Çinli fahişə şairənin şeirləri

Çinli fahişə şairənin şeirləri
24 dekabr 2013
# 10:53

Yü Hsüan-Çi

(843 - 868)

Çanqanda doğulan bu çin şairəsi yüksək ədəbiyyat və mədəniyyətlə süslənmiş həyatında kübar cəmiyyətin fahişəsi, taoist bir rahibə kimi qəribə bir həyat yaşamış, sonda xidmətçisini döyüb öldürməkdə günahkar bilinərək, məhkəmə qarşısına çıxarılmışdır.

Ancaq edam edildikdən sonra uydurma günahsız olduğu aydınlaşıb. Mühakimə edildiyi əsnada şair dostlarının da onu müdafiə etməsinin heç bir köməyi olmayıb.

Şeirlərinin çoxu fahişəlik etdiyi dövrlərdə tanış olduğu Li Ye adlı şəxsə ünvanlanıb. Li Ye onu fahişəlikdən ayıraraq kübar bir xanım olmasına çalışsa da sonradan onu tərk edir.

Taoist rahibə olan şairə azad həyat yaşamağa, cəsarətlə heyranları ilə görüşməyə davam edirdi. Edam edilənə qədər o, fahişə, rahibə və şairə kimi təzadlı bir həyat yaşayıb.

Yaşadığı həyat tərzini qəbul edə bilməyən şairənin günümüzə çatan şeirləri simvolik obrazlarla və təbiiliklə dolu olmasına rəğmən müasirlərindən fərqli olaraq tarixi və mifoloji qaynaqları ehtiva etmir.

Fərdi duyğularla və ağrılarla dolu şeirlərini Çin ədəbiyyatında realizmin ilkin nümunələri hesab edənlər də var.

Dumanda gizlənmiş ay üçün

Bahar çiçəkləri və payız məhtabı girir misralara.

parlaq gün və aydın gecə yaraşır tanrılara.

Qəfəsdəki dəyərli qadın qürurla qaldırdı başını, əsla alçalmadı.

lap əvvəldən, dağların təpəsinə sürmüşdüm arabamı.

Bir qonşu qızı üçün

Günəşin qorxusuyla, gizləndim paltarımın arxasında.

Cansıxıcı baharda, üşüyərək qalxıb geyindim.

Nadir bir ləl-cavahirat tapmaq asandır.

Yaxşı bir adam tapmaq nədənsə qeyri-mümkün.

Yastıqda gizlidən tökülmüş göz yaşları,

Hər açılan çiçəkdə baxın, qırılmış ürək.

Sung Yunun gözləri məni görsəydi əgər,

Qonşudakı cavanla nə işim vardı mənim?

Baharın sonunda

Çökmüş küçə, yoxsul evlər, bir xeyli dostlarım var.

O adamsa çoxdan tənhadır yuxularımda.

Xoş qoxulu ipək qoxlayır havanı: kimin şənliyi?

Bir mahnı küləyin qollarında gəlir: haradan?

Küçədəki barabanlar məni oyatdı sübh çağında

Həyətdə, sağsağanlar yas tutur məhv olmuş bir bahara

İstədiyimiz həyata necə qovuşacağıq?

İtmiş bir qayığam mən minlərlə mil uzaqda.

“Yazda balıq tutmaq haqqında” adlı

şeirini mənə təqdim edən Li Yingə cavab

Əslində eyni yolun yolçusuyuq ikimiz

Ancaq bütün il boyu görüşə bilmirik biz...

Təsil edənəcən qocalmış qıza

sənin duyğulu şeirin,

qırmış oldum başqa bir darçının budağını

Taonun adətidir aldatmaq - buzu və qarı

İşıqlanmış ürəyin yenə düzdür ilqarı

Ayaq izləri gedir buludlardakı çaya

Görünməzdir ürəklər dumanlar dənizində.

Ping Hsin

Ping Hsin Çində, Fu-Çiendə doğulub. Dənizçi atasının şəxsi kitabxanasında ədəbiyyatla və kitablarla tanış olan Ping Hsin Pekində təhsil alıb. Xanım şairin əsil adı Hsieh Vang-Yingdir. Ping Hsin təxəəllüsü isə "Buzdan ürək" mənasına verir. 1923-cü ildə Yençing Universitetindən məzun olan şair 1923-1926-cı illərdə “Wellesley” Kollecində magistr təhsilini tamamlayıb.

Təhsilini tamamladıqdan sonra Yençing Universitetində dərs deyən şair 1955-ci ildə sosioloq olan əriylə birlikdə doğulduğu əyalətə geri dönür. 1964-cü ildə baş verən “mədəni inqilab”a qədər müxtəlif işlərlə, o cümlədən yaradıcılıqla məşğul olur.

R. Taqora böyük pərəstişlə 1921-ci ildə "Ulduz" adlı əsərini yazır və bu əsərin şeir olmadığını iddia edir. 1932-ci ildə "modern şeir"dən anlayışı olmadığı deyilsə də naşirlər onu bir nömrəli çin şairi kimi çap edirdilər.

“Bahar selləri”ndən

****

Öz şəklini verər qar, bahar çiçəklərinə -

Bundan sonra yumşalar şimaldan əsən külək.

****

Bütün varlıqları aldatdı işıq və kölgə.

Üfüq boyunca.

Nə vaxt böyüdü

və nə vaxt kiçildi ay?

****

Bu bulanıq dünyada

Unutmuşam ilk sözü

Sonuncunu isə

öyrənə bilməyəcəyəm.

***

Qəlbimin yetim qayığı

üzüb

keçməyə çalışır

oynaq, dalğalı

zaman dəryasını.

***

Sadə bir su yığını

əks etdirir qımıltısız günəşi

və birdən qızıl bir dəniz olur.

Türkcədən tərcümə edən: Cəlil Cavanşir

# 2879 dəfə oxunub

Müəllifin son yazıları

# # #