Sevgilimlə iki sözün arasında...

Sevgilimlə iki sözün arasında...
3 oktyabr 2012
# 09:57
Otuzdan çox yaşamışam...
Göyçayda,
Bakıda,
Moskvada,
Tiflisdə.
Arabada, təyyarədə,
Gah qum üstə,
Gah dənizdə.
Sevgi toranında,
Mühazirə salonunda.
Sevgilimlə bir-birimizə deyəcəyimiz
iki söz arasında.
Xəstə olarkən
Həkimin çarəsində.
Bəzən baş tutmayan şeirimin
Dağılmış divarlarının xarabasında.
Bəzən söz yarışında
Bəzən ölüm sözünün polyar qışında
Bəzən günlərimi başlı-başına buraxıb
Onlarsız əylənmişəm.
Sonra da günlərin məni atıb
getməyindən gileylənmişəm.
İllərimin çoxusu mənimlədir,
Ailəmin üzvüdür.
Yoxlayanda bir-bir
Görürəm bəzisindən
günlər düşüb,
hara düşüb?
Nə vaxt düşüb?
Eh, onlar çoxdan ötüşüb
Bəzisi toz olub ayaqlar altında.
Bəzisi hansı maşındasa
yadımdan çıxıb gedib.
Bəzisi
bir vaxt kənarında
Yaşadığımız çayın
suyunda axıb gedib.
Amma eləsi də var ki,
itməyib.
könlümü incitməyib.
Elə saatım var ki, ağac olub
Bir dost bağında.
Hər dəqiqəsi bir meyvəyə dönüb
Göy budağında.
Boynuna qol salıram saatımın
Otururam ömrümün
bir parçasının kölgəsində:
Düzürük qızıl yanaqlı dəqiqələri
On dörd günlük ay-boşqaba,
yeyirik şirin-şirin.
Hər il təkrarı olacaq
bu dəqiqələrin.
Hərdən düşür dəqiqələr budaqlardan
yerə bir-bir.
Sahibini görüb gəlir, onlar nədir,
Saatım var
Bir insan sevincində
bir hissədir.
Solmuş bir təbəssümün
Parıltısını qaytarmış.
O ölməmiş. O ömr edir.
Anlarım var:
Leysan yağışı kimi yağmış
Köyrək bir insan qəlbinə;
Bitirdiyi çiçəklər
mükafatdır mənə.
Oğlanlarıma baxıram:
Boylu-buxunlu günlərimdir.
Nurlu gecəm. al səhərimdir.
Şeirlərimə baxıram:
Demə ölmüş günlərimdir.
Yanıb dəftərə tökülmüş günlərimdir.
Otuzdan çox yaşamışam.
Peşman deyiləm.
Gələcəyə baxıram,
Dayan!
Gör nə deyirəm.
O hələ ömründən deyil,
Düşün axşam-səhər
Sən onu fəth etməlisən
Son zərrəsinə qədər.

2 aprel, 1964
# 1970 dəfə oxunub

Oxşar xəbərlər

"Şərif Ağayarın ən böyük günahı oxucunun intellektinə güvənməməsidir..." - Orxan İsmayılov

"Şərif Ağayarın ən böyük günahı oxucunun intellektinə güvənməməsidir..." - Orxan İsmayılov

13:00 14 may 2026
Seymur Baycan haqlı idi? - "Qəvvas"ın görünməyən tərəfləri

Seymur Baycan haqlı idi? - "Qəvvas"ın görünməyən tərəfləri

10:00 14 may 2026
İngilis ədəbiyyatının "melanxolik kraliçası" - Dafna dü Morye kimdir?

İngilis ədəbiyyatının "melanxolik kraliçası" - Dafna dü Morye kimdir?

14:10 13 may 2026
Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə

Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə

15:54 12 may 2026
"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?

"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?

12:00 12 may 2026
Bu hekayə dərin psixoloji nəsr nümunəsidir - Sevil Hidayət

Bu hekayə dərin psixoloji nəsr nümunəsidir - Sevil Hidayət

12:05 10 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər