İlham Rəhimli: “Aktyorların heç birində tənqidə dözüm yoxdur”

<b>İlham Rəhimli: <span style="color:red;">“Aktyorların heç birində tənqidə dözüm yoxdur” </b>
6 mart 2017
# 13:33

Kulis.az teatrşünas-tənqidçi, professor İlham Rəhimlinin APA-ya müsahibəsini təqdim edir.

- İlham müəllim, teatr tariximiz və nəzəri problemlərlə bağlı 60-dan çox kitabın, incəsənət ustalarına aid 20-yə yaxın monoqrafiyanın müəllifisiniz. Azərbaycan teatrının tarixində qaranlıq və müəmmalı qalan məqamlar yenə varmı?

- Təbii ki, var. Hazırda beş cildlik “Azərbaycan teatr tarixi”ni işləyirəm. Mənim hələ çap olunmayan kitablarım da var. Məsələn, Gəncə Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Bakı Yəhudi Dövlət Teatrı, Gənc Tamaşaçılar Teatrı haqqında əsaslı araşdırma aparmışam. Bununla belə, düşünürəm ki, Azərbaycan teatrında rejissuranın təşəkkülü və inkişaf mərhələləri fundamental şəkildə araşdırılmayıb. Düzdür, İsrafil İsrafilov rejissor poetikasından yazıb, Ədil İsgəndərovun, Mehdi Məmmədovun və Tofiq Kazımovun yaradıcılığını araşdırıb. Mən geniş mənada Azərbaycan teatrında rejissuranın tədqiqini nəzərdə tuturam. Bütün bunların tarixini, inkişaf mərhələlərini, rejissor və aktyor yaradıcılığını tədqiq və təhlil etmək biz teatrşünasların peşə borcudur.

- Müasir teatrşünaslığı təmsil edənlər bu problemlərin öhdəsindən gələ bilərlərmi?

- Bu bir ilin, beş ilin, on ilin işi deyil. Əsas məsələ odur ki, tədqiqatlar fundamental konsepsiya əsasında, müəyyən elmi prinsiplər zəminində aparılsın. Son 10-15 ildə xeyli istedadlı gənc teatrşünas meydana çıxıb. Çox-çox təəssüflər ki, onların, demək olar, heç biri ərəb əlifbasını bilmir. Gələcək nəsil kiril əlifbasını da oxuya bilməyəcək. Arxiv materialları isə 1929-cu ilə kimi ərəb əlifbasında, 1939-1995-ci illər arasında isə kiril əlifbasındadır. Ona görə də elmə həvəs göstərənlər hamısı müasir dövrə qaçır ki, işləmək asan olsun.

- Tez-tez müasir teatrşünaslıqla bağlı narazılıqlar eşidirəm. Məşhur aktyorlar gileylənirlər ki, teatrşünaslar resenziyalar, analitik məqalələr, qüsurlar barədə tənqid yazmırlar. Həttə bəziləri bu fikirdədir ki, teatrşünaslar, tənqidçilər kimlərdənsə çəkinirlər, obyektiv yazılara cəsarətləri çatmır. Məncə, bu iradlardan sizə də pay düşür...

- Fakt odur ki, teatrşünaslar, o cümlədən mən tənqidi yazını nadir hallarda yazırıq. Ancaq teatrşünasları kor-koranə, əsassız yerə qınamaq aktyorlara yaraşmır. Bu məsələ zahiri yanaşmanın və qeyri-obyektivliyin qənaətidir. O sözləri yazan aktyorlara zəhmət haqqı, yəni qonorar verməsən, biri də nə seriala çəkilər, nə dublyaja gedər, nə də hansısa tədbirdə çıxış edər. Bu gün medianın, saytların 99 faizi teatrşünasa qonorar vermir. Amma məqalə sifariş edəndə “yox” cavabı alıb inciyirlər. Mən 21 yaşım olanda “Kommunist” qəzetində işləyirdim. 30 yaşında artıq şöbə müdiri idim. Redaksiyamızda belə bir ənənə vardı: teatrda hansısa yeni tamaşa hazırlananda biz əvvəlcədən Cəfər Cəfərova, Əkbər Ağayevə, Mehdi Məmmədova, Abbas Zamanova, Məsud Əlioğluna, Yaşar Qarayevə, Cabir Səfərova, Xalid Əlimirzəyevə və bu kimi müəlliflərə sifarişlər verirdik ki, tamaşalar haqqında məqalə yazsınlar. Tərif və ya tənqid onların öz qənaəti idi. Bizim əsas məqsədimiz mədəniyyət faktını diqqətsiz buraxmamaq idi. Qəzetimizdə çox yüksək qonorar verilirdi. İki qəzet məqaləsi mənim maaşımdan çox olurdu. Dörd-beş resenziyanın qonorarı ilə Fransaya, İtaliyaya, İspaniyaya on günlük turist səfərinə getmək mümkün idi. İndi teatrşünasların az tənqid yazmasından gileylənən aktyor və rejissorlar müəyyən mənada haqlıdırlar.

Hətta mənim çox istədiyim aktyorlar, məsələn, Nurəddin Mehdixanlı, Ramiz Novruz, Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev mətbuata verdikləri müsahibələrdə, televiziya çıxışlarında deyirlər: nə üçün, İlham Rəhimli son illər əvvəlki kimi ciddi, kəskin yazmır?

- Eyni sualı mən də sizə ünvanlayıram...

- Barmağını qatla ki, filan mətbuat orqanı yazı sifariş verir və mənim zəhmət haqqımı ödəyir, ancaq mən imtina edirəm. Elə bir mətbuat yoxdur. Varsa da, şəxsən mənə müraciət olunmayıb. Əvvəllər aktyorlar tənqidə daha dözümlü idilər. Məsələn, mən Hökumə Qurbanova, Məlik Dadaşov, Nəcibə Məlikova, Leyla Bədirbəyli, Ələddin Abbasov və bu kimi görkəmli aktyorların hansısa rolları barədə sərt tənqid yazmışam. Bugünkü aktyorların demək olar heç birində adi tənqidə dözüm yoxdur. Onların gileyi odur ki, münasibətləri yaxşı olmayan sənətkarlar barədə tənqidi söz deyilsin.

- Son illərdə yazdığınız hansısa məqalə, yaxud iradlı çıxışla bağlı narazılıq olub?

- Əlbəttə, olub. Üç aktyorla bağlı kiçicik faktları demək istəyirəm. Ancaq ad çəkmək istəmirəm, çünki xətirlərini çox istəyirəm. Bir aktyordan televiziyada portret veriliş eləmişdim. Belə bir ifadə işlətmişdim: filan aktyorun əsas yaradıcılıq uğurları tipik-xarakterik səciyyəli epizod rollarda olub. Həmin aktyor ikilikdə mənə dedi ki, mən xalq artistiyəm, axı böyük rollar da oynamışam. Çalışdım onu inandırım ki, mən pis mənada deməmişəm. Mirzağa Əliyev, İsmayıl Osmanlı SSRİ xalq artisti fəxri adına, əsasən, epizod rollara görə layiq görülüblər.

Yenə televiziyanın 28 dəqiqəlik verilişində başqa bir xalq artistinin yaradıcılığı barədə 27 dəqiqə tərifli sözlər demişəm. Bir dəqiqədə isə demişdim ki, filan aktyorun son 3-4 rolunu eyni plastikada və eyni hərəkət dinamikasında, eyni danışıq tərzi ilə oynamasını istəməzdim. Bu aktyor də ikilikdə məndən incik tərzdə, amma dönə-dönə xahiş edib ki, həmin cümləni verilişdən çıxarım və bundan sonra təkrar göstərilsin.

Üçüncü aktyorun haqqında portret-oçerkim var, yaxşı rollarına təriflər söyləmişəm. Ancaq Bəxtiyar Vahabzadə ilə bağlı bir teatr xatirəmdə yazmışam ki, şair əyilib astadan qulağıma dedi, mən bu aktyorun danışığında bəzi sözləri yaxşı başa düşmürəm. Həmin aktyor dəfələrlə söhbətlərimizdə həmin cümləyə incikliyini bildirib.

Bütün bunlar təəssüf doğuran həqiqətləridir. Rejissorlarımız, dramaturqlarımız da qətiyyən tənqidi, hətta çox səmimi iradı da eşidib-oxumağı xoşlamırlar. Mən bu gün Azərbaycanda tənqidə çox ehtiram və ağayanalıqla yanaşan bir rejissor tanıyıram: Mərahim Fərzəlibəyov.

- Deyirsiniz bir yazımın qonorarı ilə Fransaya gedə bilirdim. İndi Fransaya səfər 800-1000 manatdır. Bu da qəzetin iki müxbirinin maaşından artıqdır...

- İndi mənim iki təhlili məqaləmə min manat verərlər? Qətiyyən! Hansısa qəzet sifariş versin ki, Azərbaycan teatrının müasir yaradıcılıq xülasəsini yaz. Mən də Bakıdan əlavə, gedim Naxçıvanda, Gəncədə, Lənkəranda, Şəkidə, Sumqayıtda tamaşalara baxım və gördüklərimi, qənaətlərimi elmi-nəzəri prinsiplərlə yazım. Belə bir sifarişi son 27 ildə heç bir mətbuat orqanından almamışam. Eləcə də üzdə olan teatrşünaslarımız Məryəm Əlizadəyə, Rafiq Sadıqova, Aydın Talıbzadəyə, Kəmalə Cəfərzadəyə, Atababa Hacıbabayevə, Vidadi Qafarlıya belə bir sifariş verilməyib. Ona görə də ürəyimə düşəndə çox təsirləndiyim tamaşa barədə resenziya yazıram.

Hərdən istedadlarına güvəndiyim aktyorlar barədə portret-oçerklər dərc etdirirəm. Məsələnin başqa bir həssas tərəfi də var. O vaxtlar “Kommunist”də tənqid çap etdirəndə o qədər obyektiv olmağa çalışırdıq ki, qəzetin təriflədiyi tamaşanı pisləməyə, yaxud tənqidə etiraz etməyə bir kimsənin cürəti çatmırdı. Mən ayrı-ayrı illərdə Ağdam, Gəncə, Sumqayıt teatrlarının son beş-yeddi illik fəaliyyətləri haqqında, əsasən, tənqidi xülasə yazmışdım. Həmin yazılar Mədəniyyət Nazirliyinin kollegiyasında geniş müzakirə olundu. Teatrların direktorlarını, baş rejissorlarını işdən, bir neçə tamaşanı repertuardan çıxardılar. Bu gün mən hansısa qəzetdə yazsam ki, filan aktyor yaxşı oynamadı, sabah o başqa qəzetdə yazacaq, İlham Rəhimli qərəzli yazır, mənimlə arası yoxdur. Lap həyasızları isə utanmadan böhtan atacaq ki, İlham Rəhimli deyəsən, ermənipərəstdir. Saytlar da, qəzetlər də o dəqiqə onu çap edəcəklər. Sonra da jurnalistikaya dəxli olmayan sırtıq “yazarlar” zəng vurub inadkarlıqla soruşacaqlar: sizin buna münasibətiniz necədir? Belə “populyarlıq”, gündəmə gəlmək mənə qətiyyən lazım deyil.

- Xoşunuza gələn jurnalist yoxdur?

- Niyə yoxdur, var, özü də kifayət qədər. Mən jurnalistləri pisləmədim, bu peşəyə sırtıqcasına, həyasızcasına soxulanlardan gileyləndim. Son 25-30 ildə Azərbaycan jurnalistikasında unikal köşə yazarları yetişib. Şəxsən mən o gənclərin yaşında elə gözəl, tutarlı köşə yazıları yaza bilməzdim. İndi onların əksəriyyəti gənclik mərhələsini keçib. Təkcə köşə yazıları ilə kifayətlənmirlər, son dərəcə ciddi mənəvi-əxlaqi dəyərlərə elə maraqlı baxım bucağından yanaşarlar ki, onlara heyran qalmamaq mümkün deyil.

- Qəzetlərdən gileylənirsiniz, amma bütün bunların daha artığını teatr jurnalı etməlidir. O jurnal ki, ümumiyyətlə, yoxdur...

- 1975-ci ildə Azərbaycan Teatr Cəmiyyətinin (bugünkü Teatr Xadimləri İttifaqı – Cavid Z.) konfransında məsələ qaldırmışam ki, Azərbaycanda “Teatr” adlı jurnalın çap olunmasına böyük ehtiyac var. Bu fikri məndən başqa da cəmiyyətin ali məclislərində, hətta qurultaylarda söyləyənlər olub. Di gəl ki, indiyə kimi “Teatr” jurnalı yoxdur. Mən bu gün Kulis.az-ı ləzzətlə oxuyuram. Az-çox çapına ehtiyac duyduğum yazılarımı bu sayta verirəm. Bəyənmədiyim tərəfləri də var. Bəzi jurnalistlər əndrabadi “forma” tapıb nəsə yazırlar. Mənim fikrimcə, nə başı var, nə də ayağı. Dil də qətiyyən şəhdli-şirəli Azərbaycan dilində deyil. Yəqin belələri tədricən gözəl kollektivdən uzaqlaşacaq. Çünki istedadlı yazarlarla qətiyyən ayaqlaşa bilməyəcəklər. Amma geniş mənada saytın musiqiyə, teatra, ədəbiyyata, beynəlxalq ədəbi prosesə aid informasiyaları çox güclüdür. Yaxud, “Kaspi”ni, “525-ci qəzet”i, “Mədəniyyət”i müntəzəm oxuyuram. Ümumiyyətlə, sənə deyim, XIX əsrin sonlarında işıq üzü görmüş “Kaspi”nin yenidən bərpası çox humanist, vətənpərvər məsələdir. “Teatr” jurnalı da olarsa, tamaşalar haqqında obyektiv yazılar az-çox səhifələrdə yer alar. Yaxşı resenziya yazan gənclər var. Məsələn, Aliyəni sən tanıyırsan, mənim tələbəmdir. Aliyə yaxşı resenziyalar yazır. Sevda Sultanovanın da teatra, əsasən kinoya aid elmi-nəzəri yazılarına heyranam. Yenə deyirəm, Kulis.az-da, “Mədəniyyət” qəzetində, “Kaspi”də, “525-ci qəzet”də uşaqların elə ağıllı yazılarına rast gəlirəm, deyirəm: İlahi, nə gözəl yazıb, mən belə yaza bilməzdim.

- İlham müəllim, əsrin əvvəllərində Azərbaycan teatrı milyonçuların qayğısını, sevgisini nə dərəcədə hiss edib?

- Ümumiyyətlə, bizim milyonçuların teatr sevgisi heç vaxt olmayıb.

- Amma Hacı Zeynalabdin Tağıyev və Mayılov qardaşları faktı var...

- Deyim sənə. Əvvəla, Mayılov erməni idi. Kürü biznesi də onların əlində idi. Gündə 1,5 kq. qara kürü yeyən bu adama oxşamaz pəzəvəng Mayılov həmin teatr binasını bir əcnəbi opera müğənnisinə vurulduğuna görə tikdirib. Pulunu da Azərbaycanın sərvətindən, azərbaycanlıların alın tərindən çıxarıb. Bu belə. Tağıyev teatr binasını 1883-cü ildə özünün taxıl anbarının özülü üstündə tikdirib. Nə qədər acı, təəsüf doğuran olsa da, həmin binanın icarədarı heç vaxt azərbaycanlı olmayıb. 30 ilə yaxın Polonski adlı birinin icarəsində olub həmin bina. El arasında ona “Tağıyev tetrı” və ya “Şəhər teatrı” deyilirdi. Polonskinin truppası həftənin 6 gününü rus dilində tamaşa oynayırdı. Yalnız cümə günü bina boş olurdu. Məhz həmin gün azərbaycanlılar yalvar-yaxar edəndə onlara icarəyə verirdilər. Bəlkə dünyada yeganə faktdır ki, səhnənin içindən pərdəyə qıfıl vurmuşdular. İcarə haqqı əvvəlcədən verilməyəndə həmin qıfıl açılmırdı. Musa Nağıyev indiki Zabitlər evini tikdirib və azərbaycanlı teatr həvəskarlarına ucuz qiymətə kirayə verirmiş. Bir dəfə də məktəbə on min manat pul ayırıb ki, böyük bir otaqda səhnə də düzəldin, artistlər gəlib tamaşa göstərsinlər.

Yerdə qalan milyonçuların teatra getməsini hardasa oxumamışam. Nə gediblər, nə də yardım göstəriblər. Ancaq bir faktı oxumuşam ki, Hüseyn Ərəblinski xəstələnəndə Murtuza Muxtarov Suxumiyə müalicəyə getmək üçün ona pul verib. Hərdən də “Nəşri-maarif” cəmiyyəti müsamirələr keçirər və ora artistləri, musiqiçiləri dəvət edərdi. Yığılan pul kasıb şagirdlərin dəftər-kitabına xərclənərdi.

- Hacıağa Abbasov xatirələrində yazır ki, 1917-ci ildə Hüseyn Ərəblinski bərk xəstələndi. Bakı milyonçusu Murtuza Muxtarova müraciət etdik. Müalicə üçün Muxtarov bizə 700 manat borc verdi. Altı aydan sonra məhkəmə vasitəsi ilə Hüseyn Ərəblinskinin ev əşyalarını satdırıb öz borcunu aldı...

- Yalan sözdür. Hacıağa Abbasovun müəyyən teatr xidmətləri var, hətta bir müddət Bakı Teatr Məktəbinin direktoru olub. 1937-ci ilin repressiyalarında tutulmaqdan qorxub Orta Asiyaya qaçmışdı. Uzun illər orada yaşamışdı. Qayıdandan sonra ancaq müsavatçıları, milyonçuları söyürdü. Mən o dövrü yaxşı araşdırmışam. Heç bir qəzetdə Hacıağa Abbasovun dediyi fakta rast gəlməmişəm. Bəyəm Murtuza Muxtarov elə adam idi ki, kasıb aktyoru evinin əşyalarını satdırmağa məcbur etsin? Muxtarov çox ləyaqətli kişi olub. İndi teatra marağı olmayıb, bu, başqa məsələdir. Digər tərəfdən, Ərəblinskinin nəinki ev əşyalarını, heç gün düşməyən yarı zirzəmi evini də satsaydın həmin məbləği ödəmək olmazdı. Rus milyonçularının teatr sevgisi bizdə heç vaxt olmayıb. Yalandan kimisə şişirtməyə ehtiyac yoxdur.

- Ərəblinskinin öldürülməsi ilə bağlı müxtəlif iddialar səslənir. Məsələn, deyirlər, Ərəblinski Tağıyevin həyat yoldaşı Sona Ərəblinski ilə görüşdüyünə görə Tağıyev onu öldürtdürüb...

- Bu məsələ haqqında mən də eşitmişəm, son vaxtlar maraqlı yazılar da oxumuşam. Bu söhbətlərdə və yazılarda inandırıcı məqamlar da var. Amma nə dərəcədə reallığa söykənir, deyə bilmərəm. Çünki qəzetlərdə bu haqda məlumat yoxdur. Amma yaşlı aktyorlar və Qulam Məmmədli deyərdi ki, belə bir şey olub. Görünür, onlar da Ərəblinskiyə və Tağıyevə ehtiramlarından hadisəni tam təfsilatı ilə demirdilər. Deyim ki, qəti etiraz da etmirdilər. Tağıyev millət üçün o qədər xeyirxah işlər görüb ki, adam onun xoşagəlməz əməllərini dilinə gətirmək istəmir.

Təsəvvür elə, 1893-cü ildə Tağıyev Qafqazın başqa şəhərində yaşayan qudasının evinə qonaq gedəndə orada bir qız uşağı görüb. Soruşub: bu qız kimdir? Ona deyiblər ki, sənin oğlunun baldızıdır. Tağıyev deyib, bunu da özüm alıram. Birinci evlilikdən olan oğlu bu nikaha qəti etiraz edib, ancaq Tağıyev istəyindən dönməyib. Oğlu hətta atasının var-dövlətindən imtina edib, evdən gedib, xaricdə yaşayıb. Hacı Zeynalabdin Tağıyev oğlu ilə bacanaq olub. Yoldaşı da oğlunun arvadından bir neçə yaş kiçikdir. Rusiyanın o dövrdə qanunlarına görə bu yaşda azyaşlı qızla evlənməyə rəsmi icazə verilmirdi. Ona görə də Tağıyev yaşını 13 il azaldıb, bəzi mənbələrdə təvəllüdü 1836-cı il yazılıb. Hər halda mənə qəribə gəlir: bu cür ağıllı kişi niyə həmin addımı atıb? Bəyəm başa düşmürdü ki, 18 yaşlı gəlin nə vaxtsa 70 yaşlı kişidən lazımı ər nəvazişini görməyəcək və bu, istər-istəməz xoşagəlməz söz-söhbətə səbəb ola bilər? Axı, çox yaxşı bilirdi ki, xanımın çiçəklənən vaxtında lap ağsaqqal kişi olacaq. Bioloji tələblər var də. O dövrdə Ərəblinski və Sona xanım haqqında gəzən şayiələr də görünür oradan doğmuşdu ki, qadının cavan adama ehtiyacı olub.

- Anladım...

- Adam bu mövzuda çox danışmaq istəmir. Çünki yenə deyirəm, Tağıyev millət üçün o qədər xeyirxah işlər görüb, onların üstünə kölgə salmaq namərdlikdir.

- Ərəblinski özü də xaraktercə çox ziddiyyətli adam idi...

- Ərəblinski ilə qastrola gedənlər tez-tez acıq edib səfərdən yarımçıq qayıdırmışlar. Məsələn, Tiflisdən, Aşqabaddan, Batumidən... Üzeyir bəy Ərəblinskini qardaşı Zülfüqar bəylə təşkil etdikləri “Müdiriyyət” truppasına baş rejissor dəvət edib. Bir müddət sonra Ərəblinski küsüb gedib. Çox ətiacı adam olub. Hətta sənətkara həsr olunmuş “Xatirələr” toplusu kitabında əksər müəlliflər Ərəblinskinin anasının üstünə qışqırmasından, onunla çox kobud davranmasından yazıblar. Bunu da guya güzəranının ağırlığı ilə pərdələməyə çalışıblar.

- Sizin Abbasmirzə Şərifzadənin repressiya olunması haqqında yazınızı oxumuşam. İctimaiyyət şair-yazıçıların kimlərin əleyhinə donos yazdığını, kimləri satdığını yaxşı bilir, amma aktyorlar bundan yayına biliblər. Daha doğrusu, teatr tarixçiləri bunları gizlədiblər. Məsələn, siz yazırsınız ki, Abbasmirzənin əleyhinə ifadə yazıb onu güdaza verənlər sonralar məşhur aktyorlar oldular. Amma ad çəkmirsiniz...

- Şair və yazıçılar daha məşhur olublar. Ona görə də kim nə deyibsə, hamısı mətbuatda yazılıb. O ki, qaldı niyə ad çəkməməyimə... Mənə Dövlət Təhlükəsizlik İdarəsinin arxivində Abbasmirzə Şərifzadənin, Ülvi Rəcəbin, Panfiliya Tanailidinin istintaq materialları ilə bağlı işləməyə imkan yaratmışdılar. Fürsətdən istifadə edib Cavidin də, Müşfiqin də istintaq materiallarını oxudum. Onların üzünə kimlər durub, onu da bilirəm. Bu, başqa mövzudur. Teatrda qəribə mühit olub. 1937-ci il repressiyasının qurbanlarından biri milliyyətcə yunan olan Panifiliya Tanailididir. O, Tiflisdə və bugünkü Akademik Milli Dram Teatrında səmərəli fəaliyyət göstərib.

Mirzağa Əliyevin XX əsrin ikinci on illiyində bir müddət qeyri-rəsmi yaşadığı Göyərçin xanım Azərbaycanın ilk aktrisası sayılır. O, sovet dövründə İrana gedib. 1937-ci ildə Bakıya gələndə “İnturist”də qalıb. Tiflisdən tanış olduğu Panfiliya xanımla oteldə görüşüb və ona hədiyyələrlə bərabər, bir neçə qutu papiros verib. Tanailidi də səhər saat 11-də məşqə gələndə həmin papiroslardan bir qutunu şəstlə stolun üstünə atıb və “çəkin, vətən papirosudur”, deyib. Həmin axşam “sən İran şpionusan” deyə, onu həbs ediblər. Onun əri, sonralar xalq artisti fəxri adını alan aktyor arvadı haqqında elə dəhşətli, elə iyrənc ifadə verib ki, oxuyanda tüklərim biz-biz oldu. Barat Şəkinskaya danışırdı ki, Əbülhəsən Kamalovu və daha iki aktrisanı yetimlər evindən gətirib 1935-1936-cı illərdə atdılar bizim teatra. Onlar kimin üzünə lazım idi, həyasızcasına dururdular. Həmin Kamalov “Xalq düşmənlərini ifşa edəlim” adlı iclasların birində Ülvi Rəcəb haqqında ifadə verib ki, bizi aparırdı evinə, patefonda türk mahnılarına qulaq asdırırdı. Ülvi Rəcəbin ona sualı var: “Sən deyə bilərsənmi mənim patefonum nə rəngdədir? Otağın harasına qoyulub?” Təbii ki, Kamalov cavab verə bilməyib, ancaq həmin iclası aparanlardan biri “Potefonun rənginin mətləbə dəxli yoxdur, sən türk şpiyonusan” deyərək Ülvini təhqir edib. Abbasmirzə Şərifzadənin əleyhinə ifadə verənlərin hamısı Azərbaycanın qüdrətli aktyorlarıdır. Onların arasında aktrisa da var. Şərifzadənin 1956-cı ildəki bəraətindən sonra həmin adamların hamısı aktyor barədə əla rəy yazıblar.

- İstəyirəm söhbətimizin istiqamətin başqa məcraya yönəldək. Azərbaycan teatrının dramaturq problemi varmı?

- Elçinin, Əli Əmirlinin əsərləri tez-tez oynanılır. İlqar Fəhminin, Firuz Mustafanın, Elçin Hüseynbəylinin, Afaq Məsudun yaxşı pyesləri var. Kamal Abdulla çox maraqlı dramaturqdur, tamamilə fərqli üslubda yazır. Məsələ nədir: Azərbaycanda rejissor və dramaturqun birgə işləmək səriştəsi çox zəifləyib. Səməd Vurğunun qələmindən dürr tökülürdü, amma “Vaqif”i həddindən artıq uzun yazmışdı. Yazdığı da poetik cəhətdən nə qədər füsunkar olsa da, dramaturji baxımdan əsaslı işlənməyə ehtiyacı vardı. Ədil İsgəndərov o əsəri dramaturqla birgə qısaldıb gətirdi səhnəyə. Səməd Vurğun “Fərhad və Şirin”də dramaturgiyanı artıq xeyli mənimsəmişdi. Bu o demək deyil ki, Ədil İsgəndərov Səməd Vurğuna qələm tutmağı öyrədib.

Dramaturgiya çətin janrdır. Ədil İsgəndərovla Səməd Vurğunun işlədiyi variantı Tofiq Kazımov ömründə tamaşaya qoymazdı. Mehdi Məmmədov da o cür. Ədil İsgəndərovdan sonra iki rejissorun adını inamla çəkə bilərəm ki, onlar öz dramaturqlarını yetişdirdilər. Gənc Tamaşaçılar Teatrında Zəfər Nemətov Rauf İsmayılov, İsgəndər Coşqun, Yusif Əzimzadə, Əfqan, Firudin Ağayev kimi müəlliflərlə səylə işlədi və onlar oldular bu teatrın dramaturqu. Tofiq Kazımov dramaturqlardan İlyas Əfəndiyev, Sabit Rəhman, Anar, Əkrəm Əylisli ilə birgə işlədi və gözəl tamaşalar hazırladı. Mən inanmıram ki, yaxşı pyesi teatr geri qaytarsın. Sadəcə, bu gün rejissorla teatrın qarşılıqlı, ehtiramlı, inamlı əlaqəsi itib. Bu gün çox yazan dramaturqlardan biri Əli Əmirlidir. Mən Akademik teatrda ədəbi hissə müdiri işləyəndə onun pyesini bəyənməyib qaytarmışam. O da təmkinlə mənim iradlarıma qulaq asıb.

Sonralar Əlinin dramaturji yaradıcılığını təbliğ edənlərdən biri də mən olmuşam. Mənim fikrimcə, onun Akademik Teatra ilk gətirdiyi “Meydan” əsəri zəif idi. Amma “Ağqoyunlular və Qaraqoyunlular”, “Köhnə ev”, “Varlı qadın” maraqlı əsərlərdir. “Messenat”ı bəyənməmişəm.

- Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri olanda Əli Əmirlidən başqa kimin əsərlərini qaytarmısınız?

- Bəxtiyar Vahabzadənin və Nəbi Xəzrinin. Mən Bəxtiyar Vahabzadə qədər qeydlərə qulaq asan ikinci dramaturq tanımıram. Bir pyes gətirmişdi, oxuyub irili-xırdalı yüzdən çox rad tutmuşdum. Qucaqlayıb öpdü məni. Bir az işləyib, yenə gətirdi. Dedim, o əsərin tamaşaya qoyulmasına razı olmayın. Sözümə baxmadı. Tamaşanın uğursuz premyerasından sonra dedi: gərək sənə qulaq asaydım.

Əli Əmirlidə xoşuma gələn cəhət odur ki, mənə heç vaxt düşmən kimi baxmır. Hansısa tənqidi iradımla razılaşmayanda “Mən elə düşünmürəm” deyib, səmimiyyətlə etirazını bildirir. Dramaturqların çoxunda bu səriştə çatmır.

- Bəyənmədiyiniz Bəxtiyar Vahabzadənin hansı əsəri idi?

- “Cəzasız günah”. Pyes zəif idi və tamaşa da uğursuz alındı. Bəxtiyar müəllim bir neçə yerdə özü də etiraf etmişdi ki, gərək pyes bu şəkildə tamaşaya qoyulmayaydı.

- Azərbaycan teatrının sabahına necə baxırsınız?

- Son beş-on ildə Azərbaycanın əksər teatrları əsaslı şəkildə yenidən qurulub, müasir texnika və texnologiya, işıq, səs sistemləri ilə təchiz edilib. Binaya daxil olanda, məşq və qrim otaqlarını, butafor, rekvizit sexlərini gəzəndə, tamaşaçı salonunda əyləşəndə qürur duyursan. Bunu Bakıda keçirilən beynəlxal konfranslara gələn qonaqlar da gizlətmirlər, gözəlliyi sevinclə etiraf edirlər. Çox təəssüf ki, teatrların yaradıcılıq prosesi texnikanın və texnologiyanın imkanlarından qat-qat aşağıdır. Bəzi teatrlarımızın güclü və səriştəli cərrahiyyə əməliyyatına ehtiyacı var. Bir qrup teatrlarımız isə ciddi terapevtik müalicəyə möhtacdır və onların sağlam sabahına ümid daha çoxdur. Çox-çox təəssüf ki, reanimasiyada güclə “nəfəs alan” teatrlarımız da var.

# 2571 dəfə oxunub

Müəllifin son yazıları

# # #