Kulis.az məşhur türkiyəli yazıçı Murat Menteşin müsahibəsini təqdim edir.
- “Fink” adlı yeni romanınız nəşr olundu. İstəyirik bir az kitabınızdan bəhs edəsiniz?
- “Fink” romanını real hadisələrə əsaslanaraq qələmə aldım. Roman 2002-ci ildə Honq-Konqa gedən və orada top-model kimi məşhurlaşan Göksenin Yıldırımın həyat hekayəsindən bəhs edir. Göksenin 10 ilə yaxındır ki, dünya brendlərinin reklamlarında top-model kimi fəaliyyət göstərir. O, yüzlərlə moda nümayişində, dünyanın ən məşhur modelləri ilə eyni podiumu bölüşür. Ancaq onu Türkiyədə heç kim tanımır. Bunun iki səbəbi var. Birincisi, adətən modellərin adları bilinmir, onlar üzləri ilə tanınırlar. İkincisi isə Göksenin Honq-Konqda “Goku Sky” adı ilə tanınır. Göksenin təkcə Honq-Konqda deyil bütün Asiyada məşhurdur. Məsələn, o, Tayland kralının sarayında moda nümayişinə də qatılıb. “Levis”, “Dockers”, “Heineken”, “Nokia” kimi markaların reklamlarında çıxış edib. Həmçinin, onun başına qəribə hadisələr də gəlir...
- Romanda təsvir olunan hadisələrə inanmaq çox çətindir... Əsərdəki bütün hadisələr gerçəkdir, yoxsa uydurduğunuz yerləri də var?
- Mən romanın gözəl olmasına cavabdehəm, gerçək olmasına cavabdeh deyiləm. Əsərdəki hadisələrin gerçək olması əslində ayrıca bir mövzudur. Ona görə də əsərin gerçək olub olmamasını sübut etməyə çalışmıram. Kitabın girişinə, üz qabığına və arxa fonuna yazdığım cümlə belədir: “Bu romandakı hadisələr gerçək olmasaydı, mən onları uydura bilməzdim”.
- Bəzi oxucular bunları uydurduğunuzu zənn edir, hətta onlar deyirlər ki, onsuz da Murat Menteş digər romanlarında da bu cür macəralar yazıb.
- Bunu kompliment kimi qəbul edirəm. (gülür) Diqqət edin, kitabın giriş hissəsində “Həqiqəti deyəcəyimə and içirəm” yazmışam. Kitabın üz qabığına da avtobioqrafik roman yox, roman yazılıb.
- Oxucuya onsuz da həmişə maraqlıdır. Hadisələr yazıçın başına gəlibmi, uydurmadımı, gerçəkdirmi. İntellektual oxucu belə bunu düşünə bilər. Mətndə uydurma olmasa maraqlı olmaz...
- Bəli, elədir. Bədii əsərlərdə dialoqlarla bağlı bir qayda var: “Yalan dialoqu gücləndirir”. (gülür) 300 səhifə boyunca həqiqəti deməyə çalışın. Arada bir neçə şeyi uydurmamaq mümkün deyil. Mən də qaranlıq gerçəyi pəmbə-bəyaz uydurmalarla biraz bəzəmişəm. Romanın dadını-duzunu vitaminlərlə zənginləşdirməkdən niyə çəkinim axı?
- Romanda maraqlı bir manevr etmisiniz: Gökseninin böyük qardaşı Tuğgeday müəllifə etiraz edir. “Roman qəhrəmanının qeydi” ifadəsi ilə yazılan “dipnotta” yazıçının, yəni sizin həmin hissəni şişirtdiyinizi iddia edir! Romanlarda yazıçının, tərcüməçinin, redaktorun notuna rast gəlmişik. Ancaq ilk dəfədir ki, roman qəhrəmanın yazdığı “dipnotla” rastlaşırıq. Roman qəhrəmanlarınızdan biri sizi yalançı çıxarır. Buna nə deyirsiniz?
- Bu paradoksdur. Əgər həmin obraz realda olmasaydı, yazıçıya etiraz edə bilərdimi? Deməli, yazıçı yalan danışmır. Nəticədə yazıçının hadisəni fərqli nəql etməsi göz qabağındadır. (gülür) Başım bəladadır! Romanımdakı obrazlar da məni yalan danışmaqda ittiham edirlər. Məncə, oxucu romandan həzz almağa çalışmalıdır.
- Deyirlər ki, bu romanı fərqli tərzdə yazmısınız. Üslubunuzu dəyişdirmisiniz?
- “Seci” sənətindən istifadə etdim. Yəni romanı qafiyəli yazdım. Gökseninin hekayəsini bu cür yazmağı düşündüm. Sənətdə yenilik vacibdir. Düşündüm ki, risk etməliyəm. “Seci” sənətini istifadə edən romançı yoxdur. “Türk ədəbiyyatçılar “seci” sənətini unutdular” dedirtmərəm. (gülür)
- Romanı neçə aya yazdınız?
- 23-24 aya tamamladım.
- “Fink” romanında digər obrazlardan biri də azərbaycanlıdır: Cabir narkotik aludəçisidir. Cahil və saxtakar adamdır. Sonra yeni bir həyata başlayır...
- O, adını dəyişdirir və Afrikada müəllim olur. Cabir simpatik adamdır. Sadəcə, bəzi qüsurları var. Hamımızın qüsurları olduğu kimi. Və Cabir özünü yeniləməyi bacarır. Diqqət etsəniz, görərsiniz ki, onsuz da “Fink”də mükəmməl bir obraz yoxdur. Halbuki, hamısı da yaxşı insanlardır. Onların məsum tərəfləri var. Mən, şəxsən Cabirin enerjisinə və dəyişməyinə heyranam.
- Bütün romanlarınızın üz qabığında silah var. Niyə?
- Məncə, silahlar kitab üzləri və film afişaları üçündür. Kaş ki, elə həmişə orada da qalsalar.
- Pandemiya yaradıcılığınıza və həyatınıza necə təsir etdi?
- Əslində, necə bir insan olduğumu bilmirəm. Pandemiya... Açığı buna hazır deyildim. Canım çox sıxıldı. Bir az kökəldim. Və... Bir az da məhsuldar oldum.
- Azərbaycanda sizi sevərək oxuyan kütlə var. Nə vaxtsa Bakıda oxucularınızla görüşməyi planlaşdırırsınız?
- Azərbaycandan gələn hər siqnal, hər salam məni çox sevindirir. 30 ildir ki, Bakıya gəlmək istəyirəm. 15-16 yaşım olanda boks məşqlərinə gedirdim. Bakıdan İstanbula bir boksçu gəlmişdi. Dostlumla rinqə çıxmışdılar. Bakılı boksçu xarizmatik idi. Ümid edirdim ki, bir gün onunla Bakıda görüşərəm. Ancaq... Yəqin ki, o artıq boksla məşğul olmur. Eh, bəlkə bir gün Bakıda o boksçu ilə bir kofe içərəm. Bəlkə başqa şeylər də eləyərik. (gülür)
- Romanlarınızın özünəməxsus bir tərzi var. Güldürərək düşündürmək asan deyil. Əyləncəli və axıcı bir dillə yaratdığınız üslub öz-özünə ortaya çıxdı, yoxsa, üslub məşqləri edirdiniz?
- Həvəskar yazıçılar çox vaxt hansısa bir müəllifin izinə düşür, onu təqlid edirlər. Mən ədəbi sənətlərin tərkib hissələrini və komponentlərini, roman dizaynı haqqında düşünməyə çalışdım. Beləliklə, bir çox yazıçıdan fərqli şeylər öyrəndim. Təbii ki, mənim zövqüm və xarakterim də işin içində olmaqla özüməməxsus bir tərz yaratdım. Ancaq, bu cür tərzi əldə etmək üçün, mənim keçdiyim yollardan keçən, dayandığım stansiyalarda dayanan biri yoxdur. Ehtimalı belə yoxdur. Düşünürəm ki, mənim üslubum bu cür formalaşıb...
- Dünyaca məşhur bir çox yazıçının yazmaqla bağlı özünəməxsus ritualları olub. Murat Menteşin yazmaq üçün hər hansı bir ritualı varmı? Sizi yazmağa vadar edən şeylər nələrdir?
- İnsanlar yazdıqlarımı oxuyarkən zövq alırlar, gülürlər, təəccüblənirlər... Ona görə də, düşünürlər ki, mən də yazarkən çox əylənirəm. Ancaq, yazmaq çətin bir işdir. Oxumağı daha çox sevirəm. Oxumaq rahatlıq verir. Oxumaq surpriz kimidir. Yazmaqsa... Xüsusilə bir romanı inşa etmək üçün göstərdiyin şücaət... Həqiqətən yorucudur. Romanlar üzərində həqiqətən çox çalışıram. Sürətli yaza bilmirəm. Romanı yazıb bitirirəm. Bir neçə il keçəndən sonra romana baxıram.Və romanı sanki başqası yazıb kimi hisslər keçirirəm. Oxucular məndən soruşurlar ki, “necə belə yaza bilirsən?”. Onlara zarafatla deyirəm ki, romanlarımı həyat yoldaşım yazır. (gülür) Meg Wolitzerin bir romanı var: “The Wife”. Romanları qadın yazır, ərinin adı ilə kitabı nəşr edir, kişi Nobel mükafatı alır. Bu əsərə film də çəkilib.
- Həyat yoldaşınız da yazır?
- Uzun illər bundan öncə, təzə tanış olduğumuz vaxtlarda o dedektiv bir roman yazmağı düşünürdü. Səfərə çıxarkən törədilmiş bir qətldən yazacaqdı. Çox güman mənim vəziyyətimi görüb fikrindən daşındı. Hər halda, yazmağın əyləncəli bir iş olmadığını düşündü.
-Amma oğlunuz da azyaşlı olmasına baxmayaraq yazır. Atanız da şeirlər yazırdı. Yaradıcılıq sizə genetik ötürülüb?
-Deyirlər ki, zəka insana anadan keçir. Bəlkə də mən anamın yazmaq istəyib yaza bilmədiyi kitabları qələmə alıram. Bəlkə də övladlarımda aşkara çıxan istedad da həyat yoldaşımın yaradıcılığıdır.
- Yazmağa şeirlə başladınız, bəs romana necə keçdiniz?
- Gənc yaşlarımda çox enerjili idim. Roman, pyes, uşaq kitabları yazmağı, film çəkməyi, itimlə birlikdə kosmosa getməyi, hər şeyi istəyirdim. (gülür) Bir də gördüm ki, evlənmişəm. Kommunal, kirayə, kreditlər ödənilməli idi. Özümü birdən-birə qocalmış kimi hiss etdim. Həmin ərəfələrdə E.M. Forsterin kitabında belə bir cümlə oxudum: “Poeziya gənclərin, roman yetkin insanların sənətidir”. Öz-özümə “Forster belə deyirsə, deməli, bir şey bilir ki, deyir” dedim. Bu barədə düşündüm və roman yazmağa başladım.
- Şeirdə iddialı olmadığınızı demisiniz. Amma “Dublörün Dilemması”, “Antika Titanik” romanlarınız poetik dillə yazılıb. Oxuyarkən sanki həm də şeir oxumuş kimi hisslər keçirir oxucu. Həm də bir şair olaraq həyata poetik gözlərlə baxmaq roman yazarkən mətni qidalandırıb bəsləmirmi?
- Haqlısınız. Şeirdən çox şey öyrəndim. Məsələn, sözləri, səsləri, hecaları bir-bir tərəzidə çəkdim. Şeirlə məşğul olanda insanda söz zövqü yaranır. Ritmi, ahəngi öyrənir. 15 yaşımdan etibarən 15 il boyunca davamlı olaraq şeirlə həşir-nəşir oldum. Romanlarımda misralar var. Bu danılmazdır. Amma poeziya sahəsini centilmencə tərk etməyi düşündüm. Hər mövzuda iddialı olmağın bir mənası yoxdur.
- Bəzi dövrlər oldu, “şeir bitdi” dedilər... Sizcə, bu fikri şeir oxumayanlar ortaya atıb? Yoxsa, həqiqətən də şeirin bitdiyi bir dövrdəyik?
- Yaxşı sənət nümunələri ortaya çıxanda, çoxalanda, o sənətin artıq bitdiyi hissi yaranır. Ola bilsin ki, daha yaxşısını yarada bilməyəcəklərini düşünürlər. Bir də texnologiyanın inkişafı ilə incəsənət sahələrinin daraldığı da düşünülür. Halbuki, sənət həmişə yeniliklərlə inkişaf edir. Texnologiyanın inkişafı həmişə sənətin lehinə olub. İbtidai insanlar mağara divarlarına bir parça kömür və gillə rəsmlər çəkirdilər. Sonra dövr keçdi, fırçalar, boyalar çıxdı. Bunlar əslində o dövrün texnologiyası idi. İndi isə illüstratorlar rəqəmsal qələmlə ekranda rəsm çəkirlər... Bəlkə robotlar mahnı bəstələyər, şeir yazar, rəsm çəkərlər… Biz də eləcə baxarıq.
şeir yazmaq istəsəm, əməliyyat etdirərək qadın olaram. Bəli… Şeir yazmaq istəyən kişilər cinsiyyətini dəyişdirsinlər.
Bilmirəm. Ancaq şeirin bitdiyini düşünmürəm. Bitməz be. Çünkü… şeir… Əslində, heç yazılmasa da, haradasa bir yerlərdə var.
- Robotlar demişkən, əslində süni intellekt qısa müddətə sürətli ssenari yazmağı bacardı. Hətta “Sunspring” adlı qısa film də çəkildi. Gələcəkdə robotlar bütünlüklə insan əməyini, sənəti ələ keçirə bilərmi?
- Robotlar, Asimovun romanlarındakı kimi insanlara hökm edə bilərmi? Bilmirəm... Yazıçıların, ssenaristlərin, vəkillərin, müəllimlərin, cərrahların işini robotlar həyata keçirərsə, insanoğlu nə edəcək?
Düşünürəm ki, bu problem aşkar şəkildə ortaya çıxarsa nəticəsini onda görəciyik. Nitsşeyə görə fövqəlinsan insan təkamülünün bir sonrakı mərhələsidir.
Yəni robotlar planetimizi bizdən daha yaxşı idarə edəcəklər. Çünki onların nə bədən ehtiyacları, nə də instinktləri var.
Və biz bu ün yaddaşımızı mobil telefona köçürdüyümüz kimi, sənəti də robotlara həvalə edəciyik. Göydə uçan rəngli şarların arxasınca baxırmış kimi baş verənləri izləyəciyik.
Əmin deyiləm, bilmirəm... Ancaq robotların bizə qarşı yaxınlaşan və artan təhdidi məndə onlara qarşı hörmət yaratmır.
- “Qadından şair olmaz, şeir olar” ifadəsi var. Bizim cəmiyyətdə də bu tendensiyaya tez-tez rast gəlmək olur. Qadınlar ədəbiyyatın predmeti kimi görülür. Sizin qadın yazarlara münasibətiniz necədir? Ümumiyyətlə, sənəti cinslərə bölmək nə dərəcə düzgündür?
- Biz kişilər yetərincə şeir yazmışıq. Artıq dayanaq, qadınlar şeir yazsın. 2032-ci ilə qədər bütün dünyada 10 il ərzində ancaq qadın yazıçıların, şairlərin əsərləri nəşr olunsun. Görək, nə baş verir? Gördüyüm qədərilə qadınlar kişilərə nisbətən daha yığcam danışırlar. Bilmirəm, biz kişilər qeybətcilik, yoxsa yox, ancaq, əmin olun ki, gəvəzəyik. Şeir yazmaq səlahiyyəti ancaq qadınlara verilsə, kişilər də bundan faydalanacaq. Ancaq şeir yazmaq istəsəm, əməliyyat etdirərək qadın olaram. Bəli… Şeir yazmaq istəyən kişilər cinsiyyətini dəyişdirsinlər. Mən sadəcə, bunu təklif edirəm. Amma, ədalətli görünür, düzdümü? (gülür) Zarafat edirəm. Mən cinsiyyərçiliyin əleyhinəyəm. Bu çox ayıb bir şeydir. Biz insanlar bir-birimizi məhdudlaşdırmaqdan çəkindiyimiz zaman insan oluruq. Əks halda, “sən qadınsan bu işi bacara bilməzsən” və ya “sən necə kişisən, kişi də belə edər?” bu cür qadağalarla həm öz şərəfimizi, həm də həmsöhbətimizin şərəfini zədələmiş oluruq. Yazıq...
- Bizim bugünkü ədəbi camedə ədəbi dəyəri yüksək olan bir mətni dünyaya çıxara bilməklə “dünya səviyyəli” şablonu yapışdırmaqla şərtləndirirlər. Bəlkə də ironik mənada işlədilir, çünkü ədəbi dəyəri yüksək olan mətnlər olsa belə dünyaya çıxmaq imkanları azdır. Türkiyə ilə müqaisədə, ümumiyyətlə bizdə kitab indistruiasında problemlər var. Sizdə ədəbi dəyəri yüksək olan bir mətn nə ilə şərtləndirilir?
- Həm mədəniyyət sahəsində, həm də həyatda iki şey vacibdir: Cazibə və təsir. Yəni, əsəriniz cəlbedici olmalıdır. Adı, üz qabığı, forması ilə diqqət çəkə bilməlidir... “Bir buna bax, aaa” dedirtməlidir. Kitabı oxuduqlarında da təsirlənməlidirlər. Yazıçı özünü, romanın qəhrəmanlarını oxucuya sevdirməyi bacarmalıdır.
Mən uşaq olanda Azərbaycan Türkiyədə çox sevilən bir ölkə idi. Bu gün də elədir. Burada bizim böyük xanəndələrimiz Azərbaycan xalq mahnılarını oxuyurlar. Səhv başa düşməyin, amma ölkəniz və xalqınız çox... simpatikdir. Sevimli insanlarsınız. Artıq Azərbaycan da, Türkiyə də Cənubi Koreya kimi sıçrayış etməyi planlaşdırmalıdır. Siz İstanbula gəlin, biz də Bakıya gələk. Bu mözulardan danışaq. BBC Azərbaycan kanalını tez-tez izləyirəm.
Kitab sənayesinə gəldikdə isə... Düşünürəm ki, bu işlər bəli, sənaye və sektorla bağlıdır, lakin işin təməlində ruh dayanır. İşi möhkəm saxlamaq istəyən vətəndaş iradəsi ortaya çıxdığı an hər şey öz axarı ilə gedər.
- Ədəbi mətndə dil faktoru nə qədər vacibdir?
- Mətn halvadırsa dil həm yağ, həm un, həm də şəkərdir. Məncə dil danışmaq üçün yox, yazmaq üçün var. Biz sizinlə sözlərdən istifadə etmədən belə bir-birimizi başa düşə bilərik. Ya da cümlə qurmadan. Təbii ki, nitq də bir bədii sənətdir. Amma bizə dil, faktiki olaraq yazıda lazımdır. Dil hər şeydir. Düşüncə və ifadə də dilin meyvəsidir.
- Bir yazıçı olaraq sizi ölkənizdə narahat edən şeylər nələrdir?
- Albert Kamyu belə deyirdi: “Ölkən, sənin canını sıxan yerdir.” (gülür) Bəlkə də millətlər müəyyən dövrlərdə öz ölkələrini dəyişdirməlidirlər. Yəni, yaponlar və ya almanlar Azərbaycana köçsə, azərbaycanlılar da İspaniyaya köçsə... Ölkələr dəyiş-düyüş edilsə… Mövzudan yayındımmı? (gülür) Tolstoyun “Dirilmə” romanının ilk cümləsini xatırlayın: “Hər şey bərbad olsa da...” kimi sözlər deyir və əlavə edir. “Bahar yenə də bahardır”. Məni siyasətdən çox bahar maraqlandırır. Çünki baharı unutmamaq da bir siyasətdir.
- Türkiyə siyasəti ilə bağlı xüsusi bir söz deməyəcəksiniz?
- Ölkəmin arxasından danışmağı sevmirəm. Ancaq bir şeyi qeyd edim: Corc Oruellin “1984” ü 10 ildir ki, ən çox satılanlar siyahısındadır.
- İki aylıq “Fildişi Yaratıcı Yazarlık Atölyesinde” dərslər verdiniz. Dərslərdən bəhs edərdiniz? Yazmaq sənətinin incəlikləri, dili, qrammatikanı iki ayda öyrənmək yetərlidir?
- Əsil öyrənmək insanın özü-özünə öyrənməsidir. Başqası sizə bələdçilik etsə də, öyrəndiklərinizi özünüz həzm etməlisiniz. Və öyrəndiklərinizi öz üzərinizdə tətbiq etməlisiniz. Mən seminarda mövzuları paradokslar üzərindən izah edirəm. Çünki, roman həyatın reproduksiyası deyil. Bu, həyatın həyatdan daha dərin bir versiyasıdır. Romandakı macəra həyatdakından daha realdır. Yaşayarkən ört-basdır etdiyimiz və ya ifadə edə bilmədiyimiz şeylər romanda dilə gəlir. Bu mənada roman faş etmək deyil, deşifrə etməkdir. Və roman personajları həyatdakı insanlardan daha təbii və realdır. Biz “mən kiməm” sualına cavab verə bilmərik. Amma bu sualın cavabını roman qəhrəmanları veriblər.
Bəli, dərslərdə ilk olaraq qrammatika, semantika və etimalogiyadan bəhs edirəm. Sonra ədəbi sənətlərdən, bədii ədəbiyyatdan, xarakterdən, ziddiyətdən, konfliktdən danışıram.
Tələbələrimin yarıdan çoxu dərslər bitdikdən sonra yenə davam etmək istəyirlər. Düzünü desəm, onları nəyin həyəcanlandırdığını bilmirəm.
- Dərslərdə diqqətinizi çəkən istedadlı tələbələr oldumu?
- Bəli, çox ağıllı və istedadlı tələbələr var. Məncə pis roman da yaxşıdır. Bunu izah etmək uzun məsələdir. Demək istədiyim odur ki, roman müəlliflə oxunaqlı zehni əməkdaşlıq tələb edir. Mən pis yazılmış bir roman oxuyanda müəllifə əsəbləşmirəm. Hətta mənə bəzi problemləri həll etməyə imkan verməsi xoşuma gəlir. Mədəniyyət belə inkişaf edir.
- Dünya ədəbiyyatından və azərbaycanlı yazıçılardan, şairlərdən kimləri sevirsiniz?
- Çox yazıçı sevirəm. Həqiqətən. Saysam uzun olar.
Utandım lap, azərbaycanlı yazıçıları yetərincə tanımıram. Bəyənə biləcəyim yazıçılarınızın adlarını desəniz minnətdar olaram.
- Növbəti romanınızı planlaşdırmısınız?
- Bəli. İtmiş şəxsləri araşdıran bir polis məmurundan bəhs edirəm. Hətta yazmağa başlamışam.
- Sonda nə demək istərdiniz?
- Yazdıqlarıma maraq göstərməyiniz məni sevindirdi. Çox təşəkkür edirəm. Qəlbim sizlərlədi. Ümid edirəm bir gün o kofeni Bakıda içə biləcəm.
Söhbətləşdi: Dəniz Pənahova