, ayaqlarının, qabırğalarının şahzadə ətini qızmar kəlbətinlərlə bir-bir qoparıb yerinə əridilmiş qurğuşun və qaynar yağla qarışdırılmış kükürd tökəcəyik. Təcrübəmdən bilirəm ki, kralın budunu doğma oğlu deyil, başqası, məsələn, bizim bu arabaçı Çapel yaralasaydı, cəzası bu qədər ağır olmayacaqdı, amma saray adətinə görə, krallar xəyanət etmiş ailə üzvlərini, yaxud ən yaxın dostlarını, məmurlarını daha sərt cəzalandırmalıdırlar. Çünki tanrının ən asi düşməni ən çox sevdiyi mələyi Şeytan olduğu kimi, kralın da ən kinli düşmənləri, adətən, ən çox sevdiyi doğmaları olur. Qanuna əsasən, cəllad işgəncə vermədiyi müddətdə məhkuma yaxınlaşa bilməz, məhkumla cəllad arasında bir rəsmiyyət pərdəsi olmalıdır. Yoxsa kəlbətinlər gələnə qədər Damenə yaxınlaşıb onun üçün gətirdiyim çətənə toxumlarını nə yollasa ağzına doldurardım. Cəllad olsaq da, biz də insanıq. Ustadım le Breton mənə vəsiyyət edib ki, günahı olmayanlara, ya da az olanlara edam zamanı çətənə toxumu verim, mən də bunu özümdən sonra cəllad olacaq qaraçı uşağa vəsiyyət edəcəyəm. Çətənə toxumu məhkumu kefləndirir, ona görə də ağrı hissi zəifləyir, hətta işgəncə zamanı çətənə həzzindən hırıldayan bədbəxt məhkumlarım olub. Bəlkə də, bu toxumlar günahkarların bu dünyadakı ağrılarını azaltdığı kimi, bizim də o dünyadakı əzablarımızın azalmağına vəsilə olacaqlar, allaha təvəkkül! Yəqin, sizə kitablarda edam zamanı meydana yığılmış xalqa şeir oxuyan, yaxud nitq söyləyən tarixi şəxsiyyətlərdən dəm vurublar, bax, onlara dəriləri soyularkən bülbül kimi cəh-cəh vurduran kitablarda yazıldığı kimi “sınmayan qürurları”, “yenilməz iradələri” filan deyil, biz cəlladların edamdan əvvəl onların ağzına doldurduğumuz ovuc-ovuc çətənə toxumlarıdır. Bəzən mən özüm də səfeh məhkumları kəsib-doğrayanda, yaxud paza keçirəndə bu toxumlardan bir-ikisini ağzıma atıram ki, bədbəxtin ah-ufunu vecimə almayım. Hətta pazakeçirmə o qədər uzun çəkən bir prosesdir ki, pazı məhkumun dalından soxub içalatını yaralamadan ağzına doğru düymə-düymə irəlilətdikcə həm bizim, həm məhkumun səbri tükənir. Vaxtı hiss etməyək deyə bu toxumlardan həm özümüz çeynəyirik, həm də məhkuma bol-bol çeynədirik. Dalında paz lətifə danışan məhkumlar görmüşəm mən. Amma kralın oğlu ilə belə zarafat eləmək olmaz, cinayətkar da olsa, o bir kral oğludur, təsadüfi bir yalnışlıq içməli olacağım qaynar qurğuşun deməkdir.

Zavallı Damenin də sən deyən günahı yoxdur, yazıq, sadəcə, tanrının əmrini yerinə yetirib, əyri qəməsi ilə qəfildən xoruz kimi üstünə hoppanıb kralın budunu çərtib, vəssalam! Ona bir ovuc çətənə toxumu ana südü kimi halaldı. Eybi yox, qolundan ilk tikəni qoparanda danışmaq və toxumları onun ağzına doldurmaq fürsətim olacaq. Qoy o, mənim kimi ağrıdan qıvrılmasın, vay dişim... yiyən ölsün elə!

Aha, qızmar kəlbətinlər gəldi, köməkçim onları sinidə buğlanan quzu qabırğaları kimi yan-yana düzüb gətirir. Digər iki köməkçim isə darağacı taxtının xəlvətində qurğuşun əritməklə məşğuldurlar. İşgəncəyə hazırlıq prosesini xalq görməməlidir; xalq sirrini öyrəndiyi qorxunu itinə atır.

Əlimdə qızmar kəlbətin Damenə yaxınlaşıram. O, əlləri və ayaqları dirəklərə bağlı halda, sanki, istidən təntiyən qarğa kimi qanadlarını açıb dayanıb, başı köksündədir. “Damen, sənə çətənə toxumları gətirmişəm, başını yuxarı qaldırıb xalqa göstərmək üçün əlimi çənənə aparanda hamısını ud, ağrılarını azaldacaq, yaxşımı?” – astaca deyirəm və şəstlə onun çənəsindən yapışıb üzünü ona daha yaxından nifrət etsin deyə xalqa göstərirəm. Bu zaman Damen çətənə toxumlarını ovcumdan sovurub udur. Xalq Damenin ovcumdakı yarıörtülü üzünü görüb uğuldayır, bir anda taxtın üstünə tüpürcək qarı yağır. Yaxşı kı, saçları uzundur bədbəxtin, nəinki çətənə toxumu, bir şaqqa ət də yesə, şübhələnən olmaz. İlk dəfədir uzun saçların bir kişinin işinə bu qədər yaradığının şahidi oluram. Bir az gözləmək lazımdır ki, toxumların təsiri Damenin bədəninə yayılsın, o vaxta qədər kəlbətinlər də bir az soyuyacaq. Üzü güləndə ilk tikəni qoparacağam. Qızmar kəlbətini asta-asta əlimdə rahatlayıram. Damen özündən asılı olmadan saçlarının altında hırıldamağa başlayır və mən qəfildən kəlbətinlə onun sağ qolunun əzələsindən bir tikə qoparıram, xalq qopan tikəni görüb aldığı ləzzətdən ufuldayır, Damen qolundan sallanan dəriyə baxıb zarıyır. “Çoxmu ağrıtdı?”- astadan soruşuram, əslində, nəinki soruşmamalıyam, hətta əlimdən gələni etməliyəm ki, çox ağrıtsın. “İsa buradadır!” – Damen əzabla hırıldayır, - “İndicə onu gördüm”. Deyəsən, çətənəsini artıq verdim, bədbəxtin, xəyal görməyə başlayıb, dəni bir az da bol olsa, peyğəmbərliyini elan edəcək, yəqin. Ax, zavallı inanclılar... müqəddəslik də sizi çətənə kimi hayıl-mayıl edir, ağrılarınızı unutdurur.

Uf... dişim! Elə bil, beynimə iynə batırırlar... Of...

Köməkçilərim qaynar qurğuşun ləyənini gətirirlər. Xalq növbəti ağrı üçün uğuldayır! Başqasının əzabları ona müftə həzz verir, xəstə yığını! Hökmə görə, hər qopardığımız yaraya bir çömçə qaynar qurğuşun tökməliyik. Ehtiyatda qaynatmaq üçün donuz yağımız da var, əgər qurğuşun qurtarsa, yağ əridəcəyik. Yaraya qaynar qurğuşun, yaxud yağ tökmək ağrını şiddətləndirməklə yanaşı, həm də qanaxmanı saxlayır, bu da məhkumun edamın sonuna qədər sağ qalıb cəzanı bədənində axıradək hiss etməsinə kömək edir. Bizə, krala və xalqa da bu lazımdır; daha çox işgəncə, daha gec ölüm. Ləyəndən bir çömçə gümüşü rəngli vəhşət götürürəm və Damenin qolundakı yaraya tökürəm. Damen dartınır, dişlərini sıxıb ufuldayır, amma saçlarının arasında şeytan kimi hırıldamağından da qalmır. Budəfəki çətənə toxumları, doğrudan da, əladır, özüm də dadına baxmışam.

“İsa buradadır!” yenidən pıçıldayır. Mən çömçəni ləyənə qoyub köməkçilərimə onu aparmalarını işarə edirəm. “İsanın burada olması” bizim də işimizə yarayacaq, təcrübəmdən bilirəm. Dar ağacında olan məhkumların tanrı, İsa, ya da hər hansı yaxın birinin ruhuyla əlaqəyə girməsi ölümün dəhşətini azaldır, hətta bəzən o yalançı ruhlar məhkuma elə bir güc verir ki, biz öz işgəncələrimizin zəifliyindən utanası oluruq. Mənə elə gəlir ki, ölülər və dirilər bir yerdə olunca, zamanlar və məkanlar bir-birinə qarışır, mövcud həyat bir anlıq yoxa çıxır. Hətta bəzi edamlarda müqəddəs ruhla qaynayıb-qarışan məhkum elə ekstaz həddinə çatır ki, biz belə onları bir-birilərindən ayırd edə bilmirik. Bədən və ruh arasındakı fərqin yoxa çıxdığı andır bu. Diri ikən ölünü yaşamaq! Bədən ikən ruh olmaq! Bir az məni aşan məsələlərdir. Gərək vaxt edib bir dəfə keşişimiz Kolberin saqqızını oğurlayım, görüm kilsənin fikri nədir bu barədə. Bəzən edamına şəxsən tanrının özünün təşruf buyurduğu məhkumlar da olur, bu vaxt onlar elə qudururlar ki, bizi ələ salmaqdan belə çəkinmirlər, biz isə iş başında soyuqqanlı olmalı olduğumuz halda əsəbdən məhkuma şəxsi düşmənimiz kimi baxmağa başlayırıq, amma bu da yolverilməzdir. Məhkum düşmən deyil, günahkardır. Düşmənlə günahkarın fərqi var. Düşmən nifrətinə, günahkar niyyətinə görə cəzalandırılır. Damen kralın budunu ona nifrət etdiyi üçün çərtməyib, niyyəti Tanrının əmrini yerinə yetirmək olub və budur, tanrı öz elçisini onun ağrılarını unutdurmaq üçün göndərib.

...Vay dişim... ağrıdan başım hərlənir, it ölüsü dişim...

Köməkçim növbəti dəfə kəlbətinləri qızdırıb gətirir. Bu dəfə Damenin məməsinin birini qoparacağıq. Xalq Damenin məməsinə yaxınlaşan kəlbətini görüb nəfəsini saxlayır ki, kəlbətin onun ətini qoparanda ağrının çığırtısını eşitsin. Belə də olur, qızarmış kəlbətin Damenin məməsinə toxunanda “cızzz” deyə bir səs çıxır və ətrafı yanıq ət və tük qoxusu bürüyür, arxasınca Damen erkək axtaran dişi pişik səsiylə çığırır və susur, qopub sallanan məməsinə baxıb acı-acı hırıldayır. “Yenə İsanı gördünmü, Damen?”, - mən astadan soruşuram. “Hə, o, nəfəsini yarama üfürür” – Damen deyir və gülümsünür. - “O, mənə ölmək üçün kömək edir”. Qaynar qurğuşun ləyəni gəlir, mən bir çömçə əridilmiş qurğuşunu, sanki, Damenə içirəcəkmiş kimi sifətinin önündə tuturam, xalq nifrətlə uğuldayır və qurğuşun Damenin qopan məməsindən axıb aşağı tökülür, dərhal taxta döşəmədə donur.

...Uuuuu.... dişim, dişim!

“Niyə mahnı oxuyursan”, - Damen prtlaşıq saçlarının arasından soruşur, dişimin ağrısından ulamağımı mahnı kimi eşidir. “Sənin ağrılarının səsini eşitməyim deyə oxuyuram, Damen, iş vərdişidir, fikir vermə”. “Mənim ağrım yoxdur ki, İsa yaralarımı üfürür, ağrı uçub gedir”. “O, hələ burdadırmı?” “Hə, biz birlikdə gedəcəyik”. Zavallı Damen... artıq ağrıdan ağlını itirib.

Gün günorta olub. İstidən kölgələrimiz paçalarımızın arasına qısılıb. Ətinin qoparılmaq növbəsi Damenin ayaqlarına çatıb. Qollarına və məmələrinə nisbətən ayaqlarının dərisi və əti daha bərkdir, həm də tüklü. Ətrafı bu dəfə yanıq ət qoxusundan daha çox yanıq tük qoxusu da bürüyüb. Kəlbətinlə Damenin sağ baldırının ətini qoparıram, o dartınır, amma daha səsi çıxmır, deyəsən, daha ağrıya müqavimət göstərə bilmir. Mənim vəziyyətim daha acınacaqlıdır. İşgəncə vermək üçün məhkumun önündə diz çökmüşəm, üstəgəl, dişimin ağrısı başımı dağıdır, az qalıram, Damenin yarasına tökdüyüm qaynar qurğuşunun bir çömçəsini də öz ağzıma boşaldım. Ayağa qalxıb kəlbətini qızdırmaq üçün köməkçimə verirəm və Damendən soruşuram. “İsa hələ də buradadırmı?” “Mən İsanın özüyəm, Damenin ruhunu yola saldım, qoy gedib dincəlsin!” Damen işgəncədən olan-qalan ağlını da itirib artıq, ya da məni ələ salır. Onu yoxlamaq qərarına gəlirəm. Guya, ölüb-ölmədiyindən əmin olmaq üçün xalqda şübhə oyatmadan onun sifətinə yaxınlaşıram, “Damen, əgər sən həqiqətən İsasansa, üfür, mənim də dişimin ağrısı yox olsun, beynim dağılır”. “Üzünü yaxınlaşdır”, - qondarma İsa Damenin ağzıyla deyir. Xalqın və məhkəmə katibi gülməşəkər Darselin istidə təntidiyindən istifadə edib soyuqqanlılıqla üzümü məhkuma bir az da yaxınlaşdırıram, sanki, onun ölüb-ölmədiyini dönə-dönə yoxlayıram və çənəmdə sərin bir nəfəs hiss edirəm. Dişimin ağrısı dərhal yox olur. “Sənə müqəddəslik verilib, Damen! Tanrı səni yanına çağırır”. Damenin saçlarının arasından İsanın kilsədəki gənc üzü əzabla gülümsəyir: “Damen artıq ordadır, mən İsayam, hər bir xristianın əvəzinə əzab çəkməyə məhkum olunmuş Tanrının oğlu, dedim axı sənə, Parsifal! Unutma, bütün insanlar can verəndə müqəddəsləşir”.

Mən qorxuya düşürəm və dişimin ağrısı yenidən şiddətlənir, əlimlə çənəmi ovuşdururam. Xalqın bağırtısı beynimi gəmirən ağrını daha da qəddarlaşdırır. İmkanım olsa, bu dəqiqə Damenin, ya da İsa olsun, mənim üçün fərqi yoxdur, yaralarına tökdüyüm qaynar qurğuşunu yuxarıdan-aşağı xalqın təpəsinə əndərərəm. Mən cəlladam, işimi görürəm, nədir axı bu adi insanların başqasını cəzalandırmaq ehtirası?

Qızmar kəlbətinlər gətirilir, son olaraq Damenin qabırğalarının ətini qoparacağıq. Kəlbətini götürüb Damenin qabırğasına doğru uzadıram. Bayaqkı əzab içində gülümsəyən üz yenə deyir: “Orada, sol tərəfdə iki qabırğanın arasında yara yerini görürsənmi, Parsifal, sənə tanış gəlirmi?” Əyilib baxıram və keçirdiyim qorxudan ağzımla bərabər barmaqlarım da açılır, kəlbətin əlimdən düşür. Damenin sol tərəfdə ürəyinin altında iki qabırğanın arasında dərin bir yara yeri ver. “Nizənin yeridir, xatırladınmı? Sən məni bir dəfə də öldürmüsən, Parsifal, amma yadına gəlmir”. “Müqəddəs İsa, mənə yazığın gəlsin, məni bağışla” deməkdən özümü saxlaya bilmirəm, “mən ancaq kralların əmrini yerinə yetirirəm”. “Mən də Tanrının əmrini yerinə yetirirəm, Parsifal, narahat olma, hər ikimiz böyük günahların nökərləriyik”. İsa tər süzülən saçlarının arasından deyir. Mən qızarmış kəlbətinlə onun köhnə yarasını təzələyirəm və yaraya qaynar yağ tökürəm. Yağ yarada cızıldayır və darağacının ətrafındakı işgəncəni yaxından görmək istəyən insanlar bağıraraq dillərini uzadıb yarada cızıldayan qanqarışıq yağı yalamaq istəyirlər. Dişim qəfildən elə sancır ki, az qalıram, əlimdəki kəlbətinlə əngimə var gücümlə bir zərbə endirim.

“Dişin yenə ağrıyırmı, Parsifal?” Damenin əzablarını çəkən İsa ağrıyan səsi ilə soruşur. “Həm də necə!” – Özümü və işimi göylərin elçisinin yanında təmizə çıxarmaq üçün eyni ağrılı səslə ufuldayıram. - “Beynimin içində, sanki, qədim bir yara sızıldayır”. “Qədim yara!” – İsa əzik-əzik gülümsəyir, - “Məndə o yaralardan çoxdu, Parsifal!” “O yaralar səni ağrıtmır?” – çox yersiz bir sual verdiyimi özüm də hiss edib, cavab gözləmədiyimi bildirmək üçün əlimdəki kəlbətinin açılıb-bağlandığını yoxlayıram. Xalq bu hərəkətimin qoparılacaq növbəti tikə üçün olduğunu zənn edib çiy ət görmüş yırtıcı iştahası ilə dişlərini şaqqıldadır. “Mənim yaralarım özümündür, Parsifal, ağrılarım isə başqalarınındı. Başqalarının ağrıları az incidir”. İsanın ölüvay nitqində “ağrı” kəlməsini eşitdikcə dişimin ağrısı lap şiddətlənir. Birdən İsanın nəfəsi yadıma düşür. Məhkumun ölüb-ölmədiyini yenidən yoxlayırmış kimi ona yaxınlaşıram, çənəmi ağzına yaxınlaşdırıb yalvarıram: “İsa, dişimin ağrısı öldürür, mənə yazığın gəlsin, yenə üfür, tanrı xatirinə!” İsa dodaqlarını büzür, amma nəfəsi gəlmir, deyəsən, taqəti qalmayıb artıq, yalnız üçüncü cəhddə çənəmdə quş tükünün sərin yüngüllüyünü hiss edirəm və ağrı dərhal kəsir.

“Vaxt nə gec keçir, Parsifal?” – İsanın ruhu şikayətlənir. “Sən indi mənim zamanımdasan, Tanrının oğlu, ömrünün çoxunu zindanda yaşamış və həmişə insan əti çeynəmiş bir qocanın zamanında”, - mən əyilməkdə olan günəşi süzüb cavab verirəm, - “Qocalar zamanı yavaşladır, cavan oğlan”. Susuruq. Xalq şəhərə soxulub dağıtmağa, yox etməyə bir şey axtaran və çənginə keçən balaca bir uşaq oyuncağını yerə-göyə çırpa-çırpa küçələri dolaşan fırtına acgözlüyü ilə uğuldayır; Damenin dara çəkilmiş yaralı bədənini istəyir, onu dişləri, dırnaqları ilə parçalayıb qəzəbini soyutmaq istəyir, barmaqlarını gəmirmək, gözlərini oymaq istəyir, bağırsaqlarını ayaqlarına dolayıb arxasınca sürümək istəyir, başını qoparıb yerə yapışdırana qədər tapdalamaq istəyir, ürəyini çıxarıb qanını nar kimi ağzına sıxmaq istəyir... Ustadım le Breton danışırdı ki, Sasani şahı Şapur əsir aldığı Roma imperatoru Valerianusu edam etdirərkən xalq öz nifrətini o qədər körükləyir ki, Şapur bu nifrətin üsyana çevriləcəyindən qorxuya düşür və sakitləşsin deyə cəlladlara imperatorun soyulmuş dərisinə saman təpib xalqa vermələrini əmr edir. Cəlladlar belə də edirlər. Xalq Valerianusun müqəvvasını gecə-səhərəcən küçələrdə sürüyərək son samanına qədər parçaladıqdan sonra sakitləşib yuxuya gedir.

Burada da xalq artıq Damenin günahını unudub. O, indi ancaq özünə əzab verən nifrətindən qurtulmaq istəyir. Xalq öz nifrətinin özünü şikəst edəcəyindən qorxur. Nə yolla olur-olsun bu qəzəb dinclik tapmalıdır. Lap dərinə getsək, xalq Damenə bu qədər nifrət etdiyinə qəlbinin əlçatmaz gizlinlərində, bəlkə, peşman da olub. Ancaq gecdir, nifrət bir insana bəslənəcək həddi çoxdan aşıb, o, artıq yırtıcılığa çevrilib. Onu indi ancaq qan sakitləşdirə bilər... qan... qan... qan... Xalq qan tələb edir, daha çox qan istəyir, içib doya biləcəyi qədər yox, içində üzə biləcəyi qədər qan... Düzünü söyləməyə qalsa, indi Damenin canı xalqın əlində deyil, xalqın canı Damenin əlindədir. Əgər indi, lap elə bu an kralımız – tanrı onun köməyi olsun – Dameni bağışlasa, xalq kinindən ağlını itirəcək və özünə xətər yetirəcək, yəni sirkə öz qabını sındıracaq. Deyim necə olacaq. Əvvəlcə Damenin bağışlanmasına haqq qazandıran biri çıxacaq ortaya, sonra ona etiraz edənlərin sayının çox olduğunu görüb başqaları da Damenin bağışlanmasına haqq qazandıracaq. Beləliklə, xalq iki yerə bölünəcək. Damenin edamına sevinənlər onun bağışlanmasına sevinənləri özlərinin düşməni elan edəcəklər. Xalq özü öz içindən öz düşmənini doğacaq və hücum edib özünün doğduğu doğma düşmənini parçalamaq istəyəcək. Bütün şəhər qan gölünə dönəcək. Nəhayət, xalq qəzəbini sakitləşdirən o qan gölündə üzüb sakitləşəcək. O qanın xalqın öz qanı olduğunu isə gələcək nəsillər lənətlə xatırlayacaq. Tarix həmişə sonranın söhbətidir.

Mən Damenin dirəklərdən sallanan, başı köksünə düşmüş ölüvay bədəninin dibində, ayaqlarının, az qala, altında edam kötüyünün üstündə oturub atların yolunu gözləyirəm. Hökmə görə, cəlladlar, yəni mən və köməkçilərim kəlbətinlə Damenin ətlərini qoparıb, yaralarına qaynar qurğuşun tökdükdən sonra əsgərlər onu meydanın ortasında xalqın əhatəsində dörd ata bağlayıb şaqqalayacaqlar. O artıq bizim işimiz deyil, biz, sadəcə, Damenin bədənini atlı əsgərlərə canı üstündə təhvil verməliyik. İndi tanrıdan yeganə istəyim atlılar gələnə qədər Damenin canını almamasıdır. İsanın gəlişi mənə ümid verir. Hər halda, indi Damenin bədənində İsanın ölməz ruhu əzab çəkir. Mənim üçün, peşəm gərəyi, orda kimin ruhunun əzab çəkməsinin heç bir fərqi yoxdur. Məhkum edam zamanı ölməsin, bu, mənə yetər. Yenə də sağ olsun İsa, bu dəfə də onun ruhu sayəsində indi oturduğum kötüyün üstünə başımı deyil, götümü qoymuşam. Ağlımdan keçən fikrə gülməyim gəlir, amma özümü saxlamalıyam, xalq güldüyümü görsə, ürəyiyumşaqlığımdan şübhələnəcək və məhkuma mərhəmət etdiyimi düşünüb qiyam qaldıracaq. Ancaq gülməyim gəlir, öz-özünə, məndən asılı olmadan üzüm gülmək istəyir. Fikrimi yayındırmalıyam, bəlkə, Damenin yaralarına baxım. Baxıram, hamısı gülməli yaralardır. Bəlkə, gözümü yumub xalqın qəzəbli uğultusunu dinləyim, gözümü yuman kimi aşağıdan boğazıma tıxanan şaqqanağı zorla boğuram. Xalqın ağzının-burnunun suyu bir-birinə qarşımış qəzəbli sifəti yumulu gözlərimin önündə yediyi qatığı ağız-burnuna yaxmış səfil uşaq kimi canlanır. Ən yaxşısı gözümü açım. Gözümü açıram və başımı qatmaq üçün əlimdəki, köməkçimə qaytarmağı unutduğum kəlbətinlə Damenin ayağımın altına axıb laxtalanmış qanında bir şeylər cızmağa başlayıram.

Çöhrəsindən qəmginlik yağan günəş artıq yuvasının dərinliklərinə çəkilib üstünü torpaqlamağa hazırlaşan tarantulasayağı bir astagəlliklə Paris kilsəsinin və ətrafdakı köhnə dördkünc evlərin arxasında batmağa başlayıb. Öləziyən şüalar bu parlaq hörümçəyin uzun ayaqları kimi divarların arasından geri çəkildikcə Parisin qan damarı olan Sena çayını bir neçə yerindən doğrayıb qanına qəltan edir.

“Orada nə yazırsan, Parsifal?” İsa Damenin köksünə düşmüş başını qaldırmadan halsız-halsız soruşur. “Xalq fahişəni daşlamaq istəyərkən sənin çubuqla qumlara yazdıqlarını” – İsanın yadına İncildəki, öz bioqrafiyasının kitabındakı məşhur səhnəni salıram. – “Sən həmin vaxt qumlara nə yazmışdın, Məsih?” “Heç bir şey, sadəcə, o bədbəxt qadının üzünə baxa bilmədiyim üçün başımı quma soxmuşdum. İnsanların böyük günahkarların qisasını kiçik günahkarlardan daha amansızlıqla aldığını görüb yasa batmışdım”. “Mən də səni gizləyən Damenin üzünə baxa bilmədiyim üçün qana qərq olmuşam, bizdə qum olmur, neyləyək!”. “Atlılar nə vaxt gələcək?” – İsa mövzunu dəyişir. “Sən atlıların gələcəyini hardan bilirsən?” – deyə soruşmaq istəyirəm, amma başımın üstündə Damenin bədənində gizlənmiş İsa peyğəmbərin olduğunu düşünüb ağzıma dolan bir ovuc sözü qusmağa utandığım qusaq kimi yenidən geri uduram. “Sən Damenin yaralı bədənini onlara təhvil verib hara gedəcəksən, Məsih?” “Onu allah bilir” – İsanın səsindəki istehzanı hiss edirəm. Çox keçmədən bu istehzanın əsl səbəbi aydın olur. – “Görəsən, məni hansı səhvinin əzabını çəkməyə göndərəcək!” “Tanrının səhvimi?” – qorxu və dəhşət içində altdan-yuxarı Damenin üzünə baxıram. “Mən özüm də onun səhvinin nəticəsi deyiləmmi?” – İsa söhbəti daha da ciddiləşdirir. Qorxumdan dişim yenidən ağrımağa başlayır. – “İnsanların günahları, tanrının səhvləridir”, - İsa lap ağ eləyir.

Bu vaxt yəhərlərində yaraşıqlı əsgərlər oturmuş dörd at arpa yeməkdən dərisinə sığmayan gözəllikləri ilə miskin insanları heyran edərək, onları saymazyana şəkildə sinələri ilə yararaq edam taxtına yaxınlaşır.

“Hələlik, Parsifal, biz gedirik” – İsa Damenin köksünə düşmüş başı ilə mənimlə vidalaşır. Kötüyün üstündən qalxıb “gördüyüm işi onbaşına təhvil verməyə hazırlaşırmış kimi məhkuma yaxınlaşıram, dişimin ağrısı beynimdə yenidən başı kəsilmiş ilan kimi qıvrılır. “İsa, yalvarıram, son dəfə üzümə üfür, dişimin ağrısından dəli olmaq üzrəyəm!” Sifətimdə yenidən zərif quş tükünün sığalını hiss edirəm, İsa Damenin olan-qalan gücü ilə çənəmə üfürür. Ağrı tüstü kimi çəkilib yox olur. “Sən niyə ancaq Damenin edamına gəldin, mən illərdir burada insan doğrayıram, amma səni heç görmədim, hardaydın, Məsih?” – Damenin ölüm yuxusuna dalmış bədənini atlı əsgərlərə təhvil vermək üçün yaralarında bir qüsurun olub-olmadığını yoxlaya-yoxlaya soruşuram. “Bu gün, sadəcə, yolum Damendən keçirdi, Parsifal, mən öz dünyasını axtaran bir sərgərdanam!” – İsa könülsüz cavab verir. Onbaşı atlı əsgərlərə üfüqün dörd istiqamətində düzülmələri üçün göstəriş verə-verə yuxarı qalxır. - “Hara gedirəmsə, orada əvvəlcədən var olduğumu görürəm, mən heç vaxt olmadığım dünyanı axtarıram. Bütün kainatda özüm öz yerimi zəbt etmişəm, özümdən ayrılmaq, tək qalmaq, hətta yoxa çıxmaq istəyirəm, Parsifal!” – İsa zarıyır. “Bəs mən, bəs Damen, arabaçı Çapel, keşiş Kolber, bizdən də varmı kainatda, yoxsa kainat ancaq siz müqəddəslərlə doludur?” – İsanın sayıqlamalarına inanmağım gəlmir. “Bütün dünyalarda varsınız, olacaqsınız, mənim kimi öz əlinizdən öz başınızı götürüb tək qala biləcəyiniz bir yer axtaracaqsınız. Ölüm yoxdur, Par... si...fal...”

Onbaşı yaxınlaşıb Damenin nəbzini yoxlayır. İsanın səsi kəsilir. Damen sağdır, amma heç nə hiss etmir. Onbaşı əlinin işarəsi ilə iki əsgər çağırır. Onlar Damenin yaralarının əti sallanan bədənini dirəklərdən açır və atlara qoşub şaqqalamaq üçün sürüyə-sürüyə aparırlar.

Xalq ac vəhşi kimi əzabla ulayır.

Damenin bədəninin aşağı düşürülüb əllərindən və ayaqlarından dörd ata bağlandığını, sonra əsgərlərin xalqı sinəsindən geri itələyib meydanı açdığını, nəhayət, onbaşının əmri ilə süvarilərin Damenin bədəninə bağlanmış atları qamçıladığını, amma var gücləri ilə dartınan atların inadına baxmayaraq, gənc bədən üzvlərinin bir-birindən ayrılmaq istəmədiyi üçün müqavimət göstərdiyini, bunu görən onbaşının və xalqın əsəbdən gözlərinin hədəqədən çıxdığını və onbaşının əmri ilə daha dörd atlının çağırıldığını, Damenin hər qoluna və hər ayağına iki atın bağlandığını, bu dəfə daha amansızlıqla qamçılanan səkkiz atın Dameni kağız kimi bir anda dörd yerə parçalayıb şəhərin dörd səmtinə çapdığını, eyni zamanda xalqın da dörd dəstəyə bölünüb Damenin atların sürüdüyü şaqqalarının arxasınca götürüldüyünü, hətta qaça bilməyən bir neçə qocanın diz çöküb Damenin meydana yaxılmış qanını yaladığını mənə xəbər verəndə bizim zibildaşıyan Çapel artıq zindanın həyətində edam alətlərini köhnə çəlləkdə yuyur, sonra da kirli məhkum köynəyi ilə qurulayırdı.

Zindanın ayaqyolundan dönəndə Damenin bədənini şaqqalayarkən atların qorxudan dəli olduğunu öz gözləri ilə gördüyünü deyən zibildaşıyan Çapelə candərdi qulaq asıb dişimin ağrısı ilə baş-başa qalmaq üçün hücrəmə tələsirəm. Ancaq Çapel əliylə başımı ona doğru əyməyimi istəyir. Deyəsən, gizli bir sözü var. “Öz aramızda qalsın, Parsifal. Bayaq keşiş Kolber məni öz hücrəsinə çağırmışdı. Adlarımızı dəyişməyə razı olduğunu dedi, amma and verdi ki, heç kimə deməyim. Bu təklif səndən gəldiyi üçün sənə deyirəm. Keşiş sənin fikrini dəstəklədi, dedi, Çapel “kilsədən gələn adam” deməkdir, əslində, mənim adım Çapel olmalıdır, Kolber isə “qaranlıq” deməkdir, sən də ancaq qaranlıqda iş görürsən, Kolberi də sən götür. Razılaşdıq, üstəgəl, keşiş dedi ki, bu adı ona verdiyimə görə günahlarımı bağışlasın deyə bu gecə tanrıya dua edəcək. Mən artıq Kolberəm! Zibildaşıyan Çapeli sırıdım keşişə! – bic-bic gülür - Ancaq öz aramızda qalsın, Parsifal, mənim Kolber olduğumu zindanda kimsə bilməsin deyə sən yenə də məni hamının yanında Çapel çağır. Onsuz da, özüm biləcəyəm ki, Kolberəm...”

Kolber olmaq xoşbəxtliyini mənimlə bölüşən zibildaşıyan Çapelin pıçıltısına qulaq asa-asa özümdən ixtiyarsız gözüm onun çəlləkdə yuduğu edam alətlərinə sataşır və bu an şüurumda, sanki, qorxunc şimşək çaxır. Mən axı bu gün bütün günü hücrəmdə ağzımın küncündə dilsiz körpə kimi çığırıb-ağlayan dişimin ağrısını sakitləşdirməyə çalışmışam, deməli, heç kimi də edam etməmişik. Onda niyə Çapel edam alətlərini yuyur? Kolber olduğuna da sevinir, bəlkə, dəli olub zavallı arabaçı? Dəlimi? Ağlıma daha dəhşətli bir fikir gəlir və bütün bədənimi soyuq tər basır... zorla udqunuram...

# 12104 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #