Ssenarist-rejissor Ramiz Fətəliyevin Kino günü ərəfəsində APA-ya müsahibəsi  

Ssenarist-rejissor Ramiz Fətəliyevin Kino günü ərəfəsində APA-ya müsahibəsi  
30 iyul 2015
# 12:54

- Ramiz müəllim, dedilər, başınız bərk qarışıqdır. İlin-günün bu isti vaxtında nə işlə məşğulsunuz?

- Mən heç vaxt gələcək işlərdən danışmıram. O məntiqlə ki, həmin məsələ alınmaya bilər. Ola bilər, iş ləğv olunsun, yaxud bir “əmma”sı çıxsın. Sonra hamı soruşur, bəs o iş nə yerdə qaldı, necə oldu? Məsələn, Sovet vaxtı iş qəbul olunurdu, müqavilə bağlanırdı, gedirdi Moskvaya, geri qaytarırdılar. İndi camaatın çoxu o dövrü nostalji ilə qəbul edir, amma heç nə danışıldığı kimi deyildi. Çox əcaib işlər olurdu. Məsələn, rus məmuru məni öyrədirdi ki, Azərbaycanın mənəvi dəyərlərinə necə yanaşmalıyam. Guya o, belə şeyləri məndən yaxşı bilirdi.

- 70-80-ci illər sizin üçün özünütəsdiq mərhələsi idisə, indi vəziyyət başqa cürdür. Nazirliyin sizinlə isti münasibətləri var, müasir filmlər sizin adınızla bağlıdır, imzanız var. Yəni indiki halda "fors-major" vəziyyəti ağlım kəsmir...

- Müasir filmlərin mənim adımla bağlı olduğunu siz deyirsiniz. Yəni mənim dilimdən eşitməmisiniz. Qeyri-təvazökarlıq çıxmasın, ad məsələsini çoxdan qazanmışam. Qaldı, "fors-major" situasiyaya, o hər vaxt ola bilər. Allah eləməsin, kimsə ölür, nələrsə dəyişir və s. İndi qonşu ermənilərlə münasibətimizə görə hansısa şəkildə senzura olmalıdır. Bəzi şeylər hərbi sirdir və onları qorumaq lazımdır. Yerdə qalan məsələlərdə sərbəstlik olmalıdır. Amma o sərbəstliyi də hər adam başa düşmür. Hər məmurun öz fikri, baxışı olur. Məmurun rəhbərlik etdiyi sənət sahəsindən başı çıxmadı, deməli, o sənətdən qorxub-çəkinəcək, düzgün başa düşməyəcək. Məsələn, ssenarini oxuyanda ona qorxu gələcək, ehtiyat edəcək, çəkinəcək. Məhz ona görə ki, bu sənətdən anlayışı yoxdur. Bizdə belə şeylər olsa da, öhdəsindən gəlirik.

- Gəlin, məsələni konkretləşdirək...

- Bunu kimlərəsə mesaj kimi demirəm, konkret ünvan yoxdur. Söhbəti konkretləşdirsək, sizi inandırıram, bu gün Azərbaycan kinosunun başında duranlar öz işlərinə can-başla yanaşırlar. Bizim müasir kinonun uğurları var, dəyərli filmlər çəkmişik. Məsələn, Elçin Musaoğlunun “Nabat” və “40-cı qapı”, Asif Rüstəmovun “Axınla aşağı”, Elxan Cəfərovun “Yarımçıq xatirələr”, Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” filmi. Düzdür, “Dərs”in mövzusu 50-60-cı illərin Sovet filmlərinin mövzusunu oxşayır. İndiki uşaqlar o filmdəki uşaqları çaya susuz aparıb, susuz gətirərlər. Bunu filmin rejissorlarına da, ssenaristlərinə də demişəm. Təki elə uşaqlarımız olsun, özü də çox olsun. Amma “Dərs” kino peşəsi baxımından çox dəyərli filmdir. Sovet vaxtı bizim peşə zarafatımız vardı: biz yaxşı ilə, çox yaxşının konfliktini araşdırırdıq.

- Pis anlayışı haqqında düşünmək belə olmazdı...

- Ümumiyyətlə, pis deyilən şey yoxdur, onu ağıla gətirmək olmaz. (Gülür). Deyir, pis araq yoxdur: yaxşısı var, lap yaxşısı var. Sovet dramaturgiyasında konflikt o araq məsələsi kimi idi.

- Müasir Azərbaycan kinosunda vəziyyət necədir? Doğrudanmı, sonu “Happy end” filmlər tələb olunur? Yoxsa bunu filmi təsdiq olunmayan adamlar atıb ortalığa?

- Baxır, rejissor hansı mövzuya müraciət edir. Məsələn, Elxan Cəfərovun filmində hər iki qəhrəman ölür.

- Obrazlı desək, ev yıxılmamalıdır, ev qurulmalıdır...

- Filmdə lap min nəfər də ölsə, hər şey ideyaya xidmət etməlidir. Ssenaridə quruluş, struktur vacib keyfiyyətdir. Tamaşaçı faciəyə baxanda da onda işıqlı fikirlər yaranmalıdır. Bu, tamam başqa məsələdir. Sizin sual senzuraya bağlıdır. Yəni soruşursunuz ki, belə şeylər olur, ya yox, mən də cavab verirəm: bəli, hərdən olur. Bu, bəzi məmurların qorxu hisslərindən gələn şeylərdir. Amma onlarla danışmaq, fikir mübadiləsi aparmaq mümkündür. Bəzən insan onları inandıra bilir və problem həll olunur. Məsələn, nazirliyin kino şöbəsinin müdiri Cahangir Məmmədovla fikir ayrılığımız olanda, oturub söhbət edirik, anlaşırıq. Ya o öz fikrini mənə sübut edir, ya mən. Yoxsa ki, əmr şəklində “filan şeyi belə yox, başqa cür edin”, belə şey yoxdur. Mənə elə gəlir, münasibətlər bu cür də olmalıdır.

- Vaxtilə kinostudiyaya rəhbərlik etmisiniz. Həmin təyinatdan danışmağınızı istəyirəm...

- Məsələ ondadır ki, mən kinostudiyaya rəhbər təyin olunmamışam, rəhbər seçilmişəm. Qorbaçovun vaxtında Azərbaycana göstəriş gəldi ki, filan-filan yerlərə rəhbərlik seçkili olmalıdır. Mədəniyyət sahəsində kinostudiyanın direktoru mən, “Azdrama”nın rəhbəri Həsənağa Turabov seçildi. Yəni mən kinostudiyanın yeganə seçilmiş direktoruyam. 1986-cı ildən 95-in axırına qədər kinostudiyaya rəhbərlik etmişəm. O vaxt qaydaya görə direktor partiya üzvü olmalı idi. Seçkinin nəticəsinə görə, Moskvadan sərəncamım gəlmişdi, amma partiya üzvü olmadığım üçün Bakıda təsdiqləməyə ürək etmirdilər. Qaqarin kimi məni təcili partiyaya keçirdilər, sonra təsdiq olundum. Məndən qabaq kinostudiyanın direktoru Eyvaz Borçalı idi. 1986-cı ilin elə bu vaxtlarında onu “Kirpi” jurnalına baş redaktor keçirdilər. Deməli, Eyvaz İtaliyaya səfərə getmişdi, mən də baş redaktor olduğuma görə onun yerində oturmuşdum ki, hökumət telefonuna zəng gələndə cavab verim. Bir gün Azad Şərifov zəng vurdu ki, Eyvazı “Kirpi”yə köçürürlər, səni onun yerinə direktor əvəzi təyin edirəm, yaxın vaxtlarda direktor göndərəcəyəm. İndiyə qədər bilmirəm, Eyvazı niyə məzuniyyət vaxtı işdən çıxardılar, niyə özünü çağırmadılar. Səkkiz ay keçdi, gördüm heç kimi göndərmədilər və mən faktiki direktor vəzifəsini daşıyırdım. Fevral ayında dedilər, seçki olacaq və beş namizəd var idi.

- Eyvaz Borçalı sonra incimədi sizdən? Yəni ağlına nə isə gətirə bilərdi...

- Ağlına heç nə gətirə bilməzdi. Çünki mən heç cür direktorluğa namizəd sayıla bilməzdim. O vaxt Rusiyada, Ukraynada filmlərim çəkilsə də, vəzifədə heç vaxt işləməmişdim. İkincisi də, mən kinostudiyaya Eyvazın xahişi ilə gəlmişdim. Ona görə Eyvazın şübhə üçün əsası yox idi.

- Ramiz müəllim, Mədəniyyət və İncəsənət Universitetində kino kadrlarının hazırlanması sahəsində vəziyyət necədir?

- Bərbad.

- Elə bir sözlük cavab?

- Bəli. Bu sözdən sonra nə deməliyəm? Dörd il dalbadal orda imtahan qəbul etmişəm. Söhbət universitetin səviyyəsindən getmir. Bizim mentalitetdə bu sahəyə münasibət yaxşı deyil. Bir dəfə nənəm televizorda baletə baxırdı, anama dedi ki, ay Xavər, bu kişi də evdən çıxanda deyir, işə gedirəm. Bax, bu, sənətə xalqın səsi və münasibətidir. Elə çıxmasın ki, mən universitetə biabırçı deyirəm. Qətiyyən! Sadəcə, ora gələn yüz nəfərdən biri həvəsli olur, qalanları balı az topladığına görə gəlir. Bir tələbə var idi, onun kino bilikləri, düşüncələri mənə maraqlı göründü. Keçən il soraqladım ki, onu assistent kimi cəlb edim, işi öyrənsin. Məlum oldu, universitetdə oxumaqdan imtina edib.

- Kino üzrə təhsil alan tələbələrə hansı rejissorların içinə baxmağı məsləhət bilirsiniz?

- Bəzən insan dahi aktyor, böyük rejissor olur, amma müəllimlik qabiliyyəti olmur. Bəzən də tərsinə: adı it dəftərində olmayan adam əla müəllimlik edir. Dünya şöhrətli rejissorlar var ki, bircə tələbə yetişdirməyib.

- Məsələn, Fellininin filmlərinə baxıb heç nə öyrənmək mümkün deyil?

- Təbii ki, Fellini özünə görə məktəbdir. Onun “Səkkiz yarım”ı ən çox sevdiyim filmlərdən biridir. Amma Fellininin tələbələrini, yetirmələrini, məktəbindən keçən adamları tanımıram. Məsələ birbaşa müəllim-tələbə təmasında deyil, uzaqdan-uzağa, yaradıcı yoldan, üslubdan kim nə istəyir, mənimsəsin.

- Bu sualı maraq xətrinə verirəm: Paulo Pazolininin kino estetikası, mövzuları haqqında düşüncələriniz maraqlı olar. Məsələn, “Salo və ya Sodomun 120 günü”, “Teorema” filmləri haqqında nə düşünürsünüz?

- Pazolininin estetikası filmdən filmə dəyişib. Məsələn, “Mама Pоmа", “Akkatone” filmləri tamam ayrıdır. “Teorema” və “Salo və ya Sodomun 120 günü”ndə isə estetika, mövzu tamam başqadır. Sonralar onun şəxsi həyatında meylləri dəyişib və bu haqda danışmaq bilmirəm, necə olar.

- Pazolinin homoseksual olmağı heç yerdə gizlədilmir...

- Hə. Sizə deyim ki, Pazolininin birinci filmlərində “xarab kişi” tapa bilməzsən. O özü də şəxsi meyllərini qəbul edə bilmirdi. Filmlərində də bu var ki, qəhrəmanları özü-özü ilə mübarizədədir. Yəni Pazolini ağlı ilə başa düşürdü ki, bu yol düzgün deyil, amma bədən başqa tələblə yaşayırdı. Onun ilk filmləri tipik İtalyan neorealizmi idi. İtaliya kino məktəbi deyilən anlayış var: Roberto Rosselini, Lukino Viskonti, Vittorio de Sika, Pazolini, Antonioni, Fellini və başqaları. Bu müəlliflər böyük sənətkarlardır.

- Azərbaycanın hazırkı kino prosesini necə qiymətləndirirsiniz?

- Kinostudiyanın hər bir müdirinin vaxtında nailiyyətlər olub. Ən iyrənc məsələ odur ki, yeni müdir gələndə ondan qabaqkını pisləyəsən. İnan mənə: bundan iyrənc şey yoxdur! Hazırda kim işləyirsə, onun haqqında danışmaq lazımdır. İndi kinostudiyada böyük islahatlar aparılır. Bunları demək lazımdır. İndiki kino komandası istedadlı komandadır. Cavanlar kino çəkir, xaricdə təhsil alır, çalışırlar ortalığa iş qoysunlar və s. Kinostudiyanın götürdüyü istiqamət məncə, düzgün istiqamətdir. Nə qədər lazımdırsa, mən də öz köməkliyimi edirəm.

- Sualım qəribə səslənməsin, sizin on illik sədrliyiniz dövründə Azərbaycan kinosu nə qazanıb, hansı nailiyyətlər olub?

- Mən filmlərin adını çəkim, siz özünüz nəticə çıxarın ki, nailiyyətdir, ya yox. “Yaramaz”, “Lətifə”, “Fəryad”, “Qətl günü”... Bəsdir?

- İstəyirsiniz, davam edin...

- Həvəsim yoxdur. (Gülür). Rasim Ocaqovun “Ölsəm, bağışla” filmi. “Yaramaz”ın ssenarisini Moskvada iki il qəbul etmədilər. Mən direktor olandan sonra o filmi öz məsuliyyətimlə istehsalata buraxdım. 1987-ci ildə yumşalma var idi. O filmi bir il tez istehsalata buraxsaydım, məni güllələyərdilər. O da var idi ki, Moskvada məni tanıyırdılar, kino xadimləri ilə yeyib-içirdim, ona görə siyasi mənada səs-küyü o qədər qalxmadı. Film çəkiləndən sonra yaxşı mənada səs-küy qopdu.

- Sizin kino nəslinə aid rejissorlardan sənətini qiymətləndirdiyiniz kimlərdir?

- Siz bu sualı mənə verməmisiniz, mən də suala cavab verməmişəm.

- Elə belə də yazacağam...

- ...

- Cahangir Məmmədov deyir, Azərbaycan kinosunda ssenarist problemi var...

- Bəli, var. Bizim yaxşı ssenaristlərin sayı kino prosesinə bəs etmir. Ona görə də hərdən başqa yerlərdən adamlar dəvət edirik. Mənə elə gəlir, universal ssenarist hər şeyi yazmağı bacarmalıdır. Yəni detektiv də, melodram da, psixoloji film də. Amma bu, yalnız mənim fikrimdir və subyektiv səslənə bilər. Belə deyək, bizdə universal ssenarist çatışmır və buna ehtiyac var.

- Ədəbi mühiti izləyirsiniz?

- İzləyirəm və mümkün qədər oxumağa çalışıram. İlqar Fəhmidə böyük dramaturji hiss var. Nəsri də yaxşıdır və onu böyük maraqla oxuyuram. İsmayıl İmanov, Natella Osmanlı, Samit Əliyev... bunlar yaxşı yazıçılardır. Məsələn, Elçin Səfərli var, amma öz aramızdı, mətbəx qadınları üçün çox keyfiyyətsiz yazır.

- Bəs 60-cılardan?

- Sabir Əhmədov, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Əli Kərim...

- Bəs Anar, Elçin, Əkrəm Əylisli?

- Elçinin hekayələri, Anarın ümumən prozası dəyərlidir. Amma mənə elə gəlir, Sabir Əhmədov bədii istedadına görə daha orijinaldır. Siz belə bir yazıçı tanıyırsınız?

- “Dünyanın arşını”, “Yamacda nişanə”, “Qanköçürmə stansiyası”...

- Sabir Əhmədov çox böyük yazıçı idi. Vaxtında qiymətləndirmədilər.

- Sabir müəllimlə dostluğunuz var idi?

- Dostluq demək olmazdı, amma çay içib söhbət etmişdik, əsərlərini oxuyub fikrimi demişəm. O ki qaldı Əkrəm Əylisliyə, “Kür qırağının meşələri”ni yazan Əkrəm Əylisli Azərbaycanın yeni prozasının bünövrəsini qoyanlardan biri idi. Təbii ki, Anarla, Elçinlə bir yerdə. İnsanın inkişafının əsas vasitəsi özündən narazı qalmağıdır. Artıq onları tənqid etmək olmaz. Məsələn, Axundovdan çəkdiyi filmi haqqında fikrimi yazdığıma görə Anar məndən incidi. Əlbəttə, o da deyə bilər ki, Ramiz özünü o səviyyədə hesab edir ki, mənim yazdığıma qiymət verir? Bu da onun haqqıdır. Şəxsi fikrimdir ki, Anarın Axundov haqqında filmi çox keyfiyyətsiz televiziya tamaşasıdır.

- Sizi filmlərinizə görə haqsız tənqid edənlər olub?

- Əlbəttə. Haqlı tənqidlər də olub, haqsız tənqidlər də. Mən bütün tənqidləri qəbul edirəm. “Hökmdarın taleyi” filmi haqqında tənqidlər yazılandan sonra tarixə daha dərindən baş vurdum və gördüm ki, bəli, çox mühüm tarixi səhvlər buraxmışıq. İbrahim xanın şəxsiyyəti, qızını İrana verməsi, Cavad xanı aldatması və s.

- Filmin “Vikipediya”sında belə yazılıb: “Müəyyən dövr Ramiz Fətəliyevlə birgə işlənib, ancaq yaradıcılıq fikirləri fərqli olduğundan ayrılmalı olublar. Filmi Fəxrəddin Manafov, Dilşad Fatxulin və Vaqif Əsədullayev birgə bitirib..."

- Başınızı ağrıtmaq istəmirəm.

- Filmlərinizə görə qonorarınız nə qədər olur?

- Orta hesabla ssenarinin qiyməti beş-altı min manatdır. Olub ki, kiminsə yazdığı ssenari nazirliyi qane etməyib, məni çağırıblar ki, kömək elə, təmənnasız kömək etmişəm.

- Mən filmə görə qonorarı on-on beş min manat bilirdim...

- O dövlət sifarişli filmlərdə olur. Pulsuz yazmaq istisnanın bir tərəfi, çox pul almaq istisnanın başqa tərəfidir. Məsələn, “Hökmdarın taleyi” üçün haradasa yeddi-səkkiz min aldım.

- Dolanışıq necədir?

- Şikayətim yoxdur. Prezident təqaüdü alıram, uşaqlarım işləyir. Qızım Amerikada təhsil alıb, ailə qurub, orda da yaşayır. Oğlum Rüstəm Fətəliyev idman jurnalistidir.

- Haqqında film çəkmək istədiyiniz şəxsiyyət varmı?

- Əhmədiyyə Cəbrayılov haqqında film çəkilməsini istəyirəm. Ssenarinin birinci hissəsini yazmışam. Bu film nisbətən çox pul tələb edir. Arzum budur ki, o ssenari əsasında film görüm.

- Son sualım: yaşlı sənətkarların gənclərə münasibəti necədir? Böyüklük edə bilirlər?

- Həmyaşıdlarımdan xahiş edirəm ki, cavanlara daha böyük qayğı göstərsinlər. Mənə elə gəlir, onlar cavanlarla az məşğul olurlar.

# 1072 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #