Təptəzə jiqulinin talismanı nədir?

 Təptəzə jiqulinin talismanı nədir?
18 sentyabr 2012
# 11:00
Ağarəhim Borçalıda cəmi-cümlətani bircə gecə qaldı. Bu da işdir, sən allah, dünən gəl,bu gün qayıt.

Gərək, heç olmasa üç-dörd gün gəzəydi burda, üç-dörd gün Bakının basabasından, səs-küyündən uzaq olaydı. Borçalının «qaymaq» havasından udaydı, «bal» suyundan içəydi.

Ağarəhim könülsüz-könülsüz «Jiquli»yə oturanda qayınanası yalvardı ki, «qal», getmə. Ağarəhimin əvəzinə arvadı Pərvanə cavab verdi: «Getməlidi, dedi, – gərək ponidelnik işdə olsun».

Ağarəhim ürəyində: «Tüpürüm ponidelnikə», - deyib maşını tərpətdi, amma başa düşdü ki, «ponidelnikə» tüpürə bilməz, çünki «ponidelnik» institutda olmalıdı, axşam şöbəsinin tələbələrindən imtahan götürməlidi…

Sağ-solunda yastı, bomboz təpələr görəndə Ağarəhim anladı ki, maşında tək-tənha uzaq yol getmək müsibətdir. Gələndə arvad-uşağı yanında idi və onda elə bil buralar belə bozumtul, belə qərib deyildi, yol belə əyri-üyrü, dolanbac deyildi, asfalt adamın gözünün toyşunu aparmırdı. Gələndə təkərlərin səsi eşidilmirdi, amma indi şırıltıya qulaq as; elə bil şəlalə şırıltısıdı, adama layla çalır, mürgü gətirir.

Ağarəhim fikirləşəndə ki, hələ qabaqda dörd yüz kilometrdən çox yol var, başladı darıxmağa, təntiməyə və o dəqiqə də başa düşdü ki, bu qədər yolu darıxa-darıxa getmək olmaz – adamın bağrı partlayar, vallah. Özünə ürək-dirək verdi, toxtaq olmağa çalışdı. Cəhənnəm olsun yolun ağlığı da, uzaqlığı da. Təptəzə «Jiquli»nin əlində dörd yüz kilometr yol nədir ki? Qaldı təklik məsələsi - onun da çarəsi var. Radioqəbuledicini aç, səsi gəlsin, ya da maqnitofonu işə sal, kefin nə qədər istəyir, oxusun səninçün. Bəs maqnitofonu nədən ötrü almısan, atam-qardaşım, Yapon maqnitofonu üçün alverçiyə min manatı niyə vermisən?

Ağarəhim maqnitofonun ağzındakı kaseti barmağı ilə qabağa basdı və türk qızının sərxoş kişi səsinə bənzəyən boğuq, yorğun səsi maşının salonuna dolub, təkərlərdən qopan şəlalə şırıltısını batırdı.

Benim könlüm sərxoşdu –
yıldızların altında.
Sevişmək, ah, nə xoşdu –
yıldızların altında.
Yanmam könlüm yansa da.
Əcəl beni alsa da,
Gözlərim kapansa da –
yıldızların altında.

Mahnıya qulaq asa-asa Ağarəhimin fikri çözələndi. Hə-ə. Bakıdakı üçotaqlı mənzilində düz bir ay təm-tək yaşayacaq. Bir ay nə arvadının üzünü görəcək, nə qızının. Özü-özünə qulluq edəcək: çay qoyacaq, xörək bişirəcək,mitil-şitil salıb yığışdıracaq. Düzdü, hərdən böyük qardaşıgilə gedəcək, amma bu da onu tənhalıq əziyyətindən qurtarmayacaq.

Ağarəhim evlənəndən bəri hər yay bu kökə düşürdü. Pərvanə orta məktəbdə müəllimə idi, dərslər qurtaran kimi uşağı götürüb atasıgilə gedirdi, Ağarəhim də məzuniyyət gününü gözləyə-gözləyə qalırdı Bakıda, Ağarəhimin arvad-uşağı bu dəfə qatara minəsi olmadı, Ağarəhim onları təzəcə aldığı «Jiquli»də apardı. Maşın yaxşı şeydi, vallah; harda istəyirsən saxla, dincəl. Günün hansı vədəsində istəyirsən otur maşına, sür ürəyinə yatan yerə: dağa, bağa, meşəyə… Amma qəribə xasiyyəti var Pərvanənin: cavanca gəlin olasan, kurorta-zada meyl eləməyəsən? Pərvanə hara desəydi Ağarəhim aparırdı onu. Lap xaricə aparardı: qardaşı Ağakərimin canı sağ olsun – putyovka təşkil eləmək onun əlində nə çətin işdi – bircə zəngi kifayətdi ki, qıfıllı qapılar taybatay açılsın. Di gəl ki, Pərvanə Borçalıdan başqa heç yeri bəyənmir. «Həm də qocalarımın gözləri yoldadı, - deyir. – İldə ikicə ay onların yanında qalmağım da qənimətdi. Axı, bizdən savayı onların kimi var?».

Pərvanənin sözləri Ağarəhimin ağlına batırdı. Doğrudan da, ildə ikicə ay Borçalıdakı qocaların könlünü ovundurmaq Allaha da xoş gedərdi, bəndəyə də. Amma indi Ağarəhim bu qərara gəldi ki, həvəsdi bəsdi, daha arvadının barmaq tuşladığı boyunduruğun altına girməyəcək, daha avqustun axırınacan Boçalıda ilişib qalmayacaq. Əvvəllər maşını yox idi – əl-qolu bağlı kimi idi – indi şükür Allaha, maşını da var, pulu da. Borçalıda bir-iki həftə qaldı, kifayətdi, sonra arvad-uşağını mindirəcək «Jiquli»yə aparacaq gəzməli, görməli yerlərə. «Bəs maşını niyə almışam, atam-qardaşım, bəs maşına bir ətək pulu nədən ötrü vermişəm? Bağışlasınlar məni Pərvanənin qocaları, mən də ürəyimcə yaşamaq istəyirəm».

Ağarəhim müşkül bir məsələni öz xeyrinə həll eləmiş adam təkin dərindən, rahat nəfəs aldı və ağlı-huşu bu maşına, bu yola qayıdanda gördü ki, Qazağa çathaçatdadı. İrəlidə, postamentin üstündəki təyyarə abidəsi gün işığında elə parıldayırdı, elə işıldayırdı, deyirdin bəs təyyarə deyil bu, qanadlı bir günəşdi doğub burda. Ağarəhim bilirdi ki, bu abidəni ilk azərbaycanlı təyyarəçinin şərəfinə qoyublar bura. «Sağ olsunlar qazaxlılar, başları iş-gücə nə qədər qarışıq olsa da, ölüb-itən igidlərini yaddan çıxartmırlar».

Abidənin qənşərində yol haçalanırdı. Sola dönən yol enli, asfalt idi, düz Qazağın içində girirdi və bu yol Ağarəhimi Bakıya aparan yol idi. Sağa dönən yol kənd yolu idi, bu yolda uzaqdan ot tayasına oxşar bir şey saralırdı, amma yaxınlaşandan sonra aydın oldu ki, ot tayası deyil bu, üzü o yana dayanmış yük maşınıdı, kuzovuna o qədər ot qalayıblar ki, kabinəsi, zadı görünmür.
Yolun haçasına çatanda Ağarəhim maqnitofonu söndürdü, sürəti azaltdı, lap haçanın başlanğıcında dayanmış maşının yanından ötəndə qəfil bir taqqıltı eşitdi: «Jiquli» yırğalandı, sağ yandan qabaq qapının şüşəsi çiliklənib oturacağa töküldü, Ağarəhim bu taqqıltıdan, bu yırğalanmadan əvvəl-əvvəl heç nə başa düşmədi, başa düşəndə belindən ağrı qopdu, elə bil böyrəklərinə bıçaq yeritdilər. Əlləri, ayaqları əsdi. Əyləci güclə basıb maşından birtəhər çıxdı.

«Jiquli»nin sağ tərəfdən qabaq qanadı əzik-əzik olmuşdu, qabaq qapı əyilib içəri girmişdi, sağ fənər sınıq-sınıq idi. Ağarəhim qorxudan boğula-boğula, ürəyi titrəyə-titrəyə yük maşınına tərəf baxdı. Ayaqlığın yanında cavan, çəlimsiz bir oğlan donuxub qalmışdı. O qədər arıq idi ki, ovurdu-ovurdundan keçirdi. Nazik, qara bığı olmasaydı, deyərdin bəs uşaqdı.
Ağarəhimin belindəki ağrı hələ çəkilməmişdi, üşütməli adam kimi qolları, qıçları hələ əsirdi: Boğazı qovuşa-qovuşa:

- Neynədin, əşi? – dedi və ona elə gəldi ki, səsi dilçəyindən bu yana keçmədi, səsi içində qaldı.

Amma oğlan onun sualını eşitmişdi. O da səsi titrəyə-titrəyə:

- Bilmədim, ay dayı, - dedi: - görmədim, vallah.

Oğlanın gözləri ya anadangəlmə belə iri idi, ya da qorxudan irilənmişdi. Ağarəhim güman elədi ki, yəqin öz gözləri də bax beləcə böyüyüb. Ağarəhimin bərkə-boşa düşdüyü vədələr olmuşdu, lap qorxduğu vədələr də olmuşdu, ancaq heç vaxt belindən belə ağrı qopmamışdı. Birinci dəfəydi ki, böyrəkləri bu cür sancırdı, birinci dəfəydi ki, kürəyinin zoqqultusu nəfəsini kəsirdi. Ağarəhim «Jiquli»nin böyründəcə tozlu yola uzanmaq istəyirdi, heydən düşmüş canını hara olursa-olsun yıxmaq istəyirdi, amma uşağa oxşayan çəlimsiz oğlanın yanında şəninə, bazburuduna sığışdırmırdı bunu. Bilmirdi neynəsin, nə danışsın. Bəlkə dişinin dibindən çıxanı desin oğlana, bəlkə basıb döysün onu? Bu nə işdi, fələk, bu nə qəza idi? Bu ot maşını hardan çıxdı, şeytana oxşayan bu köpəyoğlu hardan çıxdı?
Bu titrətməli, əsməcəli vaxtında Ağarəhimin yadına Pərvanənin sözləri düşdü.
Pərvanə dönə-dönə demişdi ki, «maşında talisman gəzdir; göz dəyməz, xata-baladan uzaq olarsan». Ağarəhim talismana, gözmuncuğuna, cadu-filana inanmırdı, amma Pərvanənin sözlərinə baxmamağına indi peşman oldu.
Ağarəhim içindəki əsməcəni biruzə verməmək üçün nəfəsini birtəhər nizamladı.

- Kor idin? – dedi. – Görmürdün ki, mən arxadan gəlirəm?
Oğlan udquna-udquna.

- Görmədim, vallah, - dedi. – Bu andır maşında dalı göstərən güzgü yoxdu. Ot da gözümün qabağını tutmuşdu elə dönmək istəyəndə… - Oğlan ürəkləndi, Ağarəhimə yaxınlaşa-yaxınlaşa: - Şükür Allaha, salamatlıqdı, - dedi. Maşının xürd-xəşil olmuş qanadına, içəri batmış qapısına baxdı. – Bunlar düzələr, - dedi, - təki ölüm, xəsarət olmasın.
Ağarəhim yan-yörəyə göz gəzdirdi. Belə işlək yolda tərslikdən bir ins-cins də görünmürdü – Bərk ayaqda Ağarəhimin şahidi olardı, tərəfini saxlayardı onun, deyərdi, bu kişinin oğlunda zərrəcə günah yoxdu.
Oğlan da Ağarəhim sayağı yan-yörəyə baxdı, sonra iri gözlərini dikdi Ağarəhimin üzünə.

- Ay dayı, - dedi, - it-qurd yığışmamış gəl çıxaq aradan.

Ağarəhim başını buladı.

- Qoy avtoinspektor gəlsin.

Oğlan başladı dil tökməyə.

- Vallah, düzəltdirəcəm maşınını. Vurulmağı qətiyyən bilinməyəcək. Bütün xərci mənim boynuma.

Bu «Jiquli»nin daha əvvəlki «Jiquli» olmayacağını fikrinə gətirəndə Ağarəhimin damarlarında qanı tərsinə fırlandı. Ağarəhim içini bürüyən və çıxmağa fürsət, məqam axtaran acığını irigözlü oğlanın başına tökmək istədi. İstədi qışqırsın, ancaq özü də bilmədi ki, səsi niyə yumşaq çıxdı. Ağarəhim öz gücsüzlüyündən, acizliyindən hövlə gələn naçar adam kimi ağlamsındı.
- Nəyi düzəltdirəcəksən? – dedi. – Şikəst eləmisən maşını. Mən sabah Bakıda olmalıydım. Neynəyim indi?

Oğlanın arıq üzündə məlul-məhzun bir ifadə yarandı, iri gözlərindən mütilik töküldü və bu gözlər dilə gəlib dedi ki, «döy məni, söy məni, vur öldür – haqlısan».

Oğlan çəkinə-çəkinə:

- Gedək, - dedi. – Günü bu gün düzəltdirəcəm. Səni gecəynən özüm aparıb qoyaram Bakıya.

Ağarəhimin susmağı oğlanın dilini bir az da açdı.

- Qurban olum, ay dayı, onsuz da mənim əskim tüstülüdü. Bir xatadan təzəcə qurtarmışam, ikinci xataya düşməyimin sənə nə xeyri? Bir parça çörəyimi əlimdən niyə alasan, axı? Allah səni saxlasın, gedəkmi? İt-qurd gəlməmiş… - Oğlan yük maşınının ayaqlığına qalxdı. – Dalımca sür, - dedi. – Fikir eləmə, vallah düzələcək.

Ağarəhim yuxudan təzəcə oyanıb harda olduğunu kəsdirə bilməyən adam kimi idi. Bilmirdi ot maşınının ardınca getsin, yoxsa gözləsin. Kimi gözləsin, nəyi gözləsin? Bəlkə avtomobil müfəttişi axşama qədər gəlməyəcək bura? Bəlkə bu şeytana oxşayan oğlan «Jiquli»ni, doğurdan da, düzəltdirəcək? Müfəttişi gözləmək havayı işdir. Mufəttiş gəlib neynəyəcək? Ağarəhimə təzə maşın verməyəcək ha?

Ağarəhim «Jiquli»yə oturdu – niyə oturdu özü də bilmədi – irigöz oğlanın ardınca getmək istəmirdi, əzilmiş maşınla yolda da qalmaq istəmirdi. Ağarəhim odla su arasında vurnuxan adama bənzəyirdi, amma bilmirdi ki, od hansı yandadı, su hansı yanda.

Ot maşını yavaş-yavaş uzaqlaşırdı. Ağarəhim maşının ardınca baxdı, baxdı və bayaqkından da betər qorxdu: «Deyəsən, aradan çıxır köpəyoğlu». Amma ot maşını dayandı, oğlan başını kabinədən çıxarıb Ağarəhimə əl elədi və Ağarəhim «Jiquli»ni kənd yoluna döndərdi…

Az qala bir-birinə bitişik iki-üç kəndin içindən keçdilər. Sonra əsas yoldan çıxıb, ensiz torpaq yola buruldular. Kəndin adı yazılmış dəmir lövhə döngənin tinindəki dirəyə bənd edilmişdi. Ağarəhim gözünün ucuyla baxıb, dəmir lövhədəki yazını oxudu: «Alpoud». Ağarəhim köks ötürüb, başını buladı. «Bir kəndin ki, adı «Alpoud» ola, onun adamları nə təhər olar? «Alpoud» nə deməkdi, ay fələk?»

Doqqazı enli, hasarı kol-kosdan olan bir həyətə girdilər. Oğlan kabinədən düşən kimi hələ də sükan arxasında donuxub qalmış Ağarəhimə yaxınlaşdı.

- Xoş gəlmisən, qardaş, - dedi, sonra üzünü kürsülü evə tərəf tutub çağırdı: – Ay ana! Qonağımız var!

Ağarəhim oğlanın üz tutduğu səmtə baxa-baxa maşından çıxdı və gördü ki, kürsülü evin artırmasında taxta çarpayının üstündə kök, yaşlı bir qadın oturub. Qadın yanındakı qıyqacı götürüb başına saldı.

- Qonağın qədəmlərinə qurban olum, - deyib hıqqana-hıqqana çarpayıdan düşdü.

Arvad ayaqları uyumuş adam təki yeriyirdi, elə bil ağır bədənini gəzdirməyə qıçlarının gücü çatmırdı. Uzun, gen tumanı onu bir az da kök göstərirdi. Çatıb, Ağarəhimə əl verdi, nəfəsi təngiyə-təngiyə:

- Xoş gəlmisən, atam-anam, - dedi.

Ağarəhim başını tərpətdi. Borcu deyil ki, tanımadığı adamlara dil-ağız eləsin. Bu qəza olmasaydı dünyada «Alpoud» adlı bir kəndin varlığından, bəlkə də, ömrü boyu xəbər tutmayacaqdı, şeytanabənzər bu oğlanla rastlaşmayacaqdı, ağ köynəyin altından qarnının qatları bilinən, sallaq döşlü bu arvadı heç vədə görməyəcəkdi və bunlarsız da rahat yaşayacaqdı. Bu adamlar onunla bir diyarda, bir torpaqda ömür sürdülər, yaxud başqa qitədə – tutalım Afrikada – bunun Ağarəhimə nə istisi, nə soyuğu?
Arvadın üzü qaramtıl idi, dəpdəyirmi idi – kişi üzünə oxşayırdı üzü – bir gözü yarıyacan ağ pərdə ilə örtülmüşdü. Ağarəhimin key-key dayandığını görüb, əvvəlkindən də mülayim səslə:

- Öyə keçsənə, dərdin alım, - dedi.

Ağarəhim dodaqlarının altında mızıldandı. Arvad dönüb evə tərəf gedə-gedə:

- Ay gəlin, hey! – çağırdı. – Ustul gətir qonağa!

Gəlin əlində stul otaqdan çıxdı, elə bil bayaqdan stulu götürüb içəridə hazır dayanmışdı. Stulu, az qala yüyürə-yüyürə gətirib armud ağacının kölgəsinə qoydu və tez də artırmaya qayıtdı.

Tanınmaza-bilinməzə belə qəbul Ağarəhimin xoşuna gəlmədi. Ağarəhim nəzərlərilə şeytanabənzər oğlanı axtardı. Oğlan ot maşınının qabağında dayanıb yanıqlı-yanıqlı siqaret çəkirdi. Yanında üç-dörd yaşlı qız uşağı durmuşdu. Qız çitdən düzəldilmiş gəlinciyi sinəsinə sıxıb altdan-yuxarı oğlana baxırdı, amma oğlan, deyəsən, onu görmürdü. Qızın hardan çıxdığını, hardan gəldiyini Ağarəhim də görməmişdi, ancaq indi qız haqqında fikirləşməyin yeri deyildi, indi tələsmək lazım idi, maşını abıra salmaq lazım idi.

Oğlan siqareti atıb ayaqqabısının burnu ilə əzdi. Yaxınlıqda dənlənən toyuqların üstünə cumdu. Toyuqlar pərən-pərən düşüb qaqqıldaşdılar, tövlənin dalına qaçdılar, oğlan da onların dalınca yüyürdü… Bir azdan hər əlində bir çolpa tövlənin dalından çıxdı.

Ağarəhimin dil-dodağı qurumuşdu, içində elə bil ocaq qalanmışdı, özü də bu ocaq çoxdan – maşın-maşina dəyən dəqiqədən qalanmışdı və Ağarəhimin sinəsinin altını pörşələyirdi.

Oğlan çolpaları kəsib qurtarandan sonra Ağarəhim:

- Bir az su tapılarmı? – dedi. – İçməyə…

Oğlanın iri gözləri işıqlandı.

- İçməyə də tapılar, lap çimməyə də, - dedi və tələsə-tələsə gedib artırmadakı güyümdən bir stəkan su gətirdi.

Ağarəhim üzünü yana tutub suyu sümürə-sümürə içdi. Su elə bil içindəki közü cızıldada-cızıldada, odu söndürə-söndürə süzülüb getdi… Yenə içə bilərdi, istəmədi. Stəkanı oğlana qaytaranda ürəyindən keçdi ki, «sal oğ» desin, demədi.

Oğlan utana-utana soruşdu:

- Adın nədir, ay dayı?

Oğlanın «dayı» deməyi Ağarəhimi açmırdı heç. Ağarəhim könülsüz-könülsüz adını dedi. Oğlan bu tanışlığa sevinirmiş kimi gülümsədi:

- Mənim də adım Binnətdi, - dedi. – Sən burda dincəl, mən usta dalıycan gedim… Allah eləsin, kənddə tapa bilim onu. Ora-bura dartırlar. Əzik-üzük maşınların anasıdı. Özü düzəldir, özü də kraskalayır. Çox qpbiliyyətli ustadı. Ağarəhim inanmadı. İnanmadı ki, «Alpoud» adlı kənddə qabiliyyətli usta olsun.

Oğlan artırmaya qalxdı. Taxta çarpayının üstündə mürgüləyən arvada nəsə dedi. Arvad vaysına-vaysına əlini dizinə çırpdı. Oğlan artırmadan düşə-düşə hövsələsiz halda:

- Ağzından od tökmə, ay ana, – dedi, - qəsdən eləməmişəm ha.
Binnət doqqazdan çıxandan sonra Ağarəhim armud ağacının kölgəsindəki stulda oturdu. İndicə həyətə göz gəzdirdi və gördü ki, həyət çox böyükdür. Həyətin açıq tərəfində kürsülü evdən və köhnə tövlədən savayı tikili yox idi. Evin qənşərində ucu-bucağı görünməyən bağ vardı, bağın da içində cürbəcür ağaclar vardı, deyirdin bəs kolxoz bağıdı bu. «Belə bağ sahibinin yəqin ki, pulu çox olar. Budu ey, toyuq-cücələrə bax, saymaqnan qurtarmaz. Tövlə var, demək, inək-camış da var, qoyun-quzu da var. Kasıb deyillər bunlar».

Gəlin üstünə balaca, təmiz süfrə salınmış kətili Ağarəhimin qabağına qoydu. Armudu stəkanda çay gətirdi. Bircə dəfə də başını qaldırmadı, gözünün quyruğuyla da olsa, Ağarəhimin üzünə baxmadı. Amma Ağarəhim altdan-altdan baxdı ona və inanmadı ki, «Alpoud» adlı bir kənddə belə yaraşıqlı gəlin olsun. Qaraşirin idi gəlin. Dodaqlarının rəngi yetişmiş gilənar rənginə çalırdı. İşıqlı, oynaq gözləri vardı. Tərpənişi cəld idi, yeriyəndə sinəsi irəli çıxırdı.

Gəlin artırmanın qabağında çöməlib çolpaları yolurdu. Ağarəhim yandan ona baxa-baxa köks ötürdü. «Əgər bu qəşəng gəlin Binnətin arvadıdırsa, yazıq buna, heyif buna. O şeytana oxşayan gədənin nəyinə bənd olub görəsən?» Ağarəhimin yadına öz arvadı düşdü və onsuz da qara olan bir az da qaraldı. «Gərək baxaydım onun sözünə, gərək talisman qoyaydım maşına. Heç olmasa yağlıtikandan-zaddan…»

Balaca qız «Jiquli»nin yanında dayanıb zarıldayırdı, gəlinciyi də bir əli ilə sinəsinə sıxmışdı. Gəlin işini yarımçıq qoyub uşağın yanına getdi. «Jiquli»nin qabaq qapısını ehmalca açdı. Qız o dəqiqə kiridi, maşına dırmaşıb sükanın arxasında oturdu. Ağarəhimin dişi bağırsağını kəsdi. «Elə bil atalarının malıdı».

Ağarəhim çaya əlini də vurmadı. Darıxdı. Qalxıb «Jiquli»yə yaxınlaşdı. Maşın gözündən elə düşmüşdü ki, baxmaq istəmirdi ona. Uşağa baxdı. Qız gəlinciyi dizinin üstünə qoymuşdu. İçəri isti olsa da dinməz-söyləməz oturub dözürdü. Qızın bir suyu Binnətə oxşayırdı, illah da gözləri; iri-iri, peyvənd gilas boyda. Şabalıdı, qısa saçları körpə quzu tükü kimi qıvrım-qıvrım idi. Dizinin üstündəki gəlincik qəribə gəlincik idi. Ağarəhim ömründə belə gəlincik görməmişdi. Ağ çitdən baş düzəldib balaca çöpün bir ucuna bənd eləmişdilər. İri düyməyə oxşayan dəpdəyirmi bu başın ortasında qara karandaşla ağız-burun, qaş-göz çəkmişdilər. Gəlinciyin çiyinləri yox idi – hər çiynin yerindən bir cüt qol sallanırdı – əyninə əl boyda, beli büzməli tuman geyindirmişdilər. Nədənsə Ağarəhim inanırdı ki, bu gülməli gəlinciyi dodaqlarının rəngi yetişmiş gilənar rənginə çalan o qəşəng gəlin düzəldib.

- Haralısan, atam-anam?

Ağarəhim qəfil səsdən diksinən kimi oldu. Geri qanrıldı; kök arvad onun arxasında tövşüyə-tövşüyə dayanmışdı. Ağarəhim:

- Bakılıyam, - dedi.

- Qulluqdasanmı?

- İnşaat institutunda müəlliməm… Fizika müəllimi…

- Allah saxlasın səni. – Arvad, deyəsən, ayaqüstə dayanmağa çətinlik çəkirdi. Əllərini yerə dirəyə-dirəyə çayırlıqda oturdu. – Dədən, nənən varmı? – dedi.

- Böyük qardaşım var.

- O da qulluqdadımı?

Ağarəhim:

- Hə, - dedi və hiss elədi ki, bu, azdır. Qoy bu kök arvad elə bilməsin ki, Ağarəhimin qardaşı hər yetənin tayıdır. – Böyük vəzifədə işləyir, - dedi.
Allah onnan da yuxarı eləsin!
Ağarəhim anlayırdı ki, kök arvad ona nəsə demək istəyir, nəsə bir niyyəti var bu arvadın, yoxsa ayaqlarını sürüyə-sürüyə, ağır bədənini orla darta-darta həyətin o başından bu başına gəlməzdi.

- Evlisənmi, dərdin alım?

- Bir uşağım da var… Beş yaşında…
Arvad «Jiquli»yə ötəri nəzər salıb köks ötürdü.

- Sühsünü qırılsın. Binnətin, - dedi. – Qarabəxtdi bu gədə. Anadan olannan xata-bala başından əskik döyül. On yaşınacan azar-bezar qoymadı gözünü açsın. Deyirdik, sağ qalmaz bu, ölər, amma ölmədi. Di gəl ki, fərri də böyümədi – yanıq oldu. Qurban olum Allaha, özü bilən məsləhətdi… Xalqın uşaqları oxuyub qulluq yiyəsi oldular. Dərs bu qansızın qafasına batmadı. Qabağında ata vardımı ki, təpəsinə döyə-döyə oxudaydı? Binnətin beş yaşı olanda kişi köçünü sürüb getdi bu dünyadan. Mənim də başım öz əlimdə döyüldü ha. Sovxozda işləyirdim – onda hələ sovxoz olmamışdı, kolxozuydu – hava işıqlanmamış gedirdim qaş qaralanda qayıdırdım.

Ağarəhim – ağlına hardan gəldisə – Binnətin yaşını soruşdu.

Arvad ürəyində nəyisə hesablayırmış kimi duruxa-duruxa:

- Böyük oğlum Əfəndinin qırx yaşı var, - dedi. – Onnan kiçiyi qızdı – indi kənddə ərdədi, dörd uşaq anasıdı. Qız, Əfəndidən üç yaş balacadı. Qıznan Binnətin arasında iki yaş tafovut var.

Ağarəhimin hesabına görə Binnətin yaşı gəlib durdu otuz beşdə. «Cırtdan məndən üç yaş böyükdü, amma «dayı» deyir mənə. Cansız-cəsədsiz, onunçün cavan görunür».

Arvad üzünü göyə tutub ah çəkdi. Ağarəhimə elə gəldi ki, arvadın yarısınacan ağ pərdə enmiş gözü tamam görmür və yəqin ki, nə vaxtsa o biri gözü də tutulacaq.

- Bunnarı müsibətnən böyütmüşəm, dərdin alım. İndi pensiyədəyəm, ayda iyirmi üç manat alıram hökumətdən. Heç onu verməsələr də dolanaram. Mənim nə xərcim, Nə çıxarım var ki? Əfəndi sovxozda traktor işlədir, ayrıca ev-eşiyi var, məni də yadından çıxartmır, Allah mənim ömrümdən kəsib onun ömrünə calasın. Qızzan da razıyam. Təkcə bu gədə… - arvad başındakı qıyqacın ucuyla salamat gözünün yaşını sildi. – Ayaqlarıma yel gəlib, - dedi. – Canımın hayındayam, bu baxtıqara da ömrümü bir yannan baltalayır.

Arvadın dərd-gileyinə qulaq asmağa həvəsi yox idi Ağarəhimin. Qorxurdu ki, birdən ürəyi yumşalar, Binnətə rəhmi gələr. Darıxa-darıxa saatına baxdı. İstədi uzaqlaşsın arvaddan, amma arvad onun niyyətini hiss edibmiş kimi burnunu çəkib danışmağa başladı.

- Bir yerdə tikiş tutub dayana bilmir gədə. Gah sovxozda fəhlə oldu, gah dəmir yolunda işlədi. Sonra Əfəndi yaxalayıb apardı yanına, traktor sürmək öyrətdi ona. Ordan da qaçdı. Nə qədər avara-avara gəzdi. Getdi əsgərliyə, orda şoferlik oxudu… Qayıdanda sovxozda köhnə bir maşın verdilər ona. Ağıllanmışdı, başını aşağı salıb işləyirdi. Dedik, day kişi olub, evləndirdik. – Arvad başıyla artırmadakı gəlinə işarə elədi. – O halal süd əmmişi aldıq ona… Bir qızzarı oldu, - odu, o sənin maşınında oturan. Gəlin ikinci uşağa boylu olanda Allah Binnətin başına gürşadını tökdü: maşını aşırtdı gədə. Alverçilər təlləyib ağlını əlinnən alıblar, o da cavandı dana, pula tamah salıb, gecəynən maşını kələmnən nıxlayıb, sürüb Ermənistana tərəf. Qurban olduğum Tanrı da nəzərini çəkib bunnan: maşın budu ha, uçub dərənin dibinə. Alverçilərdən birinin qolu sınmışdı, birinin qılçı şikəst olmuşdu, özünün heç burnu da qanamamışdı. Binnəti tutub damladılar, bir il türmə kəsdilər ona. Gədə türməyə girən günnən gəlinin gözünün yaşı əlində oldu. Səhər-axşam yumdu-tökdü. Nə illah elədim, kirimədi. O qədər xiffət çəkdi, axırda uşaq xarc elədi: ölü uşaq doğdu, vədəsinnən tez… Özü də oğlan uşağı…
Ağarəhim artırmada arxası bəri dümələnən gəlinə baxdı və inandı ki, gəlinin ondan zəhləsi gedir, yoxsa «xoş gəldin», deyərdi, heç olmasa bircə dəfə qonağa nəzər yetirərdi. Yəqin bu kök arvadın da ondan zəhləsi gedir, onu Allahın göndərdiyi bəla hesab eləyir. Ağarəhim az qaldı üzünü arvada tutub desin ki, «ay ana, ay xala, məndə günah yoxdu, mən pis adam deyiləm. Əgər mərdimazar olsaydım, sənin oğlunu verərdim inspektorun əlinə, oğlunun da yaxası qurtaranacan dərisi boğazından çıxardı».

- Türmədən təzəcə gəlib tifağı dağılmışın balası. Yalvar-yaxardan, minnət-sünnətdən sonra sovxoz Nuh əyyamınnan qalma bir maşın verdi ona. Maşınnıq qalmayıb ha onda: təpədən dırnağa calaqdı, yamaq-yamaqdı. Bir gün işləyəndə beş gün özünə gəlmir… Səhər tezzən Binnət dedi, ay ana büyün bazardı, gedim heyvanlara ot-ələf gətirim. Dedim, getmə, bala. Ürəyimə nəsə dammışdı, gecə pis yuxu görmüşdüm. Həm də bilirəm axı, xata bunun boynunun ardınca gəzir… Getdi. Axırda da belə oldu… İndi neynəyəcək, başına haranın daşını salacaq? Pulu-pənəsi hardadı onun?
Ağarəhimin səbri lap bir tikə oldu. Vaxt keçirdi. Günəş bu həyətin, bu evin üstündən uzaqlaşıb aralıdakı dağın şiş təpəsinə dirənmişdi. Günəş bir azdan burnunu göy ədikləmiş dağın arxasına keçəcəkdi və axşam düşəcəkdi.
Arvad kötük qıçlarını çəkə-çəkə evə tərəf gedirdi. Deyəsən, ürəyini boşaltmışdı, nə demək lazımdırsa, demişdi qonağa. İndi qonaq bilər, qonağın Allahı bilər…

Tüstülənə-tüstülənə, nərildəyə-nərildəyə həyətə bir «Moskviç» girdi və düz Ağarəhimin yanında dayandı. Binnət maşından düşüb:

- Şükür Allaha, - dedi. – Əjdəri tapa bildim.

Əjdər «Moskviç»in qapısını açıb, ayaqlarını salladı. Elə oturduğu yerdəcə Ağarəhimə baxıb, yüz ilin tanışı kimi gülümsədi və Ağarəhim gördü ki, Əjdərin qabaq tərəfdə cəmi üç dişi var: ikisi altda, biri üstdə. Alnı qırış-qırış, ovurdları batıq idi. Göyümtül, süzgün gözlərində bic bir təbəssüm dolanırdı. Bu da eynən Binnət kimi arıq, çəlimsiz idi, bunun da yaşını dürüst demək mümkün deyildi.

Binnət tələsdirdi onu.

- Əyə, düşsənə, a tanrısız!

Əjdər qapıdan yapışıb qalxdı. Ağzına buz qoymuş adam təkin dilini güclə tərpətdi.

- Qonaq… xoş gəlib… - İrəli yeriyib Ağarəhimə əl verdi. - Ürəyini sıxma, bajoğlu, - dedi. – Mən… bu saat…

Burnuna araq iyi dəyəndə Ağarəhim başa düşdü ki, Əjdərin dili niyə topuq çalır.

Əjdər:

- Budumu, ayə, maşın? – deyib ləngərlənə-ləngərlənə «Jiquli»yə tərəf getdi.
Binnət uşağı maşından düşürtdü, oturacağa tökülmüş şüşə qırıntılarını təmizlədi.

Əjdər bir əlini belinə qoyub zəndlə «Jiquli»yə baxdı. Ağarəhim də onun «Moskviç»inə. «Moskviç» çürümüşdü. Üstündəki pasla yamaqların ağırlığı öz ağırlığından güman ki, çox olardı. Nə arxa oturacaq vardı, nə də qapıların şüşəsi; yəqin ki, yol gedəndə içəridə «yel vurub yengələr oynayırdı». Ağarəhimin ağlı Əjdərdən bir şey kəsmədi, Əjdərin yaxşı usta olmağına Ağarəhim inanmadı. İnanmadı ki, «Alpoud» adlı kənddə qabiliyyətli usta olsun.

Əjdər «Jiquli»nin vurulmuş yerini diqqətlə nəzərdən keçirəndən sonra üzünü
Binnətə tutdu.

- Ayə, bekara şeydi… Başın haqqı… canını alacam bunun, cərcənəyini ayıracam, - dedi və çayırlıqda oturub qıçlarını uzatdı. – Qoy bu pap… papiros çək…im. – Damağına «Avrora» qoyub yandırdı.

Ağarəhim arxasını Əjdərə çevirib. Binnətə pıçıldadı:

- Deyəsən, keflidi bu.

- Bu batmışın ayıq vaxtı olurmu heç? Çaxır zavodunda fəhlə işləyir, gündə vurmasa bağrı çatlayar. Amma nə qədər içsə də, huşunu itirmir. Özü də çox zirək adamdı: beş kişinin işini təkbaşına görər, «yoruldum» deməz. Əlləri qızıldı bunun… Sən narahat olma, bircə saata düzəldəcək maşını.
Əjdər siqaretdən dərin qullab alıb çayırlığa dirsəkləndi.

- Ayə!.. A Binnət! Qonaq yoxsa mənnən danışır? Elə bilir… kefliyəm… heləmə?.. Ayə, mən Əjdərəm haa… Bir vedrə içərəm… amma… gülləni iynənin gözünnən keçirdərəm. Qonağa denən, - yumruğunu sinəsinə vurdu, - mən Əjdərəm haa.

Binnət gülümsədi:

- Demişəm, əşi.

- Di get, bir dolça su gətir, ciyərim yanır.

Binnət getdi su gətirməyə: Əjdər barmağını diliylə yaşlayıb siqaretin gözünə basdı. Siqareti çiyninin üstündən dala atıb, dirsəyini yerdən qaldırdı.
- Bajoğlu, - dedi, - sən heç… qəm zad eləmə. Əjdər olan yerdə nə qəm?.. Təptəzə eləyəcəm maşınını… Anadalgəlmə… Binnət mənim qohumumdu, bilirsənmi? Min iş görərəm… bir qəpik də almaram… Qohum qohumnan əlmuzdu almaz… Pul nə olan şeydi, ayə? – Tüklü çənəsini qaşıya-qaşıya «Jiquli»yə baxdı, sonra başını döndərib kəndin ayağındakı dağa baxdı. – Ayə, o dağı görürsənmi? – dedi. – «Göyəzən»di onun adı. Eşitmisənmi?.. Görürsənmi nə şişdi ucu? Nizə kimidi… ha deyirəm… dırmaşım ora… vaxt tapa bilmirəm.

Binnətin gətirdiyi suyu Əjdər çənəsinə, sinəsinə axıda-axıda ləzzətlə içdi. Ağarəhim dodaqlarını yaladı, amma su istəməyə utandı.
Əjdər:

- Ya Allah! – deyib qalxdı. «Moskviç»in yük yerindən paslı bir ling çıxartdı. Elə bil illərlə əl dəyməmişdi bu lingə, illərlə yağışın altında, palçığın içində qalmışdı. Taxta çəkic çıxardı. Dizlərini yerə qoyub, lingi «Jiquli»nin əzilmiş qanadının altına saldı. Bir dartdı, iki dartdı, çöl tərəfdən taxta çəkiclə bir vurdu, iki vurdu və əzik qanad çartıldayıb bir qarış uzunluğunda cırıldı. Əjdər əl saxladı.

- Baho! Buna nooldu, ayə? – dedi. – Bu andır lap kağızdanmış… Mənnən çıxmaz iş… Niyə cırıldı, ayə, bu?

Ağarəhim acıqlı-acıqlı Binnətə baxdı. Maşın vurulanda heç bu qədər dilxor olmamışdı, bu qədər heyfislənməmişdi. Az qaldı Əjdərin qolundan tutub fırıldatsın qırağa.

Əjdər özü çəkildi kənara. Lingi, çəkici tulladı yerə.

- Əllərim niyə əsdi, ayə, mənim? – dedi. – A Binnət, o zəhrimardan bir az gətir görüm.

Binnət təzədən evə qaçdı, Əjdər də təzədən çayırlıqda oturdu.

- Düzələcək, dedi. – Səbrini bas… O cırılan yerə fikir vermə. Lehimləyəcəm, olacaq anadangəlmə. Düzü mən həmişə yekə maşınları abıra salmışam… Leqkovoy da düzəltmişəm ha… «Moskviç» filan… «Jiquli» birinci kərədi… Qəm eləmə... Əjdər olan yerdə nə qəm? – dedi, ancaq hiss olunurdu ki, Ağarəhimdən çox, özünə ürək-dirək verir.

Binnət bir əlində ağzınacan araq dolu qalın stəkan, bir əlində pomidor gətirib verdi Əjdərə. Əjdər stəkanı bir əlinə aldı, pomidoru o biri əlinə. Dodaqları səyriyə-səyriyə stəkana baxdı.

- Əlli iki yaşı var, - dedi, - otuz iki ildi bunnan dostluq eləyirəm. Ayə, yəni mən o «Göyəzən»in təpəsinə qalxa bilməyəcəm? Yəni bu abi-zəmzəm məni qoymayacaq ora dırmaşam? Axı, əhd eləmişəm… orda vurmalıyam, axı. – Sonra üzünü göyə tutdu. – Ay tanrı, - dedi, - atam, anam sənə qurban, keç Əjdərin günahından. Onsuz da Əjdərin günahı yoxdu, bilirsən. Olsa da, xırımxırda günahlardı, onları da qoyarsan içməyənlərin boynuna.
Əjdər stəkandakı arağı yarıyacan içdi, ağız-burnunu bürüşdürə-bürüşdürə pomidordan bir dişdəm aldı, amma deyəsən, çeynəməmiş uddu.
Binnət xəcalətindən Ağarəhimin üzünə baxa bilmirdi. Əjdəri tərifləmişdi, Əjdərə güvənmişdi, sən demə, Əjdərin də bacarmadığı işlər varmış. Binnət ürəyində Allaha yalvarırdı ki, Əjdərə kəramət versin, fərasət versin, Əjdər də onu bu bəladan qurtarsın.

Ağarəhimin Əjdərlə işi yox idi, Ağarəhim qanlı-qanlı Binnətə baxırdı. Bir adam ki, istidə başına bu boyda kepka qoya, ondan nə umasan? Bu nə yör-yöndəmdi, fələk, məni kimə urcah elədin?» Əjdər sətin pencəyinin yaxasını açıb, danqa sinəsini qaşıdı. Maykası da yox idi zalımın. Qabırğaları görünürdü, qarnı az qala belinə yapışmışdı.

- Ya Allah! – deyib Əjdər ayağa qalxdı.

Ağarəhim görürdü ki, Əjdər «Jiquli»yə yaxın getməyə ürək eləmir, qalıb dirənə-dirənə.

Əjdər lingi, çəkici götürüb:
- Başladıq, - dedi, amma hiss olunurdu ki, başlamaq istəmir.
Ağarəhim canını qurtardı onun. Dedi:
- Lazım deyil.
Elə bil Əjdərin çiynindən neçə ildən bəri dırmaşmaq arzusunda olduğu «Göyəzən» ağırlığında yük götürüldü, amma özünü o yerə qoymadı, özünü təəccüblənən kimi göstərdi.
- Niyə, bajoğlu? Qoy düzəldim də.
Ağarəhim hirsini boğa bilmədi.
- Bacarmadığın işə niyə girişirsən? – dedi. – Maşını day da şikəst elədin! – Üzünü Binnətə tutdu. – Yekə oğlansan! –dedi. – Qanacağın, mərifətin olsun! Məni avara qoymusan burda! İstəyirsən sənə pislik eləyim?! Pislik eləməyə gücüm çatar!
Binnət yazıqlıq yağan iri gözlərini döyə-döyə qaldı.
- Pislik niyə, dərdin alım? Bir xatadı olub. Qardaşıma ismarış göndərmişəm, qoy gəlsin, görək neynirik.
- Sabah mən Bakıda olmalıyam, başa düşürsən?!
- İndi ki, kənd ustasına ürək qızdırmırsan, deyirəm, bəlkə aparıb Bakıda düzəltdirəsən. Xərci nə qədər eləyir, de, ordan-burdan tapıb verərəm.
Ağarəhim bilmirdi ki, maşın nə qədər xərc aparacaq. Qiymət deməyə qorxurdu. Qorxurdu ki, birdən az deyər. Amma dedi:
- Min manat! – Ağarəhim Binnətin üzünə baxmadı, bilmədi ki, oğlanın sir-sifəti nə kökə düşdü.
Əjdər lingi, çəkici tulladı.
- İnsaf elə, ayə! – dedi. – Min manat nədi?
- Bəs nə bilmişdin, əşi? Təptəzə maşındı, dörd ay deyil aldığım.
Əjdər başını buladı.
- Allahın olsun, ayə, min manat çölə tökülməyib.
Söz Ağarəhimin ağzından çıxmışdı, vəssalam. Durub alver eləməyəcəkdi ki, burda? Qəti dedi:
- Min manat!

Əjdər sətin pencəyini düymələyə-düymələyə gedib çıxdı artırmaya. Çarpayıda, kök arvadın yanında oturub əllərini ölçə-ölçə başladı danışmağa.
Binnət başını aşağı salıb Ağarəhimin qabağında şaxta vurmuş toyuq təkin dayanmışdı, yanıqlı-yanıqlı siqaret çəkirdi. Handan-hana başını qaldırıb qorxa-qorxa soruşdu:

- Bəlkə yönnəşək, a dayı?
Ağarəhim sövdələşməyə son qoymaq üçün səsini qaldırdı:
- Söz bir dəfə olar!
Həyətə alçaqboy, tökməbədən, qırmızıyanaq bir kişi girdi. Saçı dibdən qırxılmışdı. Qollarını ata-ata, yanlarını basa-basa yeriyirdi. Binnətə zərrəcə oxşarı olmasa da, Ağarəhimin ürəyinə damdı ki, Binnətin qardaşıdı bu, «Əfəndi» deyilən adam budu.
- Xoş gəlibsən, dərdin alım, - deyib kişi Ağarəhimin yumşaq əlini daş kimi bərk, cod əlinin içində sıxdı. – Bə niyə burda ayaqüstə dayanmısan? – Üzünü artırmaya tutub: - Ana, hey! – dedi. – Qonağa beləmi qulluq eləyirlər?! Bəs hanı sizin süfrəniz, hanı yemək-içməyiniz?!
Kişi, Ağarəhimin əlini buraxıb artırmaya getdi. Əjdər başını yırğalaya-yırğalaya Əfəndiyə nəsə dedi. Arvad əlini dizinə çırpıb vaysınanda Əfəndinin, deyəsən, acığı tutdu.
- Qaraçılıq eləməyin siz Allah! – dedi. – Əziziniz ölməyib ha!
– Artırmadakı ortalıq stolunu sinəsinə qaldırıb aşağı düşürtdü.
– Tez olun görək, acından qırıldıq!.. Əyə, bu gəlin harda itib?!
Gəlin içəridən tələsik çıxdı. Əfəndi ona baxa-baxa yumruğu ilə stolun tinini döyəclədi. Gəlin otaqdan tələsik çıxmışdısa, eləcə də qayıdıb girdi otağa və Ağarəhim başa düşdü ki, bu evdə Əfəndinin hörməti hörmətdi, burda Əfəndinin bir sözünü iki eləməyə heç kimin haqqı, cürəti çatmaz.
Gəlin ağappaq süfrə gətirib stolun üstünə saldı.
Əfəndi Ağarəhimi çağırdı:
- Bəri gəl, dərdin alım. Görürəm büyün bunnar sənə sitəm eləyiblər. - Bayaqdan farağat vəziyyətində dayanmış Binnətə dedi. – Get, Əjdərin sazını gətir, qoy bir az dınqıldatsın, qulaq asaq.

Artırmanın qabağı sərin idi. Gün əyilmişdi, bürkü səngimişdi…

Ağarəhim çay içə-içə fikirləşirdi ki, nə yaxşı Əfəndi gəlib çıxdı. Əfəndinin gəlişi ilə Ağarəhimin nigarançılığı, narahatlığı sovuşmuşdu, ürəyində səbəbini özünün də anlamadığı bir arxayınçılıq, ümid yaranmışdı. Hərdən Əfəndinin qan daman yanaqlarına, qalın pırpız qaşlarına, çat-çat yoğun barmaqlarına göz yetirirdi və inanırdı ki, belə adam dağı dağ üstünə qoyar, belə adam etibarlı olar, insaflı olar, haqqı nahaqqın ayağına verməz, dostu-yoldaşı darda qoymaz. Əfəndinin gözlərindən nur tökülürdü və Ağarəhimin ürəyini işıqla, ümidlə dolduran da, deyəsən, elə bu nur idi. «Neçə ildi sovxozda traktorçu işləyir, yəni bunun evində min manat pulu yoxdu?»
Binnət sazı gətirib stolun küncünə söykənmişdi, bayaqdan bəri ağzından bircə kəlmə də söz çıxmamışdı. Danışan Əjdərlə Əfəndi idi. Hər şeydən danışırdılar – ala dağdan, qara dağdan, öləndən, qalandan – təkcə «Jiquli»nin vurulmağından danışmırdılar, «min manat məsələsini dillərinə gətirmirdilər.

Gəlin stolun üstünə dərin buludda çolpa çığırtması qoydu, bir qrafin dolusu qırmızı çaxır qoydu, bir butulka da araq. Süfrəni sahmana salıb kölgə kimi yox oldu.

Əfəndi stəkanlara çaxır süzməyə başladı.

- A qohum hey, - dedi, büyün siftə eləmisənmi?
- Bu nədi? – Əjdərin dodaqları dartıldı, qabaqdakı üç dişi göründü. – Siftə eləməsəydim, gedib Göyəzənin təpəsinə çıxardım, dana.
- Batmıyasan səni. İçməkdən başın ayılmayacaq, öləcəksən, muradın gözündə qalacaq. Əziyyətin bizim çiniymizə düşəcək: gərək meyidini qaldıraq Göyəzənin kəlləsinə, səni orda basdıraq, qəbrinin də üstünə bir vedrə çaxır tökək.
Əjdər əllərini bir-birinə sürtdü.
- Dərdin alaram, Əfəndi, sənnən qabaq ölsəm, dediyin kimi eləyərsən.
Əfəndi stəkanını qaldırdı.
- Qonaq qardaşın sağlığına! Həmişə işığı gəlsin, iti hürsün, ocağı yansın. – Stəkandakı çaxırı üç-dörd qurtuma içdi.
Əfəndi başının işarəsi ilə icazə verəndən sonra Binnət stəkanı götürdü. İçdi, amma üstündən ağzına heç nə qoymadı.

Ağarəhim ac idi, di gəl ki, boğazı tikilmişdi, loğmasını güclə udurdu. Gözləyirdi ki, Əfəndi nə vaxt dillənəcək, nə vaxt deyəcək ki «çörəyini rahat ye, pulun dərdini çəkmə, min manat budu ha, cibimdədi». Amma Əfəndi olan kəs bircə dəfə də soruşmurdu ki, «qonaq qardaş, kimsən, nəçisən, hardan gəlib, hara gedirsən?»

Gecə düşmüşdü, artırmada yanan elektrik lampasına ehtiyac yox idi; ayın işığında hər şey apaydın görünürdü.

Binnət tez-tez qalxıb evin kəlləsinə keçirdi. Ağarəhim əvvəlcə elə bilirdi ki, Binnətin beli boşalıb, amma sonra gördü ki, yox. Gördü ki, evin küncündən seyrək tüstü çıxır və başa düşdü ki, Binnət qardaşının yanında siqaret çəkməyə ürək eləmir, gedib gizlində yanğısını söndürür.

Əjdər sazı köynəkdən çıxardıb basdı sinəsinə. Başını sazın sağanağına qoyub, gözlərini yumdu…

Ağarəhimin saz havalarından o qədər də xoşu gəlmirdi, illərlə eşitməsəydi, yadına düşməzdi. Amma indi Əjdərin şövqlə çalmağı heyrətə gətirmişdi onu. İnana bilmirdi ki, saz belə dillənə bilər, sızıldaya bilər. İnana bilmirdi ki, ovurdu ovurdundan keçən, bəlkə də içməkdən əriyib bir dəri, bir sümük qalan Əjdərin kirli, çatlı barmaqları simlərdən belə ecazkar səs qopara bilər. Nədənsə, Ağarəhimin yadına qızı düşdü, Pərvanə düşdü və Ağarəhim kövrələn kimi oldu.

Ağarəhimin gözləri Əjdərin barmaqlarında idi, Binnətin də gözləri Ağarəhimin üzündə. İndiyəcən yaxşı-yaxşı baxmamışdı Ağarəhimə, indi baxırdı. Baxırdı və görürdü ki, Ağarəhimin tərtəmiz qırxılmış üzünün dərisi elə şəffafdı, elə şəffafdı, elə bil ömründə gün dəyməmişdi onun üzünə. Görürdü ki, Ağarəhimin saçı qapqaradı, sıxdı, dalğa-dalğadı. Gözləri aladı, yeniyetmə qız gözləri kimi cazibədardı. Görürdü ki, Ağarəhimin kürəyi enlidi, boyu ucadı; doğrasalar ondan üç Binnət çıxar. Görürdü ki, Ağarəhimin qolsuz köynəyi boyunluğu şax dayanıb və fikirləşirdi ki, bu ağlıqda, bu şaxlıqda köynək geyinməmişəm mən. Görürdü ki, Ağarəhim qəşəngdi, yaraşıqlıdı. Binnət üzünü tanrısına tutub ürəyində soruşurdu ki, «fələk, görəydim bu qəşəng oğlanın ürəyi necədi? Ürəyi də gözəldimi? Görəydim bu, mənim puluma möhtacdır yəni? Yəni bu, mənə görə yolundan qalıb? Ya rəbb, bunun bazburtunun onda birin verəydin mənə, yüz maşınım olaydı, yüzünü də vurub xıncım-xıncım eləsəydilər, uf da deməzdim. Bu şəhərli balasının ürəyində insaf adlı şey yoxdu yəni? Mən onu min manatlıq ziyana salmamışam, axı. Niyə «min manat» deyib, durub».

Əjdər başını qaldırdı, amma gözlərini açmadı.

- Əfəndi, dərdin alım, qulaq as, bu havanın adı «Göyəzən gözəlləməsidi», özüm düzəltmişəm. – dedi və başladı yeni hava çalmağa. Bir neçə mizrab vurub dayandı. Sazı köynəyə sala-sala: - Eh, ay fələk, - dedi, - mən Göyəzənin təpəsinə nə vaxt çıxacam?

Heç kim dillənmədi. Hamı hiss eləyirdi ki, süfrə arxasında söhbət tutmur; sözlərdən elə bil daş asılmışdı.

Əjdər stəkanının dibində qalmış çaxırı bir atıma içib ağzını marçıldatdı.

- Ayə, ay Əfəndi, hardan alacaqsan, ə, min manatı?
Əfəndi ona təpindi:

- Ə, kiri, ə! Ölkə viran qalmayıb ha! Dünyada təkcə ölümə çarə yoxdu. Təki can sağ olsun, hər şey düzələr. – Əlini dibdən qırxılmış başının ortasına çəkib gülümsədi. – Ayə, ay Əjdər, maşının neçəyə gedər sənin?
Əjdərin çiyinləri atıldı.

- Ağzın ağrımırmı, buna maşın deyirsən? İti bağlasan bunun içində oturmaz, amma mən otururam. – Süzülən gözlərini Əfəndinin bir az da qızarmış üzünə zillədi. – Sən de, görüm min manatı hardan tapacaqsan?
Ağarəhimin canından üşütmə keçdi, elə bildi onu lüt soyundurub bədəninə baxırlar. Kaş susaydılar, kaş bu məsələni onun yanında götür-qoy eləməyəydilər. Yəni danışmağa ayrı məqam yoxdu?
Əjdər qızışmışdı.

