Cümhuriyyəti yıxan yerlibazlıq

Cümhuriyyəti yıxan yerlibazlıq
26 sentyabr 2013
# 10:55

Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra mühacirətə yollanan ziyalılar qonşu ölkələrdə - daha çox Türkiyədə ədəbi-bədii fəaliyyətlə məşğul oldular, kitablarını çap etdirdilər. 20-ci illərdə işıq üzü görən kitabların çoxu bir dəfə nəşr olunandan sonra kitabxana rəflərində, şəxsi arxivlərdə unuduldu. Bu kitablardan biri və mənim nəzərimdə çağdaş dövrümüz üçün tapıntı sayıla biləcək nəşr Məhəmməd Şərif Əfəndizadənin “Azərbaycan və inqilabı” kitabıdır. 1921-ci ildə İstanbulda əski əlifba ilə işıq üzü görən kitab “İrəli” İctimai Birliyinin təşəbbüsü ilə latın qrafikasına transliterasiya olunub. Və təəssüf ki, kitab çap olunandan sonra, elə bil quyuya daş atdın: kimsənin marağında olmadı!

“Azərbaycan və inqilabı” əsərini çağdaş dövrümüz üçün tapıntı hesab etməyimin səbəblərini yazacam və kiminsə nəzərində mübahisəli, zərərli, hətta təhlükəli görünərsə, necə deyərlər, günahı Sərvərin boynuna.

Kimdir Məhəmməd Şərif Əfəndizadə? Adına mənbələrdə az təsadüf olunan müəllif əslən Şamaxıdandır və ata-baba evi Sabirin dükanının qonşuluğunda olub. Sabirlə dostluq edən Məhəmməd Şərif sonralar Əli bəy Hüseynzadə və Məhəmməd Hadi ilə tanış olur, onlar haqqında xatirələrini yazır. Gəlin, həmin xatirələrdən ikisinə diqqət yetirək: “Həqiqəti qeyd etmək lazımdırsa, Sabir dostlarının dinsizliyinə baxmayaraq, ölənə qədər dindar qalmış və böyük əksəriyyətlə namazlarını qılmışdı. Onun dostları arasında dinə ən çox hörmətsizlik edən Məhəmməd Hadi idi. Hadi danışdığı zaman Sabir həmin otağı tərk edər, “qulaqlarım eşitməsin” deyərdi “.

İkinci xatirə Sabirin arvadı ilə aralarında olan münasibəti, daha doğrusu, arvadının Sabirə və onun yazı-pozusuna münasibəti haqqındadır: “Sabir əslində dindar olsa da, təəssübkeş deyildi, ancaq belə görünmək məcburiyyətindəydi. Onu belə görünməyə məcbur edən ailəsi, xüsusən də böyük qardaşları ilə arvadı idi. Sonralar özü danışardı... Bəzən gecələr bir şey yazmaq istəyəndə arvadı hirslənərək qışqırarmış. Ona görə də daim yanına açıq Quran qoyar və arvadı baxanda, gözünü Qurana dikərək yalandan dodaqlarını hərəkət etdirərmiş”.

Mehmandarovun türk “sevgisi”

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Məhəmməd Şərif Əfəndizadənin hansı sahədə çalışdığı haqqında dəqiq mənbə yoxdur. Kitabda Cümhuriyyət hakimiyyətində gedən proseslərin “mətbəxi” ilə tanış olmağı, faktları xırdalığına qədər incələməyi göstərir ki, Əfəndizadənin “yuxarılar” ilə yaxşı münasibəti olub. Bəlkə onun qohum-əqrəbalarından kimsə yüksək mənsəb sahibi idi, kitabında yazdıqlarını məhz həmin yaxın adamlarından almışdı? Əlbəttə, bunlar yalnız fərziyyədir. Amma ortalıqda fakt var: Məhəmməd Şərif Əfəndizadə şəxsi müşahidələr əsasında yazsa da, göstərdiyi dəlillər Cümhuriyyət dövründə məsul vəzifələrdə çalışan tanınmış şəxslərin xatirələri ilə üst-üstə düşür.

Əfəndizadə Cümhuriyyət haqqında nə yazırdı?

Kitabın “Müsavat hökumətinin məmləkət idarəsindəki qüsurları” bölməsində Azərbaycan Xalq Cümhuriyyəti haqqında kəskin tənqidi fikirlərindəki obyektivliyi, ittihamların nə qədər reallığa əsaslanıb-əsaslanmadığını araşdırmaq tarixçilərin işidir, əlbəttə. Müəllifin fikirləri şəxsi təəssürat bağışlasa da, ümumən niyyətinin “çamur atmaq” olmadığı gün kimi aydındır. Əslində, maraqlı məqamdır və bu kitab polemika mədəniyyətinin qəhətə çəkildiyi cəmiyyətdə büt düzəltməkdən ötrü sinov gedən bəzi ziyalılara yaxşı cavabdır. Yeri gəlmişkən, Cavanşirdən tutmuş Məmməd Əmin Rəsulzadəyə qədər tarixi şəxsiyyətlərin, lap elə dəyərlərin müzakirəyə çıxarılmağının nəyi pisdir?

Müəllif Cümhuriyyət məmurlarını türklərə etibarsızlıqda, ingilislərə münasibətdə mətanətsizlikdə, rusların siyasəti ilə barışmaq istəmədiyində ittiham edir, elə bu “tərəfsizliyə” görə də Azərbaycanın fəlakətə düçar olduğunu yazır. Hətta bir qədər də irəli gedərək, ordudakı əsgərlərin ac-çılpaq saxlandığını, anbarlarda saxlanan ayaqqabı və hərbi formaların ruslara təhvil verildiyini gizlətmir.

Kitabdakı bəzi məqamlara diqqət edək: “Müsavat hökumətinin millətin arzusuna tabən və intixabat (seçki) nəticəsi mövqeyi-felə gəlmiş bir hökumət olmadığından qəti-nəzər hər nə surətlə olur-olsun əlinə keçirmiş olduğu iqtidarı sui-istemal edərək məmləkətin başına fəlakət gətirmiş olduğundan şübhə yoxdur. Qeyri-məşru (illeqal, hüququ olmayan) bir məclisə istinad edərək məmləkətin müqəddəratını əlinə alan bu firqə siyasəti-daxiliyyə və xariciyyəsində bir mətanət göstərmədiyi kimi iki sənəlik idarəsi təzəbzüb və xətalarla mala-maldır. ... Hərbiyyə Naziri Mehmandarov türk zabitanını sevməz və onları avanturistlik ilə ittiham edərdi. Azərbaycanda qalan türk zabitləri ordu töküntüləri olduğundan və bilaxira bir qismi də Türkiyədən oralara kəndi-kəndinə getmiş olduqlarından Mehmandarovun ittihamı doğru ola bilər. Fəqət hər halda türk ordusundan rəsmən göndəriləcək zabitandan Azərbaycan istifadə edə bilərkən bir kaç əxlaqsız türk zabitanının əhvalı təəmmüm edilib, Azərbaycan ordusu rus və gürcü zabitanı ilə məlumatsız yeni yetişmiş Azərbaycan ehtiyat zabitanının əllərində qalmış və bu üzdən məmləkət pək çox zaiyatda bulunmuşdur”.

Hakimiyyətdə Gəncə klanı və Hadinin aclıqdan intiharı...

“Azərbaycan və inqilabı”nda maraqlı məqamlardan biri də Fətəli xan Xoyskinin gəncəli məmurları “yuxarılar”a çəkməyi, onları özünə “bir köynək yaxın” hesab etməyi məsələsidir. Kitabda Məhəmməd Hadi və İsmayıl xan Ziyadxanovla bağlı maraqlı, hətta ittihamedici fikirlər var. Məhəmməd Şərif bəyin yazdıqlarından: “İlk təşəkkül edən hökumət gəncəli Fəthəli xan Xoyskinin təhdi-rəyasətində olmuş olduğundan o zatın vasitəsilə bütün Gəncə bəy və xanları iş başına keçmiş bulunuyorlardı. Əsasən Müsavat firqəsinə isnad olunan türkləri sevməmək səbəbi bu mənfəət və rəqabətdən irəli gəlmiş olsa gərəkdir. Gəncə xan və bəyləri Azərbaycan hökumətini kəndi inhisarına alıb başqa yerlilərə heç bir məmuriyyət vermək istəmədikləri kimi biləks başqa yerlilərə hər türlü təhqir və təcavüzatda bulundular. Ermənilər Şamaxını təxrib üçün oraya əsgər sövq edərkən şamaxılılar gəncəlilərdən istimdad etmişdilər. Bunlar İsmayıl xan Ziyadxanovun komandası altında oraya bir miqdar könüllülər götürdülər. Fəqət erməni əsgərləri yaxınlaşınca müharibə belə etmədən ən əvvəl kəndiləri şəhəri yağma edib çəkilmişdilər. Hətta çəkilərkən İsmayıl xan məiyyətinə “Madam ki, şimdi ermənilər gəlib şəhəri yağma edəcəklər, o halda biz də boş dönməyəlim və biraz əşya götürəlim” deyə əmr verərək, müsafir olduğu evin xalılarını toplatdırdığı da vaqedir. Gəncə bəylərinin hökuməti ələ almaq istəmələrinin səbəbi ancaq məmləkəti yemək üçün idi. Zira ruslarda olduğu kimi iş böyükdən başlayıb yemək, bol-bol ziyafətlər tərtib edib sərxoş olmaq Azərbaycan hökumətinin də əməlli-başlı əlaməti fariqəsindən idi. ... Ticarət nəzarətinə nazir və yaxud müavin olmaq da bir kaç ayda zəngin olmaq deməkdir. Hökumət Azərbaycan, İran və Türkiyə əhalisi tüccarlarına fövqəladə zərərlər verib Avropa tüccarlarını himayə və səhabət mə-əda kəndi məmləkətləri əleyhinə avropalılara para qazandırdı. “Avropa tüccarlarına sühulət göstərib­­ onlara çox para qazandırıldığı təqdirdə, onlar da Azərbaycanın istiqlalını müdafiə edərlər” fikri Azərbaycan siyasiyununun düşündüyü və bulduğu məsələ idi. Halbuki ötə tərəfdən Azərbaycanın münəvvərləri aclıqdan intihar edir və hökumətin xəbəri olmuyordu. Azərbaycanlı şair məhza saiqəyi-zərurətlə intihar etmiş və hökumətin kəndisinə heç bir yardımı olmamışdı. Zavallı rusca bilmədiyindən məmur da olamamışdı”.

Kitabda yer alan fikirləri, ittihamları yazıb genişləndirmək olar, amma ən yaxşısı oxucunun “Azərbaycan və inqilabı” əsəri ilə tanış olmağıdır. İnanıram ki, ayıq oxucu bu kitabın ortalığa çıxarılmağında qaranlıq niyyətlər axtarmayacaq, əksinə, cümhuriyyətin nöqsanları ilə tanış olandan sonra hər birimizin qürur yerimiz olan Məhəmməd Əmin yadigarına sevgisi birə-beş artacaq. Sağlam tənqiddən incimək, umu-küsü etmək yerinə gözümüzü bircə anlıq yumub Məhəmməd Şərif Əfəndinin sadaladığı nöqsanların izlərinin bu günümüzəcən gəlib-gəlmədiyini götür-qoy etmək ən yaxşısıdır. Bir məşhur aforizm var: “Uğur zəngin təcrübənin məhsuludur, zəngin təcrübə isə kobud səhvlərin”.

P.S. Kitabı ərəb qrafikasından latın qrafikasına transliterasiya edənlər Taleh Hacıyev, Eldar Əmirov və Emin Əliyevdir.

# 4542 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #