“İçimdə əkdiyim ağacların çoxunu kəsiblər”

“İçimdə əkdiyim ağacların çoxunu kəsiblər”
21 noyabr 2012
# 12:16
AzadlıqRadiosunun «10 sual»ını şair Adil Mirseyid cavablandırır.

Adil Mirseyidin dosyesi:

Adil Mirseyid 1952-ci il dekabrın 21-i Ağdaş şəhərində ziyalı ailəsində anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb. (1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləyib (1975-1978). Sonra Bakıda müxtəlif vəzifələrdə çalışıb (1978-1983). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Azərbaycan Tərcümə Mərkəzinin «Yol» ədəbiyyat qəzetində redaktor vəzifələrində çalışıb (1992-1993).

Keçən əsrin 70-ci illərinin axırlarından dövrü mətbuatda şeirlər çap etdirir. «Güzgüdəki adam», «Bulud adam», «Nəğmə adam», «Vernisaj şeirlər», «Hardan baxsan görünən adam», «Ay Suvarisi» kitablarının müəllifidir. Rəsul Rza mükafatının laureatıdır. «Vektor» Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru adına, Gümüş Arzu Türk Ədəbiyyatına xidmət mükafatına, Bahar Simpadisi mükafatlarına layiq görülüb.

Şeirləri rus, ingilis, fransız, alman, ispan, eston və s. dillərə tərcümə olunub.

İncəsənətin və mədəniyyətin müxtəlif sahələrinə aid 200-dən artıq esse və məqalənin müəllifidir. Rəsm əsərləri Almaniyada, Rusiyada, Qırğızıstanda, İranda, Türkiyədə və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılır.


- Adil bəy, siz daha çox şeirə oxşayırsınız, ya rəsmə?

- Yəqin ki, bunların ikisinin sintezidir. Mən bunların ikisinə də poeziya deyərdim. Çünki rəsm də poeziyadır. Rəsm nəsr deyil. Mən daha çox özümü bohem adam kimi hiss edirəm(gülümsünür).

- Amma sizi şeirləriniz yox, rəsmləriniz xilas elədi deyəsən.

- Bəli, bu xəstəliyin ən kəskin dövründə, keçən ilin dekabr ayında «APA»nın və deputat Qənirə Paşayevanın təşkilati dəstəyi ilə sərgim oldu. Orada rəsmlərim alındı. Hətta elə rəsmlər alındı ki, mən onları kiminsə başa düşüb alacağını gözləmirdim. Özü də dərmanlar çox baha idi. Ağır vəziyyətimdə, komaya düşmək təhlükəsi olanda qəbul etdiyim bir dərman var idi, biri 100-150 manat idi. Mən də ki heç yerdən maaş almıram. Amma Allah ruzi yetirdi. O rəsmlərdən gələn pulun hesabına müalicə olundum. Ona görə də AzdlıqRadiosunun yaratdığı fürsətdən istifadə edib o sərgini təşkil edənlərə - Vüsalə Mahirqızı və Qənirə Paşayevaya, eləcə də ora gələnlərə dərin təşəkkürümü bildirirəm.

Bəziləri elə bilir mən Türkiyədə və ya Almaniyada müalicə olunmuşam. Amma məni burada, öz balaca büdcəmlə, öz həkimlərimiz müalicə edib. Müalicə hələ ki, davam edir. Hələ üç il müalicə getməlidir.

- Bildiyim qədər rahat ölmək istəyirsiniz. Amma rahat yaşaya bidinizmi?

- Yox. Rahat yaşamamışam heç vaxt. Rahatlıq nəsib olmayıb mənə. Yəqin ki tək mənə yox, zaman-zaman çoxlarımıza belə olub. Bu canımızdan çox sevdiyimiz məmləkət mənə ögey ana oldu. Qürbətdə yaşamağa nə var ki. Bilirsən ki, qürbətdəsən. Amma məmləkətində ömrü boyu qürbətdə yaşamaq əlbəttə ki istənilən sənət adamı üçün ağırdı. Bayaq poeziyadan danışdıq. Bilirsiniz, həyatın poeziya tərəfi ilə yanaşı bir prozası da var. Bax bu indi dediklərim mənim həyatımın prozasıdır.

- Yer qazmaq istəyərdiniz və istəyərdinizsə, nədən ötrü qazardınız?

- Yer qazsam, ağac əkərdim. Kölgəsində oturardım və ağacla söhbət edərdim.

- Bir gün gəlib görsəydiniz o ağacı kəsiblər...

- Mənim içimdə əkdiyim ağacların çoxunu kəsiblər. Mən o adamlardan deyiləm ki, hər şeydə günah axtaram və ya axtarmayam. Beş yüz il öncə babamız Füzulinin salamını almayanlar əlbəttə ki mənim də salamımı almayacaqlar. Mən də onun kimi doqquz axca üçün qapıları döymüşəm açılmayıb...

Mənə ağacla ağac, buludla bulud olmaq daha maraqlıdır. Bir dəfə bir dostumuz təxminən iyirmi, otuz rəsmimə baxıb gördü ki, arasında bir dənə də portret yoxdu. Hamısı mənzərə, etüd, natürmort və sair idi. Dedi ki, nolub adam çəkmirsən? Dedim ki, adamlar məni incidir. Amma buludlarla rahatam, ağaclarla rahatam, əşyalarla rahatam....

- Adil bəy, ümumiyyətlə sizi tanıyan var sizcə?

- Nə bilim, buludlar tanıyır, ağaclar tanıyır. Bax indi sən gəldin. Yolun o tərəfindən təbəssümlə, gördüm sən də tanıyırsan.... Var, var əlbəttə. Birdən çayxanaya gedirəm, görürəm kimsə tanıdı məni. Mənə maraqlı gəlir ki, görəsən hansı tərəfimi tanıyır mənim. Yəni mən özüm də dəyişkənəm.

Ümumiyyətlə, mənə elə gəlir ki, müxtəlif ovqatlarda, müxtəlif zaman kəsiyində insan adamın gözünə görünməyə də bilər. Mənim çox xoşuma gələr ki, elə sevdiyim adamların gözünə görünüm. Qalan vaxtı gözəgörünməz olum.

- Sonunuzdan sonra nə istəyərdiniz?

- Renoir (Pierre-Auguste Renoir (1841-1919)—Fransız rəssam-İ.R.) ölüm yatağında olanda oğlu, məşhur rejissor Jan Renuara deyir ki, məzar daşımı çox ağır eləməyin. Bəlkə axşamlar durub gəzdim. Gücüm çatsın. Mən də gecələr durub gəzmək istəyərdim. Pəncərələrdən sevdiyim insanlara baxmaq istəyərdim. Amma yaxınlaşmazdım. Pəncərədən baxmaq və yenə çıxıb getmək.

- Pəncərələriniz siz istəyən yerə baxdımı?

- Yox. Yox. Yox. Məsələn mənim yaşadığım evlərin heç birinin pəncərəsindən dəniz görsənmədi. Amma adam istəyərdi ki, pəncərəsindən dəniz görsənsin. İstəyərdim pəncərəmdən ay görsənsin. Amma görünmədi. Bu harmoniyasını itirmiş dünyada dənizin səsi adama ən yaxşı təsəlli ola bilər. Sonralar anlamışam ki, mənim sağlamlığımda, yaradıcılığımda ayla çox bağlılığım var. Mənə elə gəlir ki, ay mənə şeir yazdırır. İstəyirəm qaçam, o zorla mənə şeir yazdırır.

- Dostlarınız öləndə neyləyirsiniz?

- Hərəsi ilə bir az da mən ölürəm.

- İmkanınız olsaydı hansı dövrünüzü qonaq çağırardınız və nə deyərdiniz?

- Yəqin ki uşaqlıq dövrümü. Çexov deyirdi ki, “Biz hamımız uşaqlıq adlı bir məmləkətdən gəlmişik”. Yəni uşaqlıqda hamı birləşir. Bizim bu məmləkətimizdən başqa uşaqlıq adlı da bir məmləkətimiz var. Məsələn mənim uşaqlıq adlı məmləkətim Daşkəsəndə keçib. Çağırardım və ona fırça, rəng verərdim şəkil çəksin, oynasın...

P.S (Müsahibədən sonra)

- Qar yaxşıdı yağış?

- Ovqata baxır. Amma mən bir az yağış adamı kimiyəm...

- Amma o şeiri qara yazdınız...

- Yağışa da çox şeirim var. Məsələn:

Bir gecə oyandım yağış səsinə
Bilmədim hardayam, kiməm, nəçiyəm
Göylərdən qovulmuş mələyəm bəlkə
Bəlkə də bir sərxoş meyxanəçiyəm...

Amma yaşa dolduqca soyuğu sevmirəm. Bəlkə də xəstəlikdəndir...

- Neçə yaşınız var sizin, özünüz bilən?

- Özüm bilən, yüz əllini keçib.

- Bu azdı, ya çox?

- Şair üçün çoxdu.

- Bəs rəssam üçün?

- Rəssam üçün azdı...

- Adil Mirseyid üçün nə qədərdi?

- Onu tanrı bilər....
# 1339 dəfə oxunub

Oxşar xəbərlər

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

16:15 16 sentyabr 2024
Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

12:00 16 sentyabr 2024
Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

14:41 13 sentyabr 2024
"Rəzalətin son həddi" - Çingiz Abdullayevin romanı haqqında

"Rəzalətin son həddi" - Çingiz Abdullayevin romanı haqqında

09:27 13 sentyabr 2024
O kitabı Turan xanım mənim üçün imzalayıb... - Nadir Yalçın

O kitabı Turan xanım mənim üçün imzalayıb... - Nadir Yalçın

18:00 12 sentyabr 2024
22 il sonra alınan qonorar - Dağınıq əlyazma...

22 il sonra alınan qonorar - Dağınıq əlyazma...

09:00 11 sentyabr 2024
#
#
# # #