Kiçik mətnə "böyük hesabla" uduzmaq - Kəramətin yeni romanını tənqid etdilər

Kiçik mətnə "böyük hesabla" uduzmaq - Kəramətin yeni romanını tənqid etdilər
22 sentyabr 2021
# 16:01

Kəramət Böyükçölün “Əlqəmə” romanını oxudum. Onun bu kiçik mətnə "böyük hesabla" uduzmağı məni heyrətə gətirdi.

Deməli, son 5 ildə Kəramətin ictimai-siyasi obrazının, populyarlığının ulduzu nə qədər çox parlayıbsa, zövqü, ədəbi inkişafı, mətn yaratma bacarığı bir o qədər geridə qalıb.

Markes nə deyirdi?

Deyirdi ki, yazıçının inqilabi borcu yaxşı yazmaqdır. Bu mənada Kəramət Böyükçöl ədəbiyyata borcunu ödəməlidir.

Necə?

Onu özü yaxşı bilir. Daha çox oxumaq, yazmaq, daha çox ədəbiyyatla yaşamaqla.

Əgər “çırtma” janrında sosial-ictimai lağlağının şinelindən yenə çıxa bilməyib layk zənginliyində xoşhal olacaqsa, onun həqiqi ədəbi istedadına ancaq ağrımalı olacağıq.

Hə, bu romanın cümlələri arasından boylanan məhz budur: həqiqi istedad.

O istedad ki, fraqmentaldır, pərakəndədir, epizodikdir, sayrışandır. Onları yığıb yerbəyer etmək üçün zəhmət, intizam və daha nələr lazımdır...

Paralel süjet, hansısa Qaraçöp kəndində əlyazma tapan Əlqəmənin izlənməsi, fahişə qadınla fəlsəfi-estetik söhbət, tanış qəhrəman cizgiləri, sonra süjeti idarə edə bilməmək, tələskənlik, kələfin ucunu itirmək...

Və bütün bunlar 150 səhifəlik mətndə baş verir.

Nəfəsi çatmamaq...

Bəlkə, budur məsələ?!

Əlbəttə, nəsr təcrübə və yaşantı faktıdır. Bu mənada bizim heç birimizi təcrübəsi və yaşantısı zəngin adam saymaq olmaz. Amma həyatın eskizini yaşamağın vaxtı da çoxdan keçib. İndi növbə həyatın özünü yaşamağa çatıb.

Ümid edək, Kəramət Böyükçölün infantil-eskiz nəsr təcrübəsi bununla bitəcək. Çünki bizim mühitdə onun kimi Azərbaycan dilində yaxşı yazmağı bacaran, şövqü və istedadı olan adamların sayı o qədər də çox deyil.

Deyə bildimmi?

# 3244 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #