Mirşahinin mənəvi sərhədi...

Mirşahinin mənəvi sərhədi...
17 mart 2014
# 13:41

Kanalı dəyişirsən və Mirşahinin banal, ritorik suallarla dolu tanış səsi evin divarlarını utandırır:

“Qardaşlar biz hara gedirik?”

“Biz vətəndaşı qoruya bilirik?”

“Mənəvi sərhədlərimizi kim qoruyacaq?”

Hər kəs hara getdiyini yaxşı bilir! Üstəlik, ağlı kəm olmayan adam bunu da gözəl bilir: yaxşısına da, pisinə də özü cavabdehdir. Deməli, adamların fərdi məsuliyyət hissindən ötrü mollalıq etməyə gərək yoxdur!

Guya televiziya adamlara əxlaq dərsi keçəcək, ağsaqqallıq edəcək, evlərə əmin-amanlıq gətirəcək!

Guya televiziyanın tənbeh edib ər evinə göndərdiyi arvad Qurana əl basmış kimi qayınatasının üzünə ağ olmayacaq, başını aşağı salıb balalarını böyüdəcək, ərinin qulluğunda kəniz kimi duracaq.

Sən demə, çoban arvadının yataq videosunu Mirşahinin təbirincə desək, xalq ekspertləri, məsələn, uğursuz aktyorlar, bayağı yazıçılar, savadsız müğənnilərlə bölüşüb onlardan məsləhət alanda, uçurumdan qurtulacaq.

“Hesabat”ın dünənki buraxılışında Mirşahinin əl-ayağı düşüb dolaşıq-bulanıq fikirlərlə efiri zəbt eləyən ağlaşma verilişlərinə haqq qazandırması məndən ötrü gözlənilməz olmadı. Biz jurnalistikanın ritorik-mənasız sualları ilə böyümüş gəncliyik və nə yaxşı, vaxtında duyuq düşüb ayıldıq.

Əlbəttə, məsələ bu verilişlərin efirdən ümumiyyətlə yığışdırmasında deyil. Hərçənd, tamaşaçını televiziya özü yetişdirir, amma hər halda, yenə Mirşahinin təbirincə desək, bu cür mövzulardan sarı sino gedən minlərlə adamın zövqünü oxşamaq üçün nələrsə olmalıdır. Amma bu “nələrsə”dən sarı yaxa cırmağa, yalanı düz adına sırımağa nə hacət?!

Məsələn, Mirşahin deyir ki, biz bu cür verilişlər yığışdırsaq, əlimizdə qalan bir ovuc tamaşaçı əcnəbi kanallara baxacaq, guya əxlaqı pozulacaq. Mətnin bu yerində hansısa əcnəbi kanalda rəqs edən yoğunbaldır, sinəsi açıq bir qız Mirşahinin fikirlərini “əsaslandırmaq” üçün ekranda peyda olub, tez-tez ətəyini aşağı dartışdırır.

Vay-vay, sanki ANS belələrini heç göstərməyib və sən demə, dünyanın bu aşkar vaxtında belə şeylər xalqın əxlaqını pozur.

Məsələn, Mirşahin boğazımıza təpmək istəyir ki, əcnəbi kanallar güclü siyasi vasitədir. Bu vasitə ilə Azərbaycanın evləri, mənzilləri işğal olunmaqdadır. Minlərlə, yüz minlərlə mənzil var ki, oranı artıq yadelli kanallar işğal edib. Azərbaycan tamaşaçısını tutub saxlayan iki cüt bir tək verilişin üzərində isə, nə qədər qara kölgə hərlənir.

Bəs nə bilmişdiniz, səhərlər qırxıncı dərəcəli aktyorlara, müğənnilərə efirdə istifadə tarixi keçmiş formatda ad günü keçirəndə (Space), bayağı “Atabəyovlar” (ANS), dərnək səviyyəli “Həyat, sən nə qəribəsən?” (Xəzər TV) serialları çəkəndə, efirin baxımlı vaxtında üç kitab oxumayan savadsız Fərda Xudaverdiyev “Formula 3”lə camaatın ətini tökəndə tamaşaçı sizə İmam səhabələri sayaq sədaqət nümunəsi göstərməliydi?!

Peşəkarları televiziyalardan didərgin salanda bunun fərqinə varmırdınız?!

O ki qaldı Mirşahin bəyin “Biz hara gedirik, qardaşlar?! 70-ci illərin diktor televiziyasına?” kimi kif atmış ritorik sualına, bunun qarşısında nəinki sıradan tamaşaçı, lap Larry King də aciz qalar...

# 2716 dəfə oxunub

Müəllifin son yazıları

# # #