“Şam almağa pulum yoxdur, gözünün işığından ver mənə”

“Şam almağa pulum yoxdur, gözünün işığından ver mənə”
3 oktyabr 2012
# 08:00
İstedadlı yazarlar tarixən ağır məhrumiyyətlərlə üzləşməli olublar. İrland mənşəli məşhur ingilis nasiri, şairi və dramaturqu Oliver Qoldsmitin «Dünya vətəndaşı, yaxud Londonda yaşayan çin filosofunun Şərqdəki dostlarına məktubu» əsərində də bu haqda söz açılır…

«Deyəsən, şairlər hər yerdə eyni olurlar: onlar bu günlə yaşayır və gələcəyi saya salmırlar. Şair ağıllı şeylər danışır, amma özünü axmaq kimi aparır; zəlzələdə soyuqqanlılığını qoruyub-saxlayır, amma fincanı sındırsa, kefi pozulur. Onun xasiyyəti belədir və hansı tərəfdən baxsan da, bu xasiyyət onu varlı adam olmağa qoymur”.

Qərb şairləri istedadlı olduqlarından da çox öz yoxsulluqları ilə tanınıblar. Ancaq, bildiyim qədər, Qərbdə yoxsullar üçün yaradılmış sığınacaqlardan yalnız biri dilənçi kökündə yaşayan yazıçılar üçün nəzərdə tutulub. Papa VIII Urbanın yaratdığı həmin sığınacaq sağalmaz xəstələrin xanəgahı adlanır. Bununla demək istəyirlər ki, buraya pənah gətirmiş insanları yoxsulluqdan və yazıçılıqdan qurtarmaq mümkün deyil. Sözün açığı, əgər qədim və müasir Qərb şairlərinin həyat hekayələrini yazıb sənə göndərsəm, sənə elə gələ bilər ki, mən insan fəlakətləri haqqında məlumatlar toplamaqla məşğul oluram.

Homer – qədim Yunanıstanın ən məşhur və dilənçi şairi. O, kor idi və küçələrdə nəğmə oxumaqla keçinirdi.

Komedioqraf Plavtın vəziyyəti nisbətən yaxşı idi: onun iki peşəsi vardı. Poeziya onun hobbisi idi, çörəyini isə dəyirman işlətməklə qazanırdı.

Terensi qul idi, Boesi isə türmədə canını tapşırdı.

Tassodan heç nəylə geridə qalmayan italyan şairi Paolo Borgeze on dörd peşə sahibi idi, amma aclıqdan öldü.

Tassonun özü də çulunu sudan çıxarmaq üçün tez-tez öz dostlarından borc almalı olurdu. Onun gözəl bir soneti var, burada o öz pişiyindən xahiş edir ki, gözlərinin işığından borc versin, çünki şam almağa pulu yoxdur.

Bentivolo, bədbəxt Bentivolo lap yazıq adam idi. Nə qədər ki, italyan dili var, onun komediyaları da yaşayacaqdır. O, bütün varidatını xeyriyyə işlərinə, Tanrı yolunda sərf etdi, amma qocalığında dilənçi vəziyyətinə düşdükdən sonra onu haçansa özünün yaratdığı sığınacağa belə qəbul etmədilər.

Böyük Servantes İspaniyada aclıqdan öldü. Dəqiq məlumdur ki, məşhur Kamoens də öz həyatını yoxsullar üçün sığınacaqda başa vurub.

Fransaya diqqət yetirdikdə də cəmiyyətin nə qədər nankor olduğunu görməmək mümkün deyil. Öz dövrünün ən qabaqcıl və nəcib insanlarından olan Vojlanı «Bayquş» adlandırırdılar. Çünki o, borc aldığı adamların qorxusundan bütün günü evdə otururdu və yalnız gecələr bayıra çıxmağa ürək eləyirdi.

Dövrünün böyük dühalarından olan Kassandra öz başını saxlaya bilmirdi. O heç kəsdə mərhəmət görmədiyi üçün bütün insanlığa nifrət etməyə başladı və sonda Tanrıya asi oldu. Ölüm ayağında ruhani ata ona and verib, xahiş etdi ki, Yaradanla barışsın. Kassandr cavabında altındakı samanı göstərib: «Yox, - dedi, - onun məni nəyə məhkum etdiyini görmürsənmi? Görmürsən, mənə necə bir ölüm göndərib?»

Ancaq İngiltərə şairlərinə baxdıqda, başqa ölkələrin şairlərinin vəziyyəti toya getməlidir. Spenser, Otvey, Batler və Draydenə görə onların vətəninə hər gün irad tuturlar; onlardan bəziləri tamamilə dilənçi həyatı sürürdülər, digərləri isə, sözün əsl mənasında acından ölmüşlər.

Hazırda İngiltərənin azsaylı şairləri artıq zəngin hamilərin şəfqətindən asılı deyillər; indi onların yeganə hamisi camaatdır. Camaat xeyirxah və geniş ürəkli cənabdır. Doğrudur, camaat onun rəğbətini qazanmış adamların əməyini dəyərləndirərkən bəzən yanılır. Amma bu yanlışlıq uzun çəkmir. Bəzi əsərlər müəyyən müddət populyar olur, lakin lazımi keyfiyyətlərdən məhrum olduğu üçün, tezliklə sıradan çıxır. Bütün dəyərli şeylər Zamanın sınağından çıxmalıdır – o, saxta əsərləri tez ifşa edir. Yazıçı isə, öz uğuru ilə qürrələnmək üçün, heç olmasa, on il gözləməlidir».
# 1612 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #