Buri - “Ən yaxşı hekayəmiz”

Buri - <span style="color:red;">“Ən yaxşı hekayəmiz”
16 aprel 2017
# 16:00

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahıya əsasən Ayxan Ayvazın Buri hekayəsini təqdim edirik.

1.

Gürcü məhkum əlləri qandallı məhkəmə zalındakı anasına baxıb gülümsəyirdi. İçəridəki adamlar ölü düşən evə səpələnən ayaqqabılar kimi hara gəldi oturmuşdular. Arabir kağız xırçıltısı, küləyin azacıq uğultusu, dəhlizdən keçən və zala süzülən ayaq səsləri ilk dəfə məhkəmə, hakim, prokuror görən tərcüməçinin oğluna qəribə, əsrarəngiz, eyni zamanda qorxulu gəlirdi.

Məhkumun üzü gülür, qandallı əllərini barmaqlığın arasına keçirib böyür-başındakı polislərə baxırdı. Əyninə uzunqol köynək və qara şalvar geyinən gürcü hər səsə döyükür, bir yerdə dura bilməyən, qəfəsə salınmış çöl heyvanı kimi çırpınıb dururdu.

Dəhlizdən tələsə-tələsə keçib gedən adamların ayaq tappıltısına qulaq kəsilən tərcüməçinin oğlu özünü yad hiss eləyirdi. Gözünü döyənək eləyən eyni mənzərə: məhkəmə zalı, içəridə pıçıldaşan tək-tük adamlar, pəncərənin o üzündə var-gəl edən sükut ürəyini sıxır, elə bil kimsə çəkiclə sinəsinin üstündən vururdu.

- Məhkəmə başlanır! - məhkumun gözləri irəliyə atılan, yaxınlıqdakı quşu qamarlayıb tutmaq istəyən pişik kimi tərcüməçiyə zilləndi. İçəridəkilərin danışığı xırp kəsildi, zala küləyin uğultusu, maşınların siqnal səsi, yaxınlıqdakı tikintinin gurultusu təpildi. Sənəd-sünəd gətirən kök, balacaboy kişi hakimlə nəsə danışdı, buxağını sığallaya-sığallaya dəhlizə çıxdı. Bütün bu olub-bitəni tələbə marağı ilə izləyən tərcüməçinin oğlu əlini çənəsinə dayaq eləyib gürcü oğlanın tərləmiş üzünə baxdı və nədənsə atasını dümsükləyib gülümsədi.

Prokurorun maşınında pəncərədən şəhər ona yad, birinci dəfə ayaq döydüyü yer kimi gəlmişdi. Hündür binalar, parklar, dükanlar, muncuq kimi ard-arda düzülən ağaclar işıqlı və diri görünmüşdü. Prokuror dolu, yekəpər kişiydi, dil qəfəsə qoymadan məhkəmə binasına çatana qədər üyüdüb tökmüşdü. Atası yolboyu susmuş, arada başını yelləmişdi. Ona elə gəlmişdi ki, bu maşın, bu şəhər onlarındır, atası varlı-hallı, cibi pullu kişidir. Səki ilə tələsə-tələsə gedən adamları görəndə yerini daha da rahatlamış, ayaqlarını aralayıb kresloya yayxanmış, özünün güzgüdəki əksinə baxıb dodaqaltı qımışmışdı. Bu hiss maşından düşəndə uzaqlaşıb bir tərəfdə quyruğunu qısmışdı.

Prokuror tanış eləmişdi: “Sizin tərcüməçidir!” Gürcü oğlan yerindən dik atılmışdı, anası da onun ardınca, ikisi də bir-birinin sözünü kəsə-kəsə gürcücə nəsə demişdilər. Atası gülümsünmüşdü, məhkumun saçını sığallamışdı, qadına əlini uzatmışdı. Prokuror məhkəmə zalına keçəndə sükut gəlib araya dürtülmüşdü. Atasının gözlərindən yorğunluq yağırdı, tez-bazar bu işi yekunlaşdırıb getmək kimi bir istək üzündən asılmışdı.

- Maman nə bişirib, görəsən? - gülümsəyib soruşmuşdu.

- Bilmirəm. Nə vaxt gedəcəyik?

- İş balacadı, tez qurtarar.

- Nə üstündə tutulub ki?

- Çörək oğurlayıb.

Hakim əlindəki çəkici vurub sözü tərcüməçiyə verdi:

- Bir həftə olar anası ilə bir yerdə Bakıya gəliblər. Təzə gələndə burda Nərimanov tərəfdə tikintidə işləyib, fəhlə kimi. Pulunu verməyiblər. Heç yerdə də iş tapa bilmir. Əhmədli tərəfdə bir binanın blokunda gecələyirmişlər. Ordan da qovublar.

- Müftə otel tapıblar da - hakim qımışır.

Tərcüməçinin oğlu xatırlayır ki, gürcü oğlan anasına sığınmışdı, elə bil titrəyirdi. Pıçıltıyla danışırdılar, qırıq-qırıq gülür, bir-birini sığallayırdılar. Sonra qadının başı oğlunun çiyninə düşmüşdü.

Atasının əlindəki kağızlara gözü sataşmış, əyri-üyrü gürcü hərflərindən bir şey başa düşməmiş, telefonunu çıxarıb qurdalanmışdı. Pəncərədən o tərəfdə qaçışan maşınlar, yellənən ağaclar sükuta dolanıb dəhlizin içi ilə axıb getmişdi.

- Dədə, ona bax, gör əlləri nə yekədir!

- Hə, elədir, işləməkdən yekəlib.

- Neçə yaşı olar?

- Səndən bir-iki yaş böyükdür.

Tərcüməçi üzünü gürcü qadına tutub öz oğlundan danışmışdı: tələbədir, bütün günü oxuyur, bu yaxınlarda bir qıza aşiq olub. Ana-oğul onu sual atəşinə tutmuşdular, atası gülə-gülə tərcümə etmişdi.

- Necə qızdır, gözəldir? - gürcü qadın soruşmuşdu.

- Hə.

- Sənə nə cavab verib?

- Hələ heç nə.

Məhkum:

- Ona gül al. Hə, mama? Düz demirəm?

- Düzdü. Qızlar gülü çox sevirlər. Qızı aldatma amma.

- Oxumuş oğlandı e, mama. Görürsən? Mən oxuya bilmədim. O heç aldadar?

- Bilmək olmaz, kişilər hamısı eynidir. Oxumuşu da, savadsızı da.

Tərcüməçinin oğlu sükut yaranan kimi elə bil onların başa düşəcəyindən ehtiyatlanıb pıçıltıyla atasına demişdi:

- Dədə, bu nə yaxşı oğlandır! Heç inanmıram ki, oğurluq eləyib.

- Eşitdiniz nə deyir? - atası onun pıçıltıyla deməsinə fikir verməyib tərcümə etmişdi.

Qadının gülləri tabaqda oynamış, əlini-qolunu sallaya-sallaya, tələsə-tələsə nəsə demişdi. Məhkum da tərcüməçiyə mehribanlıqla baxmış, barmaqlarının arasında közərən siqaret gözə dəymişdi.

- Adınız? - hakim qarşısındakı vərəqə baxıb dodaqaltı soruşdu. - Atanızın və ananızın adı?

- Adım İsani, anamın adı Mariam. Atam olmayıb.

Hakim tərcüməçiyə baxdı, üzündə anlaşılmaz ifadə donub qaldı.

- Qulaq as, bu dədəsini görməyib heç vaxt. - atası qulağına pıçıldamışdı. - Gedib başqa bir arvad tapıb dədəsi. Ona görə də sənə bayaqdan soruşur ki, atanı sevirsən, ya yox.

İsani onları başa düşmüş kimi söhbətə qoşulmuşdu:

- Dostsuz elə bil. Bir-birinizə də yaman oxşayırsız.

Atası zarafata salmışdı:

- Bir yerdə qızlarla mazaqlaşırıq.

Ən çox Mariam gülmüşdü, o qədər gülmüşdü ki, gözündən yaş çıxmışdı. Sonra tərcüməçiyə baxıb nəsə danışmışdı...

Tərcüməçi:

- Cənab hakim, əri Batumiyə gedib başqa bir qadınla yaşamağa başlayıb. Mariam bunu eşidəndə İsaninin iki yaşı varmış. Qadın psixoloji zərbə alır və uzun müddət xəstəxanada müalicə görür. Oğlu bir az böyüyəndən sonra atası evinə getməyi qərara alıb. Ancaq orda ata-anası kasıb olduğundan...

Qaranlıq addım-addım göy üzünü alanda qadın yorğun-arğın evə qayıdırmış. İtlərin hürüşü suya atılan daş kimi qəfil qulaqlarında eşidilir, ayaq səslərinə qarışırmış. Həmişə kandara çatanda qorxusu da üzlü qonaq tək arxasınca içəriyə tüyünürmüş. Orda-burda, evin həndəvərində ucalan ağaclar, ayağının altında tapdalanan kol, azacıq dikələn güllər küləyin toxunuşu ilə xəfifcə yırğalanırmış. Ona elə gəlirmiş ki, qaranlığın içində özündən başqa kimsə hərəkət edir və bu adam irəlini görmədiyindən gah ağacın gövdəsinə çırpılır, gah daşları çıqqıldadır, gah da otları xışıldadırmış. Evin dörd tərəfini örtən hasar onu qorxutmuş, xırda kərpic daşlar adam başına çevrilib üstünə hücum çəkmişdi. Tiflis yağışla islanıbmış həmin gün.

- Mama, danışma da daha. Oldu, keçdi.

- Yox, İsani, keçməyib. Həyatdı, hamının başına gələ bilər. Atanı içmək, bir də o arvad xarab elədi.

- Mama, yox... Bilirsən, mən atamı...

Dəhlizdəki ayaq səsləri sözlərini eşidilməz etmişdi, oda tərcüməçi oğluna belə bir əhvalat danışmışdı: “Bir kişi var idi kəndimizdə, Əhliman, sən ondan yaman qorxurdun balacalıqda. Altını batırırdın onu görəndə. Xeyli olar ölüb. Qapı-qapı gəzib araq axtarırdı hər gün. İçməsə ürəyi partlayırdı elə bil rəhmətliyin. Araq tapılanda kef-damağı yerində olardı. Özü də birinci rumkada ayağa qalxıb sağlıq deyirdi. “O, əsgərlikdən qayıdandan sonra evləndi, oğul-uşaq sahibi oldu və günlərin bir günündə öldü”. Özü haqqında danışırdı, bunu da kənd camaatı bilirdi. Araq qırışığını açan kimi kövrəlirdi, müharibədə ölən atasından danışırdı. Bir dəfə mollaya dedi ki, qadan alım, mənə Yasin oxu. Molla da dedi, aya, ağlın cayıyıb, nədir. Əhliman da demişdi ki, onsuz da öləndə qəbrimin üstündə heç kim Quran oxumayacaq”.

Hakim:

- Bakıya niyə gəliblər?

- Gürcüstandakı işsizlik ucbatından. Elə ikinci gün, bayaq da dediyim kimi işdən qovulur. Hara gedir, iş yox, güc yox... Anası da işləyə bilmir, ayağında zədə var, axsayır. Olan-qalan qızıllarını da satıblar.

- Guya burdakılar yağ-bal içindədir? - hakim donquldandı. - Gürcülər də bura tökülüşür. Elə bilirlər, burda pulsuz çörək paylayırlar adama. Hadisəni danışın!

Yavaş-yavaş müştərilər azalmış, quyruğu məftilə bənzər bir pişik İsaninin ayaqlarının arasına soxulub miyoldamış, özünü ona sürtmüşdü. Gürcü oğlanın mədəsi pırtlayıb eşiyə çıxmışdı sanki, əlini-qolunu sallaya-sallaya dükana doğru hərəkət etmişdi. İsani içində vəhşi heyvana çevrilən və bədənindən qopub düşməyə hazırlaşan mədəsinə əngəl ola bilməmişdi. Böyük bir mitinqin başlanmasını elan edən mədə sanki bütün daxili orqanları dükana hücuma keçməyə səsləmişdi. Hava qaralmışdı, bir yandan da külək qalxmışdı...

...Çörəyi alıb qaçıb. İkinci döngədəcə tutublar.

Zalda gülüşmə. Hakimin əlindəki çəkicin səsi pəncərəni döyəcələyən yağış damcılarını xatırlatdı.

- Çörək necədir gürcücə? - hakim üzündə təbəssüm ara sakitləşəndə soruşdu.

- Buri.

- Buriyə görə adam da başını işə salar? - güldü, tez də ciddiləşdi. - İndi isə şahid, satıcı danışsın. Sonra da İsani ittihamlara cavab verər.

İsaninin üzündə qəfil peyda olan meyit rəngi anasına da keçdi, əlində bərk-bərk tutduğu çantasını böyrünə qoydu, divarlara, içəridəki yad adamlara donuqcasına baxdı. Məhkum da elə bil indi özgə qapılarına düşdüyünü xatırladı, barmaqlıqları silkələməyə və gürcücə nəsə deməyə başladı.

Hakimin qəzəbli səsi eşidildi:

- Nə deyir bu?!

- Məni buraxın, ürəyim sıxılır. - qarğaşanın içində tərcüməçi boğazını yırtdı.

Polislər tezbazar qəfəsin qapısını açıb gürcü oğlanı otuzdurdular, hələ yekəpər biri bir şapalaq da ilişdirdi. Kimsə qışqırdı, başqa birisi öskürdü, tərcüməçi dirijor kimi əllərini havada yellədi. Prokuror ayağa qalxdı, zal hərəkətə gəldi, pıçapıç böyük çığırtını xatırlatdı.

Mariami bütün bu olub-bitənləri narkozdakı adamlar kimi izlədi, yerindən qımıldanmadı. Qəfəsin içində təzədən tək qalan İsani sinəsini şişirdə-şişirdə nəfəs alır, elə bil boğulurdu.

Məhkəmə zalı son dəfə uğuldadı, hamı yerində qurcuxdu, hakimin gur-gur guruldayan səsindən sonra isə qurbağa gölünə daş atıldı. İttihamçıların çıxışı başlananda adamlar içəriyə süzülən azan səsinə döyükdülər...

2.

Hakim:

- Mənim bu gürcülərdən heç gözüm su içmir, nəsə fırıldaq adamlara oxşayırlar. Oğurluqla, qəhbəliyin də deyir, ömrü üç gün çəkər. Gələn-gedən çalıb-çapır, yetənə yetir, yetməyənə daş atır. Biz də yazığıq da, adam balasıyıq, bütün günü işləhaişlə. Hara qədər? Boğaza yığılmışıq e... Elə bil bizə xoşdu kimisə tutmaq. Qıraqdan baxana bəlkə asan görünər, amma bizim işimiz vallah fəhlədən də betərdi. Min hoqqa var e... Özümüzünkülərdən çəkdiyimiz az deyildi, indi də gürcülər dadanıb canımıza. Elə bil aclıqdan çıxıblar. Bizim camaat qədər qonaqpərvəri yoxdur, birinin qapısını döy, sənə çörək verməsə gəl üzümə tüpür. Yoxsa gir mağazaya, götür qaç çörəyi. İndi verəsən buna beş il, çürüyə damda, ağlı başına gələ. Bir də baş-beynimizi aparmaya. Hələ bunların qudurğanlığına bax. Ayrı vaxt ölkələrini tərifləyirlər ki, ay belədir, ay belə gözəl yerdir, hara da baxırsan axışıb gəliblər.

Tərçüməçinin oğlu:

- Aydan görən nə cavab verəcək? Başa düşmür ki, onu sevirəm? Bu məhkəmə də nə qədər uzun çəkir e... Dədəm də yazıqdı. Mən olsam bezərdim. İsani yaxşı oğlana oxşayır amma. Gürcü dilini öyrətsəydi dədəm, onunla bir az danışardıq. Burdan çıxsa bəlkə bizə apararıq. Qardaşım, mən, İsani düşərik məhləyə, uşaqları yığarıq, futbol oynayarıq. Dərslərdən vaxt tapmaq olmur onsuz. Sonra Tiflisə də gedə bilərdik. İsani yaxşı bilər oranı. Mən çoxdandı getmirəm. Bazlığa aparar bizi, yaxşı yerə. Əla! Bəlkə qayıtdıq ora, Tiflisdə yaşadıq. Dədəm də gürcücə bilir, bizə də öyrədər. Nə var e, burda? Universitetə girmişəm, hələ heç bilmirəm qurtaranda nə işləyəcəm. Dədəm də elə deyir, darıxmayın. Off... İsani elə bil Aydanın qardaşıdı. Ona baxanda Aydanı görürəm e... Nə təhər oxşayırlar. Bayaq əsəbləşəndə lap çox oxşamışdı.

Prokuror:

- Hər gün eyni şey, get-gəl, birini tut, sorğu-sual, məhkəmə. Nə var e, hakimə. Əsas işi mən görürəm. Boğaza yığıldıq e... Bircə tətilə çıxa bilsəydim, arvad-uşağı da götürüb gedərdim Qubaya, ya da Qəbələyə. Hara yaxşıdır görən? Ucuz-mucuz. Soraqlaşmaq lazımdı. Borc da gəlib dirənib boğazıma. Bu arvadın kreditləri öldürəcək məni. Qonşu ilə yarışa giriblər elə bil. İt qızı, səni aldığım günə daş düşəydi... Tərcüməçiyə nə qədər pul verməliyik? Az-maz verərik, qalanı da bizə. Burdan gedirəm canımla görüşməyə, telefonu söndürmək lazımdı, arvad yoxsa iki dəqiqədən bir mazqimi xarab edəcək. Hardasan? Nə vaxt gəlirsən? Sizin üzünüzü görməkdən tay... Nə isə, məhkəmə qurtarsın, kef olacaq e, kef.

Tərcüməçi:

- Bu xarabaya niyə qayıtdım ki mən? Orda hər adamın ikinə də bələd idim, cikinə də. Hakimi də, prokuroru da qan içən, əclaf, onun-bunun puluna göz qoyan. İndi mənə də bir-iki qəpik atacaqlar, itə sümük atan kimi. Orda elə idi? Kim oğrudur, kim düzdür, o dəqiqə, baxan kimi bilirdim. Bir dəfə heç yadımdan çıxmaz, evə qayıdırdım, möhkəm də vurmuşdum. İki gürcü kəsdi yolumu. Davay, çıxart pullarını. Dedim, yoxumdu. Qolumdan tutdular. Elə bildim, döyəcəklər. Sən demə, yıxılmayım deyə elə eləyirmişlər. Niyə qayıtdım axı bura? Bax indi də bir gürcü tutublar, Allah bilir nə qədər verəcəklər bu yazığa. Cavanca da oğlandı. Bax mən bir səhv elədim, gəldim. Yenə də öz dilimdi, öz vətənimdi. Sənə nə olub? Bir qarnı ac, bir qarnı tox yaşa getsin də. Gərək hər gün yağ-bal ola. Nə bilim... Bəlkə də... Arvad da bir yandan deyir, uşaqlar böyüyür, gərək ev alasan, yığışaq ora. Halva-halva danışmağı bilir elə. Ev almaq elə bilir asandı. Gətirdiyim pulu da bir tərəfə yığır, elə bilir ondan yara sağalandır. Eh, kənd qızıdır da, nə bilsin?

Şahid:

- Yolundan çıx get da, ay axmaq. Gərək elə hər şeyi görəsən? Hələ satıcıya da kömək eləyirsən. Üçdə alacağın yox, beşdə verəcəyin. Elə bilirdin, kömək elədiyinə görə sənə pay verəcək? Ay-hay, hardadır o günlər? Adama da elə baxırlar, elə bil sən oğurlamısan e, çörəyi. Satıcı da o dəqiqə başladı. Bu da görüb. Canına azzar! Burax, yolumla çıxıb gedim da. Atam yaxşı demişdi o vaxt. Sənə rəhmət, a gözəl kişi! Allah heç kimi çörəklə imtahana çəkməsin!

İsani:

- Yadıma düşür ki, elə də pis yaşamırdıq. Aşağıda dükan vardı. Yanından keçəndə içəridəki saqqızları gördüm. Pulum vardı, amma nəsə vermək istəmədim. Gizlincə bir-iki saqqızı cibimə dürtüşdürüb qaçdım evə. Anam o gün evə tez gəlmişdi. Balacaydım, üç-dörd yaşım olardı. Əlimdəki saqqızları gizlətmək istədim, alınmadı. Anam məni o ki var döydü... Ürəyim sıxılır! Ürəyim sıxılır! Off! Qurtarın da, bezdim...

Satıcı:

- Gəlib istəsəydi ki, çörək ver, bax atamın goru haqqı verərdim. Bir çörəklə mənə nə olasıdır ki? Amma mənə toxunan bilirsən nədir? Atış gəlmək. Ürəyin çəkir, gəl istə də. Daha niyə gedib oğurlayırsan, özünü də zibilə salırsan?

Mariam:

- Bu İsani doğulan gün nə kef olmuşdu. Atası Piotri – Allah onun bəlasını versin - Tiflisdə qışqırmışdı ki, kim məni istəyir, minsin maşına. Vur-çatlasın, çal-oynasın. Səhərə yaxın gəlmişdi, lül-piyan idi. Hələ də qana bilmirəm, bəs bizi niyə atıb getdi? O arvadda nə tapıb ki, tumanından əl çəkmir? Neçə dəfə qapılarına gedib qıraqdan baxmaq olar? Bezdim, yoruldum lap. Yoxa çıxıb, tapmaq olmur. Elə bil yerli-dibli olmayıb belə adda biri. Heç şəkli də yoxdur. İsani də iki dəqiqədən bir soruşur ki, atam kimdir, atam hardadır. Mən hardan bilim? Gör bizi nə kökə saldı. Öz atamın evində belə yaşayırdım? Hər şeyimiz vardı. İndi yazıqlar qocalıblar. Həm də onlara boyun olmaq yaxşı deyil. Qolları çırmalayıb işləmək lazımdı. Bircə burdan çıxaq bir...

3.

Kənd yolunu andıran tozlu ağacların arasıyla çadralı arvadlar gedirdi. Maşınlar bir tərəfə atılmış ayaqqabı tayı kimi hara gəldi səpələnmişdi. Boz evlər, divarlar, hətta ağacların boza çalan görkəmi də adamda qəribə bir sakitlik yaradırdı. Qara darvazanın yanında halva satan, ayağında сırıq bir səndəl olan seyrək bığlı, qarayanız oğlan bardaş qurub öz-özünə nəsə mızıldanırdı.

Tərcüməçi oğlunun əlində tutduğu şokalada işarə edib dedi:

- Prokrorun pulundansa bu şokoladlar dadlıdır. Ötür içəri!

- Dədə, oğlanı da özümüzlə götürərdik də...

- Onun yeri anasının yanıdır. Hara aparaq? Maman gözümüzü deşər.

Dayanacağa yaxınlaşanda tərcüməçinin oğlu qandallı əlləri ilə atasının boynunu qucaqlamaq istəyən İsaninin üzünü xatırladı. Əlləri buza dönmüşdü gürcü məhkumun, gözləri yanan şam kimi dipdiriydi. Anası çantasını eşələmişdi, sonra elə bil karıxıb tərcüməçiyə əlini uzatmış, onu isə qucaqlayıb öpmüş, saçını sığallamış, şokoladı ovcuna qoyub gürcücə nəsə demişdi...

Avtobusa minəndə atasına baxdı, şokoladın qabığını soyub bir dişləm aldı və ağzında acı bir tam hiss elədi.

2015

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal"

Y.Səmədoğlu "Astana"

Ə.Haqverdiyev "Bomba"

Anar "Gürcü familiyası"

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib"

S.S.Axundov "Qaraca qız"

Ə.Haqverdiyev "Mirzə Səfər"

Ə.Əylisli "Nənəmin tütün kisəsi"

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək"

Qan Turalı "Şaxtababanın qətli"

Anar "Asılqanda işləyən qadının söhbəti"

A. Məsud "Dovşanın ölümü"

C. Məmmədquluzadə "Qurbanəli bəy"

Ş. Ağayar "Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

Ə.Məmmədxanlı "Buz heykəl"

Anar “Mən, sən, o və telefon”

Ə.Haqverdiyev “Çeşmək”

E.Əlləzoğlu “Doğum”

Y.Səmədoğlunun “İncə dərəsində yaz çağı”

Yaşar “Tabut”

Ə.Haqverdiyev “Şeyx Şəban”

Elçin “Parisdə avtomobil qəzası”

K.Abdulla “Səhvlərimizin qrammatikası”

Ş.Ağayar "Şəkil"

Elçin Qatar. Pikasso. Latur. 1968.”

A. Divanbəyoğlu “Can Yanğısı”

N.Kamal "Nana sevirdi"

E.Hüseynbəyli “Kəndə gün çıxanda qayıdacağıq…”

K.Abdulla "Adaşlar"

S.Əhmədli "Arabaçı"

Y.Səmədoğlu “Soyuq daş”

F.Uğurlu "Dərviş"

S.Baycan “Puqaçov üsyanı”

R.Əlizadə "Əncir qurusu"

R.Tağı "Qoca Məcnun"

S.Baycan “Evdən siçovul çıxaran”

A.Ayvaz "Buri"

# 3618 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #