Fransız tərcüməçi Azərbaycan romanından yazdı: “Ona hirslənirdim”

Fransız tərcüməçi Azərbaycan romanından yazdı: “Ona hirslənirdim”
28 oktyabr 2020
# 13:44

Kulis.az türk əsilli fransız tərcüməçi Esra Tuncerin azərbaycanlı yazıçı Şamxal Həsənovun “Səs və ya Qırmızı” romanı haqda yazısını təqdim edir. Xatırladaq ki, roman Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyatının sifarişi ilə tərcümə olunur və yaxın vaxtlarda nəşr olunacaq.

“Səs və ya Qırmızı”nı oxucu və yazarların rəylərindən maraqlanıb oxudunuz, yaxud oxuyacaqsınız. Onun haqqında Fransız dilinə tərcüməçisindən də nəsə eşitmək istərdinizmi?

Doğrusu, yazıma belə başlamayacaqdım. İlk oxuculardan biri kimi, bundan da ziyadə, yazardan sonra kitabı ən çox “yaşayan” şəxs kimi, daha fərqli yazmaq istəyirdim. Elə bu səbəbdən, öncə başımda qurdum, sıraya düzdüm, alınmadı, pozdum, yazdım, yazdım, sildim. Ya da silməmişəm, bəlkə heç yazmamışam, indi də sətirləri doldurmaq üçün eləcə nələrsə uydururam. Bəlkə, bütün bunlar zehnimdə susmaq bilməyən səslərin mənimlə oynadığı bir oyundur.

Nə mən romanın tərcüməçisiyəm, nə də siz oxucuları. Yaxud da ağlınızda səhnə almağa hazırlaşan bir oyunçunun son anda ssenaridən çıxmaq istəməsinin və qarşınızda öz improvizasiyası ilə peyda olmasının nəticəsidir bu bir neçə sətir.

Nə isə, sözü bu qədər hərləyib-fırlamağın mənası yoxdur. Madam ki, burdasınız, bir yol tapıb gəlmisiniz, dinləyin o zaman.

“Səs və ya Qırmızı”nın fransız dilinə tərcüməsi mənə təklif ediləndə, öncə nəzər saldım uzunluğuna, tərzinə və qısaca hekayəsinə. “Olar, - dedim, - edərəm.” Elə ilk səhifələrdən bəlli idi; gündəlik yaşamdan bəhs edir, bir neçə aya tərcümə edərəm. Başladım, saatlar, günlər, həftələr uzanıb gedir.

Zənn etdiyim kimi deyilmiş…

Image may contain: sky, tree and outdoor

İçimdə Şamxalla danışmağa başlayıram, ona hirslənirəm: “Bunu niyə belə söylədin axı, heçmi düşünmədin necə tərcümə edəcəyəm?”

Əlbəttə, yazarla tanışlığım yoxdur, amma irəlilədikcə onu tanıdığımı düşünürəm. Artıq hirslənmirəm, necə ki, bir insanı tanıdıqca onu öz xarakteri ilə qəbul edərsiniz və ya etməzsiniz, baxın, mən də “Səs və ya Qırmızı”nın cümlələrini, yəni, xarakterini olduğu kimi qəbul etdim. Şamxal bunu bu cür ötürməyə məcbur idi, onun günahı yoxdur, “Səs və ya Qırmızı” da vərdiş etdiyimizdən fərqli xüsusiyyətlərə malik romandır. Seçilir. Güman ki, siz də tanış olarkən yadırğarsınız, amma öyrəşəksiniz, hətta sevəcəksiniz də. Ya da sevməzsiniz bəlkə.

Mövzudan yenə uzaqlaşdıq sanki, tərcümədən bəhs edirdik deyəsən. Yazdıqlarımı təkrar oxudum, sən demə, çox yayınmamışıq mövzudan, davam edirəm anlatmağa. Hə, sonra personajlarla yaşamağa başladım. “Ramiz, heç belə də edərlər?”, “Necə ağıllı və anlayışlı uşaqdır bu İdris”, “Məryəm… Elə gözəldir ki…” Bu cür yaşayırıq, çox xəbərləri yoxdur məndən. Ya da sanki vardır. Mən bəzən Ramizə çevrilirdim, qalxıb tərcümə etməyə qətiyyən həvəsim olmurdu, saatlarla yatmaq istəyirdim, nə qədər yatdığımın, nə səbəbə yatdığımın və yatdığımın fərqinə varmadan…

Bəzən susmaq bilməyən bir quşu və ya səsləri eşidirdim, tərcümə ilə bəslənirmiş kimi saatlarla stulumda oturub, masamdakı kompüterdə işlədiyimin fərqində olmadan uzaqlara dalırdım. Böyük ehtimal, oxuyarkən siz də dalıb gedəcəksiniz, ya da bəlkə getməyəcəksiniz. Amma bəsit bir oxucu gözüylə oxumağınızı istəməzdim. “Bəsit” deyəndə, niyyətim xor baxmaq deyil. Demək istədiyim budur: oxuyarkən, tərcüməçi bunu necə çevirər gözüylə də oxuyun. Yazar düşünməyib, barı, siz bir az düşünün məni.

Bəli, hirslənmirəm demişdim. Niyə hirslənim axı. Çətin hissələri ilə bağlı (asan bir yeri var idimi, görəsən?) xatırladığım, tərcümə texnikalarından ziyadə, duyğusal yaşantılarımdır. Qarşımda keçilməsi az qala tamamilə mümkünsüz bir yol var.

Yolu təsvir edim: Bir addım qabağı görə bilmirəm; müəmma, mütləq bilinməzlik. Necəsə atılırdım yola, atılmaq zorunda idim, qorxunun əcələ faydası yox. Bəzi vaxtlar “yol zənn etdiyim qədər qorxulu deyilmiş” deyib, aydınlığa doğru irəliləyirdim, bəzi vaxtlar özümü lap naməlumluğun naməlumluğunda tapırdım.

Nəticə: ya tərcüməmlə qürur duyurdum, bir savaşdan qalib çıxmış kimi, ya da bunu mənmi tərcümə etdim, mənim belə bir cümləni tərcümə etməyim mümkün deyil, deyə heyranlıqla baxırdım.

Əziz “Səs və ya Qırmızı” sevənlər, bunu bütün səmimiyyətimlə söyləyirəm: Romanın tərcüməsi ilə bağlı təəssüratımı azacıq da olsa paylaşmağım ən uğurlu və çox uğurlu bir tərcüməçi olmağım, özümü belə görməyim mənasına gəlmir. Bu roman mənim Azərbaycan Türkcəsində işlədiyim ilk uzun mətndir və Azərbaycan Türkcəsindən çevirdiyim ilk uzun mətnin belə nadir əsər olması mənə əlavə qürur da bəxş edir.

Bu romanın yeri həmişə özəl qalacaq məndə.

Je t’aime Le Bruit ou le Rouge. Infiniment.

Qeyd: Türk əsilli fransız tərcüməçi olan Esra Tuncer, Strazburq Universitetinin Türk Etütleri bölümündə doktorantura tələbəsidir. Tədqiqatında Türk dillərində ortaq dil məsələsini, xüsusilə də Azərbaycan və Türkiyənin dil siyasətlərini araşdırır.

# 3736 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #