Süd bacısına gözü düşən Məsud - Cavid Zeynallıdan YENİ HEKAYƏ

Süd bacısına gözü düşən Məsud - <span style="color:red;">Cavid Zeynallıdan YENİ HEKAYƏ
6 oktyabr 2015
# 11:06

Kulis yazar Cavid Zeynallının “Dərd qapını tapmır” hekayəsini təqdim edi

Arvadı özündən beşbetər malın-mağmının biri. Adamın üzünə elə yetim-yetim baxır, deyərsən, ta uşaqlıqdan süddən yanıq, murazdan umsuqdu bədbaxt. Yar-yaraşıqdan bəxti kəm gəlib, adam içinə çıxarası bircə gözləridi, diri, dumduru gözləri. Yemə-içmə, zillən ulduz yekəlikdə o gözlərə. Fağır olanda nolar, tərs damarı, qatır inadkarlığı da var. Kənddə hər zuluma-müsibətə sinə gərdi qız, çoban dədəsinə söz çevirdi, anasının üzünə qayıtdı ki, Bakıda oxuyacam, oxudu Gülnaz, oldu ibtidai sinif müəlliməsi, şələ-şüləsini yığıb gəldi ala qarğa bala çıxarmayan kəndə. Düz iki il dərs dedi, örüşdən birbaş məktəbə fitilləyən uşaqların əlini ayağını nə təhər yığdısa bu mağmın Gülnaz, oldular quzu balası, toba.

Məktəb yolunda Məsuda rast düşməsəydi, elə olacaqdı qohum-qonşunun qapazaltısı: a bədbaxt, ərə get, ay külbaş, yaşın keçir, uşaq doğa bilməyəcəksən, bizi peşman eləmə, it dölü, itdən əmələ gələn köpəyin qızı. İt dölü itdən əmələ gələn köpəyin qızı Gülnazı kənddə istəyən nə çox. Nolar yar-yaraşıqdan bəxti kəm gələndə?! İntəhası, gözünə-könlünə yatanı hardadı: qabağına kim çıxırdısa, zırrama, ipləmə, örüşdə eşşək dalına atılan, keçiyə tamah salan cüvəllağı. Dünya dağıla, arvadı xərçəngdən ölən, ortalıqda uşağı qalan Məsuda da getməzdi Gülnaz. O yekə-yekə ulduzlu sərin iyun gecəsində Zəminə əmidostusunun hesabına Məsudla görüşməsəydi, görüşüb bu sakit adama isinişməsəydi, iki dünya bir ola, xərçəng adamın ağrı-acısını divarlarına hopduran, meyit çıxan o evin kandarına ayaq basmazdı Gülnaz. Yekə-yekə ulduzlu iyun gecəsində Məsudun lap pəsdən dediyi sözlər qızın ağlını yerindən oynadırdı, Məsud danışdıqca qız ona ta səhərəcən qulaq vermək istəyir, bu çəlimsiz adamın hər kəlməsinə bel bağlayıb şəhərə getmək üçün xəyal qururdu. Qırxı keçəndə nolar, deyirdi, əmidostu Zəminə, oxumuş adamdı, evi-eşiyi, işi-gücü, ta nə istəyirsən, başına dönüm?! Məsud o gecə qızın əllərini əlinə alıb nə dedi, nə demədi, səhəri Gülnaz Məsudu yenə o göyəm ağacının altına çağırdı. Çağırdı nədi, hələ onun isti dodaqlarını yanağında hiss eləyəndə xumarlandı Gülnaz, canı yenə o öpüşdən istədi, heç bilmədi haçan sığındı qanı qaynayan bu fağır adamın sinəsinə.

***

Kənddən başını götürüb çıxdığı aprel gecəsindən sonra o şeytan yuvasından evlənmək nədi, heç o uzaq gədiyin yaxasına səpələnən alçaq-dürtdək evlərdə gecələyən doğmalı-yadlı adamların topasına tüpürməzdi Məsud. Elə günün birində adına söz çıxardılar ki, bəs doğmaca bibisinin qızı Göyçəyi yoldan çıxarıb, qız özünə od vurub oddamaq istəyir, o göydəki Allah haqqı. Dərd orasındaydı ki, Göyçək Məsudun həm də süd bacısıydı; anası xəstə yatanda bibisi döşünün birini Məsudun ağzına salanda, o birini Göyçək əmmişdi. Dərd həm orasındaydı ki, Göyçəyin ağlını itirdiyi həmin gecə Məsud lap ertədən yerə girmişdi, yorğanın altında qıvrılıb-qıvrılıb inildəmişdi, sonra onu qabağına qatan ağzı qara itlərdən canını qurtaranda yuxusunu təzədən, bu dəfə lap pis qarışdırmışdı. İnişilki ot yığımında at arabasının altında qalıb canını tapşıran babası qəbirdən xortdayıb ona yanaqları köz təki qızaran alma vermişdi, verib demişdi, çək dişinə, oğul balam. Məsud o qırmızıyanaq almadan yekə bir dişləm alar-almaz üst dişləri dökülmüşdü ağzına. Yuxudan dik atılıb əlini ağzına aparanda, yalançıya nəhlət, az qala dişlərini bircə-bircə yoxlayıb hamısının cağbacağ yerində olduğuna sevinmişdi. Bibisinin dizinə-başına döyüb qapılarının ağzını kəsdirdiyi aprel səhərindən xeyli sonra Bakıda otaq kirələyib fəhləlik edəndə Məsud öyrənmişdi ki, demə, hələ lap qədimlərdən üzü bu yana sınaqdan çıxıb ki, yuxuda dişin düşməsi adama bədbəxtlik gətirir. O-bu, ilişdi qaldı beynində, nə illah elədi, bu axmaq fikri üstündən ata bilmədi. Ali təhsil aldı, neçə-neçə ölkə gəzdi, yenə xeyri olmadı, hələ desən, bir də belə yuxu görməmək üçün hər axşam yerinə girəndə Allaha duaçı oldu, həmd elədi. O başqa əhvalat ki, süd bacısı olanda nolar, Məsudun Göyçəkdə gözü vardı, qızı razı sala bilsəydi, qohum-qonşu pis baxmasaydı, evlənib Göyçəyi özünə arvad edərdi. Yazığı gələndən-gələnə dilini şirin salıb Məsudun ürəyini yerindən oynatmağı saya salmasaq, diribaş-dikbaş Göyçək mağmın Məsuda fikir verməzdi nədi, heç onu adam yerinə qoymazdı. İllər keçəndən sonra Məsud nə illah elədi, nə Göyçəyin ona şər atmağının səbəbini öyrəndi, nə də heç kim bilmədi ki, qızın ağlını yerindən oynadan kim olub. Məsuddan əli üzüləndən üçcə gün keçmədi, Göyçək özünü heyva ağacından asdı.

Və illərin unutdura bilmədiyi o bədbəxtlikdən sonra Məsud heç özü də bilmədi kəndə niyə getdi, nə səbəbə əli ətəyindən uzun maşını sürdü dədə evinə?!

***

Arvadının cavan ölümü Məsudun güzəranını zəqquma çevirmişdi, olmuşdu qaraqabağın, zəhər tuluğunun yekəsi. O zəhrimar xəstəlik Səmənidə tapılanda dünya dolandı Məsudun başına, həkimin yanından çıxıb özünü verdi xəstəxananın tualetinə, sakit-səssiz o ki var, ağladı.

Səməni ağrıyan canını qoymağa yer tapmayanda səhərəcən zarıyıb-inildəyər, Məsud da ağzında ocaq tüstüsünün tamı, siqareti-siqaretə calayıb murdar xəstəliyin cəngində çabalayan qadını ilə tanışlığını yadına salardı. Göyçək əhvalatından sonra qızdan-qadından gözü tamam qorxmuşdu, başını aşağı salıb fəhləliyini-qarovulçuluğunu edir, universitetin axşam kursunda oxuyub özünə gün ağlamaq istəyirdi. Elə Səməniyə mehrini salmağı da həmin o vaxtlarda oldu. Gördü qız özü də üzü bəridir, ha yavaş-yavaş, oldular sevgili. Sonra fəhləliyin daşını atıb özünə fərricə iş tapdı, sonra toy elədi, sonra Səməni hamilə qaldı, sonra Məsuda qaya parçası təki bir oğul doğub tutuldu xərçəngə, köçünü çəkdi dünyadan. Gözünün qabağında əriyən qadının çəkdiyi dəhşətli ağrıları Məsud özü də canında hiss edərdi, əsəbləri tamam pozulmuşdu, xəbəri olmazdı ki, gün hardan doğub, harda batır. Səməni öləndən sonra o qaya parçası təki oğlu yıxıla-dura otaqları dolaşıb aciz-əlacsız anasını axtaranda elə bil Məsudun boğazına qaynar qurğuşun tökürdülər, bilmirdi, köz-köz olan sinəsini harda soyutsun. Qəribəydi, tək-təkcənə darıxanda Məsud həm də uşaqlığını xatırlayardı, o gədiyin yaxasına taxılan kənd sərin su olub səpilərdi sinəsinə. Və çox keçməzdi, Göyçək əhvalatını, doğma-yad adamlara ürəyinin lap dərinliyində olan qəzəbini unudub kəndə aparan dolanbac yolu xatırlayardı, sinə açıb mal-heyvanı əzizləyən örüşü xatırlayardı, atını-itini xatırlayardı, heyva ağaclarını, göyəmi, gavalını xatırlayardı, ördəklərin vaqqıltısını, qazların qaqqıltısını, üstü kirəmitli evlərin lap o başındakı təpəlikdən üzü kəndə sarı anqıran eşşəyi, kişnəyən atı xatırlayardı, toyları-toyxanaları xatırlayardı, anasının nanə ətirli əllərini xatırlayardı Məsud.

Gülnaz nə istədisə, Məsud qızın sözünü yerə salmadı. Kəndin dedi-qodusunu eşitməzdən gəldi, pıçhapıçı eyninə almadı: bazarlıq elədilər, ciyəraxşamı keçirdilər, ağsaqqaldan-ağbirçəkdən ar edən cavanlar ağac altında, taya dibində araq gillətdilər; sonra mağar quruldu, gədikdən iki kənd o yannan çalğıçı gəldi, qoşanağaranın, qarmonun səsi qarışdı bir-birinə, uşaqlar yol kəsdi, yerdən şabaş qamarladı, Gülnaz gəlin çıxdı, bazardan nə qədər ucuz konfet almışdılarsa, qız anası səpələdi elədən-elə, belədən-belə.

Üçcə gün sonra yığışıb gəldilər Bakıya. Gəldilər Məsudun evinə. Evə girər-girməz Gülnaz dərindən nəfəs aldı, ürəyinə rahatlıq çökdü, üstünə arxayınlıq. Amma bu rahatlıq, bu arxayınlıq uzun çəkmədi, elə ki Səməninin divardan asılan şəklini gördü, diksindi Gülnaz, möhkəm diksindi. Elə bildi, Səməni qeyzlə divardan qopub atılacaq onun üstünə. Atılıb əllərini keçirəcək boğazına, saçından tutub sürüyəcək, ətini dişləm-dişləm edib ürəyi soyumayanda qaynar qaşığı basacaq qızın döşlərinə, baldırlarının arasına. Özünə gələndə gördü yox, Səməninin gülümsər siması elə həmən-həmənkidi, divardan qopa bilsəydi, təzə gəlinin pal-paltar, qab-qacaq yerbəyerinə kömək edərdi, çay qoyardı, Məsudun dilini-himini ona öyrədərdi. Üç gün, beş gün, lap üç-beş ay sonra da Gülnazın ev-eşikdən qorxu-hürküsü keçmədi, yenə diksindi, huyuxdu, ürpəşdi, amma heç vaxt Məsuda demədi, demədi ki, Səməninin şəklini divardan götürək.

İt dölü itdən əmələ gələn köpəyin qızı Gülnaz Məsuda bir arvad, qaya parçası təki uşağa bir ana oldu, dayan tamaşasına, Səməninin gülümsər şəklinə göz vur ki, ürəyini buz kimi saxla, a bəxtsiz, bunun harası mal-mağmındı, çoban Əsgərin yaraşığı kəm düşən kəççi qızı gör özünü necə istəddi!

***

Payızın selləmə yağışlı günlərindən birində Gülnaz ərinə eləcə sözgəlişi, əlüstü eşitdirdi ki, ürəyim yaman bulanır, nə işdisə, yeməkdən də doymuram, gözüm qab-qaşıqdan, qazan dibindən çəkilmir. Səməni qaya parçası təki oğluna hamilə qalanda da eynən belə demişdi, eynən bu səslə, eynən beləcə şübhəli-şübhəli dillənmişdi. Ki, ağzıma yiyəlik eləyə bilmirəm, yetim uşaq təki nə görürəmsə, meylim çəkir, nəfsimi boğmaq zuluma dönüb. Məsud siqaret yandırıb pəncərəni açanda yağışın şarhaşırı dolmuşdu ev-eşiyə, qarışmışdı arvadının səsinə. Divardakı gülümsər şəkilə xəbər aparmışdı o səs, xəbər gətirmişdi, ər-arvadın doğmalığını bir boy da böyütmüşdü. Gülnaz danışdıqca Məsudun əlini əvvəl döşlərində hiss eləmişdi, sonra o istilik bətninə yayılmışdı, əzalarında gəzmişdi, qanına-canına hopmuşdu. Qaya parçası təki uşağı qonşuya verib, qoşalaşıb getmişdilər həkimə. Heç yarımca saat çəkməmişdi, arvadı xəstəxananın qapısında görükmüşdü, ayaqları yerdən üzülü, üz-gözündə təzə-tər sevinc, Gülnaz özü boyda işıq topası olub düşmüşdü Məsudun gözünə. Dördüncü mərtəbənin pilləkənlərindən ayaq tappıltısı eşidiləndə Səməni divardan qopub, şəkildən düşmüşdü, qapını açıb atılıb əvvəl Gülnazın boynuna sarılmışdı, sonra Məsudun belini qucaqlamışdı, sinəsinə baş qoymuşdu, ən axırda getmişdi qonşuya, uşağını əzizləyə-tumarlaya tapşırmışdı onlara, lal-dinməz qanaddanıb qonmuşdu divara.

Gün günü bastaladıqca Məsud arvadının nazını lap uşaq kimi çəkirdi, lap uşaq kimi ərköyün, dəymədüşər olurdu Gülnaz. Amma qudurğan deyildi çoban Əsgərin qızı, eləcə istəyirdi pişik kimi tumarlansın, oxşansın, kənddə görmədiyi qayğını şəhər evinin divarları arasında halalca ərindən umsun, içinə çəkib gözünü-könlünü doyuzdursun. Səhərlər yorğan-döşəkdən tərpəşməyə ərdəmi olmayanda Məsud Gülnaza qıymazdı, qaya parçası təki oğlunun götünü-başını özü yuyar, qurulayıb ətcəmətən buraxardı evin ortasına. O qaya parçası təki uşaq balaca, bapbalaca lülüşünü dartıb-dartışdırıb “lülü-lülü” deyə-deyə çapardı evin ortasında, Səməninin gülümsər şəklinin, Məsudla Gülnazın axıb-axışan gülüşünün altında qaçardı elədən-elə, belədən-belə.

Düzü-dünyanı yağış tutan günlərdə hər şey gözəl idi, hər şey. Bircə o lənətə gələn əhvalat olmasaydı. Bircə Allah Məsudun ağlını başından almasaydı.

***

- Babam qəbirdən xorddamışdı...

- Məsud...

- Cəfərxan babamı deyirəm e, tanıyırdın? Hardan tanıyasan, bəlkə adını eşitmiş olasan. Ot biçimində at arabasının altında qalıb canını tapşırmışdı.

- Qurban olum, yat, gecənin bu vaxtı məni qorxuzma, - Gülnaz yuxulu-yuxulu, kal səslə şikayətlənmişdi. Sonra ərinin böyrünə qısılı, ulduz yekəlikdə gözlərini yumub təzəcə huşa getmişdi ki, Məsudun səsi bu dəfə elə bil qeybdən gəlmişdi:

- Cəfərxan babam mənə yamyaşıl alma verib dedi ki, çək dişinə, oğul balam. Gör neçə il keçib, kişi heç dəyişməmişdi, Gülü. Səsi də həminkiydi, əyin-başı da. Yenə şalvarını corabına salıb, köynəyinin düyməsini dəyişik bağlamışdı.

Gülnaz bir istədi, ərinə təpinsin, sonra ürək eləmədi, qorxdu.

- Gülü, kənddə olanda da bir dəfə yuxuma gəlmişdi Cəfərxan babam. Ancaq o vaxt yanaqları qırmızı alma vermişdi. O vaxt necə olmuşdusa, indi də elə: almaya diş vuran kimi ağzımda diş deyilən şeydən bircəciyi qalmadı, töküldü getdi hamısı... – Məsud az qalmışdı əlini dipdiri ağzına təpib dişlərini bircə-bircə yoxlasın, görsün, tökülməsə də, laxlayıb-tərpəşmir ki...

- Allah xeyrə yozsun. Ürəyini sıxma, yaddan çıxar getsin.

Məsud day arvadına heç nə demədi. Əvvəl Göyçəyi, sonra bibisini, sonra heyva ağacını, sonra kənddən baş götürüb çıxdığı günü xatırladı. Başını yastığa atanda dodağının altında bir ağız, bir cümləlik donquldandı. Donquldandı ki, bu yuxu döyül, Gülü, bəladı, Cəfərxan babamın urfu haqqı!

***

O gecədən sonra Gülnaz nə illah elədi, Məsudun qaş-qabağı açılmadı. İşə fikirli getdi, işdən qanıqara gəldi. Dindirməsən, çimdikləməsən, cınqırını çıxarmazdı: deyərdin, bir teşt xəmirdi, hara qoysan, orda duracaq. Hərdən gecələr diksinib yuxudan qalxar, zillənərdi oğlunun, arvadının üzünə, uzun-uzun baxardı, baxıb-baxıb lap ehmalca əyilərdi əvvəl oğlunun, sonra Gülnazın iyini-qoxusunu içinə çəkməyə. Vay o gecədən ki, Göyçəyi yuxuda görəydi, Göyçək caydaq boy-buxunundan utanmayıb anasının döşündən süd əməydi, onu da çağıraydı ki, o birini də sən təp ağzına. Və beləcə, qoşalaşıb biri doğmaca anasının, o biri doğmaca bibisinin sallaq döşlərini doyunca əməydilər. Amma nə sirrdisə, süd əməndə də Məsudun dişləri qırıqlanıb dökülərdi ağzına, Cəfərxan babası heyva ağacının qabığını soyub qaynadar, deyərdi, ağzını yaxala, dişlərinin dibi bərkisin, oğul balam. Belə gecələrdə evin divarları ayaq açıb Məsudun üstünə yeriyərdi, yorğanı üstündən atıb əl-üzünə su vurar, siqaret tüstülədər, pəncərəni açıb payızın küləyinə, yağışına, soyuğuna yalvarardı ki, səhər tez gəlsin, işıq tez düşsün.

Sonra işdə darıxmağa başladı. Lap düzü, ev sarıdan ürəyi narahat olardı, qorxardı. İşdə bir saat, para saat oturan kimi elə bil Məsudun içini evə tərəf dartırdılar. Telefona əl aparıb tez-tez otaqdan çıxanda iş yoldaşları deyərdilər:

- Axır vaxtlar dalın bir yerdə tikiş tutmur. Sən ya süzənəyə düşübsən, ya qarınağrısına.

Deyərdilər, gülərdilər, gülüb Məsudun əsəblərini pozardılar. Hirsini-hikkəsini tökməyə yer tapmayanda barmağını dişləyərdi, dodağını gəmirərdi, əlinin içini dişləm-dişləm edib göyərdərdi, lap axırda siqaret alışdırıb filtri çeynəyərdi. Bu fağır adam dost-yoldaş qoymayıb hamı ilə dilləşmişdi, küsüşmüşdü, işə gedib-gəlmək o qədər zəhləsini tökmüşdü ki, deyərdin, çörək qazanmağa yox, sürgünə gedir zalım oğlu. Qorxardı o mənada ki, birdən evdə tək olanda Gülnazın başına bir iş gələrdi: deyək, yıxılıb uşağı tələf edərdi, sancısı tutanda qanaxmaya düşərdi, ya uşaq gözdən oğurlanıb çıxardı pəncərəyə, yıxılardı dördüncü mərtəbədən yerə. “Onda, - öz-özünə deyirdi, Məsud, donquldanırdı Məsud, - başıma haranın daşını tökərəm?!” Oturduğu yerdən dik atılıb özünü salardı maşına, bir də onda ayılardı ki, binanın qabağındadır, pilləkənləri iki-iki, üç-üç qalxıb arvadı ilə oğlunu qapının ağzında gülümsər görəndə ürəyinə sərin su səpilərdi. Qorxardı həm də o mənada ki, arvadı pis xəstəliyə tutular, xərçəng yenə kəsdirər qapını, qurban istəyər.

Gülnaz gecələr onu dilə tutub sakitləşdirəndə, duz kimi yalayanda Məsud doluxsunardı, gözünü sıxıb sakitləşərdi və sakitləşəndə içinə qəribə toxtaqlıq çökərdi. Di gəl, səhər açıldımı, olardı yenə həmən-həmənki. Bir dəfə usta çağırdı ki, pəncərələrə dəmir barmaqlıq toxu, uşaqdan qorxuram, sonra ürəyi yenə soyumadı, maşına kisə-kisə torpaq doldurub gətirdi ki, binanın qabağına gül çiçək əkəcəm, iraq olsun, uşaq yıxılıb eləsə, heç olmasa başı-gözü daşa-dəmirə dəyib paralanmasın. Elə o günlərin birində qonşular pıçıldaşdılar ki, Məsudun maşınının yük yerində on-on beş dənə rəngbərəng, güllü çaydan görüblər. Niyə, nə səbəbə almışdı, heç kim kəsdirə bilmədi. O güllü, rəngbərəng çaydanların sirrini bir Məsud, bir də Məsudun Allahı bilirdi ki, çox keçmədi, Gülnazın da qulağı xəbər aldı, Gülnaz da qonşuların pıçhapıçından duyuq düşdü, hər şeyi yerli-yataqlı yığdı çinədanına. Gecələrin birində Məsudun böyrünə qısılıb onu dilə tutdu, qılıqlandı, əri deyəndə ki, Gülü, qorxuram, qorxuram ki, başın qarışar, uşaq mətbəxə keçib qaynar çaydanı dağıdar üstünə, olar ömürlük şikəst.

- Bəlkə bu gündən sonra evdə çaydan işlətməyəsən?! Hə, Gülü, nə deyirsən?! Sabah hamamdakı vannanı da çıxarıb rədd eləyəcəm. Mənim iş yoldaşlarımdan birinin uşağı üç-dörd il əvvəl vannaya düşüb boğulmuşdu. Bazardan çaydanları alıb maşına yığdım ki, birdən kimsə alıb aparar, uşağı üstünə dağıdıb özünü yandırar. Səhv eləmişəm, Gülü?

Ərinin səsi Gülnazın iliyinə işləmişdi, sümüyünə toxunmuşdu, o səs əriyib qaynar qurğuşun kimi boğazına tökülmüşdü Gülnazın. Və cavan ömründə ilk dəfə istəmişdi ki, o gecə böyrünə qısılan, yumağa dönən kişinin qorxudan tir-tir əsən əllərini, titrəyən bədənini görməmək üçün ulduz yekəlikdə gözləri kor olsun. Səhəri dirigözlü açsa da, özünü sıxıb-sıxmalayıb toxtaq tutmuşdu, ağlamamışdı çoban Əsgərin qızı, təpəri-damarı olan adamıydı.

Səhər açıldımı, Məsud usta çağırıb vannanı elə özü dediyi kimi rədd eləmişdi, çayniki götürüb vızıldatmışdı zibil qabına. Həmin gün Gülnaz day dözə bilməmişdi, qapını bağlayıb elə vannanın yerindəcə o ki var ağlamışdı, o ki var hönkürmüşdü, istəmişdi qıyya çəksin, üzünü-gözünü cırıb, saçlarını yolub-yolmalasın. Sonra durub getmişdi aşağı mərtəbədəki təzəcə isinişdiyi, mehrini təzəcə saldığı gəlinin yanına. Məsləhət istəmişdi, qoşalaşıb yollanmışdılar fala baxdırmağa, Quran açdırmağa. Yuxuyozma kitabını alıb bir də təkrar oxumuşdu, sonra o kitaba da, orda yazılanlara da lənət oxuyub vərəq-vərəq cırıb-cırıqlamışdı, elə Məsudun gözünün qabağındaca topasına od vurub yandırmışdı, sonra ərinə yalvarmışdı ki, sənə qurban olum, Məsud, belə-belə şeylərə görə bizi bədbəxt, özünü yazıq eləmə. Sonra Məsudun qulağı eşidə-eşidə, gözü görə-görə Cəfər babasına da, süd bacısı Göyçəyə də qarğış eləmişdi ki, ikisinin də goruna od düşsün, ikisinin də goru yanıb-yağmalansın. Gülnaz heç vaxt o günkü kimi bədbəxt olmamışdı, heç vaxt o günkü kimi vəhşiləşib qabığından çıxmamışdı, əlacı olsaydı, Məsudu didim-didim didərdi, çay daşı götürüb ərinin dişini-damağını öz əlləriylə söküb-dağıdardı. Sakitləşib toxtaq düşəndən sonra gedərdi bazara, bir səbət yaşıl, bir səbət yanaqları köz təki qızaran alma alardı, (yanaqları köz təki qızaran, eynən Cəfərxan kişinin ruhunun gətirdiyi almanı tapmaq üçün Gülü dünyanın o başına da gedərdi, yerin deşiyindən də olsa tapıb gətirərdi) qoşalaşıb o ki var daraşardılar almaya, ləzzətlə dişlərinə çəkərdilər, ta ki partdamaya düşənə qədər yeyərdilər və Gülü bir də aciz-əlacsız ərinə yalvarardı ki, görürsənmi, qurban olum, heç nə olmur ey, atam-anam, heç nə olmur. Və bəlkə yenə qabığından çıxıb vəhşiləşsəydi, Gülnaz acığından onu da deyərdi ki, görürsənmi, heç nə olmur, atam-anam, heç nə olmur, sənin o çağbacağ dişlərinin sırasına-düzümünə tüpürüm, heç nə olmur, a qaragün, mənə yazığın gəlmir, heç olmasa qarnımdakına yazığın gəlsin, mən cəhənnəm, heç olmasa, onun ömrünü yemə! Gülnaz onu da deyərdi ki, niyə bu xarabanın qapısını dərdə nişan verirsən, başına dönüm, niyə dərdin yadına daş salırsan ki, başımızı yarıb, qanımızı axıtsın?

Məsud gözlərini mal-mağmın zilləmişdi od tutub yanan kağız topasına. Zilləyib fikirləşmişdi ki, görəsən, bəla niyə bu qədər gecikir?! Görəsən, qapını tapmaq o qədərmi çətin olub ki, dərd bu qədər ləngiyir? Yol gözləmək Məsudun hövsələsini tamam daraltmışdı, səbri çatmırdı özünün şikəst olmasını gözləməyə, səbri çatmırdı qaya parçası təki oğlunun ölümünü gözləməyə, bezmişdi Gülnazın ölü uşaq doğacağı günün intizarını çəkməkdən. İstəyirdi o gün tez gəlsin, Məsudu tez yarıcan eləsin, özünü dərdin ağzına atmaq o nigarançılığı çəkməkdən asan gəlirdi Məsuda. O dözülməz günlərdə evin divarları yenə ayaq açıb Məsudun üstünə yeriyərdi, yorğanı üstündən atıb əl-üzünə su vurar, siqaret tüstülədər, pəncərəni açıb gecənin sazağına, səhərin ayazına, qışın qarına-yağışına yalvarardı ki, bəla tez gəlsin, dərd içini-çölünü darmadağın eləsin ki, bu əzabdan canı tez-tezcənə qurtulsun.

Martın lap başındakı gecələrin birində Məsud evə gəlmədi. Səhər yenə havalı çıxmışdı, arvadını oğlunu dindirib-danışdırmayıb zəhər tuluğu kimi yumalanmışdı pilləkən aşağı. Pəncərənin altında əkdiyi çiçək kollarını əzib-xışmalayıb tapdaq-tapdaq eləmişdi, torpağı ayaqqabısı ilə kürüyüb səpələmişdi elədən-elə, belədən-belə. Maşının yük yerini açıb beş-altı güllü, rəngbərəng çaynik çıxarmışdı, çıxarıb tolazlamışdı gücü çatan qədər binanın həyətinə. Maşın tini burulanda Məsudun qaya parçası təki oğlu qucağında, Gülnaz başını pəncərənin dəmir barmaqlığına söykəyib o ki var, ağlamışdı.

Üç gün sonra qayıtdı. Beş gün evdə qaldı, yenə həmən-həmənki. Beş gün sonra yenə o zəhər tuluğu pilləkənləri aşağı yumalandı, tini burulanda Gülnaz qucağında uşaq, yenə pəncərədən boylanıb o ki var, ağladı. Bir həftə sonra Məsud təzədən qayıtdı. Yenə həmən-həmənki adam. On gün yenə gecənin sazağına, səhərin ayazına, qışın qarına-yağışına yalvardı ki, bəla tez gəlsin, dərd içini-çölünü yağmalasın ki, bu əzabdan canı tez-tezcənə qurtulsun. Arvadının əlini, oğlunun ayağını öpüb pilləkənləri düşdüyü on birinci gündən sonra o balaca qəsəbədə Məsudu gördüm deyən olmadı...

Fevral-may, 2015

# 1399 dəfə oxunub

Müəllifin son yazıları

# # #