Gilasdan da yeyin, cənab Makron – Sərdar Amin yazır...

Gilasdan da yeyin, cənab Makron – Sərdar Amin yazır...
26 oktyabr 2020
# 15:30

“Kafir” sözünün mənası “örtən”dir. Bəzən bulud Günəşin üzünü örtəndə kafir olur, hətta taxılsəpən də toxumun üstünə torpaq atanda, molla da mərhumu basdıranda kafir olur, amma bu kafirlik sözün birinci mənasındadır, bizi narahat edən kafirlər həqiqətin üstünü bilərəkdən örtən və bu işdə inadkarlıq edənlərdir.

Ölkə olaraq yaşadığımız bu tarixi günlər, müharibə təkcə həqiqi torpaqlarımızın üstünü örtmüş qüvvələri təmizləməklə bitmədi, həm də bir çox münasibətlərdə həqiqətin üstünə pərdə çəkən, Qərb diliylə desək, jalüz dartan kafirləri tumançaq qaldı. Qısa müddətdə hər şey aydınlığa çıxdı.

Müharibəyə qədərki dönəmdə bəzi siyasətçilər Qərb standartlarının ikili olmasından danışanda, bizə inandırıcı gəlmirdi. Müharibə isə hər şeyi çılpaqlığı ilə ortaya qoydu. Xüsusən də Qərb mətbuatı mövzusunda.

Addımbaşı “ölkədə demokratiya azad və müstəqil mediadan başlayır” deyən institutlar, dövlətlər sən demə “azad və müstəqil” deyəndə onların diktəsilə maşa funksiyası daşımağı nəzərdə tuturmuş.

Prezident İlham Əliyevin son günlər Qərb mediasına verdiyi müsahibələrdə təkrarlanan bir situasiya xüsusi diqqətimi çəkdi; Fransa, Rusiya və digər ölkələrin jurnalistləri dəfələrlə “suriyalı muzdlu döyüşçülər”lə bağlı suallar verir, Prezident isə bu barədə iddia irəli sürən ölkələrdən sübut istədiyini dilə gətirir, üstündən xeyli müddət keçsə də bu barədə heç bir qurum, dövlət ortaya fakt çıxara bilmədiyini qeyd edir. Bu dialoqda maraqlı məqam ondan ibarət idi ki, prezident sanki jurnalistləri öz peşəsinə hörmət etməyə çağırır, ondan müsahibə alan bəzi jurnalistlər isə özlərini provokasiya “trol”u kimi aparırdı. Prezident fakt sözünü işlətdikcə mən həmin jurnalistlərin üzünə diqqət edirdim, axı Fakt jurnalistikanın Tanrısıdır. Onların isə tükü də tərpənmirdi, çünki artıq Tanrının üstünü örtməyə alışıblar.

Azərbaycan əksər Qərb ölkələri fonunda kiçik dövlət olsa da, hazırda torpaqlarımızda gedən müharibə qoca Qərbə təsirsiz ötüşmür. Xüsusən, Fransa narahatdır. Bu ölkənin müxtəlif sferalarında Türkiyə prezidentinin müharibədə Azərbaycana dəstək verdiyi iddia olundu. Rəcəb Tayyib Ərdoğan isə bu dəstəyin hələ ki, siyasi olduğunu, amma Azərbaycanın ehtiyacı yarandığı halda digər formalara da keçə biləcəyinin mümkünlüyünü açıqladı. Türkiyənin prezidenti eyni zamanda onu da bildirdi ki, Azərbaycana dəstək olan Rəcəb Tayyib Ərdaoğan deyil, Türkiyədir.

Diletant görünməmək üçün siyasi dərinliklərə enmədən aşkarda olan, daha doğrusu son günlər kafir qüvvələrin (oxu. örtən) deşifrə olunmasından sonra aşkara çıxmış məqamları analiz edək.

Qərb müsəlman Şərqinə, xüsusən də, Türkiyəyə iqtisadi təsir rıçaqlarının istənilən effekt vermədiyini gördükdə mənəvi, dini təsirlərə köklənir. Bu köklənmə adətən İslam Peyğəmbərinə qarşı çəkilmiş karikatura, təhqir fonunda baş verir. Fransanın məşhur “Charlie Hebdo” jurnalı belə hallarda maşa rolunu əlahiddə məmnunluqla yerinə yetirir.

Sentyabrın 2-si həmin jurnalın məlum karikaturaları yenidən gündəmə gəlmişdi və bu zaman Fransa Prezidenti Emmanuel Makron jurnalı mühakimə etməyin prezidentin "vəzifəsi olmadığını" bildirmişdi. Lakin son günlər Türkiyənin məşhur müstəmləkəçi ölkə olan Fransanın istəyinə uyğun davranmaması Monpelye, Tuluza şəhərlərində Məhəmməd Peyğəmbərə aid olduğu iddia edilən karikatura jalüzlərinin endirilməsilə cavablandırıldı.

Bu məqamda “demokratiya, söz, fikir azadlığı” bəhanəsilə Fransa dünya qarşısında “təmiz”dir. Heç kəs nə jurnala, nə onun müəllifinə, nə də həmin ölkəyə etiraz edə bilməz. Çünki onların bu günə qədər söykəndiyi dəyərlər həmin karikaturaların çəkilməsini təhqir saymır.

Bunun qarşılığı olaraq Ərdoğan Fransa prezidentinin müalicəyə ehtiyacı olduğunu dedi. Makron bu məsləhətdən qəzəblənərək ölkəsinin Türkiyədəki səfirini geri çağırdı. Bax, bu yerdə artıq onların az əvvəl qeyd olunan dəyərlərə nə qədər sadiq olduğu üzə çıxır. Hər gün bir milyard adamın izzətlə salamladığı, rəsulu olduğu yolda 1300 ildir milyonlarla bəşər övladının yürüdüyü bir şəxsiyyəti eybəcər şəkildə təqdim etmək heç kəsi qıcıqlandırmalı deyil, amma beş gündür böyük bir ölkəyə rəhbər olan Makronu həkimə məsləhət bilmək yolverilməzdir. Qərbin məsələlərə yanaşması bu kimi məqamlarda çox aydın görünür. Əlində bəşəri tribuna olmayanların illərlə qışqırdığı “ikili standartlar” bunlardır.

Görünən odur ki, Qərbin Şərqlə bağlı ssenarisi köhnəlib, onlar artıq laxlayan masalarının qıçlarının altına əsginas qoymaqdan yorulublar. Kaş elə bir müstəviyə qalxmış olardıq ki, Makronun karikatura oyunları bizi narahat etməzdi. Şərq insanına bu kimi məqamlarda təmkin gərəkdir.

Bu situasiyaya adekvat reaksiya barədə düşünəndə ağlıma Əbülfəz Elçibəylə bağlı bir əhvalat gəldi. O zaman Elçibəy Böyük Britaniyanın baş naziri Marqaret Tetçerlə görüşəndə xanım regiondakı strateji məsələlərdən danışırmış, sözünü bitirən kimi protokol qaydalarına uyğun Əbülfəz Elçibəy də bu yöndə fikir bildirməli imiş. Bizimki isə Tetçerin sözü bitən kimi gülümsəyərək masadakı meyvələrə işarə edib deyir: “Gilasdan da yeyin”. Bu dialoqu bəzi adamlar Elçibəyin rəsmi, diplomatik müstəvilərdə səriştəli olmaması, nitqinin zəifliyi ilə əlaqələndirir. Lakin daha çoxu belə düşünür ki, Elçibəy britaniyalı baş nazirin görüş xətrinə danışdığının fərqində idi və bu saxtalığa cavab olaraq ona səmimi təklif edirdi...

Könül istərdi ki, müsəlman dünyası artıq Qərbin onda qıcıq yaratması üçün əl atdığı hiyləni həqiqətdən ayıra bilsin. Provokasiyaya uymamaq, məhəl qoymamaq ona ən sərrast və amansız cavabdır.

İslam peyğəmbərinin Qərbdə bu cür ifadə olunması həmin ölkələrdəki hakimiyyətin əxlaq nəbzidir. Biz diaqnozlarımızı qoyanda bu məqamlara diqqət etməliyik. Ona qarşı Şərqin aqressiv cavabı isə çox ucuz ərsəyə gətirdikləri bu mexanizmin hərəkətinə dəstək verməkdir. Bu gün Fransanın hökumət binalarından asılan peyğəmbər karikaturalarına ən yaxşı cavab bu olardı:

“Gilasdan da yeyin, cənab Makron”.

# 8815 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #