Televiziyamızdakı parabeyinlər

Televiziyamızdakı parabeyinlər
31 iyul 2015
# 12:10

Şəxsi müşahidəmi deyirəm: biz kitabın və ədəbiyyatın taleyindən nə qədər narazı və gileyli olsaq da, son vaxtlar insanlarda kitaba olan maraq artmaqdadır. Ən azı hiss olunacaq səviyyədə irəliləyiş var. Məncə, cəmiyyətin kitaba qayıdışına görə telekanallara minnətdar olmalıyıq.

Məzmunsuz, peşə etikasına tüpürən, simasını itirən Azərbaycan telekanallarına.

Mən şəhərdən kənarda yaşayıram. Kənd sayıla biləcək yerdir və ətrafım qaragüruh, savadsız adamlara doludur. Bir sözlə: mövhumat at oynadır, Şeyx Nəsrullahın birini itirsən, o biri bitər.

Bu günlərdə işdən qayıdanda evin yaxınlığındakı mağazaya girdim. Satıcı əlimdə kitab görüb, maraqlandı. Ki, nə oxuyursan, kim yazıb, necədir? Başı al-verə, pul qazanmağa qarışan istiqanlı, yaxşı bir oğlandır. Və soruşdu:

- Mən də kitab oxumaq istəyirəm. Televiziyadan iyrənmişəm. Adam nə qədər eyni şeyə baxar? Çox səviyyəsizdilər.

Oğlan ali təhsil almayıb. Çox güman, məktəbi də birtəhər, məcbur qalıb başa vurub. Deyirəm, cibinə 50 manat qoy, sənə kitab mağazalarının yerini deyəcəm, get, on dənə kitab al, yavaş-yavaş özün də oxu, evdəkilər də oxusun. Üstəlik, soruşuram: 50 manat çətin olmaz ki? Gülür. Kitabların adını da deyirəm, söz verir ki, alacaq, oxuyacaq.

Avtobusda, metroda da eyni mənzərənin şahidi olmuşam. Bir də görürsən, kitab oxuduğuna görə yol-yoldaşın səni özünə doğma, simsar bilir, söhbətiniz alınır, dərdləşməyə mövzu olur. O, vaxtilə oxuduğu kitablardan danışır və gileylənir ki, sonra baş qarışdı dolanışığa, kitab yaddan çıxdı. Amma kitaba ehtiramını, hörmətini itirməyib, mütaliədən uzaq düşdüyü illərə heyfslənir.

Bu günlərdə Şahbaz Xuduoğlu Sədərək bazarında qab-qaşıq satan bir oğlanın şəklini paylaşmışdı. Dörd tərəfi vedrə-ləyən, hamı alıb-satır, aldadır, amma uşaq o vurhavurda kitab oxuyur. Son vaxtlar o mənzərədən gözəlini heç yerdə görməmişəm.

Mənim uşaqlığım 90-ın axırı, 2000-nin əvvəllərinə düşüb. O vaxtlar bizim rayonda hamı alıb-satır, gün-güzəran üçün min yola əl atırdı. İnsanlar təhsil almaq istəyən, mütaliə edən adamlara gülüb keçirdilər. Ki, sən oxumusan, mən savadsızam, görək kim yaxşı yaşayır? Hətta bu qədər ibtidai və nadancasına: gedək sənin də uşağının yediyinə baxaq, mənim də! Dövr dəyişdi, dəyərlər yerini aldı, insanlar təhsildən və mütaliədən başqa nicat yolunun olmadığını anladılar. O düşüncə ilə yaşayan adamlar nə boyda səhv etdiklərini başa düşdülər, övladlarının oxumağı, kitabı əziz tutmağı üçün dəridən-qabıqdan çıxdılar ki, bala, oxu, adam ol!

İnsanları kitaba qaytarmaq üçün gənclər flaşmoblar, aksiyalar keçirirlər. Nəinki aksiyalar keçirmək, hətta bir adamın metroda kitab oxumağı onlarla insanın yolunu kitab mağazasından salar. Marketinqin qızıl qaydası var: bir razı müştəri üç əlavə müştərini cəlb edir. Bir narazı müştəri on müştərini uzaq salır, itirir. Bu mənada bir kitab oxuyan adam özündən başqa on nəfərə təsir edə, onun həyatını, düşüncələrini dəyişə bilər. Və ömür boyu minnətdarlıq hissi ilə xatırlanar.

Azərbaycan efirini zəbt edən bir dəstə mənəviyyatsızı evinizə buraxmayın. Ona sərf etdiyiniz vaxta kitab oxuyun, filmə baxın, ətrafınızı gözəlləşdirin. Məsələn, mən o parabeyinlərdən uzaq olmaq üçün Azərbaycan kanallarını bağlamışam. Düşük türk serialları da lazımım deyil. Rus və başa düşdüyümüz qədər ingilis kanallarına baxmaq ən gözəlidir. Məncə, buna görə övladım gələcəkdə məni minnətdarlıqla xatırlayacaq.

Bu cəmiyyət bir gün tək-tək yox, dəstə-dəstə kitaba qayıdacaq, kitab mağazalarına axışacaq. O gün gələcək, mütləq gələcək! O gün indiki təklər maarif qaranquşları kimi xatırlanacaqlar. Necə ki, əsrin əvvəllərində məktəb açıb xalqın balalarına təhsil verənlər indi ehtiramla xatırlanır, qaranquş taleyi yaşayırlar.

# 1122 dəfə oxunub

Müəllifin son yazıları

# # #