Üzeyir Hacıbəylinin Paris məktubları
12 sentyabr 2012
05:00
1938-ci ilin aprel ayı. Kreml.
Moskvada keçirilən Azərbaycan İncəsənəti ongünlüyünün sonuncu günü.
Üzeyir Hacıbəyli başda olmaqla Azərbaycan İncəsənət nümayəndələrinin şərəfinə təşkil edilmiş ziyafət zamanı Stalin deyir:
- Üzeyir bəy, bildiyimə görə sizin kiçik qardaşınız Fransada yaşayır. Onunla məktublaşırsınızmı?
Üzeyir bəy: – Əvvəllər məktublaşırdıq, yoldaş Stalin, son zamanlar yazışmırıq.
Stalin: - Niyə? Sizə mane olanmı var?
Üzeyir bəy:- Xeyr!
Stalin: – Nahaq yerə yazışmırsınız! Siz ona məktub göndərin, bəlkə vətənə dönmək istəyir? Əgər vətənə qayıtsa, onu işlə, evlə təmin edərik. Mütləq qardaşınıza yazın!
Üzeyir bəy Bakıya gələn kimi qardaşına Stalinlə olan söhbətini yazır.
Qardaşı razılaşırmı?
Üzeyir Hacıbəylinin qardaşına yazdığı məktubları sarsılaraq oxudum. Fərqli rejimlərin hakim olduğu məkanda yaşayan iki dahinin, iki qardaşın həsrət dolu məktubları olduqca təsirlidir. Üzeyir bəy məktublarında nələr yazırdı? Buna keçmədən öncə Ceyhun Hacıbəylinin həyatına qısa nəzər yetirək.
Ceyhun Hacıbəyli 1891-ci ildə Şuşada doğulub, ilk təhsilini rus-tatar məktəbində, Bakıda alıb, gəncliyində felyetonlar yazıb, sonralar isə “Kaspi”, “Proqres”, “Bakı”, “Azərbaycan” kimi qəzetlərdə publisistik məqalələr qələmə alıb. Onun "Pristav Ağa" felyetonu daha çox məşhurdur. Felyeton "Proqres" qəzetinin 1907-ci ildə işıq üzü görmüş 6 və 7-ci saylarında "Daqestanskiy" imzası ilə çap olunub.
1908-ci ildə qardaşı Üzeyir bəy Şərqin ilk operasını səhnələşdirərkən Ceyhun bəy İbn Salam və Nofəl rollarını oynayıb. Əli bəy Hüseynzadənin rəhbəri olduğu “Səadət” məktəbində bir müddət müəllim işləyib, Peterburqda hüquq fakültəsində Murtuza Muxtarovun vəsaiti hesabına təhsil alıb, ardınca Parisdə Sarbonna Universitetinə qəbul olub. 1909-cu ildə Turgenevin "Pulsuzluq" komediyası ilk dəfə olaraq Azərbaycan türkcəsinə tərcümə edib, 1910-cu ildə “Hacı Kərim” povestini yazır, 1911-də kitab formasında çap etdirib.
1917-ci ildə “İttihad” və “Müsəlmanlıq” qəzetlərinin redaktoru olub, Cümhuriyyətin elanından sonra isə Üzeyir bəylə birgə “Azərbaycan” qəzetinin, Şəfi bəy Rüstəmbəyovla birgə isə “Azerbaydjan” qəzetinin redaktoru vəzifəsində çalışıb. 1919-cu ildə Paris sülh konfransına gedən nümayəndə heyətinin tərkibinə daxil edilib. Bu onun Azərbaycanı sonuncu tərk edişi olur. Cümhuriyyət işğal olunur və Ceyhun Hacıbəyli ölkəyə bir daha dönmür. Xanımı Zöhrə Hacıbəylini, körpə uşağına yanına gətirdir.
Avropada Azərbaycanın ən qızğın müdafiəçilərindən biri olur. 1919-cu ildə Parisdə “İlk müsəlman dövləti Azərbaycan” adlı kitabı çapdan çıxır, Azərbaycan türklərinin soyqırımı ilə bağlı məqalə ilə çıxış edir. 1920-ci ildə “Arşın mal alan ” musiqili komediyasını fransız dilinə tərcümə edir və həmin ildə də tamaşaya qoyulur. 1926-cı ildə çap etdirdiyi “Azərbaycan teatrı” adlı məqaləsində Hüseyn Cavid və Cəfər Cabbarlını fransızlara tanıdır. 1930-cu ildə “Azərbaycan mətbuatı tarixi”, 1933-cü ildə “Qarabağ dialekti və folkloru” kitabları fransız dilində işıq üzü görür. Fransız şərqşünasları A.Beniqsen və Ş. Lemerse Kelkejenin 1964-cü ildə Parisdə fransız dilində nəşr etdirdikləri “Rusiyada 1920-ci ilə qədər çıxan müsəlman mətbuatının tarixi” əsəri hazırlanarkən Azərbaycan bölməsində Ceyhun Hacıbəyli də iştirak edir. Fransada SSRİ-ni öyrənən institutun Parisdə fransızca nəşr etdirdiyi “Qafqaz” jurnalının Azərbaycan bölməsində gedən yazıların redaktəsi ilə məşğul olur, həmin institutun dəstəyi ilə 1959-cu ildə Münhendə “Azərbaycanda İslam əleyhinə təbliğat və onun metodları” əsəri çap edilir. Dəyərli aydın, 1962-ci ildə ürək xəstəliyindən vəfat edir, Sen-Klu qəbiristanlığında dəfn olunur.
Nuri-didə Ceyhun
Ceyhun Hacıbəylinin Üzeyir bəyə göndərdiyi məktubların mətnini əldə edə bilmədik. Ona görə də yazıda Üzeyir bəyin ona yazdığı məktublardan bəhs edəcəyik. Məktubların başlığını Üzeyir bəy “Nuri-didə Ceyhun, Zurya, Ceyçik” xitabları ilə başlayır, öncə öz əhvalları, sonra hökumətdə baş verən mühüm hadisələr haqqında yazır. Məktublarda Üzeyir bəy Ceyhun Hacıbəylini ölkəyə qayıtmağa razı salmağa cəhd göstərir. Məktublarda adı çəkilən Zurya (Zöhrə) Ceyhun bəyin xanımı, Ceyçik və Temuçin isə övladlarıdır.
1919-cu il 19 mart tarixli məktubunda Üzeyir bəy Xoyski hökumətinin istefasından, Nəsib bəyin yeni kabinə qurmasından, Bakıda çıxan qəzetlər haqqında danışır. Məktubda maraqlı məlumatlardan biri Bakı gecələri haqqında yazılanlardır: “Bakı həyatından şayani-diqqət olan bir şey varsa, o da tez-tez tərtib verilməkdə olan “veçer”lərdir ki, hamısı yay klubunun zalında olur. Lakin indiki veçerlər ilə keçən ilkilərdə təvafüt vardır. İndi içki işi azad olduğuna görə veçerlərdə hamı kefli olur. Mən də hər dəm keflənirəm”.
8 oktyabr 1919-cu il tarixli məktubda Üzeyir bəy Nəsib bəyin kabinəni istefaya göndərməsi, yeni kabinə formalaşdırması haqqında danışır, Qarabağ və Lənkəran məsələlərinin ölkənin xeyrinə bitdiyinə, lakin Şimaldan əndişə duyduqlarını yazır. Görünür, Üzeyir bəy Şimal deyərkən Rusiyanı nəzərdə tutub. Narahatlığın əsasız olmadığını gələcək göstərəcəkdi. Məktubun sonunda Üzeyir bəy yazır: “Əgər orada öylə bir vacib iş yoxsa, artıq oturmağın nə mənası? Çıxın gəlin buraya. Getmək lazım olsa, sonra da mümkündür. Cəhd eylə, fürsətdən istifadə eylə firəng dilini kəmalınca ögrən və özünü orada gözəlcəsinə tanıtdır”.
14 yanvar 1920-ci il tarixli məktubunda Üzeyir bəy ermənilərin “Arşın mal alan”a sahib çıxmaları haqqında qardaşına danışır: “Bir neçə gün əvvəl İstanbul səfirimiz Yusif Vəzirovdan bir məktub aldım. Yazır ki, ermənilərin fransızca “Renesans” qəzetəsi iddia edir ki, “Arşan mal alan”ı yazan ermənidir. Yusif bu işdən çox mütəəssir olduğunu yazır və israr eləyir ki, mən əsərlərimin notlarını çap etdirib onlara göndərim ki, səfarət xərcinə olaraq Yevropada, həmən Amerikaya böylə intişarına səy etsin...Mən əhvalatı Nəsib bəyə söylədim. Dedi ki, bu iddia ermənilərin Zəngəzur iddiasından daha betərdir”.
Məktublarda imkan olduğu təqdirdə qardaşlardan birinin digərinə pul göndərməsini, ailə üzvləri haqqında qeydləri, yaxın qohumlar haqqında son məlumatların verilməsini həyəcansız oxumaq olmur. Hər sətirdə uzun həsrətin, məsafənin böyüklüyü insanın qarşısında canlanır, neçə dəfə Parisə getmək istəyən Üzeyir bəyin suya düşən ümidlərini gördükcə sarsılırsan.
Cümhuriyyətin işğalından sonra 26 noyabr 1921-ci ildə qələmə alınmış məktubda Üzeyir bəy onu yenidən Azərbaycana dönməyə çağırır: “Sizi ordanmı buraxmırlar, yoxsa bura gəlməkdənmi ehtiyat edirsiniz? Mən belə güman edirəm ki, buraya gəlsəniz, sizə heç bir söz deyən olmaz”. Həmin məktubunda Üzeyir bəy qardaşına konservatoriya açmasından, iki yüzdən artıq şagirdin oxumasından, yarısının qadın, yarısının kişi, qadınların arasında çadralıların da olmasından bəhs edir, açılışda Nərimanovun iştirakından, Nərimanovla birlikdə komissarlara çay qonaqlığı verməsindən, hökumətin ona dəstəyindən yazır.
10 mart 1922-ci il tarixli məktubunda “Arşın mal alan”ın fransız dilinə tərcümə olunmasından sevindiyini yazır, Parisə gəlməsi üçün Nərimanovun Moskvadan dönməsini gözlədiyini bildirir. 18 mart 1922-ci il tarixli məktubunda Üzeyir bəy onu yenidən ölkəyə qayıtmasını istəyir: “Hökumət izn verəndən sonra nə üçün gəlməmək? Halbuki izn ilə gələnlərin hamısı burada rahat oturub qulluq etməkdədirlər, məsələn, Yusif Vəzirov, Vəkilov və sairələri... Mən bir kərə də olsun eşitməmişəm ki, izn verilməklə buraya gələn adamlara sonra bir əziyyət olsun və əvvəllərdə təqsirləri olanlar dəxi gəlib Şura hökumətinə sidq dil ilə qulluq edirlər. Sən ki, məlum olduğu üzrə təqsirsizsən, özün də ki, Parisdə student olaraq yaşayırdın, nəinki mühacir... Görünür ki, oraların da aksiyon mətbuatı buraların əhvalını fəna bir halda yazır və sən də ona inanıyorsan... Bizimkilər və biz özümüz səni inandıra bilərik ki, heç vaxt böylə asudə və rahatcasına yaşamamışdıq. Bu saat buraların əhvalı çox gözəldir, qoçubazlıqla məşğul olan Bakıdan heç bir əsər də qalmayıbdır”.
Lakin Üzeyir bəy illər sonra yanıldığını görəcəkdi. Elə nümunə göstərdiyi Yusif Vəzir keçmiş müsavatçı kimi sürgün olunur, sürgündə də dünyasını dəyişir. Bu aqibət Ceyhun Hacıbəylini də gözləyə bilərdi.
1922-ci il 24 iyul tarixli məktubunda Üzeyir bəy Parisə gəlməsi üçün pul yığmasından, “Arşın mal alan”ı səhnəyə qoyan teatr yol xərcini ödəyərsə, ora gələ biləcəyindən yazır: “Paris səfəri o qədər pul istəyir ki, evimin bütün əşyasını satsam, genə də öhdəsindən gəlməz”.
22 sentyabr 1922-ci il tarixli məktubunda Üzeyir bəy Parisə gəlmək planının alınmamağını üzüntü ilə anladır, Paris kimi gözəl yerə getməyin baş tutmamağından gileylənir, hökumətin də razı olmamağından yazır. 12 iyul 1924-cü ildə Yesentukidən göndərdiyi məktubda Üzeyir bəy qardaşının maddi çətinlik içində, xəstə durumda olduğundan qayğılanır, onun Parisə getməsinin çətinliyindən, amma onların tezliklə Bakıya birdəfəlik gələ bilmələrinin mümkünlüyündən danışır, əgər razı olarsa sənəd işlərini həll edəcəyini yazır: “Əvvəla, sən qaçaq degilsən, müxalif siyasi firqələrdə olmamısan və saniyən komissar yoldaşlarımızın hamısı sənin kim olduğunu çox yaxşı bilirlər”.
3 noyabr 1929-cu il tarixli məktubunda Üzeyir bəy onun Bakıya qayıtmasında hansısa problemin olmadığından yazır, SSRİ-i səfirliyinə müraciət etməsini xahiş edir, həmçinin xarici qəzetlərdə çıxan yazılara inanmamağını, Bakıda tramvayların işlədiyini, bağçaların açıldığını, abadlıq işləri aparıldığını, cəmiyyətin xoş əhval-ruhiyyədə yaşadığını yazır. Hətta məktubun sonunda yazır: “Bakı, onların Parisindən daha yaxşıdır”.
Ceyhun Hacıbəyli məktublarında çətin durumda olduğunu Üzeyir bəyə deyil, Zülfüqar Hacıbəyliyə yazırdı, sonuncu isə Üzeyirlə bölüşürdü. Məktubların əksəriyyətində Üzeyir bəy ondan dolanışığı haqqında yazmasını bildirir, lakin Ceyhun Hacıbəyli çətinlikləri ilə bağlı yazmırdı. Üzeyir bəy hədd qoyulduğuna görə ona istədiyi pulu göndərə bilmirdi. Maddi çətinliklər ucbatından Ceyhunun liseydə oxuyan oğlu məktəbdən uzaqlaşdırılır. O, Əlimərdan bəy Topçubaşovdan yardım istəyir, sonuncu isə 1932-ci ilin 26 fevralında məktəbin direktoruna müraciət edir. Ceyhun Hacıbəylinin təyyarəçi oğlu Ceyhun (məktublardakı Ceyçik) 23 yaşında II Dünya müharibəsində almanlarla savaşda həlak olanda ata çox böyük sarsıntı keçirir.
Məktublardan aydın olur ki, Ceyhun Hacıbəylinin Azərbaycana dönməsi üçün Üzeyir bəy əlindən gələni edib, lakin Avropada yaşayan qardaşı bütün sıxıntılarına, vətənindən, ailəsindən uzaq olmasına rəğmən geri dönmək haqqında düşünməyib. O, geri dönməməkdə haqlı idi, Üzeyir bəy şəxsiyyətinin onu xilas etməsinə kimsə qarantiya verə bilməzdi. Güllələnməkdən qurtulsa da, sürgündən xilas olmayacaqdı. Ən əsası 1937-ci il hadisələrini eşidəndə Ceyhun Hacıbəyli nə düşünüb, görəsən?
Qaynaq:
1. Ü. Hacıbəyli: “Bayrağımız sarsılmaz” (məqalə və məktublar), “Avrasiya Press”, Bakı, 2011
2. Wikipedia
Dilqəm Əhməd

1871 dəfə oxunub
Oxşar xəbərlər
Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?
14:23
11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey
15:03
10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu
12:26
10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında
12:22
8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024