- Ayə, Binnətin evini bazara töküb satsan, heç min manat düzəlməz. Min manat az puldumu, allahsız?

Əfəndi də qızışdı.

- Ağzımı açma mənim! Binnətin bir inəyi var, iki danası var! Mənim də evimdə xəli-xəlçə var! Binnətin kişi təkin bacısı var – onun da saxlancı olar yəqin. Çıxardarıq bazara, satarıq. İntəhası qonaq qardaş gərək bir az ləngisin.
Ağarəhim ürəyində: «Gözləyərəm, - dedi. – Sabah tezdən instituta təcili teleqram vuraram, bilərlər ki, gecikəcəm». Əjdər Binnəti dümsüklədi:
- Onda anana denən, qurutlu xəngəl hazırlasın, obaşdannan durub yeyərik. – Baxışlarını Ağarəhimin üzündə güclə cəmləşdirdi. – Qurutlu xəngəl yemisənmi. Dərdin alım?
Ağarəhim yavaşca:
- Borçalıda yemişəm, - dedi
Əjdər başını buladı.
- Yer üzündə… Qazax xəngəlinə çatan xəngəl yoxdu. Bir şərtnən ki… yanında zoğal arağı ola… Mən getdim, ayə, qoy uşaqlar görsünlər ki, dədələri var, dədələri ölməyib… - Yumruğunu sinəsinə vurdu. – Mən Əjdərəm haa! Mənə Əjdər deyərlər! O Göyəzənin təpəsinə dırmaşmasam… Əfəndi! Bavayın, bavamın goru haqqı iməkləyə-iməkləyə də olsa, qalxacam ora!
Əjdər həyətdən çıxandan sonra səsi yoldan gəldi:
- Mən Əjdərəm haa! Əjdərəm!.. Əjdər!
Əfəndi, Ağarəhimin qolundan tutub kənara çəkdi.
- Qardaş, uzan, rahat yat. Necə demisən, heylə də olacaq.
Ağarəhim dirənə-dirənə dedi:
- Məndən inciməyin… Özünüz bilirsiniz də… təzə maşındı… İnciməyin…
- Niyə inciyirik, ay sağolmuş? Sən bizdən incimə ki, bizim ucbatımızdan… Ürəyini buz kimi elə… Səhər sənə xəngəl də yedizdirəcəyik, pulunu da düzəldib verəcəyik… Di, salamat qal, dərdin alım. Gecən xeyrə qalsın. Mən getdim.

Ağarəhimin xahişi ilə onun yerini çöldən saldılar. Otaqdan yaylı, dəmir çarpayı çıxardıb, armud ağacının dibinə qoydular. Gəlin qulluq göstərmək üçün əldən gedən adam kimi, yorğan-döşəyi sahmana salıb uzaqlaşdı.
Ağarəhim yatağa patarlı uzandı, heç ayaqqabılarını da çıxarmadı. Əzgin, yorğun olduğunu, bütün canının sızıldadığını indicə hiss elədi. Beyni də ağırlaşmışdı, amma yuxusu gəlmirdi. Başqa vaxt olsaydı Ağarəhim bəlkə də çöldə, ağac altında yatmağın ləzzətini duyardı, indi gözlərini tərtəmiz göydə sayrışan ulduzlara zilləyib qulaqlarındakı uğultunu dinləyirdi.

Bu boyda kəndin səs-səmiri çıxmırdı, elə bil kənd dərin quyunun dibinə düşmüşdü. Tövlənin qabağında kövşək çalan heyvanlar hərdən quyruqlarıyla bellərini şappıldatmasaydılar, Ağarəhim elə bilərdi ki, ətrafında ins-cins yoxdu. Elə bilərdi kənddə deyil, kimsəsiz düzü-biyabandadı və bu düzü-biyabanda səhər açılmayacaq, günəş görünməyəcək, Ağarəhim də burda bax beləcə – uzanalı qalacaq, qızıl pul kimi parıldayan bu ulduzların altından çıxa bilməyəcək. Ağarəhim köks ötürüb böyrü üstə çevrildi.
Bağçada şanapipik quqquldadı, biri də uzaqdan ona səs verdi. Ağarəhim yerinin içində oturub şanapipiklərin deyişməsinə qulaq asdı. Sonra qanrılıb artırmaya tərəf baxdı. Kök arvad orda – taxta çarpayıda yatmışdı, özə də bu bürküdə, deyəsən, yorğanı başına çəkmişdi… Ağarəhim gecənin qərib sakitliyində zümzüməyə bənzər bir səs eşitdi. Quş səsi deyildi bu. Bağçadan gəlmirdi, artırmadan gəlirdi. Ağarəhimin qulaqları sükutu da eşidə biləcək dərəcədə gərildi. Kimsə ağlayırdı. Boğula-boğula, hıçqırığını uda-uda, içində, ürəyində ağlayırdı. Arvad tərpənmirdi – yatağında daş kimi qalmışdı, amma Ağarəhim inandı ki, ağlayan odur. Niyə ağlayır görəsən?.. Sabah Binnət inəyini, ya da danalarını bazara çıxaracaq, sabah Əfəndi evindəki xəlçənin bir-ikisini dəyər-dəyməzinə satmalı olacaq. Yəni kök arvad buna görə ağlayır? Bəlkə heç ağlamır, bəlkə Ağarəhimin qulağı səsə düşüb? Yox, ağlayır vallah, ağlayır… Odey tərpəndi… ağlamağını kəsdi… yönünü divara çevirdi… təzədən başladı içində ağlamağa…

Ağarəhim fikirləşdi ki, indi bu həyətdə, bu evdə qıvrımsaç qızdan başqa heç kim yatmayıb. Bax, qapısı örtülü o otaqda Binnətlə qəşəng gəlin arxası üstə uzanıb qaranlıq tavana baxırlar. Baxırlar və susurlar. Binnət siqareti siqaretin oduna calayır. Yəqin qəşəng gəlin ağlayır. Yetişmiş gilənar rənginə çalan dodaqlarını gəmirə-gəmirə ağlayır və ürəyində Ağarəhimə qarğış-nifrin yağdırır: «Görüm sənin də arvadın ölü uşaq doğsun».

Ağarəhim gerçəkli qorxdu. Elə bil göydəki ulduzlar qırmızı-qırmızı daşlara dönüb Ağarəhimin təpəsinə töküldü. Ağarəhim canında, içində dözülməz bir ağrı duydu. Ömründə birinci dəfə qardaşına gənəşməmiş bir iş görmək istədi.
Ağarəhim ürəyinin guppultusuna qulaq asa-asa çarpayıdan düşüb «Jiquli»yə tərəf getdi…

«Jiquli» evin qabağından asta-asta keçəndə arvad hövlnak dikəlib çarpayıda outrdu. Ağarəhim onun gözlərini yaxşı-yaxşı görməsə də inandı ki, arvadın gözləri heyrətdən böyüyüb…

Ayın bəyaz işığında yolun çala-çuxuru da görünürdü. Göyün üzünə yavaş-yavaş ağımtıl şəfəq gəlirdi, alatoran dağılhadağıl idi. Obaşdanın nəmli, şehli havasında «Jiquli»nin şüşələri tərləmişdi. Sınıq pəncərədən şaphaşapla içəri dolan ayaz nəfəsli külək Ağarəhimin üz-gözünü qarsır, canına həzli-ləzzətli bir üşütmə gətirirdi.

Uzaqdan qanadlı aya oxşayan gümüşü təyyarə abidəsinin yanına – maşının vurulduğu yerə çatanda Ağarəhim saatına baxdı: dörd tamam idi. Sonra oturacaqda Ağarəhimin gözlərinə bir şey sataşdı. Götürüb baxdı: qıvrımsaç qızın gülməli gəlinciyi idi. Ağarəhim gülümsədi. «Bu da mənim talismanım», - dedi və hiss elədi ki, bayaq canını yandırıb-yaxan ağrıdan, göynərtidən əsər-əlamət qalmayıb. Ağarəhim maqnitofonun ağzındakı kaseti barmağıyla irəli itələdi.
# 1569 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #