Ziyalı ailənin oğlu necə qız almalıdı?

Ziyalı ailənin oğlu necə qız almalıdı?
21 noyabr 2013
# 09:00

“Ajiotaj” layihəsi çərçivəsində çap olunandan sonra böyük ajiotaj yaratmış, geniş oxucu kütləsi tərəfindən sevilmiş, müəllifinə böyük şöhrət qazandırmış əsərləri yada salırıq. Bu dəfə xalq yazıçısı Anarın məşhur “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanından danışacağıq.

“Anarın əsəri dəqiq nəql edilmiş, faciəli sonluğu olan acı eşq tarixçəsidir. Ancaq "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanının məzmunu yalnız bu deyil. Bu roman 70 illik sosializmə baxmayaraq sovet cəmiyyətinin dəruni burjua mahiyyətini göstərir. Köhnəlmiş mənəvi dəyərlərə arxalanan cəmiyyətdə məhəbbət məğlubiyyətə düçar olur. Azərbaycandakı indiki həyəcanlandırıcı hadisələrə və aşkarlığa görə Anarın romanının almancaya yeni tərcüməsi xüsusi aktuallıq kəsb edir. Sovet müəllifinin böhran regionunda hadisələri təsvir edən ictimai tənqidi romanı ədibin ciddi uğurdur.”

Yuxarıdakı fikirlər Ştefan Proysun Almaniyada nəşr olunan “Goslarsche Zeitung” qəzetinin 16 may 1989-cu il tarixli sayında çap olunan “Şərqdə məhəbbət” yazısındandır.

Romanın mövzusu

Yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı qısa müddət ərzində müəllifinə böyük şöhrət gətirib və müxtəlif xarici dillərə tərcümə olunub. Anar bu romanı 1974-78 illər ərzində qələmə alıb. Əsər bir növ “Ağ liman” povestinin davamı hesab edilsə də, müstəqil romandır. “Ağ liman” povestindən tanıdığımız Təhminə və Zaur obrazları bu romanın da əsas obrazlarıdır. Əsərdə Təhminə və Zaurun məhəbbətindən, həqiqi hissin qorunub saxlanılmasının vacibliyindən söz açılır.

Romanın qəhrəmanları Zaur və Təhminə bir-birini sevir. Ziyalı ailənin oğlu olan Zaurun valideynləri Təhminə ilə Zaurun münasibətlərinə qarşı çıxır.

Anar "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanında da "Ağ liman"dan tanıdığımız və talelərinə biganə qala bilmədiyimiz qəhrəmanların cismani və mənəvi həyatlarında baş verən dəyişikliklərin tədqiqini davam etdirir. İnsan psixologiyasında gedən mürəkkəb proseslərin təzahürünə imkan yaradır, ən başlıcası isə odur ki, bunları son dərəcə səmimi və humanistcəsinə dəyərləndirir.

"Beş mərtəbəli evin altıncı mərtəbəsi" məharətlə və peşəkarlıqla yazılan romandır. Həyat təfsilatlarının insanların daxili-psixoloji aləminin ayrı-ayrı cizgilərində, bilavasitə qəhrəmanların qarşılıqlı münasibətlərində inikası çox şey deyir. Əsərin quruluşu, təhkiyə tərzi elədir ki, nəticədə Təhminəni də, Zauru da, onları əhatə edən mühiti də gözlərimiz önündə canlandıra bilirik.

Romanda Zaur və Təhminənin sevgisi fonunda cəmiyyətin bütün iyrənclikləri açılır.

Məhəbbətə qarşı iki qüvvə

Filosof Asif Ata (Əfəndiyev) “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı haqqında yazır: “Hər bir kəsin həyatlaşmayan imkanları var. Hər bir beşmərtəbəli binanın öz altıncı mərtəbəsi var. Oraya çatmaq çətin olur, çox hallarda xəyalda gerçəkləşir həmin imkan. Əzəli İmkanın həyatlaşmasına ən çox mühit mane olur. Mühit səddi, mühit divarı çəkilir daxili İmkanla gerçəklik arasında. Yarımçıq yaşayır adamlar, realizə olunmur keyfiyyətləri, məziyyətləri, özləriylə qəbirə aparırlar imkanlarını.

İmkansızlıq qismət olur adamlara ən çox. Mühitə qarşı dayanmayınca, mühitdən ayrılmayınca, imtina etməyincə – imkansızlıq aradan qalxmaz. Qəfəs qırılmalıdır, sədd götürülməlidir, bunun üçün qüdrət gərək! İmkansızlıq - əslində qüdrətsizlikdir, qüdrətsizlər “altıncı mərtəbələrinə” çata bilmirlər, çünki mühitlə bağlılığı qıra bilmirlər. Adamlar yarımçıq yaşayırlar, çünki yarım iradə sahibi olurlar, imkan – daxili təkan tələb edir, daxili təkan –qüdrət. Zaurla Təhminə məhəbbətinin qarşısında iki qüvvə: “müsəlmançılıq” və “təzə bəylik” durur. Hər iki qüvvə birləşib, vahidləşib!”

Bizə tanış qəhrəmanlar

Professor Himalay Ənvəroğlu “Azərbaycan romanının inkişaf problemləri” kitabında “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı haqqında yazır: “Anar həyat barədə ciddi düşünən sənətkardır. Və əsərin təfərrüat – detal bolluğu da, süjet şaxələri də, çoxlu lirik-romantik boyalar da ümumi qayəni fikir çalarları ilə zənginləşdirir. Biz qəhrəmanları müxtəlif şəraitlərdə, müxtəlif insanlarla ünsiyyətdə görürük. Nəticə etibarilə deyərdik ki, roman həyatın, yaşayışın, səadətin mənası üzərində müəyyən düşüncələrə imkan verən, oxucunu qoyulan problemin mahiyyətinə cəlb edən "lirik monoloqu" xatırladır. Özü də bu monoloqda yeknəsəqlik, monotonluq duyulmur, çünki dramatik gərginlik, psixoloji incəlik və publisistika da ona yad deyildir, təhkiyə boyu bu çalarlar bir-birini əvəz edir. Zaurla Təhminənin məhəbbət macərasının təfsilatını romanın əsas mövzusu kimi axıracan izləyirik; bu aparıcı xətt təkcə qəhrəmanların "intim" aləminə nəzər salmaq bacarığı ilə deyil, həm də əsərin "ictimai", "mənəvi" laylarını özünə hopdurması ilə təsirlidir. Roman ona görə cəlbedicidir ki, obrazların düşüncə tərzi və davranışı bizə "tanış" görünür. "Ağ liman"dan tanıdığımız qəhrəmanlar burada öz süjetləri ilə estetik şərhin əsaslı yeniliyinin təzahürünə meydan açırlar.

Dünya mətbuatı: “...nakam məhəbbət haqqında Azərbaycan romanı...”

Yazının əvvəlində roman haqqında xaricdə çap olunmuş məqalədən sitat verməyim təsadüfi deyil. “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı Azərbaycanın sərhədlərindən kənarda da dəfələrlə - Moskvada (1980, 1988), iki dəfə, müxtəlif tərcümələrdə Türkiyədə (1994, 1995), Almaniya Demokratik Respublikasında(1979), Almaniya Federativ Respublikasında (1989), Çexoslavakiyada (1980-cı ildə çex, 1984-cü ildə slovak dillərində), Macarıstanda (1981), İsveçrədə (1992), Estoniyada (1989), Gürcüstanda (1997) çap olunub.

“Neue Zürcher Zeitung” (İsveçrə) qəzetində 1990-cı ildə çap olunan "İslam ənənələri və kommunizm arasında" adlı məqalədə deyilir: “Bu nakam məhəbbət haqqında Azərbaycan romanıdır. Məşhur və hörmətli nasir, esseist və dramaturq Rzayev geniş ictimaiyyətə Anar adı ilə tanışdır. Onun "Beşmərtəbəli evin altıncı mərtəbəsi" adlı acı məhəbbət tarixçəsi alman dilinə tərcümə olan vaxt hadisələrin cərəyan etdiyi region dünya qəzetlərinin birinci səhifələrində yer aldı. Əvvəllər çoxlarının tanımadıqları yerlər orada baş verən milli münaqişələr nəticəsində dünya kütləvi informasiya vasitələrində hallandırılmağa başlandı.

Bu romandan "oralarda niyə xalqlar bir-birini öldürür?" sualına cavab tapa bilməyəcəyik, amma bu əsər bizə çox şey haqqında məlumat verir. Aktul siyasi yeniliklərin şərhi üçün bu roman yaramır, amma oradakı dünyanın bizim təsəvvür etdiyimizdən qat-qat zəngin, çoxcəhətli və təzadlı olduğunu dərk etmək işində bu əsər siyasi situasiya haqqında ən müfəssəl hesabat qədər əhəmiyyətlidir. Anarın əsəri hər halda məhəbbət romanıdır - nə az, nə çox. Əbədi bir mövzuda - məhəbbət mövzusunda roman yazmaq isə hər yazıçının həyatında zirvə məqamdır. Bu əsərdə həqiqi hislərin, emosional gərginliyin təsviri çox uğurludur.”

Romanın ilk naşiri : Əkrəm Əylisli

“Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı ilk dəfə “Azərbaycan” jurnalında çap olunub və romanın naşiri ətrafında qalmaqallar bitib tükənməyən yazıçı Əkrəm Əylislidir. Maraqlıdır ki, o vaxt hələ Anarla dost Olan Əkrəm Əylisli roman haqqında çox da yüksək fikirdə olmayıb: “Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanının ilk oxucularından biriyəm. Romanı oxuya-oxuya onun haqqında tənqidi fikirlərimi də qeyd etmişdim. Anar mənim qeydlərimi oxuyandan sonra, mənə dedi: “Deyəsən romanı çap etmək istəmirsən?” Mən isə qətiyyən dostlarıma mane olmaq fikrində deyildim. Əsərlə bağlı fikirlərimi Anara izah etdim, romanın populyar ədəbiyyat nümunəsinə çevriləcəyini də dedim. Amma mən dostumun “populyar ədəbiyyat” yaratması ilə razılaşmırdım. Ancaq hiss etdim ki, Anar romanın çapını arzulayır. Mən isə onun daha ciddi potensialı olduğunu, fərqli formatda işləyə biləcəyini düşünürdüm. Doğurdan da əsəri çap etdim və roman qısa müddətdə populyarlaşdı. Əsər haqqında çoxlu yazılar yazıldı, roman Anarı geniş oxucu kütləsinə sevdirdi.

İndi də “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı çox populyar əsərlərdəndir. Mən isə əvvəlki iradlarımda qalıram.”

“Əsərə diqqət hələ qalır”

Anar müsahibələrinin birində “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı haqqında deyir: “Bu əsər, deyərdim ki, meydana çıxandan müzakirə olunur. Deməzdim ki, tək müzakirə olunan bu əsər idi. “Ağ liman” da çıxan kimi geniş müzakirəyə səbəb oldu. Lehinə yazan da oldu, əleyhinə yazan da. O cümlədən də “Beşmərtəbəli evin altıncı mərtəbəsi” haqqında da çoxlu yazılar oldu, indi də var. Baxmayaraq ki, aradan 40 il keçib, əsərə diqqət hələ qalır. Bu da ona dəlalət eləyir ki, deməli müzakirəyə, söz-söhbətə səbəb var.”

# 7250 dəfə oxunub

Müəllifin son yazıları

# # #