Sonuncu İrəvan hakimi - CİZGİLƏR

Sonuncu İrəvan hakimi - CİZGİLƏR
29 avqust 2011
# 06:00
Məncə, 20-ci yüzilliyin ən modern yazıçısı hələ də layiqli dəyərini gözləyən Yusif Vəzir Çəmənzəminlidir. Və iki adla tanıdığımız bir romanına o, çox dəqiq bir isim seçib – “İki od arasında”. Məhz bu ad XIX əsrin əvvəllərində Azərbaycanda mövcud olan o – qarma-qarışıq, qəti seçim tələb edən, lakin şübhələrin bitmədiyi, gümanların yanlış çıxdığı, dostu düşməndən ayırd etmənin mümkün olmadığı, səhərki müttəfiqliyin axşam rəqibliyə döndüyü dövrə ən dürüst addır.

Sonuncu İrəvan hakimi Hüseynqulu xan Qovanlu-Qacar da bu çətin zamanın müasiriydi, lakin Azərbaycanın bir çox əyalət hakimlərindən fərqli olaraq, seçimini əvvəldən etmişdi və qərarını sonadək dəyişmədi.


***

Ağa Məhəmməd şahın ölümündən sonra taxt-taca yalançı iddiaçılar peyda olduqda, Qacar nəslinin hakimiyyəti yalnız bir nəfərin rəşadəti hesabına duruş gətirdi. Şahın qardaşı oğlu və hələ sağlığında varis elan edilmiş şahzadə Baba xan ona olan borcunu ömrü boyu unutmadı. Şəxsi minnətdarlığını müxtəlif lütfkarlıqlarla İrəvan hakiminə izhar edən Fətəli şah üçün Hüseynqulu xan həm yaxın qohum, həm də sadiq silahdaş idi.

Bir vaxt o, gələcəkdə Fətəli şah adlanacaq Baba xanın şəxsi keşikçisi, əyanı və ya qollar ağası olmaqla fəxr edirdi. Və qanuni varis Şuşada sui-qəsd nəticəsində öldürülmüş əmisinin boş qalmış yerini tutmaq üçün paytaxt şəhəri Tehrana tələsəndə, məhz Hüseynqulu xana arxalana bildi. Digər iddiaçıları peşman etməkdən ötrü Qacar vəliəhdi onun sayəsində şəhərə birinci çatdı. Yalançı şahlar, ilk növbədə Sadiq xan Şəqqaqinin başçılıq etdiyi qiyamçı ordu həlledici Qəzvin döyüşündə məğlub edildi və 1798-ci ildə Baba xan “Fətəli şah” adı ilə taxta çıxdı. Bundan sonra o, sadiq silahdaşı Hüseynqulu xanın səyləri ilə qarşısına çıxan bütün maneələri aşdı.


***

1740-cı ildə doğulmuş Hüseynqulu xan şah ailəsinin yaxın qohumu Məhəmməd xan Qovanlu-Qacarın oğlu idi. Mahir sərkərdə-diplomat Qəzvində göstərdiyi qəhrəmanlıq və rəşadətə görə künyəsində “Qəzvini” adını da daşıyırdı. Gənclik illərində Şirazda, varisin yanında xidmət etmiş Hüseynqulu xan həm də Fətəli şahın qaynı idi, bundan əlavə, xanın qızlarından biri şahzadə Abbas Mirzəyə, Fətəli şahın qızı Şirincan isə Hüseynqulu xanın oğlu Məhəmmədqulu xana ərə getmişdi.

İrəvan hakiminin qardaşı Həsən yüzbaşı da xan titulu almışdı və o, xanlıqdakı hərbi qüvvələrin süvari hissələrinə rəhbərlik edirdi. Ruslara qarşı döyüşlərdə göstərdiyi igidliyə görə o, “Sarı Aslan” ləqəbi qazanmışdı.

Bu iki qardaş iki onillik ərzində İrəvan xanlığını yadelli işğaldan mərdliklə qorudu. İrəvanın mühasirəsi və nəhayət, 1827-ci il oktyabrın 2-də təslim olması zamanı (şəhərin erməni sakinləri ruslar üçün casusluq edirdi və sonda xəlvətcə qala darvazalarından birini açmışdı) Hüseynqulu xan Arazı adlaya bildi, Həsən xan isə əsir düşdü.

Bəs, İrəvanın sonuncu hakiminin aqibəti necə oldu?

Bəzi Qərb mənbələrində iddia olunur ki, o, mənən sınmış və müflis durumda (deyilənə görə, tövlədə) öldü. Çünki Türkmənçay müqaviləsinin xüsusi maddəsi ilə həm Hüseynqulu xan, həm də Həsən xan İrəvan ərazisindəki bütün mülklər və varidatdan məhrum edilmişdilər.

Şərq tarixçiləri isə əksinə, Hüseynqulu xanın şah sarayında şövkət-izzətlə qəbul edildiyini və yeni vəzifə təyinatı alaraq, 1830-cu ildə 90 yaşında cah-calal sahibi kimi vəfat etdiyini yazırlar.


***

O, 1807-ci ilədək Fətəli şahın yaxın ətrafında oldu. İrəvana aldığı təyinata qədər isə bu bölgədə bir neçə hakim dəyişmişdi. 1807-ci ilin sonunda isə şəhər əhalisi İrəvanın yeni hakiminin pişvazına çıxdı. Bu, şahdan “Sərdar” titulu almış Hüseynqulu xan Qovanlu-Qacar idi.

Səfəvilər dövründə Çuxursəd bəylərbəyi adlanan bu ərazi Hüseynqulu xanın təyinatına qədər böyük bir tarix yaşamışdı. İrəvan xanlığının təşəkkülündən sonra bu ərazi bir sıra qonşu xanlıqlar, habelə müasir Gürcüstandakı Kartli-Kaxetiya çarlığının daimi hərbi-siyasi təzyiqi ilə üzləşirdi və onlardan asılı vəziyyətdə idi. Qacarlar dövründə, xüsusilə Rusiyanın Qafqazdakı fəal işğal siyasəti yürütdüyü zamanda, İrəvan şəhəri başda olmaqla ətraf bölgələrdə güclü hakimiyyətə ehtiyac vardı. Şəxsi keyfiyyətləri ilə digər hakimlərdən fərqlənən Hüseynqulu xanın təyinatı ilə bu boşluq dolduruldu və ərazidə böyük dəyişikliklər həyata keçirildi.

O, ilk növbədə yeni inzibati idarəetmə üsulları ilə bölgədəki sosial həyatı xeyli dəyişdi. Bundan başqa, xan hərbi və mülki sahələrdə idarəetmə qaydalarına elə yeniliklər gətirdi ki, bunun sayəsində rus təcavüzünə qarşı təxminən 20 illik müqavimət gerçək oldu.

Hüseynqulu xan qarşısında duran əsas vəzifə elə İrəvana tuşlanmış rus təhlükəsinə qarşı hər zaman etibarlı olacaq istehkam qurmaq idi. O, heç bir Azərbaycan xanına bənzəmirdi və bu, mənasız şişirtmə deyil. Şahın verdiyi müstəsna səlahiyyətlərə malik Sərdarın harizması və avtoriteti haqqında bir sıra Şərq, Qərb, rus və s. səyyah və diplomatları maraqlı qeydlər yadigar qoyublar. Məsələn, bu qeydə də diqqət yetirin: “Sözün qısası, onu “İrəvanın şahzadəsi” adlandırmaq sadəcə, hakim kimi qeyd etməkdən daha münasib olardı; çünki təbəələri ona xüsusi hörmət və ehtiramla yanaşır. O üzərinə yalnız şaha məxsus ola biləcək qədər səlahiyyətləri götürüb. Onun arvadları al qırmızı rəngli, əla növ geyimdə səfərə çıxırlar; özü də elə bir geyimdə ki, şahın və ya onun oğullarının arvadlarından başqa İranda bu cür paltar geyinməyə heç kimə icazə verilmir. Onun öz qatırlarının belində daşıdığı yükünə mavi və qırmızı rəngli naxışlarla bəzədilmiş parçadan örtük salmaq imtiyazı da var ki, bu da şah ekipajının nişanıdır”.

Bu sətirlərin müəllifi olan səyyah Morits fon Kotzebyu qeydlərinə bunu da əlavə edir: “Sərdarı olum və ya ölüm məsələsi barədə qərar verə bilmək səlahiyyətinin işarəsi olan gümüş baltanı gəzdirən bir zabit müşayiət edirdi...”

Şahzadəliyə, bəlkə də lap şahlığa layiq Sərdar haqqında bu qeydlər də çox maraqlıdır: “...Hüseynqulu xan ən nüfuzlu başçılardan biridir və o öz ölkəsini demək olar ki, Abbas Mirzənin malik olduğu səlahiyyət və müstəqilliklə idarə edir... O, tədbirlərinin təsiri və topladığı pulun vasitəsilə özünü o qədər gücləndirib ki, indi şahın nüfuz və hakimiyyətinə itaətsizlik göstərə bilər... O, özünü şah kimi aparır”. Yaxud: “İrəvan Sərdarı güclü rəhbərdir və demək olar ki, müstəqildir”.

***

Azərbaycan ərazilərindəki digər yarımmüstəqil bölgə hakimlərindən fərqli olaraq, Hüseynqulu xan nə şaha, nə də Təbrizdə iqamətgah qurmuş şahzadə Abbas Mirzəyə heç bir pul vəsaiti – xərac göndərmirdi.

Onun ailə üzvlərindən heç kim sədaqət nişanəsi olaraq Tehranda girov saxlanılmırdı.

O, Fətəli şaha sonadək sadiq idi və buna tam arxayın olan Qacar hökmdarı ona müstəsna səlahiyyətlər verməkdən əlavə, Hüseynqulu xandan siyasi vasitə kimi istifadə edirdi. Məsələn, bir sıra hallarda İrəvan hakimi hətta Naibüs-səltənə titulunu daşıyan Abbas Mirzə qarşı çıxırdı. Fətəli şahın mahir siyasətinin bir parçası olan sərdar-vəliəhd rəqabəti Abbas Mirzəni o qədər cana doydurmuşdu ki, o, hətta rus generalı Yermolovdan xahiş etmişdi ki, şaha xanın əməlləri barədə şikayət etsin.

Sərdarın hakimlik etdiyi əraziyə bircə şah məmuru belə icazəsiz daxil olmurdu. Bu, itaətsizlik nişanəsi, dikbaşlıq əlaməti sayılmırdı. Strateji-hərbi əhəmiyyəti ilə mühüm olan İrəvan xanlığının vəziyyətini nəzərə alaraq, bölgənin bütün gəlirləri yerli xəzinədə qalırdı.

İrandakı Böyük Britaniya səfirliyinin katibi olan Uilyam Ouzli İrəvandan qayıtdıqdan sonra yazırdı: “Sərdarın İrəvandakı hakimiyyətinin nəticəsində yaradılmış təhlükəsizlik və əlverişli şərait cəmi bir neçə il ərzində əhalinin sayını dörd min sakindən on üç və ya on dörd minə çatdırıb”.

Bölgədə süqut etmiş xanlığı tərifləməyə heç bir səbəbi olmayan rus təftişçisi baron fon Haksthauzen isə Hüseynqulu xana “alicənab və yaxşı xasiyyətli adam” səciyyəsi verərək yazırdı: “…Şikayəti olan hər bir kəs onun yanına gedə bilirdi: o gecə-gündüz çalışırdı ki, əyalətinin rifahını qaldırsın və onun xatirəsi hələ də tatarlar (azəri türkləri – Ə.R.) və ermənilər tərəfindən ehtiramla yad olunur. O, bərbad hala düşmüş kanalı bərpa etdirib onu xeyli yaxşılaşdırdı və nəticədə İrəvanın ətraflarında böyük bir sahəni məhsuldar bağ zonasına çevirib onu sakinlər arasında bölüşdürdü”.

Hərbi istehkamlar, müdafiə qurğuları inşa etməklə yanaşı, sosial obyektlərin, o cümlədən onlarla məscid, karvansaray, hamam, çaparxana və s. tikdirən Sərdar şahdan vergidən azad olunma rüsxəti almaqla kifayətlənməmişdi. Nizami ordunun məsrəfləri üçün İrəvan hakimi dövlət xəzinəsindən əlavə 6000 tümən məbləğində maliyyə dəstəyi alırdı.

***

İrəvan hakiminin sərt ədalətli idarəçiliyi və daimi hərbi rejim üslubçuluğu xanlıqda müsbət qarşılanırdı.

Qərb səyyahlarından biri ahıl, daha doğrusu, 70 yaşında rastlaşdığı Sərdarı belə təsvir edir: “Onun sifətinin ifadəsindən ağıllı və enerjili olduğu aydın görünürdü; kifayət qədər möhkəm və canlı bədəni hələ uzun illər fəal xidmət göstərə biləcəyindən xəbər verirdi. Onun gözü canlı və cəlddir, sifətinin rəngi sarımtıldır, böyük saqqalı uzun olmasa da, tamamilə qara rəngdə saxlanılır... Sanki illər Sərdarın nə ağlından, nə də onun bədənindən heç bir şey qopara bilməyib... Onun təşəbbüskarlığı və misilsiz igidliyi hamıya məlumdur”.

Döyüşçü-siyasətçi xanı səciyyələndirən bəzi tarixçilər onu tipik Şərq feodal səciyyəsi də verirlər: davakar, qəddar, səriştəsiz və rüşvətxor, ehtirasları sırasında malikanəsində ov etmək, böyük hərəmxana saxlamaq olan arvadbaz və şərabxor-əyyaş… Rus-sovet və erməni tarixçilərinin bir çoxunun sonuncu İrəvan hakiminə yapışdırdığı bu yamaqlar nə dərəcədə həqiqətdir?

Görün, rus işğalından cəmi on il sonra Ermənistanın ən böyük ədəbi siması sayılan Xaçatur Abovyan nə yazırdı: “Ola bilsin ki, İrəvan heç vaxt Sərdar kimi bu cür mehriban, haqq tərəfdarı və vicdanlı adam görməmişdi... O, ədalətli hökmdar idi”.

“Ermənistanın yaraları” kitabının müəllifi ilə razılaşan digər erməni tarixçisi M.Sarkisyants isə yazır ki, “Özündən əvvəlki, zülmkar və özbaşına hökmranlıq xatirələri qoyub-getmiş sələflərindən fərqli olaraq, İrəvanın sonuncu hakimi Hüseynqulu xanın ədalətli və alicənab hakim ad-sanı vardı və o, həmişə qanun pozuntuları barədə şikayətlərə ədalətlə baxan adam kimi xatırlanırdı. Hətta öləndən sonra da onun xatirəsi İrəvan ərazisində həm ermənilər, həm də müsəlmanlar arasında yaşayırdı”.

Əziz RZAZADƏ
# 1093 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
# # #