Cəlil Cavanşir: “Darıxmağın adı” niyə adidir?

Cəlil Cavanşir: “Darıxmağın adı” niyə adidir?
18 iyun 2015
# 20:00

Əzizim Şəhriyar!

Nədənsə iyunun bu qovurucu, cansıxıcı və zəhlətökən istilərində sənə məktub yazmaq ehtiyacı hiss etdim. Uzun zamandı ki, görüşmürük, zəngləşmirik. Sosial şəbəkələrdə yoxam, e-mailimə də yazıb hal-əhval tutmağa ya tənəzzül eləmirsən, ya da vaxtın olmur.

Hərəmiz öz təkliyimizə çəkilib darıxırıq. Amma, Allah haqqı sənin üçün darıxmıram, ciddi sözümdü. Düzü, mən heç kəs üçün darıxan adam deyiləm. Ara-sıra uşaqlar üçün darıxıram, bu qədər. Sən də mənim üçün darıxmırsan, bu da dəqiqdi. Bilmək istəyirsənsə biz kifayət qədər etibarsız adamlarıq. Lütfən, etiraz eləmə. Unutduğumuz adamlardan şəhər salmaq olar. Hə, bilirəm. Bu fikri başqası, başqa formada deyib. Nə fərqi, mən də duruma uyğun əl gəzdirdim.

Ümumiyyətlə şairlər bir-biri üçün ancaq öləndən sonra darıxır. Məsələn, biz ikimiz də daha çox Rafiq Tağı, Zərdüşt Şəfi, Vaqif Səmədoğlu üçün darıxırıq. İçəndə bir nəfər də olsun sağ şairi yada salıb ağlamamışam, yəqin sən də.

...Deyim biləsən ki, bivecin, avaranın, məsuliyyətsizin birisən. Niyəsini bilirsən, şair, xırdalamağa nə hacət? Bir də onu deyim ki, bu məktub canını sıxa bilər. Çün, uzun müddətdir göylərdəsən, reallıqdan çox yuxarılardasan. Bir az reallığa, bir az həqiqətə, bir az özünə enəcəksən bu məktubdan sonra. (Bir az iddialı çıxdı deyəsən. Ya da çox qırıcı.) Mənə acığın tutacaq, ya da güləcəksən. Gülmə, ciddi deyirəm. Onsuz da hər dəfə məni ələ salıb gülməyini, arxamca atıb-tutduğunu eşidəndə gülüb keçmişəm.

Bilirsən niyə? Deyim biləsən ki, mən səni bütöv qəbul edirəm, bütün etdiklərinlə və etmədiklərinlə bir yerdə mənim üçün doğmasan. Bivecliyinlə, avaralığınla, məsuliyyətsizliyinlə mənim üçün əzizsən. Arada mən də səni ələ salıb gülmüşəm, vicdan haqqı. Ən çox da “Azadlıq” radiosuna müsahibəndə “Bir şüşə araq alıb o misranın toyunu edirəm” fikrinə lağ eləmişəm.

Uzun sözün qısası, məktuba verəcəyin reaksiya məni narahat eləmir, necə deyərlər “kef elə”. Mən bütün bunları az qala riyazi dəqiqliklə ölçüb-biçmişəm. Sənin verə biləcəyin reaksiya mənə gün kimi aydındır. Yazdıqlarımdan incisən də, küssən də, köntöy, dikbaş reaksiya versən də, umrumda deyil. Mən doğmalarımın heç bir hərəkətindən incimirəm. Amma biləsən, bəzən termos şüşəsi kimi qırılıram və qırıqlarım da içimə tökülür...

...Sənə sonuncu kitabınla bağlı yazmaq istəyirəm. Gəl, dostların təbirincə desək, son illərin ən uğurlu şairinin, ən uğurlu şeirlər və esselər toplusundan – “Darıxmağın adı”ndan danışaq. Son illərin dedim, məncə bunu da dəqiqləşdirək. Sən son 1-2 ilin ən parlaq imzasısan və özünü şair kimi tanıda, imzanı sevdirə bilmisən. Və ən maraqlısı sən bunları imkanlarının, istedadının və qabiliyyətinin çox cüzi hissəsini istifadə edərək əldə etmisən. Nədənsə mənə elə gəlir ki, sən içindəki cövhəri kəşf edə bilməyən, ya da kəşf etmək istəməyənlərdənsən. Yuxarıda sənə niyə bivec, avara, məsuliyyətsiz dediyimi anladınmı?

Sosial şəbəkələrdəki məşhurluğun, populyarlığın və layklarının çoxluğu daha geniş bir söhbətin mövzusudur. Bu barədə sonra, bəlkə də nə vaxtsa xudmani bir məclisdə danışarıq. Bu barədə ciddi-ciddi imzaların giley-güzar və narahatlığını hiss etmişəm dəfələrlə. Nədənsə çoxları bu məşhurluğundan nigaran, narahat və əndişəlidir. Nə isə, Allah o dostların da canını sağ eləsin!

Gəl gələlim kitaba, yəni özünün də iddia etdiyin kimi, son vaxtlar ədəbi hadisəyə çevrilən “Darıxmağın adı”na. Kitaba hazırlıq prosesini yaxşı xatırlayıram. Fərqlilik, orijinallıq, özünəməxsusluq çırpınışların gözümün qarşısındadır. Kitabın PR-ını da normal qurmuşdun, hazırlığın pis deyildi. Təqdimatların da, satışın da ürəkaçan oldu. Bu uğuru Milli Kitab Müsabiqəsində, Oxu zalının “Ədəbi Azadlıq” müsabiqəsində qazandığın uğurların davamı yox, sosial şəbəkələrdəki populyarlığının məntiqi davamı hesab edirəm.

Bu tip uğurlar mənə tanışdır. “Darıxmağın adı”nın çapından sonra yaratdığın səs-küy, kitaba olan tələbat və kitab haqqında səslənən fikirlər barədə danışmaq istəmirəm. Çün bu fikirlərin çoxusunu alaçiy, yarımçıq, aldadıcı və boğazdanyuxarı hesab edirəm. Hələ də, kitab haqqında yazılacaq ciddi bir yazını səbirsizliklə gözləməkdəyəm. Ümid edirəm ki, o “möhtəşəm” fikirlərin sahibləri səmimi olduqlarını heç olmasa balaca bir yazıyla sübut edəcəklər. Səni bilmirəm, mən məclislərdə, pivnoylarda, çayxanalarda deyilən fikirlərin səmimiliyinə bir o qədər də inanmıram. Sosial şəbəkələrdəki “ah, uf, of, vah” tipli rəylər, statuslar, paylaşımlar mənə səmimi görünmür. Və yaxud kiminsə müsahibədə adını çəkməsi, sənin boynuna minnət qoyurmuşcasına yada salması sənin üçün göstərici olmamalıdır.

Yadıma düşmüşkən bir vacib məqamı qeyd edim; çox tez təsirə düşürsən, nəzərə çarpacaq şəkildə fikirlərində korrektə edirsən və bəzən başqalarının fikirlərini ehkam kimi müdafiə edib, səhv təsbitlərdə bulunursan. Ümid edirəm bığaltı gülüb başını bulamırsan, inan ki bu belədi.

Kitabla bağlı bir neçə qeydimi nəzərəni çatdırmaq istəyirəm, çün məktub yazmaqda məqsədim də budur. Kitabda fəxarətlə AYB üzvü olduğunu və təqaüd aldığını vurğulamısan. İmtina edə bilməməyini, biət etdiyini bu qədər gözə soxmağa ehtiyac yoxdur, şair. İki yol var, ya imtina edirsən və etiraz etdiyin adamlara qarşı sərt mövqe qoyursan ortalığa, ya da o adamlarla razılaşıb həyatına davam edirsən. Sənin mövqeyin mənə bəzi dostlarımızın hər zaman birlikdə tənqid etdiyimiz mövqeyini xatırladır. Ümid edirəm ki, gələn ilin mayından sonra AYB-dən istefa verib, camaatı özünə güldürməyəcəksən. Mənə qalsa bu yola getməyə bilərdin. “AYB üzvü, prezident təqaüdçüsü Şəhriyar del Gerani” ilə, “Şəhriyar del Gerani” imzası arasında böyük fərq var. Kimlərlə birlikdə o təqaüd siyahısında olmağını unutmamalısan. Məncə şair özünü haranınsa üzvünə çevirməməlidir. Şair, sənətkar dəstədə olmamalıdır. Sözsüz ki, göründüyün siyahılarda istedadlı və ləyaqətli adamlar var. Amma Şəhriyar del Geranin kimlərisə tənqid etməyi ilə AYB üzvü, prezident təqüdçüsü Şəhriyar del Geraninin kimləri isə tənqid etməsi arasında böyük fərq var və bu fərq sənin əleyhinə işləyir. “Gözü çıxmış qardaşlarını” unutma! Nobel mükafatından imtina edən mütəfəkkir Jan Pol Sartr deyir: “Siyasi, ictimai yaxud mədəni sahədə müəyyən mövqe qazanmış hər hansı yazıçı, yalnız özünəməxsus vasitələrin, yəni bədii sözün köməyi ilə fəaliyyyət göstərməlidir. Hər hansı fərqlənmə nişanı onun oxucularını təzyiq altında saxlayır”

...Sənin yaradıcılığını yüksək qiymətləndirirəm, bəzi şeirlərini çox sevirəm və bunu dəfələrlə özünə də demişəm. Elə şeirlərin var ki, oxuyanda tüklərim biz-biz olub, kövrəlmişəm, ağlamışam. Sənin şair kimi, yazıçı kimi istedadını danmaq, qiymətləndirməmək vicdansızlıq olar. Sənin istedadın müzakirə olunmaz faktdır. Amma, ancaq, lakin...

İncisən də deyəcəm, küssən də yazacam! Şair, sənin son kitabında elə şeirlər var ki, söz yığınıdır, gücəndiyin, özünü məcbur etdiyin açıq-aydın gözə girir. Bəzi şeirlərində özünü təkrardan qaça bilməməyin, eyni fikirləri kitabın müxtəlif səhifələrinə, müxtəlif şeirlərə səpələməyin də məni çox düşündürdü. Bunu düşünərəkmi etmisən? Bütöv misraları, bütöv bəndləri, eyni assosasiya yaradan fikirləri müxtəlif şeirlərdə işlətməkdə qəsdin nədir? Bu bir ədəbi priyom deyil. Yox əgər sən bunun ədəbi priyom olduğunu iddia edirsənsə, bu yenilikdir. Çünki ədəbiyyatda bu cür priyomlarla qətiyyən rastlaşmamışam. Və yenilik olduğunu iddia edirsənsə məncə uğursuz yenilikdir.

Əcəba, kitabın hazırlanmasında bir qədər naşılıqmı etmisən? Məncə bir siqaret yandırıb bu barədə düşün.

Və yaxud orta məktəbin sonuncu sinif şagirdlərinin xatirə dəftərinə yazılacaq misraların kitabda nə işi var?

Məsələn;

“Başımı qatmışam gülüşlərinlə,

Əcəb dolaşdırıb bu xəyal məni

Saçının küləyə gələn yerindən

Arabir sığal çək, yada sal məni.”

ya da;

“Parə-parə olub sinəm, noola götür parəni

Göynəyindən tanıyıram sən vurduğun yarəni”

Və yaxud;

“Eşitdim albomdan çıxarıb məni,

Yerinə it şəkli yapışdırmısan.”

Sən belə misralardan, belə şeirlərdən qaçmağı, xilas olmağı bacarmalıydın, şair. Təəssüf, bacarmamısan.

...İthaflarının bir çoxunun səmimiyyətindən şübhələndim. Bir də kitabdakı esselərdən birinin bir parçasının şeirə çevrilməsini anlamadım.

...Sevdiyim şeirlərin barədə susmağı seçirəm. Kitabda elə şeirlər var ki, həqiqətən ŞEIRDIR. Elə misralar var ki, bir çoxlarının kitabından böyükdür. Amma qüsurlarının çoxluğu həqiqətən məni düşündürdü və bu məktubu yazmağa sövq etdi.

Vaqif Bayatlı kitaba yazdığı ön sözdə deyir ki: “Mən Şəhriyarı böyük yolayrıcında görürəm. Bu yolayrıcının bir tərəfində uçurum, digər tərəfində göyüzü var. O öz seçimini edəcək. Ya uçurumdan yuvarlanıb ənənəvi dahi olacaq, ya da göyüzünə qayıdıb təklərdən olan dahi...”

Vaqif bəy haqlıdır. Sən yolayrıcındasan, şair. Seçimini özün etməlisən. Həm yaradıcılığında, həm də həyatında ciddi yolayrıcına gəlmisən. Əsil şair olmaq üçün, ədəbiyyatda qalıcı olmaq üçün seçim öz əlindədir. İnan ki, “toyunu edəcəcəyin misralar” hələ bundan sonra yazılacaq. Nə qədər səs-küylü, parıltılı görünsədə, əldən-ələ gəzsə də “Darıxmağın adı” sənin kimi bir istedad üçün sıradan bir kitabdır. İçindəki möhtəşəm şeirləriylə, unudulmaz misralarıyla, poetik tapıntılarıyla da sıradandır. Sənin fərqini, özünəməxsusluğunu bu kitab kifayət qədər çatdıra bilmir. Sən bu kitabda daha çox hamısan, lap azacıq da özün...

Çox başını ağrıtmaq istəmirəm. Bu qədər kifayətdir.

Sənə kənd zəhmətkeşlərinin qucaq dolusu salamını göndərirəm. Öpürəm, bağrıma basıram! Özündən muğayat ol!

# 1077 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #